Son xəbərlər

Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Yuhan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni 2019-nCoV koronavirusu aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb.

2020-ci ilin yanvar ayında xəstəliyin Çində alovlanması və hazırda xəstəlik hadisələrinin artıq Tailand, Cənubi Koreya, Yaponiya və digər bir sıra ölkələrdə də baş verməsi davam etməkdədir.

Əmr respublikada yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə imzalanıb.

Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Həmçinin zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrinin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatının yaradılması əmrdə öz əksini tapıb.

Eyni zamanda əmrdə xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədi ilə xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin mütəxəssislərinin qarşılıqlı fəaliyyətinin təmin olunması da öz əksini tapıb.

Ekspert: “Vətəndaşların ticarət və iaşə obyektlərində xərclədiklərinin bir hissəsi özlərinə qaytarılmalı idi”

Azərbaycan qanunvericiliyində tez-tez dəyişikliyə məruz qalan Vergi Məcəlləsində edilən son dəyişikliklərdə bu dəfə müştəri maraqlarının təmin edilməsi nəzərdə tutulub. Həmin yeniliklərdən biri ticarət və iaşə müssisələrində ödənişlər zamanı tutulan əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin müştəriyə qaytarılmasıdır.

Belə ki, ödənişi nağdsız (pos-terminallar vasitəsilə) və nağd edənlər müvafiq olaraq, birinci halda ƏDV-nin 15, ikinci halda 10%-ni geri alacaqlar. Bir müddət əvvəl Dövlət Vergi Xidməti rəsmi məlumatında bildirmişdi ki, ƏDV-nin bir hissəsinin müştəriyə qaytarılmasına 2020-ci ilin 1 fevral tarixindən başlanılması nəzərdə tutulur.

Hazırda Əsasnamənin və texniki şərtlərin hazırlanması prosesi gedir. Artıq Əsasnamə layihəsi hökumətə təqdim edilib və qısa müddətdə təsdiq ediləcəyi gözlənilir. Paralel olaraq ƏDV-nin geri qaytarılması prosesinə dair texniki tələblər hazırlanıb. Orada texniki xətalar çıxmadığı halda, ən uzağı, fevralın 1-dən ƏDV-nin qaytarılması mexanizmi tam hazır olacaq və istehlakçılara təqdim ediləcək.

Hüquqşünas Əkrəm Həsənov AYNA-ya şərhində deyib ki, bu prosesə keçən ildən başlanılmalı idi: “Əslində qanun da ötən ildən qüvvədə idi. Vətəndaşların ticarət və iaşə obyektlərində xərclədiklərinin bir hissəsi yenidən özlərinə qaytarılmalı idi. Görünür, icra mexanizmləri hazır olmadığından ləngiyir. Əgər bu prosesə hazırlıq yox idisə, ötən il qanun niyə qüvvəyə mindi? Digər sual: qanun keçən ildən qüvvədə idisə, ötən ilki ödənişlərin taleyi necə olacaq?”

“Prosesin gecikməsinin bir səbəbi də yeni avadanlıqlar, kassa aparatları, ödəniş terminallarından istifadə və təminatındakı problemlə bağlıdır. Əslində ƏDV-nin müştəriyə qaytarılması yeniliyi də buna hesablanıb. Yəni vətəndaşlar bütün alqı-satqı obyektlərində pos-terminallar vasitəsilə ödəniş etməyə təşviq olunur”, – deyə Ə.Həsənov bildirib.

Müəllif: Raminə Eyvazqızı 

Satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzil alan kirayəçilərin aylıq ödənişləri sonradan iqtisadi şərtlər, o cümlədən Manat devalvasiya edilsə belə dəyişdirilməyəcək, kirayəçi müqavilədə göstərilən aylıq ödəniş məbləğini ödəməkdə davam edəcəkdir.

