Son xəbərlər

Yol polisi: Karantin rejimini pozanlar məsuliyyətə cəlb ediləcəklər
DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

Ölkədə karantin rejimi elan olunmasının ikinci günü olmasına baxmayaraq, təəssüflər olsun ki, respublikanın avtomobil yollarında, xüsusilə də cənub istiqamətində nəqliyyatın hərəkət intensivliyinin hələ də yüksək olması, eləcə də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan şəxslərin idarə etdiyi 2 000-dək, rayonlardan isə paytaxt istiqamətinə gələn 1 200-dək minik avtomobillərinin geri qaytarılması faktı bəzi vətəndaşların tətbiq edilmiş karantin rejiminin ciddiliyini nəzər almamalarını göstərir.

Həmin sürücü və sərnişinlərlə profilaktiki söhbət aparılsa da geri qaytarılmış şəxslər postlardan təkrar keçməyə cəhd göstərir, əsassız bəhanələr gətirməklə postlarda sıxlıq yaranamsına səbəb olur, keçidinə icazə verilmiş digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırlar.

Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən infeksiyanın yayılma ehtimalının minimuma endirilməsi məqsədilə ölkə vətəndaşlarının qeydiyyat yerindən asılı olmayaraq evdə qalmaları tövsiyə olunsa da Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatı olmayan şəxslərin uzun məsafə qət edərək həmin ərazilərə daxil olmaq niyyəti ilə paytaxt istiqamətinə gəlmələri, habelə həmin rayon və şəhər sakinlərinin də rayonlara getmək istəyi yalnız onların özlərinin və sərnişinlərinin əziyyət çəkməsi, lüzumsuz vəsait xərclənməsi və geriyə qayıtmaq məcburiyyətində qalmaları ilə nəticələnir.

Qeyd olunan halların qarşısının alınması məqsədilə Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarından xahiş edir ki, istər paytaxt, istərsə də rayon istiqamətinə getmək istəyən şəxslər qəbul olunmuş qaydalara riayət etsinlər. Əks təqdirdə karantin rejimini pozan sürücü və sərnişinlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.

Koronavirusun fəsillə bağlılığı suallar doğurur.

Rusiyalı allerqoloq-immunoloq Georgi Vikulov “Komsomolskaya pravda” radiosuna müsahibəsində yay fəslinin yeni tip virusu məhv etməsi ilə bağlı suallara aydınlıq gətirib:

“Əksər insanlar adi qripin mövsümdən asılı ola biləcəyinə inanır. Məsələn, yazda insan bədəni zəiflədiyi üçün virusa yoluxma ehtimalı artır. Adi qrip yoxdur, epidemiya və pandemiya var. Rusiyada yayılan qrip epidemiyadır. Koronavirus infeksiyasına gəldikdə, indiyə qədər ultrabənövşəyi şüaların bu infeksiyaya ölümcül təsir göstərdiyinə dair inandırıcı dəlil yoxdur. Bunu nəzəriyyə ilə deyil, praktiki şəkildə, yəni elmi araşdırmalarla sübut etmək lazımdır. COVID-19 koronavirus infeksiyasının görünməmiş formasıdır. Payız fəslində infeksiyanın artması barədə yayılan fikirlər isə öz sübutunu tapmayıb. Müxtəlif ssenarilər baş verə bilər. Koronavirusun tam lokallaşdırılması MERS sindromunda olduğu kimi müəyyən müddətdən sonra reallaşa bilər”. (publika.az)

Hazırda respublika üzrə ümumilikdə 10 mindən çox tənha şəxsə evlərində gündəlik olaraq bu xidmətlər göstərilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlərin göstərilməsinə başlanılıb.

Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərindən bəhs edərkən dövlətimizin başçısı xüsusilə yaşlı insanların qorunmalı olduğunu qeyd edib, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilməsini tapşırıb, könüllülərimizin də bu işlərə qoşulmalı olduqlarını bildirib.Respublika üzrə 10 mindən çox yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlər (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s.) göstərilir.

