Son xəbərlər

DYP-nin sehirli 403-cü otağı... - "Padşah" taxtından salınacaq...













Keçən günlərdə məlumat yayıldı ki, yeni Daxili İşlər Naziri Vilayət Eyvazov ciddi dəyişikliklərə tədarük görür ki, bu əsnada da DYP sisteminə xüsusi əl gəzdiriləcəyi vurğulanır. DİA.AZ-a daxil olan məlumatlardan yadın olur ki, qeyd olunan islahatlar zamanı ilk "vurulanlardan" biri də Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Vahid Nuriyev olacaq.

Bildirək ki, bütün sürücülərin qorxulu yuxusu, ölkə qanunlarının demək olar ki, keçərsiz olduğu Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidməti (MMX) və onun rəhbəri Vahid Nuriyev hamını radara salmağı bacarsa da, nədənsə özü qanunun "radarına” düşmürdü ki, düşmürdü... İndi isə danışan mənbələr Vahid Nuriyevin görəvindən alınması ilə yanaşı, onun cəzalandırılacağını da iddia edirlər. Burada söhbət yeyinti faktından gedir.

Məlumatlı mənbə dia.az-a bildirir ki, Vahid Nuriyev büdcə ödənişlərində və cərimələrin toplanmasında konkret maxinasiyalara yol verib ki, xidmət rəisinin bu əməllərinə mütləq şəkildə hüquqi qiymət verilməlidir.

Mənbənin dia.az-a söylədikləri: "Baş Dövlət Yol Polis İdarəsinin 403-cü otağı sirli bir məkana çevrilib. Burada oturan Vahid Nuriyevə istənilən təbəqənin, hətta iri məmurların belə işi düşdüyündən Vahid Nuriyev özünü əməlli-başlı padşah kimi hiss etməkdədir. İndi isə padşahın taxtından salınmasının vaxtı yetişib..."

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...

Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edən zəvvarların sayı 1250 nəfərə çatıb.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Qeyd edilib ki, hazırda sənəd qəbulu davam edir.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ziyarətin ötənilkindən baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin artması ilə əlaqədardır.

Avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

Hüquqşünas: “Məhkəmə aliment kəsəndə kişi ilə qadının bir yerdə yaşayıb-yaşamadığını araşdırmır”

Övlad sahibi olan hər kəs valideyn olmağın məsuliyyətini hiss edirmi? Təssüflər olsun ki, bu suala birmənalı cavab verə bilmirik. Çünki günümüzdə qarşılaşdığımız əksər ata-analar uşaq sahibi olsalar da, valideyn kimi övladlarının qayğısına qalmaqdan imtina edirlər. Dünyaya gətirdikləri uşaqlara qarşı məsuliyyətsiz davranır, nə maddi, nə də mənəvi dəstək olurlar.

Bu hal da əksər vaxtlarda boşanmalara, ailələrin dağılmasına səbəb olur. Bir tərəf (əsasən ana) düşünür ki, boşandıqdan sonra qarşı tərəf (əsasən ata) məcburi şəkildə uşağına maddi dəstək göstərə, yəni aliment ödəyə bilər.

Ancaq əksər valideynlər xəbərsizdirlər ki, belə hallarda boşanmaq mütləq deyil. Yəni qanun imkan verir ki, valideynə boşanmadan belə, aliment kəsilə bilər. Maraqlıdır, bəs bunun üçün nə etmək lazımdır?

Hüquqşunas Elyar Həsənov AYNA-nın bu məsələ ilə bağlı suallarına aydınlıq gətirib. Onun sözlərinə görə, alimentin evliliyə və ya boşanmağa aidiyyəti yoxdur.

“Aliment bosanmaya görə ödənən vəsait deyil, uşağa görə ödənən vəsaitdir. Alimentin bir çox növləri var. Bizim cəmiyyətdə ən çox tanınan və tələb olunan aliment növü isə uşağa görə tutulan alimentdir” – hüquqşünas bildirib.

