Xəbər verdiyimiz kimi, general-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına başlayıb.
Bu təyinata qədər Nizam Osmanov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.
Qeyd edək ki, general-leytenant Nizam Osmanov 2004-cü ildən 2013-cü ilə qədər I Ordu Korpusunun komandiri vəzifəsində xidmət edib.

2015-ci ilin yanvarında general-leytenant Nizam Osmanov Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunmuşdu. (modern.az)

Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Bu bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
General-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə yeni vəzifəyə təyin edilib.
General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.

Konstitusiyası “salfetka”, özü bonkrot: erməni dövləti belə sökülür - GƏLİŞMƏ
Ermənistanda pandemiya ilə dərinləşən iqtisadi tənəzzül fonunda siyasi (konstitusion) böhran da günü-gündən böyüməkdədir. Paralel surətdə ölkədə anti-Rusiya ovqatı heç vaxt olmadığı qədər güclənməkdədir. Baş nazir Nikol Paşinyan narazı cəmiyyətin diqqətini əsas problemlərdən yayındırmaq üçün ən müxtəlif variantlara baş vurmaq xətti götürüb, hətta yeri gələndə konstitusiyanı belə tapdamaqdan çəkinmir.

“Heç kimə sirr deyil ki, Ermənistanın sosial-iqtisadi vəziyyəti kritikdir, əslində bu, artıq tamamilə bonkrot olmuş bir dövlətdir”. Rusiyalı politoloq Vitali Arkovun hər hansı inkişaf perspektivi olmayan Ermənistana aid bu qiymətləndirməsi ilə razılaşmamaq qeyri- mümkündür.

Mövcud acı gerçəyi sözsüz ki, Nikol Paşinyan da anlayır. Odur ki, nə qədər gec deyil, öz hakimiyyət dayaqlarını möhkəmləndirməyə çalışır. Parlamentdə qəbul edilən və ciddi qalmaqla səbəb olan son konstitusiya dəyişiklikləri buna bariz sübutdur.

*****

Məlumat üçün bildirək ki, bu il aprelin 5-ə Ermənistanda “Əsas Qanun”a dəyişikliklərin edilməsi və 2015-ci ildəki konstitusiya islahatına qədər təyin edilmiş Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin səlahiyyətlərinin dayandırılmasını nəzərdə tutan referendum planlaşdırılmışdı. Ancaq koronavirusa görə ölkədə fövqəladə vəziyyət elan edildiyindən referendum baş tutmadı. Ardınca, iyunun əvvəlində Paşinyanın tərəfdarlarının konstitusion üstünlükdə olduğu (89+1) Ermənistan parlamenti konstitusiyaya dəyişikliklərlə bağlı referendumu ləğv etmək hüququ verən qanun qəbul etdi. Referendum ləğv olundu və iyunun sonunda parlament konstitusiyaya düzəlişlər etdi. Dəyişikliklərə əsasən, Konstitusiya Məhkəməsinin sədri Grayr Tovmasyan vəzifəsini itirdi, hərçənd o, hakim olmaqda davam edir.

Xatırladaq ki, Tovmasyan Paşinyanın siyasi kursuna müxalif mövqedə olan, Serj Sərkisyan rejiminə yaxınlığı ilə tanınan şəxsdir. Konstitusiya Məhkəməsinin (KS) yeni tərkibi isə Nikol Paşinyana hər şeydən öncə opponentlərə qarşı sərt tədbirlərə hüquqi don geydirmək üçün lazımdır. Söhbət xüsusən də az öncə fantastik məbləğdə girov müqabilində (4 milyon dollar) azadlığa buraxılan eks-prezident, “Qarabağ klanı”nın ən odioz üzvü Robert Köçəryandan gedir.

Bu və digər səbəblərdən baş verənlər Ermənistanın müxalif və ictimai kəsimində konstitusiya çevrilişi, hakimiyyətin bir nəfərin əlində cəmləşməsi kimi qiymətləndirilir. Əslində də belədir. Özünü demokrat sayan “inqilabçı” baş nazir Ermənistanda faktiki surətdə əvvəlki rejimlərdən ciddi fərqlənməyən sərt idarəçilik bərqərar eləmək yolunu tutub.