Bu sahədə işlər DOST və ASAN könüllüləri, YAP könüllüləri, həmçinin Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin və “SƏLİS” Birliyinin könüllüləri cəlb edilməklə yerinə yetirilir.

 

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində sosial məsuliyyətdən çıxış edən “Azərmaş” ASC-nin təşəbbüsü olan “Böyüklərimizi qoruyaq!” sosial aksiyası da yaşlıların evdə sosial xidmətlə təminatına mühüm dəstəkdir. Aksiya çərçivəsində müəssisə sosial xidmətçi və könüllülərin çağırılan ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmələri üçün 100 avtomobil və sürücü ayırmaqla, onlara ödənişsiz taksi xidmətini təşkil edib. Bu da tənha vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilinə yönəlib.

Eyni zamanda Fövqəladə Hallar Nazirliyi, “Azərpoçt” MMC də öz dəstəyini verməkdədir.

Sosial xidmətçilər, könüllülər və sürücülər lazımi qoruyucu vasitələrlə təmin ediliblər və xidmətlər yaşlı şəxslərlə təmas olmadan, müəyyən olunmuş məsafə saxlanılmaqla həyata keçirilir.

Azərbaycan-İran sərhədinin bağlanması müddəti uzadıldı

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Bakıda avtobus gözləmə zallarına giriş dayandırıldı
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, gözləmə zallarına girişin məhdudlaşdırılması xüsusi karantin rejimi ilə əlaqədardır:

“Ölkə ərazisində bir ay davam edən karantin rejimi müddətində sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almağa çalışırıq. Nəzərə almaq lazımdır ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha da yüksək olur. Sərnişinlərdən bu məsələyə anlayışla yanaşmalarını və avtobusları perronlarda gözləmələrini xahiş edirik”.

İşıq və qaz limiti ilə bağlı əhalini sevindirəcək TƏKLİF

“İnsanların ev şəraitində daha çox qalması onların işiq və qazdan da daha çox istifadəsinə gətirib çıxarır. Beləliklə, limiti keçən ailələrin sayı artacaq. Belə ailələr işıq və qazın xərclərini ikiqat ödəməli olurlar. Bu isə onsuz da durumu pisləşən ailələrin gəlirlərinin xeyli hissəsini işıq və qaza sərf etməsinə gətirib çıxarır”.

Bunu "Cebhe.info"ya açıqlamasında millət vəkili Əli Məsimli işıq və qaz limitinin bu müddət üçün aradan qaldırılması təklifindən danışarkən deyib.

Onun sözlərinə görə, hazırkı şəraitdə ailələrin xərclərini yüngülləşdirməkdən ötrü hökumətin hazırladığı tədbirlər paketində işıq və qaz limitinin ya tam, ya da nəzərəçarpan dərəcədə qaldırılması zəruridir:

“Artıq epidemiya halından çıxaraq pandemiya miqyasına yüksəlmiş “COVID-19” virusunun təsir dairəsinin genişlənməsi insanların həyat və sağlamlıqlarına real təhdidə çevrilməklə yanaşı, bu xəstəliyin doğurduğu təsirlər həm iqtisadi müstəvidə, həm də insanların gündəlik yaşam tərzində, eləcə də onların maddi vəziyyətində mənfi təsirini aydın şəkildə biruzə verməkdədir.

Ona görə də ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı sistemli tədbirlər həyata keçirilir. Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən martın 24-dən ölkədə xüsusi karantin rejimi tətbiq edilib.

Məhdudlaşdırıcı tədbirlərin biznes strukturlarına və əhaliyə mənfi təsirini minimuma endirmək və mümkün sahələrdə isə tamammilə aradan qaldırmaqdan ötrü tədbirlər kompleksi hazırlanır.

Həmin tədbirlər kompleksində insanların işdən çıxarılma hallarına yol verilməməsi, koronavirus təhlüksi sovuşana və insanlar normal fəaliyyət rejimində çalışmağa başlayanaqədərki dövrdə banklara borcu olanların əsas və faiz borclarını, eləcə də gecikmələrə görə pensiya, cərimə və s. dayandırılmasını, vergi güzəştlərini, eləcə də kommunal xidmətlərə görə xərclərin ödənilməsində güzəştləri zəruri hesab edirik.

