Son xəbərlər

Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan Xocalı aeroprotunun işə düşməsi ilə bağlı suala cavab verib.

Ermənistan KİV xəbər verir ki, deputat Sasun Mikaleyanın sualına cavab verən Revazyan bu məsələnin siyasi xarakter daşıdığını söyləyib.

“Bizim bu mövzuda çox müzakirəmiz olub. Çünki biz məsələnin həllini istəyirik. Hamımız üçün vacib məsələdir. Amma fakt ondan ibarətdir ki, Azərbaycan Qarabağ üzərində hava məkanını bağlamaq barədə qərar verib və biz Mülki Aviasiya Komitəsi olaraq, Qarabağ üzərində uçuşlara icazə verə bilmərik.”- deyə Revazyan söyləyib.

Revazyan uçuşların bərpası üçün beynəlxalq müstəvidə danışıqların aparılmadığını da əlavə edib.

Xatırladaq ki, ermənilər Xocalı aeroportunu 2012-ci ildə 8 milyon dollar qarşılığında rekonstruksiya ediblər amma bu vaxta qədər aeroportdan uçuşlar həyata keçirilməyib. Rəsmi Bakı Qarabağdan uçuşlara qadağa qoyduğunu elan etmişdi.  /Modern.az/

Bu il 12 ölkədə yüksək patogen quş qripinin (YPQQ) aşkarlanması nəzərə alınaraq bu ölkələrin xəstəlik baş verən ərazilərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

O, bildirib ki, quş və quşçuluq məhsulları yüksək riskli məhsullar qrupuna aid edildiyindən ölkəyə idxal edilən məhsulun hər bir partiyası laboratoriya müayinəsinə cəlb olunur:

“Ukraynanın xəstəlik qeydə alındığı Vinnitsa vilayətindən başqa digər vilayətlərdən də daxil olan məhsullar müayinə edilərkən quş qripi xəstəliyinin törədicisinin “H9” serotipi aşkarlandığı üçün ölkənin bütün ərazisinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Hazırda coğrafi baxımdan xəstəlik dünyada çox geniş arealda yayılıb. Polşanın Şetsin və Lyubuske vilayətləri ilə sərhəddə yerləşən Almaniyanın Bradenbur vilayətində vəhşi quşlarda, Fransanın Strasburq vilayəti ilə sərhəddə yerləşən Almaniyanın Baden-Vurtemberq vilayətində isə ev təsərrüfatında YPQQ qeydə alınıb. Bununla yanaşı, Ərəbistan yarımadasında baş vermiş xəstəliyin köçəri quşlar vasitəsilə ölkəmizə gətirilməsinə yüksək epizootoloji risk mövcuddur”.

Qeyd edək ki, AQTA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu risklə bağlı əhaliyə birgə müraciət edərək vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa çağırıb.   /Modern.az/

Azərbaycan növbəti dəfə Çinə yardım etdi

Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatların göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Sumqayıt şəhər İcra Hakimiyyəti Çin Xalq Respublikasının Mienyen şəhəri ilə Sian şəhərinə tibbi ləvazimatlar göndərib.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Çin Xalq Respubllikasının xalqına yardım etmək məqsədilə Mienyan şəhərinə 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min ədəd 100 ml-lik spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 tabletka xloramiks, Sian şəhərinə isə 40 min ədəd maska, 50 min ədəd steril əlcək, 50 min ədəd 100 ml-lik spirt göndərilib.

Qeyd edək ki, bu günə olan məlumata görə, Çindә yeni növ koronavirus epidemiyası sәbәbindәn hәlak olanların sayı 1114 nәfәrә çatıb.

Bu barәdә Çinin Milli Sәhiyyә Komissiyasından verilәn mәlumatda bildirilib. Mәlumatda qeyd olunub ki, virusa yoluxanların sayı 44 min 653 nәfәrә çatıb. Bunlardan 8 min 204-nün vәziyyәti kritiktir. Mәlumatda hәmçinin bildirilib ki, müalicә olunanların sayı 632-dir.

