Polis bu yerlərdə sutkalıq fasiləsiz xidmət aparacaq

Daxili İşlər Nazirliyi sabahdan Bakı küçələrində karantin postlarının yığışdırılması ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Qafqazinfo məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, bu qərar karantin rejiminin yumşaldılması yox, daha da sərtləşdirilməsi deməkdir: "Vətəndaşlar elə baş düşməsinlər ki, nəzarət zəifləyəcək. Əksinə, artıq bütün qapalı məkanlar, ictimai nəqliyyat, şəhərin hər küçəsində, məhəllələrdə və məhəlləarası yollarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ilə birlikdə piyada naryadları daha da gücləndirilmiş rejimdə xidmət aparacaq. Vətəndaşların tibbi maskalardan istifadə etməsi və sosial məsafəni qorunmasına ciddi nəzarət olunacaq. Karantin rejiminin tətbiqinə nəzarət edən polis əməkdaşları qeyd edilən bütün yerlərdə sutkalıq fasiləsiz xidmət aparacaqlar.

Nəqliyyat vasitələrini idarə edən şəxslərin icazəsinin olub-olmadığı isə müşahidə kameraları vasitəsilə müəyyən olunacaq. Artıq "SMS icazə" sistemi ilə inteqrasiya nəticəsində həmin sürücünün icazəsinin olub-olmadığı məlum olacaq. Əgər icazəsi yoxdursa, yaxud icazənin vaxtı bitirsə, həmin sürücü haqqında elektron protokol tərtib olunacaq. Paytaxtın küçə və prospektlərində quraşdırılmış postlarda xidmət aparan əməkdaşlar isə piyada naryadlarına cəlb olunacaq. Bununla da həmçinin, nəqliyyatın intensiv axını təmin olunacaq.

Vətəndaşlara müraciət edirik ki, evdən çıxarkən mütləq tibbi maskadan istifadə etsin, sosial məsafəni qorusunlar. Bu gündən yoxlamalar daha da gücləndirilmiş vəziyyətdə aparılacaq. Artıq cərimələrin məbləğinin də artırıldığını bir daha vətəndaşlarımızın diqqətinə çatdırıram".

Şamaxı icra başçısına yeni müavin təyin olundu

Şamaxı rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
"Report" xəbər verir ki, Hikmət Şikarov Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

O, bu təyinata qədər Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının sədri olub.

Vilayət Eyvazov: “Sosial şəbəkələrdə əhali arasında xof, vahimə yaradan yalan məlumatlar yayılır”

“Sosial şəbəkələrdə, mesajlaşma tətbiqlərində əhali arasında xof, vahimə yaradan yalan məlumatlarla da hər gün rastlaşırıq. Daxili işlər orqanları bu kimi halları, - əslində o həm də cinayət faktlarıdır, - müəyyən edən müasir texnikaya malikdir və qeyd etdiyim faktlar dərhal müəyyənləşdirilərək lazımi hüquqi tədbirlər görülür”.
APA xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.

O bildirib ki, son günlər ölkə ictimaiyyəti, deputatlar, ziyalılar açıqlamalarında karantin rejiminin tələblərinin pozulmasına, maska taxmamağa görə polisin daha sərt tədbirlər görməsini istəyiblər: “Bu fikirlər, əlbəttə, təbii qarşılanır və polis bu işin öhdəsindən gəlir. Ancaq daxili işlər orqanlarının əməkdaşları hər bir məkanda, hər bir məhəllədə sutkalıq nəzarət həyata keçirə də bilməz... Bu nəzarət Prezidentimizin dediyi kimi, ümumxalq işinə çevrilməlidir.

Daxili İşlər naziri olaraq ictimaiyyətə müraciət edib bir daha bildirmək istərdim ki, bu cür neqativ hallara qarşı mübarizə yalnız rəsmi çərçivədə və polis müdaxiləsi ilə aparılmamalıdır. Biz bu ürək ağrıdan prosesdə ictimai qınağın, məzəmmətin və nəzarətin artırılmasını çox vacib sayırıq. Əgər vətəndaşlarımız öncə özləri qaydalara əməl edib, sonra da ətrafdakıların bu tələblərə riayət etməsinə çalışsalar, həmçinin tələblərə zidd davranışları müəyyənləşdirib çəkinmədən məlumat versələr bu prosesdə müsbətə doğru dönüş yaranar. Faktlar sübut edir ki, ictimai nəzarət bəzən elə rəsmi nəzarət qədər təsirli olur.