Seçicilərlə görüş zamanı qaldırılan məsələr arasında işıq və qaz limitinin aradan qaldırılması məsələsi xüsusi yer tuturdu. Hesab edirik ki, Nazirlər Kabineti tərəfindən martın 24-dən ölkədə xüsusi karantin rejiminin tətbiqi bu məsələnin aktuallığını daha da artırıb”.

Uşaqlara görə verilən müavinət artırılacaq - ŞAD XƏBƏR

Azərbaycanda üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı müvafiq tədbirlər görüləcək.

Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, hər üç qurum uşağın 3 (üç) yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə edildiyi müddətin uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına hesablanması məqsədilə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi öhdəliyini götürüb.

Koronavirusla bağlı yaradılmış İşçi qrup: “İqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gediləcək

Koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib

Koronavirus (COVID-19) pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi, yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanması üçün yaradılmış İşçi Qrupun iclası keçirilib. İclas videokonfrans formatında aparılıb.
İşçi qrupun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyanın qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verib. Nazir qeyd edib ki, yaranmış şəraitdə milli iqtisadiyyata bır sıra faktorlar təsir edir. Bu, pandemiyanın bilavasitə təsiri altında dünya iqtisadiyyatında və xarici ticarət əlaqələrində müşahidə olunan durğunluq, dünya enerji bazarlarında neftin qiymətlərində kəskin dalğalanmalar, həmçinin pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırıcı tədbirlərlə bağlı iqtisadi fəallığın azalmasıdır. Bütün bu amillər bir sıra iqtisadi fəaliyyət sahələrində özünü daha qabarıq göstərir. 
Nazir mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üçün qısa müddət ərzində İşçi Qrupun intensiv və böyük həcmdə iş aparmalı olduğunu diqqətə çatdırıb. İlkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib. 
İqtisadiyyat naziri vurğulayıb ki, dövlət çevik və operativ qərarlar qəbul etməyə hazırdır. Bununla belə, zərər çəkən fəaliyyət sahələrinin dəqiq müəyyən edilməsi üçün, ilk növbədə, aydın və şəffaf qiymətləndirmə meyarları hazırlanmalıdır. Bu meyarlar həm sahəvi, həm də subyektlər üzrə ümumi və spesifik xarakter daşıya bilər.
Videokonfransda ayrı-ayrı sahələrdə yaranmış vəziyyət müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib. Qeyd olunub ki, dəymiş zərərin qiymətləndirilməsi üçün sahibkarlıq subyektlərinin hesabatları və dövlət qurumlarında olan göstəricilərin dərin təhlilinə zərurət vardır. Bu, həmçinin mart ayı üzrə təqdim ediləcək maliyyə hesabatlarının təhlili ilə müəyyən ediləcək. Hazırda İqtisadiyyat Nazirliyinin bütün strukturları biznes subyektləri, orta və iri biznes, sahibkarların ictimai birlikləri və ixtisaslaşmış assosiasiyalarla görüşlər keçirir.
Müzakirələrdə bildirilib ki, Azərbaycan hökuməti dəstək tədbirlərinin müəyyən edilməsi zamanı, həmçinin yaranmış şəraitdə dövlətin çağırışlarına adekvat cavab verən, iş yerlərinin və əmək haqqı fondunun azalmasına yol verməyən, fəaliyyətini şəffaf quran və sosial məsuliyyət nümayiş etdirən hüquqi şəxslərə və sahibkarlara üstünlük verəcək.
Ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərilməsi kompleks tədbirlər sistemini əhatə edəcək. Bu, iqtisadiyyatda likvidliyin təmin edilməsi, sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsi, dövlət kreditləşdirmə resurslarının əlçatanlığının asanlaşdırılması, maliyyə bazarlarının sabitliyinin qorunması, ünvanlı dövlət sifarişləri sisteminin tətbiqi və s. kimi istiqamətləri əhatə edəcək. 
İclasda qeyd olunub ki, dövlət ölkə vətəndaşlarının sağlamlığının qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qısa müddətdə iqtisadiyyatın daralmasına səbəb ola biləcək iqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gedəcək. Dövlət bu prosesi qarşılamağa hazırdır və yaranmış şəraiti, həmçinin, pandemiyanın yayılmasının qarşısının alınmasından sonra iqtisadiyyatın yeni bir inkişaf xətti olaraq görməkdədir. Daxili tələbatı ödəyən və xarici idxalı əvəzləyən istehsal və emal sahələrinin, bu istiqamətlərdə yeni istehsalın qurulması təşviq ediləcək. 
İşçi Qrupun üzvlərinə zərər çəkən sahələrin müəyyən edilməsi üçün 3 gün ərzində zəruri meyarlara və tətbiq ediləcək vahid yanaşma metodikasına dair təkliflərin hazırlanması tapşırılıb.
Qeyd edək ki, İşçi Qrupun üzvləri sırasına Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Mədəniyyət, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər nazirlərinin müavinləri, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri və sahibkarların ictimai birliklərinin nümayəndələri daxildir.

