![]() |
![]() |
Pandemiyaya qarşı mübarizədə hər bir vətəndaş sosial məsuliyyət daşıyır
Koronavirus pandemiyasının başladığı ilk gündən Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bütün görüşlərdə və çıxışlarında vətəndaşları böyük məsuliyyətə və nizam-intizama çağırıblar. Bildiriblər ki, vətəndaşlarımız karantin rejiminin qaydalarına məsuliyyətlə əməl etməlidirlər. Bu gözəgörünməz virusdan xilas olmaq və ya daha az yoluxma, eləcə də insan təlafatının olmaması üçün dövlət başçısı tərəfindən cox ciddi addımlar atılmış, dünya ictimaiyyətinin də diqqətin çəkən tədbirlər reallaşdırılmışdır. Təbii ki, tədbirlərin daha effektli olması üçün vətəndaş məsuliyyəti də başlıca şərtdir və bu mütləqdir. Dövlət başçısı hər çıxışında dönə-dönə vurğulayıb ki, mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub: “Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”.
Azərbaycanda son günlər koronavirusa yoluxanların sayının artmasının bir neçə səbəbi ola bilər. Bunun başlıca səbəbi bütün dünya üzrə yoluxma hallarının yeni dalğasının Azərbaycana da təsirsiz ötüşməməsidir. Əsas səbəb sosial təmasın bu və ya digər şəkildə artması, daha doğrusu vətəndaş məsuliyyətsizliyidir. Kütləvi tədbirlərin keçirilməsi zamanı insanlar arasında təmas artır. Vətəndaş məsuliyyətsizliyi yoluxmaların artmasına gətirib çıxarır. İkinci məsələ koronavirusun "Delta" variantıdır. Bildiyimiz kimi, "Delta" ştammı daha sürətli yayılma potensialına malikdir. Bu da yoluxma sayının artmasında müəyyən rol oynayır. Üçüncüsü isə vaksinasiyadır. Aparılan hesablamalar nəticəsində müəyyən olunub ki, yoluxanların 99 faizi peyvənd olunmayanlardır. Ölkəmizdə müşahidə olunan qeyri-sabit hava şəraiti də virusal xəstəliklərin yayılması üçün münbit şərait yaradır. Bütün bu amillər yoluxmaların artmasına öz təsirini göstərir.
Yoluxmaların artmasının ehtimal edilən üçüncü səbəbi isə getdikcə insanlarda arxayınlıq hissinin yaranması, ictimai yerlərdə və ünsiyyətlərdə qripal viruslara qarşı qabaqlayıcı tədbirlərin arxa plana atılmasıdır. Vətəndaş məsuliyyətimizi dərk edərək bu virusa qarşı mübarizə aparmaqla həm dövlətimizə dəstək olarıq, həm də bu xəstəlikdən gələcəkdə əziyyət çəkib həyatı təhlükə yaşayacaq insanların sayının azalmasına kömək edə bilərik.
Hazırda dünyanın bir nömrəli problemi sayılan COVID-19 pandemiyasına qarşı Azərbaycanda vaksinasiya prosesi uğurlu şəkildə həyata keçirilir. Məlumdur ki, peyvəndləmə xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını almaq üçün həyata keçirilir. Insanın immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yarada bilir. Bununla da orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və nəticədə ağırlaşmanın qarşısı alınır. Çünki vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün, xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükə yaranmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunmuşdur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi vardır və onların hər biri səmərəli və təhlükəsiz hesab olunur. Bütün görülən qabaqlayıcı tədbirlər bunu deməyə əsas verir ki, birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez zamanda normal, adi həyata qayıdaq.
Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərin görülməsini zəruri edir. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Vaksinin qüvvətləndirici üçüncü (Buster) dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştamlarına qarşı güclüdür. İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub, onlar da birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir. ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Risk qrupuna yaşlı nəsil, eləcə də yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər aid edilir. Bu baxımdan, vaksinin qüvvətləndirici üçüncü dozasının tətbiqi məqbul hesab olunur.
Toğrul Hacızadə,
Salyan rayon Mərkəzi Xəstəxanasının həkimi