Son xəbərlər

Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir



Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq da var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

Kəlbəcər rayonu 1993-cü ilin aprel ayının 2-də Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulmuş, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınmışdır. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurasının iclasında 822 saylı Qətnamə qəbul edilmiş, Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunmuşdur. Ermənistan isə BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.

Sözsüz ki, bütün bu sadalananlar hərbi cinayət əməlləridir. Eynilə Ermənistan İkinci Qarabağ Savaşında da bu cinayətlərinə davam edirdi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu.

Bəli, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi cəmi 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə nəticəsində tarixi ədalət bərpa edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. O cümlədən, Ermənistanın məcbur qalaraq imzaladığı 10 noyabr Üçtərəfli Bəyanatına əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olundu. Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.

Bu gün Kəlbəcərdə işğaldan azad olunmuş digər ərazilərimizdə də olduğu kimi vüsətli quruculuq işləri həyata keçirilməkdədir. İntensiv şəkildə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir.Cari ilin 16 avqust tarixində dövlətimizin başçısının və birinci xanımın Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunellərin təməlqoyma mərasimində iştirakı, “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olması, daha sonra 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını etməsi bunun bariz nümunəsidir.

Aparılan planlı işlərin sürətli şəkildə həyata keçirilməsi öz torpaqlarından didərgin düşmüş həmvətənlərimizin qayıdışı üçündür. Xüsusilə enerji və nəqliyyat infrastrukturunun müasir tələblər çərçivəsində qurulması gələcəkdə bu ərazilərə qayıdışın daha effektiv və tez reallaşmasını təmin edəcəkdir.



Dilbər Qurbanova,

Salyan rayon Pambıqkənd kənd tam orta məktəbin direktoru

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfəri


İkinci Qarabağ müharibəsini Qələbə ilə başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, tarixə milli qürurumuzun təntənəsi kimi həkk olundu. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətini və  xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi.

İndi işğaldan azad edilmiş torpaqlarımızda yeni ab-hava var. Düşmən tapdağından qurtulan bütün yurd yerlərimizə yenidən həyat verilir. Avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərləri də göstərdi ki, bütün azad edilmiş torpaqlarımız ən qısa zamanda əvvəlki şöhrətini bərpa edəcək.

Bu, dövlət başçısının işğaldan azad edilmiş rayonlarımıza ötən ilin noyabrından bəri etdiyi 10-cu səfər idi. Qısa müddətdə 10 səfərin edilməsi ilk növbədə möhtərəm Prezidentin azad olunmuş ərazilərimizin bərpasına və yenidən qurulmasına göstərdiyi həssas diqqətin təzahürüdür. Eyni zamanda əvvəlkilər kimi bu da sıradan bir səfər  deyildi. Bu, xüsusilə İlham Əliyevin Kəlbəcərə müharibədən sonra ilk səfəri olduğu üçün tarixi əhəmiyyət daşıyırdı. Bu, “Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!” - deyən və onu reallığa çevirən İlham Əliyevin qələbəsinin təntənəsi olan səfər, xalqımızın 44 günlük müharibədəki Qələbə sevincinin məntiqi davamı idi. Bu səfər həm də dönüş idi, doğma torpaqlarımıza böyük qayıdışın rəmzi, gələcəyə baxışımızın ifadəsi idi. “Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!” - deyən İlham Əliyev Kəlbəcərdən bir daha torpaqlarımızın azadlığının, onun əsl sahiblərinin artıq qayıtdığının müjdəsini bütün dünyaya verdi. İlham Əliyev bu dəfə Azərbaycan bayrağını Kəlbəcərdə ucaltdı. Müzəffər Ali Baş Komandan bir daha bütün dünyaya göstərdi ki, işğaldan azad olunmuş bu torpaqlar Azərbaycan dövlətinin ərazisidir.

İlham Əliyev Kəlbəcərdən və Laçından düşmənə həm mesaj verdi, həm xəbərdarlıq etdi, həm Vətən müharibəsindəki qələbədən sonra regiondakı hərbi-siyasi vəziyyəti təhlil etdi, həm də vacib məsələlərə aydınlıq gətirdi. Xüsusən dövlət başçısının dağıdılan erməni mifləri barədə fikirləri təsdiq edir ki, tarixi Qələbəmizin məzmunu olduqca dərindir. “Yenilməz erməni ordusu”, “Qəhrəman erməni əsgəri”, “Görkəmli erməni sərkərdələri”, “Azərbaycanlılar vuruşmayacaqlar” kimi ermənilərin yaratdığı miflər 44 günün elə ilk günlərində darmadağın olundu. Xalqımız isə miflərə yox, reallıqlara üstünlük verir və bu Qələbənin fonunda bütün dünya Azərbaycan Prezidentinin qətiyyətini, müdrikliyini, dövlətimizin gücünü və xalqımızın həmrəyliyini gördü. Bütün dünya Azərbaycan dövlətinin öz gücünə arxalanaraq milli mənafeyini layiqincə təmin etməsinə şahid oldu.

