Son xəbərlər

Sabah Brüsseldə NATO-nun fövqəladə toplantısı öz işinə başlayacaq. Elan edilib ki, alyansın bu sammitində Ukraynaya bundan sonrakı dəstəyin nələrdən ibarət olduğu açıqlanacaq.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şükürlü qeyd edib.

O bildirib ki, Rusiya-Ukrayna savaşının gələcək taleyi xeyli dərəcədə həm də bu sammitin nəticələrindən asılı olacaq:

“NATO Ukraynanın gözlədiyi və tələb etdiyi dəstəyi vermək qərarı alacaqsa, Zelenski də dirənməkdə davam edəcək; yox, NATO yenə də “üçüncü dünya və nüvə savaşı çıxar” bəhanəsiylə Rusiyaya qarşı ehtiyatlı mövqe tutacaqsa, bu, Ukraynanı Rusiya qarşısında yalnız buraxmaq mənasına gələcək”.

Politoloqun fikrincə, NATO Baş katibi Stoltenberqin bu gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər alyansın rus təhdidinə qarşı daha qətiyyətli addımlar atacağına da ciddi ehtimal yaradır:

“Stoltenberqin “Savaş Ukrayna sərhədlərini aşmamalıdır”, “Ukraynanın NATO-ya üzvlüyü gündəlikdə deyil” və “NATO Ukraynaya əsgər göndərməyəcək” bəyanatları o qənaəti yaradır ki, Qərb bloku Rusiyanın Ukrayna ilə kifayətlənməyəcəyi və hətta digər Avropa ölkələrinə də hücum edə biləcəyi qorxusunu yaşayır və yenə də “Biz silah və para göndərək, Ukrayna özü vuruşsun” mövqeyi tutacaq, əsas ağırlığı isə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinə verəcək. Çünki NATO-ya savaşın tezliklə bitməsi yox, uzanması və sanksiyalarla taqətdən salınan Rusiyanın içərisinə sıçraması, Putin əleyhinə çıxışların başlaması gərəkdir.

Hələliksə, bir aylıq savaş ona gətirib çıxarıb ki, ABŞ real rus işğalı təhdidiylə və Ukraynanı qurban etmək hesabına, son vaxtlar nəzarətindən çıxan Avropa İttifaqını artıq yenidən NATO-dan möhkəm yapışmağa, ABŞ-ın təklif etdiyi təhlükəsizlik təminatı şərtləri və iri silah müqavilələri ilə razılaşmağa vadar edə bilib...”

İqtisadçı ekspert Natiq Cəfərli Rusiyanın sanksiyalardan itkilərini sıralayıb.

Axar.az xəbər verir ki, ekspert Kremlin ciddi yanlışlığa yol verdiyini bu cür sistemləşdirib:

“1) Fevral ayının 18-də Rusiyanın qızıl-valyuta ehtiyatı 634 mlrd. dollar idi. Rusiya bu vəsaitin 440 mlrd. dollarını Qərbdə saxlayırmış: artıq 310 mlrd. dollar dondurulub, daha 100 mlrd. dollar isə dondurulmaq üzrədir. Bundan başqa, 124 mlrd. dollar vəsait fiziki qızılda idi, indi məlum olur ki, bu qızılın yarısına yaxını Britaniyadadır. Artıq 520-530 mlrd. dollara yaxın vəsait “donub”;

2) Rusiyanın 1200-ə yaxın sərnişin uçağı vardı, bunun 890-a yaxını “Boinq” və “Eyrbus” imiş, məlum olur ki, bu təyyarələrin tamamı Qərbin mülkiyyətidir. Artıq 79 uçaq xaricdə həbs edilib, qalanlarını isə Rusiya "milliləşdirib", ancaq öz ərazisində uça biləcək - amma ehtiyat hissələri də verilmir, 3-6 aya o uçaqlar metal yığını olacaq;

3) Rusiya markası olan “Kamaz”, “Lada”, sən demə, 40-60% arası xarici ehtiyat hissələrinin köməyi ilə istehsal edilirmiş - indi zavodlar durmaq üzrədir, digər bütün rus zavodları da eyni gündədir, hətta tank istehsalı və təmiri zavodu da ehtiyat hissələrinin 30%-ni xaricdən alırmış;

4) Rusiyanın qüruru kosmos və silah sənayesidir, indi məlum olur ki, bütün avadanlığın mikroçipləri, yarımkeçiriciləri xaricdən gəlirmiş, cəmi 2 aylıq ehtiyat hissələri var, sonra bu sahələr də duracaq (Məlum olub ki, Çinə kömək üçün məhz bu mallara görə müraciət ediblərmiş, “yox” cavabı alıblar);

5) Rusiyanın dərman sənayesi 80%, kənd təsərrüfatı 55% xaricdən, Qərbdən asılıdır...”

Rusiya Müdafiə Nazirliyi 24 fevraldan bugünədək Ukraynanın itkiləri ilə bağlı məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov məlumat verib.

“Xüsusi hərbi əməliyyatın başladığı gündən indiyədək Ukraynanın 255 PUA-sı, 189 zenit-raket kompleksi, 1564 tank və digər zirehli döyüş maşını, 158 reaktiv yaylış atəş sistemi, 627 artilleriya və minaatan, o cümlədən 1367 ədəd xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - Konaşenkov bildirib.