Ümumilikdə sərtləşdirilmiş karantin rejimində vətəndaşlarla polis əməkdaşları arasında əsasən səmimi, qarşılıqlı etimada əsaslanan, təəssübkeşlik ovqatlı münasibətlər mövcuddur və davam edir, bu həmrəyliyi, işbirliyini yüksək qiymətləndirirəm və əminəm ki, əlaqələrimiz daha da möhkəmlənəcək”.

Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi

"Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".
Bu sözlər Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın "Instagram"dakı hesabında yer alıb.

Baş prokuror 2 şəhər və 4 rayona yeni prokurorlar təyin etdi
Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir. Bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumatda deyilir.

Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Mübariz Əhmədova Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, Müqəddəs Sultanova Sumqayıt şəhərinin prokuroru vəzifələrinin icrası həvalə edilmiş, Vüqar Məmmədzadə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini, Tural Aslanov isə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifələrinə təyin edilmişlər.

Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə Fuad Məmmədova Şirvan şəhərinin, Rəşad Məmmədova Xaçmaz, Kamran Məmmədova Goranboy, Vüqar Əhmədliyə Kəlbəcər, Elxan Əbdürrəhmənova isə Qusar rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilmişdir.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.
Milli Məclisin  növbədənkənar 8 İCLASI KEÇİRİLİB

Milli Məclisin 8 növbədənkənar iclası keçirilərək, 35 qanun və qərar qəbul edilib.
Bunu parlamentin spikeri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, bu qanunlar ölkə başçısının yürütdüyü siyasətin uğurla həyata keçirilməsinə hüquqi zəmin yaradacaq. Bu müddət ərzində parlament beynəlxalq əlaqələr münasibəti baxımdan uğurlu olub. Qəbul edilmiş qanunlar payız sessiyası dövründəki fəaliyyət üçün yeni zəmin yaradacaq.

Milli Məclis dövlət himni oxumaqla növbədənkənar sessiyalarını da bitirdi.

Karantin cərimələri artırıldı

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi məsələsi I oxunuşda müzakirəyə çıxarılıb.

Məcəlləyə təklif edilir ki, epidemiya əleyhinə rejimin sanitar gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək cərimə edilsin.

İşin hallarına görə, xətanın törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər 4000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.

Məcəllənin 211.2- ci maddəsinə təklif edilir ki, epidemiya əleyhinə rejim sanitar gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilsin.

Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200, vəzifəli şəxslər 400, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilməsi təklif edilir.

***

Layihənin müzakirəsində çıxış edən deputat Siyavuş Novruzov qeyd edib ki, bu çox ciddi məsələdir: “Bu, milli təhlükəsizlik məsələsidir. Hər bir ailə dövlətin əsasını təşkil edir. Kimlərinsə qanunu pozmasının, laqeyd yanaşmasından və təkəbbürü nəticəsində insanlar xəstələnir. Bu zaman biz cərimələri daha kəskin şəkildə sərtləşdirməliyik. Tək cəriməylə yox digər inzibati metodlarla da qarşısını almağa çalışmalıyıq. Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpiyə maska alıb taxsın. Bu onun və özünün təhlükəsizliyinin qorunmasıdır. Biz cərimə məsələsini daha sərtləşdirməliyik. Sosial şəbəkələrdə həmçinin təxribat xarakterli fikirlər səslənir ki, pandemiya yoxdur. Bu şəxslərə qarşı da ciddi cəza tədbirləri görülməlidir”.

***

“Normativ hüquqi aktlar haqqında” qanunun tələblərinə əsasən dəyişiklik layihəsi I oxunuşda səsə qoyularaq qəbul edilib.