Müstəqillik xalqın azadlıq arzusu hesabına əldə olunub


Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında uzun-uzadı qızğın müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Bir tərəfdən imperiyanın dağılmağa başlaması, digər tərəfdən xalqın artmaqda olan təzyiqi respublikanın hakim dairələrini manevr etmək məcburiyyətində qoymuşdu. Yuxarılarda belə hesab edirdilər ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmağa imkan verəcəkdir. Ona görə də təsadüfü deyildi ki, “Konstitusiya Aktı” ilkin mərhələdə yalnız quru kağız olaraq qalır, Azərbaycan yenə də Moskvadan idarə edilir, rejim Kremlin dediyi ilə oturub dururdu. Lakin indi bunlar arxada qalmışdır.

Azərbaycan Respublikasında müstəqilliyin daha da möhkəmləndirilməsi məqsədilə 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bulleteninə bir söz yazılmışdı: “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul etdiyi Konstitusiya Akt”ına tərəfdarsınızmı?” ölkəmizdə səsvermə hüququ olanların 95%-indən çoxu referendumda iştirak etmiş və yekdilliklə respublikamızın dövlət müstəqilliyinə tərəfdar çıxmışdır.

Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri- ilk olaraq Türkiyə Cümhuriyyəti, sonra Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya və b. dövlətlər tanıdılar. Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.

Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.

İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilir.

Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarır. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır.




Əsmər Bədəlova,

Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi


Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə,

həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq

mübarizəsi nəticəsində mümkün oldu


 

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.

1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca iqtisadiyyatda sərbəst ticarət prinsipləri əsas götürülməyə başlandı. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu.

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi. Demokratik dəyərlər dövlət siyasətinin mahiyyətini müəyyən edən əsas meyarlardan biri kimi müəyyən olundu. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır.

Müstəqillik dövrünün ən böyük nailiyyətlərindən biri Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılmasıdır. Ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənən Azərbaycan sosial dövlətə çevrilmişdir. Bunun nəticəsində insanlarımız rifah içində yaşayır və onların rahat yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur. Biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir, ilk dəfə müstəqilliyin tamlığını yaşayır. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu baxımdan Milli Məclisə təqdim etdiyi layihə tarixi ədaləti bərpa etmək üçün çox önəmlidir. Bu qanun layihəsi çox təqdirəlayiqdir. Dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələdir. Bununla da dövlətçilik tariximizə siyasi və hüquqi qiymət veriləcək.



Ceyhun Məmmədov,

Salyan rayon Yuxarı Noxudlu kənd tam orta məktəbin müəllimi,

Vətən müharibəsi iştirakçısı,

Pandemiyaya qarşı mübarizədə hər bir vətəndaş sosial məsuliyyət daşıyır

Koronavirus pandemiyasının başladığı ilk gündən Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bütün görüşlərdə və çıxışlarında vətəndaşları böyük məsuliyyətə və nizam-intizama çağırıblar. Bildiriblər ki, vətəndaşlarımız karantin rejiminin qaydalarına məsuliyyətlə əməl etməlidirlər. Bu gözəgörünməz virusdan xilas olmaq və ya daha az yoluxma, eləcə də insan təlafatının olmaması üçün dövlət başçısı tərəfindən cox ciddi addımlar atılmış, dünya ictimaiyyətinin də diqqətin çəkən tədbirlər reallaşdırılmışdır. Təbii ki, tədbirlərin daha effektli olması üçün vətəndaş məsuliyyəti də başlıca şərtdir və bu mütləqdir. Dövlət başçısı hər çıxışında dönə-dönə vurğulayıb ki, mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub: “Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”.

