Son xəbərlər

“Azərbaycanda qızıl sənayesinin inkişaf etdirilməsi perspektivlərini müzakirə edərkən problemlərə də nəzər salmalıyıq. İqtisadiyyatın şaxələndirməsinin mühüm hissəsi dağ-mədən sənayesinin inkişafıdır”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarlarla görüşündə deyib.

Nazir qeyd edib ki, regionlarda dağ-mədən sənayesində qızıl istehsalı ilə yanaşı, digər qiymətli metalların istehsalı potensialı böyükdür:

“Azərbaycanın zərgərlik sahəsində tarixi ənənələri mövcuddur. Biz sıfırdan hər hansı işi başlamırıq. Zərgərlik sənayesinin yüksəldilməsi üçün ciddi dəstək verilməsi vacibdir. Stimullaşdırıcı amillərin artırılması zərgərlik sənayesinin inkişafında əhəmiyyətli ola bilər”.

M.Cabbarovun sözlərinə görə, sahənin inkişafı üçün şəffaflığın təmin edilməsi vacibdir:

“Biz “kölgə” iqtisadiyyatının bu sahədə azaldılmasına nail olmalıyıq. Güzəştlər o şəxslərə verilir və veriləcək ki, şəffaf fəaliyyət göstərəcək. Bu sahədə rəqabət mühitinin olması bizim üçün əsas məqsədlərdən biridir. Zərgərlik sahəsində aparılan təhlillər burada bir sıra çatışmazlıqların olduğunu göstərir”.

Nazir bazarda yerli zərgərlik məhsullarının azlığına diqqətçəkib:

“Qızılın keyfiyyəti hər zaman ictimaiyyət tərəfindən müzakirə olunur. Bu, həm istehlakçıların hüquqlarına, həm də bizim hədəflərimizə zərbə vuran məqamlardan biridir. Sektorda qeyri-şəffaf əmək münasibətlərinə də rast gəlinir. Biz bunu bilirik. Bazarda şəffaflığın təmin edilməsi dövlətin aidiyyatı strukturlarının üzərinə düşən əsas hədəflərindən biridir. Zərgərlik sahəsində çətinlikləri müəyyən etmək üçün qısa müddət ərzində ixtisaslaşmış asosiassiyanın yaradılması təqdirəlayiqdir”. (modern.az)

Son zamanlar xüsusən paytaxtda xarici nömrələrlə hərəkət edən avtomobillərin sayı çoxalıb.

 “ATV.az” xəbər verir ki, bu cür avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını pozarkən cərimə tətbiq olunsa da, əksər hallarda əcnəbi vətəndaşlar cəriməni ödəməkdən yayınıblar.

Bununla bağlı baş Dövlət Yol Polis İdarəsi əcnəbi sürücülərə müraciət edib. Artıq mexanizm də hazırlanıb.

Polis sürücülər üçün bildiriş paylayıb. Həmin bildirişdə qeyd olunub ki, tərtib olunmuş protokola əsasən cərimə məbləği 30 gün müddətində ödənilmədikdə həmin məbləğin üzərinə 1% dəbbə pulu gələcək.

Cərimələrin ödənilməsi üçün sərhəd keçid məntəqələrində ödəniş terminalları mövcuddur.

 

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək

Bu gün Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçiriləcək.

Komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxacaq.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Bundan əlavə, MSK onlarla müraciəti araşdırılması üçün dairə seçki komissiyasına (DSK) göndərib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə

– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli

– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu

– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.      /Ayna.az/

İcra başçısı köməkçisini işdən çıxardı

Yevlax Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.

Qafqazinfo xəbər verir ki, Yevlax RİH-nin başçısı Anar Tağıyev köməkçisi Taleh Rəşidovu vəzifəsindən azad edib.

İcra başçısının əmrinə əsasən, bu vəzifəyə İsmayılov Sərvər Dayandur oğlu təyin edilib.

A.Tağıyevin digər əmri ilə Mirtofiq Bəşirov vakant olan Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Köməkçi vəzifəsindən azad edilən T. Rəşidov isə Yevlax RİH-də Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi vəzifəsinə gətirilib.

Azərbaycanda avtomobili sığortalamaq neçəyə başa gəlir?
Xərclərə qənaət etməyin ən yaxşı yolu gözlənilməyən əlavə risklərdən sığortalamaqdır. Ziyan dəymə riskinin daha çox olduğu avtomobil sığortası bu mənada birinci yerdə gəlir.

Nəzərə alsaq ki, ölkəmizdə əhali arasında da bu sığorta növü daha çox tanınır, o zaman çoxlarını maraqlandıran bu suala cavab tapmaq yerinə düşər: Azərbaycanda avtomobili sığortalamaq neçəyə başa gəlir?