Bu səfər zamanı Mehriban xanım Əliyevanın etdiyi çəkilişlər bir daha məlum həqiqətləri bütün dünyaya nümayiş etdirdi. Bəli, biz işğalçı, terrorçu düşmənlə yox, həm də vandallarla, vəhşilərlə üz-üzə qalmışdıq. Azərbaycan dövləti bütün azad olunmuş torpaqları dirçəldəcək, eyni zamanda ərazilərimizi dağıdan, ekoloji terror törədən düşmən bütün bunlara görə beynəlxalq məhkəmələrdə cavab verəcək.

Xalq daim öz liderinin yanındadır, ona arxalanır. Və əmindir ki, tezliklə məhz cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə böyük işlər görüləcək, minlərlə soydaşımız ata-baba yurdlarına qayıdacaqlar.

30 ilə yaxın bir dövrdə Minsk qrupunun yoluna qoymaq istəmədiyi bu problemi cənab İlham Əliyev dəmir yumruqla həll etdi. Bu dəmir yumruq Ermənistanın işğalçılıq planlarını həyata keçirməsinə bir daha imkan verməyəcək…



Asya Əliyeva,

Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi

Kəlbəcərin döyüşsüz azad edilməsi şanlı Qələbəmizin nəticəsidir



Bu gün həm ərazi, həm də təbii sərvətlər baxmından Azərbaycanın ən mühüm rayonlarından biri olan Kəlbəcər ermənilərin 27 illik işğalından azad edildi və kəlbəcərlilərin uzun illər çəkdiyi həsrətə son qoyuldu. Bu qalibiyyətə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun rəşadəti sayəsində nail olundu. 10 noyabrda Ermənistanın kapitulyasiyanı qəbul edərək imzaladığı bəyanata əsasən, Kəlbəcər artıq ikinci rayonumuzdur ki, bir güllə atılmadan, qan tökülmədən işğaldan azad edildi. Sözsüz ki, müzəffər Azərbaycan ordusunun gücü nəticəsində bu uğur əldə olundu. Çünki əgər 44 günlük müharibə ərzində ordumuzun uğurlu əməliyyatları olmasaydı, Ermənistan heç zaman bu kapitulyasiyaya razı olmazdı. Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan işğal olunmuş ərazilərimizi tərk etsin.

Bu uğur Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə apardığı düşünülmüş siyasətin nəticəsidir. İstər ölkə daxilində aparılan siyasət, iqtisadi gücümüzün və müstəqilliyimizin təmin edilməsi, istər diplomatik müstəvidə ölkə Prezidentinin apardığı çoxşaxəli fəaliyyət və əldə edilən uğurlar bugünkü qələbəmizi təmin etdi.

Kəlbəcər ölkəmizdə ən böyük ərazisi olan rayon olmaqla yanaşı, strateji və çətin relyefə malik olan bir rayondur. Kəlbəcərdə yüksək dağlar, dərin enişlər, yoxuşlar, çaylar var. Bu 27 il ərzində düşmən də boş dayanmayıb və möhkəm istehkamlar qurub. Yəni relyef baxımından çətin olan bir bölgənin bir güllə atılmadan işğaldan azad edilməsi çox böyük bir uğurdur və sözsüz ki, bu uğur Ali Baş Komandanımızın, silahlı qüvvələrimizin uğurudur.

Kəlbəcər eyni zamanda təbii sərvətlərlə zəngin bir bölgədir. Kəlbəcər qızıl, mis, qurğuşun yataqları və digər təbii sərvətlərlə zəngin olan bir rayondur, əsrarəngiz təbiətə malikdir. Kəlbəcər həmçinin, qədim tarixə malikdir və ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Rayon ərazisi mədəniyyət abidələri və dini məbədlərlə zəngindir ki, bu da Kəlbəcərin mədəni-tarixi əhəmiyyətinin nə qədər yüksək olduğunu göstərir.

Qeyd edək ki, Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi və ermənilər üçün bu bölgəmizin işğalı xüsusi əhəmiyyət daşıyırdı. Çünki Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən stateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi. İllərdir torpaqlarımızı işğal altında  saxlayan erməni vandallarının əməlləri barədə BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi.

