![]() |
![]() |
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şabran rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)-Padar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bəşəriyyətin ən ali varlığı insandır. Ulu Yaradan ondan nə əsirgəmiş ki ?!Öz zərrəsindən bir parça hər kəsə, bütün bəndələrinə ərməğan etmişdir. Yetər ki , onu dərk edib dəyərləndirəsən, qəlbini genişləndirib , bəsirət gözünü açasan , təkcə görünənləri deyil, görünməyənləri də görə biləsən . Bir ömür boyu özün üçün, həm də ətrafındakılar üçün faydalı olasan. Həm Yaradanının rizasını qazanasan, həm də insanların dərin sevgisini, rəğbətini, sonsuz hörmətini ....
Bəli , belə ömür sürmək , bir ömrə bütün bunları sığışdırmaq nə qədər mürəkkəb olsa da mümkünsüz deyildir. Nə xoş ki, sayıla biləcək qədər olsa da belə insanlar var. Yazımın qəhrəmanı kimi.. .Azərbaycan Respublkası Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı-“Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev kimi...
İnsan kimi insan, ziyalı kimi ziyalı, rəhbər kimi rəhbər- Eldar müəllim . Tanıyan, bilən-hər kəsin sevdiyi , hörmət bəslədiyi , böyüklə böyük , kiçiklə kiçik, səmimi, mehriban , tələbələrin dostu- Eldar müəllim.
Tükənməz enerjili , işgüzar , zəhmətkeş , əzmkar- Eldar müəllim .Gözəl ailə başçısı, ləyaqətli ata, sevimli baba-Eldar müəllim.
Bütün qayğılara , problemlərə, yerindəcə sinə gərən-Eldar müəllim.
Eldar müəllimin 70 yaşı tamam olub . Şərəf və ləyaqətlə yaşanan , örnək nümunəsi olan bir ömür...
Ölkə rəhbəri Cənab İlham Əliyev Eldar müəllimin əməyini yüksək qiymətləndirərək , Azərbaycanımızın ictimai- siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif etmişdir.
Bu münasibətlə Eldar müəllimi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı arzulayırıq. Tanrı Sizi qorusun , Eldar müəllim.
Müşfiq Kişiyev
Ölkəmizdə mətbuatın davamlı inkişafı təmin olunur
Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Heydər Əliyevin hələ Azərbaycana rəhbərliyinin birinci dövründə cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi Azərbaycan mətbuatında da ardıcıl inkişaf meyilləri müşayiət olunmağa başladı. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazası yaxşılaşdırıldı. Azərbaycanda mətbuatın normal fəaliyyəti üçün yeni texnologiyalara əsaslanan infrastruktur təminatı yaradıldı. Ötən əsrin 70-ci illərində tikilərək istifadəyə verilən "Azərbaycan" nəşriyyatının binası ulu öndər Heydər Əliyevin sovet dövründə milli mətbuatımıza göstərdiyi diqqət və qayğının təzahürüdür.
Prezident İlham Əliyev redaksiyaların və jurnalistlərin maddi durumunu yaxşılaşdırmaq məqsədilə mühüm addımlar atmışdır. Ölkə başçısı 31 iyul 2008-ci ildə imzaladığı "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncam bu baxımdan əhəmiyyətli sənəd oldu. Konsepsiyaya müvafiq olaraq 3 aprel 2009-cu ildə dövlət başçısı tərəfindən imzalanan digər sənəd - "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncam ölkəmizdə müstəqil mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu. Mətbuatın inkişafına hərtərəfli dəstək verən dövlət başçısı qarşıya qoyduğu məqsədin "dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi" olduğunu bildirmişdir. Ölkə başçısının sərəncamı ilə dövlət orqanlarından, kütləvi inflormasiya vasitələrindən və jurnalist təşkilatlarından hər birindən 3 nəfər olmaqla 9 nəfər müəyyənləşdirilərək KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası yaradıldı. Fond səmərəli fəaliyyəti ilə KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına kömək göstərməkdədir.Azərbaycanda azad mətbuat inkişaf edir və onun qarşısını heç bir qüvvə ala bilməz. Çünki bu, sosial sifarişə, ən əsası isə Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanır.
Dinarə Dadaşova,
Salyan şəhər 9 saylı tam orta məktəbin müəllimi
İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir
Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir - Zəfər tariximizin başlanğıcıdır. Həmin tarixdən xalqımıza məxsus olan milli qürur, əyilməzlik kimi keyfiyyətlər tüğyan etdi.
Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz düşmən üzərində şanlı qələbə qazandı. Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Hər kəs Vətən fədaisi oldu o gün. 44 günün hər bir günü qəhrəmanlıq dastanına çevrilib, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün bizim ordumuz irəli gedirdi, hər gün. Müzəffər ordumuz bir gün də olsun geri addım atmadı. Və nəhayət, o böyük qələbəyə nail oldu. İllərlə yaşadığımız ağrı – acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyada nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.
Ən əsası odur ki, bu müharibədə bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu.
İndi hər kəs, bütün dünya bilir ki, müharibə dövründə Ermənistan döyüş meydanında bizə qarşı müqavimət göstərə bilmədiyi halda mülki əhalini atəşə tutub, hərbi cinayətlər törədib, qadağan edilmiş silahlardan, o cümlədən ağ fosforlu bombalardan istifadə edib. Bu artıq sübut olunub. Uzaq mənzilli ballistik raketlərdən istifadə edib və bunun nəticəsində 100–dən çox mülki şəxs həlak ölüb və minlərlə fərdi sahibkarlıq obyekti dağıdılıb. Bu gün dağıntılara məruz qalmış bütün şəhər və rayonlarımızda quruculuq işləri gedir.
Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq. Bizim şəhidlərimiz haqq yolunda şəhid olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunur. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarımızda ucaldılir.
Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. 44 günlük müharibə Azərbaycanın şanlı tarixidir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Azərbaycana bir çox yerlərdən təcrübəmizi öyrənmək üçün müraciətlər olunur. Dünya miqyasında Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Həm hərbçilərmizin peşəkarlığı, qəhrəmanlığı, texniki təchizat, həm də vətənpərvərlik hissi –bütün bu amillər, xalq-iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik və xoş ovqat qələbəyə gətirən amillər olmuşdur. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi. Vətən müharibəsini Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.
Xəyalə Əliyeva,
Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi
Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaqdır
Ermənistan Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etmək üçün nə vaxtsa döyüşəcəyini bilirdi. Bilirdi ki, "nə vaxtsa" gümanı şərti deyil. Düşmən Azərbaycan xalqının qətiyyətini görürdü, xalqın ölkə başçısına inamını görürdü, ordusuna güvəncini görürdü. "Qarabağ Azərbaycandır və nida işarəsi" qətiyyəti Ermənistanın bütün ümidlərini silkələdi.
Qürurverici haldır ki, məhz Ali Baş Komandanımızın qətiyyəti sayəsində xalqımız həsrətində olduğu qələbə sevincini dadmış oldu. Ölkə başçısı İlham Əliyevin hər birimizin həyat amalına çevrilmiş “Qarabağ Azərbaycandır!” şüarı öz təsdiqini tapmış oldu. Bu gün üçrəngli bayrağımızın Şuşada, Füzulidə, Cəbrayılda, Suqovuşanda, Xudafərində və işğaldan azad olunmuş digər yaşayış məntəqələrimizdə dalğalanması hər bir azərbaycanlıda böyük fəxarət hissi yaratdı.
Torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Şəhidlərimizin intiqamını döyüş meydanında aldıq. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını müzəffər ordumuzun döyüşçüləri düşməndən döyüş meydanında aldı.
Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu.
Yurdumuzun ərazi bütövlüyü təmin olundu. Xalqımız zəfər təntənəsini yaşayır. Qazi kimi evlərinə dönənlər yoldaşlarının qisasını alıblar. Azərbaycan ictimaiyyəti müharibə günlərində birliyimizə sadiq qaldı. Bu gün biz şəhidlərimizin hər birini ehtiramla anır, müqəddəs şəhidlər xiyabanında məzarlarını ziyarət edirik. Azərbaycanın gözlərimizin önündə sürətli inkişafını gördükcə dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasi xətti dəstəkləyir və əminik ki, Azərbaycan bundan sonra daha da qüdrətlənəcəkdir.
Rəşad Kərimov,
Salyan rayonu Aşağı Kürkənd kənd sakini,
Vətən müharibəsi iştirakçısı
44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı
qürur mənbəyimiz olaraq qalacaq
Azərbaycan xalqı tarixinin ən yaddaqalan və şanlı dönəmlərindən birini yaşayır. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin strateji rəhbərliyi ilə Azərbaycan ordusu vaxtilə nağıl kimi görünən həqiqətləri bərqərar etdi, işğal olunmuş ərazilərdən didərgin düşmüş əhalinin uzun illərdir olan həsrətinə son qoyuldu. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı.