Azərbaycanda son günlər koronavirusa yoluxanların sayının artmasının bir neçə səbəbi ola bilər. Bunun başlıca səbəbi bütün dünya üzrə yoluxma hallarının yeni dalğasının Azərbaycana da təsirsiz ötüşməməsidir. Əsas səbəb sosial təmasın bu və ya digər şəkildə artması, daha doğrusu vətəndaş məsuliyyətsizliyidir. Kütləvi tədbirlərin keçirilməsi zamanı insanlar arasında təmas artır. Vətəndaş məsuliyyətsizliyi yoluxmaların artmasına gətirib çıxarır. İkinci məsələ koronavirusun "Delta" variantıdır. Bildiyimiz kimi, "Delta" ştammı daha sürətli yayılma potensialına malikdir. Bu da yoluxma sayının artmasında müəyyən rol oynayır. Üçüncüsü isə vaksinasiyadır. Aparılan hesablamalar nəticəsində müəyyən olunub ki, yoluxanların 99 faizi peyvənd olunmayanlardır. Ölkəmizdə müşahidə olunan qeyri-sabit hava şəraiti də virusal xəstəliklərin yayılması üçün münbit şərait yaradır. Bütün bu amillər yoluxmaların artmasına öz təsirini göstərir.

Yoluxmaların artmasının ehtimal edilən üçüncü səbəbi isə getdikcə insanlarda arxayınlıq hissinin yaranması, ictimai yerlərdə və ünsiyyətlərdə qripal viruslara qarşı qabaqlayıcı tədbirlərin arxa plana atılmasıdır. Vətəndaş məsuliyyətimizi dərk edərək bu virusa qarşı mübarizə aparmaqla həm dövlətimizə dəstək olarıq, həm də bu xəstəlikdən gələcəkdə əziyyət çəkib həyatı təhlükə yaşayacaq insanların sayının azalmasına kömək edə bilərik.

Hazırda dünyanın bir nömrəli problemi sayılan COVID-19 pandemiyasına qarşı Azərbaycanda vaksinasiya prosesi uğurlu şəkildə həyata keçirilir. Məlumdur ki, peyvəndləmə xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını almaq üçün həyata keçirilir. Insanın immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yarada bilir. Bununla da orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və nəticədə ağırlaşmanın qarşısı alınır. Çünki vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün, xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükə yaranmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunmuşdur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi vardır və onların hər biri səmərəli və təhlükəsiz hesab olunur. Bütün görülən qabaqlayıcı tədbirlər bunu deməyə əsas verir ki, birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez zamanda normal, adi həyata qayıdaq.

Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərin görülməsini zəruri edir. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Vaksinin qüvvətləndirici üçüncü (Buster) dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştamlarına qarşı güclüdür. İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub, onlar da birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir. ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Risk qrupuna yaşlı nəsil, eləcə də yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər aid edilir. Bu baxımdan, vaksinin qüvvətləndirici üçüncü dozasının tətbiqi məqbul hesab olunur.

 

Toğrul Hacızadə,

Salyan rayon Mərkəzi Xəstəxanasının həkimi

Vaksinasiyada iştirak vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisidir


Pandemiyanın elan edildiyi vaxtdan bu günə qədər onunla mübarizədə tədbirlər görən ölkələrdən biri də Azərbaycan Respublikasıdır. Koronavirusla bağlı mübarizə sahəsində atılan uğurlu addımlar sırasında "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası" təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamının qəbul edilməsi olmuşdur. Strategiyanın keçirilməsinin əsas məqsədi COVİD-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır. Buna əsasən cari ilin yanvarın 18-də əhalinin vaksinasiyasına başlanılmışdır. Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar, yüksək səviyyədə təchiz edilmiş xəstəxanalar koronavirus xəstələrini müalicə etmək üçün ayrılmışdır. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əkssəriyyəti tibbi müəssisələrdə müalicə alır.

Vaksinasiya cəmiyyətin sağlam inkişafı və yaxın ətrafdakı insanların səhhətinin təhlükə altında qalmaması üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin bu sahədə vaxtında qabaqlayıcı tədbirlər görməsinin nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Əhalinin sağlamlığının qorunmasında immunlaşdırma dövlət tərəfindən vacib hesab edilir və Azərbaycan Respublikasında mütəmadi vaksinasiya tədbirləri daim diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müdriklik və uzaqgörənliklə həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı tədbirlər, pandemiyanın iqtisadiyyata vurduğu zərbələr fonunda insanların sağlamlığı və sosial təminatının ön plana çəkilməsi ölkəmizi gözəgörünməz düşmənin ağır nəticələrindən xilas edə bilmişdir. Azərbaycan dünyada koronavirus əleyhinə peyvəndin tətbiq olunduğu ilk ölkələr sırasında yer alır. Hələ ötən ilin yayından vaksinlə bağlı araşdırmaların gündəmə gəldiyi zaman Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunan peyvəndlərin Azərbaycana gətirilməsi üçün bir sıra dövlətlərlə ikitərəfli və çoxtərəfli müqavilələr imzalanıb. Eyni zamanda beynəlxalq təşkilatlarla bu istiqamətdə danışıqlar aparılmış və Azərbaycan peyvəndi əldə etmək üçün COVAX platformasına qoşulan ilk dövlətlərdən biri olmuşdur.

