Son xəbərlər

Sumqayıtda köhnə yaşayış binaları söküləcək.

Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, şəhər ərazisində sökülməsi nəzərdə tutulan binalar ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti başa çatmış yaşayış binalarıdır: “Həmçinin şəhər ərazisində 200-ə yaxın yaşayış binasının dam örtüyü, fasadları təmir olunacaq, 600 binanın istilik sistemi bərpa ediləcək. Prosesə bu il start veriləcək”. (trend)

Bakının 19 küçəsində xüsusi zolaqlar yaradıla bilər
“Bakıda ictimai nəqliyyatın hərəkəti üçün 19 küçədə xüsusi zolaqların yaradılması mümkündür”.

Bu sözləri REAL TV-nin canlı yayımına qonaq olan Bakı Nəqliyyat Agentliyinin (BNA) Aparat rəhbəri Gülşәn Rzayeva deyib.

“Bu barədə Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təkliflər verilib. Onların bir hissəsi artıq müsbət rəy alıb və digərlərinin üzərində iş gedir”, - deyə G.Rzayeva əlavə edib.

Azərbaycanda bu binalar söküləcək
Sumqayıtda ötən əsrin 50-ci illərində tikilən binalar söküləcək.

APA bildirir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında bildirilib. 

Qeyd olunub ki, şəhər ərazisində ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək. 

Bununla yanaşı vurğulanıb ki, hər birinin 10 mindən çox əhalisi olan Corat qəsəbəsi və “St.Sumqayıt” yaşayış massivi ərazisində yeni uşaq bağçaları tikiləcək, həmçinin mövcud uşaq bağçaları, məktəblər, mədəniyyət və səhiyyə ocaqları, idman qurğuları əsaslı təmir olunacaq. 

2019-cu ildə Azərbaycanda iqtisadi fəaliyyət növləri üzrə orta aylıq əməkhaqları məlum olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə ki, ötən il Azərbaycanda ən çox əməkhaqqı olan sahələr mədənçıxarma sənayesi (3048 manat), maliyyə və sığorta fəaliyyəti (1631 manat) və peşə, elmi və texniki fəaliyyəti (1173 manat) sahələridir.

Ölkə üzrə ən az əməkhaqqı olan sahələr inzibatçı və yardımçı xidmətlərin göstərilməsi (387 manat), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (370 manat) və əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (352 manat) sahələridir.

Dövlət sektorunda ən çox əməkhaqları maliyyə və sığorta fəaliyyəti (1680 manat), mədənçıxarma sənayesi (1484 manat), turistlərin yerləşdirilməsi və ictimai iaşə (869 manat) sahələrindədir. Ən az əməkhaqqı olan sahələr kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (323 manat), inzibatçı və yardımçı xidmətlərin göstərilməsi (332 manat) və əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (345 manat) sahələridir.

Özəl sektorda ən çox əməkhaqqı olan sahələr mədənçıxarma sənayesi (4 008 manat), peşə, elmi və texniki fəaliyyəti (2042 manat), maliyyə və sığorta fəaliyyəti (1619 manat) sahələridir. Özəl sektorda əmək haqqı ən az olan sahələr Dövlət idarəetməsi və müdafiə; sosial təminat (261 manat), əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (402 manat), əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (420 manat) sahələridir. (fed.az)

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişləri nağdsız qaydada həyata keçirmək məqsədi ilə Azərbaycan Beynəlxalq Bankı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə bank kartları buraxıb.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, bu kartlar vasitəsilə tibb müəssisələrində müştərək maliyyələşmə məbləğini, Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərin tarifini və s. bu kimi ödənişləri nağdsız qaydada həyata keçirmək mümkündür.

Hər hansısa bank kartına sahib olmayan şəxslər kartı Azərbaycan Beynəlxalq Bankının icbari tibbi sığorta tətbiq edilən ərazilərdəki filial və şöbələrindən şəxsiyyət vəsiqələrini təqdim etməklə pulsuz ala bilərlər.