Lakin ötən 27 ildə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirmədi. Qətnamənin icrasız qalmasının əsas səbəbi isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqlar prosesi zamanı işğalçıdan bunu tələb etməmələri olmuşdu. Lakin 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğalçını BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı.




Aqşin Qasımov,

Salyan Gənclər və İdman İdarəsinin rəis müavini

Böyük əraziyə malik olan Kəlbəcər Azərbaycanın

gözəl və qiymətli guşələrindən biridir


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı qələbə nəticəsində 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunu tərk etmişdir. Çarəsiz qalıb məğlubiyyəti həzm edə bilməyən Ermənistan ordusu və əhalisi bölgədə ölüm-dirim anlarında belə yenə də Azərbaycana qarşı qisasçılıq fəaliyyətlərini davam etdirərək ekoloji terrorlar həyata keçirmiş, evlərlə yanaşı, meşələri də yandırmış, təbiətə külli miqdarda ziyan vurmuşlar.

Kəlbəcər inzibati rayonu 8 avqust 1930-cu ildə təşkil olunmşdur. Ərazisinin böyüklüyünə Azərbaycan rayonları arasında görə birinci yerdə duran bu yurd yerimizdə işğala qədər mərkəzi Kəlbəcər şəhəri olmaqla 1 şəhər, 1 qəsəbə, 145 yaşayış məntəqəsi olmuşdur. İşgaldan sonra Kəlbəcərin 60 min əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 770 yaşayış məntəqəsində məcburi köçkün kimi yaşamışlar. İşğal zamanı bu ərazidə 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüşdür.

Kiçik Qafqaz dağlarının mərkəzində, Tərtər çayı hövzəsində yerləşən Kəlbəcər qərbdən Ermənistan, şimaldan ölkəmizin Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdən Tərtər, şərqdən Ağdam, Xocalı, cənubdan Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər ekoturizm sərvətlərinə görə Azərbaycanın digər bölgələri ilə müqayisədə daha zəngindir. Ona görə də onlardan səmərəli istifadə etməklə bu məkanı nəinki yerli, eləcə də beynəlxalq əhəmiyyətli turizm mərkəzinə çevirmək mümkündür.

Rayonun ən yüksək dağlıq zirvələrindən başlanğıcını götürən, ilboyu çox suyu olan Tərtər çayı və 30-dan çox böyuklü-kiçikli qolları (Levçay, Tutqunçay), onlardan nisbətən çox sulu və uzun olan Tutey cayı, Bazar çayı və digər çaylar bu əraziyə bərəkət və gözəllik gətirir. Bu yerlərin səthi quruluşu əsasən yüksək dağlıq ərazilərdən ibarətdir. 10-dan çox vulkanik göl, rayon ərazisində olan nisbətən böyük və kiçik Alagöllər, Zalxagöl, Sərsəng su anbarı və s. bu yurdun zəngin təbii sərvətidir. Kəlbəcər çoxsaylı müalicəvi termal və mineral sulara, zəngin meşələrə, yabanı bitən cır meyvələrə, müalicəvi dərman bitkilərinə, tarixi, mədəni, dini abidələrə və s. malikdir.

Bu yaşayış məskəni Azərbaycanın ən yüksək dağlıq rayonu olub, ərazisinin 80 faizə qədərini dəniz səviyyəsindən hündürlüyü 2000 metrdən çox olan yüksəkliklər təşkil edir. Kəlbəcərin meşələrinin ümumi sahəsi 30 min hektara yaxındır. Rayon dağ idman və ovçuluq turizminin inkişafı üçün əlverişlidir.

Burada əhalinin sağlamlığının və istirahətinin təşkili üçün Kəlbəcərə dünya şöhrəti qazandırmış Bağırsaq, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək və s. kimi termal və mineral su yataqları yerləşır. Keçmiş sovetlər dövründə rayon ərazisində olan “İstisu” termal sular sanatoriya kompleksinə hər il mövsüm ərzində 20 min nəfərdən çox insan gələrək sağlamlıqlarını bərpa edirdi. Kəlbəcər rayonu ermənilər tərəfindən işğal edildikdən sonra sanatoriya kompleksi dağıdılmış, bu mənfur düşmən tərəfindən yerli termal isti suları “Cermuk” suyu adı ilə öz brendləri kimi dünya bazarlarına, o cümlədən Avropa ölkələrinə və ABŞ-a çıxarılaraq yüksək qiymətə satılmışdır.

