![]() |
![]() |
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə
mühüm təşəbbüsləri və əldə olunan nəticələr
Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı, Azərbaycanı dünyada və Cənubi Qafqazda nüfuz və söz sahibinə çevirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 13 iyul 2021-ci il tarixdə sədr kimi Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici işlər nazirlərinin aralıq konfransında çıxış etmişdir. Proqram, hədəf və dünyaya yeni baxış xarakterli çıxışından bəzi məqamları ictimaiyyətin nəzərinə çatdırmaq istərdim.
Əvvəla bildirmək istərdim ki, Qoşulmama Hərəkatı 1961-ci ilin iyul ayında dünya ölkələrinin üzvlüyü nəticəsində yaranmışdır. 2021-ci ilin iyul ayı bu qurum üçün yubileydir, çünki, Qurumun 60 ili tamam olur. Sevindirici və qürurverici hal odur ki, Azərbaycan dövləti uzaqgörən və zamanı qabaqlayan çevik siyasət nəticəsində 2016-cı ildə Qoşulmama Hərəkatına üzv qəbul olunmuşdur və dövlətimiz dünya ölkələri arasında nüfuzu və yürütdüyü humanist siyasəti nəticəsində Quruma üzv ölkələrin yekdil dəstəyi nəticəsində 2019-2022-ci illər 150 dən çox ölkəni əhatə edən Qoşulmama Hərəkatı Təşkilatına sədr qəbul olunmuşdur.
Keçən müddət ərzində sədr kimi Azərbaycan dövləti üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirmiş, beynəlxalq müstəvidə Azərbaycanın haqq işinə dəstək verən ölkələrin sayı kəskin artmış, dünya Azərbaycan həqiqətlərini qəbul etməyə məcbur olmuşdur.
Görülən işləri aşağıda göstərilən ardıcıllıqla sadalamaq istərdim:
-- 2019-cu ilin oktyabr ayında Azərbaycan Qoşulmama Hərəkatının XVIII zirvə görüşünü təşkil etdi. Həmin görüşdə BMT-nin baş katibi, BMT Baş Assambleyasının sədri, ÜST-nın Baş direktoru, Afrika ittifaqı komissiyasının sədri, Avropa ittifaqının ali nümayəndəsi və Avropa komissiyasının vitse prezidenti iştirak etmişlər. Bu Zirvə görüşündə Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsü irəli sürülmüş və 2020-ci ilin may ayının 4-də həmin tədbir təşkil olunmuşdur.
-- 2020-ci ilin 4 may tarixində baş tutan görüşdə Azərbaycan dövləti sədri olduğu Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində “Koronavirusla mübarizə”yə həsr edilmiş xüsusi sessiyasının keçirilməsini təklif etmişdir. Həmin təklif BMT-yə üzv olan 150 dən çox ölkə tərəfindən dəstəklənərək 2020-ci ilin 3-4 dekabr tarixlərində xüsusi sessiya çağırılmış və dünya üçün mühüm qərarlar qəbul olunmuşdur. Nümunə üçün göstərə bilərəm ki, koronavirusla mübarizədə inkişaf etmiş ölkələr digər inkişaf etməkdə olan ölkələrə və Qoşulmama Hərəkatına üzv olan ölkələrə nisbətən daha çox, əhalisinin sayından çox peyvənd götürmüş, bu rəqəmin dünyada istehsal olunan peyvəndlərin 82 faizini təşkil etməsi ifşa olunmuşdur.
-- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sədr kimi Qoşulmama Hərəkatının adından “Peyvəndləmə millətçiliyi”nə qarşı çıxmış, inkişaf etməkdə olan ölkələrə həmin peyvəndlərin çatdırılmasının cəmi 0,9 faiz təşkil etməsini kəskin tənqid etmişdir. Cənab Prezidentimiz, bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının bərpa edilməsi haqqında qətnamənin qəbul olunmasını irəli sürmüş və həmin qətnamənin 2021-ci ilin mart ayında qəbul edilərək Peyvəndlərin dünya üzrə bərabər paylanılmasına nail olmuşdur.
-- Azərbaycan dövləti bu gün sağlam və effektiv əməkdaşlığa xidmət edən yeni - yeni təşəbbüslərlə dünyanı heyran etməkdədir. Bütün bu humanist addımların nəticəsi Azərbaycana göstərilən dəstəyə, döstluq jestinə səbəb olmuşdur. Məsələn, Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyi çox qiymətlidir. Bakı Zirvə görüşünün yekun sənədində Qoşulmama Hərəkatı ölkələrinin ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini və Azərbaycan ərazisinin bütövlüyünün bərpa olunmasını daima dəstək nümayiş etdirmələri qed olunmuşdur.