Dövlət başçımızın ölkəmizə rəhbərlik etdiyi dönəmdə Azərbaycan bu qələbəyə, necə deyərlər, addım-addım yaxınlaşırdı. Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdı. İştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təmin edilməsi üçün səylər göstərdi.
Hərbi əməliyyatların aparılmasında Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Noyabrın 10-da Ermənistan Respublikası Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə üctərəfli kapituliyasiya aktını imzalamağa məcbur qalmışdır. Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. Üç ölkə arasında əldə edilən razılaşma Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması baxımından tarixi əhəmiyyət daşıyır, eyni zamanda, bəyanatla Qarabağa heç bir status verilməyəcəyi, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Naxçıvanın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak edəcəyi bildirilir. Ümumiyyətlə, böyük siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır, ölümcül məğlubiyyətinin ifadəsidir.
Eyni zamanda bildirmək istəyirəm ki, möhtəşəm qələbəmizin əldə olunmasında Azərbaycanın mədəniyyət məbədi və incisi olan, Qarabağın simvolu sayılan Şuşanın işğaldan azad olunması mühüm önəm kəsb etdi. Bu şəhərin yağı tapdağından xilas edilməsi Silahlı Qüvvələrimizin yenilməzliyinin təsdiqinə çevrilməklə bərabər, düşmənin əzmini, iradəsini sındırdı, işğalçının “məğlubedilməz ordu” mifini tamamilə dağıtdı.
8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün. Bu, Böyük Qələbə Günüdür, şanlı tariximizə daxil olan Zəfər günüdür! Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Bir sözlə, “Qarabağ Azərbaycandır və nida ”-söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı. 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!
Rəna Şirəliyeva,
YAP Salyan rayon təşkilatının Qadınlar Şurasının üzvü
Azərbaycanda Şəhid ailələri və müharibə əlilləri dövlətin qayğısı altındadır
Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı, Azərbaycanı dünyada və Cənubi Qafqazda nüfuz və söz sahibinə çevirən Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev 14 iyul 2021-ci il tarixdə Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etmiş və hesabat xarakterli səmimi görüş keçirərək çıxış etmişdir. Proqram, hesabat, hədəf və dünyaya yeni baxış xarakterli çıxışından bəzi məqamları ictimaiyyətin nəzərinə çatdırmaq istərdim.
Xocasən qəsəbəsində böyük bir kompleks istifadəyə verilmişdir. 810 mənzildən ibarət tam təmirli binanın mənzillərinin açarları Şəhid ailələri və müharibə əlillərinə təqdim edilmişdir. Kompleksdə 620 yerlik məktəb binası və uşaq bağçası istifadəyə verilmişdir. Bütün bunlar Şəhid ailələri və müharibə əlillərinin ailələrinin rahat yaşaması üçün dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərdəndir.
Şəhid ailələri və müharibə əlilləri daim dövlətimizin qayğısı ilə əhatə olunur. 2020-ci ildə xüsusilə bu istiqamətdə geniş miqyaslı işlər görülmüş və Azərbaycan dövləti bu sahədə böyük göstəricilərə nail olmuşdur. 1572 nəfər şəhid ailəsi və müharibə qazisi evlərlə təmin olunmuş, 2021-ci ildə isə 3000-ə qədər şəhid ailəsi və müharibə qazisi evlərlə təmin olunacaqlar. Uzun illərdir müharibə qaziləri avtomobillərlə təmin olunurlar, ümumilikdə müharibə qazilərinə 7200 avtomobil verilib.