Yas mərasimlərində çay, yemək vermək qadağan olundu

Naxçıvan Muxtar Respublikasına təyyarə uçuşları dayandırıldığından Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə Sədərək gömrük keçid məntəqəsindən keçməklə Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınan Azərbaycan Respublikası vətəndaşlarının (ölkəmizin digər bölgələrindən olanlar) keçidini dayandırmaq tapşırılıb.

APA TV xəbər verir ki, bu barədə bu gün dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi ilə birlikdə isə bütün xarici ölkə vətəndaşlarının muxtarrespublikaya gəlişini dayandırmaq, həmçinin muxtar respublika ərazisinə bütün nəqliyyat vasitələrinin giriş-çıxışının dayandırılması, yalnız tranzit yüklərin daşınmasına icazə verilməsi, tranzit yük maşınlarının dezinfeksiya edilməsi, kiçik həcmli yüklərin sərhəd gömrük anbarlarında boşaldılması, sürücülərin mütəmadi yoxlanılması və onların hərəkət qrafikinə nəzarət edilməsi tapşırılıb.

Beynəlxalq Hava Limanından muxtar respublikaya gələn və gedən vətəndaşlar ciddi şəkildə yoxlanılmalı, Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi bununla bağlı Hava Limanına zəruri köməklik göstərməlidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən,Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və icra hakimiyyətləri yas mərasimlərinin keçirilməsi ilə bağlı qaydaları diqqətdə saxlamalı, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimləri 1 gün keçirilməli və bu zaman çay, yemək verilməməli, əhali yeni qaydalar barədə məlumatlandırılmalıdır.

Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən kafe, restoran və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş rejimi qısaldılaraqsaat 17:00-dək müəyyən edilib.

Həmçinin Naxçıvanda hər ikisi işləyən və himayəsində azyaşlı uşaq olan (1-10) valideynlərdən biri üçün güzəştlər tətbiq ediləcək.

Dərslər nə vaxt başlayır, ali məktəblərə qəbul necə olacaq?
"Azəbaycanda məktəblər karantin rejimi bitdikdən sonra açılacaq".

Bunu qaynarinfo-ya təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, dərslər aprel ayının 30-a çəkiləcək:

"Ona qədər təhsildə bütün proses dayanır. Yəni, birinci sinifə şagird, ali təhsil müəssisələrinə qəbul üçün elektron ərizə qəbulu, bütün növ imtahanlar təxirə salınıb. Nəzərə alsaq ki, həm kainatin rejimidir, həm də ki, dövlət orqanları 29 martdan 29 aprelə qədər məzuniyyətdədir, deməli, ən tezi tədris prosesi və təhsil ilə bağlı sənədləşmə 30 apreldə başlaya bilər".