Fins.az məsələ ilə bağlı Azərbaycan sığorta bazarında qiymətləri və şərtləri araşdırıb. Şirkətlərdən verilən məlumata görə, avtomobilin istehsal tarixindən, bazar qiymətindən, azadolma məbləğindən, sürücülük təcrübəsindən və bir sıra amillərdən asılı olaraq sığorta haqqı arta və ya azala bilir. Ona görə də, bazar qiyməti 11 min manat olan avtomobil misalı üzərində qiymətlər müəyyən edilib.

Sığorta bazarında bəzi şirkətlər 2006-cı ildən aşağı olan avtomobilləri sığortalamırlar. Əksər şirkətlər isə istehsal tarixi 2008-ci ildən yuxarı olan avtomobilləri sığortalamağa razılıq verirlər.

Sığorta eksperti İlkin İbrahimov deyir ki, Azərbaycanda avtomobillərin sığortalanması qaydası, dünyada tətbiq olunan “kasko-könüllü” qaydada həyata keçirilir. Sığortalanma zamanı sığorta haqqı avtomobilin ilindən asılı olaraq qiymətinin 2.5-3% nisbətində müəyyən edilir:

“Lakin elə könüllü sığorta növləri vardır ki, burada sığorta haqqı 15%-ə qədərdir (10% sığorta haqqı + 5%-ə qədər də azadolma) Bura əlavə olaraq şərtsiz azadolma (sığorta şirkətləri tərəfindən bu məbləğə qədər olan hissə hər hadisə zamanı çıxılır) məbləğini də əlavə etdikdə sığorta haqqı kifayət qədər yüksəlir”.

Ümumiyyətlə, icbari sığortalar sosial xarakterli olduğundan və hər kəsin əlçatanlığı təmin edildiyindən bu növ sığorta daha sərfəlidir. Hazırda ölkəmizdə kasko sığorta növü üzrə ən çox istifadə edilən məhsullar müəyyən olunmuş məbləğin il ərzində istifadəsi qədər təminatın verilməsidir. Məsələn, könüllü növ üzrə 550 manat ödəyib, 5500 manatlıq müqavilə bağlayırıq. Bu müqavilə müddətində sığorta şirkəti sığortalı il ərzində 5500 min manatlıq sığorta kompensasiyası ödəməyi öz öhdəsinə götürür.

Bura hər hadisə üzrə 150-200 manatlıq azadolmanı da gəlsək, bu sığorta haqqının kifayət qədər baha olmasını görərik. Lakin icbari sığortada verilmiş təminat hər hadisə üçün il ərzində baş verən hadisələr nəzərdə tutulur. Misal üçün, 5000 manatlıq təminat azadolma istifadə edilmədən il ərzində hər hadisə üçün maksimal ödəniş nəzərdə tutulur.

Azərbaycanda bu məhsulların gömrük rüsumu müəyyənləşdi
Azərbaycan Respublikasının ərazisinə gətirilən tərkibində spirtin miqdarı 9 faizdən az olan tündləşdirilməmiş alkoqollu içkilər üçün aksiz dərəcəsi və idxal gömrük rüsumu müəyyənləşdirilib.

APA bildirir ki, bu Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında və “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliklərdə əksini tapıb.

Beləliklə, tərkibində spirtin miqdarı doqquz faizdən az olan tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün 1,9 manat aksiz dərəcəsi müəyyənləşib. Bu içkilərin hər litri üçün isə iki ABŞ dolları idxal gömrük rüsumu tətbiq olunacaq.

Hər iki qərar dərc edildiyi gündən 30 gün sonra – martın 19-da qüvvəyə minir.

Azərbaycanın Nazirlər Kabineti yeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərar verib.

Qərarda ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılmasının məhdudlaşdırılması öz əksini tapıb.

Mövcud qərar ölkədə bəzi tibbi ləvazimat və preparatlarla bağlı qıtlığın yaranmamasına xidmət etsə də, vətəndaşlar arasında müəyyən narazılıqlar yaradıb. Belə ki, paytaxt sakinləri üz tutduqları apteklərdə tibbi maskaları almaq istəyərkən birdən artıq ala bilməyiblər. Dəyəri 0,20 AZN olan tibbi maskalar bəzi apteklərdə vətəndaşlara tək-tək satılıb. Bir neçə maska almaq istəyən şəxslərin istəyi isə ürəyində qalıb.

