Son xəbərlər

İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə edilib, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunulub, bu yaxınlarda Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti toplantısında Avropa İttifaqının yüksək səviyyədə iştirak etmək niyyətində olmasının önəmi vurğulanıb və əlaqələrimizin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 

Hadi Rəcəblinin nəticələri ləğv olunub?

74 saylı Lənkəran Kənd Seçki Dairəsi bu dairədə Milli Məclisə seçkilərin nəticələrinin ləğv olunması ilə bağlı xəbərlərə münasibət bildirib.

 Lənkəran Kənd Seçki Dairəsinin sədri Əlövsət Quliyev Oxu.Az-a açıqlamasında yayılan məlumatları təkzib edib.

Onun sözlərinə görə, müvafiq dairə üzrə qanun pozuntuları aşkarlanmayıb.

“Kimsə seçilmir, qalib gələnə iftira atmağa başlayır. Belə şeylər həmişə olur”,- deyə Ə.Quliyev əlavə edib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar açıqladığı ilkin nəticələrə görə, 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin lider namizədi Hadi Rəcəblidir.

Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yunan-Roma güləşi üzrə milli komandamızı Avropa çempionatında qazandığı tarixi uğuru münasibətilə təbrik edib.

 Mehriban Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib:

“İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə altı medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb.

Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı - qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram!

Romada Azərbaycanı təmsil edən yunan-Roma güləşi üzrə heyətimiz:

Baş məşqçi - Aleksandr Tarakanov
Böyük məşqçi - Rövşən Bayramov

Şəxsi məşqçilər:

Sənan Süleymanovun (qızıl medal 77 kq) məşqçisi Azər Hüseynov
Rafiq Hüseynovun (qızıl medal 82 kq) məşqçisi Radik Huseynov
Eldəniz Əzizlinin (bürünc medal 55 kq) məşqçisi Turac Hüseynli
Murad Bazarovun (bürünc medal 60 kq) məşqçisi Vaqif Feyzullayev
Ülvi Qənizadənin (bürünc medal 72 kq) məşqçisi Elnur Müzəffərov
İslam Abbasovun (bürünc medal 87 kq) məşqçisi Bahadur Həziyev”.

Bu məntəqələrdə səsvermənin nəticələri ləğv olundu

Parlament seçkiləri ilə əlaqədar 111 saylı Zaqatala Seçki Dairəsi üzrə 2, 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə 1 seçki məntəqəsində səsvermənin nəticəsi ləğv olunub.

111 saylı Zaqatala Dairə Seçki Komissiyasının sədri Zöhrab İsmayılov APA-ya açıqlamasında deyib.

O, bildirib ki, dairə üzrə 4 və 43 saylı seçki məntəqələrində müəyyən qayda pozuntularına yol verilməsi ilə bağlı komissiyaya məlumat daxil olub.

Daxil olan şikayət araşdırılıb və həmin məntəqələrdə müəyyən qanun pozuntularına yol verildiyi təsdiq olunub. Komissiyanın qərarı ilə həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılıb.

123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasının sədri Adil Murtuzayev də açıqlamasında bildirib ki, dairə üzrə 10 saylı seçki məntəqəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığına görə, həmin məntəqədə səsvermənin nəticələri ləğv edilib.

Qeyd edək ki, MSK-nın açıqladığı ilkin nəticələrə əsasən 111 saylı seçki dairəsindən Kamilə Əliyeva, 123 saylı seçki dairəsindən isə Aqil Məmmədov lider namizədlərdir.

Mikayıl Cabbarova müavin təyin olunan Rövşən Nəcəf kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin sərəncamı ilə Rövşən Nəcəf Azərbaycan İqtisadiyyat nazirinə müavin təyin olunub.

 "Report" xəbər verir ki, R.Nəcəf bundan öncə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri olub. O, 2018-ci ilə qədər "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, R.Nəcəf apelin 9-da 1982-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olaraq 2001-ci ildə bakalavriat, 2003-cü ildə isə magistratura səviyyəsini fərqlənmə ilə bitirib.

2007-2008-ci illərdə SOCAR-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.

2012-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlamış və 02.09.2002-ci ilədək orada çalışıb. 16.12.2003-cü il tarixdən İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamentinin İnvestisiya siyasəti şöbəsinin mütəxəssisi təyin olunaraq həmin şöbədə məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb, 01.02.-08.06.2007-ci il tarixlərdə Xarici investisiyalar və texniki yardımların əlaqələndirilməsi şöbəsinin Xarici investisiya müqavilələri və investisiya layihələri sektorunun müdiri işləyib.

