Son xəbərlər

Virus xəbərinin boşaltdığı “Sədərək”:
Üç gün əvvəl redaksiyada Çində yayılan koronavirusun Azərbaycana keçmə ehtimalını müzakirə edirdik.

Qərarlaşdıq ki, bu virusun əsas zərər verəcəyi yerlərdən biri “Sədərək” Ticarət Mərkəzi ola bilər. Ona görə də “Sədərək” Ticarət Mərkəzindən reportaj etməklə bağlı razılaşdıq.

Nəhayət, dünən “Sədərək” Ticarət Mərkəzinə yola düşdüm. Səhər evdən çıxanda artıq reportajın formatı beynimdə hazır idi. Nəzərə alsaq ki, həm əhalinin böyük əksəriyyəti “Sədərək” Ticarət Mərkəzindən alış-veriş edir, həm də malların daha çox Çindən gətirilməsi deyilir, deməli, koronavirusun da ilk zərbəsinə məhz ora tuş olacaq. "Çin malları", "Sədərək", kornovirus - bu üç fikir beyinə gələndə, nə qədər özünü tox tutmağa çalışsan da, indiki xəbərlərin fonunda həyəcanı gizlətmək olmur. yayılma riski də artmış olur. Adamın beynində koronavirusu kabus kimi dolaşır, içinəbir narahatlıq düşür...

Sürücüdən “getmə” məsləhəti

Evdən çıxanda artıq saat 08:30 idi. Hövsandan “28 May”a gedən “1 manatlıq” taksiyə mindim. Taksi sürücüsü tanış olduğundan söhbətləşməyə başladıq. Söhbət əsnasında “Sədərək” Ticarət Mərkəzinə reportaj üçün getdiyimi, Çində yayılan koronavirusun alverə necə təsir etdiyini müşahidə edəcəyimi dedim. Sürücü getməməyimi məsləhət gördü: “Qardaş, biz də “Sədərəy”ə getməli idik. Amma virusun yayılmasına görə fikrimi dəyişdim. Bilirəm ki, bütün mallar Çindən gəlir. Bir paltara görə özümü riskə ata bilmərəm. Sən də atma!”

“28 May”a çatdım və sürücünün 1 manatını verib sağollaşdım. Metronun qarşısından “20-ci Sahə” adlanan əraziyə getmək üçün 125 nömrəli marşruta mindim. Ancaq o zaman bildim ki, deməyəsən, bu xətt üzrə qiymət qalxıb. Əvvəl 35 qəpik olan qiymət hazırda 40 qəpikdir. “20-ci sahə”də “Sədərək” Ticarət Mərkəzinə gedən köhnə avtobusa minməli oldum. Detalları ona görə yazıram ki, yolçulqula bağlı mənzərə aydın olsun.

Boşalan bazar...

Mənzil başına çatanda artıq ilk müşahidələrim fərqli düşüncə yaratdı. “Sədərək” Ticarət Mərkəzində demək olar ki, heç kim yox idi. Bir müddət əvvəl insan əlindən tərpənməyə yer olmayan “Sədərək”də bu gün fərqli mənzərə hökm sürürdü. İlk olaraq karqo şirkətlərinin olduğu əraziyə baş çəkdim. Şirkətlərdə çalışan fəhlələr öz aralarında söhbət edirdilər. Heç bir iş getmirdi. Yaxınlaşıb söhbətləşmək istədim.

-Salam, deyəsən, iş yoxdur?

-Salam, hə, qardaş, bir neçə gündür bekarçılıqdır, niyə soruşdun ki? Nəsə lazımdır?

-Yox, sadəcə iş axtarırdım, dedim bəlkə burada taparam.
-Yox e, qardaş, iş nə gəzir? Bax ora...

Əli ilə mənə “Çin Karqo”nu göstərdi:
-Orada heç vaxt iş dayanmırdı. Amma bax, heç kim işləmir. Nə maşın gəlir, nə yük boşalır.

-Niyə, nə olub ki?
-Bilmirəm, amma deyirlər ki, Çində xəstəlik yayılıb deyə ordan mal gətirməyə icazə vermirlər.