Cənab Prezidentimiz görüşdə 44 günlük zəfər qələbəmizdən danışmış, Azərbaycan oğlunun igidliyindən, hərbi təcrübəsindən, xalq-ordu birliyindən, bütövlükdə iqtidar-ordu-xalq birliyinin möhkəmliyindən qürurverici nitq söyləyərək Azərbaycan Şəhidinə və Qazisinə nə qədər yüksək qiymət verməsini fərəh hissi ilə tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Bu humanist siyasətin əsasında ilk növbədə ən həssas kateqoriyadan olan insanların dövlət qayğısı ilə təmin olunması durur. Azərbaycanda Şəhid ailələrinə və müharibə qazilərinə göstərilən dövlət qayğısının dünyanın inkişaf etmiş ölkələrində və xüsusilə 7-8 min şəhid vermiş Ermənistanda olmamasını tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Möhtərəm Prezidentimiz çıxışında Azərbaycan xalqının maraqlarına cavab verən dövlət siyasətinin çalarları və özünüməşğulluq marafonu haqqında geniş məlumat verdi. Marafona 200 sahibkarın qoşulması və bunun nəticəsində 160 qazinin işlə təmin olunması, ölkəmizdə geniş miqyaslı özünüməşğulluq proqramının icra edilməsi,16 min Azərbaycan vətəndaşının özünüməşğulluq proqramına cəlb olunması, bunlardan 5 min nəfərin Şəhid ailələrinin və müharibə əlillərinin ailələrinin olması haqqında hesabat xarakterli nitq söylədi.
Müzəffər Ali Baş komandan vətən müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbiçilərimiz üçün ən müasir protezlərin sifarişi və ölkəyə gətirilməsi, bu protezlərlə 100-dən çox hərbçinin təmin olunması və müharibədə iştirak edənlərin 8400 nəfərinə sosial ödənişlərin verilməsi, Reabilitasiya mərkəzinin şəbəkəsinin genişləndirilməsi, bunun nə qədər çətin olmasına baxmayaraq daha da genişləndirilməsi barədə məlumat verdi. Bütün bunlar Azərbaycanda yaşayan Şəhid ailələrinin, müharibə əllillərinin və Qazilərinin qayğılarının nə qədər yüksək səviyyətə dövlətimiz tərəfindən müdafiə olunmasına və qorunmasına bir misaldır.
Cənab Prezidentimizin İkinci Qarabağ Müharibəsinin Azərbaycan Xalqının Şanlı Tarixi olması barədə qürürverici, fəxarət hissi ilə diqqəti cəlb edən nitqi bu gün həyatımızın prioritet varlığını və yaşamını təşkil edir. Bütün dünya azərbaycanlıları və özünü azərbaycanlı hesab edən hər bir dünya vətəndaşı fəxarət hissi ilə 7 iyul 2021-ci ildə Prezidentin Fərmanı ilə yaradılmış Qarabağ iqtisadi zonası, Şərqi və Qərbi Zəngəzurun qədim Azərbaycan torpaqları olmasını,həmin torpaqların Sovet hökuməti tərəfindən 101-il əvvəl Ermənistana verilməsi və Azərbaycan xalqının öz ata- baba torpaqlarına qayıdacaqlarını danışır və Böyük Azərbaycanlı olmaları ilə qürür duyurlar.
Bu gün hər birimiz bu həqiqətin həyata keçirilməsi fəaliyyətində Cənab Prezidentimizə dəstək olmalı və Ali Baş Komandanımızın müsəlləh əsgərləri olmalıyıq.
44 günlük vətən müharibəsində qazandığımız zəfər qələbəsinə görə ”Dəmir Yumruq” əməliyyatının müəllifi, Müzəffər Ali Baş komandanımız Cənab İlham Əliyevə, Müzəffər Azərbaycan ordusuna, canından, həyatından artıq sevdiyi vətən üçün qan tökən və Şəhidlik zirvəsinə ucalan qəhrəman, namus-qeyrət rəmzinə çevrilən, özləri qayıtmasalar da Qarabağımızı qaytaran Şəhidlərimizə, Ali Baş Komandan və Azərbaycan ordusu ilə birlik nümayiş etdirən Azərbaycan xalqına borcluyuq!
Rəna Kərimova,
Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbin tarix müəllimi
II Qarabağ müharibəsi Azərbaycanın qalibiyyətidir
Azərbaycan xalqı bütün sınaqlardan alnıaçıq, üzüağ çıxmışdır. Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı hərb tariximizə daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə dövlət başçısı cənab İlham Əliyevin qərarı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.
Bəli, 2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi yadda qaldı. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq...
Azad olunmuş ərazilərdə artıq quruculuq işləri başlanıb. Cənab Prezidentimizin Şuşa şəhərinin mədəniyyət paytaxtı olması ilə bağlı imzaladığı sərəncam bir daha sübut edir ki, Azərbaycan çiçəklənmə dövrünü yaşayır. Azərbaycan xalqı öz rəhbəri ilə birlikdə tarix yaradır.
30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.
Mehrinur Nağıyeva,
Salyan rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi
Şanlı Qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi
Azərbaycan xalqının döyüş meydanında əldə etdiyi bu zəfər igidlərin, Vətən oğullarının qanı bahasına əldə edildi. Əslində isə bu zəfərin bünövrəsi 2016-cı ilin Aprel döyüşlərində qoyulmuşdu. O vaxtkı döyüşlərin qəhrəmanları sübut etdilər ki, bu müharibədə uğur əldə etmək, qalib gəlmək, zəfər qazanmaq mümkündür. Erməni ordusunun məğlubedilməzliyi barədə deyilənlər onların özlərinin uydurduğu mifdən başqa bir şey deyil. Aprel döyüşlərinin qəhrəman zabitləri əsgərlərin önündə gedərək sanki bir qələbə cığırı açdılar, gənclik üçün örnək oldular. Onlar Azərbaycan naminə can fəda etməyin çox parlaq nümunələrini yaratdılar. Bu gün xalqımıza məxsus tarixi torpaqları geri qaytaran, Şuşaya bayraq sancan məhz həmin qəhrəman oğlanların davamçılarıdır. Çox xoşbəxtik ki, bu günləri yaşadıq. Bu qələbə ilə şəhidlərin qisası alındı. Ay yarım davam edən müharibədə xalqımız siyasi müstəvidən əvvəl hərb meydanında öz sözünü dedi. Bu döyüşdə Azərbaycan ordusu özünün hünər və bacarığını, rəşadət və mərdliyini nümayiş etdirdi.
İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu müharibədə rəşadətli Azərbaycan Ordusu İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə işğalçı Ermənistanı döyüş meydanında darmadağın etdi.
Vətən torpaqlarının azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu Qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi, məğlubiyyət damğasını üzərindən götürdü. Bu savaşın nəticəsində dünya bizi həm də qalib xalq kimi tanıdı.
Azərbaycan Ordusu müharibənin ilk anından son gününə qədər işğalçıya divan tutdu, necə lazımdırsa cəzalandırdı. Bu müharibədə rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti isə öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Əsgərlərimiz, zabitlərimiz, çavuşlarımız döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, vətən uğrunda mübarizə necə olur. Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı.
Müharibə itkisiz olmur, həm də torpaq uğrunda ölən varsa, Vətəndir. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şəhadət zirvəsinə ucaldılar. İşağldan azad olunmuş vətən torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi bizim üçün.
Dövlət başçısı bildirmişdir ki, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyası idi: "Ondan sonra Ağdam, Laçın, Kəlbəcər rayonları bir güllə atmadan bizə qaytarıldı. Bu gün Azərbaycan əsgəri bu rayonlarda xidmət göstərir. Bu da böyük nailiyyətdir. Biz mütləq o bölgələri də, o rayonları da döyüşərək alacaqdıq. Amma çox itkilər verə bilərdik, xüsusilə Ağdam istiqamətində hər tərəf minalanmışdı və bir neçə müdafiə xətti var idi. Eyni zamanda, xüsusilə hava şəraitini nəzərə alsaq, Kəlbəcər, Laçın rayonlarının döyüşlə azad edilməsi də böyük itkilərə gətirib çıxaracaqdı. Artıq qış başlamışdı, yolları buz bağlamışdı. Kəlbəcərə Göygöl rayonundan keçmək üçün saatlarla vaxt lazımdır".
İkinci Qarabağ savaşında Ermənistan ordusunun itkiləri ən maksimum həddə çatmışdır. Ermənistan Baş Prokurorluğunun sorğuya verdiyi cavabında qeyd edilir ki, 44 günlük müharibə ərzində əsgər itkilərinin sayı 5000 nəfəri keçib. Dövlət qurumu bildirib ki, bu rəqəmlərin 7000 nəfərə çatacağı istisna edilmir. Bunu da hazırda axtarışların aparılması və itkinlərlə bağlı əllərində olan müraciətlərə əsasən vurğulayıblar.
Ermənistan I Qarabağ müharibəsində də müharibə cinayətləri törədib. O vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib. Sənədləşdirilsə belə bu, beynəlxalq ictimaiyyətə çatmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Bu gün isə durum fərqlidir. Bu da Ermənistanın hərbi cinayətlərinin sayının artmasına, bu dövlətin mahiyyətinə yeni bir baxışın olmasına zərurət yaradır”.
Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Çünki mülki əhaliyə qarşı törədilmiş cinayətlər erməni siyasətinin xislətidir. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycanın şəhər və kəndlərini ballistik raketlərlə bombaladı. Bütün bunlar bir daha Ermənistan dövlətinin anti-insani, anti-bəşəri dəyərlərə sahib olduğunun açıq göstəricisidir”.
Vətənin şəhid övladları, bu gün sizin ruhunuz şaddır. Çünki hər qarışı üçün şərəflə mübarizə apardığınız, uğrunda canınızdan keçdiyiniz, qanınızla suvardığınız Vətən torpaqları artıq işğaldan azaddır.
Vüqar Ağayev,
Salyan rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri
Vətən müharibəsi – Zəfər tariximiz
Azərbaycan bu günkü inkişafı ilə siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, öncül siyahılarda yer alır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Azərbaycan adlı gəminin kapitanı İlham Əliyev bu gəmini nəhəng dalğalardan, sualtı qayalardan ustalıqla keçirərək daim irəli aparır.
Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu - Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. 30 ilə yaxındır ki, “Qordi düyünü”nə çevrilmiş Qarabağ problemini -müdrik və uzaqgörən siyasəti, uğurla apardığı Vətən müharibəsilə 44 günə həll etdi. 2021-ci il sentyabrın 27-də mənfur düşmənin təxribatı ilə başlamış olan Vətən müharibəsi noyabrın 10–da Müzəffər Azərbaycan ordusunun qələbəsi ilə sona çatdı.
Bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində İkinci Qarabağ müharibəsi öyrənilir. Azərbaycana bir çox yerlərdən təcrübəmizi öyrənmək üçün müraciətlər olunur. Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq.
Azərbaycan İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhid verib. Onların hər birinin həyatı xalqımız üçün çox qiymətlidir. Müharibədə itkilərimiz daha da çox ola bilərdi. Çünki birincisi, əks – hücum əməliyyatı keçirən tərəf adətən, bir qayda olaraq daha çox itki verir. Digər tərəfdən, azad olunmuş torpaqların relyefi bizim üçün çox əlverşsiz idi. Düşmən bütün strateji yüksəkliklərə sahib idi. Əlbəttə ki, 30 il ərzində onların qurduqları istehkamlar, 6 müdafiə xətti və mühəndislik işləri onlara böyük üstünlük verirdi. Onlar hesab edirdilər ki, Azərbaycan ordusu bu müdafiə xəttini, bu istehkamları, bu yüksəklikləri heç vaxt keçə bilməz. Amma düşmən həmişəki kimi bu dəfə də yanıldı. Müzəffər ordumuzun Vətən sevgisi, igidliyi, qorxmazlığı düşmən ordusunu məhv etdi. Dahi rəhbərin verdiyi düzgün tapşırıqlar, müzəffər Azərbaycan ordusunun göstərdiyi şücaət bizə bu günki Qələbəni yaşatdı.
Biz düşməni dədə-baba torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. Bunu 3 minə yaxın şəhidimizin, yüzlərlə qazimizin qanı -canı bahasına əldə etdik.
Biz Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını döyüş meydanında aldıq və bununla fəxr edirik. Öz yaxınlarını itirmiş insanlar bununla təsəlli tapır. Çünki onların qəhrəmanlığı, onların şücaəti və fədəkarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Bizim şəhidlərimiz haqq yolunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada danışılır. Məhz onların qəhrəmanlığı nəticəsində bu gün bizim Üçrəngli bayrağımız azad edilmiş torpaqlarda dalğalanır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət kimi yaşayır və bundan sonra da əbədi yaşayacaq.
Müharibədə şəhid olmuşların ailələrinə, əlil olmuş şəxslərə dövlət daim qayğı, diqqət göstərir. Qazilərimizin məşğulluq məsələləri həll olunur. Bu günə kimi 160 qazi artıq işlə təmin olunub. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır.
Bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər 8400 nəfərə sosial ödənişlər verilib. Artıq bir neçə reabilitasiya mərkəzi yaradılıb və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bəzi qazilərimizin müalicələri xarici ölkələrin ən müasir klinikalarında həyata keçirilir.
Vətənin müstəqilliyi uğrunda şəhid olanların ailələri evlərlə təmin olunur. Bunlar genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq Azərbaycan hökuməti bunu edir və bundan sonar da edəcəkdir. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, Azərbaycan hökuməti, Azərbaycan xalqı daim onların yanındadır.
Sevinc Almasova,
Salyan rayon Qardili kənd sakini