![]() |
![]() |
Sülh və ədalət prinsiplərini təbliğ edən təsisat
1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulmuşdur.
BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan, müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının yaradılmasından 60 il ötür. Sülh və ədalət prinsiplərinin təbliği, suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. 1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır və multilateralizmin həqiqi nümunəsi hesab edilir.
Qoşulmama Hərəkatının təməlində tarixi Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Azərbaycan sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşuldu və qısa müddət ərzində hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı. 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb. Təsadüfi deyildir ki, bu il Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar vermişlər ki, bu da Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən yüksək qiymətdir.
Ölkə Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin videoformat şəklində təşkil edilən toplantısında mühüm məsələlərə toxunub. Azərbaycanın Hərəkata sədrliyi dövründəki prioritetləri, gələcək fəaliyyətlə bağlı bir sıra təşəbbüslərlə çıxış etdiyi diqqətə çatdırılıb. Bütün dünya üçün başlıca təhdid olan pandemiyadan sonrakı dövrdə Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə yüksək səviyyəli görüşün təşkili ilə bağlı təşəbbüslər irəli sürülüb. Prezident İlham Əliyevin çıxışında toxunduğu əsas məsələlərdən biri beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmalar, onların tətbiqinin dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərməsilə bağlı idi. Yüksək tribunadan bir daha dünya birliyinə çatdırıldı ki, Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb. Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bilib. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirib. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozub. Hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Əksinə, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi.
Amma münaqişə artıq keçmişdə qalmış, 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev vurğulayıb ki, Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, nə müharibə, nə də münaqişə olardı.
Tofiq Rəhmanov,
Salyan rayon Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur
Azərbaycan Respublikası çoxsaylı beynəlxalq təşkilatların üzvü olaraq, fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi dəstəkləyir. On ildən bəri Qoşulmama Hərəkatının üzvü olan Azərbaycan ona sədrlik etdiyi hazırkı dövrdə öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində qurmuş, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqini təməl məramı kimi qəbul etmişdir. Azərbaycan bu illər ərzində özünü beynəlxalq münasibətlər sistemində çoxtərəflilik və sülh naminə diplomatiyanı təşviq edən əsas tərəflərdən biri kimi sübut edib.
120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin bu təşkilata sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsi kimi dəyənləndirildi. Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunmağa başladı. Ötən dövr ərzində Azərbaycan hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.
Quruma üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb və ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayıb. Ölkəmizin keçmiş münaqişə ilə bağlı mövqeyi Qoşulmama Hərəkatının çoxsaylı sənədlərində dəstəklənib. Xüsusilə vurğulamaq lazımdır ki, Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatının üzvlərinin güclü siyasi həmrəyliyini və dəstəyi müşahidə olundu. Belə ki, BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr Azərbaycana dəstək vermək məqsədilə təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur oldular. Bu bir daha göstərir ki, Azərbaycanın müəyyənləşdirdiyi xarici siyasət strategiyası öz uğurlu nəticəsini verdi. Regionun xarakteristikasını nəzərə alaraq atılan addımlar uzun illər sonra milli maraqlarımız kontekstində siyasi dividentlər qazandırdı.
2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin çıxışı ölkəmizin bu böyük beynəlxalq təşkilatda mövqelərinin daha da güclənməsində təsirini göstərəcək, eyni zamanda Prezidentin çıxışında qaldırılan məsələlər ölkəmizin dünyada sülh və ədalətin təntənəsi üçün çaba göstərən dövlət olduğu barədə beynəlxalq ictimai rəy yaradacaqdır
Qeyd etmək lazımdır ki, Azərbaycanın Qoşulmama Hərəkatının üzvlərinin legitim maraqlarını, eyni zamanda beynəlxalq hüquq və ədaləti müdafiə etməsi üzv dövlətlər tərəfindən təqdir olunur və məqbul hesab edilir. Hərəkat üzvləri tərəfindən Azərbaycanın sədrliyinin bir il uzadılmasına dair qərarın verilməsi təsadüfi deyil və bu, Qoşulmama Hərəkatı üzvlərinin Azərbaycana olan etimadının, inamının növbəti təzahürüdür. Bu qərar Qoşulmama Hərəkatının üzvləri tərəfindən Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.