“Nağdsız hesablaşmalar haqqında” qanunun tələbinə uyğun olaraq publik hüquqi şəxs statuslu tibb müəssisələrində nağdsız ödənişlərin aparılması üçün Azərbaycan Beynəlxalq Bankı müvafiq layihə çərçivəsində onları lazımi sayda POS-terminal və ödəmə terminalları ilə təchiz edib. Vətəndaşlar tibb müəssisələrindəki ödəmə terminalı vasitəsilə sözügedən karta vəsait yerləşdirdikdən sonra ödənişlər POS-terminalla aparılır. Həmçinin Azərbaycan Beynəlxalq Bankının filial və şöbələrində, “Cash in” tipli bankomatlarında, E-manat və Azericard ödəmə terminalları və “Card to card” vasitəsilə də bu karta vəsait mədaxil etmək mümkündür. Bank kartı əhaliyə gələcəkdə tibb sahəsində digər xüsusi imtiyazlardan, əlavə güzəştlərdən faydalanmaq imkanı da yaradacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanın səhiyyə sisteminin nağdsız ödənişlərə keçidində bu kartların mühüm yenilik olduğunu qeyd edib: “Bank kartı tibb müəssisələrində nağdsız qaydada ödənişlərin aparılmasına imkan yaradacaq. Nağdsız hesablaşmaların aparılması tibb müəssisələrində maliyyə dövriyyəsinin şəffaflığını artıracaq və hesabatlılığı təmin edəcək”.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov: “Bu bank kartları icbari tibbi sığortanın ölkəmizdə uğurla tətbiqinə töhfə verəcək. Yaxın gələcəkdə bir sıra aptek şəbəkələri, səhiyyə infrastrukturu ilə əlaqəli digər sahələr də bu kartlarla ödəniş sisteminə cəlb ediləcək. Beləliklə, bu sferada nağdsız ödənişlərdən geniş istifadə üçün əlverişli ekosistem formalaşacaq. Vətəndaşlar bu kartlarla ödəniş zamanı kəşbək faizləri qazanacaqlar. Bununla da tibbi xidmətə görə xərclərinə müəyyən qənaət etmiş olacaqlar. Bütün bunlar ölkəmizdə nağdsız ödənişlərin tendensiyasını genişləndirəcək”.

Müasir dövlət bankı olan Beynəlxalq Bankın məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Ən çox bu rayonların polisindən şikayət var
Bir məsələni xüsusi vurğulamalıyıq ki, Azərbaycanın sabitlik və əmin-amanlıq məkanına çevrilməsində, vətəndaşlarımızın asudə yaşamasında hüquq mühafizə orqanlarının, o cümlədən daxili işlər orqanlarının əməyi danılmazdır.

Respublikamızda ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qazanılan uğurlar xalqın sabit həyat sürəcəyinə, həmçinin cari ildə ölkəmizdə keçiriləcək respublika və beynəlxalq əhəmiyyətli tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə inamı daha da artırır".

Report” xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb.
Şöbə müdiri qeyd edib ki, bununla yanaşı, polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlər az deyil:

"Bunlar istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı, yol polisinin fəaliyyəti və sair məsələlərlə bağlıdır.

Bütövlükdə, polisin fəaliyyətinə dair daxil olan şikayətlərin sayı Bakının Xəzər, Nərimanov, Nizami, Sabunçu, Suraxanı, Yasamal rayonları, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri, həmçinin Ağstafa, Goranboy, Göyçay, Göygöl, Lerik, Masallı, Neftçala, Sabirabad, Siyəzən, Tərtər, digər şəhər və rayonlardan nisbətən çox olub".

Cibimizə girən lombardlar

Hər gün bir yerdə ofis açır, 3 ay işləyir, 3 aydan sonra gedirsən ki, obyekt yerində yoxdur. Yerini dəyişir, camaatı aldada-aldada vaxt qazanır.

ARB TV –nin efirində yayınlanan “Günə doğru” verilişində lombardların fəaliyyəti ilə bağlı sujet yayımlanıb.

Azərbaycanda lombardların fəaliyyətinə nəzarət gücləndiriləcək. Hazırda onların işini tənzimləyən hüquqi mexanizm olmadığından vətəndaşların aldadılması hallarına tez-tez rast gəlinir.

Sakin: “Onlar müştərilərin zinət əşyalarını həvəslə götürürlər. Ancaq həmin əşyanı götürməyə gedəndə deyirlər ki, gecikmisən, əşyaların yoxdur, yaxud da gedirsən obyekti yerində tapa bilmirsən”.

Hazırda lombard fəaliyyəti üçün xüsusi razılıq tələb olunmur. Yəni istənilən şəxs MMC şəklində lombard açaraq fəaliyyət göstərə bilər.

Rəşad Həsənov – İqtisadçı: “Sahibkarlar sadəcə gedib, qeydiyyatdan keçərək, fiziki şəxs kimi fəaliyətə başlaya bilir. Və bu da öz növbəsində təbii ki, müxtəlif risklərə səbəb olur. Bir çox hallarda vətəndaşlar tərəfindən lombardlara təqdim olunan hansısa aktivlər xüsusilə də qızıl-zinyət əşyaları olur. Bunların da aşağı qiymətləndirilməsi həyata keçirilir”.

Banklara nisbətən asan şərtlərlə xidmət göstərən lombardlar bəzən girov qismində aldıqları qızıl-zinət əşyalarını başqa məqsədlər üçün istifadə edirlər.

