İndoneziya prezidenti Coko Vidodo bu gün ölkənin ilk metropoliten xəttinin açılışını edib.
Trend-in məlumatına görə, metro xətti paytaxt Cakartanın kənar rayonlarını mərkəzlə birləşdirir.
Sakinlər ilk həftə ərzində metrodan pulsuz istifadə edəcək, daha sonra isə gediş haqqı 70 ABŞ senti təşkil edəcək.
Qeyd edək ki, uzunluğu 16 km olan metro xəttinin tikintisi təxminən 6 il çəkib. Layihənin dəyəri təxminən 1,1 milyard dollardır.
Türkiyənin “Hürriyyət” qəzeti investisiya qarşılığında vətəndaşlıq verən ölkələrlə bağlı arayış hazırlayıb. Musavat.com həmin ölkələr və şərtlər barədə məlumat verir.
ABŞ - 500 min dollar
Hazırda bu ölkədə məcburi investisiya məbləği 500 min dollardır. Mühacir vəkillik məbəği 25-40 min dollar və dövlət xərcləri məbləği 7 min dollar, digər xərclər isə 50 min dollardır.
Başqa bir sözlə desək, təxminən 585 min dollarlıq vəsaitə ehtiyac var. Bunun 500 min dollarlıq hissəsi investisiya və geri qalanı xərclərdir. Tək bir müraciətlə bütün ailə, yəni, ata, ana və 21 yaşından kiçik bütün evlənməmiş uşaqlar green kart sahibi olur.
İki məqama önəm verilir. Job creation, yəni, məşğulluq yaradılması və pulun geri ödəmə riskinin ən aşağı səviyyədə olması. Məşğulluq yaratma ehtimalı çox vacibdir. Çünki green kartın şərtlərinin aradan qaldırılması üçün lazım olan ən vacib detal bir budur. Bir də bu investisiyanə əhatə edən pul qaynağının isbatıdır.
İngiltərə:
İngiltərədə fəaliyyət göstərən İngiltərə şirkətlərinə və ya İngiltərə xəzinə bankına, ən azı 2 milynla 10 milyon sterlinq arasında investisiya qoymaq lazımdır.
New Life Investment rəqəmlərinə görə, investisiya miqdarına görə qoyulan investisiyanın nə qədər müddət saxlanması lazım gəldiyi aşağıdakı kimidir: İnvestisiyaçı bu müddətdən öncə investisiyanı xərcləyərsə, viza haqqı sona çatar.
2 milyon sterlinq miqdarında investisiya ən azı 5 il müddətində
5 milyon sterlinq miqdarındakı investisiya ən azı 3 il müddətdə
10 milyon sterlinq miqdarındakı investisiya ən azı 2 il müddətdədir
Əsas investisiyaçı ən azı 18 yaşında olmalıdır.
Daimi oturum almaq üçün 3 ilə 5 il arasında ölkədə yaşamaq şərtdir.
İngiltərədə qeydiyyatda olan bir bank hesabına sahib olmalıdır.
Malta - 789 min dollar + 410 min dollar
Ada ölkəsində vətəndaşlıq ala bilmək üçün 789 min dollar dəyərində Beynəlxalq İnkişaf Fonduna bəxşiş vermək və ölkədə 410 min dollarlıq mal varlığına sahib olmaq yetərlidir.
Avstraliya - 1 milyon dollar
Ölkədə 1 milyon dollarlıq investisiya qoymaq və təxminən 2 milyon dəyərində mal varlığına shib olmaq şərtilə passport alına bilir.
Kanada - 612 min dollar
Kanada hökuməti 2014-cü ildə pul qarşılığında ölkəyə köç etmə proseduruna son verib. Amma bir investor ‘start-up’ tərzində investisiya qoyanda Kanadadan vətəndaşlıq ala bilir.
Tayland – 16 min dollar
Turizmin mərkəzlərindən olan Asiya ölkəsində ‘elit oturumu’ olaraq da bilinən, ildə 3 minlə 4 min dollarlıq lüks xərcləmə edərək, ya da mal varlığına sahib olaraq 20 ilin sonunda vətəndaşlıq almaq mümkündür.
Bolqarıstan - 594 min dollar
Bolqarıstanda 594 min dollar ödəyərək, bir illik oturum icazəsi almaq mümkündür. Bu şəkildə üç il ard-arda alınan oturum icazəsindən sonar sürətli prosedurla vətəndaşlıq alına bilir.
İspaniya - 585 min dollar
585 min dollarlıq mal varlığı və ölkədə 10 il məskunlaşma qarşılığında vətəndaş ola bilir.