Bekarçılıqdan nərd oynayırlar...

Sağollaşıb “Sədərək” Ticarət Mərkəzinin topdan və pərakəndə satış obyektlərinə tərəf getdim. Diqqəti cəlb edən ilk mənzərə alıcıların olmaması idi. Satıcılar nərd oynamaqla vaxtlarını keçirirdilər. Bir müddət müşahidə etdikdən sonra paltar satılan dükanlara girib qiymətlərlə maraqlanmağa başladım. Qiymətlər kifayət qədər ucuz idi. Hətta satıcılar özü də bundan şikayət edirdilər. Adil adlı satıcı ilə söhbətləşdim:

-Qiymətlər niyə belədi? “Bütün mallar 15 manat” yazmısız.

-Neynəyək, qardaş, alıcı yoxdur. Gündə 2-3 şalvar satanda sevinirik. Əvvəl biz bu şalvarı (Əlini göy cins şalvara uzadır-müəll.) 27-28 manata satırdım. İndi 15 manata qoymuşam, amma sata bilmirəm.

-Bəlkə virusla bağlıdır?
-Nə virusu?

-Deyirlər, Çində virus yayılıb, ona görə mal gətirilmir, alıcılar da bazara gəlməyə qorxur.
-Ümumiyyətlə, burada nə qədər obyekt görürsən, hamısı Çindən mal vurur. Düzdür, son günlər mal götürmürük, amma virusa görə deyil, çünki sata bilmirik.
Adillə sağollaşıb bir qədər irəliləmişdim ki, maraqlı görüntü ilə qarşılaşdım. Obyektlərin birinin qarşısında Azərbaycan, Türkiyə və Pakistanın bayrağı asılmışdı. Satıcıdan niyə bu üç bayrağın asıldığının səbəbini soruşdum. Cavab belə oldu:

- Mallarımız Türkiyə və Pakistandan gəlir, ona görə bu bayraqları asmışıq ki, insanlar bilsin.
Sağollaşıb “Sədərək” Ticarət Mərkəzini tərk etdim. Müşahidələrimgöstərirdi ki, “Sədərək”də vəziyyət o qədər də ürəkaçan deyil. Alıcı da yoxdur, yeni mal da. Səbəbin nə olduğu hər kəsə məlumdur. Çindən gələn mallar özü ilə koronavirus gətirəcəksə... Hər halda iş adamları üç nöqtənin yerinə nəsə fikirləşiblər.
Cebhe.info

Bu il ölkə üzrə 4 mərhələdə tətbiqinə başlanılan icbari tibbi sığorta ilə bağlı yaranan sualları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov cavablandırıb. Turkustan.info agentlik rəsmisinin Modern.az-a müsahibəsini təqdim edir:

 

– Vüqar müəllim, Mingəçevir, Yevlax, Aşğdaş, Naxçıvan Muxtar Respublikasının Babək rayonunda həyata keçirilən pilot layihələrdən əldə edilən təcrübələr kifayət etmədimi ki, yenidən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə keçidinə qərar verildi?

 – Bəzən insanlara elə gəlir ki, icbari tibbi sığortanın tətbiqi çox yüngül layihədir. Sadəcə maliyyələşmə modelini dəyişdirərək, icbari tibbi sığortanın tətbiqi həyata keçirilir. Burada vacib olanı icbari tibbi sığortanın tətbiqinə tibb müəssisələrinin, kadrların, orada çalışan personalın buna hazır olmasıdır. Bunun üçün də müəyyən müddət lazımdır. İcbari tibbi sığortanın mərhələli tətbiqinin səbəblərindən biri də odur ki, həm əhali, həm də tibb müəssiələri buna hazır olsun. Bu, fərqli və yeni layihə olduğu üçün həm əhalinin, həm kadrların maairfləndirilməsi olduqca vacibdir. Bu da dediyim kimi müəyyən vaxt tələb edir.

– Bakı sakini olaraq, icbari tbbi sığortadan hələ oktyabrın 1-dən yararlana biləcəyəm. Bəs nə üçün aprelin 1-dən etibarən sığortahaqqı ödəməliyəm? Yəni mən xidmətdən yararlanmadığım müddətdə niyə sığortahaqqı verməliyəm?