Kəlbəcərin “İstisu”yu dünya səviyyəsində tanınan müalicəvi mineral su olub, bır çox xəstəliklərin dərmanıdır. Kimyəvi tərkibinə görə də dünyada ən mühüm yerdədir. “İstisu” sanatoriya kompleksi 12 bulağın əsasında fəaliyyət göstərmişdir. Yüksək radioaktivlik, böyük miqdarda karbon iki oksidin miqdari, istilik xüsusiyyətləri, müxtəlif elementlərin mövcudluğu və s. bu suların balonoloji təsirini artırır. Çox vaxt Kəlbəcərin “İstisu”yunu dünyanın gəzinti, istirahət və müalicə üçün ən möhtəşəm və əvəzedilməz məkanlarından biri olan Karlovı Varı ilə müqayisə edirlər. Mütəxəssislər yazırlar ki, Kəlbəcərin “İstisu”yu Karlovı-Varıdakı sudan keyfiyyətcə hec də geri qalmır, hətta bəzi xassələrinə görə ondan üstündür.

Kəlbəcər rayonu ərazisində müxtəlif müalicəvi termal və mineral su mənbələri ilə yanaşı, faydalı qazıntıları olan, o cümlədən ehtiyatları 112,5 ton olub istismar edilən Söyüdlü (Zod), Ağuzdağ və Tutxun qızıl yataqları, Ağyataq, Levçay, Çorbulaq, Qamışlı, Ağqaya civə yataqları, Kilsəli tuf yatağı, kərpic istehsalına yararlı Keşdək gil, Keçəldağ perilit, Çəpli qum-çınqıl qarışıq, nefroid, xrom və s. yataqları var. Erməni işğalından azad olmuş bu kimi faydalı qazıntı yataqları yaxın illərdə rayona turist kimi və ya dincəlməyə gələnlərin ekskursiyası üçün ən maraqlı ərazilərdən biri olacaqdır.

Bu rayonda Azərbaycanda yeganə vulkan mənşəli dərinliyi 4-10 metr olan şirin sulu Alagöllər, Qaragöl, Zalxa gölü və s. göllər var. Həmin göllərin dəniz səviyyəsindən hündürlüyü 2729-2739 və 2666 metrə bərabər olub, onların orta dərinlikləri 4-10 metrdir. Bu göllərin suyunun ideal şəkildə təmiz olmasından istifadə edib, orada farel balıqları təsərrüfatını inkişaf etdirmək və zəli yetişdirib Avropa ölkələrinə ixrac etmək mümkündür.

Tarixi-mədəni abidələrin sayına görə Kəlbəcər rayonu Azərbaycanda birinci yerdə durur. Onların əksəriyyəti ermənilər tərəfindən dağıdılmış və ya erməniləşdirilmişdir. Ən qədim abidələr içərisində Çıldıran kəndində yerləşən 12-ci əsrə aid Alban məbədini, Dovmaxlar kəndində yerləşən 1668-ci ildə inşa edilmiş kilsəni, Yaqub kəndində 635-ci ildə inşa edilən Yaqub kilsəsini, 1251-ci ildə inşa edilmiş Bazarkənd məbədini, 672-ci ildə Yayıcı kəndlərdə inşa edilmiş Alban məbədini, 10-cu əsrdə Kormanlı kəndində inşa edilmiş Alban məbədini, Həsənqız kəndində 1283-cü ildə inşa edilmiş Alban məbədini, 13-cü əsrdə inşa edilmiş Şorbulaq kəndindəki Alban məbədini göstərmək olar. Kəlbəcər ərazisindəki Alban abidələrinə “Xudavəng”, “Laçınqaya”, “Lev”, “Uluxan” və s. aiddir. Bu abidələrin içərisində erməni işğalından sonra nisbətən salamat qalanı “Xudavəng” məbədidir.

Kəlbəcər rayonunun ərazisində yayılmış 4 mindən artıq bitki növündən 200-ə qədəri dərman bitkiləridir. Bu torpaqda ayıdöşəyi, acı əvəlik, acı yonca, acı çiçək, bağayarpağı, baldırğan, balqabaq, bat-bat, bəlğəmotu, bənövşə, boyaqotu, böyürtkən, bulaqotu, qaytarma, qantəpər, qarağat, kasnı, kahı, keşniş, kəklikotu, kələm, kəpənəkçiçək və s. bitkilər bitirdi. Rayonun əsasən mərkəzi və şərq hissələrində yerləşən meşələri yalnız enliyarpaqlı ağaclardan təşkil olunmuş palıd, fıstıq, vələs, göyrüş, qovaq, qaraağac, söyüd, çinar, dağdağan, ayıgilası, şam, ardıc və s. meşə-çöl bitkiləri ilə deyil, həm də meyvə ağacları - alma, armud, qoz, tut, fıstıq, itburnu, yemişan, qarağat, moruq, gilas, gilənar və s. ilə də zəngindir.