02.07.2008-23.02.2009-cu illərdə SOCAR-ın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Hesabat şöbəsində iqtisadçı, 23.02-07.05.2019-cu ildə isə həmin İdarənin Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.

12.05-29.12.2009-cu ildə İqtisadi İnkişaf Nazirliyinin Xarici iqtisadi əlaqələr şöbəsinin müdir müavini, 29.12.2009-21.04.2010-cu illərdə həmin şöbənin müdiri, 21.04-15.12.2010-cu illərdə nazirin köməkçisi, 16.12.2010-05.11.2012-ci illərdə "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin İcraçı direktorunun müavini, 05.11.2012-11.05.2018-ci illərdə İcraçı direktoru vəzifələrində çalışıb.

11.05.2018-ci il tarixdən 28.08.2019-cu il tarixədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

R.Nəcəf 3-cü dərəcəli dövlət müşaviridir.

Evlidir, 2 övladı var.

Mikayıl Cabbarova yeni müavin təyin edildiİqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin edilib.

 Oxu.Az xəbər verir ki, müvafiq sərəncama əsasən, Rövşən Nəcəf İqtisadiyyat nazirinin yeni müavini vəzifəsinə təyin edilib.

Yeni təyinata qədər isə R.Nəcəf Azərbaycan Vergilər Nazirliyi yanında Maliyyə Monitorinqi Xidmətinin (MMX) rəhbəri kimi fəaliyyət göstərib.

Xatırladaq ki, R.Nəcəf Prezident Administrasiyasının innovativ inkişaf və elektron hökumət şöbəsinin rəhbəri, eləcə də dövlətə məxsus “Azərbaycan İnvestisiya Şirkəti”nin icraçı direktoru vəzifəsində işləyib.

Prezident seçkilərdən danışdı: “Pozuntulara yol verənlər cəzalandırılacaq”

“Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin. Buna qətiyyən ehtiyac yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın. Bu seçkilər bir daha onu göstərdi ki, bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır”.
Bu sözləri Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında, gənclərlə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, parlament seçkiləri rəqabət qabiliyyətli keçib:
“Parlament seçkiləri bir daha göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta həmişə bizə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzələrində müsbət meylləri qəbul etməyə məcbur olublar. Və pozutulara gəldikdə, qeyd ediblər ki, bu pozuntular prosedur xarakterli pozuntulardır. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq olub, nə ciddi pozuntular olub, nə də hər hansı pozuntu ki, seçkilərin legitimliyini və yaxud da nəticələrini şübhə altına alsın. Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Və bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar Bürosu, hansı ki, həmişə bizə qərəzli yanaşır, onların da hesabatı hesab edirəm ki, tarazlı idi. Əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi hesab edirəm ki, obyektivliyə daha yaxın idi və biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq. Pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq. Və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik.



Bu dəfə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. Bu, onu göstərir ki, seçkilər rəqabət qabiliyyətli keçib. Rəqabət onda nədir? Bir dairədən əgər orta hesabla 10 nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdi. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs, onda açıq rəqabət nədir? Deyirlər ki, sərbəst toplaşma azadlığı təmin olunmayıb. Yalandır, olunub. Çünki indi müvafiq yerlərdə hər kəs sərbəst toplaşma haqqını icra edə bilər. Amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə. Ona görə seçki prosesi bütün demokratik meyarlara cavab verib. Heç kim deyə biməz ki, seçki prosesində hər hansı pozuntular olub. Və seçkilər günü də çox müsbət şəkildə seçkilər keçirildi. Əgər pozuntular olubsa, bir də demək istəyirəm ki, araşdırılacaq. Və bilirəm ki, Mərkəzi Seçki Komissiyası işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz özümüz də istəmirik ki, bu pozuntular olsun”.
“Könüllü olmaq, əslində, bizim milli xarakterimizə uyğundur”

"Bildiyiniz kimi, mənim sərəncamımla bu il Azərbaycanda “Könüllülər ili” elan olunmuşdur. Bu onu göstərir ki, Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir. İndicə mənə stendlər üzrə edilən təqdimat bir daha onu göstərir ki, Azərbaycan könüllülərinin fəaliyyəti çoxşaxəlidir".

“Ölkə.Az” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında deyib.

