Son xəbərlər

Azərbaycanın Nazirlər Kabineti yeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərar verib.

Qərarda ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılmasının məhdudlaşdırılması öz əksini tapıb.

Mövcud qərar ölkədə bəzi tibbi ləvazimat və preparatlarla bağlı qıtlığın yaranmamasına xidmət etsə də, vətəndaşlar arasında müəyyən narazılıqlar yaradıb. Belə ki, paytaxt sakinləri üz tutduqları apteklərdə tibbi maskaları almaq istəyərkən birdən artıq ala bilməyiblər. Dəyəri 0,20 AZN olan tibbi maskalar bəzi apteklərdə vətəndaşlara tək-tək satılıb. Bir neçə maska almaq istəyən şəxslərin istəyi isə ürəyində qalıb.

Yaranmış vəziyyətdə apteklərin tətbiq etdiyi bu məhdudlaşdırmanın nə qədər doğru olub-olmamasını aydınlaşdırmaq üçün tibbi ekspertə müraciət etdik. Tibb elmləri doktoru Adil Qeybulla BAKU.WS-ə bildirib ki, müəyyən tibbi ləvazimatların defisit halına düşməsi və onun ölkədən çıxarılmasına məhdudiyyət qoyulması təbii haldır: “Əslində apteklər müstəqildir. Apteklər Səhiyyə Nazirliyinin müəyyən etdiyi qanunvericilik əsasında fəaliyyət göstərməlidirlər.

Əgər həmin əsasnamədən kənara çıxılırsa, təbii qaydalar pozulur. O ki qaldı müəyyən tibbi ləvazimatların defisit halına düşməsi, onun ölkədən çıxarılmasına məhdudiyyət qoyulmasına, bu, təbii haldır. Hökumətin bu məsələlərdə məcburi addımlar atmaq ixtiyarı var. Belə hallarda Ümumdünya Səhiyyə Təşkilatı məsələlərə qoşulur və karantin tədbirləri görür. Əslində hər hansı epidemiyaya meyilli infeksiya lokallaşmayıbsa, karantin tədbirlərinin aradan qaldırılmasından danışmaq olmaz. Bu cür məhdudiyyətlərin tətbiq edilməsi tədbirlərin tərkib hissəsi hesab edilə bilər”.

Tibbi ekspert hesab edir ki, bu məsələnin tənzimlənməsində hər hansı problemlər ola bilər: “Mümkündür ki, apteklər bəzi qaydaları pozsun, amma dövlətin müvafiq strukturlarının bu məsələlərə müdaxiləsi və ya məhdudlaşdırmalar tətbiq etməsi karantin tədbirlərinin tərkib hissəsidir. Dünyanın əksər ölkələrində icbari tibbi sığorta paketində apteklərdə sərbəst satış üçün ayrılan istər dərmanlar, istərsə də digər tibbi ləvazimatların konkret uçota düşən reyesteri var.

Təəssüflər olsun ki, Azərbaycanda hələ də dərman vasitələrinin dövlət reyesteri və farmaskopiyası yoxdur. Ona görə, bu tənzimləmədən danışmaq tezdir. O ki qaldı apteklərə, konkret olaraq məhdudiyyət qoyulan tibbi vasitələrin əmtəə şəklində və iri miqdarda satılmasına müəyyən məhdudiyyətlər qoyula bilər. Karantin dövründə apteklər özləri də dövlət müvafiq strukturlarının qərarlarına tabe olurlar”.

Bu universitetlərdə məskunlaşan məcburi köçkünlər köçürüləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıdakı bir neçə universitetin yataqxanalarında məskunlaşan məcburi köçkünləri bu il ərzində yeni qəsəbələrə köçürəcək.

Report xəbər verir ki, bunu Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov deyib.

