“Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmadı. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr onlara yaxşı dərs oldu”.
Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib:
“Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs oldu.
Ancaq buna baxmayaraq dünən və srağagün, onlar tərəfindən yenidən çirkin addımlar atılıb, növbəti dəfə hərbi təxribat törədilib və bu təxribat nəticəsində bir neçə hərbçimiz, o cümlədən general Polad Həşimov, polkovnik İlqar Mirzəyev həlak olmuşdur.
Bu gün səhər saatlarında general Polad Həşimovun anası Səmayə xanımla danışdım, ona başsağlığı veridm, Allahdan səbr dilədim və onu əmin etdim ki, onun oğlunun, bizim qəhrəmanımızın qanı yerdə qalmayıb, onun qisası alındı və bundan sonra da alınacaq. Belə analara eşq olsun ki, belə övladları, igidləri, xalqımız, dövlətimiz üçün yetişdirib. Bildirməliyəm ki, general Polad Həşimov orduda çox böyük hörmətə malik olan insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdir. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordenləri ilə təltif edilib, mənim tərəfimdən ona “General” rütbəsi verilmişdir”.
"Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi".
Bu sözləri Prezident İlham Əliyev dünən Şəhidlər Xiyabanında keçirilmiş yürüşlə bağlı çıxışında deyib:
"Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər xiyabanına gələndən sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub. İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər. Mən daxili işlər orqanlarına göstəriş vermişdim ki, insanların Şəhidlər xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin. Çünki insanlar bir çox hallarda avtomobil yolu ilə gedirdilər. Bütün bu göstərişləri dünən axşam mən Daxili İşlər naziri Vilayət Eyvazova verdim. Eyni zamanda, dedim ki, siz ayıq olun, çünki istisna edilmir, hansısa təxribatçı qüvvələr və bizi istəməyənlər, “beşinci kolon”un nümayəndələri, satqınlar orada hansısa təxribat törədə bilərlər. Çünki belə kütləvi tədbirlərdə, o cümlədən əvvəlcədən təşkil olunmamış kütləvi tədbirlərdə bəzən xoşagəlməz hallar da baş verir. Ona görə Şəhidlər xiyabanına qədər bütün yol boyunca polis əməkdaşları öz vəzifə borclarını ləyaqətlə icra ediblər. Şəhidlər xiyabanında da insanlar yığışanda asayiş tam təmin edilirdi. Ancaq bir daha demək istəyirəm ki, bir qrup təxribatçı bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Təbii ki, daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Artıq onların şəxsiyyəti müəyyənləşdirilir. Onların hamısı məsuliyyətə cəlb ediləcək, bir nəfər də, - mən bu gün səhər dedim, - məsuliyyətdən boyun qaçıra bilməyəcək. Əlbəttə ki, ancaq qanun çərçivəsində onlara layiqli cəza veriləcəkdir, əgər onlar məhkəmə tərəfindən bu cəzaya layiq görüləcəklərsə. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün biz ictimaiyyətdən də yardım istəyirik. O təxribatçıları tam müəyyən etmək üçün dünən oraya toplaşan vətənpərvər insanlardan da mən xahiş edirəm, əgər o videokadrlarda kimisə, iğtişaş törətmək istəyənləri tanıyırlarsa, məlumat versinlər, biz hamısını tapaq və cəzasını verək.
Azərbaycan xalqını bu təxribata çəkən Ermənistan başından zərbə aldı. Bizim şanlı ordumuz, bizim əsgərlərimiz, zabitlərimiz, hərbi komandirlərimiz bu günlər ərzində gecə-gündüz yatmadan iş başındadırlar. Mən Müdafiə nazirinə, Baş Qərargah rəisinə nə vaxt zəng edirəmsə, iş başındadırlar - gecə, səhər saat 7-də, axşam saat 10-da, gecə saat 2-də. Biz böyük qələbə qazanmışıq, xalq da bunu dəstəklədi. Xalq qələbəni qeyd etmək, şəhidlərimizin ruhunu yad etmək üçün Şəhidlər xiyabanına gəldi. Hansısa yaramaz ünsürlər burada iğtişaş törədəcək? Bu olmayacaq. Onların fikri 1990-cı illərin əvvəllərinə getməsin. Azərbaycanın o vaxtkı hakimiyyətinin bədbəxtliyi də ondan ibarət idi ki, Xalq Cəbhəsi kimi çirkin, mənfur, qorxaq, satqın fərarilərdən qaçdı. O fərarilər ki, ondan bir il sonra hakimiyyəti qoyub qaçdılar. Bax, bu binada otururdular. Bu binanı da zibilləmişdilər. Prezidentin kabinetində hər gün kolbasa, araq yeyib-içirdilər, hər gün, gecə səhərə qədər. Sonra da o vaxtkı prezident saat 12-də yuxudan oyanırdı. Saat 5-də də yenidən kolbasa, araq. Keçmiş müdafiə naziri, keçmiş daxili işlər naziri, keçmiş dövlət katibi, keçmiş prezident bu binanı murdarlamışdılar. Belə bir çirkin dəstə gəlib o vaxt hakimiyyəti hay-küylə yıxdı. Onların fikri ora getməsin. Bunların dərsini vermişik, verəcəyik. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək.
Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe - beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq. Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik. Heç kim bizə göstəriş verə bilməz. Dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır. Yadınıza salın, o vaxt torpaqlar əldən gedirdi, burada parlamentin qarşısında mitinqlər təşkil edilirdi. Minlərlə insan yığışırdı, öz hiddətini ifadə edirdi. Ancaq nəticə etibarilə nə oldu? Torpaqlar əldən getdi. İndi mitinq vaxtıdırmı? Biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. Bu çirkin ünsürlər indi burada vəziyyəti gərginləşdirmək istəyir. Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır".
Xəbər verdiyimiz kimi, iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
“Qafqazinfo”nun iclasdan video-görüntünü təqdim edir:
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin dəfn mərasimi zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçuların ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata əsasən, general-mayor Polad Həşimovun anası və polkovnik İlqar Mirzəyevin oğlu Ali Baş Komandanla danışıblar.
İkinci Fəxri Xiyabanda baş tutan vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-leytenant Yaşar Əliyev, Prezident Administrasiyasının Silahlı Qüvvələrlə iş sektorunun müdiri general-leytenant Elşad Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, mərhumların xidmət yoldaşları şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
Bu barədə "Ölkə.Az"a Müdafiə Nazirliyindən bildirilib.
Mərasimdə çıxış edən polkovnik Abdulla Qurbani general-mayor P.Həşimov və polkovnik İ.Mirzəyevin həyat və döyüş yolları barədə məlumat verib.
Hərbi Okestrin ifa etdiyi Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə şəhidlərimiz əsgəri ənənələrə uyğun olaraq yayılım atəşləri altında son mənzilə yola salınıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyev mərasim zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçularımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərimizin ailə üzvlərini və bütün mərasim iştirakçılarına şəhidlərimizin qanının yerdə qalmadığını və bundan sonra da qalmayacağını bildirib.
Müdafiə naziri şəhidlərimizin tabutu üzərindəki üçrəngli Azərbaycan Bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim edib.
General-mayor P.Həşimovun qardaşı İlham Həşimov və polkovnik İ.Mirzəyevin oğlu Elvin Mirzəyev Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə vida mərasiminin yüksək səviyyədə təşkil olunduğuna görə dərin minnətdarlıqlarını bildiriblər.
E.Mirzəyev atasının yolunu davam etdirərək zabit kimi Azərbaycan Ordusu sıralarına qatılacağına, atasının və bütün şəhidlərimizin qisasını alacağına söz verib.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Ceyhun Əliyev bu gecə parlamentdə baş verən hadisələrlə bağlı jurnalistlərə açıqlama verib.
C. Əliyev qeyd edib ki, dünən gecə Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayon istiqamətində gedən döyüşlərə dəstək olaraq yürük keçirilib:
“Yürüşün keçirildiyi ərazidə və Şəhidlər Xiyabanı, Milli Məclis ərazisində vətəbdaşlar toplaşmışdı. Həmin yürüş edən vətəndaşların bir qismi qanunsuz olaraq Milli Məclisin inzibatı binasına daxil olublar və bir sıra dağıntılar törədiblər. Daha sonra polis onlara binanı tərk etmək üçün çağırış edib və binadan çıxarılıblar. Yürüş təşkil edən qrup binadan çıxarılandam sonra sonra Milli Məclisin spikeri Sahibə Qafarova vəziyyətlə yerindəcə tanış olub. Fəsadların aradan qaldırılması üçün tapşırıq verilib”.
O qeyd edib ki, Milli Məclisin mülkiyyətinə vurulan ziyan hesablanacaq və məlumat veriləcək:
“Bu, qanunsuz olaraq binaya qanunsuz daxilolma cəhdidir. Bunun qarşısı polislər tərəfindən alınıb. Milli Məclis olaraq qətiyyətlə bildiririk ki, xalqımız, dövlətimiz, ordumuz çətin vəziyyətdə təxribatçı qüvvələrə qarçı həssas yanaşmalıdır.Təxribat törədən qüvvələrə qarşı müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.
Milli Məclis Aparatı dünən baş verən hadisələr ilə bağlı açıqlama yayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, açıqlamada bildirilir ki, ötən gün axşam Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub.
“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib və Parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb.
Yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova yaranmış vəziyyətlə yerində tanış olub.