 – İcbari tibbi sığortahaqqı yığımı qanunla aprelin 1-dən tutulacaq. Amma icbari tibbi sığortanın tətbiqi, vətəndaşın bu xidmətdən istifadə etməsi Bakı sakinləri üçün oktyabrın 1-dən mümkündür. Bilirsiniz, bu, fərqli bir layihədir. Bütün dünyada qəbul olunub ki, işləyənin işləməyənə, cavanın yaşlıya köməyi olmalıdır. Layihənin qanunla tənzimlənən tərəfi odur ki, sığorthaqqı bu il aprel ayının 1-dən yığılsın və ölkə üzrə mərhələli tətbiqinə başlanılsın. Amma vətəndaş icbari tibbi sığortanın tətbiq olunduğu əraziyə səfər etdikdə və tibbi xidmətə ehtiyacı yarandıqda, həmin ərazilərdə tibbi xidmətləri ödənişli şəkildə əldə edə biləcək. Amma Bakı və Sumqayıtda hazırda səhiyyə xidmətləri onsuz da pulsuzdur və vətəndaşdan ödəniş tələb olunmur. Bu da ciddi nəzarətdədir. Vətəndaş regiondan asılı olmayaraq, tibbi xidmətdən ödənişsiz şəkildə yararlana bilər. Bakı, Sumqayıt, Abşeron və s. yerlərdə haradakı icbari tibbi sığorta tətbiq olunmur, orada xidmətlər dövlət büdcəsi hesabına, icbari tibbi sığorta tətbiq edildiyi ərazilərdə isə Agentliyin maddi vəsaiti hesabına icra olunur.

– İcbari tibbi sığortanın ölkə üzrə tam tətbiqindən sonra pasiyentlərin həkim və xəstəxananı seçmək hüququ olacaqmı?

 – Biz bu hüququ məhdudlaşdırmırıq. Sadəcə vətəndaş icbari tibbi sığortanın qoyduğu qaydalardan kənara çıxdıqda, müştərək maliyyələşmə məbləğini ödəmək məcburiyyətində qalacaq. Yəni yaşadığı ərazidə tibbi xidmət əldə etmək istəyirsə, ailə həkiminin göstərişi olmadan da, birbaşa tibb müəssisəsinə müraciət edə bilər. Orada 5 manat həcmində müştərək maliyyələşmə məbləği, öz regionundan-tibbi ərazi bölməsindən kənara müraciət etdikdə, ambulator xidmət üçün 15 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Biz həkim seçiminə, vətəndaş hüquqlarına məhdudiyyət qoymuruq, sadəcə qaydalara riayət edilməsini tövsiyə edirik.

– Bəs dövlət və özəl sektorda çalışanların sığortahaqları hansı şəkildə tutulacaq, əməkhaqqı kartından, yoxsa vətəndaş bunu nağd şəkildə ödəyəcək? İkidən artıq yerdə çalışanların sığorta haqqı necə müəyyən ediləcək?

 – Sığortahaqqı tutulması da qanunla tənzimlənir. Vətəndaşın sosial müdafiə üçün ödənişləri hansı qaydada həyata keçirilirsə, sığortahaqlarında da o qayda tətbiq ediləcək.

Dövlət tərəfindən təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığortahaqqı ayrılacaq. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyən olunub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında xidmətləri yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8 000 manatadək olan hissəsinin 2 faizi, 8 000 min manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında sığortahaqqı müəyyən edilib. Vergilər Məcəlləsinə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında sığortahaqqı müəyyənləşib. İki və daha çox yerdə işləyən, iki və daha çox mənbədən gəliri olan şəxslər hər iş və gəlir yeri üzrə icbari tibbi sığortahaqqı ödəməlidir.

– Sığortaolunanlar xidmtədən yararlanmaq üçün ilkin olaraq hara müraciət etməlidirlər?