Ancaq məsələ ondadır ki, Paşinyanın sələfləri də vaxtilə oxşar yolla getmiş, öz hakimiyyət maraqları naminə konstitusiyaya qeyri-legitim yollarla düzəlişlər etdirə bilmişdilər. Son olaraq Sərkisyan konstitusiyanı özünə uyğunlaşdırmağa çalışsa da (prezidentli üsul-idarədən parlamentli idarəçiliyə keçid), bu, ona müyəssər olmadı. İnqilab baş verməsi nəticəsində Serj Sərkisyan öz hakimiyyətinin ömrünü uzada bilmədi, yeni baş nazir postunu Nikol Paşinyan ələ keçirdi.

Bu xüsusda Azərbaycan prezidenti İlham Əliyevin iki gün öncə yerli telekanallara müsahibəsində söylədiyi bir fikir yerinə düşür: “Son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb. Xunta getdi, diktatura gəldi. Ermənistanda insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur. Bir jurnalist həbsxanada aclıq elan etmiş və aclıqdan vəfat etmişdir. Ermənistanda konstitusiya kobudcasına pozulur və konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumla edilə bilərdi. Siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir, onların qohumlarına qarşı cinayət işləri açılır, hakimiyyət zəbt edilib, hakimiyyət bölgüsü tamamilə mövcud deyil. Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıb”.

*****

Düşmən ölkədəki hüquq müdafiəçiləri də vəziyyətdən narazılıqlarını açıq şəkildə bildirməyə başlayıblar.

“Ermənistanda indiyədək keçirilən konstitusiya dəyişiklikləri üzrə referendumların nəticələrinin heç biri mənim etibarımı qazanmayıb. Eynilə hazırkı hökumətin maraqlarına uyğunlaşdırılan son dəyişikliklərə də ciddi şübhələrim var”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistanın ilk ombudsmanı, hüquq müdafiəçisi Larisa Allahverdiyan yerli mediaya açıqlamasında söyləyib.

Onun sözlərinə görə, 1995-ci ildəki ən utancverici referendum da daxil, Ermənistanda reallaşan hər üç konstitusiya referendumunun nəticələri etibarlılıq baxımından həmişə ictimai şübhələr doğurub. “Eləcə də 2015-ci il konstitusiyası bir çox kobud nöqsanlara malikdir. Bu konstitusiya keçmiş hakimiyyət (Serj Sərkisyan rejimi - YM) üçün yaradıldı, amma bu gün onun tamamilə fərqli bir hakimiyyət (Paşinyan iqtidarı - YM) tərəfindən mükəmməl istifadə olunduğunu görürük”, - deyə eks-ombudsman qeyd edib.

Fikrinə davam edən erməni hüquq müdafiəçisi deyib: “Yeni hökumətin proqramı, hansı ilə ki, o irəliləyir, mənəvi prinsiplərə əsaslanan dəyər sisteminə tamamilə ziddir. Çünki istənilən konstitusiya hüquqa, qanuna və cəmiyyətə söykənməlidir. Uyğunsuzluq da elə bundadır. Yəni yeni konstitusiya hakim siyasi qüvvənin maraqlarına uğun yaradılmır ki? Məndə əsaslı şübhə var ki, məhz belə olacaq. Bizdə hüquqa və qanunu hərfinə əsaslanan konstitusiya, deyəsən, heç vaxt olmayacaq. Yalnızca hakimiyyətdəki növbəti siyasi qüvvənin konkret maraqlarına uyğunlaşdırılan Əsas Qanun olacaq”.

Beləcə, erməni hüquq müdafiəçisi - sabiq ombudsman da etiraf edir ki, Ermənistan konstitusiyası de-fakto salfet kağızına çevrilib. Ancaq bu, əlbəttə ki, Azərbaycanın problemi deyil. Əksinə, müharibə vəziyyətində olduğumuz düşmən ölkədə daxili siyasi didişmələr və iqtisadi böhran nə qədər dərin olsa, bir o qədər bizim maraqlarımıza cavab verir. Çünki bu çəkişmələr işğalçını daha da taqətdən salır, Qarabağ cəbhəsində onun sayıqlığını azaldır, bütövlükdə onun tam iflasını yaxınlaşdırır...
“Yeni Müsavat”
Mədət Quliyevə yeni müavin təyin edilib
Azərbaycanın Müdafiə Sənayesi nazirinə yeni müavin təyin edilib.