Göründüyü kimi, Kəlbəcər rayonu ərazisində mövcüd ekoturizm sərvətləri yerli və beynəlxalq turizmin inkişaf etdirilməsi üçun əsas resurs potensialına malikdir. Ekoturizm resurslarının səmərəli istifadə edilməsi üçün böyük maliyyə resursları lazımdır. Tam əminliklə demək olar  ki, Azərbaycanımızın bugünkü inkişafı, praqmatik dövlət başçısı, ölkə Prezidentinin titanik səyi və apardığı məqsədyönlü siyasəti nəticəsində Kəlbəcər əvvəlkindən daha gözəl olacaq, zəngin ehtiyatların istifadəsinə imkan yaradılacaq və Kəlbəcərin sərvətləri Azərbaycan büdcəsinə öz töhfəsini verərək, unikal təbiətli Kəlbəcəri dünyəvi turizm şəhərinə çevirəcəkdir.



Ağahüseyn Orucov,

Salyan rayon Parça Xələc kənd tam orta məktəbin direktor əvəzi

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 23-ü saat 20:00-da feysbuk səhifəsindən canlı mətbuat konfransı keçirəcək.

Milli.Az xəbər verir ki, bu barədə Nikol Paşinyan feysbuk səhifəsində yazıb.

O, mətbuat konfransında KİV və QHT təmsilçilərinin suallarına cavab verəcəyini bildirib.

N.Paşinyan deyib ki, mətbuat konfransı 1,5 - 2 saat davam edəcək.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edib.

Axar.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi



2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gündür. Bu  tarix xalqımız üçün qürur günüdür. Torpaqlarımız düşmən tapdağından azad edilib. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad olundu. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı  onun ətrafında  bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan  qovdu.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “biz  tarix  yazırıq, yeni  tarix. Xalqımızın, ölkəmizin yeni  şanlı tarixini  yazırıq. Bu, Zəfər  tarixidir.”

44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı, unudulmaz səhifəsidir, qəhrəmanlıq səhifəsidir. Bu, xalqımızın üzləşdiyi 30 illik ədalətsizliyə qarşı müqəddəs savaş idi, öz haqqına, əzəli torpaqlarına sahib çıxmaq uğrunda ümumxalq mücadiləsi idi.  

Bu, bir həqiqətdir ki, 44 günlük Zəfər son 50 ildə (1969-2020-cü illər) görülmüş işlərin yekun nəticəsi idi. Ulu Öndər Heydər Əliyev 1969-2003-cü illərdə, yəni 34 ildə bu Qələbə üçün kifayət qədər baza yaratmışdı. Ancaq bir oğul, bir Ali Baş Komandan lazım idi ki, bu yaradılmış imkanlardan məharətlə istifadə etsin. Bu imkanlardan heç kəs istifadə edə bilməzdi, çünki onun üçün müasir dünyanın siyasətindən xəbərdar olmaq, xüsusi bacarığa malik olmaq, hər atılacaq addımı ölçüb-biçmək, tam əminliklə risk etmək lazım idi. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev bunu edə bildi..

Ali Baş Komandan hər dəfə çıxışlarında düşmənə, onun havadarlarına, həmçinin beynəlxalq təşkilatlara açıq-aşkar xəbərdarlıq edirdi. Savadsız, bacarıqsız, ümumiyyətlə, siyasətdən, dövlət idarəçiliyindən bixəbər olan, küçədən hakimiyyətə gətirilmiş Ermənistan rəhbəri N.Paşinyan bu xəbərdarlıqlara məhəl qoymadan və ya heç başa düşmədən 27 sentyabr 2020-ci ildə dövlət sərhəddində növbəti təxribat törətdi. Dünya siyasətindən bixəbər N.Paşinyan arxayın idi ki, MDB Təhlükəsizlik Komitəsi və Ermənistanın xaç ataları ona yardımçı olacaqlar.

Dünya siyasətindən yaxşı xəbərdar olan, beynəlxalq qanunvericiliyi dürüst bilən, 17 illik hazırlığa arxayın və əmin olan Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev isə bu fürsəti buraxmayaraq əks-hücum əməliyyatına göstəriş verdi, 44 günlük Böyük Vətən müharibəsinin bütün gedişatını çox yüksək sərkərdəlik bacarığı nümayiş etdirərək şəxsən özü idarə etdi, Azərbaycanın bütün tarixi boyu görə bilmədiyi işləri gördü və ölkəmizin yeni müasir tarixini yazdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi.