Yunanıstan - 290 min dollar
290 min dollarlıq mal varlığı və ya 409 min və ya 585 min dollar dəyərində ticari mal varlığı lazımdır.
Moldoviya -170 min dolar
Litva -75 min dolar
Antiqua və Barbuda - bu ölkələr də Müqəddəsd Kits və Nevils adalarından şərqdə yerləşir. Burada da vətəndaşlıq almaq üçün gərək 400 min dollarlıq daşınmaz əmlak alasan ya da xeyriyyəyə 200 min dollar verəsən.
Yeni Zelandiyanın Kraystçörç şəhərindəki iki məsciddə törədilmiş terror aktı nəticəsində yaralananlardan 27 nəfəri hələ də şəhər xəstəxanasında müalicə olunur. Onlardan beş nəfəri reanimasiyadadır və vəziyyətləri ağır olaraq qalır.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kənterböri Dairə Səhiyyə İdarəsinin rəhbəri David Mits məlumat verib.
O, son 24 saat ərzində iki nəfərin xəstəxanadan buraxıldığını diqqətə çatdırıb.
Digər tərəfdən, “Twitter”də Baş nazir Casinda Ardernə qarşı təhdid xarakterli yazılarla bağlı polis tərəfindən araşdırmalar aparılır. Belə ki, Baş nazirə silah şəkli və altında “Növbədə sənsən” yazısı olan post göndərilsə də, göndərən akaunt 48 saat sonra bağlanılıb. Həmçinin eyni şəkil və oxşar yazı olduğu başqa bir postda da hədəf kimi Yeni Zelandiyanın Baş naziri və polisi göstərilib.
Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərindəki iki məscidin atəşə tutulması nəticəsində 50 nəfər ölmüş, 42 nəfər də yaralanmışdı. Hadisəni törədən Avstraliya vətəndaşı, 20 yaşlı Brenton Tarrant barəsində həbs qəti imkan tədbirinin müddəti aprelin 5-dək uzadılıb.
"Dünən ABŞ prezidenti Donald Trampın Colan təpələri ilə bağlı uğursuz açıqlaması regionu yeni bir böhranın, yeni bir gərginliyin astanasına gətirib".
“Bloomberg” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin xarici işlər nazirlərinin Yeni Zelandiyadakı terror aktı ilə bağlı keçirilən fövqəladə yığıncağında bildirib.
"Colan təpələri 1967-ci ildə İsrail tərəfindən işğal edilərkən, sadəcə, ərəblər yox, türkmanlar da öz doğma torpaqlarından köçməyə məcbur edilib. Türkiyənin və İslam Əməkdaşlıq Təşkilatının bu cür həssas məsələdə səssiz qalması, de-faktolara boyun əyməsi qeyri-mümkündür. Colan təpələrinin işğalının legitimləşdirilməsinə əsla yol vermərik”, - deyə o qeyd edib.
Türkiyə lideri martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərindəki iki məscidə 51 nəfərin ölməsinə, 47 nəfərin yaralanmasına səbəb olan terror aktını aysberqin görünən tərəfi kimi dəyərləndirib: "Baş verənlər dünyada güclənən mədəni irqçiliyin, mədəniyyətlər arasında ixtilafın əlamətidir. Bu gün qarşımızda açıq-aşkar İslam düşmənçiliyi var. Bu təhdid artıq təhlükəsizlik qurumlarının da məsuliyyətindədir. Eynilə İŞİD, "Əş-Şəbab", PKK kimi neonasist qruplar da terror təşkilatları qismində görülməli və dəyərləndirilməlidir. Holokost üçün necə antisemitizmin qarşısı alınmışdısa, yüksələn İslam düşmənçiliyi ilə də eyni şəkildə mübarizə aparılmalıdır”.
Ərdoğan getdikcə daha geniş vüsət alan mədəni irqçilikdən təkcə müsəlmanların deyil, yəhudilərin, başqa dini və milli azlıqların da əziyyət çəkdiyini, İslam düşmənçiliyi məsələsinin BMT və Avropa İttifaqı kimi platformalara gətirməyin vacib olduğunu vurğulayıb.
Ermənistanda inqilabi yolla hakimiyyət dəyişikliyindən sonra Moskva-İrəvan münasibətləri hələ də əvvəlki axarına qayıtmayıb. Rəsmi İrəvanın Rusiyaya çoxsaylı jest və reveranslarına, hökumətin yeni proqramında xarici siyasət və təhlükəsizliklə bağlı Rusiyanın əsas prioritet elan edilməsinə rəğmən, Kreml Paşinyan iqtidarına şübhəli nəzərlərlə baxmaqda davam edir. Ən azından, Moskva inqilabdan sonra erməni cəmiyyətində anti-Rusiya, anti-Putin ovqatının güclənməsində indiki hökumətin qızışdırıcı rol oynadığına inanır.