NATO Çinin Rusiyanı Ukrayna ilə müharibədə dəstəkləyəcəyindən ehtiyat edir.

Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Pekinin Ukrayna krizisində rolu Brüsseldə müzakirə ediləcək:

“Çin Rusiyaya siyasi dəstək verir, o cümlədən yalan və dezinformasiyanın yayılmasına dəstək olur. NATO-nun Çini öz öhdəliklərini yerinə yetirməsi üçün çağırış edəcəyini gözləyirəm”.

Baş katib bildirib ki, Çin müstəqil ölkənin öz yolunu seçmək hüququnu şübhə altına alır və NATO Pekinin Rusiya aqressiyasına “maddi dəstək” verməsindən narahatdır.

Bilirəm ki, Rusiyada məni casusluqda ittiham edəcəklər, bu çıxışım üçün pul aldığımı deyəcəklər. Heç kim mənə pul verməyib və casus deyiləm. Ölkəmdən başqa heç kim üçün işləmirəm. İstəyirəm ki, Rusiyada məni eşitsinlər, insanları zombiləşdirməyi dayandırsınlar.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Ukraynaya hücumundan sonra istefa verən "Birinci kanal"ın jurnalisti Janna Aqalakova deyib.

O, həmçinin Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinin doğru olmadığını qeyd edib:

"Bu sanksiyalar ilk növbədə orta təbəqə insanlarını vurur. Bu çıxış yolu deyil. Dəqiq bilirəm ki, sanksiyaların tətbiqi asandır, aradan qaldırılması üçün isə illər lazımdır. 140 milyonluq böyük bir ölkəni yoxsulluğa və məhvə məhkum edirsiniz".

"Birinci kanal"ın keçmiş əməkdaşı onu da bildirib ki, hökuməti dəstəkləməyən həmkarlarını hədələyirlər.

Xatırladaq ki, Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlara etiraz olaraq "Birinci kanal"da canlı yayımda jurnalist Marina Ovsyannikova plakat açmışdı. Ovsyannikova 30 min rubl cərimələnib və işlədiyi kanaldan istefa verib.

Həmçinin NTV televiziyasının 16 illik əməkdaşı Liliya Gildeyeva və 30 illik əməkdaşı Vadim Qlusker də istefa edən həmkarlarına qoşulublar.

Mariya Baranova “Russia Today”dən istefa verən ən tanınmış şəxs olub. RT-nin Londondakı keçmiş müxbiri Şadiya Edvards-Dəşti isə Rusiyanın Ukraynanı işğal etdiyi gün heç bir səbəb göstərmədən istefa verib. O, Moskvada işləyən müxbir Conni Tiklə "son hadisələrin işığında bu addımı atıram" deyərək, işindən ayrılıb. Eyni zamanda, RT-nin fransız yayımlarında aparıcı işləyən Frederik Taddey deyib ki, o, Fransanın Rusiya ilə açıq münaqişəsi olduğu və “ölkəsinə sadiqliyinə görə” artıq şounu təqdim edə bilmədiyi üçün verilişi tərk edəcək.

Moskvanın qaza görə ödənişin gələcəkdə rublla aparılması haqda bəyanatı Almaniyanın qaz sənayeçiləri arasında anlaşılmazlıq yaradıb.

Axar.az xəbər verir ki, bu barədə “Zukunft Gas” assosiasiyasının rəhbəri Timm Keler deyib.

“Rusiyanın qaza görə ödənişi yalnız rublla qəbul edəcəyi barədə bəyanatı böyüş çaşqınlıq yaradır. İndiki halda biz bilmirik bu qərar qaz təchizatına necə təsir göstərəcək”, - o qeyd edib.

T.Keler bildirib ki, Moskvanın bu gözlənilməz tələbi artıq sanksiyaların Rusiyaya təsir etdiyini təsdiqləyir.

Qeyd edək ki, bu gün Rusiya lideri Putin “dost olmayan” ölkələrə qaz satışının rublla aparılacağını bəyan edib. Mərkəzi Bank və hökumət bir həftə ərzində qaz alıcıları tərəfindən rublun alınması üçün əməliyyatların aparılması qaydasını müəyyən edəcək.

Putinin bunu elan etməsindən dərhal sonra Avropada qaz qiymətləri 20 faizdən çox bahalaşıb.

Dünyada koronavirusa yoluxma hallarının kəskin artması təhlükəsi peyvənd kampaniyası başa çatana qədər qalacaq.

Axar.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

"ÜST-ün məqsədi bu ilin ortalarına qədər bütün ölkələrdə insanların 70%-nin peyvənd olunmasıdır. Hazırda dünya əhalisinin üçdə biri peyvənd olunmamış qalır. Yüksək peyvəndləməyə nail olana qədər infeksiyaların artması və peyvəndin təsirindən yayınan yeni variantlarının ortaya çıxması riski ilə üzləşməyə davam edəcəyik".

Qebreyesus bildirib ki, dünyada koronavirusa yoluxma hallarının sayında artım davam edir, bunun səbəbi Asiyadakı geniş yayılma və Avropada yeni dalğadır.