Ölkəmiz tarix boyu görmədiyi xalq, ordu, Prezident birliyi və həmrəyliyini  44 gündə gördü. Bu sarsılmaz birlik Qələbənin rəhninə çevrildi. Heç vaxt unutmamalıyıq ki, şəhid və qazilərimiz, əsgər, zabit və generallarımız öz qanları ilə azad olunan torpaqlardan erməni izlərini yudular.

30 ilə yaxın düşmən tapdağı altında qalan bütün torpaqlarımız yeni dövrə qədəm qoyur, Qarabağ, Şərqi Zəngəzur öz tarixi,  mədəniyyəti, musiqisi,  qan yaddaşı ilə yenidən doğulur, dirçəlir.  Mən inanıram ki, xalqımız  hər zaman olduğu kimi, milli birliyi davam etdirəcək, ölkə başçısının ətrafında sıx birləşərək Azərbaycanımızın inkişafı, daha da güclənməsi naminə öz səylərini göstərəcəkdir. 



Emin Ağayev,

Salyan rayon gənci, YAP fəalı

Prezident İlham Əliyev: “İndi Ağdam üçün yeni dövr başlayır”


Ağdam rayonu 1930-cu ildə yaradılıb. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir.  Ağdam rayonunda bir sıra qədim memarlıq abidələri mövcuddur. Şəhərin şimal-şərqində yerləşən Xındırıstan kəndindəki “Üzərliktəpə abidə”si, Xaçındərbənd kəndindəki “Qutlu Musa günbəzi”, Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri, Papravənd kəndindəki “Xanoğlu türbəsi”, Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti, ”Şahbulaq qalası” və s. bu kimi tarixi abidələr Ağdamın qədim Azərbaycan torpağı olduğunu sübut edir. İşğal zamanı erməni qəsbkarları Ağdam rayonunda yerləşən muzeylərdən eksponatları da qarət edib aparmışlar.

Ağdamın işğal edilməsi Ermənistan rəhbərliyi üçün strateji tapşırıq idi. Ağdamın Əsgəranda, Ağdərə və Xankəndidə ermənilərin mövqelərinə yaxın olmasını nəzərə alaraq Azərbaycanın bu iri mərkəzi şəhərinin işğalı bütün müharibənin gedişini dəyişməli idi. Ağdamın işğalı əməliyyatı 1993-cü ildə başlanmış genişmiqyaslı hücumun tərkib hissəsi olub. Münaqişənin ilk mərhələlərində, hərbi əməliyyatlar geniş miqyas alana qədər ermənilər Ağdam sakinlərini terror yolu ilə sarsıtmağa çalışırdılar.

Ermənistanın separatçı hakimiyyəti bəzi xarici dövlətlərin yaxından köməyi, bilavasitə iştirakı ilə Şuşa, Laçın, Kəlbəcər rayonlarını işğal etdikdən sonra Ağdamı hədəf seçdi. Ermənilər bu rayonu da ələ keçirmək üçün irimiqyaslı hücum əməliyyatlarına başladılar. 1993-cü il iyun ayının 11-dən başlayaraq bu hücum, həmin ilin iyul ayının 23-də Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Nəticədə, ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal edildi, 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur oldu.

İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

Artıq hər şey geridə qaldı. Azərbaycan döyüş meydanında Ali Baş Komandanın rəhbərliyi altında parlaq qələbə qazanaraq istədiyinə nail oldu. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat nəticəsində 30 ilə yaxın düşmən tapdağında inləyən Agdam işğaldan azad olundu. Prezident İlham Əliyevin dediyi kimi, “indi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Ağdam rayonu yenidən Azərbaycanın  zəngin mədəniyyətinın, aqrar sənayenin, kənd təsərrufatının güclü inkşaf etdiyi rayonlardan birinə çevriləcək.”


Rasət Bağırov,

Salyan rayon Sarvan kənd inzibati

ərazi dairəsi üzrə nümayəndənin müavini

Ağdamın əvvəlki şöhrəti özünə qaytarılacaqdır

 

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Ağdam da var. 1993-cü ildə işğal olunan və Qafqazın Xirosiması adlandırılan Ağdam rayonunda erməni vandalizmi hər addımda özünü göstərir. Burada bir dənə də olsun salamat yaşayış binası, istehsal sahəsi, yaxud infrastruktur obyekti qalmayıb. Bir vaxtlar kənd təsərrüfatının inkişaf etdiyi bu rayonda indi hər şey məhv olub.