 – Vətəndaş tibbi xidmətə ehtiyacı yarananda ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri, tibb məntəqələri, Ailə Sağlamlıq Mərkəzləri olmalıdır. Vətəndaşlar ailə həkimlərinə aşağıdakı prinsiplərlə təhkim olunurlar. Tibb təchizatçısı ilə ev təsərrüfatları arasında olan məsafə, mövcud yol-nəqliyyat infrastrukturun vəziyyəti. Zərurət yaranarsa, ailə həkimi ixtisaslı həkimə göndəriş verir. Pasiyent ailə həkimi seçməkdə azaddır.

– Pilot layihələrin tətbiq edildiyi ərazilərdə uzun növbələrdən şikayətlər olurdu. Quba, Qusar, Ağsu, Şamaxı, Şəki, Kürdəmir, Ucar, Göyçay, Qəbələ və Zaqatala rayon mərkəzi xəstəxanalarında növbə sistemini tənzimləyən terminallar quraşdırılıb. Elektron növbələri bu turniketlər vasitəsilə tənzimləmək mümkün olacaqmı?

 – Bəli, tibb müsəssisələrində növbə terminalları ilə təmin edilməyə başlanılıb. Artıq vətəndaş tibb müəssisəsinə daxil olduqda, sıra nömrəsini götürərək, qeydiyyatçıya yaxınlaşır. Bundan sonra qeydiyyatçının verdiyi göndərişlərdə də onun həkim qəbulunda və müayinədə neçənci olduğu qeyd edilir. Bu, birinci variantdır. İkinci varinat isə bir müddət keçdikdən sonra elektron şəkildə- onlayn rejimdə həkim növbəsinə yazılmaq mümkün olacaq. Bu gün pilot layihələrində vətəndaşın verdiyi laborator müayinənin cavabını almaq üçün xəstəxanaya getməyinə gərək yoxdur. Bunun üçün ona verilən xüsusi kod vasitəsilə analizilərin cavabını onlayn rejimdə əldə edilə bilir.

– Hazırda bəzi xəstəliklər var ki, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməyib. Gələcəkdə onkoloji kimi xəstəliklərin də xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulubmu?

 – Xidmətlər zərfinə daxil olmayan xidmətlərin daxili əsasən, dövlət proqramlarının icrası bitdikdən sonraya nəzərdə tutulub. Bunlar onkoloji xəstəliklər, şəkərli diabet, qan və qan xəstəliklərini əhatə edən proqramlar başa çatdıqdan sonra icbari tibbi sığorta ilə əhatə olunacaq. Müddət müzakirə edildikdən sonra qərar veriləcək. Ambulator şəraitdə dərman təminatı, stomotoloji tibbi yardım xidməti və s. kimi xəstəliklər də müəyyən perioddan sonra xidmətlər zərfinə daxil ediləcək. Amma bu il ərzində təminata alınması nəzərdə tutulmayıb. Gələcəkdə icbari tibbi sığorta Agentliyinə daxil olan vəsaitlərin həcminə uyğun olaraq, qərar veriləcək.

– Artıq ilin sonunadək bütün ölkə icbari tibbi sığorta ilə əhatə olunacaq. Bu zaman kadr problemilə qarşılaşmaq kimi risklər varmı? Nəzərə alsaq ki, bəzi rayon və kəndlərdə hazırda kadr problemi mövcuddur…

 – Regionlarda həkimlərlə bağlı çatışmazlıqlar mövcuddur. Xüsusilə bəzi ixtisas həkimlərilə bağlı problemlər var. Hazırda Agentlik sırf regionlarda kadr probleminin aradan qaldırılması üçün iş aparır. İnanırıq ki, ilin sonunadək layihə ölkə üzrə tətbiq edildikdə, problem öz həllini tapacaq. Artıq bütün tibb müəssisələri sığorta ilə işləmək prinsipilə tam məlumatlı olacaq və regionda işləyəcək həkimlərimizin sayı artacaq.

– İcbari tibbi sığortada ambulator müalicədə dərman təminatı nəzərdə tutulubmu?