Zamanında görülmüş tədbirlər nəticəsində Çin Xalq Respublikasının “Sinovac” şirkətinin istehsal etdiyi və klinik sınaq mərhələlərini uğurla keçən “CoronaVac” vaksininin ilk partiyası cari ilin əvvəlində ölkəmizə gətirilmiş və yanvarın 18-dən vaksinasiya strategiyasına uyğun olaraq peyvəndləməyə start verilmişdir. Hazırda bütün ölkə üzrə xəstəxana və polklinikalarda “CoronaVac”la yanaşı, İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria" (AstraZeneca), Rusiya istehsalı “Sputnik V” və Biontech/Pfizer peyvəndləri vətəndaşlara təklif edilir. Azərbaycan eyni anda 4 peyvəndin tətbiq olunduğunu nadir ölkələrdən biridir.

Azərbaycan dünyanın elə azsaylı dövlətlərindən biridir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görərək istədiyinə nail olub. Qısa müddətdə 40 min çarpayı potensialı olan xəstəxanalar hazır vəziyyətə gətirilib, 13 modul tipli xəstəxana inşa edilib, gündə 20 min test keçirilə bilən 42 müasir laboratoriya fəaliyyətə başlayıb. Eyni zamanda, Azərbaycan COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən olub. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır. Məhz bunun nəticəsidir ki, Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycandır və peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir.

Dünyada vaksin qıtlığı yaşandığı bir zamanda bu məsələlər Azərbaycanda effektiv şəkildə həll olunub. Hazırda ölkədə vaksin ehtiyatı kifayət həcmdə var və geniş vaksin seçimi imkanı yaradılıb. Bütün bu səbəblərdəndir ki, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə də Azərbaycan lider ölkələr sırasındadır. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 073 493, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 916 894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 156 599 təşkil edir.

Dünyada müxtəlif zamanlarda yaranan infeksion xəstələliklərin qarşısı yalnız peyvəndlər nəticəsində alınıb. Bu gün bütün ölkələr COVID-19 infeksiyası ilə mübariz aparır. Dünyada bu xəstəlikdən ölənlərin sayı 3,8 min nəfərə çatır. Ağırlaşmaların və ölümlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür, lakin virusdan qurtulmaq üçün yeganə çıxış yolu vaksinasiyadır. Dünyanı cənginə alan bəlaya peyvənd olunmaqla qalib gəlmək mümkündür. Ona görə də hər birimiz bu məsuliyyəti dərk edib, yaxınlarımızın, sevdiklərimizin sağlamlığı naminə peyvənd olunmalıyıq.



Tehran Ağabəyova,

Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimi


Üçüncü doza-Buster dozasının qəbulu zəruri və vacibdir


Pandemiyaya qarşı mübarizədə vətəndaş olaraq hər birimiz sosial məsuliyyət daşıyırıq. Vaksin olunmaqla biz özümüzü və ətrafımızdakıları virusdan qoruya bilərik. Bu səbəbdən qorunmaq naminə peyvənd olunmalıyıq. Bu gün ölkəmizdə bizim üçün 4 növ vaksin seçimi var; Sinovak, AstraZeneca, Pfizer və Sputnik. Hər biri effektiv və təhlükəsizdir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınmış olur.

Bu virusun fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVİD-19 virusuna gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur.

