Son xəbərlər

Bakıda binaya qanunsuz qaz verilib
Yasamal rayonu, Tbilisi prospekti, 3166-ci məhəllədə yerləşən “Şakir MTK”ya məxsus binada qanunsuz olaraq mənzillərə qaz açılıb.

 "Xəzər Xəbər"xəbər verir ki, mövcud 170 mənzildən 130-a qədəri “Azəriqaz” İstehsalat Birliyinin xəbəri olmadan 2020-ci il yanvarın 6-dan mavi yanacaqdan istifadə edir.

Halbuki Mənzil Tikinti Koperativi ilə müqavilə əsasında qazlaşmanı həyata keçirən podratçı təşkilat açılış üçün məktubla rəsmi olaraq “Azəriqaz”a müraciət etməli idi. Sayğaclar möhürlənib, təhlükəsizlik qaydaları nəzərdən keçirildikdən sonra hər bir sakinlə abonent müqaviləsi bağlanılmalı və onlar kartlarını alaraq qazdan istifadə etməli idi.

Lakin bu tələblər podratçı tərəfindən gözlənilməyib, baş verə biləcək təhlükələrə göz yumulub. Sayğacların klapanlarına müdaxilə edilərək qaz açılıb. Bütün sayğaclar hər hansı ödəniş edilmədiyindən 2 aya yaxındır ki, mənfiyə işləməkdədir. Sayğaclar üzərində ən azı 400-800 kubmetr dəyəri ödənilməyən sərfiyyat mövcuddur.

Daha sonra sakinlərlə görüşə gələn podratşı təşkilatın Hüseyn adlı nümayəndəsi günahkar olduqlarını etiraf edib və sayğaclarda bundan sonra hansısa qüsur baş verərsə bunu aradan qaldıracaqlarına söz verib.

Qeyd edək ki, müdaxilə olunan sayğacların “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində yoxlanılmasına ehtiyac yaranıb. Narazı sakinləri isə martın 2-də "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev qəbul edərək, podratçının yaratdığı problemlərlə maraqlanacaq.

 
Bakı Metrosunda profilaktik koronavirus tədbirləri — FOTO

Bakı Metropolitenində koronavirusla bağlı əks-epidemik profilaktik tədbirlər davam edir.
Bakı Metropoliteni QSC-dən oxu.az-a bildirilib ki, bu gecə “Nərimanov” elektrik deposunda tədbirlər planına uyğun olaraq bütün qatarların dezinfeksiyasının birinci dövrəsi tam olaraq başa çatdırılacaq. Proses davamlı olaraq aparılacaq.
Profilaktik dezinfeksiya işi sabah saat 15:00-da deponun yeməkxanasında da yerinə yetiriləcək.

Stansiyalarda proses bazar ertəsi davam etdiriləcək. Bununla belə, hər gün bir neçə dəfə təkrarlanmaqla stansiyaların əl təması olan bütün səthləri xüsusi, sağlamlıq üçün tam təhlükəsiz dezinfektantlarla davam edir.
Bakı kəndlərinə işləyən avtobuslar dezinfeksiya olunur

Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində marşrut xətləri üzrə avtobuslarda dezinfeksiya işləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, avtobuslar insanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə dezinfeksiya edilib. “Ayşən LTD” şirkətinin istehsalat bazasında dezinfeksiya olunan 100-ə yaxın avtobus əsasən ətraf kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərir.
Son zamanlar yeni koronavirusun (2019-nCoV) bəzi ölkələrdə yayılmasını nəzərə alaraq, qabaqlayıcı tədbirlər görülməsi məqsədilə ölkəmizdə ictimai nəqliyyat sahəsinin də nəzarətdə saxlanılmasını zəruri edib. Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər görülməsi məqsədilə daşıyıcılara gündəlik olaraq sərnişin daşımalarında istismar edilən avtobusların xarici və daxili hissələrinin təmiz olmasına nəzarətin gücləndirilməsi, sanitar-epidemoloji vəziyyət nəzərə alınaraq avtobusların salonunda tez-tez dezinfeksiya işlərinin həyata keçirilməsi barədə tapşırıqlar verilib.

