Son xəbərlər

Dərs ili uzadıldı
Təhsil Nazirliyi Azərbaycan Universitetlərində dərs ilinin uzadılması haqda qərar verdi.

Dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək.

İmtahanlar isə 15 iyunda başlayacaq və 13 iyulda başa çatacaq.

Milli Kitabxana bağlandı
Azərbaycan Milli Kitabxanası koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər çərçivəsində oxuculara xidməti martın 11-dən etibarən müvəqqəti dayandırıb.

Bu barədə  Milli Kitabxanadan məlumat verilib.

Qeyd olunub ki, kitabxana qeyri-müəyyən vaxta qədər oxuculara xidmət göstərməyəcək.

Bununla yanaşı, Milli Kitabxananın onlayn xidmətlərindən http://anl.az/new/az/attention/39 (Metodiki xidmət, Biblioqrafik sorğu, Sənədlərin sifarişi və elektron çatdırılması) istifadə etmək mümkün olacaq.

"Milli Kitabxananın əməkdaşları var qüvvəsi ilə çalışır. Xahiş edirik, Sizə lazım olan resursları əldə etmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə yazın. Ölkədə fəaliyyət göstərən digər kitabxanalar da istifadəçilərin sorğularını ödəmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə müraciət edə bilərlər", - deyə Milli Kitabxananın məlumatında deyilir.

Azərbaycanda akademik borcunu ləğv edən tələbələrin təqaüd alıb-almaması məsələsinə aydınlıq gətirilib.

Təhsil Nazirliyindən bildirilib ki, 2017-ci ildə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na bir sıra dəyişiklər edilib.

Onlardan da ən əsasları tələbənin akademik borcu olan fənn üzrə fənni dinləmədən imtahan vermək hüququ və əyani təhsilalma formasının tədrisə tam və qismən cəlb olunma növlərinin tətbiqidir.

Məhz bu dəyişiklliklərdən irəli gələrək “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na (bundan sonra Təqaüd Qaydaları) dəyişiklik edilib.

Bu qayda ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alanlara dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydalarını müəyyənləşdirir:

“Lakin əyani təhsilalma formasının iki – tədrisə tam cəlb olunma və tədrisə qismən cəlb olunma növlərinin tətbiqi bu qaydanın icrası zamanı müəyyən anlaşılmazlıqlar yaradırdı. Belə ki, tədrisə qismən cəlb olunan tələbənin təhsil müddəti normativ təhsil müddətindən 2 və daha çox il müddətinə uzana bilər. Bu isə onun normativ müddətdən artıq müddətdə təqaüd alması məsələsində müəyyən çətinliklər yaradırdı. Bu səbəbdən Təqaüd Qaydalarının yalnız tədrisə tam cəlb olunan tələbələrə şamil olunması xüsusi vurğulanıb”.

Nazirlikdən əlavə edilib ki, Təqaüd Qaydalarına edilən digər dəyişiklik isə akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni dinləmədən imtahan verən və ya yay semestrində fənni dinləyərək müvəffəq qiymət almış tələbənin təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilməsi ilə bağlıdır:

“Belə ki, 2017-ci ildə tələbələrə akademik borcu yaranan fənn üzrə “fənni dinləmədən” imtahan vermək hüququ verilib. Tələbə həmin hüquqdan akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdə imtahan sessiyası zamanı istifadə edə bilər. Tələbələrə bu hüququn verilməsi akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək fənni dinləmədən və ya yay semestrində fənni dinləyərək akademik borcunu aradan qaldıran tələbələrin təqaüd alıb-almaması məsələsində də müəyyən suallar əmələ gətirirdi. Bu sualların cavabı olaraq Təqaüd Qaydalarına müvafiq dəyişiklik edilib və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbənin növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilməməsi qərara alınıb. Əgər həmin tələbə akademik borcu olan semestrdən sonrakı semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa (ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə), onun təqaüdü bərpa olunur”. (publika.az)

“Lider” TV yayımın dayanmasında nazirliyi ittiham etdi
“Lider” TV-nin “Xəbərlər” departamentinin rəhbəri Aynurə Vəliqızı martın 10-da telekanalın yayımının dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirib.