Azərbaycan Respublikasının Milli Məclisi olaraq Xalqımıza, Dövlətimizə, Ordumuza dəstək yürüşünə ehtiramımızı və həssas yanaşdığımızı ifadə edirik. Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını qəti şəkildə pisləyirik. Bu çətin günlərdə Dövlətin Ali Qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir.
Bu gün Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində döyüşlər getdiyi bir vaxtda, hamının bir nəfər kimi birlik nümayiş etdirdiyi bir zamanda xüsusi həssaslıq göstərilməsinin və ehtiyatlı davranmağın vacibliyini diqqətə çatdırırıq.
Azərbaycan Respublikası Milli Məclisi olaraq bildiririk ki, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıyırıq”,- deyə açıqlamada qeyd olunur.
Dünən səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər zamanı şəhid olan polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub.
“Qafqazinfo” xəbər verir ki, dəfn mərasimində Prezident Administrasiyasının nümayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edib.
Günel Hacı
Fotolar: Nuran Məmmədov
Bu vətəni sevən, onun şəhidi üçün göz yaşı tökən, Ordumuzun zəfəri üçün dua edən, dövlətimizin ayaqda qalmasını istəyən insanlar, vətəndaşlar! Bu gecə baş verənlər, 1992-ci ilin Xocalı hadisələrindən sonrakı ssenariyə bənzəyən bir durum idi. İnsanların Vətənə, onun şəhidinə sevgi hissələrini dövlətə qarşı yönəldə bildilər. Bu, sıradan bir təxribat deyildi, xüsusi hazırlanmış qüvvələrin dövlətimiz əleyhinə planlı addımı idi.
Bunu ötən gecə keçirilən dəstək yürüşündə baş verən təxribata münasibət bildirən millət vəkili Fazil Mustafa qeyd edib.
O bildirib ki, vətəndaşlar bu vəziyyətdən istifadə edən təxribatçıları uymamalıdır:
“Bir azdan soyuqqanlı düşünəndə çoxunuz deyəcəksiniz ki, mən niyə bu addımlara alət oldum. Necə ki, 28 il geriyə baxanda o nəslin insanlarından biri kimi, biz də bunu deyirik. Xocalı emosiyasının ardından hakimiyyət boşluğunun yaranması nəticəsində Şuşa və Laçın getdi. İndi də erməninin təxribatı ilə paralel düşmən qarşısında sinəsini sipər edən əsgərlərimizə dəstək verməli olduğumuz halda, düşünülmüş şəkildə prosesləri Bakıya yönəldə bildilər. Şəhid üçün ehtiram, sevgi yürüşünü ali qanunvericilik orqanına daxil olub dağıntıya məruz qoymaqla tamamladılar. Bu o deməkdir ki, istənilən mobil provakator qüvvə səmimi niyyətli insanların hərəkətlərinə kölgə sala bilər. Bu qüvvə inanın ki, ölkəmizin xaricindən idarə olunur. Gec deyil, bütün dövlətini sevən insanlar bu dövlətin zərər görməməsi üçün sağlam mövqe nümayiş etdirməlidir. Öz dövlətinin müstəqilliyinə həssas olan insanlar laqeydlik göstərsələr, müşahidəçi rolunda prosesləri izləməyə davam etsələr, biz bu dəfə Azərbaycanı itirəcəyik və kimlərəsə arzuladığı hakimiyyət də qismət olmayacaq. Xüsusilə də sosial şəbəkələrdə çağırışlara diqqət etməliyik, vətəndaşları qanunlara əməl etməyə çağırmalıyıq”.
F.Mustafa bildirib ki, dövlətə qarşı cəbhə açmaq faciələrə səbəb ola bilər:
“Son iki günün hadisələrindən sonra onsuz da virusun yayılması daha ciddi şəkil alacaq, kütləvi aksiyalarda maskasız və sosial məsafəsiz iştirak edənlərin bir-birinə xəstəliyi yoluxdurması qaçılmazdır. Ona görə də dövlətimizə erməni canilərinə və koronavirusa qarşı mübarizədən başqa cəbhə açmaq böyük milli faciəyə gətirib çıxara bilər. Bu hadisələr həm də onu göstərdi ki, ölkədə çox ciddi iqtisadi və sosial yönümlü islahatlar aparılmalıdır, insanların məşğulluq problemi formal statistikadan uzaqlaşaraq real zəmində həll edilməlidir. Yerində olmayan, səriştəsiz məmurlar təcili dəyişdirilməli, xalq üçün çalışmaq niyyəti olanlar iş başına gətirilməlidir. Yəni bu nöqtədən sonra küçələrdə heç bir məsələnin çözülməsinə dövlət və xalq olaraq imkan verməməliyik, pası vətəndaşların dəstəyinə dayanan islahatlara ötürməliyik”. /Axar.az/