Son xəbərlər



“Fevralın 12-də növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) edilən şikayətlər yekunlaşıb”.
Modern.az xəbər verir ki, MSK sədri Məzahir Pənahov diqqətə çatdırıb. O, vurğulayıb ki, fevralın 12-si şikayətlərin göndərilməsinin sonuncu günü idi:
“MSK qəbul olunan şikayətlərə tam baxacaq. Bizə göndərilən şikayətlərin 90 faizi sosial şəbəkələrdə yayılan məlumatlardır”.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən seçkinin keçirildiyi gündən sonra 3 gün müddətində MSK-ya şikayət edə bilərlər. Göstərilən müddət bitdikdən sonra Komissiyaya edilən şikayətlər əsassız sayılır.


“Son günlər sosial şəbəkələrdə müəllimlərlə bağlı əxlaqa zidd və təhqiredici statuslar oxuyuram. Bunlar məni narahat etməyə bilməz. Hər birimizin ailəsində, qohum-əqrabasında müəllimlik peşəsində çalışanlar var. Türk dünyasının böyük dövlət xadimi Mustafa Kamal Atatürkün “Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır” sözləri nəhəng şəxsiyyətin müəllimə nə qədər dəyər verdiyini göstərirdi”.
 
Bu fikirləri millət vəkili Adil Əliyev söyləyib. O bildirib ki, insanların vətənpərvər kadr kimi inkişafında və həyatda uğur qazanmasında müəllimlərin rolu əvəz olunmazdır:
 
“Hamımız övladlarımızı savadlı və gərəkli vətəndaş olması üçün müəllimlərimizə təhvil veririk. Övladlarımız uğur qazanan kimi müəllimlərimizlə fəxr edirik. Onların əməyini yüksək qiymətləndiririk. Heç kimə sirr deyil ki, Azərbaycan təhsil sisteminin əsas yükü şərəfli, ləyaqətli, intellektual müəllimlərin üzərindədir. Müəllimsiz cəmiyyət hansı vəziyyətə gəlib çıxa bilər?Bu sualın cavabını ölkəsini düşünən və sevən insanlar yaxşı bilirlər”.
 
A.Əliyevin fikrincə, seçki prosesinə xələl gətirən və öz peşəsinə yaraşmayan işlərə imza atanları müəllim adlandırmaq olmaz:
 
“Cəmiyyət bu cür insanlara öz qiymətini verdi və bundan sonra da verəcək. Təhsil Nazirliyi onların əməllərinə qiymət verəcəyini bildirib. Ümumiyyətlə, bəzilərini hədəf götürüb Azərbaycan müəllimlərinə qarşı çirkin, iyrənc kampaniya aparmaq təhsil sistemini və cəmiyyətin gələcəyini zərbə altında qoyur”.   /BakuPost/
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə təəccüblə qarşılaşdığı pozuntuları açıqlayıb.
 
MSK sədri bəzi seçki komissiya üzvlərinin hərəkətlərinin onda təəccüb doğurduğunu bildirib.
 
“Bu seçkilərdə başa düşmədiyim hal olub. Fərz elə ki, məntəqədə hamının gözünün qabağında götürüb bülleteni qutuya atır. Deyilir ki, kamera çəkir və hələ bir az da həvəslə atır. Deyək ki, bəlkə də o, bunun yolverilməz olduğunu bilmir. Hamı bilir, hətta uşaq da bilir ki, bunu etmək olmaz. Digər tərəfdən adamda bir məntiq də olmalıdır da. Əgər bunu bilir və edirsə, nə üçün edir? Mən demirəm ki, o, bunu qəsdən edir. Amma normal bir məntiq yozum olmalıdır – nə üçün edir? Deməli, bunu etməkdə hansısa maraq var. Ona görə də bu məsələ məndə təəccüb doğurub. Çünki seçki prosesində istənilən xoşagəlməyən hal biz istəsək də, istəməsək də Azərbaycanın ünvanına yazılır. Təəccüb doğuran odur ki, doğrudan da belə insanlar var. Onlar istəyir ki, Azərbaycanın ünvanına öz hesabına neqativ bir xal əlavə eləsin.
 