Doğrudur, Moskva Ermənistanı itirmək də istəmir. Bu məqsədlə ona 100 milyon dollarlıq yeni silah krediti çərçivəsində bir neçə qırıcı vəd edib. Ancaq Rusiya eyni zamanda, məsələn, təbii qazı İrəvanın arzuladığı qiymətə Ermənistana satmağa da hazırlaşmır (yeni ildən qiymət azca qaldırılıb, müzakirələr davam edir). Çox güman ki, Rusiyanın qiymət məsələsindən dolayı N.Paşinyan iqtidarından konkret gözləntisi var.
Bir şey dəqiqdir ki, şimal qonşumuz təbii qazı çoxdan xarici siyasətdə təzyiq aləti kim istifadə edir. Bir sözlə, Rusiya bölgədə öz işğal ortağı və hərbi qalası Ermənistana münasibətdə “qamçı və kökə” siyasətinə sadiqidir və bu siyasəti cilalamaqdadır. Bunu vaxtaşırı İrəvana Putinin emissarlarının etdiyi səfərlər, Moskvadan İrəvana kritik zənglər də isbatlayır.
Yeri gəlmişkən, Rusiya Xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın srağagünkü telefon danışığının bəzi detalları bəlli olub. Məlumatı “168 Jam” erməni qəzeti yayıb (axar.az). Məlumata görə, telefon danışığının əsas mövzusu Azərbaycan prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan arasında baş tutması gözlənilən görüş olub. “Rusiya tərəfi ehtiyatlanır ki, Ermənistan Moskva ilə məsləhətləşmədən bir sıra güzəştlərə gedə bilər. Rusiya istəmir ki, bu proses onun nəzarətindən kənarda olsun”, - nəşr yazıb.
*****
Qeyd edək ki, indiyədək 3 dəfə qeyri-formal atmosferdə bir araya gəlmiş Azərbaycan və Ermənistan liderlərinin ilk rəsmi görüşünə hazırlıqlar gedir. Lakin görüşün konkret harda - vasitəçi Qərb dövlətlərinin (ABŞ, Fransa) birində, yaxud vasitəçi olmayan Avropa ölkəsində və ya Rusiyada reallaşacağı barədə məlumat yoxdur. Az öncə bu mövzuda danışan erməni nazir Zöhrab Mnatsakanyan bildirmişdi ki, görüş faktı dəqiqləşəndən sonra hər iki tərəf eyni vaxtda açıqlama verəcək.
İstisna deyil ki, belə bir görüşə məhz Rusiya “ev sahibliyi” eləməyə çalışacaq. Ona görə yox ki, Moskva konfliktin həllindən ötrü əldən gedir, o səbəbə ki, Kreml danışıqlar prosesinə nəzarəti həmişəki kimi özündə saxlamaq və öz maraqları naminə sülh prosesi ilə manipulyasiya eləmək istəyir. Azərbaycan prezidenti İlham Əliyev isə ötən həftə VII Qlobal Bakı Forumunda çıxışı zamanı xəbərdarlıq edib ki, danışıq xətrinə danışıq olmamalı, sülh danışıqları nəticəyönümlü olmalı, işğal altındakı torpaqların azad edilməsinə gətirməlidir.
Əfsus ki, bu, artıq yalnız erməni liderinin siyasi iradəsinə bağlı məsələ deyil. Belə görünür ki, Nikol Paşinyan da Qarabağ məsələsində Putinin “ağzına” baxmalı olacaq. Rusiya prezidenti isə problemin həllində maraqlı olsaydı, hakimiyyətdə olduğu 19 ildə bu yöndə hansısa yadda qalan addım atardı...
******
N.Paşinyanın öz sələfləri kimi “sözəbaxan” olduğunu həm də onun bu günlərdə Gürcüstanda başlayan NATO təlimlərinə artıq ikinci dəfə hərbçi göndərməməsindən görmək olar. “Yeni Müsavat” xatırladır ki, martın 29-dək davam edəcək təlimlərdə NATO dövlətləri (Türkiyə və b.) ilə yanaşı, postsovet ölkələrindən Azərbaycan, Gürcüstan, Latviya, Litva, Estoniya da iştirak edir (Baltikyanı ölkələr Alyansın üzvlərdir). Ermənistan təlimlərə dəvət edilsə də qatılmayıb. Təbii ki, səbəb Rusiya qorxusudur. O da təsadüfi deyil ki, N.Paşinyan az öncə Rusiyaya xoş gəlmək üçün Suriyaya hərbi-humanitar missiya göndərmiş, bununla da ABŞ-ın sərt qınağına tuş gəlmişdi...