“Marja”nın məlumatına görə, İpoteka və Kredit Zəmanəti Fondunun baş direktoru İlham Kələşov bildirib ki, müqavilə dövründə kirayə ödənişinin sonradan artırılması nəzərdə tutulmayıb:

“Bununla bağlı indeksləşdirmə aparılmayacaq, gələcəkdə iqtisadi şəraitin dəyişməsi və digər şərtlərdən asılı olaraq kirayə haqları dəyişməyəcək, sabit qalacaqdır”.

Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart tarixinədək olan reyslərinə aviabilet əldə etmiş sərnişinlər cərimə olunmadan uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri geri qaytara biləcəklər.
Bu barədə “Azərbaycan Hava Yolları” məlumat yayıb. Bildirilib ki, sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə əlaqə saxlaya bilərlər.Qeyd edək ki, ötən gün “Azərbaycan Hava Yolları” mart ayının 8-nə kimi Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırması barədə məlumat yaymışdı. Bildirilmişdi ki, bu proses hər il təkrarlanır və Çində bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə əlaqədardır.
 
Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq.

Qonşu Türkiyənin Elazığ vilayətində baş vermiş zəlzələ Azərbaycanda da təşviş yaradıb. İndi bir çoxlarını “Azərbaycanda da belə bir gücdə zəlzələ baş verə bilərmi” sualı maraqlandırır.

Bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli açıqlama verib.

Turkustan.info xəbər verir ki, Qurban Yetirmişli deyib ki, Azərbaycanda yaxın vaxtlarda Elazığda qeydə alınmış zəlzələ gücündə yeraltı təkanların baş verməsi gözlənilmir.

Qurban Yetirmişli həmçinin bildirib ki, zəlzələ nəticəsində tələfatın az və ya çox olması birbaşa binaların keyfiyyətindən asılıdır. Bu səbəbdən zəlzələyə hazırlıq dedikdə, həm də binaların keyfiyyəti nəzərdə tutulur.

O ki qaldı zəlzələdən daha az tələfatla çıxmağa, bunun bir yolu da maariflənməkdir. Vətəndaşlar zəlzələ haqqında məlumatlı olmalı və hadisə baş verən anda həyəcanlanmamalıdırlar. Çünki təşviş və həyəcan daha böyük fəsadlara və itkilərə yol aça bilər.

Xezerxeber.az-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

Fırıldaqçılara inanmayın və ucuz toyuq əti almayınYanvarın 18-də Ukraynanın Vinnitsa bölgəsinin Nemirovski rayonundakı "Xutor" sənaye müəssisəsində qeydə alınan toyuq ölümü bütün Avropa və MDB ölkələrini narahat etdi.

Laboratoriya müayinələrinin köməyi ilə xəstəliyə son 3 ildə eşidilməyən quş qripi (tip A, tip H5) diaqnozu qoyuldu. Xutordan əlavə, Kolosok JLLC və Nemirov-Podolia MMC şirkətlərinin təsərrüfatları da karantinə alındı. Nemirovski rayonunda 3 km radiusda 9 yaşayış məntəqəsində mühafizə zonası, və eyni bölgənin 23 yaşayış məntəqəsində nəzarət zonası yaradıldı.

Vinnitsa bölgəsinin Dövlət Qida və İstehlak Xidmətinin məlumatına görə, epizootik ərazidə 116 min quş var. Yanvarın 21-ə olan məlumata görə, 22 min quş məhv edilib və sonrakı günlərdə bu rəqəm 108 minə-ə çatıb.

Qeyd olunur ki, 2020-ci ilin əvvəlinə olan məlumata görə, Ukraynadakı müəssisə və ev təsərrüfatlarında təxminən 220 milyon quş saxlanılır.

Heyvanların Sağlamlığının Qorunması Ümumdünya Təşkilatının hesabatına görə, Ukraynada quş qripinin işartıları zamanı 4 min 856 toyuq tələf olub. Avropa Birliyi Ukraynadan quş əti, quş əti məhsulları və termal işlənməmiş quş məhsulları idxalını dayandıracağını bildirib. Qeyd edək ki, yumurta və yumurta məhsullarına isə məhdudiyyətlər qoyulmayıb.