Dövlət başçısı bildirib: "Könüllülər hərəkatı, əslində, ölkəmizdə “ASAN xidmət” mərkəzlərində başlamışdır. Əsas vəzifə ondan ibarət idi ki, ölkəmizin gənc istedadlı sakinləri bu işlərə qoşularaq vətəndaşlara kömək göstərsinlər, Azərbaycanda Könüllülər hərəkatı başlasın və bu sahədə ciddi irəliləyiş olsun. Çünki “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, əslində, Könüllülər hərəkatına da təkan vermişdir. Ancaq ondan sonra Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti çox geniş vüsət almışdır. Ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda, o cümlədən birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında könüllülər çox fəal rol oynamışlar və bu oyunların uğurla keçirilməsində böyük dərəcədə öz xidmətlərini göstərmişlər. Mən görürəm ki, indi Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti daha genişmiqyaslıdır. Həm vətənpərvərlik, ekoloji tarazlıq mövzularında keçirilən tədbirlərdə, həm də incəsənət, mədəniyyət və digər sahələrdə könüllülər çox fəaldırlar. Eyni zamanda, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti çox önəmlidir. Təsadüfi deyil ki, dünyanın mötəbər beynəlxalq təşkilatları, o cümlədən BMT və digər təşkilatlar həm “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirir, həm də Azərbaycanda yaranmış və inkişaf edən Könüllülər hərəkatına yüksək qiymət verirlər.

Bir çox ölkələrdə gəncləri birləşdirən təşkilatlar, qurumlar, ictimai birliklər var, o cümlədən Azərbaycanda da. Amma hesab edirəm ki, Könüllülər hərəkatı bu ictimai təşkilatlar arasında xüsusi yer tutur. Çünki Azərbaycan könüllüləri həm vətənpərvərdirlər, həm biliklidirlər, həm istedadlıdırlar, həm də Azərbaycan gəncliyini və gənclərin istedadını təcəssüm etdirirlər. Çünki könüllü olmaq, əslində, bizim milli xarakterimizə uyğundur. Mərhəmət, xeyirxahlıq, bir-birinə kömək göstərmək, mədəni davranış – bütün bunlar bizim genetik kodumuzda yazılmış sarsılmaz dəyərlərdir. Sadəcə olaraq, könüllülər xalqımıza xas olan bütün bu müsbət amilləri, əlamətləri özündə cəmləşdirərək, bu gün bir hərəkat kimi fəaliyyət göstərirlər. Təsadüfi deyil ki, könüllülər Azərbaycan cəmiyyətində çox böyük rəğbətlə qarşılanırlar, o cümlədən “ASAN xidmət” mərkəzlərində. Siz - könüllülər və “ASAN xidmət” mərkəzlərinin əməkdaşları bunu görürsünüz, bilirsiniz. Əslində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və bu mərkəzlərdə hökm sürən nizam-intizam, mədəniyyət, dürüstlük həm Azərbaycan cəmiyyətində böyük yenilik və ictimai xidmətlər sahəsində bir inqilab idi, eyni zamanda, bu, mərkəzlərə müraciət edən vətəndaşlar üçün də gözlənilməz bir hal idi. Çünki ictimai xidmətlər əfsuslar olsun ki, ölkəmizdə həmişə problemli bir sahə idi. İnsanlar məcbur olub günləri, həftələri itirərkən, bu və ya digər dövlət qurumuna müraciət edərkən öz haqlı tələbini təmin etmək üçün əziyyət çəkirdilər. Süründürməçilik, rüşvətxorluq, korrupsiya, mədəniyyətsizlik əfsuslar ki, ictimai xidmətlər sektoruna xas olan əlamətlər idi. İndi isə “ASAN xidmət” mərkəzlərində bunların biri də yoxdur. Eyni zamanda, “ASAN xidmət” mərkəzlərində yaranmış bu gözəl ab-hava ölkəmizin digər sahələrinə də müsbət təsir göstərir. Ona görə mən həm Könüllülər hərəkatının, həm də “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini xüsusilə qiymətləndirirəm. Bu, sadəcə olaraq bir binada yüzlərlə xidmətin göstərilməsi deyil, bu, əslində, yeniləşən Azərbaycanın yeni simasıdır. Bu, müasir dövlətin növbəti uğurudur.