-- Sədr olduğu dövrdə Azərbaycan öz tarixi missiyasını uğurla və ləyaqətlə yerinə yetirmişdir. Belə ki, ölkəmiz 10 milyon ABŞ-dolları məbləğində ÜST-ə yardım etmiş, bundan başqa 30-dan çox ölkəyə humanitar yardım etmişdir ki, bununda yarısı Qoşulmama Hərəkatına üzv olan ölkələrə verilmişdir.
-- Sədrliyi dövründə Azərbaycan digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına səbəb olub. Tarixdə ilk dəfə Avropa ittifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn zirvə görüşündə iştirak edib və beynəlxalq arenada bir sıra məsələlərdə əməkdaşlıq edirlər.
-- Azərbaycanın qazandığı Zəfər Qələbəsində və dünyaya çatdırılmasında Qoşulmama Hərəkatının BMT təhlükəsizlik şurasında Azərbaycanın maraqlarının, haqq işinin xeyrinə göstərdiyi qətiyyət və Azərbaycanın qələbəsi onun Prezidentinin düzgün və uğurlu siyasətinin nəticəsidir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi uğurla davam edir. Əminik ki, ölkəmizin sədrliyi ilə Qoşulmama Hərəkatı bundan sonra da yeni-yeni uğurlara imza atacaqdır
Səlimağa Səlimli,
Salyan rayon Şəkərli kənd sakini, Əməkdar müəllim.
Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu
44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi olan Şuşa şəhərini işğaldan azad etdi. Ümumilikdə, 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu.
Şuşa azad edildikdən bir gün sonra, noyabrın 9-da Prezident İlham Əliyev daha 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunası barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Beləliklə, hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir.
Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab edilir, təslim olur və hərbi əməliyyatlar dayandırılır. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi. Dövlətimizin başçısı dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda hərbi əməliyyatlar dayandırılacaq.
Prezident İlham Əliyev həmişə bəyan edirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Azərbaycan mülki insanlarla müharibə aparmır və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində deyil. Hərbi baxımdan Xankəndi və ətraf məntəqələrin götürülməsi Azərbaycan Ordusu üçün heç də çətin deyildi. Erməni propaqandası da bu məqamı gözləyirdi ki, Azərbaycanı etnik təmizləmə törətməkdə günahlandırsın.
Azərbaycan həmişə Dağlıq Qarabağda sülh şəraitində birgəyaşayışın mümkünlüyünü bildirmişdi. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir. Buna görə də Azərbaycan Dağlıq Qarabağda hər iki icmanın birgə yaşayışını həmişə dəstəkləmişdi.
Sənəddə yer alan digər önəmli məqam isə Naxçıvanın blokadadan azad olunması ilə bağlıdır. Belə ki, Rusiya tərəfi Ermənistan ərazisi üzərindən Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürür.
İnformasiya müharibəsində də Prezident İlham Əliyev ölkəmizə qarşı olan bütün hücumların qarşısını məharətlə aldı. Dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə beynəlxalq informasiya məkanında ölkəmizə qarşı yönəlmiş hücumları dəf etdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.
Yekun nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə Azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Nübar Məmmədova,
Salyan şəhər sakini
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri,
bütün mədəni və dini abidələri qəsdən dağıdıb
Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Əsrlər, illər keçməsinə baxmayaraq xalqımız o ağır işgəncələri unutmur, soyqırımlarının qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir. Əslində, keçmişini unudan, tarixini yaşatmayan bir xalqın gələcəyi yoxdur. Bütün hadisələr hər bir millətin qan yaddaşında əbədi yer tutmalı və gələcək nəsillərə təbliğ edilməlidir.
Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan bu xain qonşu Azərbaycan torpaqlarından qovulanda da cinayət əməllərindən əl çəkmir. Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma aparan Ermənistan indi həmin şəxsləri köçürməyə məcbur edilir.
