Son xəbərlər

“Koronavirus bu gün dünyada ən çox müzakirə olunan mövzudur. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini diqqətlə təhlil edir, müvafiq tədbirlər həyata keçirir”.

Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O xatırladıb ki, Azərbaycan Nazirlər Kabineti bu məsələ ilə bağlı artıq bir sıra iclaslar keçirib, tədbirlər planı tərtib olunub.

“Dövlət bu istiqamətdə artıq müvafiq addımlar atır. Azərbaycan Xarici İşlər Nazirliyi ÜST-ün tövsiyələri çərçivəsində artıq koronavirusun yayıldığı ölkələrə səfərlər mövzusunda vətəndaşlara müraciət edib”, – o söyləyib.

Çində meydana gələn və çoxsaylı ölümlərə səbəb olan koronovirusun İranda yayılması ciddi narahatlıq yaradıb.

 İranda artıq bu virusdan ölənlərin sayının 18-ə çatması səbəbindən qonşu ölkələr – Türkiyə, İraq və Pakistan bu ölkə ilə sərhəd-keçid məntəqələrini bağlayıb. Türkiyə hətta İrandan Naxçıvan vasitəsilə ölkəyə girişin qarşısını almaq üçün Naxçıvan sərhəd-keçid məntəqəsini də qapadıb.

Ermənistan İranla sərhədi bu gün bağlayacağını açıqlayıb, Gürcüstan isə hava əlaqəsini dayandırıb.

Azərbaycan Biləsuvar və Astara sərhəd-keçid məntəqələrində iş rejimini gücləndirib, dezinfeksiya işləri aparılır və gediş-gəliş məhdudlaşdırılıb. Xüsusilə toplu halda turist səfərləri təxirə salınıb. Azərbaycanın İrandakı konsulluqları da viza verilməsində məhdudiyyət tətbiq edir. Həmçinin rəsmi qurumlar İrana səfər etməməklə bağlı çağırış edib. Buna baxmayaraq, İranla sərhəd-keçid məntəqələri tam bağlanmayıb.

Mövzu ilə bağlı saytımızın sualını cavablandıran Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, sərhəd qapılarının bağlanması qurumun səlahiyyətinə aid deyil:

“DGK Səhiyyə Nazirliyi ilə birgə lazım olan tədbirləri görür və sərhəd-buraxılış məntəqələrində nəzarət gücləndirilib, dezinfeksiya işləri aparılır və ölkəyə daxil olan şəxslər yoxlanılır. Ancaq sərhəd-keçid məntəqəsinin bağlanması səlahiyyəti DGK-ya aid deyil”.

Məsələ ilə bağlı Nazirlər Kabinetinə sorğu verilib.   /Axar.az/

Koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Bakı şəhərindəki apteklərdə qoruyucu maska iki dəfədən artıq bahalaşıb.

Bu gün Cebhe.info əməkdaşları bir neçə aptekdə monitorinq aparıb. Məlum olub ki, qiyməti 10 qəpik olan qoruyucu maskalar ən azı 25 qəpiyə təklif olunur. “Nizami” metrostansiyası ətrafındakı apteklərdən bildiriblər ki, bu, ən ucuz qiymətdir. Çünki şəhərin mərkəzin digər apteklər maskanı 50 qəpiyə satır.

Qeyd edək ki, söhbət qoruyucu funksiyası yüksək olmayan adi tibbi maskalardan gedir. Qoruyucu funksiyası yüksək olan tibbi maskaların qiyməti 20 manatdan başlanır. Bəzi apteklərdə ümumiyyətlə satışda qoruyucu maskanın olmadığı bildirilib.

Bakı şəhər Yasamal rayon 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova işdən çıxarılıb.

Təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrlə F.Həsənova vəzifədən azad edilib. Onun yerinə Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbin direktoru Rəşad Alcanov təyin edilib.

Qeyd edək ki, mətbuatda Firəngiz Həsənova və oğlu barəsində bir neçə dəfə qalmaqallı məlumatlar yayılıb. (publika.az)

Koronavirus təhlükəsi ilə əlaqədar bir çox məktəblərdə uşaqlara çantalarında tibbi maska və spirt gəzdirmələri tapşırılıb.

Tapşırıq uşaqlara sinif müəllimləri tərəfindən verilib. Bildirilib ki, təmizlik və yayılmış epidemiya, respirator virus təhlükələrinə qarşı önləyici tədbirlər görülməlidir. Bu məqsədlə bir çox müəllim uşaqlara məktəb otağına girərkən əllərini spirt və ya nəm solfetlərlə silməyi tapşırıb. Qrip, respirator viruslardan qorunmaq üçün yolda, kütləvi yerlərdə, ictimai nəqliyyatda tibbi maskalardan istifadə etmək tapşırıb.

Ayrı-ayrı müəllimlər tərəfindən tapşırılan bu tapşırıq valideynlərin də ürəyincə olub.

Bakıda apteklərdən birinin satıcısı Zemfira Abdullayeva bildirib ki, gün ərzində tibbi maska alanların sayı çoxalıb. Həmçinin ötən gün özəl məktəblərdən biri üçün 900 manatlıq tibbi maska alınıb.   /Axar.az/

Səhiyyə Nazirliyindən koronavirusla bağlı
"Azərbaycanda hazırda koronavirusla bağlı vəziyyət stabildir. Heç bir şübhəli hal yoxdur".

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib.