Vacib məqamı nəzərinizə çatdıraq ki, dünyada quş qripinin başlaması ilə yanaşı, ilk dəfə Çində aşkar olunan naməlum koronavirus qurbanlarının sayı artır və bu cür təhlükələrdən qorunmağın yolları məsələsi aktuallaşır.

Əsas problem odur ki, hazırda Ukrayna tədarükçüləri çox sayda toyuq əti toplayıblar ki, bu da digər ölkələr üçün təhlükəli ola bilər. Vicdanlı şirkətlər heç kimə zərər verməmək üçün mallarını məhv edirlər, lakin bununla yanaşı fırıldaqçıları, vicdansız iş adamlarını unutmaq olmaz. Onlar zərərləri azaltmaq və qripə yoluxmuş quş və quş əti məhsullarını digər ölkələrə ucuz sataraq, bundan qazanc əldə etməyə hazırdırlar. "Qurban ölkələr" arasında Azərbaycan da ola bilər.

Bəzi mağazalarımızın rəflərində tez-tez cəlbedici qiymətə toyuq və toyuq əti görə bilərsiniz. Adətən insanlar belə ucuz məhsulların üzərində müvafiq təhlükəsizlik sertifikatlarının olub-olmamasına baxmırlar.

Buna görə də, quş əti alarkən riskləri azaltmaq üçün sadə qaydaları bilmək çox əhəmiyyətlidir:

- Quş ətini yalnız rəsmi bazarlardan, supermarketlərdən almaq lazımdır. Ticarət üçün nəzərdə tutulmamış və pərakəndə satış yerlərindən almaq olmaz.

- Normal toyuq əti solğun sarı rəngli piyə və açıq çəhrayı rəngə malik olur.

-  İlkin termik emalsız quş ətindən istifadə etməyin. Virus yalnız 70+ dərəcədə məhv olur.

- Yalnız sizə yaxşı tanış olan və etibar etdiyiniz şirkətlərin məhsullarını alın. 

- İstifadədən əvvəl yumurtaları qaynayan suda mümkün qədər çox saxlamaq lazımdır. Qaynar suya qoymazdan əvvəl isə yumurtaları sabunla yuyun. 

- Çiy yumurtalar əsasında xəmirin hazırlamasından çəkinin.

İlkin Rüstəmzadənin şikayəti üzrə araşdırma aparılırİlkin Rüstəmzadənin məlum avtomobil tərəfindən vurulma təhlükəsilə bağlı iddiaları tərəfimizdən tam və hərtərəfli araşdırılıb.

"Ölkə.Az" bildirir ki, bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, araşdırmalar nəticəsində həmin avtomobil müəyyən olunaraq, sürücünün izahatı alınıb, ərazi üzrə “Təhlükəsiz şəhər” kameralarının görüntülərinə baxılıb.

E.Hacıyev əlavə edib ki, iddialar təsdiqini tapmayıb:

“Vətəndaşın müraciəti üzrə araşdırmalar davam etdirilir”.

Bakıda qanunsuz park edilmiş avtomobillər təxliyyə edilibBakı Nəqliyyat Agentliyi paytaxtın daha iki küçəsində qanunsuz park edilən avtomobilləri təxliyyə edib.

Bu barədə "Ölkə.Az"a qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, söhbət Mikayıl Müşfiq və Ələsgər Ələkbərov küçələrinin kəsişməsindəki səkidə qanunsuz parklanmadan gedir.

Bakı-Pekin-Bakı aviareysi dayandırıldı – AÇIQLAMA
Hər il fevral ayında “Azərbaycan Hava Yolları” Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır.

Bununla bağlı Oxu.Az-ın sorğuna cavab olaraq, “Azərbaycan Hava Yolları” məlumat yayıb.

Bildirilib ki, bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur:

“Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən başlayaraq yenidən fəaliyyətə başlayacaq”.