Sutka әrzindә virus sәbәbindәn hәlak olanların sayı 97 nәfәrә çatıb, daha 16 min nәfәr koronavirus şübhәsi ilә xәstәxanaya yerlәşdirilib. Belәliklә, koronavirus epidemiyası sәbәbindәn xәstәxanaya müraciәt edәnlәrin sayı 185 min 37 nəfərə yüksәlib.

Yeni növ koronavirus ilk olaraq Çinin Xubey әyalәtinin Vuxan şәhәrindә yayılmağa başlamışdı.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulundakı yenilikləri açıqlayıb.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulu üçün xüsusi bağlı meydança yaradılıb:

“Meydançadakı avtomobillərdən sürücülük vəsiqəsi almaq üçün imtahandan keçmiş şəxslər istifadə edirlər. Meydançada əyani imtahan verən şəxslərin bilik və bacaracaqlarını bundan sonra imtahan götürən müəllimlər deyil, xüsusi texniki vasitələr qiymətləndirəcək. Meydançada quraşdırılan xüsusi detektor əyani imtahan verən şəxsin bilik və bacaracağını avtomatik yoxlayacaq və qiymət verəcək. Yəni imtahanlar müasir texniki vasitələrin köməyi ilə qəbul olunur. Artıq təcrübə imtahanları şöbənin əməkdaşları tərəfindən deyil, xüsusi texniki vasitələrin köməyi ilə qiymətləndiriləcək. Bu prosesi və detektorun qiymətini imtahan verən sürücülüyə namizəd özü də xüsusi quraşdırılmış monitor vasitəsilə görəcək. Digər bir yenilik isə ondan ibarətdir ki, orada yaradılan şəraitə uyğun olaraq, eyni vaxtda bir neçə avtomobillə təcrübi imtahan vermək mümkündür. Yəni eyni anda həm yük maşını, həm minik avtomobili, həm avtobus, həm də motosiklla imtahan vermək mümkündür”  /Redaktor.az/

“Ərzulla Buludlunun və Rəbiyyə Məmmədovanın xəsarət alması bağlı deyilənlər əsassızdır”.

Bu barədə Modern.aza Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, polisin təşəbbüsü ilə hər iki şəxs müvafiq həkim müayinəsindən keçirilib: “Onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb”.

Qeyd edək ki, dünən bir qrup deputatlığa namizəd və tərəfdarları növbədənkənar parlament seçkilərinin elan olunmuş ilkin nəticələrinə etiraz etmək üçün Mərkəzi Seçki Komissiyasının qarşısında oturaq aksiya keçirməyə cəhd ediblər. MSK üzvləri onlarla görüşüb, şikayətləri dinləyiblər. Lakin iştirakçılar aksiyanı davam etdirməkdə israrlı olublar. Əraziyə gələn polis aksiyanın qarşısını alıb. Bu zaman aksiya iştirakçıları Ərzulla Buludlu və Rəbiyyə Məmmədovanın xəsarət alması barədə sosial şəbəkələrdə məlumat paylaşıblar.

Koronavirus şübhəsi ilə bağlı KTM-də saxlanılan sonuncu şəxs də evə buraxıldı1 saylı Kliniki Tibbi Mərkəzdə (KTM) koronavirus şübhəsi ilə bağlı müayinə edilən sonuncu şəxs də evə buraxılıb.

Bu barədə "Ölkə.Az"a Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən birgə məlumatda qeyd olunub.

Məlumatda qeyd olunur ki, KTM-in yoluxucu xəstəliklər şöbəsində qalan bir nəfər də artıq evə buraxılıb.

Xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti bu gün bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Gün ərzində onlar evə buraxılacaqlar. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevral ayının 14-də bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda qalan 6 nəfər də evə buraxılacaq.

Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirələr keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, İdris İsayev, Təhsil nazirinin müşaviri Elnur Məmmədov, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, nazirlik yanında İctimai Şuranın üzvləri, istehsalçı şirkətlərin mütəxəssisləri və KİV nümayəndələri iştirak ediblər.

Görüşdə məktəbli formasının tətbiqi mövzusunun ictimai müzakirəsinin vacibliyi bildirilib. Təhsil Nazirliyi tərəfindən bu məsələyə ciddi yanaşıldığı, məktəbli formasının tətbiqi ilə bağlı nazirlik tərəfindən geniş müzakirələr aparıldığı qeyd edilib.

Həmçinin ictimai rəyə çıxarılan vahid məktəbli formalarının təsvirləri ilə bağlı ən çox səsləndirilən təkliflər müzakirə edilib.

Daha sonra mütəxəssislər məktəbli formalarının tətbiqinə dair mövcud standartlar və keyfiyyət məsələləri ilə bağlı öz fikirlərini səsləndiriblər.

Tədbirdə məktəbli formalarının hazırlanması üzrə təkliflər paketinin işlənib hazırlanması, optimal variantın müəyyənləşdirilərək Şuraya təqdim olunması təklif olunub. (publika.az)

9 fevral 2020-ci il növbədənkənar parlament seçkiləri başa çatdı. Bu il üçün dövlət büdcəsinin zərfində növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 51 milyon 385 min 874 manat vəsait ayrılmışdı. MSK hesabat vermədiyindən bu vəsaitin nə qədər hissəsinin sərf olunduğu bəlli deyil…

Amma bəlli olan bu müddətdə bir çox namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində kifayət qədər vəsait sərf etdiyidir. Əksər namizədlər təbliğat kampaniyasına sərf etdiyi vəsaiti açıqlamaqdan imtina etsələr də, danışan namizədlər də tapıldı.

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Xəyal Məmmədxanlı Modern.az-a bildirib ki, seçki kampaniyasına rəsmi olaraq 20 min manat sərf edib:

“Bu, bank kartlarından xərclədiklərimizdir. Bir də məsələnin görünməyən tərəfləri, sərf etdiyimiz enerjimiz var. Ümumilikdə mən növbədənkənar parlament seçkilərilə bağlı bir kəlmə belə olsun danışmaq istəmirəm. Çünki hansısa məlumat verəndə, elə düşünülür ki, sanki seçki baş tutub, biz də onun nəticələrini müzakirə edirik”.

Parlament seçkilərinə 29 saylı Səbail seçki dairəsindən qatılan namizəd Bəxtiyar Hacıyev ilkin hesablamalara əsasən Modern.az-a 3 min manat civarında vəsait xərclədiyini deyib:

“Daha dəqiq rəqəqmlər üçün hesablamalar aparılmasına ehtiyac var. Çünki kampaniyanın son günlərində müşahidə və digər məsələlər üçün xərclənən vəsaiti hesablamamışıq. Yekunda isə söhbət cəmi bir neçə min manatdan gedir. Elə də böyük məbləğ deyil. Biz o vəsaiti ona görə xərcləmişdik ki, öz mesajımızı seçicilərimizə çatdıraq. Ona görə də dəyərdi. O qədər soyuq havada bizə vaxt ayıran seçicilər üçün pul xərcləməyə dəyərdi. Amma sonda saxtalaşdırma olduğuna görə biz kənarda qaldıq. Nəticədə heç bir təbliğat-təşviqat kampaniyasına qoşulmayan, əhali arasında nüfuzu olmayan birini qalib elan etdilər.

Amma biz həm sərf etdiyimiz enerjiyə görə, həm könüllülərimizin çəkdiyi əziyyətə görə, həm də xərclənən vəsaitə görə maksimum dərəcədə bu dairədə nəticələrin ləğvinə çalışacağıq.