 

 

Təbii qaz, su və elektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlər təkmilləşdiriləcək.
Bu, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, bu il Nazirlər Kabineti, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunvericilikdə təbii qaz, su və elektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlərin, eləcə də qüvvədə olan digər texniki norma və tələblərin müasir standartlara uyğunlaşdırılması, müvafiq infrastrukturun yenidən qurulmasına görə ödənişlərin hesablanması və müvafiq işlərin görülməsinin ümumi dəyərinin müəyyən edilməsi ilə bağlı müddəalar təkmilləşdirilməlidir. /APA
İpoteka və Kredit Zəmanət Fondu bildirir ki, “Elektron ipoteka və kredit zəmanət sistemi”nin (EİKZS) kirayə mənzil modulu elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün vətəndaşların istifadəsinə açıqdır.

Elektron müraciətlərin qəbulu və baxılması aşağıdakı mərhələlər üzrə həyata keçirilir:

– Vətəndaşlar ilkin mərhələdə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən EİKZS-də elektron kabinet yaradır və elektron müraciətini formalaşdırır.

– EİKZS-də elektron kabinetə malik olan və müraciətini formalaşdıran vətəndaşların elektron kabinetində müraciətlərin qəbuluna başlanması vaxtı barədə bildiriş yerləşdirililir və SMS məlumat verilir.

– Elektron kabinetdə bildiriş yerləşdirildikdən sonra vətəndaşlar eyni elektron kabinetdə müəyyən olunmuş vaxtda elektron müraciəti göndərir. Elektron müraciət avtomatik qeydə alınır və onlara növbə təyin edilir.

– Növbəlilik əsasında vətəndaşa EİKZS vasitəsi ilə sənədlərin qəbulu tarixi təyin edilir. Qeyd edək ki, sənədlərin qəbulu prosesi 2 saylı Bakı “ASAN Kommunal” və Sumqayıt “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcəkdir.

Vətəndaşların nəzərinə çatdırırıq ki, EİKZS vasitəsi ilə yaşayış sahəsini seçmək imkanı yalnız Fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər. /Cebhe.info/

Xəbər verdiyimiz kimi dünən Azərbaycandan keçməklə İrandan Gürcüstana gedən bir şəxsdə koronavirus aşkarlanıb. Bu barədə Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze brifinq zamanı bildirib. Bu gün isə Gürcüstan Azərbaycanla sərhədləri qismən bağlayıb. Bu hadisə özü ilə bir çox problemləri gətirdi. Bizim ölkədən keçən şəxsin koronavirus daşıyıcısı olduğu Azərbaycan sərhəddindəki yoxlamada nə üçün bilinməyib?  Həmin şəxsin bir çox Azərbaycan vətəndaşı ilə ünsiyyətdə olduğunu nəzərə alaraq hazırda bir çox adamın məlum xəstəliyə yoluxma ehtimalı olduğu ortaya çıxıb. Mövzu ilə bağlı müstəqil səhiyyə eksperti, professor Adil Qeybulla ilə danışdıq.

Adil Qeybulla Yeniavaz.com-a açıqlamasında bildirdi ki, bu regionda koronavirusun tapılması qətiyyən təəccüblü deyil: “Bizi inandırmağa çalışırlar ki, koronavirus yoxdur ancaq, bu belə deyil. Əslində sizə deyim ki, koronavirus hər il mövcuddur. Sadəcə bu il daha aqressiv forması ortaya çıxıb. Hazırda ümumdünya səhiyyə təşkilatı bu işlə məşğuldur”.