E.Həsənov boşanma olmadan necə aliment kəsilməsinə də aydınlıq gətirib: “İstənilən halda uşağa baxan valideyn, əgər yanında uşaq qalırsa, digər valideyndən aliment tutulması ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Bunun üçün boşanmaq mütləq deyil. Praktikada o qədər olub ki, qadın boşanmadan ərinin uşağa baxmaması ilə bağlı iddia qaldırıb. Məhkəmə də onlar boşamadan kişiyə aliment kəsib”.

“Sadəcə cütlük bir yerdə yaşıyanda aliment kəsilməsi bir qədər çətin ola bilər. Amma məhkəmə aliment kəsəndə onların bir yerdə yaşamasını araşdırmır və 90 faiz bu cür hallarda aliment kəsilir” – deyə ekspert qeyd edib.

Həmsöhbətimiz onu da vurğulayıb ki, alimentin valideynin cinsinə adiyyəti yoxdur: “Əgər uşaqlara ata baxırsa, ata da boşanmadan məhkəmədə iddia qaldırıb qadından aliment tələb edə bilər. Ata iddia qaldıra bilər ki, uşaqların qayğısına o qalır, qadın isə maddi yardım görtərmir. Bu zaman da məhkəmə qərar çıxararaq qadına aliment kəsəcək”.

“Sadəcə bizdə mentalitet məsələlərinə görə ancaq boşananda qadın aliment tələb edir. Praktikada da, əsasən uşaqlar ananın yanında olur. Lap ata uşaqlara baxsa belə, qadından aliment tələb etmir” – deyə o bildirib.

Bu gündən müəllimlərin işə qəbulu üzrə imtahanlar başlayır.

“Report” xəbər verir ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi iyulun 24-dək davam edəcək.

Alman dili və tarix üzrə 8 iyul, fizika, fransız dili və musiqi üzrə 9 iyul, informatika və rus dili üzrə 10 iyul, ingilis dili üzrə 11-12 iyul, biologiya üzrə 12-13 iyul, coğrafiya üzrə 13 iyul, ibtidai sinif üzrə 15-18 iyul, təsviri incəsənət üzrə 18 iyul, fiziki tərbiyə üzrə 18-19 iyul, riyaziyyat üzrə 19-22 iyul, texnologiya üzrə 22 iyul, kimya üzrə 22-23 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 23-24 iyul, Azərbaycan dili, rus dili və ədəbiyyat üzrə 23 iyul tarixlərində test imtahanları keçiriləcək.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

“560 milyon kreditim vardı, indi isə…” – Hacı İbrahimdən açıqlamalar














“560 milyon kreditim vardı, iki əmlakımı verdim, o borc silindi”

Azərbaycan Beynəlxalq Bankına (ABB) külli miqdarda borcu olduğuna görə “Avesta Konserni” MMC-nin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “Xəzər Adaları”nın əlindən alınması ilə bağlı informasiyalar yayılıb. İş adamının banklara borcunun məbləği ilə bağlı müxtəlif rəqəmlər yazılır. Bəzi saytlar bu borcun 850 milyon manat olduğunu qeyd edir, bəziləri hətta 1 milyarda çatdığı haqda məlumatlar yazırlar. Bəs gerçək nədən ibarətdi? İ.Nehrəmlinin hazırda banklara borcu varmı? Bu suallara cavab almaq üçün onun özü ilə əlaqə saxladıq. İş adamı “Yeni Müsavat”a açıqlamasında barəsində yazılanların doğru olmadığını dedi.

– İbrahim bəy, “Xəzər Adaları”nın banka borcunuz olduğu üçün sizdən alınması ilə bağlı məlumatlar yayılıb. Bu, doğrudurmu?

– Dekabr ayında biz özümüz təşəbbüs göstərib, “Xəzər Adaları”nı məhkəmə yolu ilə “Aqrarkredit” təşkilatına verdik. Oradan da Azərbaycan Sənaye Korporasiyasının (ASK) tabeliyinə verildi. Bununla da mənim borcum silindi.

