Son xəbərlər

Ramiz Mehdiyev AMEA-da 4 strukturu ləğv edib, yeni şöbələr yaradıb

Azərbaycam Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının strukturunda dəyişiklik edilib və 4 qurum ləğv olunub.

“Report” xəbər verir ki, bunlar Protokol şöbəsi, Katiblik, İkinci xüsusi şöbə və Elmi irs mərkəzidir.

Bundan başqa, Rəyasət Heyətində iki yeni - Daxili nəzarət və audit şöbəsi və Sənədlərlə iş şöbəsi yaradılıb.

Eyni zamanda, Elm və təhsil baş idarəsinin adı dəyişdirilərək Elm və təhsil idarəsi, Beynəlxalq əlaqələr idarəsinin adı yenilənərək Xarici əlaqələr idarəsi, Elmi tədqiqatların koordinasiyası şöbəsinin adı dəyişdirilərək Elmi tədqiqatların əlaqələndirilməsi şöbəsi, Maliyyə və mühasibat uçotu şöbəsi Maliyyə şöbəsi adlandırılıb.

İqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov Elm və təhsil idarəsinə, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva Xarici əlaqələr idarəsinə rəis təyin ediliblər. F.Kazımov indiyə qədər həmin idarənin rəisi vəzifəsini icra edirdi.

Texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova Elmi tədqiqatların əlaqələndirilməsi şöbəsinin, texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev Maliyyə şöbəsinin, Rzaqulu Hacıyev Kadrlar və hüquqi təminat şöbəsinin, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin, Sevinc Həsənova Sənədlərlə iş şöbəsinin, İqbal Qəhrəmanov Birinci xüsusi şöbənin, texnika elmləri doktoru Elton Məmmədov isə İşlər idarəsinin müdiri vəzifəsinə təyinat alıblar.

S.Həsənova bundan əvvəl ləğv olunan Protokol şöbəsinin müdiri işləyib.

Ləğv olunan Katibliyin müdiri Rəqsanə Əzizova, İkinci xüsusi şöbənin müdiri Eldar Quliyev və Elmi irs mərkəzinin müdiri Zemfira Hacıyeva isə yeni strukturda yer almayıblar.

Daxili nəzarət və audit şöbəsinə müdir vəzifəsinə isə hələlik təyinat yoxdur.

Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyəti aparatının yeni təsdiq edilən struktur rəhbərləri ilə görüşüb.
MTN-in şöbə müdiri və arvadına hökm oxundu

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Zakir İsmayılov və həyat yoldaşı Nəzakət İsmayılovaya cəza verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, dövlətə xəyanətdə ittiham olunan cütlüyə Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanov hökm oxuyub.

Məhkəmənin hökmü ilə Z.İsmayılov 19 il, N.İsmayılova 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin tərəflər bu cəzadan narazı qalaraq apelyasiya şikayəti veriblər.

Eyni zamanda, Baş Prokurorun müavini - Azərbaycan Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev cəzanın ağırlaşdırılması üçün protest verib.

Hazırda hər iki tərəfin şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatında baxılır. Fevralın 11-də keçirilən baxış iclası fevralın 25-nə təxirə salınıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində, xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan vətəndaşı 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycanın dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək, tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.

İstintaq zamanı Zakir İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib. Zakir İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

İstintaq gedişatında Nəzakət İsmayılovanın da onunla əlbir olması müəyyən edilib və o da cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib. 

Yeni deputatlar nə qədər maaş alacaq?
9 fevral 2020-ci ildə Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində 125 deputat mandatı uğrunda 1314 mübarizə apardı.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatlarına görə, ümumilikdə növbədənkənar parlament seçkilərində iştirak üçün deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən 321 nəfəri namizədliyini geri götürüb, 2 nəfərin deputatlığa namizədliyi ləğv edilib.

Tam tərkibdə yenilənməsi gözlənilən Milli Məclisdəki bir çox pensiya yaşını haqlamış deputatların sabiqlər sırasına qoşulacağı gözlənilsə də, cəmi 43 nəfər yeni sima xalqı parlamentdə təmsil edəcək.

Deputatların hazırkı maaşı və pensiya təminatını araşdırıb.

Araşdırma zamanı məlum olur ki, hazırda Milli Məclisin sıravi deputatlarının əməhaqqı parlamentin sədrinin maaşının 70 faizi qədər, komitə sədrlərinin maaşı 80 faizi qədər, sədr müavininin maaşı 90 faizi qədər, birinci müavinin maaşı 95 faizi qədərdir.

Hazırda sıravi deputatların əməkhaqqı 1730 manatdır. Sıravi deputatın maaşına əsasən aparılan hesablamalarımız göstərir ki, parlament sədrinin rəsmi maaşı 2 471 manat, birinci müavinin rəsmi maaşı 2 347 manat, müavinin rəsmi maaşı 2 224 manat, komitə sədrlərinin maaşı 1977 manatdır.

Milli Məclis üzvlərinə deputatlıq fəaliyyətini yerinə yetirdiklərinə görə, təxminən 730 manat əlavə müavinət təyin edilib.