Səhiyyə eksperti dedi ki, Azərbaycanda koronavirusun aşkarlansa belə bu normal haldır:

“Mən Azərbaycanda koronavirusun olmasını da təəccüblü qarşılamıram çünki, Çinlə Azərbaycan arasında çox geniş ticarət əlaqələri var. Bu virus bütün dünyaya yayılıb, artıq 50-dən çox ölkədə koronavirus var. Azərbaycanda koronavirusu gizlətməyə, manevr etməyə ehtiyac yoxdur. Sadəcə lazımı tədbirləri görmək lazımdır”.

Azərbaycandan keçərək Gürcüstana gedən şəxsdə koronavirusun olmasının Gürcüstanda ortaya çıxması barədə də danışan Adil Qeybulla ölkəmizdə karantin məsələlərinə ciddi yanaşanın vacib olduğunu bildirib:

“Əgər virus həqiqətən yoxdursa, lap yaxşı, ancaq karantin tədbirləri görmək lazım idi. Bundan sonra heç olmasa tədbirlər görülməlidir. Sərhəddə yoxlamalar aparmaq lazımdır. Bəlkə də yoxlamalar aparılır ancaq ictimaiyyətə bu barədə məlumatlar verilmir. Ona görə də şaiyələr və yanlış informasiyalar da baş alıb gedir”.

Keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan Dilarə Bəhmənovanın müalicəsi ilə bağlı məsələlər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fondun dəstəyi ilə həyata keçirilir.

 D.Bəhmənovanın anası Elmira Zeynalova Qafqazinfo-ya açıqlamasında bildirib ki, təxminən bir həftə əvvəl Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ona zəng edərək, qızının səhhəti ilə maraqlanıb:

“Anar müəllim dedi ki, Mehriban xanım qızım Dilarənin başına gələn hadisə barədə məlumatlıdır və onun müalicəsi üçün lazım olan bütün tədbirlərin görülməsini tapşırıb. Ondan sonra hər gün bir neçə yüksək ixtisaslı həkimlər Dilarənin müalicə aldığı xəstəxanaya gəlib baş çəkirlər.

Həkimlər onu müayinə edib, müalicənin növbəti addımlarını qərarlaşdırırlar. Dilarə ilk olaraq “Semaşko”da əməliyyat edilmişdi, amma həkimlər yenidən əməliyyat olunmasını tövsiyə etdi. Bütün bunlara görə Mehriban xanıma təşəkkür edirəm. O da anadır, onun da iki qızı var, məni başa düşüb. Biz onlara çox minnətdarıq. Müalicə ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb və bu, bizim ailə üçün böyük dəstəkdir”.

Qeyd edək ki, D.Bəhmənova fevralın 1-də 15 yaşlı qızını həkimə aparanda keçmiş əri Ceyhun Bəhmənovun hücumuna məruz qalıb. C.Bəhmənov iki bıçaqla ona 16 bıçaq zərbəsi vurub.

C.Bəhmənov Şuşa şəhərinin keçmiş icra başçısı Nizami Bəhmənovun oğludur.

Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, C.Bəhmənov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.

Baş nazirdən dərsliklərlə bağlı QƏRAR
Nazirlər Kabineti “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nı təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Bu Qayda “Ümumi təhsil haqqında” qanunun 4.0.12-ci maddəsinə uyğun olaraq hazırlanıb.

Qayda ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin, digər tədris-metodik vasitələrin hazırlanması, təsdiqlənməsi və nəşri qaydasını müəyyənləşdirir.

Qanunun adıçəkilən maddəsinə görə, ümumi təhsil müəssisələri üçün dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydalar əsasında hazırlanır.

Qərarda dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi məsələləri də öz əksini tapıb.

Bu vasitələrin tərtibi fiziki və hüquqi şəxsin təşəbbüsü ilə həyata keçirilə bilər.

Qaydada müvafiq vasitələrin tərtibi zamanı ümumi tələblərin nəzərə alınmasının vacibliyi də vurğulanıb.

Belə ki, materialların elmi etibarlılığı, dəqiqliyi, inkişaf yönümlülüyü, dəyər yönümlülüyü, tərbiyə yönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu nəzərə alınmalıdır.

