Son xəbərlər

Diqqət! Bakı polisi bu gündən cərimələrə başladı
Polis Bakıda xüsusi karantin rejim qaydalarının pozulması hallarına qarşı tədbirləri davam etdirir.

Report xəbərinə görə, polis bu gündən xüsusi karantin rejim qaydalarını pozanları cərimələməyə başlayıb.

Belə ki, rejim qaydalarına əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

Digər rayonlara da giriş-çıxış bağlandı
Atılan addımlar hər birimiz üçün virusdan qorunma və təhlükəsizlik məqsədi daşıyır. Koronavirus təhlükəsi ilə əlaqədar olaraq rayonların ərazilərinə giriş-çıxış məhdudlaşdırılıb.

Bu barədə Avtosfer.az-a izləyicilər videomaterial göndəriblər. Belə ki, Gəncə və Ağdam rayonlarının girişində artıq polis postları qurulub. Səsgücləndirici vasitəsilə 27 mart saat 8:00-dan etibarən rayonların ərazisinə giriş-çıxış olmayacaq.

Ehtimal olunur ki, digər rayonlarda da karantin rejimi tətbiq olunacaq. Vətəndaşları bu qaydalara əməl etməyə çağırırıq.

Atılan addımlar hər birimiz üçün virusdan qorunma və təhlükəsizlik məqsədi daşıyır.

Azərbaycanda 200 məhkum azadlığa buraxıldı
Ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir.

Ədliyyə Nazirliyi xəbər verir ki, Penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır.

"Hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib.

Bu sahədə vəziyyət nazirliyin aidiyyəti məsul işçilərindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir, habelə məhkum və həbs olunmuş şəxslərin qidalanmasına, ərzaqla təminatına, onların çeşidinə və keyfiyyətinə gündəlik nəzarət olunur. Eyni zamanda, dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılaraq bu məqsədlə yaradılmış nazirliyin xüsusi Komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumların işləri öyrənilib, özləri ilə söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub.

Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb. Bayram günlərində öz ailələrinə qovuşan məhkumlar və onların yaxınları tərəfindən bu humanist institutun tətbiqi böyük sevinclə və dövlətə minnətdarlıq hissi ilə qarşılanıb. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Bakıda parklar dezinfeksiya edilir
COVID-19 pandemiyasının Azərbaycanda yayılmaması məqsədilə ölkə ərazisində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

Bura parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı insanların sıx toplaşdığı ərazilər də daxildir. Bu ərazilərdə oturacaqlar, səkilərdən tutmuş hər bir yer gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya edilir.

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən Bakı şəhəri üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.

Maska və spirt qıtlığı ilə bağlı
"Ölkədə spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir".

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan  daxil olan məlumatda deyilir:

"Hazırda dünyada maska istehsalçıları 24 saatlıq istehsal rejimində işləsələr də tələbi ödəməkdə çətinlik çəkirlər.

Əvvəlki illərdə ölkəmizdə ay ərzində 500-600 min maska satılırdısa, indi bu qədər maska 3 günə satılır. 2018-19-cu illərdə ildə təqribən 5-6 milyon maska satılırdısa, təkcə son bir ayda bu rəqəm 3.5 milyon olub.

Ölkədə olan maska ehtiyatlarından səmərəli istifadə etmək üçün ilk növbədə həkim və xəstələr, polis, müdafiə nazirliyi, sərhəd xidməti və gömrük əməkdaşları təmin olunur və apteklərə satış üçün göndərilir.

Ölkə üzrə hər gün təqribən 150-200 min maska paylanır və satışa çıxarılır.

Dünən ölkəyə 500 min maska idxal olunub. 1.5 milyon ədəd maska da daxil olacaq.

Hökumət maskaların ölkədə istehsalını təşkil etməklə əlverişli şəraiti təmin etməyə çalışır.

Nazirlər Kabinetinin bugünkü 114 №li Qərarına əsasən maskaların istehsalında istifadə olunan xammal gömrük rüsumlarından azad olunub.