“News24”ə danışan telekanal rəsmisi yaranan problemin birbaşa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı olduğunu deyib:

“Biz fəaliyyətimizi dayandırmamışdıq. Bunun baş verməsi üçün heç bir əsas yoxdur. Çünki kifayət qədər işçi heyətimiz, həmçinin də texniki bazamız mövcuddur. "Lider" Televiziyası artıq 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Biz daim dövlət başçımızın yürütdüyü siyasətə dəstək olmuşuq, bütün maarifləndirmə xarakterli verilişləri tamaşaçılarımıza təqdim etmişik. "Lider" TV-də heç vaxt bayağı verilişlər yayımlanmayıb. Daha çox isə siyasi və analitik layihələr yer alıb. Təəssüf ki, jurnalistlər əldə etdiyi məlumatı dəqiqləşdirmədən yayıblar. Sözügedən nazirlik heç bir xəbərdarlıq olmadan ötürücü siqnalını kəsib. Dəfələrlə bizə qarşı bu addım atılıb".

Aynurə Vəliqızı həmçinin bildirib ki, əgər iddia olunan hər hansısa bir borc varsa, o, məhkəmə yolu ilə həll olunmalıdır:

"Məhkəmə qərarı olsa belə, nazirlik bizim yayınımızı dayandıra bilməz. Bunun üçün MTRŞ fəaliyyət göstərir. Problemin həll olunması üçün hər iki qurum danışıq aparmalıdır. Yalnız bundan sonra televiziya ilə bağlı hər hansısa qərar tətbiq oluna bilər. Ümumiyyətlə isə bütün televiziyaların tarixçələrinə nəzər salsaq, görə bilərik ki, hər birinin maliyyə ilə bağlı problemləri olub. Düşünürəm ki, MTRŞ hər kəs üçün çox doğru cavabı verib. Bildirilib ki, "Lider" Televiziyasına lisenziyanı məhz bu qurum verib və o, qüvvədədir".

Aynurə Vəliqızının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirmək üçün qurumun mətbuat xidmətinin rəhbəri Günel Gözəlova ilə əlaqə saxlanılıb. G.Gözəlova məsələ ilə bağlı hər hansı bir açıqlamasının olmadığını qeyd edib.

Əli Əsədovdan dollarla bağlı əhaliyə ÇAĞIRIŞ
“Son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı olaraq maliyyə-bank sektorunda və əhali arasında narahatlıq artıb”.

Bunu Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair keçirilən müşavirədə Baş nazir Əli Əsədov deyib.

Hökumətin dünya iqtisadiyyatında gedən prosesləri daim diqqət mərkəzində saxladığını və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirdiyini vurğulayan Baş nazir deyib:

“Prezident İlham Əliyev martın 10-da Milli Məclisdə Azərbaycan iqtisadiyyatının inkişafı barədə ətraflı çıxış etdi. Nazirlər Kabineti tərəfindən də ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması barədə həmin gün biznes dairələrinə və əhaliyə yönəlmiş məlumat verildi. Təbii ki, ilin əvvəlindən dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata, eləcə də neft bazarlarına mənfi təsirləri vardır.

Lakin bu gün ölkəmizin iqtisadiyyatı görülmüş tədbirlər nəticəsində 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Qeyd etmək istəyirəm ki, dünyada baş verən mənfi iqtisadi meyillərə baxmayaraq, iqtisadiyyatımız inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir.

Dövlətimizin başçısının vurğuladığı kimi, ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. Azərbaycanın müsbət beynəlxalq investisiya mövqeyi onun beynəlxalq kreditor rolunda çıxış etdiyini göstərir”.

Əli Əsədov qeyd edib ki, cari ildə də ölkədə müsbət inkişaf dinamikası davam edir. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft ümumi daxili məhsulu isə 6,7 faiz artıb. İnflyasiya 2,8 faiz təşkil edir. Bu gün dünya enerji bazarında neftin qiyməti 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 55 dollardan təxminən 18 dollar aşağıdır.

Baş nazir Əli Əsədov yaranmış qlobal iqtisadi vəziyyətin mürəkkəb olduğunu bildirərək deyib:

“Lakin biz vəziyyətə gündəlik əsasda nəzarət edirik və iqtisadiyyatımızda mövcud situasiya idarəolunandır. Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkə iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə ediləcək.

Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkənin kifayət həcmdə maliyyə resursları vardır. Artıq qeyd olunduğu kimi, strateji valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini ötür və xarici dövlət borcunu altı dəfə üstələyir.

Bu baxımdan, yaranmış vəziyyətdə biznes ictimaiyyətini və əhalini təmkinli davranış nümayiş etdirməyə çağırıram. Eyni zamanda, bildirmək istəyirəm ki, valyuta bazarına nəzarət gücləndiriləcək, qeyri-qanuni hərəkətlər və yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısı qətiyyətlə alınacaq”.

MTRŞ
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Lider TV-nin yayımının dayandırılmasının səbəbini açıqlayıb.

N.Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, telekanalın yayımının dayandırılması barədə MTRŞ tərəfindən hər hansı qərar qəbul edilməyib.

