Son xəbərlər

Rusiya Prezidenti Vladimir Putinin Avropada dost olmayan dövlətlərə qazı rublla satacağı açıqlaması müxtəlif reaksiyalara səbəb olub. Putin bu qərarla həm onu tənqid edən Avropa ölkələrini cəzalandırmaq, həm rublu möhkəmləndirmək, həm də dollar və avronun mövqelərini zəiflətməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Rusiyadan qaz alan Avropa ölkələrinin iki seçimi var:

“Ya Rusiya bazarında rubl alaraq Putinin istəyinə uyğun ödəniş həyata keçirməli, ya da Rusiya qazından imtina etməlidirlər. Avropa ölkələri rublla ödəmə həyata keçirsələr, Ukraynadakı işğalçı müharibə ilə əlaqədar Rusiyaya tətbiq etdikləri sanksiyalara zidd qərar vermiş olacaqlar. Soyuq ayların bitməsinə az qalıb. Bu baxımdan Avropa ölkələrinin bir qismi ödəməni əvvəlki qaydada həyata keçirib növbəti il üçün alternativ enerji bazarlarını tapmağa çalışacaqlar.

Avropa ölkələrindən Almaniyaya çətin olacaq. Bu ölkə qaza olan tələbatının əhəmiyyətli hissəsini Rusiyadan alır. Avstriya müqavilədə göstərildiyi kimi Rusiyadan aldığı qaza görə bundan sonra da ödəməni avro ilə edəcəyini bəyan edib. Polşa gələn ildən ümumiyyətlə Rusiyadan qaz almayacağını açıqlayıb. Bolqarıstanın və İtaliyanın ümidi Azərbaycan qazınadır”.

Politoloq “Avropa ölkələri ard-arda Rusiya qazından imtina edərlərsə, Moskva Avropaya sata bilmədiyi qazı hansı ölkə və ya ölkələrə satacaq?” sualına da cavab axtarıb:

“Kremlin tək ümidi Çindir. Rusiya Çinə uzanan boru xətti inşa edib. Boru xəttinin nəqletmə gücü 38 milyard kubmetrdir. Ancaq il ərzində bunun yarısı qədər qaz nəql edilib. Kreml “Sibirin gücü - 2” adlanan boru xətti ilə Çinə əlavə olaraq 50 milyard kubmetr nəql etməy planlaşdırır.

Buna baxmayaraq, Çin Rusiyanın ona təklif etdiyi qaz həcmini almağa tələsmir. Pekin Brüsselin strategiyasından istifadə edir. Çin yalnız Rusiyadan aldığı qazdan asılı olmaq istəmir. Çin qonşuları – Qazaxıstan, Özbəkistan və Türkmənistandan da qaz alır. Rusiya Çinə bu ölkələrdən daha ucuz qaz qiyməti təklif edir. Bununla Kreml Çinin Rusiya qazına üstünlük verəcəyinə ümid edir. Ancaq qiymətlər fərqli olsa belə, Pekin qazın alınmasında şaxələndirməyə üstünlük verir. Bu o deməkdir ki, Rusiyanın Çin bazarına olan ümidləri özünü doğrultmaya da bilər”.

Suveren ölkə kimi Çin öz ərazisində lazımi milli müdafiə obyektləri yaratmaq hüququna malikdir, bu, beynəlxalq hüquq normalarına uyğundur və onu qınamaq olmaz.

Axar.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin ABŞ-ın Çinin Sakit okeanda inşa etdiyi bir sıra süni adalardan ən azı üçünü hərbi bazaya çevirməsi ilə bağlı ittihama cavabında deyib.

"Bu, sahilyanı ölkələrin suverenliyini və təhlükəsizliyini ciddi şəkildə təhdid edir və Cənubi Çin dənizində nizam və naviqasiya təhlükəsizliyinə zərər verir", - sözçü bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Hind-Sakit okean komandiri admiral Con C. Aquilino Çinin adalarda gəmi və zenit-raket kompleksləri, lazer və döyüş təyyarələri yerləşdirdiyini irəli sürmüşdü.