Samir Qasımov – Vəkil: “Onun istifadəsi və digər şəxsə verilməsi lombarda qadağan olunur. Hətta həmin əşyaların qiyməti lombard tərəfindən mütləq sığortalanmalıdır. Əgər hər hansı bir hadisə nəticəsində oğurluq və s. o əşyalar məhv olarsa, onda sığorta şirkəti əşyaların sahibinə pulu ödəsin”.

Ekspertlərin sözlərinə görə, hazırda aktual problemlərdən biri lombard fəaliyyətinə nəzarət mexanizminin olmamasıdır.

Rəşad Həsənov – İqtisadçı: “Bu insanlar öz fəaliyətini qanun çərçivəsində həyata keçirmir. İnsanlarla müqavilə əsasında bu xidmətləri təklif etmirlər. Və yaxud da təklif etdiyi halda belə onlar artıq faəliyətini dayandırdıqda ölkəni tərk etmiş olurlar. Artıq bu insanlarla bağlı hər hansı Azərbaycan qanunvericiliyə uyğun olaraq müvafiq cəza tədirlərinin həyata keçirilməsi məhkəmə qərarlarının icrası mümkün olmur”.

Samir Qasımov – Vəkil: “Hazırda lombard təşkilatlarının lisenziyalaşdırılması gözlənilir. Lisenziya üçün müraciət edən və lisenziya alan lombard təşkilatları daha ciddi prosedurlardan keçəcək ki, nəticədə də bu tip qanunsuz halların sayı azalacaq”.

Xatırladaq ki, ötən ilin sonlarında milli məclisdə lombardlar haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Yeni formalaşan parlamentin də ilk müzakirə mövzularından birinin məhz bu məsələ olması gözlənilir.

Azərbaycanda ən çox şikayət edilən tikinti şirkətləri

“Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar yaşayış komplekslərinin idarə edilməsində illərdən bəri mövcud olan problemlər və mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməməsi ilə bağlı şikayətlər azalsa da, vətəndaşlar ötən il də Prezident Administrasiyasına tikinti şirkətlərinin fəaliyyəti ilə bağlı çoxsaylı müraciətlər göndəriblər”.

Bu, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi  mətbuatda dərc edilən “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində əksini tapıb.

Məqalədə qeyd edilib ki,  2019-cu il ərzində 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, tikinti işlərinin vaxtında yekunlaşdırılmamasından, bəzi şirkətlərin mənzilləri iki və daha artıq şəxsə satmasından, kompensasiya verilmədən söküntü işlərinə başlanılmasından və ya kompensasiyaların az olmasından, təsdiq edilmiş layihədən kənara çıxılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən, yaşayış komplekslərinin idarə edilməsindəki bəzi çatışmazlıqlardan, aldıqları mənzillərin başqalarına satılmasından şikayət ediblər:

“Bunlardan “Birlik-İnşaat”, “Murad M.S.”, “İnteks”, “Grand Plaza”, “Araz-2011A”, “Pearl Construction”, “Fədək”, “MVVL Verus Praedium”, “NV Construction”, “Malibo”, “Draft Construction”, “Pilot-1”, “RÜR”, “Avro Qrand”, “Abşeron LTD2013”, “Pilot İnşaat A”, “Qafqaz-A”, “İlkin N”, “Qaya Qala”, ”Rifah Plaza”, “RNQ Qroup”, “Poleks”, “Sweet House”, “Memar Group”, “Hayan-E”, “Dərəçiçək”, “Narm”, “Karat”, “Xəzər İnşaat”, “Hermes-S”, “Servis”, “Mahal”, “Yeni Yasamal”, “Yüksəliş-C”, “Avanqard İnşaat”, “FF”-2011, “Abidə”, “Gözəl Bakı”, “Star-M” “Müasir Arena”, “Home Paş Prestij”, “Kristal Abşeron”, “İlin Dörd Fəsli”, “Olimp”, “Şakir”, “AAAF Park”, “İnvest-2016”, “Məkan”, “Bulaq-2”, “Xudafərin”, digər MMC və MTK-lar barədə şikayətlər daha çox olub. İnanırıq ki, Azərbaycan Prezidentinin bu sahəyə daim diqqət yetirməsi, qanunvericilikdə edilən dəyişikliklər, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında bu qəbildən olan məsələlərə ciddi yanaşılması bu mövzuda şikayətlərin sayını azaldacaq”.

Ötən il Prezident Administrasiyasına ən çox bu rayonlardan şikayət edilib

“Vətəndaşların ərizələri əsasən onların düşdükləri müəyyən çətinliklərin, o cümlədən mənzil-məişət, təhsil, sağlamlıq problemlərinin həlli barədə xahişlərdən ibarət olursa, şikayətləri bilavasitə pozulan hüquqlarının müdafiəsi və bərpası, qanuni tələblərinin yerinə yetirilməsinə törədilən əngəllərin aradan qaldırılması, vəzifəli şəxslərin qanunazidd hərəkətlərinə qarşı müvafiq tədbirlər görülməsi barədə olur”.