*****
Rusiyanın Ermənistana qarşı ən güclü təzyiq rıçaqı isə əlbəttə ki, həll olunmamış Dağlıq Qarabağ məsələsidir.
Maraqlıdır ki, bu arada Ermənistanın “Sasna Tsrer” Partiyası Dağlıq Qarabağın Ermənistana “birləşdirilməsi” üçün imza toplanışına başlayıb (virtualaz.org). Bunu martın 18-də keçirilmiş mətbuat konfransında partiya katibliyinin koordinatoru Varujan Avetisyan bildirib. O, belə hesab edir ki, qondarma respublikanın sakinləri Ermənistanda keçirilən seçkilərdə və referendumlarda iştirak etməlidirlər. Partiyanın digər üzvü Jirayr Səfilyan “dqr”in yaşadığı “abxazizasiya” təhlükəsindən və uzun müddətə tanınmamış “dövlət” olmaq riskindən danışıb.
“Bu gün Abxaziya ilə Cənubi Osetiyanın statusu nədir? Həmin təhlükə Dağlıq Qarabağın da başının üstünü alıb” - Səfilyan deyib. “Sasna Tsrer” Partiyasının Dağlıq Qarabağ “şöbəsi”nin koordinasiya şurasının üzvü Mxtiar Avetisyan isə deyib ki, “respublika”nın Azərbaycanın tərkibindən “çıxması”nın məqsədi onun sonradan Ermənistana “birləşdirilməsi” idi.
Zəruri qeyd: Ötən ilin dekabrında Ermənsitanda keçirilən parlament seçkilərində “Sasna Tsrer” seçicilərin səslərinin 2%-dən az hissəsini topladığı üşün parlamentə keçə bilməmişdi. Lakin partiyanın 2016-cı ildə İrəvanda təşkil etdiyi kütləvi etirazlar vaxtı ABŞ səfirliyi gözlənilmədən onu dəstəkləmişdi.
*****
Ancaq imzatoplama təşəbbüsünə Nikol Paşinyan hökumətindən dəstək gələcəyi gözlənilmir. Çünki yeni hökumət nə qədər bəyan eləsə də ki, o, xarici siyasətlə, Qarabağla bağlı müstəqil addımlar atır, reallıqda bunun əksi baş verir. Belə bir aşkar anti-Rusiya təşəbbüsünü yeni hökumət hazırkı həssas dönəmdə dəstəkləməz. Başqa yandan, Ermənistan Azərbaycan və Türkiyə qorxusu qarşısında, Qarabağ məsələsindən dolayı Rusiyaya daha da yaxınlaşmaq zorundadır. Təəssüf ki, Moskva bu reallıqdan konfliktin həllini tezləşdirmək üçün deyil, uzaqlaşdırmaq və qəlizləşdirmək üçün, bölgədə möhkəmlənmək üçün yararlanır...
Türkiyə və İran PKK-ya qarşı növbəti birgə əməliyyat başladıb. Bu barədə yerli mediaya Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib. Cənab Soylu bildirib ki, ilk dəfə olaraq Türkiyə və İran ölkənin şərq sərhədlərində PKK-ya qarşı birgə əməliyyat başladıb.
Ancaq Soylunun bu açıqlamasından bir neçə saat sonra Tehrandan təkzib açıqlaması gəlib. İrandan yayımlanan “Fars” Xəbər Agentliyi ordu rəsmilərinə istinadən açıqlama yayıb. Açıqlamada Türkiyə ordusunun PKK-ya qarşı sərhəddə əməliyyatlar başlatdığı, ancaq İran ordusunun bu əməliyyata dəstək vermədiyi qeyd olunur.
Qeyd edək ki, Yaxın Şərqin 4 ölkəsində - Türkiyə, İran, İraq və Suriyada - formalaşmış, silahlı hərbi-siyasi kürd təşkilatları mövcuddur. Türkiyədə 1980-ci illərdə yaranmış PKK hazırda ölkə daxili ilə yanaşı İraq və Suriyada da düşərgələrə malikdir və Türkiyə hökuməti hazırda həm İraq, həm də Suriya ərazisində PKK-ya qarşı əməliyyatları davam etdirir. Suriyada PKK ilə eyni siyasi-ideoloji görüşü paylaşan PYD və onun silahlı qanadı xeyli aktiv qüvvədir və hazırda Suriyanın 25 faizdən çox ərazisinə nəzarət edir. Bundan başqa, İraqın Türkiyə və İranla həmsərhəd bölgələrində də ciddi sayda PKK silahlıları və düşərgələri mövcuddur.
