Cənubi Afrikanın Ukraynaya dair təqdim etdiyi humanitar qətnamə layihəsi bir qrup Qərb ölkəsinin hazırladığı layihədən nizamlanma üçün daha çox əlverişlidir.
Axar.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının iclasında Çinin təşkilatdakı nümayəndəsi Çanq Jun deyib.
"Cənubi Afrika qətnamə layihəsi humanitar məsələlərə yönəlib. Biz hesab edirik ki, indiki çətin şəraitdə Cənubi Afrikanın qətnamə layihəsi BMT-yə üzv ölkələrin birliyinin möhkəmləndirilməsinə daha çox kömək edir. Dialoq, danışıqlar və siyasi danışıqlar üçün daha da geniş imkanlar açır. Çin Cənubi Afrikanın qətnamə layihəsinə həmmüəllif oldu", - o bildirib.
Qeyd edək ki, Baş Assambleyada iki humanitar qətnamə layihəsi müzakirə edilir. Onlardan biri Qərb ölkələri, digəri Cənubi Afrikanın hazırladığı layihədir. Birinci layihədə humanitar müddəalarla yanaşı, Rusiyanı Ukraynadakı hücumu dayandırmağa çağrırlar. Eyni zamanda, humanitar böhrana görə Rusiya günahlandırılır. İkinci layihə daha neytraldır, sırf humanitar problemlərin həllinə yönəlib və konkret olaraq Rusiyanın addımları pislənmir.