Mən belə pozuntuları görürdüm. Bunlar məntiqi olmayan pozuntulardır. Bu, Azərbaycana xidmət edən məntiq deyil. Buna ancaq Azərbaycandan kənara xidmət edən məntiq kimi izah tapmaq mümkündür. Burada söhbət daxildə nədənsə razı və ya narazı olmaqdan getmir. Dünyanın hər yerində insanlar nədənsə razı, nədənsə də narazıdır. Bu, adi haldır və insan həmişə hər şeydən razı olmur”, – deyə MSK sədri qeyd edib.  /Report/

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentlə xudahafizləşib.

“Report”un əldə etdiyi məlumata görə, H.Rəcəbli artıq Milli Məclisdəki kabinetindən əşyalarını çıxarıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb. İclasda Hadi Rəcəblinin lider olduğu dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib və 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilib.

Xatırladaq ki, 1947-ci il təvəllüdlü H.Rəcəbli ilk dəfə 1985-ci ildə 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1990-cı ildə onu səlahiyyət müddəti bitib. Növbəti dəfə parlamentə (bu dəfə Milli Məclisə) 1995-ci ildə üzv olan H.Rəcəbli həmin vaxtdan indiyədək deputat idi.

“Azərbaycan Dəmir Yolları” QSC-də dəmir yolları sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlər müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolu nəqliyyatı sahəsində həyata keçirilən və perspektiv layihələr barədə məlumat verib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun inkişafına xüsusi önəm verdiyini vurğulayıb, dəmir yolu nəqliyyatı sahəsində sistemli tədbirlərin davam etdirildiyini, dayanıqlı və rentabelli fəaliyyətin, mütərəqqi idarəetmə prinsiplərinin tətbiqinin əhəmiyyətini, birgə iş çərçivəsində bu sahənin sürətli inkişafına nail olunacağını qeyd edib.

Sonra “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavinləri Vüsal Aslanov və Hicran Valehov təqdimatla çıxış ediblər.

Tədbirdə İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşlarından ibarət birgə İşçi Qrupun yaradılması qərara alınıb. İşçi Qrup dəmir yolu infrastrukturuna kapital qoyuluşlarının səmərəliliyinin artırılması, əməliyyat xərclərinin optimallaşdırılması, korporativ idarəetmə standartlarının tətbiqi və s. ilə bağlı təkliflər hazırlayacaq.

“Armenian report” saytının müəlliflərindən olan Tevos Arşakyanın əvvəllər də Qarabağ həqiqətlərindən bəhs edən yazıları tərcümə edərək yayıb.

Azərbaycan Milli Məclisinə seçkilərdə 60-dan çox Xankəndi ermənisinin elektron səsvermədə iştirak etməsi bizim üçün də maraqlı gəldi. Müəllif bu qeyri-adi hərəkəti doğuran səbəbləri şərh edib. Həmin məqaləni diqqətinizə çatdırırıq.

“”Məxməri inqilab” Ermənistanı və Dağlıq Qarabağı birləşdirmək əvəzinə, İrəvan və Stepanakert arasında ciddi qarşıdurmaya səbəb oldu. Artıq Paşinyan hakimiyyətinin ilk aylarında məlum oldu ki, qartlaşmış və korrupsiyaya batmış olan Dağlıq Qarabağın rəhbərliyi inqilabın liderini “Ermənistanı və Artsax Respublikasını xilas edən” “məsihçi” kimi qəbul etmir. Dağlıq Qarabağdan olan siyasətçilərin təmizlənməsi ilə Qarabağ və Ermənistan arasında olan münasibətlər daha da ağırlaşdı. Stepanakertdə, Ermənistandan sonra Paşinyanın Qarabağı ələ alacağından qorxmağa başladılar. Hansı ki, prinsipcə,bu, indi baş verir.