Onun sözlərinə görə, köçürülmə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində hazırlanan “Yol Xəritəsi”nə əsasən həyata keçiriləcək: “Yasamal rayonundakı “Kaktus” kimi tanınan ərazidə Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanaları var. Orada təxminən, 1200-ə yaxın məcburi köçkün ailəsi yaşayır. Həmin ailələrin “Qobu-3” kompleksinə köçürülməsi nəzərdə tutulub. Bu kompleks aprel ayında istifadəyə verilməlidir və ora yalnız həmin universitetlərin yataqxanalarda yaşayan məcburi köçkünlər köçürüləcək”.

E.Zeynalov deyib ki, “Yol Xəritəsi”nə əsasən, yataqxanalar, sanatoriya, uşaq bağçası, məktəb, poliklinika binaları və yarımçıq tikililərdə yaşayan məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi 2024-cü ilə qədər başa çatacaq: “Həmin yerlərdə yaşayan ümumilikdə 23 850 məcburi köçkün ailəsi yeni qəsəbələrə yerləşdiriləcək. Bu da 85 000 nəfərə yaxın məcburi köçkün deməkdir”.

37 nömrəli avtobusun sürücüsü: “Kimə istəyirsiniz, şikayət edin”
Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.

Oxu.az xəbər verir ki, sərnişinlər 37 nömrəli müntəzəm xətt üzrə hərəkət edən avtobus sürücülərindən şikayət edirlər.

Şikayətə görə, 37 nömrəli müntəzəm xətt üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü yolboyu telefonla danışıb:

“Sürücülər qaydalara riayət etmirlər. Yolboyu telefonla danışırlar. Sərnişinlər etiraz edəndə isə kobud cavab verirlər: “Kimə istəyirsiniz, şikayət edin”. Qəza olanda da deyəcəklər ki, bizdə günah yoxdur”.

Bu yollarda sürət həddi endirildi

Bakı Nəqliyyat Agentliyi (BNA) hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.

Azərbaycanda icbari tibbi sığorta sisteminə bu il daxil olmayan tibbi xidmətlərin adları açıqlanıb.

 APA xəbər verir ki, bu barədə “İcbari tibbi sığorta üzrə məlumatlılığın artırılması” mövzusunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya sessiyasında Agentliyin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.

O bildirib ki, icbari tibbi sığorta sisteminə bu il daxil olmayan xidmətlər psixi davranış pozuntularınn müayinə və müalicəsi, QİÇS, orqan transplantasiyası, ambulator şəraitdə dərman təchizatı, kosmetik prosedurlar və plastik cərrahiyyə, şəkərli diabet, talassemiya xəstələrinin müalicəsi, dializ, stomatoloji xidmətlərdir: “Bunlar icbari tibbi sığorta sisteminə bu il daxil olmayan xidmətlərdir. Agentlik çevik mexanizm üzərində işləyir. Ola bilsin ki, sonrakı illərdə bu xidmətlər də təminata alınsın. Bunlar əsasən, Dövlət Proqramı çərçivəsində maliyyələşən xəstəliklərdir”.

Ş.Eyvazov qeyd edib ki, icbari tibbi sığorta sisteminin tətbiqi üçün əsas maliyyə yükünü dövlət öz üzərinə götürüb: “Azərbaycanda 18 yaşınadək şəxslərin,  23 yaşınadək peşə, orta ixtisas və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslərin, pensiyaçıların, sosial müavinət almaq hüququna malik olan şəxslərin,  ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək”.

Şöbə müdiri bildirib ki, aprelin 1-dən yalnız işləyən Azərbaycan vətəndaşının  əməkhaqqından icbari tibbi sığorta haqqı tutulacaq: “Yəni, minumum aylıq əməkhaqqının 250 manat olması nəzərə alınarsa, aylıq 10 manat icbari sığorta haqqı tutulacaq. Dövlət tərəfindən sığorta haqqı ödənilən vətəndaşlarla sığorta haqqı ödəyən şəxslərin alacağı tibbi xidmətlər arasında heç bir fərq olmayacaq”.

Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, tədbirlər Planına əsasən əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişikliklər edilməsinə, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflər hazırlanacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində müasir standartlara cavab verən yeni məşğulluq xidmətləri modeli formalaşdırılacaq. Nazirliyin “Məşğulluq” altsistemi inkişaf etdiriləcək, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işi gücləndiriləcək. İşsiz və işaxtaran şəxslər üçün regional peşə təhsili mərkəzləri, həmçinin əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.

2020–2025-ci illər üçün nəzərdə tutulan tədbirlər sırasına qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi də daxildir. Eləcə də həmin dövr ərzində əlilliyi olan şəxslər üçün inklüziv əmək şəraitinin yaradılması məqsədilə müvafiq təkliflərin hazırlanması, işə düzəlmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestrinin yaradılması, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması, Mərkəzləşdirilmiş Karyera Portalının yaradılması təmin olunacaq.

İşəgötürənlərlə məşğulluq orqanları arasında əlaqə mexanizminin təkmilləşdirilməsi, bu orqanların fəaliyyətinin nəticəəsaslı keyfiyyət göstəricilərinin hazırlanması və tətbiqi də tədbirlər sırasında yer alır.

Özünüməşğulluğa cəlb edilmiş və biznes planlarını uğurla icra edən iştirakçıların “ABAD” mərkəzlərinin və KOB evlərinin xidmətlərinə istiqamətləndirilməsi üçün təkliflər hazırlanacaq. Haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi və təşkili mexanizminin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması təmin olunacaq.

Prezidentdən güzəştli mənzillərlə bağlı
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edilib.

Bu Qayda Mənzil İnşaatı Dövlət Agentliyinin, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə vətəndaşların yaşayış sahələrinə ehtiyacının ödənilməsi məqsədi ilə Agentliklə və ya “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilə əsasında çoxmənzilli binalar inşa edərək, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.5-ci maddəsinə uyğun olaraq üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış paylara bağlı mənzilləri vətəndaşlara Qaydada müəyyən edilmiş şərtlərlə satmaq öhdəliyi götürmüş investorun sərəncamında olan mənzilləri Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə əldə etməsi şərtlərini və mexanizmini müəyyən edir. Dəyişiklik isə bu Qayda çərçivəsində mənzillərin əvəzləşdirilməsi halları ilə bağlıdır.

Qaydaya əsasən, mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. İndiyə qədər bu məhdudiyyət Mənzil İnşaatı Dövlət Agentliyinin Agentliyin razılığı ilə mənzillərin əvəzləşdirilməsi hallarına tətbiq edilməyib. Dəyişikliyə əsasən, bu məhdudiyyətin Mənzil İnşaatı Dövlət Agentliyinin Agentliyin razılığı ilə mənzillərin əvəzləşdirilməsi hallarına tətbiq edilməməsi ilə bağlı müddəa ləğv olunub.

Xatırladaq ki, mənzillərin əvəzləşdirilməsi onun sahibinin Agentliyə, habelə mənzili əldə etdiyi cəmiyyətə əsaslandırılmış yazılı müraciəti ilə həyata keçirilib və bu məsələyə Agentlik tərəfindən növbədənkənar olaraq, “İnzibati icraat haqqında” qanun ilə müəyyən edilmiş qaydada baxılıb. Mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Nazirlər Kabineti müəyyən edib.

Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan Xocalı aeroprotunun işə düşməsi ilə bağlı suala cavab verib.

Ermənistan KİV xəbər verir ki, deputat Sasun Mikaleyanın sualına cavab verən Revazyan bu məsələnin siyasi xarakter daşıdığını söyləyib.

“Bizim bu mövzuda çox müzakirəmiz olub. Çünki biz məsələnin həllini istəyirik. Hamımız üçün vacib məsələdir. Amma fakt ondan ibarətdir ki, Azərbaycan Qarabağ üzərində hava məkanını bağlamaq barədə qərar verib və biz Mülki Aviasiya Komitəsi olaraq, Qarabağ üzərində uçuşlara icazə verə bilmərik.”- deyə Revazyan söyləyib.