Rəsmi maaşların üzərinə 730 manat müavinəti gələndə parlament sədrininin aylıq gəliri 3 201 manat, birinci müavinin aylıq gəliri 3 077 manat, müavinin aylıq gəliri 2 954 manat, komitə sədrlərinin aylıq gəliri isə 2 707 manat, sıravi deputatın aylıq gəliri 2460 manat edir.

Həmçinin, bayram günlərində (Yeni il, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı) deputatlara 700 manat bayrampulu verilir.

Bundan başqa, deputatlar 3 aylıq yay tətili üçün rəsmi maaşlarından əlavə, 3 aylıq maaşlarının məbləği qədər məzuniyyət və istirahət pulu alırlar. Sıravi deputatlarda bu məbləğ 5190 manat (1730*3), parlament sədrində 7413 manat (2 471*3), birinci müavində 7 041 manat (2 347 *3), müavində  6672 manat (2 224 *3), komitə sədrlərində 5 931 manatdır (1977*3) .

Adının çəkilməsini istəməyən deputat V çağırış Milli Məclisin bəzi üzvlərinin bir müddət əvvəl daha çox tətilpulu və gələcəkdə daha çox pensiya almaq üçün əlavə vəsaitlərin rəsmi maaşa daxil edilməsini təklif etsələr də, məsələyə baxılmadığını deyib.

Məlumat üçün bildirək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Əvvəlkilərin isə bu hüququ yoxdur. Çünki əvvəlki seçkilərin mandat sahibləri müstəqil dövlətin deputatı sayılmırlar.

1995-ci ildən indiyədək təxminən 121 eks-deputat pensiya almaq hüququna malikdir.

"Əmək pensiyaları haqqında” qanunda göstərilib ki, qulluq stajına görə, əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:

-  Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla).

- Əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Milli Məclisin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 80 faizi miqdarı ilə "Əmək pensiyaları haqqında” qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

Pensiya hüququna malik olan eks-deputatlara Milli Məclisinin fəaliyyətdə olan deputatının maaşı qədər pensiya verilir:

"Çünki onlara deputatıq dövründə verilən əlavələr sığorta stajına yazılır. Pensiya hüquqna malik olan zaman isə həmin əlavələr pensiyaya əlavə edilir”. 


"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 24-1 maddəsinə görə, vəfat etmiş deputatın və sabiq deputatın  ailə üzvlərinin pensiya təminatı aşağıdakı kimi müəyyən edilir:

- Deputat və sabiq deputat vəfat etdikdə onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.

Qanunun 30-cu maddəsinə əsasən, səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alır.

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı "Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.

Pensiya yaşına çatmış deputatın iş stajının hesablanması zamanı səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir. (modern.az)

Anar Nəcəfli nazir müşaviri təyin olundu

Təhsil naziri Ceyhun Bayramova yeni müşavir təyin olunub.

Teleqraf.com xəbər verir ki, nazirin əmri ilə bu vəzifəyə Anar Nəcəfli gətirilib.

Anar Nəcəfli bu vaxtadək nazirlikdə sektor müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Anar Nəcəfli "Nə? Harada? Nə zaman?" intellektual oyununda Azərbaycanı təmsil edən komandanın üzvlərindən biridir.

MSK ayın sonuna qədər seçkilərin yoxlanılmasını və yekun vurulmasını təmin edəcək

Bu ay Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilən seçkilərin yoxlanılmasını və yekun vurulmasını təmin edəcək.

Seçki Məcəlləsinin 171.2 maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır.

Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə əlaqədar bu müddət fevralın 29-dək olan dövrü əhatə edir.

MSK seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Xanım sədr istefaya göndərildi
"Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib".

Bu barədə modern.az-a Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib.

Məlumata görə,  Mehriban Sadıqova  qurumun  bu gün çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub.

Belə ki təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı kütləvi tərk edəcək.

Məlumata görə, Rusiyada, xüsusən Moskvada azərbaycanlıların birləşməsinə mane olduğu bildirilən Mehriban Sadıqovanın istefası uzun müddətdir təşkilat üzvləri tərəfindən tələb edilirdi.

Yeni sədrin seçilməsi üçün bu ilin aprelinə qurultay çağırılıb.

Məlumatı Diasporla iş üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.

Xanım sədr istefaya göndərildi - RƏSMİ
İlham Əliyev nekroloq imzaladı


Prezident İlham Əliyev “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri Miri Əhəd oğlu Qənbərovun ölümü ilə əlaqədar nekroloq imzalayıb.
“Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri Miri Əhəd oğlu Qənbərov 2020-ci il fevral ayının 11-də ömrünün 85-ci ilində vəfat edib.

Miri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952-1954-cü illərdə Lənkəran kərpic zavodunda texnik-nəzarətçi və komsomol təşkilatının katibi işləyib, 1954-1956-cı illərdə Bakı Kooperativ Texnikumunda oxuyub, 1959–1964-cü illərdə isə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində əmtəəşünaslıq ixtisası üzrə ali təhsil alıb.

