Türkiyə və İran PKK-ya qarşı növbəti birgə əməliyyat başladıb. Bu barədə yerli mediaya Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib. Cənab Soylu bildirib ki, ilk dəfə olaraq Türkiyə və İran ölkənin şərq sərhədlərində PKK-ya qarşı birgə əməliyyat başladıb.
Ancaq Soylunun bu açıqlamasından bir neçə saat sonra Tehrandan təkzib açıqlaması gəlib. İrandan yayımlanan “Fars” Xəbər Agentliyi ordu rəsmilərinə istinadən açıqlama yayıb. Açıqlamada Türkiyə ordusunun PKK-ya qarşı sərhəddə əməliyyatlar başlatdığı, ancaq İran ordusunun bu əməliyyata dəstək vermədiyi qeyd olunur.
Qeyd edək ki, Yaxın Şərqin 4 ölkəsində - Türkiyə, İran, İraq və Suriyada - formalaşmış, silahlı hərbi-siyasi kürd təşkilatları mövcuddur. Türkiyədə 1980-ci illərdə yaranmış PKK hazırda ölkə daxili ilə yanaşı İraq və Suriyada da düşərgələrə malikdir və Türkiyə hökuməti hazırda həm İraq, həm də Suriya ərazisində PKK-ya qarşı əməliyyatları davam etdirir. Suriyada PKK ilə eyni siyasi-ideoloji görüşü paylaşan PYD və onun silahlı qanadı xeyli aktiv qüvvədir və hazırda Suriyanın 25 faizdən çox ərazisinə nəzarət edir. Bundan başqa, İraqın Türkiyə və İranla həmsərhəd bölgələrində də ciddi sayda PKK silahlıları və düşərgələri mövcuddur.
Türkiyə 2000-ci illərin əvvəllərində PKK ilə siyasi dialoqa gedib və 2013-cü ildə bu qruplaşma ilə hətta atəşkəs əldə olunub. Ancaq 2014-cü ildə İŞİD Suriyanın şimalını və yayda isə İraqın Mosul da daxil olmaqla, qərbini işğal edəndə kürd silahlı qrupların yenidən fəallaşıb və 2015-ci ildə Türkiyə hökuməti ölkənin cənub-şərq rayonlarında PKK-ya qarşı hərbi əməliyyatlara başlayıb.
Beləliklə, 5 il əvvəlkindən fərqli olaraq indi region ölkələrini (ənənəvi kürdlərin kompakt yaşadığı 4 ölkə - Türkiyə, İran, İraq və Suriya - K.R) kürd separatizmi ciddi şəkildə narahat etməyə başlayıb.
Eyni zamanda son iki ildə İrandakı kürd silahlı separatçılarının PEJAK qruplaşması yenidən fəallaşıb. Aydın məsələdir ki, kürdlər hazırda Vaşinqton və Tehran arasında gərginliyin yüksəlməsindən istifadə edərək Tehrana qarşı Vaşinqtondan dəstək almağa çalışırlar. Çünki Vaşinqton açıq şəkildə bəyan edib ki, İslam Respublikasındakı hökumət əleyhdarı qüvvələrə dəstək verəcək.
Bu mənada indi həm Ankara, həm də Tehran üçün sərhədlərdə və eləcə də İraq ərazisində kürd silahlılarına qarşı mübarizə aparmaq lazımdır. Çünki ötən bir neçə ildə Tehran təkbaşına və ya Ankara ilə koordinasiyalı şəkildə kürd separatizminə qarşı əməliyyatlar aparıb. Ötən il isə hətta İraqın şimalındakı PKK (PEJAK) düşərgələrini bombalayıb. Ancaq Tehran həm də İraqın şimalındakı kürd administrasiyası ilə münasibətləri pozmaq istəmir.
Baxmayaraq ki, həm İran, həm də Türkiyə bu regionda ikinci bir kürd muxtariyyətinin yaranmasına qarşıdır. Çünki aydın məsələdir ki, Suriyadakı kürd administrasiyası hüquqi status alsa (bu indi çox real görünür - K.R.) bu proses sürətlə İran və Türkiyəyə də təsir edəcək, separatizmi alovlandıracaq. Lakin qeyd etdiyimiz kimi, İran bütün bunlarla yanaşı İraq kürd administrasiyasını hazırkı həssas məqamda özünə düşmən etmək istəmir.
Yeri gəlmişkən, bir qədər əvvəl də Türkiyə prezidenti deyib ki, kürd silahlılara qarşı birgə Türkiyə-İran əməliyyatlarının keçirilməsi “həmişə gündəlikdə olub”. Ötən il İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Baqirinin Ankaraya səfəri zamanı kürd separatizminə qarşı birgə əməliyyat mövzusu gündəmə gəlmişdi. Çünki Baqirinin əsas gündəm mövzularından biri kürd məsələsi, Türkiyə-İran sərhəd təhlükəsizliyi, Suriyada münaqişə və sair idi. Həmin vaxt “Türkiyə” qəzeti isə yazırdı ki, Türkiyədə olarkən İran generalı İraqın şimalındakı Qəndil və Sincar rayonlarında kürd yaraqlılara qarşı birgə hərbi əməliyyat keçirmək barədə Ankaraya “gözlənilməz” təklif verib.
Türkiyə prezidenti dəfələrlə bəyan edib ki, PKK həm Türkiyəyə, həm də İrana böyük ziyan vurur və Ankara ilə Tehran bu məsələdə tez bir zamanda ortaq məxrəcə gələ bilər. Bu mənada indi Ankara və Tehranın İraqın şimalında kürd separatçılarına qarşı birgə əməliyyat keçirməsə də, həm İraqda, həm də Suriyada kürd məsələsində koordinasiyalı hərəkət etməyə ehtiyacları var. Çünki hər iki ölkə gələcəkdə eyni təhlükənin onların “qapısını döyəcəyini” bilir. Bu səbəbdən də indi kürdlər, necə deyərlər, Ankara və Tehranı bir-birinə yaxınlaşdırır.