– 800 milyon manat borcunuzun olması ilə bağlı məlumat doğrudurmu? 

– Xeyr, bu məlumat doğru deyil. Mənim borcumun əsas məbləği 430 milyon manat idi, faizlərlə bir yerdə isə 570 milyon manat olmuşdu. Hərə bir söz yazır, kimi deyir, faiz hesablanmayıb, kimi deyir, hesablanıb.

– “Xəzər Adaları”nı verməklə borcunuz bağlandı?

– Xeyr, dövlətə iki əmlak vermişik, biri “Xəzər Adaları”dır, digəri isə ticarət mərkəzi idi. Bununla da borcumu bağladılar və məsələ bitdi. İndi mənim dövlətə heç 1 manat da borcum yoxdur. Digər əmlaklarım özümə qaytarılıb. Banka 20 girov qoymuşdum, hamısı özümə qaytarılıb. Dövlət reyestrində də bu görünür.

– Sizin heç bir borcunuzun qalmaması ilə bağlı Azərbaycan Beynəlxalq Bankı və digər qurumlar arayış veriblərmi?

– Mən bütün qurumlara müraciət edib sənədləri almışam, heç bir yerdə mənim borcumun olduğunu göstərməyiblər. Bütün borclarım silinib və tər-təmizdir. Bu gün digər banklar da daxil olmaqla, nə 1 dollar kreditim, nə də borcum var.

– Bəs ölkədən çıxmağınızla bağlı qoyulan qadağa götürüldümü?

– Mən ötən ilin dekabr ayından bəri 4 dəfə xaricə gedib gəlmişəm. Allah cənab prezidentdən və 1-vi vitse-prezident Mehriban xanımdan razı olsun, onların göstərişi ilə bu məsələ həll olundu və mən rahat şəkildə xaricə gedib-gələ bilirəm. Sağ olsunlar ki, bu məsələni həll etdilər.

– Hazırda biznesinizin durumu necədir, fəaliyyətiniz davam edirmi?

– Bəli, fəaliyyətimə davam edirəm, hər bir işim qaydasındadır. Yeni layihələrim var. Əsasən kənd təsərrüfatı və tikinti ilə məşğulam.

– Gələcəkdə “Xəzər Adaları”nın tikintisi davam etdirilsə, siz də tövsiyələrinizlə dəstək olarsınızmı?

– Mən dövlətimizin yolunda hər şeyə hazıram, nə lazım olsa, yanlarında olacağam ki, tikilsin. Öz köməyimi təklif etmişəm və çox bəyəniblər. O proyekt mənim başımdadır. Əgər onun icrasında əziyyət çəkərlərsə, mən bir məsləhətçi kimi onların yanında olmalıyam. Mən inanıram ki, bu proyekt davam edəcək.

İyunun 28-dən 30-dək Diasporla İş üzrə Dövlət Komitəsinin, Beynəlxalq Diaspor Mərkəzinin (BDM) və Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) təmsilçilərindən ibarət nümayəndə heyətinin Türkiyənin Van şəhərinə səfəri, xüsusilə Akdamar adasındakı Akdamar kilsəsini ziyarət etməsi və həyata keçirilmiş məlumatlandırma kampaniyası Türkiyə ermənilərinin, eyni zamanda, erməni diasporunun ciddi narahatlığına səbəb olub.

Ardını oxu...

Millət vəkili Aydın Mirzəzadə də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-İcra katibi Əli Əhmədov Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasına qoşulub.

Axar.az xəbər verir ki, bu barədə millət vəkilinin özü Feysbuk hesabında qeyd edib.

“Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Əli Əhmədovun təşəbbüsünə qoşularaq bu gün aylıq maaşımın bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna keçirdim”, - A.Mirzəzadə bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-İcra katibi Əli Əhmədov aylıq əməkhaqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna yatıracağını bildirərək, digər siyasi xadimlərin də dəstək aksiyasına qoşulması üçün çağırış etmişdi.