İyirmi yeddi il işğal altında qalan Ağdam rayonunun çoxşaxəli aqrar potensialı var. İşğal nəticəsində Ağdamın sərvətləri düşmən tərəfindən talan edilib, kənd yerlərində təsərrüfatla məşğul olan əhali məcburi köçkün vəziyyətində ölkənin digər şəhər və rayonlarında məskunlaşmağa məcbur qalıb və yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri darmadağın edilib.

İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. Ölkə ərazisinin 1,3 faizini əhatə edən və sahəsi 1094 kvadrat kilometr olan rayonun relyefi əsasən düzənliklərdən, qismən dağlıq ərazilərdən ibarətdir. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ərazi baxımından Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibinə daxildir. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Rayon əhalisi əsasən kənd yerlərində məskunlaşmışdı və əsas məşğuliyyəti isə kənd təsərrüfatı olmuşdur.

Yuxarı Qarabağ iqtisadi rayonunda ən çox suvarılan torpaqlar Ağdam rayonundadır. Rayonun ərazisi əsasən Qarqar, Gülyataq, Xaçın, Qabartı çayları ilə suvarılır. Bu rayonun kənd təsərrüfatı torpaqları, həmçinin Xaçın çayı üzərində yerləşən Dərbənd su anbarı və Tərtərçay üzərində yerləşən Sərsəng su anbarı hesabına da suvarılır. Lakin bununla belə, əkin dövriyyəsinə cəlb edilən azad olunmuş ərazilərin suvarılması üçün yeni potensial da yaranıb. Belə ki, Suqovuşan, Xudafərin və Sərsəng su anbarları, Vəlvələçay kimi su resurslarının Ağdamın əkin torpaqlarının suvarılması üçün istifadə edilməsi rayonun kənd təsərrüfatının inkişafına töhfəsi çox yüksək olacaq.

Qeyd edək ki, burada mövcud olan örüş-otlaq və biçənək sahələri respublikanın müvafiq sahələrinin təxminən 0,8 faizini təşkil edir. Ərazisində hakim olan iqlimin və bol sulu çaylarının verdiyi imkanlara görə rayon sakinləri həm 1 illik əkmələr, həm də çoxillik əkmələri rahat becərə bilirdilər.

Ağdamda sovetlər dönəmində əkinçiliyin əsas sahələri olan pambıqçılıq, taxılçılıq, üzümçülük və tərəvəzçilik inkişaf etdirilmişdi. Rayon ərazisində taxıl zəmiləri, pambıq tarlaları, üzümlüklər, meyvə bağları, yem bitkilərinin əkini geniş sahə tutmuşdu. Rayonun 1988-ci ilin əkin sahələrinin strukturuna nəzər saldıqda taxıl sahələrinin (49.5%) və pambıq sahələrinin (48.9%) daha geniş sahələri əhatə etdiyi müşahidə olunur. Ümumilikdə Ağdam rayonunda 1988-ci ildə mövcud olan taxıl sahələri ölkədəki müvafiq əkin sahəsinin 1,4 faizini, eləcə də rayonda mövcud olan pambıq sahələri isə ölkədəki sahənin 2,5 faizini təşkil etmişdi.

Ümumilikdə, Ağdam rayonunda kənd təsərrüfatı infrastrukturun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcə də heyvandarlıq sahəsinin inkişafı üçün zəruri infrastrukturun bərpası nəticəsində, məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa əlavə töhfəsi 641 milyon manat, başqa sözlə 4,5 faiz olacağı proqnozlaşdırılır. Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edib. Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, dolayı olaraq daha böyük miqyasda ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılması baxımından həndəsi silsilə ilə müsbət effekt hiss ediləcək.

Peyk görüntülərindən də Ağdamın 27 il işğal altında qalan torpaqları ilə işğala məruz qalmamış əraziləri arasında olan fərq aydın görünür. Necə ki, işğalda qalan Ağdam ərazisi digər hissə ilə müqayisədə inkişafdan çox uzaq, “ruhlar şəhəri” adlandırılaraq illərlə anılmışdır. Heç şübhəsiz ki, bu, ermənilərin düşünülmüş və qərəzli, faşist və separatçı siyasətinin bariz nümunəsidir. Lakin artıq Ağdam azaddır, bütövdür. Ağdam öz potensialı ilə yüksək inkişaf vəd etməkdədir. Ümid edirik ki, ən qısa zamanda insanlar öz ata-baba torpaqlarına geri qayıdaraq dinc şəkildə yaşayıb yaradacaqlar. Ağdam rayonunun əsas ixtisaslaşdığı sahələr olan taxılçılıq, tərəvəzçilik və üzümçülüyün yenidən bərpa edilməsi isə ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə vermiş olacaq.

