NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının fövqəladə Zirvə toplantısı çərçivəsində İtaliyanın Baş naziri Mario Draqi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Axar.az xəbər verir ki, NATO-nun qərargahındakı görüş mətbuata qapalı keçirilib və 45 dəqiqə davam edib.
ABŞ Prezidenti Co Baydenlə NATO Baş katibi Yens Stoltenberq arasında görüş keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Bayden Tvitter hesabında paylaşım edib.
Bayden Stoltenberqlə Rusiyanın Ukraynaya hücumunu müzakirə etdiyini, eyni zamanda Ukraynaya dəstək verilməsi barədə fikir mübadiləsi apardıqlarını vurğulayıb.
BMT Baş Assambleyası Ukraynadakı humanitar vəziyyətlə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qətnaməni bir neçə ölkə, o cümlədən ABŞ, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Almaniya, Litva və Latviya dəstəkləyib. Qətnamənin lehinə 140 dövlət səs verib, 38 dövlət bitərəf qalıb, Belarus, Eritreya, Şimali Koreya, Rusiya və Suriya əleyhinə çıxıb.
Qətnamədə deyilir ki, Rusiya Ukraynaya qarşı hərbi əməliyyatları dərhal dayandırmalıdır.
Cənubi Afrikanın Ukraynaya dair təqdim etdiyi humanitar qətnamə layihəsi bir qrup Qərb ölkəsinin hazırladığı layihədən nizamlanma üçün daha çox əlverişlidir.
Axar.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının iclasında Çinin təşkilatdakı nümayəndəsi Çanq Jun deyib.
"Cənubi Afrika qətnamə layihəsi humanitar məsələlərə yönəlib. Biz hesab edirik ki, indiki çətin şəraitdə Cənubi Afrikanın qətnamə layihəsi BMT-yə üzv ölkələrin birliyinin möhkəmləndirilməsinə daha çox kömək edir. Dialoq, danışıqlar və siyasi danışıqlar üçün daha da geniş imkanlar açır. Çin Cənubi Afrikanın qətnamə layihəsinə həmmüəllif oldu", - o bildirib.
Qeyd edək ki, Baş Assambleyada iki humanitar qətnamə layihəsi müzakirə edilir. Onlardan biri Qərb ölkələri, digəri Cənubi Afrikanın hazırladığı layihədir. Birinci layihədə humanitar müddəalarla yanaşı, Rusiyanı Ukraynadakı hücumu dayandırmağa çağrırlar. Eyni zamanda, humanitar böhrana görə Rusiya günahlandırılır. İkinci layihə daha neytraldır, sırf humanitar problemlərin həllinə yönəlib və konkret olaraq Rusiyanın addımları pislənmir.
Çeçenistan döyüşçüləri Mariupol administrasiyasının binasının ələ keçiriblər.
Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqramda yazıb.
"Uşaqlar radio ilə xəbər verirlər ki, Mariupol administrasiyasının binasını “azad ediblər” və onun üzərində bayrağımızı sancıblar. Sağ qalan ukraynalılar riskə getməyiblər, onlar üçün ənənəvi hala çevrilmiş mövqelərini tərk edib, qaçıblar", - Kadırov qeyd edib.
Qeyd edək ki, Mariupolu mart ayının 7-dən rus ordusu mühasirəyə alıb.
Azərbaycanın Ukraynadakı səfirliyi Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
Axar.az xəbər verir ki, səfirliyin müraciətində qeyd olunub:
"Ukraynadan təxliyə olunan həmvətənlərimizin əsasən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi almaq üçün müraciət etdiyini nəzərə alaraq, aşağıdakı məlumatı diqqətə çatdırırıq.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlərdən biri təqdim edilməlidir:
- Etibarlılıq müddəti bitmiş və müəyyən obyektiv səbəblərdən yenilənməsi mümkün olmamış Azərbaycan Respublikası ümumvətəndaş pasportunun əsli;
- Etibarlı, yaxud etibarlılıq müddəti bitmiş və müəyyən obyektiv səbəblərdən yenilənməsi mümkün olmamış Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;
- Etibarlılıq müddəti çərçivəsində obyektiv səbəblərdən istifadə olunmamış Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin əsli.
Yuxarıda qeyd olunanlardan heç biri olmadığı halda mövcud sənədlər və məlumat əsasında müvafiq qurumlara göndəriləcək sorğu və ya digər araşdırmanın nəticəsinə uyğun olaraq, şəhadətnamə rəsmiləşdirilə bilər. Belə hallarda vətəndaşlarımızdan doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikasının vətəndaşı olan valideynlərinin ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqələrinin, nikah haqqında şəhadətnamələrinin surətlərinin, şəxsiyyət vəsiqələri şəkilsiz olduğu halda dövlət orqanları və ya təhsil müəssisələri tərəfindən verilmiş hər hansı şəkilli sənədin təqdim edilməsini xahiş edirik.
Bütün hallarda müraciət edən vətəndaşlardan sənədlərə iki ədəd 3x4 ölçülü fotoşəkil əlavə edilməsi xahiş olunur.
Təxliyə olunan vətəndaşlarımızın Azərbaycana səfər etmələrini asanlaşdırmaq məqsədilə lazım olan sənədlərin nəzərdə tutulandan daha qısa müddətdə hazırlanması üçün bütün mümkün tədbirlər görülür.
Diqqət: Təxliyə zamanı Azərbaycana maneəsiz səfər edə bilmələri məqsədilə Ukraynada yaşayan Azərbaycan Respublikası vətəndaşları 3 mart 2022-ci il tarixindən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi üçün nəzərdə tutulmuş dövlət rüsumundan azad edilmişdirlər (şəhadətnamə ÖDƏNİŞSİZ rəsmiləşdirilir). Qayıdış şəhadətnamələrinin rəsmiləşdirilməsində köməklik qarşılığında pul vəsaiti və ya digər şəkildə maddi maraq tələb edildiyi hallar olarsa, bundan imtina edilməsini və həmin şəxslər barədə məlumat verilməsini xahiş edirik”.
Ukrayna Prezidenti Vladimir Zelenski G7-ni Ukrayna üçün yeni təhlükəsizlik zəmanətləri sisteminin yaradılmasında iştirak etməyə və Rusiyanı GPS-dən istifadə imkanından məhrum etməyə çağırıb.
Axar.az xəbər verir ki, o, bu barədə G7 nümayəndələrinə müraciətində deyib.
"Ukrayna üçün yeni təhlükəsizlik zəmanətləri sisteminin yaradılmasında iştirak edin. Söhbət istənilən təcavüzkarı 24 saat ərzində dayandıra biləcək effektiv zəmanətlərdən gedir. Rusiya ilə ticarətə tam embarqo qoymaq lazımdır. Onu GPS-dən istifadə etmək imkanından məhrum etməliyik. Rusiya bankları qlobal maliyyə sistemindən tam blokadaya alınmalıdır”, - Zelenski bildirib.
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlarımızı davam etdirəcəyik. Bütün səylərimiz sülh atmosferi yaratmaq üçün bu iki lideri bir araya gətirməkdən ibarətdir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Hər iki liderlə təmaslarımız davam edəcək. Bizim siyasətimiz həmişə sülh siyasəti olub. Danışıqları asanlaşdırmaq üçün bir çox addımlar atmışıq. Bu prosesdə konstruktiv olmağa diqqət yetiririk. Ukraynanın suverenliyi və müstəqilliyi əsas prioritet olmalıdır. Danışıqlarda bəzi irəliləyişlərin əldə olunmasına ehtiyatla yanaşırıq”, - Ərdoğan qeyd edib.