Bununla bağlı müvafiq sərəncam imzalanıb. 

Sərəncama əsasən, Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müavini təyin olunub. 

Qeyd edək ki, Mehman Abbas oğlu Baxışov 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altı-Agac kəndində anadan olub.

1981-ci ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbini mühəndis-texnoloq ixtisası üzrə bitirib.

1981-ci ilin iyul ayından 1985-ci ilin avqust ayına qədər SSRİ Hərbi Dəniz Donanmasının Mərkəzi Kimya Anbarında saxlama şöbəsinin rəisi işləyib.

1985-ci ilin avqust ayından SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində kiçik nümayəndə işləyib.

1990-cı ilin noyabr ayından SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi nümayəndəliyinin rəisi işləyib.

1992-ci ilin aprel ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyində Silah və Hərbi Texnika İdarəsində qərargah rəisinin müavini işləyib.

1992-ci ilin may ayından 1994-cü ilin yanvar ayına qədər Müdafiə Sənayesi İdarəsində Hərbi nümayəndəliklər şöbəsinin rəisi işləyib

1994-cü ilin yanvar ayından 2019-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin rəisi vəzifəsində xidmət edib.

2019-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ehtiyata buraxılıb.

2019-cu ilin noyabr ayından Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin (hərbi-texniki əməkdaşlıq üzrə) müşaviri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi nazirinin müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2008-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-ci Sərəncamı ilə General-mayor hərbi rütbəsi verilib.

Xatırladaq ki, Müdafiə Sənayesi naziri Mədət Quliyevdir. (report.az)