Revazyan uçuşların bərpası üçün beynəlxalq müstəvidə danışıqların aparılmadığını da əlavə edib.

Xatırladaq ki, ermənilər Xocalı aeroportunu 2012-ci ildə 8 milyon dollar qarşılığında rekonstruksiya ediblər amma bu vaxta qədər aeroportdan uçuşlar həyata keçirilməyib. Rəsmi Bakı Qarabağdan uçuşlara qadağa qoyduğunu elan etmişdi.  /Modern.az/

Bu il 12 ölkədə yüksək patogen quş qripinin (YPQQ) aşkarlanması nəzərə alınaraq bu ölkələrin xəstəlik baş verən ərazilərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

O, bildirib ki, quş və quşçuluq məhsulları yüksək riskli məhsullar qrupuna aid edildiyindən ölkəyə idxal edilən məhsulun hər bir partiyası laboratoriya müayinəsinə cəlb olunur:

“Ukraynanın xəstəlik qeydə alındığı Vinnitsa vilayətindən başqa digər vilayətlərdən də daxil olan məhsullar müayinə edilərkən quş qripi xəstəliyinin törədicisinin “H9” serotipi aşkarlandığı üçün ölkənin bütün ərazisinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Hazırda coğrafi baxımdan xəstəlik dünyada çox geniş arealda yayılıb. Polşanın Şetsin və Lyubuske vilayətləri ilə sərhəddə yerləşən Almaniyanın Bradenbur vilayətində vəhşi quşlarda, Fransanın Strasburq vilayəti ilə sərhəddə yerləşən Almaniyanın Baden-Vurtemberq vilayətində isə ev təsərrüfatında YPQQ qeydə alınıb. Bununla yanaşı, Ərəbistan yarımadasında baş vermiş xəstəliyin köçəri quşlar vasitəsilə ölkəmizə gətirilməsinə yüksək epizootoloji risk mövcuddur”.

Qeyd edək ki, AQTA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu risklə bağlı əhaliyə birgə müraciət edərək vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa çağırıb.   /Modern.az/

Azərbaycan növbəti dəfə Çinə yardım etdi

Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatların göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Sumqayıt şəhər İcra Hakimiyyəti Çin Xalq Respublikasının Mienyen şəhəri ilə Sian şəhərinə tibbi ləvazimatlar göndərib.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Çin Xalq Respubllikasının xalqına yardım etmək məqsədilə Mienyan şəhərinə 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min ədəd 100 ml-lik spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 tabletka xloramiks, Sian şəhərinə isə 40 min ədəd maska, 50 min ədəd steril əlcək, 50 min ədəd 100 ml-lik spirt göndərilib.

Qeyd edək ki, bu günə olan məlumata görə, Çindә yeni növ koronavirus epidemiyası sәbәbindәn hәlak olanların sayı 1114 nәfәrә çatıb.

Bu barәdә Çinin Milli Sәhiyyә Komissiyasından verilәn mәlumatda bildirilib. Mәlumatda qeyd olunub ki, virusa yoluxanların sayı 44 min 653 nәfәrә çatıb. Bunlardan 8 min 204-nün vәziyyәti kritiktir. Mәlumatda hәmçinin bildirilib ki, müalicә olunanların sayı 632-dir.

Sutka әrzindә virus sәbәbindәn hәlak olanların sayı 97 nәfәrә çatıb, daha 16 min nәfәr koronavirus şübhәsi ilә xәstәxanaya yerlәşdirilib. Belәliklә, koronavirus epidemiyası sәbәbindәn xәstәxanaya müraciәt edәnlәrin sayı 185 min 37 nəfərə yüksәlib.

Yeni növ koronavirus ilk olaraq Çinin Xubey әyalәtinin Vuxan şәhәrindә yayılmağa başlamışdı.