 – Hazırda ambulatorda deyil, stasionarda verilən dərmanlar sığorta təminatındadır. Vətəndaş müalicə üçün xəstəxanaya daxil olur və ondan əlavə vəsait tələb olunmadan xəstəxana tərəfindən təmin olunur. Gələcəkdə ambulator müalicdə dərman təminatına baxılacaq.

– Dünya praktikasında olduğu kimi, bizdə də reseptlərin elektronlaşdırılması mümkün olacaqmı?

 – Bu qısa zaman tələb edən layihə deyil. Bunun üçün hazırlıqlı olmaq lazımdır. İlin sonuna kimi icbari tibbi sığortanın tətbiqilə tam tanış olunacaq. Layihə müəyyən etaplarla fərqli xidmətlər təqdim etməli olacaq. Bu da bütün dünyada tətbiq edilən xidmətlərdən biridir. Hansı ki, vətəndaş üçün çox faydalıdır. Bizim hədəfimiz çox müddət almadan bu xidmətin istifadəyə verilməsidir. Yəni bunun nəticəsində vətəndaş üçün tətbiq edilən elektron resept sayəsində dərman pereparatının ticari adı deyil, onun tərkibi və molekulu qeyd ediləcək. Vətəndaş da öz büdcəsinə uyğun dərmanı alacaq. Amma bu layinənin tam tətbiqi üçün bütün xəstəxanalar elektronlaşdırılmalıdır.

– Əvvəldə qeyd etdiniz ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilmədiyi ərazilərdə belə, tibbi xidmət pulsuzdur. Reallıq isə başqa şey deyir. Bu gün bəzi həkimlərə rüşvət verməyən xəstələr onların etdiyi müayinə və müalicəyə şübhə ilə yanaşır. Həmçinin, rüşvət verməyən xəstə həkim tərəfindən xoş qarşılanmır. Bu mənada həkimlərə və ümumilikdə tibbi işçilərinin əməkhaqlarına nəzərdə tutulan əlavələr belə neqativ halların aradan qaldırılmasında müsbət rol oynaya biləcəkmi?

 – Doğrudur, neqativ hallar var. Bizim hədəfimiz məhz bu kimi neqativlərin aradan qaldırılması, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaqdır. Həkim göstərdiyi xidmətin qarşılığında bonuslar əldə edəcək. Bundan başqa, icbari tibbi sığorta əməkhaqları hər bir həkim üçün normal həyat şəraiti təmin etməsi səviyyəsində olacaq ki, bu, əhaliyə göstərilən xidmətin keyfiyyətinə təsir etməsin. Hər bir həkim çalışmalıdır ki, vətəndaşa daha doğru, daha düzgün xidmət göstərsin ki, sabahı gün hansısa narazılıq olmasın. Çünki hər bir şikayət, hər bir müraicət Agentliyimiz tərəfindən araşdırılır və qarşıya çıxan neqativlərlə bağlı ciddi cəza tədbirləri həyata keçirilir.

– Necə düşünürsünüz, ümüumilikdə səhiyyə işçilərinin əməkhaqlarına əlavələr sabit maaş şəklində tətbiqi daha uğurlu olmazdımı? Yəni bu mənada ki, əlavələrin kimlərinsə təyin etməsi subyektiv münasibətin daha üstün olmasına səbəb olmayacaqmı? Tibb işçilərinə əlavələr, bonusların yazılması xəstəxanaların baş həkimlərinin səlahiyyətində olacaq?

 – Əməkhaqqının ödənilməsi və təyin olunması Agentlik tərəfindən təsdiq olunub. Orada bonusların təyini baş həkimlərin səlahiyyətində deyil. Bu standart qaydadır. Orta və kiçik tibb işçilərinin əməkhaqqında olan artımlar onların işlədiyi profillər üzrədir. Orta tibb işçiləri üçün təyin olunmuş əməkhaqları var. Bölümlər üzrə cərrahiyyə, reanimasiya, təcili tibbi yardım, terapeya şöbəsində çalışanlar orta tibb işçisindən daha çox maaş alacaq. Çünki onların iş yükü və gərginliyi daha çoxdur. Digər sahələr də bu qaydalara müvafiq olaraq təşkil olunacaq. Bu zaman hansısa şəxsi münasibətdən söhbət gedə bilməz.