“Bu, Lider TV və Teleradio İstehsalat Birliyi arasında olan texniki məsələdir. Tərəflər bu məsələni öz arasında həll edəcək. Telekanalın maliyyə borcu var. Qanunvericiliyə görə, telekanal 30 gün müddətində ard-arda, yaxud da il ərzində fasilələrlə 60 gün müddətində yayımlanmasa, Şura tərəfindən onun yayımının dayandırılması məsələsinə baxıla bilər. Belə olan zaman biz telekanalın yayımını dayandıra bilərik. Bu, texniki məsələdir. Texniki məsələ olduğuna görə telekanalın yayımı Teleradio İstehsalat Birliyi tərəfindən dayandırılıb. Bizim tərəfimizdən kanalın yayımının dayandırılması barədə qərar verilməyib. Məsələ həllini tapacaq”, - deyə MTRŞ sədri vurğulayıb.

Azərbaycanda COVID-19-a görə karantindən buraxılanların sayı açıqlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarına daxil olan şəxslərin müayinəsi davam etdirilir.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, karantinə alınan şəxslər müvafiq müayinədən keçirilir, o cümlədən, onlardan laborator analizlər götürülür, səhhətləri nəzarət altında saxlanılır.

İnfeksiyaya yoluxma faktı təsdiq olunan şəxslər dərhal xüsusi rejimli xəstəxanalara köçürülür, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.

Martın 10-na olan məlumata görə, müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq olunmayıb və səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb.

Hazırda karantində olan digər şəxslərin müayinəsi davam etdirilir.

Buraxılmış dərs günlərinin şənbə günləri ilə əvəz ediləcəyi xəbərlərinə
Təhsil Nazirliyi buraxılan dərs günləri ilə bağlı yayılan cədvələ münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov yayılan məlumatların doğru olmadığını bildirib:

"Son saatlarda yayılan cədvəllər sadəcə özfəaliyyət növü hesab oluna bilər və heç bir həqiqi əsası yoxdur, deməli, doğru deyil. Ən mötəbər məlumatı Təhsil Nazirliyinin resurslarından alın".

Qeyd edək ki, yayılan cədvəldə göstərilir ki, buraxılan dərs günləri şənbə günləri ilə əvəz ediləcək:

Təhsil naziri vətəndaşlara müraciət etdiAzTV-nin efirində çıxış edən nazir müraciətində bu vəziyyətlə bağlı olaraq məlumatlara yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edib:

"Əfsuslar olsun ki, son zamanlar bu vəziyyətlə bağlı olaraq mənbəyi bəlli olmayan, xüsusilə sosial şəbəkələrdə bəzi məlumatlar yayımlanır. Ona görə də insanlara daha diqqətli olmağı və yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edirəm.

Əminəm ki, bu müddət uzun çəkməyəcək. Biz - bu müddət ərzində maksimum şəkildə hər kəs öz vəzifəsini düzgün yerinə yetirməklə ölkəmizdə vəziyyətin daha qısa müddət ərzində tam nəzarətə alınması və problemin tam həll olunması istiqamətində öz töhfəmizi verə bilərik".

Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronavirusa yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə 15 və 29 martda keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, bu istiqamət üzrə, eləcə də martın 9-da keçirilməli olan imtahanın vaxtı imtahanların keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq.

11-ci sinif buraxılış imtahanı iştirakçılarının nəzərinə çatdırırıq ki, bu imtahanların əvvəlcədən elan olunmuş qrafikə uyğun keçirilməsi nəzərdə tutulur. Mövcud vəziyyətlə əlaqədar imtahanların keçirilmə tarixlərində hər hansı bir dəyişiklik baş verərsə, əvvəlcədən elan olunacaqdır.

Abituriyentlərə və valideynlərə tövsiyə edirik ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalı vasitəsilə təqdim edilən “vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər.

“Vizuallaşdırılmış dərs”lərdə qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik video formasında təqdim olunur. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Hazırlanmış materiallardan istifadə ödənişsizdir.

Otk.az portalında isə bütün istiqamətlər üzrə onlayn sınaq imtahanları vermək mümkündür.

Məlum olduğu kimi, 15 mart 2020-ci il tarixində Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Şəmkir, Gədəbəy, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarında (o cümlədən Bakı şəhəri üzrə xüsusi məktəblər) yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin, 29 mart tarixində isə 9 illik təhsil bazasından kollecə qəbul olmaq istəyən əvvəlki illərin məzunları (həmçinin cari ilin məzunları üçün əlavə xarici dil imtahanları) üçün qəbul imtahanının keçirilməsi nəzərdə tutulmuşdur. (moden.az)