Artıq ölkə üzrə bir çox insanlar hər iki dozanı qəbul edib. Artıq 3-cü dozanın, Buster dozasının vurulmasına başlamaq zamanı çatmışdır. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozasının istifadəsi yüksək risk qrupuna daxil olanlar üçün daha məqsədəuyğun hesab olunur və əhəmiyyətlidir.

Hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştammlarına yoluxma riski artıq məlumdur. Yoluxma sayları təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir. Ona görə də buster dozasının alınması sürətləndirilməlidir. Bir çox xarici ölkələrdə də artıq buster dozasının vurulmasına başlanılıb. Korona virusun ştammlarından qorunmaq üçün buster dozasının vurulması artıq zərurət yaradıb.

Üçüncü doza virusa qarşı güclü qorumanı həm bərpa edir, həm də qoruyur. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir.

İsrailin Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunur. ABŞ-ın elmi mərkəzləri tərəfindən keçirilmiş tədqiqatlara əsasən buster dozasının effektivliyi artıq sübut olunmuşdur.

Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” və Hindistan ştammlarının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3cü peyvənd dozası – buster dozası təklif olunmağa başlanmışdır. Nəzərə alınmalıdır ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər. Bu səbəbdən artıq 3-cü dozanın qəbulu vacib və zəruridir. 3- cü dozanı qəbul edək, sağlam olaq.


Ramella Axundova,

Salyan şəhər 6 saylı tam orta məktəbin direktoru

Vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən effektiv üsuldur


Bəşəriyyət mövcud olduğu bütün dövrlərdə, müxtəlif tarixi vaxtlarda ağır infeksion xəstəliklərin epidemiyaları ilə üz-üzə qalıb. Tarixdə belə faktlar arzuolunmaz dərəcədə çoxdur. Lakin bütün bu baş verənlərdə bir ümumi vacib olan məqam var ki, bu da bəşəriyyətin bu cür bəlalardan məhz vaksinasiya yolu ilə xilas ola bilməsidir.

Vaksinasiya cəmiyyətin sağlam inkişafı, ənənəvi həyata qayıdış və yaxın ətrafdakı insanların səhhətinin təhlükə altında qalmaması üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin bu sahədə vaxtında və dəqiq yol xəritəsi hazırlamış olması, ölkəmizdə vaksinasiya prosesinin sürətlə davam etməsini təmin etmişdir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. COVID-19 xəstəliyi əleyhinə iki dozada vaksinasiya olunanlara “Peyvənd sertifikatı”, xəstəliyə yoluxub sağalmış şəxslərə isə “İmmunitet sertifikatı” verilir. Əhalinin sağlamlığının qorunmasında immunlaşdırma dövlət tərəfindən vacib hesab edilir və Azərbaycan Respublikasında mütəmadi vaksinasiya tədbirləri daim diqqət mərkəzindədir. Dövlətimizlə yanaşı hər bir vətəndaşımız peyvəndlənmə prosesinə məsuliyyətlə yanaşmalıdır. Özümüzü və ətrafımızdakı insanları qorumaq üçün hər birimiz bu prosesdə fəal və məsuliyyətli davranmalıyıq.

Hazırda bəşəriyyət indiyədək üz-üzə gəldiyi ən qorxunc xəstəliklərdən biri ilə mübarizə aparmaqdadır. Yalnız kütləvi vaksinasiya pandemiyanın kökünü kəsə bilər. Hazırda COVID-19-a qarşı peyvənd preparatları sayəsində artıq bütün dünyada kütləvi vaksinasiyaya başlanılıb. Birmənalı olaraq qəbul olunmalıdır ki, vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən effektiv üsuldur. Bu, dünyanın bütün aparıcı səhiyyə müəssisləri tərəfindən təsdiq olunmuş faktdır. Əks halda isə, insanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan məhz peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır.

Koronavirus pandemiyası bütün cəmiyyət üçün psixoloji sınaq müddətidir. Bu müddətin uğurla bitməsində məsuliyyətin dərk edilməsi və birlik mühüm rol oynayır. Gəlin unutmayaq ki, bir insanın məsuliyyətsizliyi nəticəsində ətrafdakı onlarla insan virusa yoluxma təhlükəsi ilə üz-üzə qala bilər. Həmrəyliyimizlə tezliklə bu çətin günlər geridə qalacaq və  gündəlik həyat tərzimiz bərpa olunacaq.