Bu gün gözlər Brüsseldə olacaq. ABŞ Prezidenti Co Bayden artıq dünəndən Avropanın siyası paytaxtına gəlib. Bu gün NATO sammitində iştirak edəcək Prezident Bayden G7 liderləri ilə görüşəcək və Avropa İttifaqının 27 liderinə müraciət ünvanlayacaq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.

O bildirib ki, budəfəki NATO sammitinin yalnız iqtisadi və təhlükəsizlik deyil, həmçinin iqtisadi baxımdan da dünyanın diqqət mərkəzindədir:

“Gözlənilir ki, bu gün Brüsseldə Birləşmiş Ştatlar Rusiyaya qarşı 5-ci sanksiyalar paketini elan edəcək. Bu paket Rusiya və eləcə də dünya iqtisadiyyatı üçün daha təsirli ola bilər. Belə ki, Qərb daha qısa müddətdə Rusiya neftindən imtina niyyətindədir. Söhbət Rusiyanın gündəlik 3 milyon barrel neft ixracatına qadağanın müəyyənləşdirilməsindən gedir. Bu, Rusiyanın əsas gəlir sahələrindən birini ciddi şəkildə məhdudlaşdırmaqla yanaşı, qlobal bazarlarda və dünya iqtisadiyyatında volatilliyi daha da artıracaq.

Görüş başlamasa da artıq dünya bazarı sammitin keçirilməsindən təsirlənib. "Brent" markalı neftin 1 barrelinin qiyməti yenidən 120 dollarlıq psixoloji həddi keçərək 122 dollara təklif olunur. Qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik investorların qərarlarına təsir göstərir və bu da dünya bazarındakı problemləri daha da dərinləşdirir. Böyük Britaniyada infilyasiya son 30 ildə ən yüksək səviyyəyə çatıb, ABŞ və Avropa İttifaqında istehlak qiymətləri artmaqda davam edir. Eyni zamanda, qlobal bazarda artıq bir sıra məhsulların qıtlığı müşahidə edilir. BMT dünyada aclıq təhlükəsi və yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib".

V.Bayramovun sözlərinə görə, OPEK-də Rusiyanın bazardakı azalanan payını kompensasiya etmək üçün kvorum yoxdur və şist neft hələlik hasilatı kəskin artırmaq potensialına malik deyil:

“Bu isə neft bazarına təzyiqləri artırır. Beynəlxalq Enerji Akademiyası da Rusiyan neftinin ixracat taleyi ilə bağlı qeyri-müəyyyənlik olduğunu bildirir. Bütövlükdə, neft və eləcə də dünya bazarında nələrin olacağını nəinki ekspertlər, hətta beynəlxalq qurumlar da proqnozlaşdırmaqda tərəddüd edirlər.

Sammitdən öncə NATO Çin üçün də qırmızı xətləri də müəyyənləşdirməyə çalışır. Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan açıqlamasında sanksiyalardan Çin və başqa ölkələrin ticari qazanclar əldə etməsini qınayıb. Görünən odur ki, dairə daha da genişlənir və bu heç də son olmayacaq”.

Fransanın “Reno” şirkəti Rusiyada bütün əməliyyatları dayandırmaqla bağlı qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Qeyd edək ki, ötən gün “Reno”nun Rusiyada fəaliyyətini bərpa etdiyi haqda məlumat yayılmışdı.

Polşa hakimiyyəti antirusiya sanksiyaları çərçivəsində Rusiya səfirliyinin 33 milyon dollarlıq hesabını dondurub.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev deyib.

O bildirib ki, bu qərarın Vyana Konvensiyasına ziddi olması barədə şikayətini Polşa rəsmilərinə çatdırıb:

“Onlar isə sakitcə cavab verdilər ki, siz ki aqressorsunuz və özünüzü sivil bəşəriyyətə qarşı qoymusunuz, bu da sizə cavabı”.

Türkiyə ilə münasibətlərin normallaşdırılması Qərbin, xüsusən də ABŞ-ın məsuliyyəti altındadır.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Voll Strit Jurnal” nəşrində gedən məqaləyə cavab olaraq bildirib.

O qeyd edib ki, ABŞ F-35 qırıcıları və “Patriot” batareyalarını ilkin şərt olmadan Türkiyəyə çatdırmalıdır.