Türkiyə 2000-ci illərin əvvəllərində PKK ilə siyasi dialoqa gedib və 2013-cü ildə bu qruplaşma ilə hətta atəşkəs əldə olunub. Ancaq 2014-cü ildə İŞİD Suriyanın şimalını və yayda isə İraqın Mosul da daxil olmaqla, qərbini işğal edəndə kürd silahlı qrupların yenidən fəallaşıb və 2015-ci ildə Türkiyə hökuməti ölkənin cənub-şərq rayonlarında PKK-ya qarşı hərbi əməliyyatlara başlayıb.
Beləliklə, 5 il əvvəlkindən fərqli olaraq indi region ölkələrini (ənənəvi kürdlərin kompakt yaşadığı 4 ölkə - Türkiyə, İran, İraq və Suriya - K.R) kürd separatizmi ciddi şəkildə narahat etməyə başlayıb.
Eyni zamanda son iki ildə İrandakı kürd silahlı separatçılarının PEJAK qruplaşması yenidən fəallaşıb. Aydın məsələdir ki, kürdlər hazırda Vaşinqton və Tehran arasında gərginliyin yüksəlməsindən istifadə edərək Tehrana qarşı Vaşinqtondan dəstək almağa çalışırlar. Çünki Vaşinqton açıq şəkildə bəyan edib ki, İslam Respublikasındakı hökumət əleyhdarı qüvvələrə dəstək verəcək.
Bu mənada indi həm Ankara, həm də Tehran üçün sərhədlərdə və eləcə də İraq ərazisində kürd silahlılarına qarşı mübarizə aparmaq lazımdır. Çünki ötən bir neçə ildə Tehran təkbaşına və ya Ankara ilə koordinasiyalı şəkildə kürd separatizminə qarşı əməliyyatlar aparıb. Ötən il isə hətta İraqın şimalındakı PKK (PEJAK) düşərgələrini bombalayıb. Ancaq Tehran həm də İraqın şimalındakı kürd administrasiyası ilə münasibətləri pozmaq istəmir.
Baxmayaraq ki, həm İran, həm də Türkiyə bu regionda ikinci bir kürd muxtariyyətinin yaranmasına qarşıdır. Çünki aydın məsələdir ki, Suriyadakı kürd administrasiyası hüquqi status alsa (bu indi çox real görünür - K.R.) bu proses sürətlə İran və Türkiyəyə də təsir edəcək, separatizmi alovlandıracaq. Lakin qeyd etdiyimiz kimi, İran bütün bunlarla yanaşı İraq kürd administrasiyasını hazırkı həssas məqamda özünə düşmən etmək istəmir.
Yeri gəlmişkən, bir qədər əvvəl də Türkiyə prezidenti deyib ki, kürd silahlılara qarşı birgə Türkiyə-İran əməliyyatlarının keçirilməsi “həmişə gündəlikdə olub”. Ötən il İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Baqirinin Ankaraya səfəri zamanı kürd separatizminə qarşı birgə əməliyyat mövzusu gündəmə gəlmişdi. Çünki Baqirinin əsas gündəm mövzularından biri kürd məsələsi, Türkiyə-İran sərhəd təhlükəsizliyi, Suriyada münaqişə və sair idi. Həmin vaxt “Türkiyə” qəzeti isə yazırdı ki, Türkiyədə olarkən İran generalı İraqın şimalındakı Qəndil və Sincar rayonlarında kürd yaraqlılara qarşı birgə hərbi əməliyyat keçirmək barədə Ankaraya “gözlənilməz” təklif verib.
Türkiyə prezidenti dəfələrlə bəyan edib ki, PKK həm Türkiyəyə, həm də İrana böyük ziyan vurur və Ankara ilə Tehran bu məsələdə tez bir zamanda ortaq məxrəcə gələ bilər. Bu mənada indi Ankara və Tehranın İraqın şimalında kürd separatçılarına qarşı birgə əməliyyat keçirməsə də, həm İraqda, həm də Suriyada kürd məsələsində koordinasiyalı hərəkət etməyə ehtiyacları var. Çünki hər iki ölkə gələcəkdə eyni təhlükənin onların “qapısını döyəcəyini” bilir. Bu səbəbdən də indi kürdlər, necə deyərlər, Ankara və Tehranı bir-birinə yaxınlaşdırır.