Mehman Baxışov

"Elmar Məmmədyarovun Azərbaycanı dünyada təmsil etməsi doğru deyil" - GƏLİŞMƏDTX mərkəzi dövlət orqanlarında əməliyyatlar keçirib, vəzifəliləri cinayət məsuliyyətinə cəlb etsə də, bir qayda olaraq, birinci şəxslər kənarda qalır. Belə çıxır ki, həmin strukturlara rəhbərlik edənlər tabeliklərində çalışan adamların cinayət əməllərindən, büdcə vəsaitlərinin mənimsənilməsindən tam xəbərsiz olublar.
Oxşar hadisə son olaraq, Xarici İşlər Nazirliyində yaşandı. DTX-nın bu qurumda keçirdiyi əməliyyat nəticəsində tenderlər vasitəsilə büdcə vəsaitinin mənimsənilməsindən tutmuş, əcnəbilərə Azərbaycana səfər və iş vizası verilməsi üçün rüşvət alınmasına qədər, müxtəlif cinayət əməllərinin üstü açıldı. Ölkənin xarici siyasətini müəyyənləşdirən qurumun da korrupsiyaya bulaşdığı konkret faktlarla təsdiqləndi. Belə görünür ki, digər dövlət orqanlarının rəhbərləri kimi, xarici işlər naziri Elmar Məmmədyarov da toxunulmaz qalır.
Xarici İşlər Nazirliyi dövlətin ən önəmli qurumlarından biridir. Bu nazirlik xarici siyasəti həyata keçirir, ölkəni dünyada təmsil edir. Üstəlik, Qarabağ münaqişəsinin həlli üzrə çox ağır, mürəkkəb, eyni zamanda çox məsuliyyətli bir prosesi də XİN aparır. Belə bir qurumda korrupsiyanın mövcudluğu onun və şəxsən nazirin beynəlxalq miqyasda nüfuzuna xələl gətirən, ölkənin mövqeyini zəiflədən amildir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Press Klub”a açıqlamasında bildirdi ki, E.Məmmədyarovun xarici işlər naziri kimi fəaliyyəti ölkə üçün üçün faydalı deyil. Ekspert bu fikrini əsaslandırarkən ilk növbədə Məmmədyarovun dövlət dilini mükəmməl bilməməsini xatırlatdı:
“Söhbət etdiyim bir necə xarici diplomatdan bu barədə eşidəndə xəcalət çəkmişəm. Soruşurlar ki, necə ola bilər, xarici işlər naziri öz ana dilində danışa bilməsin?! Elə tək bu səbəbə görə Elmar Məmmədyarovun Azərbaycanı dünyada təmsil etməsi doğru deyil”.
Politoloqun fikrincə, Məmmədyarov Dağlıq Qarabağ danışıqlarında da Azərbaycanın mövqeyini lazımınca təmsil edə bilmir:
“Onun danışıqlarda sərt mövqe sərgilədiyini düşünmürəm. Erməni nazir danışıqları uzadır, çünki status-kvonun uzanması işğalçının xeyrinədir. Elmar Məmmədyarov isə buna qarşı tutarlı arqument ortaya qoya bilmir. Münaqişənin həlli bir tərəfə, Minsk Qrupu həmsədrləri ermənilərin Dağlıq Qarabağ ətrafındakı rayonları məskunlaşdırmasına, Şuşa, Kəlbəcər və Laçında müəssisələr açmasına səssizdir. Halbuki, özlərinin hazırladıqları müxtəlif planlara görə, Dağlıq Qarabağın ətrafı boşaldılmalıdır. Məmmədyarov niyə həmsədrlərin “yaxasından yapışmır” ki, erməniləri niyə bu qədər cəsarətləndirmisiniz? Və ya işğalçı dövlətin baş naziri gəlib Şuşada andiçmə mərasimi keçirir. Məmmədyarovun bu məsələ ilə bağlı da həyəcan təbili çaldığını duymadıq”.
E.Məmmədyarovun 2 oğlunun ABŞ vətəndaşı olması və bu ölkədə bahalı mülklər alması barədə məlumatları yada salan politoloq deyir ki, dövlət orqanları bu məsələnin üstündən keçməməli, araşdırma aparmalıdır. Çünki nazir özü övladlarının Nyu-York kimi bahalı şəhərdə milyonlarla dəyəri olan mülkü hansı vəsait hesabına almasına aydınlıq gətirmədi. E.Şahinoğlu hesab edir ki, E.Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulmalıdır. Fikrini də belə əsaslandırır:
“Milli və dövlət maraqlarını müdafiə etməli olan nazirin övladları vətənlərində yaşamaq istəmirsə, bunun özü böyük qüsurdur. Mətbuatda və sosial şəbəkələrdə qaldırılan bu sualara cavab vermək əvəzinə, nazir mətbuat katibi vasitəsilə bu haqda yazanları hədələdi ki, kim bundan sonra onun övladlarının milyon dollarlıq mülkləri barədə yazsa, onları DTX-ya şikayət edəcək. Fikrimcə, Təhlükəsizlik Xidməti nazirin maliyyə imkanlarını araşdıracaq. Xarici İşlər Nazirliyində korrupsiya hallarının aşkarlanması Məmmədyarova ciddi zərbədir. Bundan sonra onun vəzifəsinə davam etməsi doğru deyil. Cənab Məmmədyarov prezidentin qərarını gözləmədən istefa verməlidir. Onun ölkəni tərk etməsinə də icazə verilməməlidir. Dövlət sirlərini bilən şəxsin rəhbərlik etdiyi qurumda korrupsiya faktları varsa, həmin qurumda dövlətə xəyanət də baş verə bilər. Ümumiyyətlə, Xarici İşlər Nazirliyi yenidən qurulmalıdır. Nazirliyə milli ruhlu kadrlar cəlb olunmalıdır. Təəssüf ki, XİN-də uzun illər qohumbazlıq prinsipləri üstün tutulub. Nadir hallarda öz gücünə və savadına güvənən birisinə irəliləmək imkanı veriblər”.
Hüquqşünas Xalid Bağırov isə dövlət strukturlarına rəhbərlik edən şəxslərin tabeliklərində olanların cinayət əməllərinə görə məsuliyyət daşıyıb-daşımadığını “Press Klub”a şərh edib. Onun sözlərinə görə, belə məsuliyyəti nəzərdə tutan konkret hüquqi norma yoxdur. Bununla belə, X.Bağırov hesab edir ki, Azərbaycanda hansısa nazirlikdə illərlə tenderlər vasitəsilə milyonların rəhbərlikdən xəbərsiz mənimsənilməsi inandırıcı deyil:
“Tenderlərdə yeyinti bir orqanda həll olunası məsələ deyil, bundan nəinki rəhbərliyin, hətta başqa strukturların da məlumatı olur. Konkret hüquqi norma yoxdur ki, rəhbər şəxs mütləq tabeliyindəki işçinin korrupsiya əməlinə görə məsuliyyət daşıyır. Bizdə bəzən rüşvət və korrupsiyanı qarışdırırlar. Müdirin otağında 1000-2000 manat alması rüşvətdir, amma müxtəlif yollarla, xüsusən yalançı tenderlərlə böyük məbləğdə büdcə vəsaitinin mənimsənilməsi artıq korrupsiyadır. Əgər hansısa dövlət orqanında tenderlərdə korrupsiyanın üstü açılıbsa, mütləq araşdırma aparılmalı, rəhbər şəxslərin məsuliyyəti müəyyənləşdirilməlidir ki, əlbirlik olubmu, yoxsa rəhbərliyin səhlənkarlığı nəticəsində başıpozuqluq hökm sürüb? Rəhbərliyin ümumiyyətlə, xəbərinin olmadığı aydınlaşarsa, buna görə də qərar verilməlidir ki, tabeliyindəki şəxslərə nəzarət edə bilməyən adam öz vəzifəsində qalmalıdır, yoxsa yox”.
X.Bağırov qeyd etdi ki, tenderlərdə korrupsiyaya yol verildiyini müəyyənləşdirmək çox asandır. Tenderlərdə əsasən iki üsulla yeyinti olur: görüləcək işin və ya alınacaq avadanlığın dəyərinin sənədlərdə 3-4 dəfə şişirdilməsi, yaxud da işlərin natamam icrası:
“Azərbaycanda dövlət orqanları 80 faiz hallarda tenderlərdə özlərinə, qohumlarına yaxın olan şirkətləri qalib elan edirlər. Məsələn, Bakıda beynəlxalq avtovağzalın tikintisində sifarişçi Nəqliyyat Nazirliyi idi, icraçı da Ziya Məmmədovun qardaşının şirkəti. Belə hallardan rəhbərliyin xəbərinin olmadığını düşünmək sadəlövhlük olar. Çünki burada korrupsiyanı görmək çox bəsitdir. Tenderdə pul yeyintisi olanda ya nəzərdə tutulan işlərin hamısı görülmür, avadanlıqların hamısı alınmır, yaxud da qiymətlər üç-dörd dəfə şişirdilmiş şəkildə göstərilir, büdcədən daha çox vəsait ayrılır, artıq qalan pul mənimsənilir. Vəsaiti ayıran Maliyyə Nazirliyidir. Məgər sənədlərə baxanda görmürlər ki, 10 manatlıq iş üçün 50 manat nəzərdə tutulub?!”
Hüquqşünas onu da qeyd etdi ki, Azərbaycan hökuməti 2012-ci ildə şirkətlərin sahibləri və fəaliyyəti ilə bağlı məlumatları “kommersiya sirri” kateqoriyasına aid edib gizlətməklə, korrupsiya əməllərinə rəvac verdi:
“İlk növbədə tenderin şəffaflığı təmin olunmalıdır. Bilməliyik ki, dövlət orqanlarının elan etdiyi tenderdə hansı şirkət iştirak edir, təklifi nəfir, bu şirkət kimə məxsusdur. Hökumət şirkətlərin kimə məxsusluğunu gizlətməklə korrupsiya proseslərinə yardım etdi. Şirkətin kimə məxsus olması normal ölkələrin heç birində kommersiya sirri sayılmır. Bu məlumat açıq olmalıdır, bilinməlidir ki, məsuliyyətli iş kimə həvalə olunur. Azərbaycanda idarəetmədə yalnız o vaxt cəzalandırırlar ki, hardasa özü yeyib, yuxarı çatdırmayıb”.
Deputatlara inanmayın, aparatda zarıyan xəstələrə inanın...