Bir daha demək istəyirəm ki, xalqımıza xas olan bütün müsbət əlamətlər, eyni zamanda, müasirlik, texnologiyalar, innovasiyalar “ASAN xidmət”də özünü büruzə verir. Bax, bu istiqamətdə inkişaf edən ölkəmiz uğur qazana bilər. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, xüsusilə gənclərə müraciətim odur ki, biz bundan sonra da həm dövlət quruculuğu işində, həm ictimai proseslərdə, həm də islahatların aparılmasında əsas dəyərlərimizi hər şeydən üstün tutmalıyıq. Müstəqil Azərbaycan dövləti çox dərin milli-mənəvi dəyərlər üzərində qurulub və eyni zamanda, bizim dövlətimiz müasirdir, dünyəvidir, gələcəyə uğurla getmək üçün hazırdır və beynəlxalq əməkdaşlığa açıqdır. Bax, bütün bu amillərin sintezi bizim uğurlarımızı şərtləndirir. Xüsusilə gənclər milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alanda onlar gələcəkdə də ölkə maraqlarını ləyaqətlə müdafiə edə biləcəklər.

Ölkə maraqlarını müdafiə etmək üçün bir neçə önəmli amil lazımdır. İlk növbədə, Vətən sevgisi, Vətənə və milli köklərə bağlılıq olmalıdır. Bu gün bu, cəmiyyətimizdə var və siz gənclərdən asılıdır ki, bu, həmişə olsun. Çünki ölkəmizin gələcək taleyi sizin kimi müasir, bilikli, istedadlı gənclərin əlində olacaq. Əlli ildən, yüz ildən sonra Azərbaycanın necə inkişaf edəcəyi sizin kimi gənclərin və sizdən sonra gələn nəsillərin fəaliyyətindən və dünya görüşündən asılı olacaq. Ona görə biz xalqımıza xas olan dəyərləri nəsildən-nəslə ötürməliyik, onları itirməməliyik, qorumalıyıq. İndiki şəraitdə bunu etmək o qədər də asan deyil. Çünki indi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır, - bu da müsbət haldır, - amma bununla bərabər dezinformasiya da heç bir sərhəd tanımır, feyk xəbər anlayışı 5-6 il bundan əvvəl mövcud deyildi. İndi bu, həqiqətdir və bunu etiraf edənlər dünyanın aparıcı ölkələrinin dövlət başçılarıdır. Onlar da bundan əziyyət çəkirlər. Media bir tərəfdən artıq bütün sərhədləri aşaraq hər bir ölkəyə qədəm qoyur və bu, müsbət haldır. Bildiyiniz kimi, Azərbaycanda da media azadlığı var, internet azaddır, heç bir senzura yoxdur. Digər tərəfdən, informasiya təxribatları, yalan məlumat, şər-böhtanla dolu məlumat da sərhədləri aşır. Biz buna hazır olmalıyıq, xüsusilə gənclər. Ona görə bilməliyik ki, bizim uğurlu inkişafımızı bizdən çox istəyən yoxdur və taleyimiz öz əlimizdədir. Artıq 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq və müstəqillik hər şeydən dəyərlidir. Ona görə milli dəyərlər, müstəqillik və müasirlik gələcək inkişafımız üçün çox önəmli amillərdir. Çünki biz doqmatizmdən uzaq olmalıyıq. Doqmatizm hər bir cəmiyyətin inkişafına əsas əngəldir".

BŞİH müxalifətin mitinqinə icazə verdi

Bakı Şəhər İcra Hakimiyyəti, Müsavat və REAL partiyalarının paytaxtda mitinq keçirməklə bağlı müraciətinə yenidən baxıb.
İcra Hakimiyyətindən verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının qərarı ilə mitinqə icazə verilib.
Mitinqin yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Neftçi” İdman və Sağlamlıq Mərkəzinin bazasında müəyyən edilib.

Mitinqin keçirilmə vaxtı isə 16 fevral, saat 15:00-dan 17:00-a müəyyən edilib.
İlham Əliyevdən iki mühüm — SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Kürdəmir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:

1. Kürdəmir şəhərində 5 nömrəli şəhər tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Kürdəmir şəhərində 8 nömrəli körpələr evi–uşaq bağçası üçün yeni binanın tikintisi və şəhər infrastrukturunun yeniləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Kürdəmir şəhərində 8 nömrəli körpələr evi–uşaq bağçasının yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kürdəmir Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 8 nömrəli körpələr evi–uşaq bağçasının 100 yerlik yeni binasının tikintisi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.