Mirkamal Bağırov,

Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimi


Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir


Yeni növ koronavirus infeksiyası əleyhinə peyvəndləmə prosesinin aparılması vacib profilaktik prosesdir. Orqanizmdə koronavirusa qarşı immunitet əsasən vaksinasiya sayəsində yaranır. Peyvənd nəticəsində orqanizmdə formalaşmış immunitet infeksiyaya yoluxma ehtimalını azaldır və ya xəstələndikdə infeksiyanın yüngül keçməsini təmin edir. Kütləvi vaksinasiya pandemiyanın aradan qalxması üçün yeganə çıxış yoludur. Buster doza ilə peyvəndləmə isə immuniteti daha da gücləndirir. Çünki vaksinasiyanın iki mərhələsində iştirak edən vətəndaşın bir müddət sonra COVID-19 əleyhinə immuniteti zəifləyə bilər. Belə olan halda, həmin şəxsin üçüncü dəfə qüvvətləndirici doza alması məsləhətdir.

Koronavirus əleyhinə üçüncü doza vaksinin vurulması bu gün üçün bütün dünyada vacib hesab edilir. Bu yöndə aparılan tədqiqatlar da onu deməyə əsas verir ki, qüvvətləndirici, yəni buster dozanın vurulması məqsədəuyğundur. Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bunu nəzərə alaraq bütün dünyada olduğu kimi, Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə hər 2 doza vaksin almış insanlara 3-cü doza (buster doza) ilə peyvəndlənmələri tövsiyə edilir.

Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir. Ona görə də buster dozasının alınması sürətləndirilməlidir. Müxtəlif xarici ölkələrdə də artıq buster dozasının vurulmasına başlanılmış və effektiv nəticələr əldə olunmuşdur. Tədqiqatlara əsasən, 3-cü doza almış 60+ yaşlı şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. Buster doza müsbət nəticəsini daha çox 65+ yaş qrupunda qeydə alınıb.

Ümumilikdə, Buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticisimləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştamlarına qarşı güclüdür. Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir.

Buster dozanın tətbiqi ilə bağlı Türkiyədə, Amerika Birləşmiş Ştatlarında keçirilmiş tədqiqatlara əsasən, bu dozanın effektivliyi sübut olunub. Azərbaycanda da koronavirus infeksiyası əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 50-dən yuxarı olan əhalinin və immun sistemi zəif olanların 3-cü doza (buster doza) ilə peyvəndlənmələri məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Bu kateqoriyalı vətəndaşlar buster doza ilə peyvəndlənməyə tələsməlidirlər, çünki COVID-19 çox dəyişkən mutasiyalara məruz qalır və müxtəlif ştamları mövcuddur. İnfeksiyanın çox qısa zaman ərzində bir deyil, bir neçə variantının yaranmasının şahidi oluruq. Zaman-zaman ən çox epidemiya və ya pandemiya halını alan qrip virusu və digər virus heç biri bu cür sürətli mutasiyaya məruz qalmır. Məhz bu səbəblər koronavirusa qarşı buster infeksiyalarının doza ilə peyvəndləməni şərtləndirir. Nəzərə almaq lazımdır ki, bir nəfərdən digərinə yoluxan COVID-19 virusu getdikcə daha da kəskinləşir. Belə olan halda, vətəndaşların nəinki üçüncü, hətta dördüncü doza ilə vaksinasiyası məsələsi gündəmə gəlir.