Ötən həftə AzTV-də qonaq olanda, həmkarlarımdan biri ilə aramızda fikir ayrılığı yarandı. Gənc, həm də perspektivli jurnalist dostum dedi ki, koronavirusun olduğuna dair təbliğatı ayrı-ayrı deputatlar apardığı üçün xalq bu xəstəliyin mövcudluğuna inanmır...

Oxşar iradlarla əvvəllər də qarşılaşmışıq. Hələ mart ayında sərt karantin rejimi tətbiq olunanda ağız büzən, təhlükənin miqyasını anlamayan xeyli adam vardı. “Koronavirus adlı xəstəlik yoxdur, hamısı siyasətdir”- deyib, etinasızca barmaq silkəyən adamlarla hər tində qarşılaşmaq olurdu. Hökumət vəziyyətin təhlükəli xarakter aldığını görəndə, təbliğat kampaniyasına start verdi. Bundan sonra ən müxtəlif peşə sahibləri insanları evdə qalmağa səslədilər.

Şəxsən mən hazırda koronavirusun olduğuna şübhə ilə yanaşan bir Allah bəndəsi də tanımıram. Çünki hər birimizin tanıdığı adamların arasında virusa yoluxanlar var. Hətta hər birimizin tanıdığı adamların arasında virusdan dünyasını dəyişənlər də var. Demək ki, koronavirusun mövcudluğuna şübhə etməyə səbəb yoxdur.

Nəhayət, mətləbə keçmək istəyirəm. Tutaq ki, deputat Cavid Osmanov koronavirusun təhlükəli xəstəlik olduğuna dair təbliğat aparır. İndi bizi Osmanov yoldaşın dilinə heç vaxt düz söz gəlmədiyini əsas götürüb, koronavirusun olduğuna inanmamalıyıq? Mən bu məntiqə, əslində isə məntiqsizliyə etiraz edirəm. Biz niyə gözümüzün qabağında koronavirusdan ölən adamlara deyil, hansısa deputata inanmalıyıq? Hansısa deputata inanmamağa haqqımız var. Koronavirusa yoluxduğu üçün qoşulduğu aparatda zarıyan xəstəyə inanmamağa isə haqqımız yoxdur.

Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycanda koronavirus adlı bəlanın olduğuna inanmayan adam qalmayıb. Çox pakizə. Yaxşı, biz koronavirusa inanıb, nəyə nail olmuşuq? Tövsiyələrə hamılıqla əməl edirikmi? Təəssüf ki, bu suala müsbət cavab vermək üçün əlimzidə nəinki səbəb, heç bəhanə də yoxdur. Dağda-bağda övladlarına xəlvətcə toy edən bizim qohum-qardaşlarımız, əsgər yoldaşlarımızdır. Nişan mərasimində cərimələnənlər də dayımız uşaqlarıdır. Dünyadan köçən qohumuna gizlincə ehsan verən, sağlam adamları xəstə qonşularıyla bir masa arxasında oturtduran, bir gündə 48 nəfəri virusa yoluxduran da yenə biz özümüzük. Sağa-sola boylanıb, heç kimin bizi görmədiyinə əmin olandan sonra karantin rejimini pozan natəmiz restoranın qapısından özünü içəri dürtən də yenə bizik. Pula həmişəkindən daha çox ehtiyac duyulduğu bu çətin vaxtda ədəbazlıq edib maska taxmayan da yenə biz özümüzük...

Dədə Qorqudun məşhur kəlamını xatırlayırsınızmı? Torpağı qorumadınsa, əkib-becərməyə dəyməz. Torpağı əkib-becərmədinsə, qorumağa dəyməz.

Təxminən oxşar vəziyyət yaranıb. Xəstəlikdən özümüzü qorumuruqsa, onun mövcudluğuna inanmağın heç bir əhəmiyyəti yoxdur...
Seymur VERDİZADƏ //yenisabah.az//

Türkiyədə müalicə olunan Vahid Əhmədovdan xəbər var

“Vahid Əhmədovla dünən əlaqə saxlamışam. Özünü yaxşı hiss edir. Hazırda səhhəti normaldır”.