Həmçinin, pedaqoji və metodiki yanaşmalar qabaqcıl nəzəriyyələrə uyğunlaşdırılmalıdır.

Dizayn və tərtibat məntiqli, estetik, müasir olmalıdır.

Təhsil Nazirliyi bütün fənlər üzrə açıq tədris-metodik vasitələri kimi dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibini sifariş edir.

Qaydada ümumi təhsil müəssisələrində dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin təsdiqlənməsi məsələləri də öz əksini tapıb.

Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya Təhsil Nazirliyinin təşəbbüsü əsasında həyata keçirilir.

Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə Nazirlik tərəfindən müvafiq sahədə 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı üç mütəxəssis cəlb edilir.

Bu mümkün olmadıqda, dərsliyin qiymətləndirilməsinə daha az sayda mütəxəssis cəlb edilə bilər.

Dərsliyə qrif verilməsi üçün müraciətə iki ay ərzində baxılır.

Nazirlər Kabinetinin qərarında müvafiq vasitələrin nəşri ilə bağlı maddələr də var.

Bildirilir ki, özəl ümumi təhsil müəssisələri üçün vasitələrin nəşri həmin təhsil müəssisələrinin öz vəsaitləri hesabına həyata keçirilir.

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri üçün isə dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına müəyyənləşir.

Həmçinin, “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq, təşkil edilən satınalma yolu ilə həyata keçirilir.

Narkoloji xəstələrin dövlət hesabına müalicə qaydaları müəyyənləşdi
Nazirlər Kabineti “Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal Standartları” qərarında dəyişiklik edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarda göstərilib ki, narkoloji xəstəliklərə düçar olmuş şəxslərdə bu xəstəliklər nəticəsində onların həyatı üçün təhlükə yaradan hallarda (kəskin psixotik pozuntular, qıcolmalar, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından qat-qat artıq birdəfəlik istifadəsi nəticəsində yaranan komatoz (dərin şüur pozuntusu vəziyyətində) təxirəsalınmaz tibbi tədbirlər, insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartlarıdır.

Qərarla narkoloji xəstəliklərə düçar olmuş şəxslər dövlət büdcəsinin vəsaiti hesabına fiziki vəziyyətin korreksiyası – ümumi möhkəmləndirici, psixotrop maddələrlə, eyni zamanda metadon hidroxlorid əvəzedici preparatla, psixoloji reabilitasiya, psixoloji korreksiya və psixoterapiya ilə müalicə olunacaqlar.

Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol verməsi ilə bağlı videogörüntü paylaşılıb. 

Görüntülərdə rayon ərazisində yerləşən hər məktəbdən hər ay 50, 100, 150 manat pul alınması ilə bağlı məlumat da paylaşılıb.

Sosial şəbəkələrdə isə rayonların çoxunda vəziyyətin belə olduğu qeyd edilib.

Redaksiyamıza ünvanlanan məlumatda Bərdə Rayon Təhsil Şöbəsi tərəfindən rayonda yerləşən məktəblərdə dərs deyən müəllimlərdən hər ay 20 manat, kəndlərdən isə 10 manat pul yığılması iddia olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun kollecin direktor müavini İlqar Dursunovun vasitəsilə tələbələrin qış imtahan sessiyasından müvəffəqiyyətlə keçməsi, dərslərdə iştirak etməyənlərin davamiyyətinin nizama salınması, tələbələrin aylıq pul müqabilində dərslərdən buraxılması, digər təhsil müəssisələrindən köçürülməsi və sair hallarla bağlı kütləvi şəkildə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib və saxlanılıb.

Rüşvət qalmaqallarının gündəmə gəldiyi bir vaxtda bu məsələnin nə qədər həqiqət olub-olmadığını dəqiqləşdirmək üçün Təhsil Nazirliyinə sorğu ünvanladıq.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı onlara rəsmi müraciət daxil olmayıb.