İşğal altında olmuş Azərbaycan ərazilərində bütün mədəni və tarixi irsimizi məhv edən Ermənistan hətta ekoloji cinayət törətməkdən belə çəkinməyib. Şuşa şəhəri vaxtında Azərbaycan Ordusu tərəfindən azad edilməsəydi, ətrafdakı meşələr fosfor tərkibli silahlarla yandırılacaqdı. İşğal olunmuş ərazilərdəki 67 məscidin 63-ü ermənilər tərəfindən dağıdılıb.
Erməni faşistlərinin, bu ölkənin keçmiş və indiki hərbi-siyasi rəhbərliyinin təlqin etdiyi nifrət, revanşizm ideologiyası birgə evimiz olan Cənubi Qafqazda vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Ermənistan nəhayət ki, Azərbaycana qarşı nifrət ritorikasından birdəflik imtina etməli, çoxmillətli regionumuzun sabit inkişafı, sülh şəraitində birgəyaşayışın təmin edilməsi haqqında düşünməlidir. Onların belə əməlləri nəticəsində Azərbaycana Rusiya sülhməramlıları yeridildi.
İki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Tarixi-dini abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən, onun ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Azərbaycanın məhv edilmiş maddi-mədəniyyət nümunələri Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biridir.
Aqşin Qasımov,
Salyan Gənclər və İdman İdarəsinin rəis müavini
“Əkinçi” qəzeti ilə başlanan milli mətbuat tariximiz
Jurnalistika çətin və şərəfli peşədir. Çətindir ona görə ki, dəqiq, qərəzsiz, vicdanlı olmalısan. Şərəflidir ona görə ki, bu üç keyfiyyət səndə var. Ulu öndər Heydər Əliyevin jurnalistlərlə dəfələrlə görüşlərində dediyi cümləni xatırlayaq: “Jurnalistlər mənim dostumdur. Ona görə ki, bəzən ölkədə baş verən hadisələri onların dilindən eşidirəm”.
Azərbaycan jurnalsitikası “Əkinçi” qəzeti ilə öz bünövrəsini qoydu. Əlbəttə, bu həmin dövr üçün çox çətin məsələ idi. Amma bütün bu çətinliklərə, məhrumiyyətlərə baxmayaraq böyük ziyalı Həsən bəy Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzeti nəşrə başlayır. Bu qəzetin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu oldu. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıdı. Əsasən maarifçilik missiyasını üzərinə götürən “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış edirdilər. "Əkinçi" Azərbaycanda ictimai fikrin canlanmasına təkan verdi. H.Zərdabi nəşr etdirdiyi qəzetin adını "Əkinçi" qoysa da, orada qabaqcıl mütərəqqi ideyalar təbliğ olunurdu. Xalqımızın ana dilində oxuması çox əlamətdar bir hadisə idi. "Əkinçi" də öz növbəsində ana dilinin saflığı, zənginləşməsi uğrunda mübarizə aparırdı. Qəzetin "Daxiliyyə", "Elm xəbərləri", "Mətbuat", "Əkin və ziraət xəbərləri" və "Əfhali-əhli-dehat" bölmələrində faktlara əsaslanan çox qiymətli yazılar dərc olunurdu. H.Zərdabi müxtəlif rubrikalar altında verilən qəzet materiallarında özünün və əqidə dostları Seyid Əzim Şirvani, Əlimədəd Abdullahzadə, Məmnun Əlqədari, Əhsənül-Qəvaid, Məhbus Dərbəndi, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqalarının mütərəqqi fikirlərini yayır, məqsədinə nail olmaq üçün müxtəlif formalardan bacarıqla istifadə edirdi. Hər bir sahədən oxuculara bilik və məlumat verməyə, həmvətənlərində savad ehtiyatı yaratmağa səy göstərirdi. "Əkinçi"yə nəzər salarkən onun ictimai, iqtisadi, elmi, mədəni işi sırf əməli və maarifləndirici işlə bir yerdə paralel surətdə aparmasının canlı şahidi oluruq. Qəzetin səhifələrində dərc olunan yazıların əksəriyyətində yeni tipli mədəniyyət yaradılması məsələləri - qədim ədəbiyyat, incəsənət, dil, pedaqogika, dərslik, tərcümə, kitab nəşri, kitabxana, məktəb və digər məsələlər əsas yerlərdən birini tuturdu. Bütün bu dəyərlər mətbuatımızın yaşamasında və inkişafında öz real təcəssümünü tapdı. "Əkinçi" özündən sonra "İrşad", "Həyat", “Kaspi”, "Azərbaycan" və başqa qəzetlər, "Molla Nəsrəddin" jurnalının meydana çıxmasına yol açdı. İctimai fikir və mətbuat tariximizə Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə kimi şəxsiyyətlərin adları yazıldı.