Bunu Modern.az-a deputat Vahid Əhmədovun köməkçisi Arif Orucov deyib.

Arif Orucov Vahid Əhmədovun dəqiq nə vaxt Azərbaycana qayıdacağını bilmədiyini də qeyd edib: “Bu barədə bir söz deyə bilmərəm. Güman ki, yaxın günlərdə ölkəyə qayıdacaq”.

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin deputatı Vahid Əhmədovun səhhətində problem yaranıb. Deputat təcili olaraq özəl təyyarə ilə Türkiyəyə aparılıb. Millət vəkili 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunub.

İlham Əliyev Quterreşə zəng etdi

Prezident İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə telefonla zəng edib.

Bununla bağlı Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir:

Telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir.

Dövlət başçısı COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırdığını qeyd edib.

İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə Baş katibə təşəkkürünü çatdırıb və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü dəstəklədiyini vurğulayıb.

Dövlət başçısı BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Prezident xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirib.

BMT-nin Baş katibi Antonio Quterreş telefon zənginə görə İlham Əliyevə təşəkkür edib. Baş katib BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Eyni zamanda, Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını bildirib.

Prezident Ilham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq.

Ramiz Mehdiyev ittihamlara cavab verdi

"Azərbaycan mətbuatında Prezident Administrasiyasında işlədiyim dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir. Əvvəla, həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir ki, Ramiz Mehdiyev mövzusu onlara bu və ya digər şəkildə niyyətlərinə çatmaq üçün əlverişli bir vasitədir. Yazılanların hamısı birtərəfli qaydada təhrif edilərək təqdim olunan, şəxsi məqsədlərə xidmət edən uydurma və böhtanlardan ibarətdir".

"Qafqazinfo" xəbər verir ki, bunu AMEA-nın prezidenti Ramin Mehdiyev mətbuatda barəsində yazılanları şərh edərkən deyib.

Qurum rəhbəri bildirib:

"Bildirmək istəyirəm ki, ölkəmizə uğurla rəhbərlik etmiş Ümummilli lider Heydər Əliyevin və yeni tarixi mərhələnin lideri İlham Əliyevin siyasətinə daim sədaqətlə xidmət etmişəm, ölkə rəhbərinin xalqımızı böyük çətinliklərdən qurtararaq bugünki inkişaf mərhələsinə çıxaran müdrik və uzaqgörən idarəçilik fəlsəfəsinin həyata keçirilməsinə sidqi-ürəklə xidmət etmişəm.

Müxtəlif dövrlərdə Vəzirovun, Mütəllibovun, Xalq Cəbhəsinin, haqsız iddialı və narazı qrupların təzyiqlərinə, təhqirlərinə, hədə-qorxularına baxmayaraq Heydər Əliyev – İlham Əliyev yoluna sadiq qalmışam, gənclik dövründən bu günə qədər heç vaxt öz əqidəmdən dönməmişəm. Fəaliyyətimin başlıca amalını həmişə Ümummilli liderin, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müstəqillik və azərbaycançılıq siyasətinin məsuliyyətlə icrasına sərf etməkdə görmüşəm.

Möhtərəm Prezident İlham Əliyevin “Ölkəmizin uğurlu və hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz” sözləri mənim üçün hər şeydən daha yüksəkdə dayanan bir qiymətdir. AMEA-nın prezidenti kimi də ölkəmizin rəhbəri İlham Əliyevin elmimiz qarşısında qoyduğu vəzifələri ləyaqətlə və məsuliyyətlə həyata keçirməyi, cənab Prezidentin məni təyin etdiyi bu vəzifədə dövlət başçısına həmişə olduğu kimi bütün sahələrdə köməklik göstərməyi özümə borc bilirəm".

Nazirdən yeni kadr təyinatı
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı daha bir əmr imzalayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirin əmri ilə polis polkovnik-leytenantı Vilayət Allahverdiyev Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin olunub.

O, bundan əvvəl həmin idarədə baş əməliyyat müvəkkili olub. Daha əvvəl isə Goranboy RPŞ-nin CAİ rəisi olub.