"Ölkə.Az" xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi  mətbuatda dərc edilən “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində əksini tapıb.

Məqalədə qeyd edilib ki, şikayətlərin təhlili və onlara obyektiv baxılması dövlət qurumlarında biganəliyin, süründürməçiliyin qarşısını almağa kömək etdiyinə görə bu müraciətlər daha diqqətlə öyrənilir. Prezident Administrasiyasına daxil olan şikayətlər hansı sahələrdə və ya hansı bölgələrdə işin düzgün qurulmadığını da əks etdirdiyinə görə onların sayı, mövzuları, haradan daxil olması və onları doğuran səbəblər mütəmadi olaraq təhlil edilir:

“Ümumiyyətlə, 2019-cu ilin rəqəmləri göstərir ki, şikayətlərin sayı 2018-ci illə müqayisədə Xətai, Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zərdab, digər şəhər və rayonlardan artmış, Sabunçu, Daşkəsən, Göygöl, Hacıqabul və başqa rayonlardan azalıb. Mövzular üzrə təhlil göstərir ki, hüquq-mühafizə və məhkəmə orqanlarının, həmçinin vəzifəli şəxslərin fəaliyyəti, bank əməliyyatları, kreditlərin verilməsi, əmək mübahisələri, işdən çıxarılma, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, fərdi torpaq və əkin sahələrinin zəbt olunması, əlillik dərəcələrinin düzgün təyin edilməməsi, tibbi-sosial ekspert komissiyalarının, özəl müəssisələrin fəaliyyəti, mərkəzi və yerli qurumlarda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, bəzi şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlər daha çoxdur. Bəzi şəhər, rayon icra hakimiyyətlərinin, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi üzrə nümayəndələrinin fəaliyyəti barədə şikayətlər az deyil.

2019-cu ildə Prezident Administrasiyasına bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin ümumi sayı əvvəlki illə müqayisədə 31 faiz, şikayətlərin sayı 46,4 faiz artıb. Bələdiyyələrin fəaliyyətindən narazılıq bildirilən müraciətlər Binəqədi, Xəzər, Lənkəran, Şəki, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Gədəbəy, Göyçay, İmişli, Masallı, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Şəmkir, Zaqatala, Zərdab, digər şəhər və rayonlardan daha çox olub”.

“Azərişıq”dan villa, otel sahiblərinə XƏBƏRDARLIQ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Enerji sektorunda maliyə intizamının gücləndirilməsi programı”nda enerji haqlarının yığılmasının 100 %-ə çatdırılması enerji təchizatı müəssisələrinə bir vəzifə olaraq tapşırıldığından həmin vəzifənin layiqincə yerinə yetirilməsi üçün “Azərişıq” ASC tərəfindən irimiqyaslı texniki və təşkilati tədbirlər görülür".

Bunu Modern.az-a “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətindən bildiriblər. 

Qeyd olunub ki, uçot sisteminin yenidən qurulması, elektrik enerjisindən qanunsuz istifadə və enerjinin talan olunması kimi hüquqazidd hərəkətlərin qarşısının alınmasının nəticəsidir ki, ötən illərlə müqayisədə elektrik enerjisi haqlarının yığılmasında əsaslı dönüş yaranıb.

"Lakin görülmüş tədbirlərə baxmayaraq, bu sahədə işimizə maneə olan elektrik enerjisinin talan olunması kimi neqativ hallar hələ də ciddi narahatçılıq yaradır. Bəzi istehlakçıların, xüsusən də villa, MTK, sənaye və içtimai iaşə obyektləri, otel, istixana və s. sahiblərinin elektrik enerjisindən sayğacdan kənar istifadə etmələri, kabel xətlərinə və uçot dəstlərinə müdaxilələri müşahidə edilir ki, bu da son nəticədə elektrik enerjisinin talanmasına səbəb olmaqla yanaşı, digər istehlakçıların,xüsusən də əhalinin enerji təchizatında ciddi problemlər yaradır.

Qeyd olunanları nəzərə alaraq, elektrik şəbəkəsinə qanunsuz qoşulan, uçot dəstinə müdaxilə edən və sair hüquqazidd hərəkətlərə yol verən istehlakçıları bir daha xəbərdar edirik ki, belə istehlakçıların elektrik enerjisi təchizatı dərhal dayandırılacaq, elektrik enerjisinin talanmasının qarşısının alınması və təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün hüquq mühafizə orqanlarına müraciət olunaraq azerishiq.az saytında və kütləvi informasiya vasitələrində ictimaiyyətə məlumatlandırılacaqdır", - deyə məlumatda bildirilir.