Bu gün Azərbaycan mətbuatını təkcə qəzet və jurnallar bəzəmir. İndi biri-birindən maraqlı saytlar, ölkədən və dünyadan müntəzəm olaraq xəbərlər, verilişlər hazırlayan televiziyalar da Azərbaycan mətbuatının, mediasının müasir inkişafına xidmət edir. Bu gün bizim günümüzdür. Böyük mücadilə və mübarizələrdən keçən milli mətbuatımız 146 il ərzində öz yüksəliş və inkişaf mərhələsinə gəlib çıxıb. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başlandığı gün-22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Hazırda, ölkəmizdə 4500-ə yaxın mətbuat orqanı, onlarla televiziya və radio fəaliyyət göstərir. Milli mətbuata dövlətimiz zaman-zaman öz dəyərli töhfələrini verib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi. Prezident İlham Əliyevin 2009-cu ilin martında imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.
Günün mübarək, Azərbaycan mətbuatı. Azad Qarabağımızdan, çiçəklənən respublikamızdan yazmaq, yaratmaq, verilişlər çəkmək eşqi ilə.
Kürçaylı Məmmədov,
ARB televiziyasının Salyan-Neftçala rayonları üzrə bölgə müxbiri
Bəşəriyyətin ən ali varlığı insandır. Ulu Yaradan ondan nə əsirgəmiş ki ?!
Öz zərrəsindən bir parça hər kəsə, bütün bəndələrinə ərməğan etmişdir. Yetər ki, onu dərk edib dəyərləndirəsən, qəlbini genişləndirib, bəsirət gözünü açasan, təkcə görünənləri deyil, görünməyənləri də görə biləsən. Bir ömür boyu özün üçün , həm də ətrafındakılar üçün faydalı olasan. Həm Yaradanın rizasını qazanasan, həm də insanların dərin sevgisini, rəğbətini , sonsuz hörmətini ....
Bəli , belə ömür sürmək, bir ömrə bütün bunları sığışdırmaq nə qədər mürəkkəb olsa da mümkünsüz deyildir. Nə xoş ki, sayıla biləcək qədər olsa da belə insanlar var. Yazımın qəhrəmanı kimi.. AMEA-nın müxbir üzvü, ADAU-nun rektoru, professor İbrahim Cəfərov kimi...
İnsan kimi insan, ziyalı kimi ziyalı, rəhbər kimi rəhbər- İbrahim müəllim. Tanıyan, bilən-hər kəsin sevdiyi, hörmət bəslədiyi, böyüklə böyük, kiçiklə kiçik , səmimi, mehriban, tələbələrin dostu-İbrahim müəllim.
Tükənməz enerjili, işgüzar, zəhmətkeş, əzmkar-İbrahim müəllim. Gözəl ailə başçısı, ləyaqətli ata, sevimli baba-İbrahim müəllim.
Bütün qayğılara, problemlərə, acılara rəğmən hər zaman üzü gülən nur üzlü-İbrahim müəllim.
Tanrı Sizi qorusun, İbrahim müəllim.
Qarşıdan gələn Müqəddəs Qurban bayramınız mübarək olsun. Kəsilən qurbanlarınız qəbul olunsun. Hər zaman Rəbbimizin rizası sizinlə olsun, İnşallah.
Müşfiq Kişiyev.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Faktinfo.az saytı xəbər verir ki, bir imtahan fənnindən 2 və ya 3 krediti qalan tələbələr onlayn imtahana buraxılıb kəsrlərini düzəldə bilməsələr, hərbi xidməti 1 il deyil,1 il 6 ay çəkməli olacaqlar. Yaranmış vəziyyət tələbələri, onların valideynlərini narahat edir, narazılıqla müşayiət olunur.
Çevik idarəetmənin olmamasından əziyyət çəkən AzTU-nun Nəqliyyat və Loqistika fakültəsinin sonuncu kurs tələbəsi Göyüşov Qüdrət Azər oğlu ilə bağlı vəziyyət isə fərqlidir. Belə ki, Qüdrət Göyüşov 8 kreditlik iki fəndən kəsrini verib. Hətta, ona dövlət imtahanı üçün 240 manat kredit pulu ödətdirilib. Baxmayaraq ki, Təhsil Nazirliyi hazırkı halda dövlət imtahanının verilməsini məqbul bilmədi.