Masallıda əri tərəfindən boğularaq qətlə yetirilən 16 yaşlı Fatimə Qəmbərova ilə bağlı hadisə yenidən erkən nikahlar məsələsini gündəmə gətirib.

Mediada bu istiqamətdə maarifləndirici fikirlər səsləndirilsə də, təəssüf ki, erkən nikahlar xüsusilə aran bölgələrində, cənub zonasında hələ də müşahidə edilir.

Psixoloq Fərqanə Mehmanqızı Primetime.az-a danışarkən deyib ki, erkən evlilik hər iki tərəfdə travmalar yaradır, müəyyən problemlərə səbəb olur:

“Və şəxslər yaşına uyğun olmayan məsuliyyətin ağırlığı altında həm şəxsiyyət, həm də psixoloji olaraq əzilir. Burada yeniyetmə, hələ tam formalaşmamış, özünü idarə etməyən, öz məsuliyyətini dərk etməyən şəxsiyyət tanımadığı bir ailənin atmosferinə düşür və ailə məsuliyyətini daşıyır. Nəzərə alsaq ki, ailədə gəlinin üzərinə düşən yük nə qədərdir, bunun travmasını da təsəvvür etməmək mümkün deyil. Erkən ana olmaq da həmçinin fərdi depressiyaya gətirib çıxarır. Adətən evlənərkən qız evi  “sənin ancaq meyitin qayıda bilər” kimi cümlə qururlar. Bunu şüuraltına həkk edən qadın artıq qəbul edir və ona uyğun travma alır”.

Psixoloq qeyd edib ki, erkən nikahlar nəticəsində erkən ana olan qadın doğuşdan öncə, həmçinin sonra depressiya yaşayır:

“Belə bir psixoloji durumda olan gənc biri necə şəxsiyyət yetişdirə bilər? Sağlam cəmiyyət üçün necə sağlam fərd formalaşdıra bilər? Təbii ki, problem olacaq. Həyatda olan hər bir hadisənin, baxışın bir yaşı var. İnsan üçün anlayış yaşı mövcuddur. Ondan daha tez anlamaq insanda müəyyən problemlər yaradır. Ailə müqəddəs anlayışdır və məsuliyyətini daşıyaraq qurmaq lazımdır”.

Müsahibimiz bildirib ki, bu məsələdə əsas məsuliyyət valideyn üzərinə düşür:

“Amma valideynlər də bu istiqamətdə maarifləndirilməlidir. Düzdür, buna görə qeyri-hökumət təşkilatlarına qrant ayrılır, amma nə qədər bacarırlar göz qabağındadır. Valideynləri məlumatlandırmaq lazımdır ki, sənin övladın bu yaşda psixoloji olaraq nikaha hazır deyil. Onlar artıq dərk etməlidirlər. Çox adam deyir ki, “nənəm də, mən də bu yaşda ailə qurmuşam, nə olacaq ki”. Bunu deyərək adəti davam etdirirlər. Məktəb və ya hər hansı qurum sadəcə vasitədir. Bu baxımdan erkən nikahlarla bağlı layihə düşünülməlidir ki, qarşısı alınsın”.

Bəs qanunvericilik erkən yaşda nikahlarla bağlı nə deyir?

Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.

18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər isə uşaq-yeniyetmə hesab olunur. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq İcra Hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır.

Cinayət Məcəlləsinin (CM) 176.1-ci maddəsinə görə, qadını nikaha daxil olmağa məcbur etməyə görə şəxs iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə şəxs üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Digər tərəfdən CM-nin 152-ci maddəsində göstərilir ki, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur. Belə ki, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə — üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Valideynlərin erkən yaşda və ya yetkinlik yaşına çatmış şəxsi ailə qurmağa məcbur etməsi, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır.

