İranın paytaxtı Tehranda İran, Türkiyə və Azərbaycan nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı İranın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Səid Xətibzadə bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sözügedən görüş yaxın zamanlarda baş tutacaq.
Əbdülhəmid Gülün ədliyyə naziri vəzifəsindən azad edilməsindən sonra Türkiyədə yeni kabinet dəyişikliyi gözlənilir.
Axar.az xəbər verir ki, bu iddia ilə Türkiyənin “Cümhuriyyət” qəzeti çıxış edib.
Qəzetin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan kabinet dəyişikliyinə addım-addım gedəcək.
“Güldən sonra xarici işlər naziri Mövlud Çavuşoğlu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, səhiyyə naziri Fəxrəddin Qoca, əkinçilik və meşə naziri Bəkir Pakdəmirlinin də vəzifələrindən azad ediləcəyi gözlənilir. Gəzən söz-söhbətlərə görə, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Mövlud Çavuşoğlunun yerinə gətirləcək”, - qəzet bildirib.
AzTV-nin tarixi şəxsiyyətlərlə bağlı silsilə filmlərin çəkildiyi layihənin rəhbəri Fəxrəddin Həsənzadə işindən ayrılıb.
Axar.az Bakipost.az-a istinadən xəbər verir ki, bu barədə F.Həsənzadə özünün Feysbuk hesabında yazıb:
“AzTV -də yayımlanan “Yüz ilin sirləri” proqramının layihə rəhbəri və Rəsulzadə ilə bağlı sənədli filmi hazırlayan biri kimi ümumi bir açıqlama vermək istədim. Kanal rəhbərliyinə və hər kəsə əsaslı veriləcək cavabım və dəlillərim var. Amma dostlarım bilir, mən belə məqamdan şou düzəltməyi sevmirəm, susmağı üstün bilirəm. Bu gündən etibarən AzTV ilə yollarımı ayırmaq qərarı verirəm. Məni tanıyan hər kəs siyasi mövqeyimi də bilir. Sadəcə bir məqsədim var idi. O da dünya tarixində iz qoyan azərbaycanlıları ətraflı tanıtmaq”.
Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138 illiyi ilə bağlı AzTV-də nümayiş etdirilməsi nəzərdə tutulan sənədli film efirdə yayımlanmayıb.
Belə ki, layihənin müəllifi Hüseyn Cavadzadə yanvarın 22-də səhifəsində filmin anonsunu paylaşaraq, verilişin yanvarın 30-da yayımlanacağını deyib. Bundan sonra isə yanvarın 27-də filmin yayımlanmayacağını bildirib.
Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri AzTV-nin səhifəsində #UtanAZTV #RəsulzadəÜrəklərdə həştəqləri ilə etiraz ediblər.
Məsələ ilə bağlı AzTV Feysbuk səhifəsində açıqlama yayıb. Paylaşımda qeyd edilir:
“Bu gün AzTV hansısa verilişi efirə verməməkdə ittiham olunur. Əvvəla, həmkarlarımızdan soruşmaq istərdik ki, söhbət hansı verilişdən gedir? Yaxud nəzərdə tutduqları verilişin adını çəksinlər, biz də maraqlanaq ki, həmin verilişin anonsu AzTV-nin efirində yayımlanıbmı? Efirdə deyilibmi, yaxud proqramda yazılıbmı ki, bu veriliş efirə gedəcək? Əgər yazılmayıb və deyilməyibsə, hansısa verilişin TV-də yayımlanmaması ilə bağlı ittiham irəli sürmək hansı əsasa və ya məntiqə sığır?
İkincisi, TV-də onlarla verilişlər hazırlanır, bəzən hətta anonsu verilsə də, efirə daha çox texniki səbəblərdən təqdim olunmur. Bu xəbərdirmi? Və ya bundan xəbər düzəltmək nə dərəcədə məntiqli və peşəkar yanaşmadır?
Mövzuya gəlincə, AzTV-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları barədə yüzlərlə material yayımlanıb və bu gün də efirə verilir. M.Ə.Rəsulzadənin nəvəsinin ilk olaraq məhz AzTV-də efirə çıxması və maraqlı açıqlamalar verməsini diqqətli tamaşaçılar, yəqin ki, unutmayıblar.
Odur ki, bu mövzuda hər hansı kampaniyaya start verilməsinin özü, düşünürük ki, ayıbdır".
Böyük Britaniyanın Müdafiə Nazirliyinin nümayəndələri, bu ölkənin Baş naziri Rusiyaya sanksiyalar tətbiq edildikdən sonra Moskvaya gəlmək istəyiklərini ifadə ediblər. Onlar Rusiyadan nə gözləyirlər? Onlar başa düşməlidirlər ki, Rusiyaya sanksiyalar tətbiq edildikdən sonra burada onların üzlərinə xoş baxan olmayacaq.