Qarabağdakı rejimin rəhbərliyindən fərqli olaraq, cəmiyyətin özü Paşinyanın Ermənistandakı hərəkətlərinə ümidlə baxırdı. Qarabağ əhalisinin istəkləri olduqca başa düşüləndir – insanlar korrupsioner hakimiyyətin zülmündən bezmişlər. Uzun illər totalitar rejim altında yaşayan Qarabağ cəmiyyətində Ermənistandakı “məxməri inqilab”dan sonra ümid artmışdı.

Erməni KİV-də Qarabağda baş verənlər haqqında yazmamağa çalışırlar, amma bunsuz da hamımız bilirik ki, Dağlıq Qarabağ respublikasında uzun müddətdir sosial, iqtisadi və təhsil islahatları keçirilmir, inhisarçılığa qarşı mübarizənin (hakimiyyət öz-özü ilə mübarizə aparmayacaq ki) və korrupsiya sisteminin silinməsi ilə bağlı bir işarə də yoxdur. İnsanlar işsizlikdən, güc strukturlarının zülmündən və məhkəmə sisteminə inamsızlıqdan narazıdırlar.

Bu fonda bəzi Azərbaycan KİV-lərində yayılan “Qarabağın 60 – dan yuxarı milliyətcə erməni sakini bazar günü seçkilərində Milli Məclisə onlayn səsvermə yolu ilə Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəsmi elektron poçt ünvanına müvafiq bildiriş göndərməklə iştirak etməsi” barədə məlumat, şəxsən mənim üçün tamamilə təəccüblü görünmür.

Adama elə gəlir ki, bir neçə il əvvəl belə bir şeyi təsəvvür etmək sadəcə mümkün deyildi. Ancaq illər keçdi və bu gün Qarabağın 60 sakini Azərbaycan parlamentinə seçkilərdə iştirak etdi. Bu məlumata inanmamaq üçün heç bir əsasımız yoxdur. Birincisi, onlara necə münasibət göstərməyimizdən asılı olmayaraq – azərbaycanlılar ağılsız deyillər – əllərində dəmir-beton kimi dəlillər olmasa, belə bir dezinformasiya yaymazlar. İkincisi, Qarabağdakı xüsusi müxbirimiz yerli əhali arasında bu cür düşüncələr barədə nəinki bizi xəbərdarlıq etdi, hətta Azərbaycan MSK-nın rəsmi elektron poçt ünvanına bildiriş göndərən şəxslə də tanışdı. Təbii ki, biz onun adını çəkməyəcəyik, çünki təhlükəsizlik qüvvələrinin dərhal ailəsinin üzərinə düşəcəyini başa düşürük.

Üstəlik, problem Azərbaycanda keçirilən parlament seçkilərində səs verən 60 çıxılmaz duruma düşmüş qarabağlıda deyil, onları bu addımı atmağa vadar edənin nə olmasıdır. Onları buna sövq edən həyatlarında işıqlı heç nəyin olmamasıdır. Əhalinin demək olar ki, yarısı artıq öz gələcəyini Qarabağla bağlamır və yalnız tərk etmə anını gözləyirlər. Heç olmasa Ermənistana, baxmayaraq ki, həyat orda da xoş deyil, ancaq Qarabağdan daha yaxşıdır. Və baş verənlərin günahı, iqtisadiyyatın bərpası və sosial ədalətli cəmiyyətin qurulması ilə deyil, yalnız şəxsi zənginləşməsi ilə məşğul olan Qarabağ hakimiyyətinin üzərinə düşür.

Əgər Qarabağdakı vəziyyət yaxşılaşmağa başlamazsa, yaxın gələcəkdə Azərbaycana tərəf baxanların sayının yalnız artacağını təxmin etmək çətin deyil. Bu, Bako Saakyan rejimi ilə korlanmış və çürüyən anti-xalq hakimiyyətinin məntiqi nəticəsi olacaqdır”.    /Moderator.az/

Eldar Əzizovdan YENİ TƏYİNAT

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr dəyişikliyi olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmrilə qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov başqa vəzifəyə təyinat alıb.