Miri Qənbərov 1956-cı ildən etibarən Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı sistemində fəaliyyət göstərmiş, 1961-ci ilədək “Azərittifaq”ın mərkəzi aparatında əmtəəşünas və baş əmtəəşünas, 1961–1978-ci illərdə “Azərittifaq”ın təsərrüfat, tikinti və sənaye malları satışı idarəsində direktor və baş direktor, 1978–1979-cu illərdə yenidən “Azərittifaq”ın mərkəzi aparatında baş əmtəəşünas, 1979–1980-ci illərdə “Azərittifaq” İstehsalat İdarəsinin rəisi olmuş, 1980–1981-ci illərdə Bakı Şəhər Ticarət İdarəsində şöbə rəisi, 1981–1982-ci illərdə Bakı şəhərinin Oktyabr rayonunda ticarət idarəsinin direktoru, 1982–1994-cü illərdə Respublika İdman və Mədəni Mallar İdarəsinin baş direktoru işləmişdir.

Miri Qənbərov 1994–1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri olmuş, 1997-ci ilin iyun ayından ömrünün sonunadək “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır.

Uzun illər boyu çalışdığı vəzifəsindən asılı olmayaraq, bütün sahələrdə Miri Qənbərov daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Yüksək tələbkarlığı, dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona həmkarları arasında nüfuz və hörmət qazandırmışdır. O, müxtəlif dövrlərdə respublikada ticarət sisteminin təkmilləşdirilməsi və zamanın tələblərinə uyğun qurulması, habelə ölkəmizin ticarət və iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük əmək sərf etmişdir.

Miri Qənbərov respublikanın ictimai həyatında fəal iştirak etmiş, bir neçə çağırış Bakı şəhər Sovetinin deputatı olmuş və müstəqil Azərbaycan Respublikasının ikinci çağırış Milli Məclisinə üzv seçilmişdir.

Miri Qənbərovun uzunmüddətli əmək fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının iqtisadi inkişafındakı xidmətlərinə görə bir sıra orden və medallarla, eləcə də 2005-ci ildə ölkəmizin ali mükafatlarından olan “Şöhrət” ordeni ilə, 2010-cu ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim və səmimi insan Miri Əhəd oğlu Qənbərovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Oqtay Əsədov

Samir Nuriyev

Şahmar Mövsümov

Natiq Əmirov

Eldar Əzizov”.
İlham Əliyev onları təltif etdi — SİYAHI


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Bayramov Mənaf Bayram oğlu

Ələkbərov Sahib Nurəddin oğlu

Məmmədxanov Sahir Polad oğlu

1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Fətizadə Zaur İntiqam oğlu

Məmmədov Elçin Fərrux oğlu

2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Bəylərov Elçin Bəylər oğlu

Hüseynov İlham Qulamhüseyn oğlu

3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Ağammədov Yaqub Sabir oğlu

Alcanov Fuad Oktay oğlu

Alimova Nigar Əyyub qızı

Balakişiyev Natiq Halay oğlu

Bayramlı Nurlan Famil oğlu

Bayramov Bayram Afər oğlu

Bədəlov Eldar Mülküm oğlu

Əhmədov Eldəniz Yunis oğlu

Hacıyev Elnur Sabir oğlu

Hüseyinov Fəxri İxtiyar oğlu

İsmayılov Pərviz Həmid oğlu

İsmayılova Zibeydə Rafiq qızı

Quliyev Mehrəli Gülməmməd oğlu
Quliyev Səxavət Gülbaba oğlu

Quliyev Toğrul Fəxrəddin oğlu

Qurbanov Vüqar Əlyar oğlu

Mansurov Elnur Məhəmməd oğlu

Məmmədov Sarxan Murad oğlu

Mustafayev Fateh Fazil oğlu

Paşayev İlqar Mirzə oğlu

Səfərov Şahin Sabir oğlu

Şabanov Əli Hacı oğlu

Şəkərov Ramil Fikrət oğlu

Tağıyeva Təranə Mehmandar qızı

Təhməzov Qərib Dadaş oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Əkbərli Zaur Fəxrəddin oğlu

Əliyev Azər Rəsul oğlu

İmanov Nicat Şükür oğlu

Quliyev Zaur Zakir oğlu

Seyidov Nuri Söyünqulu oğlu

Yusubov Elçin Mustafa oğlu

Zinatov Ruslan Viktoroviç

“Tərəqqi” medalı ilə

Ağakişiyev Elçin Nadir oğlu

Balakişiyeva Yeganə Nəsir qızı

Kazımov Mirəli Sahib oğlu

Şirinov Natiq Telman oğlu.
 
Ərdoğan Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
APA xəbərinə görə, səfər fevralın 24-25-nə nəzərdə tutulur.
Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək.

Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də olacaq.

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

 Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Ramil Salayev Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi təyin edilib.

O, bu təyinata qədər həmin şöbənin baş müstəntiqi olub.

Xəbəri Şirvan ŞPŞ-dən Unikal.org-a təsdiqləyiblər.