Onun sözlərinə görə, ölkədə epidemioloji durum tam nəzarət altındadır: "Şayiələr yayılsa da, bununla bağlı rəsmi açıqlama verilib. Əgər belə bir hal baş verərsə, rəsmi orqan məlumat yayar. Amma indi heç bir şübhəli hal yoxdur"

“7 il əvvəl boşandığım həyat yoldaşımın seçkidə iştirak haqqında bildirişini evimizə göndəriblər. Qardaşımın 3 il əvvəl boşandığı qadın isə 1 ay əvvəl Bakıda dünyasını dəyişib. Onun adına bildirişi də bizə gətiriblər”.

Bu sözləri sosial şəbəkələrdə fevralın 9-da keçirilən Milli Məclisə seçkilər günü “Ölüf-ölüf derəm saa… qavır daşı da var…” ifadələri ilə məşhurlaşan Qazax  rayon sakini Xanlar Lalayev deyib. O qeyd edib ki, evinə özünün, 7 il əvvəl boşandığı həyat yoldaşının, qardaşının və onun da 3 il əvvəl ayrıldığı keçmiş həyat yoldaşının adına çağırış vərəqəsi göndərilib:

“Qardaşım 20 ildir, Bakıda, Binəqədi rayonunda yaşayır. Onun keçmiş həyat yoldaşı Gülnar isə ölüb. Boşanmış, üstəlik ölmüş adamın adına bizim evimizə bildiriş göndərirlər. Belə şey olar?”

Qazax sakini əminliklə bildirib ki, videoda adını çəkdiyi qadının ölmədiyi barədə iddialar yalandır:

“Mən diri adama necə ölü deyə bilərəm? Onun adını siyahıya salmaq düzgün deyil. Mənim oğlumun 19 yaşı var. Mənimlə birlikdə Qazaxda yaşayır. Heç onun adına bildiriş göndərməyiblər. Bu necə işdir ki, ölü adamı çağırırlar, 19 yaşlı gənci seçkiyə çağırmırlar.

Mən o bildirişləri qaytarıb, məntəqə üzvlərinə qadının öldüyünü dedim. Mənə dedilər ki, sizin üçün ölüb. Belə gülünc fikir olar? Mən sağ adama durduq yerə niyə ölüb deyim?  O qadının məzarı Qazax rayon Daş Salahlı kəndindədir. O kənddə basdırılıb”.

Daş Salahlı kənd sakinləri də Modern.az-a vəfat etmiş Gülnar xanımın kənd qəbiristanlığında dəfn olunduğunu bildiriblər.

Qeyd edək ki, sözügedən video 107 saylı seçki dairəsinin Qazax şəhəri N.Nərimanov qəsəbəsi 5 saylı orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində qeydə alınıb.

Xatırladaq ki, ötən gün Mərkəzi Seçki Komissiyasının iclasında sözügedən video müzakirə olunub. Komissiya üzvü Bəxşeyiş Əsgərov videoda qadının öldüyü ifadəsinin məcazi mənada səsləndirildiyini deyib. O qeyd edib ki, biz bir neçə mənbədən həmin qadının həyatda olduğu dəqiqləşdirilib. (modern.az)

Hava limanı istiqamətində əsas yollarda sürət həddi endirilib
Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava limanı və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları tövsiyə olunur".

Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin nəticəsi ləğv edilən dairələr və pozuntulara yol verən məntəqələrlə bağlı hansı tədbirlər görəcəyini açıqlayıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib ki, MSK-nın seçki qanunvericiliyini pozan subyektlər haqqında qərar vermək hüququ var:

“Hazırda hansı komissiyalarda və kimlər tərəfindən hansı qanun pozuntularına yol verilməsi araşdırılır. Onlar haqqında yekun protokol Konstitusiya Məhkəməsinə göndərilməzdən əvvəl müzakirələr aparacağıq. Pozuntulara yol verənlərin hər biri haqqında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tədbirlər görüləcək”, – MSK katibi əlavə edib. (report)



Azərbaycanda fevralın 9-da keçirilən Milli Məclisə növbədənkənar seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılır.

Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, seçkilərdən sonra şikayətlərin çoxluğu onlara baxılma prosesini də uzadır. Belə ki, indiyə qədər 4 seçki dairəsinin – 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələri etibarsız sayılıb.

Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlər əsasında bir çox dairələrdə məntəqələrin nəticələri də ləğv edilib.

Maraqlı sual yaranır, bir çox məntəqənin nəticələri ləğv edildiyi təqdirdə, bu, sonda ümumən dairənin nəticələrinin ləğvinə gətirə bilərmi?

Sualımızı cavablandıran MSK-nın mətbuat katibi Şahin Əsədli bildirib ki, belə bir hal mümkündür:

“Yəni hər hansı dairədə tutaq ki, 5 məntəqənin nəticəsi ləğv edilibsə, ola bilər bu qalibin nəticəsinə təsir etsin. Hətta yenidən hesablamada digər namizədin üstünlük qazanması da baş verə bilər. Amma indiyə qədər ləğv edilən 4 dairədən savayı, heç bir dairədə məntəqələrin ləğv edilməsi, üstünlük qazanan namizədin dəyişməsi ilə nəticələnməyib”.

Ş. Əsədli onu da xatırladıb ki, Seçki Məcəlləsinə əsasən dairə üzrə məntəqələrin 2/5-sinin nəticələri ləğv edilirsə, bu dairə üzrə nəticələr etibarsız sayılır.