Yaranmış vəziyyətdə apteklərin tətbiq etdiyi bu məhdudlaşdırmanın nə qədər doğru olub-olmamasını aydınlaşdırmaq üçün tibbi ekspertə müraciət etdik. Tibb elmləri doktoru Adil Qeybulla BAKU.WS-ə bildirib ki, müəyyən tibbi ləvazimatların defisit halına düşməsi və onun ölkədən çıxarılmasına məhdudiyyət qoyulması təbii haldır: “Əslində apteklər müstəqildir. Apteklər Səhiyyə Nazirliyinin müəyyən etdiyi qanunvericilik əsasında fəaliyyət göstərməlidirlər.

Əgər həmin əsasnamədən kənara çıxılırsa, təbii qaydalar pozulur. O ki qaldı müəyyən tibbi ləvazimatların defisit halına düşməsi, onun ölkədən çıxarılmasına məhdudiyyət qoyulmasına, bu, təbii haldır. Hökumətin bu məsələlərdə məcburi addımlar atmaq ixtiyarı var. Belə hallarda Ümumdünya Səhiyyə Təşkilatı məsələlərə qoşulur və karantin tədbirləri görür. Əslində hər hansı epidemiyaya meyilli infeksiya lokallaşmayıbsa, karantin tədbirlərinin aradan qaldırılmasından danışmaq olmaz. Bu cür məhdudiyyətlərin tətbiq edilməsi tədbirlərin tərkib hissəsi hesab edilə bilər”.

Tibbi ekspert hesab edir ki, bu məsələnin tənzimlənməsində hər hansı problemlər ola bilər: “Mümkündür ki, apteklər bəzi qaydaları pozsun, amma dövlətin müvafiq strukturlarının bu məsələlərə müdaxiləsi və ya məhdudlaşdırmalar tətbiq etməsi karantin tədbirlərinin tərkib hissəsidir. Dünyanın əksər ölkələrində icbari tibbi sığorta paketində apteklərdə sərbəst satış üçün ayrılan istər dərmanlar, istərsə də digər tibbi ləvazimatların konkret uçota düşən reyesteri var.

Təəssüflər olsun ki, Azərbaycanda hələ də dərman vasitələrinin dövlət reyesteri və farmaskopiyası yoxdur. Ona görə, bu tənzimləmədən danışmaq tezdir. O ki qaldı apteklərə, konkret olaraq məhdudiyyət qoyulan tibbi vasitələrin əmtəə şəklində və iri miqdarda satılmasına müəyyən məhdudiyyətlər qoyula bilər. Karantin dövründə apteklər özləri də dövlət müvafiq strukturlarının qərarlarına tabe olurlar”.

Bu universitetlərdə məskunlaşan məcburi köçkünlər köçürüləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıdakı bir neçə universitetin yataqxanalarında məskunlaşan məcburi köçkünləri bu il ərzində yeni qəsəbələrə köçürəcək.

Report xəbər verir ki, bunu Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov deyib.

Onun sözlərinə görə, köçürülmə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində hazırlanan “Yol Xəritəsi”nə əsasən həyata keçiriləcək: “Yasamal rayonundakı “Kaktus” kimi tanınan ərazidə Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanaları var. Orada təxminən, 1200-ə yaxın məcburi köçkün ailəsi yaşayır. Həmin ailələrin “Qobu-3” kompleksinə köçürülməsi nəzərdə tutulub. Bu kompleks aprel ayında istifadəyə verilməlidir və ora yalnız həmin universitetlərin yataqxanalarda yaşayan məcburi köçkünlər köçürüləcək”.

E.Zeynalov deyib ki, “Yol Xəritəsi”nə əsasən, yataqxanalar, sanatoriya, uşaq bağçası, məktəb, poliklinika binaları və yarımçıq tikililərdə yaşayan məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi 2024-cü ilə qədər başa çatacaq: “Həmin yerlərdə yaşayan ümumilikdə 23 850 məcburi köçkün ailəsi yeni qəsəbələrə yerləşdiriləcək. Bu da 85 000 nəfərə yaxın məcburi köçkün deməkdir”.

37 nömrəli avtobusun sürücüsü: “Kimə istəyirsiniz, şikayət edin”
Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.

Oxu.az xəbər verir ki, sərnişinlər 37 nömrəli müntəzəm xətt üzrə hərəkət edən avtobus sürücülərindən şikayət edirlər.

Şikayətə görə, 37 nömrəli müntəzəm xətt üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü yolboyu telefonla danışıb:

“Sürücülər qaydalara riayət etmirlər. Yolboyu telefonla danışırlar. Sərnişinlər etiraz edəndə isə kobud cavab verirlər: “Kimə istəyirsiniz, şikayət edin”. Qəza olanda da deyəcəklər ki, bizdə günah yoxdur”.

Bu yollarda sürət həddi endirildi

Bakı Nəqliyyat Agentliyi (BNA) hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.