Arzuman Ağasiyev,

Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimi


Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında

strateji əhəmiyyət kəsb etmişdir


Bugün ilk dəfədir ki, Azərbaycan Respublikası öz müstəqilliyini ərazi bütövlüyü bərpa olunmuş bir şəraitdə keçirir. İlk dəfədir ki, bütün ölkə ərazisində üçrəngli şanlı bayrağımız qürurla dalğalanır. Ötən ilin bugünlərini xatırlayarkən əldə etdiyimiz nailiyyətlərin necə çətin və şərəfli yollardan keçərək bizə gəldiyini bir daha görürük. Buna görə də şanlı mübarizəmizin başladığı 27 sentyabr günü müasir tariximizin ən əlamətdar günlərindən biri olaraq tariximizə qızıl hərflərlə həkk olunub. Eyni zamanda, 17 oktyabr 2020-ci il günü də tariximizdə özünə yer etmiş günlərdən biri olaraq qalmaqdadır. Həmin gün Füzuli şəhərinin işğaldan azad olunduğu gündür. Bəli, həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Füzuli rayonunun bir neçə kəndinin və Füzuli şəhərinin işğaldan azad olunduğunu elan etdi.

Bildiyimiz kimi, Füzuli rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 1994-cü ildə aparılan uğurlu hərbi əməliyyatların sayəsində rayonun 82 yaşayış məntəqəsindən 23-ü düşməndən azad edilmişdir.Füzuli rayonu yaşı minilliklərə gedib çıxan Azıx mağarası, Quruçay mədəniyyəti, tarixi və memarlıq abidləri ilə tanınır. İşğal illərində Füzulidə ermənilər ekoloji terrorla yanaşı, rayonun XII əsrə gedib çıxan qəbristanlığını, XVII əsrə aid Mirəli türbəsini, Cəlil türbəsini, XIX əsrdə tikilmiş məscidi, İmamzadə türbəsini və qədim körpüləri darmadağın edərək vandallıq etmişlər.

Ötən ilin 17 oktyabrında Füzuli şəhərinin azad olunması nəinki füzulililərin xatirəsinə, həm də Azərbaycan tarixinə şanlı səhifələrlə həkk olmuş mühüm tarixi hadisələrdən biri oldu. Bu tarixdə Füzuli rayonunun kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan qurtuldu. Müharibənin növbəti günlərində isə digər 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq göstərərək 27 il ərzində düşmənin təmas xəttində qurduğu möhkəm istehkamları qısa bir müddətdə darmadağın etdi.44 günlük Vətən müharibəsində ordumuzun apardığı ən əhəmiyyətli əməliyyatlardan biri olan Füzuli əməliyyatı nəticəsində qədim yaşayış məskənlərimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi.

Füzuli şəhərinin işğaldan azad olunması müharibənin gedişatında əhəmiyyətli rol oynamaqla, strateji baxımdan Azərbaycan üçün bir çox üstünlüklər qazandırdı. Füzuliyə Azərbaycan Ordusunun nəzarət etməyə başlaması cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biridir desək yanılmarıq. Onu da qeyd edək ki, Füzuli şəhərinin işğaldan azad olunmasından öncə Suqovuşan qəsəbəsi, Talış kəndi, Cəbrayıl şəhəri və Hadrut qəsəbəsi işğaldan azad olunmuşdu. Xüsusilə, Hadrut qəsəbəsinin işğaldan azad olunması düşməndə böyük bir qorxu, xof yaratmışdı. Həmin döyüş Ermənistan cəmiyyətinə və hərbi-siyasi rəhbərliyinə verilmiş ən ciddi mesaj idi. Çünki, Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkib hissəsinə aid olan bir yaşayış məntəqəsi idi və Azərbaycan Ordusunun Hadrutu azad etməsi bir daha göstərdi ki, bizim üçün bütün torpaqlar doğmadır - istər Füzuli, istər Cəbrayıl, istər Zəngilan, istər Hadrut, Şuşa, Suqovuşan. Hamısı bütöv Azərbaycanın tərkib hissəsidir və Azərbaycan əsgəri onların hər biri uğrunda döyüşməyə və canından keçməyə hazırdır.

Məhz bu qətiyyətin nəticəsidir ki, bir müddətdən sonra düşmən artıq dirəniş göstərmək yerinə öz mövqelərini, silahlarını qoyub qaçırdı. O cümlədən, Füzuli uğrunda döyüşlərin son mərhələsində də düşmən bənzər mövqeni sərgiləmiş və qaçmışdır. İşğalçının Azərbaycan Ordusunun zərbələri nəticəsində öz mövqelərini tərk etməsi isə mənəvi-psixoloji və taktiki üstünlüyün Ordumuzun tərəfinə keçməsinə səbəb olaraq müharibənin gedişatında əhəmiyyətli rol oynamışdır.