Sürücülərin nəzərinə! Yol polisləri artıq bunu edə bilməzlər — VİDEOÖtən il sürücülər tərəfindən törədilən inzibati xətaların 65 faizi xüsusi texniki vasitələrlə qeydə alınıb.
Yerdə qalan 35 faizlik qayda pozuntuları isə yol polisi əməkdaşları tərəfindən fərdi olaraq yazılıb. Bu məqama baxmayaraq hələ də sürücülərlə yol polisi arasında ziddiyyətli məqamlar qalmaqdadır.

Məsələnin aktuallığını nəzərə alan ARB TV-nin “Günə doğru” verilişi maraqlı süjet hazırlayıb.

Sürücü: “Əgər sürücü qayda pozubsa, buna görə polis onu saxlayırsa, sürücü problem yaratmamalıdır”.

Polis-sürücü birbaşa təmasının qarşını almaq üçün artıq Dövlət Yol Polisi İdarəsi qarşısında xüsusi tapşırıqlar da qoyulub.
Kamran Əliyev - BDYPİ-nin şöbə rəisi: “Xüsusi texniki vasitələrin sayı artdıqca təmas minimuma endiriləcək. Zərurət olmadıqda artıq yol patrul xidmətinin inspektoru sürücünü yolda saxlamayacaq. Hansı hissədə ki, xüsusi texniki vasitənin köməyilə qayda pozuntusunu aşkar etmək mümkündür, həmin ərazilərdə sürücünü saxlamağa ehtiyac olmayacaq”.

Amma bu, o demək deyil ki, polis öz dislokasiya olunduğu ərazidə xidmət aparan zaman qayda pozuntusu olacağı zaman buna göz yumacaq. Bundan əlavə hansısa qayda pozuntusu müşahidə kamerası, yaxud monitor vasitəsilə aşkar edilirsə, bu halda qayda pozuntusu yol polisi əməkdaşı tərəfindən bilavasitə protokollaşdırıla bilməz.
Kamran Əliyev - BDYPİ-nin şöbə rəisi: “Yəni nəqliyyat vasitəsi saxlanılaraq sürücü barədə protokol tərtib edilə bilməz. Lakin yol polisi tərəfindən qayda pozuntusu aşkar edilirsə, bu sənədləşdirilir, sürücü onunla razılaşmırsa, onun barəsində qərar qəbul edilmir. Həmin ərazidə müşahidə kamerası varsa, qeydə alınan hadisəyə baxış keçirilir və vəziyyətə uyğun qərar çıxarılır”.

Ekpertlər deyir ki, sürücü-yol polisi arasında birbaşa təmasın azaldılması şəffaflığın təmin olunması üçün vacib addımdır. Gərginliyi yaradan səbəblərdən biri də iş qrafikinin ağırlığı idi ki, bu da öz həllini tapıb artıq.

Elməddin Muradlı – Ekspert: “Polis nə qədər gərgin rejimdə işləyirsə, nə qədər ağır şəraitdə işləyirsə, o qədər də aqressiv olur. Bəzən bir sürücünün qıcıqlandırıcı bir sözünə polis aqressiv cavab verir, beləliklə, gərginlik yaranır. Cənab nazir birinci növbədə polisin iş və istirahət vaxtı ilə bağlı addım atdı ki, artıq onlar 8 saat işləməlidirlər”.

Bunlar məsələnin polisin üzərinə düşən hissəsidir. Digər bir hissəsi isə sürücülərin məsuliyyətidir. Ən optimal çıxış yolu isə qaydalara əməl etmək...

“Koronavirus – 2019-nCoV’” virusunun Çində yayılması xəbəri fonunda Azərbaycanda fəaliyyət göstərən və Çin mətbəxini təmsil edən restoranlarda araşdırmalar aparılıb.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Trend-ə deyib ki, Assosiasiya bu məsələ ilə bağlı ölkədə uzun zamandır fəaliyyət göstərən Çin restoranları ilə əlaqə saxlayıb:

“Belə məlum olub ki, koronavirus xəbərləri Azərbaycanda fəaliyyət göstərən və Çin mətbəxini təmsil edən restoranlarına heç bir mənfi təsir göstərməyib. Onlar bildiriblər ki, ərzaq məhsullarının heç birini əslində Çindən gətirmirlər, digər yaxın Asiya ölkələrindən idxal edirlər”.