 

 

 


İcra olunmadan kağız üzərində qalmış beynəlxalq qətnamələr


1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal etdi. Bu artıq Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə heç bir əhəmiyyət vermədiyini təsdiqləyirdi. İyulun sonlarında BMT TŞ iclası keçirildi və burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul olundu. Bu qətnamədə də işğalçı qüvvələrin Azərbaycanın Ağdam da daxil olmaqla, bütün digər işğal olunmuş ərazilərindən çıxarılması tələbi qoyulmuşdu. Qətnamədə Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq ifadə edilir və tərəflərin münaqişəni dayandırmaq üçün atəşkəsə nail olmalarının zəruriliyi bildirilirdi. 853 saylı qətnaməsi bütövlükdə bəzi əlamətlərinə görə 822 saylı qətnamədən daha obyektiv görünsə də, burada da məsələ öz dəqiq qiymətini almamışdır.

Ötən il Azərbaycanın əks-həmlə əməliyyatları ilə Vətən müharibəsinə başlaması təsadüfi deyildi. Çünki Ermənistan 30 ilə yaxın bir dövrdə torpaqlarımızı işğal altında saxlamaqla bərabər, sülh prosesini də məqsədyönlü şəkildə pozmaqda davam edirdi. Düşmən ölkənin məqsədi işğal ilə bağlı status-kvonu qorumaq və həmin ərazilərin ilhaqına nail olmaq idi. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri bilərəkdən danışıqlar prosesinin format və mahiyyətini də sarsıdırdı.

Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr Azərbaycana deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü icra etdi. Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması bir daha göstərdi ki, beynəlxalq hüquq işləmir və ona riayət olunmur. Güc amili beynəlxalq münasibətlərdə ön sıraya çıxır. Azərbaycan isə öz gücünü məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, beynəlxalq hüququn normaları çərçivəsində istifadə etdi. Bu işğalçını “Sülhə məcburetmə” əməliyyatı idi. Bizi böyük Zəfərə çoxşaxəli yol apardı. Torpaqlarımızın işğaldan azad olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində uzunmüddətli danışıqlar aparıldı. İşğalın sülh yolu ilə həll edilməsi üçün tərəflərə müxtəlif layihələr təqdim edilirdi. Buna baxmayaraq, dövlətimiz sülh danışıqları ilə yanaşı, müharibə variantını da unutmurdu. Doğrudur, bəzi ölkələr və beynəlxalq təşkilatlar Qarabağ məsələsində müharibə variantının olmadığını dəfələrlə təkrarlayır, bunun ediləcəyi təqdirdə bizə qarşı müxtəlif sanksiyaların ola biləcəyi təəssüratını yaradırdılar. Hətta müharibənin olmaması üçün ölkəmizin öhdəlik götürməsini də istəyirdilər. Amma Azərbaycan məqsədinə çatmaq üçün maraqlarına uyğun siyasi xəttini davam etdirirdi. Dövlət çox gözəl bilirdi ki, digər vasitələri təmin etmədən güclü Ordumuz olsa belə, müharibədə qalib gəlmək və qələbəni rəsmiləşdirmək qeyri-mümkündür. Ona görə qələbəyə aparan bir neçə yolu paralel şəkildə inkişaf etdirirdi.

Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə mövqeləri gücləndiyi üçün beynəlxalq ictimaiyyət Azərbaycanın Vətən müharibəsinin beynəlxalq hüquqa uyğun olduğunu anlayışla qəbul etdi.Azərbaycan bu gün Qarabağ bölgəsinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan ağır problemlərini sürətlə aradan qaldırır. Eyni zamanda, həmişə olduğu kimi, yenə də sağlam qonşuluq münasibətlərinin qurulmasının tərəfdarı olduğunu bildirir. Bununla bağlı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan tədbirlərin reallaşdırılmasını xüsusilə diqqətdə saxlayır. Ölkəmiz bu sənədin tam əməli icrasına və Ermənistan-Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması əsasında bu qanlı münaqişənin yaralarının sağaldılmasına böyük əhəmiyyət verir.


Əli Məmmədov,

Salyan bələdiyyəsinin üzvü, YAP fəalı