Hazırda 9 namizəd seçki hüquqlarının pozulması və nəticələrin tanınmaması ilə bağlı birgə bəyanat imzalayıb”.

B.Hacıyev bildirib ki, nəticələr onun xeyrinə dəyişməzsə, növbəti seçkilərdə müabarizəni davam etdirəcək

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Natiq Cəfərli Modern.az-a deyib ki, heç tanımadığı insanlar onun hesabına 806 manat vəsait yatırıblar:

“Həmin vəsaiti çap materiallarına xərclədik. Öz vəsaitim və dostlarımın veridiyi vəsaitlər də vardı. Bu da təqribən min manata yaxın idi. Onu da yenə çap materiallarına və nəqliyyat xərclərinə sərf etdik. Çünki bizim komandanın üzvləri könüllülər idi. Heç bir ödəniş edilmədən könüllü çalışan təşkilat üzvləri idi. Ümumilikdə 2 min manat elə də böyük məbləğ deyil və təcrübə üçün xərcləməyə dəyərdi. Mən 12 saylı dairədə çox böyük şok yaşadım. Lökbatanın özü, qəsəbə, Sulutəpə, Xocəsən və s. də insanların sosial problemlərinin nə dərəcədə çox və yaşam səviyyəsinin nə dərəcədə ağır olduğunu gördük. Kampaniya dönəmində həmin qəsəbələri, kəndləri ev-ev gəzdik, insanları dinlədik, problemlərini gördük. Ölkədə sosial vəziyyətin yaxşılaşdırılması üçün kifayət qədər ehtiyac yarandığını hiss etdik.

Biz siyasi təşkilatıqsa və mən bu təşkilatın aparıcı simalarından biri kimi seçkilərdə iştirak edəcəyəm. Bu seçki müddətində qazandığımız təcrübəni, buraxdığımız səhvləri ciddi təhlil edərək, gələn seçkilərdə daha ciddi nəticələr göstərməyə əminəm və buna çalışacağam. Bu seçkilərdə ən pis cəhət o oldu ki, ciddi müşahidə apardığım məntəqələrdə udmuşam. Amma hərbi hissələr, qapalı müəssisələrdə harada ki, təqribən 4 minə yaxın seçici qeydiyyatdadır. Onlara bizim nəzarət etmək imkanımız yox idi. Məhz həmin yerlərin hesabına “rəqibim” “qalib oldu”. Bu məndə bir az xəyal qırıqlığı yaratdı”.

Yol polisi sürücülərə və piyadalara müraciət etdi
Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və piyadalara təkrar müraciət edib.

Müraciətdə deyilir:

“Son günlər respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda qar yağması və yolların buz bağlaması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə, BDYPİ bir daha sürücülərə səhər və axşam saatlarında, xüsusilə də körpülərin üzərindən keçərkən son dərəcə diqqətli və ehtiyatlı olmağı tövsiyə edir”.

Qurum müraciətində sürücülərdən yollarda qəfil tormozlama aparmamağı, həmçinin, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq, belə hava şəraitində nəqliyyat vasitələrini idarə etmə təcrübəsi az olan sürücülərin bu günlərdə sükan arxasına əyləşməmələrini xahiş edir:

“Sürücülərə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, həmçinin, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi tövsiyə edirik. Piyadalara isə asfalt örtüyünün buzlu olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb, yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələrini tövsiyə edirik”.

Çindən gələn 12 nəfər xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, fevral ayının 11-i üçün yoluxucu xəstəliklər şöbəsində 1 nəfər qalıb. Xəstəxanada qalan Azərbaycan vətəndaşıdır. Onun səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

"Bir daha qeyd edirik ki, bu adam Çinin koronavirus qeydə alınmayan şəhərində olub. Onun xəstə şəxslərlə kontaktı olmayıb. Xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti fevralın 12-si bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir. Sabah həmin şəxslərin evə buraxılacağı gözlənilir. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevralın 14-ü bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".