On gün sonra Qüdrət Göyüşova bildirilib ki, o Dövlət İmtahanına buraxılmayacaq, onun Mülki Müdafiə fənnindən 3 kreditlik bir kəsri var. Yəni, tələbə universiteti bitirmiş hesab edilmir. Göründüyü kimi, Qüdrət Göyüşov vaxtında fənn kəsrini vermək hüququndan məhrum edilib.
Hazırda Qüdrət Göyüşov da Təhsil Nazirliyinin etməsi ehtimal olunan güzəştdən asılı vəziyyətdədir. Əslində isə universitet rəhbərliyi tərəfindən tələbəyə münasibət belə olmamalı, o və valideyinləri narazı salınmamalı idi. Çünki, yanvar ayında Qüdrət Göyüşov kreditə yazılanda ona buraxılış ili olduğu, iki yox üç fənn kəsrinin olduğu bildirilməli idi.
İkinci halda, Qüdrət Göyüşov Tarix və Fəlsəfə fənlərindən kəsrini verəndə yenə gec deyildi və ona bir fəndən də kəsrinin qaldığı bildirilməli idi. Yəni tələbənin ən azı ehtiyatında olan 20 krediti əsas götürülüb, ona Mülkü Müdafiə fənnindən 3 kreditlik imtahanının verilməsinə şərait yaradılmalı, AzTU-nun Tədris Hissə Şöbəsi Qüdrət Göyüşova yaradılmış maneəni aradan qaldırmaq üçün təxirəsalınmaz tədbir görməli idi. Çünki, AzTU-nun Təhsil Nazirliyinə ünvanlayıb güzəşt istədiyi məktub qanunla tələbələrin bir semestr ərzində 30 kreditdən artıq verməsi mümkün olmayan çoxluğuna aiddir. Qüdrət Göyüşov isə cəmi iki fəndən kəsrini verib, onun ehtiyatda 20-dən çox krediti qalıb.
Bir də ki, tələbənin bir fəndən 3 kreditlik kəsri qalmışdırsa, niyə ona Dövlət İmtahanını vermək üçün 240 AZN kredit pulu ödətdirilirdi? Hər halda, AzTU-nun rektoru, Tədris Hissə Şöbəsinin müdiri kimlərin iradəsini ifadə etdikləri sualı ətrafında düşünməlidirlər.
Mövzunu diqqətdə saxlayacağıq.
Paytaxtımızın öndə gedən rayonlarından biri də Sabunçu rayonudur. Bu rayon ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında hər zaman xüsusi rol oynamışdır. Bu gün də bu gözəl ənənə davam etməkdədir. Belə ki, hal-hazırda rayon ərazisində tikinti-quruculuq, abadlıq, səliqə-səhman işləri öz yüksək axarı ilə davam etməkdədir. Rayonun demək olar ki, bütün qəsəbələrində aparılan təmir-tikinti, quruculuq, abadlıq işləri göz oxşayır, ümumi mənzərəni daha da gözəlləşdirir. Belə ki, rayonun Bilgə, Bakıxanov, Zabrat, Balaxanı qəsəbələrində həyata keçirilən işlər bu qəbildəndir.
Xüsusən qeyd etmək lazımdır ki, qırx dörd gün davam edən və şanlı qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsində Sabunçu rayonu İcra Hakimiyyəti və sakinləri bütün gücü və bacarığı ilə ölkə rəhbərinin yanında oldu. Bu dövrdə hər bir kəs bu qələbədə azacıq da olsa pay sahibi olmaq üçün bir yumruğa döndü. Ön cəbhəyə, o cümlədən döyüşçülərimizin yaxınlarına, ailələrinə maddi və mənəvi dəstək o zamanlarda ən ümdə məqsədə çevrildi.