Ölkədə spirt ehtiyatı ilə bağlı heç bir problem yoxdur. Spirtin kiçik həcmli qablarda satışa çıxarılması üzərində müvafiq işlər aparılır. Məsələ yaxın günlərdə həll olunacaq və yerli istehsal məhsulu olan spirt kifayət edəcək miqdarda pərakəndə satışa çıxarılacaq".

Əhalinin nəzərinə! Su ilə bağlı yeni qanun qəbul ediləcək
Azərbaycanda əməyin mühafizəsi tələblərinin gücləndirilməsi məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanacaq.

Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində tərəflərin götürdüyü öhdəlikdə öz əksini tapıb.

Sazişə əsasən, tərəflər “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlamaq öhdəliyini götürüb.
Eyni zamanda sazişdə tərəflərin içməli su, onun təchizatı və keyfiyyəti barədə qanun layihəsinin qəbul edilməsinə nail olmaq öhdəliyi öz əksini tapıb.

Həmçinin sazişdə tərəflərin götürdüyü öhdəlikləri arasında Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış “İşəgötürənlər və sahibkar birlikləri haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinə səy göstərməsi də yer alıb.

Bakıda restoranlar karantin rejminə əməl edir?
Koronavirus pandemiyası ilə mübarizə məqsədilə Azərbaycanda martın 24-ü, saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan olunub.

Bu rejimə daxil olan qaydalardan biri də ictimai iaşə müəsisələrinin saat 12:00-dan 15:00-dək çalışmasıdır.

Qaydalara nə dərəcədə əməl olunduğunu araşdırmaq məqsədilə Baku TV-nin əməkdaşları şəhərin müxtəlif kafe və restoranlarında müşahidələr aparıb.

Ətraflı videomaterialı təqdim edirik:

Bulvar belə yuyuldu
Bu gün Dənizkənarı Milli Parkda növbəti dezinfeksiya işləri aparılıb.

Qafqazinfo xəbər verir ki, maşınlarla Bulvar ərazisi xüsusi məhlullarla yuyulub.








Azərbaycanda tətilin müddəti uzadıldı
Nazirlər Kabinetinini Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib.

“Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.

Müəyyən edilib ki, bu Qərarın 1-ci hissəsi dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir.

Kredit borclarının aqibəti necə olacaq?
Kredit müqavilələrinin ödəmə vaxtı ilə bağlı üç aylıq güzəşt olunması təklif edilir. Bunu bütün dünya edir.

Bu məsələ Azərbaycanda reallaşacaqmı və belə olarsa, sözügedən təklif necə tənzimlənəcək? 

Baku.tv xəbər verir ki, dünyada koronavirusla əlaqədar investisiya maliyyə təşkilatları tərəfindən qlobal böhran elan edilib. Ticari əlaqələrin zəifləməsi səbəbindən bir sıra ölkələrdə banklar vətəndaşlara güzəştlər tətbiq edir. 

İqtisadçı, millət vəkili Vüqar Bayramov deyib ki, digər ölkələrdə olduğu kimi, ölkəmizdə də kredit müqavilələrinin müddəti, eyni zamanda onların ödəmə vaxtı ilə bağlı üç aylıq güzəştlərin edilməsi təklif edilir.  

Millət vəkilinin sözlərinə görə, ödənişlərdə üç aylıq güzəştin tətbiqi imkan verəcək ki, özəl sektorda çalışan və koronavirusa qarşı mübarizədə məhdudlaşdırıcı tədbirlərin mənfi təsir etdiyi sektorlarda işləyən vətəndaşlarımızın kredit ödənişlərinin qrafikinə dəyişikliklər edilsin: 

“Yəni, üç ay müddətində kredit ödənişlərini edə bilməyən şəxslər bununla bağlı cərimə olunmasınlar. Xüsusən, özəl sektorda çalışan vətəndaşlarımızın ödəmə qabiliyyətində azalmalar var.

Nəzərə alsaq ki, ölkəmizdə kommersiya bank sektorunda iki bank istisna olmaqla digərləri özəl banklardır, o zaman dövlət bu istiqamətdə birbaşa müdaxilə edə bilmir”.  

Millət vəkili bildirib ki, bu sahədə də banklara dövlət tərəfindən dəstək verilməlidir.