Nuray Həsənzadə,
Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin müəllimi
Azərbaycanın Qoşulmama Hərəkatında beynəlxalq nüfuzu artmaqdadır
Beynəlxalq münasibətlər sisteminin önəmli təsisatı olan Qoşulmama Hərəkatı 1961-ci ildə Belqradda təsis edilmişdir. Təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir və çox qürurvericidir ki, Ölkə rəhbəri cənab İlham Əliyev bu hərəkatın 2019-2022-ci illər üzrə sədri seçilmişdir.
Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək məqsədilə Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Səbəb Azərbaycanın belə selektiv yanaşmaya məruz qalması idi. Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamışdır. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmişdir. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirmiş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozmuşdur. Hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmirdi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Əksinə, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi.
Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazanaraq, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etdilər. Bu, bilavasitə Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin təzahürü idi. Bununla da Azərbaycan bir daha güclü və qüdrətli dövlət olduğunu dünyaya sübut etdi. Qürurverici haldır ki, artıq Azərbaycan dünya ölkələri sırasında söz haqqı olan, sayılıb seçilən ölkədir.
Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Bir müddət öncə Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirmiş və təsisatlanma ideyası ilə çıxış etmişdir.
Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsi münasibətlərimizin davamlı olması üçün zəmin yaratmışdır. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana verdiyi dəstək əhəmiyyətli hadisədir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər. 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
Məsabə Abasov,
Salyan rayon Yenikənd bələdiyyəsinin sədri
Köp əleyhinə dərmanlar körpəni sakitləşdirsə də, qazı yox etmir.
İsrail səfiri Corc Dik Azərbaycanı müstəqilliyinin bərpasının otuzuncu ildönümü münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, diiplomat bununla bağlı Tvitter hesabında paylaşım edib.
“Əziz Azərbaycan, xoşbəxt müstəqillik günü!”, - deyə o yazıb.
Bizim dövlətimiz yoxdur. Ermənistan sadəcə yalnız əlifba göstəricisidir.
“Qafan şəhərinin yaxınlığında yerləşən Ağdağ (ermənilər Pela deyir) yüksəkliyi Azərbaycanın
Dövlət müstəqilliyimiz xalqımızın milli sərvətidir
Müstəqillik xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir
Yeni bərpa olunmuş dövlət müstəqilliyinin itirilmə təhlükəsi və müstəqilliyi möhkəmləndirən əsas faktor
XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Dövlət müstəqilliyinin bərpası ilə bağlı 1991-ci il oktyabrın 8-də başlanan Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında müzakirələr 4 gün davam etdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi.
Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıdı. 2 mart 1992-ci ildə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi.
Müstəqillik xalqın azadlıq arzusu hesabına əldə olunub. Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovetlər birliyinin dağılması, Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti müstəqilliyimizin bərpasına böyük təhlükə törədirdi.
Müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin artan təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyindəki səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Əslində müstəqilliyin elan olunmasından daha vacib olan müstəqilliyin qorunması idi. Tarixi təcrübədən məlumdur ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-ci ilin 18 oktyabrında Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, ilk illərdə bu, əslində formal səciyyə daşımışdır. Dövlət müstəqilliyinin ilkin mərhələsində - 1991-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində ciddi problemlər yaratmışdı. Həmin təlatümlü hadisələr təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və yaşatmaq kimi ağır missiyanın öhdəsindən gələ bilər. Məhz xalqın təkidli tələbi ilə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca iqtisadiyyatda sərbəst ticarət prinsipləri əsas götürülməyə başlandı. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.
Bu gün Azərbaycan və onun istiqlaliyyəti üçün ən mühüm təminat faktoru odur ki, ümummilli lider Heydər Əliyevin bərqərar etdiyi güclü dövlətçilik xəttini uğurla davam etdirən yeni lider var. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin ideyalarına sadiq qalaraq bu dövləti daha da inkişaf etdirir.
Güclü dövləti müstəqil siyasətin, dövlətçiliyin əbədi təminatı hesab edən cənab İlham Əliyev xalqın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün əzmkarlıqla çalışır. Azərbaycan xalqı qəlbən inandığı və siyasətini bəyəndiyi liderinin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, ən müxtəlif sahələrdə daha böyük nailiyyətlərə imza atacağına ürəkdən inanır.
İbadət Cəfərov,
Salyan rayon Ərəbqardaşbəyli kənd tam orta məktəbin direktoru