Hal-hazırda da bu missiya davam etdirilir. Belə ki, şəhid ailələri , qazilər , vətən müharibəsi iştirakçıları heç zaman unudulmur, yaddan çıxmır. İcra başçısı Adil Vəliyev mütəmadi olaraq şəhid, qazi ailələrinə baş çəkir, onların qayğıları, problemləri ilə yerindəcə maraqlanır. Maddi və mənəvi dəstəyini bir an belə əsirgəmir. Şəhidlərimizin müqəddəs adlarının əbədləşdirilməsi, ailələrinin rifah halının yaxşılaşdırılması üçün rayon ərazisində bir sıra kompleks tədbirlər həyata keçirilir. Belə ki , Vətən müharibəsi zamanı Azərbaycan ordusunun itkin düşmüş hərbi qulluqçusu Qədirli Elnur Rəcəb oğlunun ailəsinin mənzili əsaslı şəkildə təmir olunaraq invertarlarla təmin olunmuş və yaşayış üçün hər cür şərait yaradılmışdır. Ramana qəsəbəsində Vətən müharibəsi şəhidi Dəmirçiyev Tural Rəfail oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı olmuşdur.
Müqəddəs amal uğurunda canından keçən, şərəfli tarix yazan vətən övladlarımızın xatirələrinin əbədiləşdirilməsi yolunda işlər hal-hazırda davam etdirilir və gələcək də davam etdiriləcək.
Sabunçu rayonunda sanitar- epidemoloji vəziyyət də daim nəzarətdə saxlanılır.Respublikamızda aparılan vaksinasiya işi rayon ərazisində də sürətlə aparılır. İcra Hakimiyyəti COVİD-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində həyata keçirilən vaksinasiya prosesində vətəndaşları aktiv iştirak etməyə çağırırıq və bu işə çox ciddi nəzarət edir.
P.S. Göründüyü kimi Sabunçu rayonunda hər zaman olduğu kimi hal- hazırda da rayon ərazisində sosial-iqtisadi vəziyyətin, insanların rifah halının yaxşılaşdırılması yolunda mütərəqqi adımlar atılır. Ölkə rəhbərinin tapşırıq və sərəncamları ləyaqətlə yerinə yetirilir.
Lakin bəzi qaragüruh , dırnağarası media nümayəndələri bütün bunları görməzdən gələrək rayon haqqında , onun başçısı Adil Vəliyev haqqında yalan- yalnış, şər-böhtan xarakterli cızma-qaralar yazmaqdan çəkinmir, yorulmurlar. Bütün bunlar verilən əməyə hörmətsizlik olmaqla bərabər peşə etikasına sığmayan ləyaqətsizlikdir. Təəssüf ki, belə qeyri-peşəkarlar hər sahədə olduğu kimi mətbuatda da var.
Müşfiq Kişiyev
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsində, hərbi vəziyyət rejiminin təmininə yönəlmiş tədbirlərin həyata keçirilməsində, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Kərimov Oqtay Əsgər oğlu – polis general-mayoru
“Vətən uğrunda” medalı ilə
Abdullayev Zaur Natiq oğlu – polis general-mayoru
Kərimov Orduxan Alqayıt oğlu – istefada olan polis polkovniki
Mahmudov Toğrul Ramiz oğlu – polis polkovniki
Mehdiyev Fərhad Süleyman oğlu – polis polkovniki
Məmmədov Xəqani Seyfulla oğlu – polis polkovniki
Məmmədov Mahir Əli oğlu – polis polkovniki
Məmmədov Müzəffər Qəzənfər oğlu – polis polkovniki
Mirhuseynov Xəyyam Cahangir oğlu – polis polkovniki
Nəbiyev Zaur Əli oğlu – polis polkovniki
Abdullayev Şahid Mürsəl oğlu – polis polkovnik-leytenantı
Heydərov Arzu Afət oğlu – polis polkovnik-leytenantı
Quliyev Yelmar Məhər oğlu – polis polkovnik-leytenantı
Qurbanov Rəhman Niyazi oğlu – polis polkovnik-leytenantı
Məmmədov Məmmədəli Həsən oğlu – polis polkovnik-leytenantı
Məmmədov Rüfət Nizami oğlu – polis mayoru
Behbudov Murad Arif oğlu – polis kapitanı
Əliyev Mübariz Vəzir oğlu – polis baş serjantı
“İgidliyə görə” medalı ilə
Məhərrəmov Səməd Akif oğlu – polis polkovniki
Hacıyev Namiq Fərrux oğlu – polis polkovnik-leytenantı
Salahov Faiq Fərman oğlu – polis polkovnik-leytenantı
Əliyev Mahir Boran oğlu – polis mayoru
Əliyev Səməndər Əziz oğlu – polis mayoru
Məmiyev Razi Aftandil oğlu – polis leytenantı
Məmmədov Mahir Tahir oğlu – polis baş serjantı
Xudiyev Vüqar Yusif oğlu – istefada olan polis baş serjantı.