Axar.az xəbər verir ki, belə bir fikirlərlə "Bazar axşamı" verilişinin efirində tanınmış rusiyalı televiziya aparıcısı Vladimir Solovyov çıxış edib.
“Prinsipcə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov hər şeyi hamıya izah edib. Yaxşı, gəlsinlər, biz burada onların hamısını bir daha izah edək. Əgər onlar Rusiya ilə münasibətlərin tam pozulmasını, sanksiyalar tətbiq etmək istəyirlərsə, onda biz də adekvat cavab verəcəyik. Onlar bunu başa düşməlidirlər. Sülh istəmirsinizsə, sülh lazım deyil. Biz sizinlə müharibə etməyəcəyik, amma sizin kobudluqlarınıza sərt və amansız şəkildə cavab verəcəyik”, - deyə o bildirib.
Əziz xalq, tezliklə sizin prezidentiniz sıravi siçovul-satqın olacaq.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib.
“Hakim partiya dünən Ermənistan prezidentliyinə namizədinin adını açıqlayıb. İndiki vəziyyətdə onun kim olmasının heç bir əhəmiyyəti yoxdur, çünki o, Nikolun xəyanətkar Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan istiqamətlərindəki göstərişlərinə əməl edəcək. Vaan Xaçatryan (yüksək texnologiyalar sənayesi naziri) uzun illər Levon Ter-Petrosyanın komandasında oldu, Qagik Cangiryan (Ermənistan Ali Məhkəmə Şurasının sədri), Vladinmir Karapetyan (Ermənistanın Ukraynadakı səfiri) - hamı ondan qaçdı. 7 ay əvvəl Ter-Petrosyan onlar haqqında demişdi: “Siçovul qaçışı”, - Aşotyan bildirib.
Qeyd edək ki, Paşinyanın partiyasının istefa verən prezident Armen Sərkisyanın yerinə Vaan Xaçatryanın namizədliyini verəcəyi bildirilir.
Suriya Demokratik Qüvvələrinin silahlı dəstələri beynəlxalq koalisiyanın dəstəyilə Hasekə şəhərində baş verən döyüşlərdə 246 İŞİD terrorçusunu məhv edib.
Axar.az xəbər verir ki, bu barədə “Əl Vətən” qəzeti məlumat yayıb.
“Əl Sına” həbsxanası yaxınlığında baş verən döyüşlərdə 246 terrorçu məhv edilib. Döyüşlər zamanı 79 kürd döyüşçüsü və 4 mülki şəxs də ölüb”, - məlumatda qeyd olunub.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev fevralda Rusiyaya səfər edəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yanvarın 31-də jurnalistlərə açıqlamasında bildirib.
O, səfərlə bağlı əlavə məlumat verəcəklərini deyib: “Biz hesab edirik ki, bu səfər məhz fevralda reallaşacaq”.
Donbas Ukrayna ərazisidir , buna görə də Ukrayna istədiyi məkana ordu və hərbi texnika yığa bilər.
Bu sözləri, Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Ukraynanın Donbas yaxınlığına 120 minlik ordu və ağır hərbi texnika cəmləməsi barədə yayılan iddiaları şərh edərkən deyib.
“Necə ola bilər ki, Rusiya Ukrayna ilə sərhədə 100 minlik qoşun yığır, bu barədə iddialara isə “öz ərazimizdir, daxili işimizdir” cavabını verir? Bu baxımdan Ukraynanın öz ərazisində ordusunu hansı istiqamətdə dislokasiya etdiyi daxili işidir”, - politoloq bildirib.
E.Şahinoğlu bu məlumatın doğru olma ehtimalından da danışıb:
“Ukrayna Donbas separatçılarından və Rusiyadan təhdid görür. Buna qarşı hazırlaşmasında və hərbi qüvvələrini cəmləməsində heç bir problem və beynəlxalq pozuntu ola bilməz. Ukrayna öz ərazisində separatçılara qarşı əməliyyat da keçirə bilər və beynəlxalq hüquq ona bu imkan tanıyır”.
Rusiyada şagirdlərin 8 faizi onlayn təhsil alır, ümumilikdə 230 məktəb karantindədir.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Maarif Nazirliyinin yaydığı məlumatda bildirilib.
“Koronavirusun yayılması ilə əlaqədar 41 regionda ümumilikdə 230 məktəbdə karantin tədbirləri davam etdirilir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiyada məktəblərdə ümumilikdə 17 milyon şagird təhsil alır.