Məlumat üçün qeyd edim ki, 44 günlük Vətən müharibəsindən sonra dövlət başçımızın bölgəyə ilk səfərlərindən biri də məhz Füzuli şəhərinə olmuşdur və bu günə qədər cənab Prezident ümumilikdə dörd dəfə  bölgəyə səfər etmişdir. Təbii olaraq hər səfər bir çox layihələrin təməlinin qoyulması və açılışlarla xarakterik olmuşdur. Bundan sonra da, şübhə yoxdur ki, dövlət başçımızın bölgəyə xüsusi diqqət və qayğısı nəticəsində ən qısa müddətdə şəhər tamamilə bərpa olunacaq və Füzulinin az qala otuz ildir Vətən həsrəti çəkən əhalisi öz doğma torpaqlarına qovuşacaqdır.

Sonda bir daha qürur hissi ilə bildirmək istəyirəm ki, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli adlandırılan əzəli Azərbaycan torpağı işğalının 27-ci ilində şanlı Azərbaycan Ordusunun şücaəti və onun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti ilə işğaldan azad olundu. Beləliklə, Füzuli bizimdir! Füzuli Azərbaycandır!



Sahib Əmirxanov,

Salyan rayon Pambıqkənd kənd tam orta məktəbin müəllimi,

Vətən müharibəsi iştirakçısı


Füzuli uğrunda aparılmış döyüşlərdə Azərbaycan Ordusu

mümkünsüzü mümkün etdi


Füzuli rayonu qədim yurd yerlərimizdən biridir. O yerlərimizdən ki, illərdir erməni tapdağı altında qaldı, inlədi.Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olundu. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olundu. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanıldı. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşü. Füzuli zəngin infrastruktur və tarixi abidələrə malik olan məkan idi. Rayonda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud idi. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olub. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.

Füzul işğal altında qalmışdı. Ta ki 2020-ci ilin 17 oktyabr tarixinədək. Həmin il 27 sentyabrda başlayan haqq savaşımızda qəhrəman oğullarımız canı, qanı bahasına düşmən üzərinə gedirdi. Vətən müharibəsinin gedişində, 17 oktyabrda Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləriylə yanaşı Füzuli şəhəri də dığalardan təmizləndi. Vətən müharibəsində Füzuli rayonundan 80 nəfərədək sakin şəhid oldu, 300 nəfərədək sakin yaralandı. Onu da bildirək ki, Füzuli əməliyyatı Azərbaycan Ordusununİkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri idi. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edildi. Füzuli əməliyyatında dümən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçdı. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun Cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaratdı. Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edildi. Burada ermənilərin sarsılmaz saydığı, ən güclü müdafiə xətti adlandırdığı “Ohanyan xətti”nin ordumuzun gücü ilə yerlə yeksan olması, yarılması da unudulmamalıdır. Xatırladaq ki, burada düşmən müdafiə xəttində beton sədlərdən, məftilli xətlərdən əlavə, mina sahəsi də yaratmışdı. Azərbaycan əsgəri beton sədləri, məftil xətlərini və minalanmış ərazini keçməli idi. Həmçinin zirehli texnikaların hərəkətinə mane olmaq üçün burada enli çuxurlar da qazılmışdı. Buna baxmayaraq, bu maneələr rəşadətli ordumuz tərəfindən darmadağın edildi.

17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq və bundan sonra xatırlanacaq. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaq. Doğrudan da Azərbaycan Ordusu mümkünsüzü mümkün etdi.Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaq. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Lakin ordumuz bunu bir neçə günün içində edə bildi.

Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu.

2020-ci il noyabrın 16-da Azərbaycan Prezidentiİlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəldilər. İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Sonradan Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu. Cari ildə ölkə rəhbəri Füzuliyə 4 dəfə səfər etdi. Bu səfərlər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanışlıq və “Füzuli” yarımstansiyasının açılışı oldu. Əlbəttə, bu son deyil. Bundan sonra da Füzuli böyüyəcək, inkişaf edəcək.



Həsənov Qəmbər,

Salyan rayon Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndə