Son xəbərlər

Bu adda limonadları almayın!

Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ağdaş rayonunda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkar edib. 

“Qafqazinfo” xəbər verir ki, AQTA sözügedən sexdə istehsal olunmuş limonadların adını da yayıb. Bunlar “Bünaytur”, “Tala”, “Lavizna” əmtəə nişanlı  qazlaşdırılmış alkoqolsuz içkilərdir (limonad).

Xatırladaq ki, Xosrov kənd sakini fiziki şəxs Orucov Yusif Haqverdi oğluna məxsus alkoqolsuz içkilər istehsalı müəssisəsi ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir.

 

 
Azərbaycanda onkoloji xəstələri müəyyən edən metod hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının AMEA-nın Biofizika İnstitutu və Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birgə işlənilib hazırlanan süni intellekt vasitəsilə onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlayıb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov deyib ki, onkoloji və neyrodegenerativ xəstəliklər müasir biotibbin ən prioritet istiqamətlərindəndir. İqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələrdə ölüm səbəblərinin strukturunda bədxassəli şişlərin 18-23 faizlə ikinci yeri tutduğunu deyən Qasımov dünya əhalisinin təxminən 10 faizinin yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən əziyyət çəkdiyini əlavə edib:

“Bu xəstəliklərin hər birində genetik, stress və başqa amillər mühüm rol oynayır. Bu çox amilli xəstəliklərin yaratdığı tibbi-sosial problemləri həll etmək üçün yeni innovativ, multidissiplinar yanaşmaların tətbiqinə böyük ehtiyac var”.

Məruzəçi xəstəliklərin başlanğıc mərhələsini aşkar edə bilən yeni skrininq metodların tətbiqinin vacib olduğunu xüsusi qeyd edib. Vurğulayıb ki, bu yanaşma həm xəstələrin yaşama müddətinin və sağalma ehtimalının artması, həm də iqtisadi səmərəlilik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.

O.Qasımov Biofizika İnstitutu və Milli Onkologiya Mərkəzi ilə birgə işlənilib hazırlanan süni intellekt vasitəsilə ağciyər xərçənginin proqnozu üzrə aparılan işlərin uğurlu nəticələr verdiyini söyləyib: "Maşın öyrənməsi" fazasında sağlam və xəstə insanların qan plazmaları Furye Çevirici İnfraqırmızı spektrləri multivariat statistika vasitəsi ilə təsnif olunub, onun icrası yoxlanılıb, lazım gəldikdə optimallaşdırılıb. Maşın bu biliklərdən istifadə etməklə naməlum nümunələri multivariat statistika vasitəsi ilə təsnif edib proqnoz verir. İşlənib hazırlanan sistem sağlam insanları 80 faizə, ağciyər xərçəngi olan xəstələri isə 90 faizə qədər dəqiqliklə təyin edə bilir. Bu tədqiqatları davam etdirmək və maşın biliyinin həcmini artırmaqla təsnifatı daha da təkmilləşdirmək zəruridir".

O.Qasımov bildirib ki, bu gün tibbdə müasir çağırışlara cavab olaraq, fərdi təbabət istiqamətini inkişaf etdirmək üçün AMEA-nın Biofizika İnstitutunda hüceyrə texnologiyaları bazasının yaradılmasına ehtiyac var.

Deputat: “Hesab edirəm ki, yaşayış minimumu rəqəmi mütləq artacaq”.

Bunu “Yeni Müsavat” qəzetinə müsahibəsində millət vəkili Hadi Rəcəbli deyib.

Deputat qabaqcadan bunun proqnoz verib: “Bizim istədiyimiz yaşayış minimumunun reallıqlara daha məqbul, yaxın olmasıdır. Statistika Komitəsi ilə İqtisadi İnkişaf Nazirliyi birgə bazardakı qiymətlərlə, reallıqlarla, rəqəmləri ölçüb-biçməklə yaşayış minimumu göstəricisini müəyyənləşdirirlər. Mən bunu xüsusi vurğulamaq istərdim ki, beynəlxalq standartlara uyğun olaraq məhz yaşayış minimumu bizə təqdim olunur. Bizim də onlarla mübahisə etməyə sözümüz qalmır, çünki onlar dünya standartlarını, digər məsələləri əsas götürürlər. Bizə də daim deyirlər ki, bu hesablamalar axı minimumdur”.

Yaşayış minimumu neçə manata qaldırılacağı ilə bağlı da danışan H. Rəcəbli qeyd edib ki, bu rəqəm ən aşağısı 200 manat ola bilər: “Mümkündür bundan da çox olsun. Nə üçün? Bu gün real bazar qiymətlərinin hesablanması və istehlak səbətinin standartları var. Yəni neçə kalori nə yeyilməlidir, nə geyilməlidir, digər məsrəflər və s. Biz deyirik ki, gəlin bu standartdan da bir az kənara çıxaq, istehlak tələbatını bir az yüksək götürək, nə olar?”

