![]() |
![]() |
Yeni bərpa olunmuş dövlət müstəqilliyinin itirilmə təhlükəsi və müstəqilliyi möhkəmləndirən əsas faktor
XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Dövlət müstəqilliyinin bərpası ilə bağlı 1991-ci il oktyabrın 8-də başlanan Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında müzakirələr 4 gün davam etdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi.
Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıdı. 2 mart 1992-ci ildə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi.
Müstəqillik xalqın azadlıq arzusu hesabına əldə olunub. Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovetlər birliyinin dağılması, Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti müstəqilliyimizin bərpasına böyük təhlükə törədirdi.
Müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin artan təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyindəki səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Əslində müstəqilliyin elan olunmasından daha vacib olan müstəqilliyin qorunması idi. Tarixi təcrübədən məlumdur ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-ci ilin 18 oktyabrında Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, ilk illərdə bu, əslində formal səciyyə daşımışdır. Dövlət müstəqilliyinin ilkin mərhələsində - 1991-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində ciddi problemlər yaratmışdı. Həmin təlatümlü hadisələr təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və yaşatmaq kimi ağır missiyanın öhdəsindən gələ bilər. Məhz xalqın təkidli tələbi ilə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca iqtisadiyyatda sərbəst ticarət prinsipləri əsas götürülməyə başlandı. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.
Bu gün Azərbaycan və onun istiqlaliyyəti üçün ən mühüm təminat faktoru odur ki, ümummilli lider Heydər Əliyevin bərqərar etdiyi güclü dövlətçilik xəttini uğurla davam etdirən yeni lider var. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin ideyalarına sadiq qalaraq bu dövləti daha da inkişaf etdirir.
Güclü dövləti müstəqil siyasətin, dövlətçiliyin əbədi təminatı hesab edən cənab İlham Əliyev xalqın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün əzmkarlıqla çalışır. Azərbaycan xalqı qəlbən inandığı və siyasətini bəyəndiyi liderinin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, ən müxtəlif sahələrdə daha böyük nailiyyətlərə imza atacağına ürəkdən inanır.
İbadət Cəfərov,
Salyan rayon Ərəbqardaşbəyli kənd tam orta məktəbin direktoru