Bu səbəbdən də BŞİH-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Metin Adil oğlu Hüseynov təyinat alıb.

İsrafil Kərimov isə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini təyin olunub.

Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a faktı təsdiqləyiblər.

Məzahir Pənahov:
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov REAL TV-də Mirşahin Ağayevlə həmsöhbət olub. O, seçki nəticələri ilə bağlı müsahibə verib.

M.Pənahov namizədlərin qeydə alınmasından, seçki prosesindən, xarici və yerli müşahidəçilərdən danışıb. O həmçinin sosial şəbəkələrin seçki prosesindəki rolunu xüsusi qiymətləndirib. 

Müsahibəni təqdim edirik:

Milli Məclisə təkrar seçkilər keçiriləcək
Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş dörd seçki dairəsində yenidən seçkilər keçiriləcək.

Oxu.az məlumatına görə, bu, Seçki Məcəlləsi ilə tənzimlənir.

Qanunun 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası (MSK) təkrar seçkilər keçirir.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında parlament seçkiləri ilə əlaqədar dörd seçki dairəsinin nəticələri etibarsız sayılıb.

Belə ki, 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilib.

MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadə lider namizəd idilər.

Xatırladaq ki, 2015-c ilin noyabrında V çağırış Milli Məclisə seçkilərdə 90 saylı Ağdaş Seçki Dairəsinin də nəticələri ləğv edilmişdi.

Bundan sonra Prezident İlham Əliyev həmin dairə üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında (2016-cı ilin iyunun 18-nə) sərəncam imzalamışdı.

Rauf Arifoğludan şok müraciət — "35-ci dairədə seçkinin nəticələri ləğv edilsin"

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qalib olduğu 35 saylı Xətai seçki dairəsində nəticələrin ləğv olunması üçün MSK-ya müraciət edib.
Bu barədə R.Arifoğlu sosial şəbəkədəki səhifəsində yazıb:
"Rəqiblərim, ölkəni qarışdırmaq istəyən təhlükəli şəbəkə sosial mediada fırtına yaradırlar! Bütün seçki boyu saxtakarlıqlara əl atanlar bizi saxta yolla seçilməkdə suçlayırlar! İnsanları manipulyasiya edirlər! Ölkədə keçirilən seçkinin ən nümunəvi dairəsində aprdığımız kampaniyanı, demokratik seçkini ləkələməyə çalışırlar.
Təmiz, halal bir qələbə qazanmışam! QƏBULLANA BİLMİRLƏR!!! Araz Əlizadəni quzu kimi qəbullanmışdılar, mənim möhtəşəm qələbəmi sinirə bilmirlər!!! Çünki bu, gerçəkdi və nəticə birilərinin çirkli siyasi karyerasını bitirir! 5000 səs fərqi ilə özündən razı və saxtakar rəqibimi qutuda qoymuşam! Qane olmurmu? Qəbul etmirmi? Bütün anti -islahat, sabotaj dəstəsi ona dəstəkdirmi? Hadi, mən də razıyam! Bir daha yarışaq! İddia etmirsiz, MSK nəticələri ləğv edəcək? Etsin! Təkrar, bütün ölkənin gözləri önündə yarışaq. Bu dəfə klon namizədlər olmadan, fırıldaqlar, təxribatçı qadınlar olmadan! Rüşvət olmadan. Çirkli texnologiyalar olmadan! Amma biləsiz: heç nə dəyişməyəcək! Yenə udacam! 5 dəfə də olsa, bu adamın məni seçki meydanında udma şansı yoxdur! Ona görə də sakitləşsin, otursun yerinə!!!
Hodri meydan!!! Olsun və yarış yenidən başlasın!!! Bunu bu dəfə mən tələb edirəm!!!"