Sədr əlavə edib ki, ötən il Çinlə Azərbaycan arasında memorandum imzalanmışdı və bu il ölkəmizə 200 min çinli turistin gəlməsi gözlənilirdi:

“Bildiyimiz kimi, Azərbaycana Çindən elə də çox sayda turist axın etmir. Ancaq ötən il hər iki ölkə arasında memorandum imzalanmışdı. Yeni müqaviləyə əsasən yaxın vaxtlarda ölkəmizə 200 minə qədər turistin cəlb olunması planlaşdırılırdı. Çox təəssüf ki, 200 min turisti itirdik”.

Ünvanlı sosial yardım almaq asanlaşdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımının təyinatında ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi və sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün qanunvericilikdə təkmilləşdirmə işləri davam etdirilir.

Nazirlikdən  verilən məlumata görə, bu məqsədlə “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər layihələri hazırlanıb.

Mövcud qanunvericiliyə görə, ailə tərkibində baş vermiş dəyişiklik və bu dəyişikliyə görə məlumat verilməməsi ailəyə sosial yardım təyinatından imtinaya və ya ailəyə yardımın dayandırılmasına səbəb olur. Yeni qanunvericilik layihələri isə həmin dəyişikliyin və buna görə məlumat verilməməsinin yardım təyinatına və ya ödənişinə təsir etməməsini nəzərdə tutur. Həmçinin ailənin gəlirlərində dəyişiklik baş verdiyi halda, bu barədə ailənin məlumat verməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin 5 iş günündən 15 iş gününə və ya 21 günədək uzadılması yeni layihələrdə yer alıb.

Hazırda ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılarkən onun orta aylıq gəlirinə götürdüyü borc (o cümlədən kredit) da daxil edilir. Sosial yardımın təyinatından sonra da ailə üzvü kredit götürdüyü və bu barədə məlumat verilmədiyi halda ailəyə sosial yardım ödənişi dayandırılır, növbəti dəfə sosial yardım almaq üçün müraciət etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır.

Yeni layihədə bu məhdudiyyət aradan qaldırılmaqla, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması əksini tapır.

Ünvanlı yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı da azaldılacaq. Aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların ərizə-bəyannamədə bəyan edilməsi tələb edilməyəcək. Həmçinin ailə üzvünün (üzvlərinin) bu və ya digər sosial təminat növü (pensiya, müavinət, təqaüd və s.) ilə təmin edilməsi ilə bağlı məlumatların da daxil edilməsi istənilməyəcək, həmin məlumatlar müvafiq informasiya bazalarından əldə olunacaq.

Ünvanlı sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da yeni qanunvericilik layihələrində yer alıb. Bu, aztəminatlı ailələrə sosial yardım formasında dəstəklə paralel olaraq, kiçik biznesə çıxış və gəlirlərini artırmalarına aktiv formada dövlət dəstəyinin göstərilməsini nəzərdə tutur.

Qeyd edək ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsi artıq hökumətə təqdim edilib.

Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlanıb. 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) verilən məlumata görə, xəstəxanalar aşağıdakılardır:

– Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

– 1 saylı Kliniki Tibbi Mərkəz

–  7 saylı Uşaq infeksion xəstəxanası.   /Report/

Hazırda Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə danışıqlar aparır. Koronavirusların aşkar edilməsi üçün lazım olan testlərin yaxın zamanlarda Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, dəqiq tarix barədə məlumat vermək mümkün deyil:

“ÜST testlərin ölkəyə gətirilməsinə kömək edəcək”.

A.Əliyeva qeyd edib ki, virus növü yeni olduğundan dünyada peyvəndi hazırlanmayıb:

“Yəqin müəyyən müddətdən sonra vaksin hazırlana bilər. Ancaq bu günə infeksiyaya qarşı vaksin yoxdur”

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4 faiz artaraq 623,1 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3059,7 manat, qeyri neft-qaz sektorunda 568,0 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 516,5 manat, özəl müəssisələrdə isə 759,7 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub/Trend.