Millət vəkili yenidən minimum əmək haqqı arta biləcəyini deyib: “Ehtimal var ki, artsın. Onu biz indi deyə bilmərik, gələn ilin fevralında deyiləcək. Lakin mən təminat verirəm onun da artım ehtimalı var. Yaşayış minimumu və minimum əmək haqqının artması ehtimalı var. Bugünkü büdcənin müzakirələri bir daha onu göstərir. Digər tərəfdən, büdcəyə daxil olan əlavə, real məbləğlər, gömrükdən, vergidən daxil olan vəsaitlər, Sosial Sığorta Fondunun özünün yığım imkanlarının artması… Görürsünüz, onlar son 5 ayda əlavə 350 milyon vəsait toplamışdılar. Buna görə də biz onlar üçün dövlət büdcəsindən ayrılan dotasiyasını azaltdıq. Düşünürəm ki, ilin sonunadək də bu artım yüksələcək, gələn il üçün də bu ehtimallar var. Əgər biz Sığorta Fondunu dotasiyadan azad etsək – biz ora 1,5 milyard əlavə pul veririk – hətta biz onları yarıbayarı bu vəsaitdən azad etsək, o vəsait yenə də adamlarımıza qayıdacaq”.

Xəzər dənizi sanki “boğulur”. Çünki Abşeron yarmadası ərazisində sahil boyu uzanan hasarlarla əhatələnib.

Minval.info xəbər verir ki, məsələ barədə İctimai Televiziya maraqlı sujet hazırlayıb.

Kanalın hazırladığı sujetdə bildirilib ki, dəfələrlə məsələ barədə tənqidi fikirlər səslənsə də, bu qanunsuz əməllər hələ də davam edir.

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentinin əməkdaşı Bayram Həsənov bildirib ki, hasarların sökülməsilə bağlı sahibkarlara məlumatlar verilib.

“Yəqin ki, yaxın gələcəkdə kompleks işlər görüləcək. Bakı şəhər İcra Hakimiyyəti ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin və digər inzibati orqanlarının əməkdaşları da bu işdə iştirak edəcəklər. Bəzi yerlərin özəlləşdirildiyi üçün bu məhkəmə işidir”, – deyə Bayram Həsənov bildirib.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edib.

Minval.info xəbər verir ki, idarədən APA-ya verilən məlumata görə, bir çox hallarda avtomobil sahibləri təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən nəqliyyat vasitəsinin açarlarını da məntəqə işçilərinə verərək oranı tərk edirlər.

Belə hallar isə bəzən həmin məntəqələrdə çalışan və adətən gənc, hərəkətlərinin məsuliyyətinin fərqinə varmayan bir sıra insanlara sahibi yanında olmayan nəqliyyat vasitələrindən qanunsuz istifadə etmək fürsəti yaradır:”Müştərilərin etibarından sui-istifadə etməklə yanaşı, qanunvericiliyin də tələblərini kobud şəkildə pozaraq onlara həvalə edilmiş avtomobili qaçıraraq idarə edən belə gənclər tərəfindən bir sıra hallarda insanların həlak olması, yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri törədilir.

Bununla yanaşı, bəzən xidmət göstərməli olduqları nəqliyyat vasitələrindən oğurluq edən, onlardan öz əmlakı kimi istifadə edən şəxslərə də rast gəlinir.

Odur ki, avtomobil sahiblərinə müraciət edərək tövsiyə edirik ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin”.

Bu ilin yanvar-may aylarında əhalinin sayı 31676 nəfər və ya 0,3 faiz artaraq, 2019-cu il iyunun 1-i vəziyyətinə 10 013 133 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Bu ilin beş ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 254 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək, eyni səviyyədə (13,7) qalıb. Körpələrdən 1238-i əkiz, 36-sı isə üçəm doğulanlardır.

Yanvar-may aylarında ölkədə 24 690 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,0-a düşüb.

Tətil haqqında planlar qurmağa başlayanda gedəcəyimiz yerlə birgə nəqliyyat vasitəsini də seçirik. 

Bizim üçün tətil ölkəsi Türkiyə idi, hər şeyi təyin etdik, planımızı qurduq. Təyyarə ilə getmək büdcəmizə uyğun gəlmədi. Məlumdur ki, ölkəmizdə təyyarə biletləri anormal şəkildə bahadır. Buna görə də, nəqliyyat vasitəsi kimi avtobusu seçdik.

Dost məsləhəti ilə “Öz Hasanoğlu” şirkətindən istifadə etmək qərarına gəldik. Səfər günü gəlib çatdı. Şirkətin nümayəndəsi avtobusun yanında bizimlə görüşdü, ödənişi aldı, amma biletləri təqdim etmədi. “Biletləri bir azdan yazıb gətirəcəyəm” dedi, amma sona qədər biletlər ortalıqda görünmədi.

Sadəcə bizə yox, avtobusda olan heç bir sərnişinə bilet verilməmişdi. Düşünün ki, Azərbaycandan Türkiyəyə şirkət avtobusu ilə yol gedirsən, amma biletin yoxdur. Yolda hər hansı bir hadisə baş verərsə avtobusda kimlərin olduğu, hansı oturacaqda əyləşdiyi bəlli olmayacaq. Yolda da bilet olmadığı üçün yetərincə yer davası oldu. Azərbaycan vətəndaşının yerindən qaldırılması, yerində Türkiyə vətəndaşının əyləşdirilməsi, etiraz edəni avtobusdan düşürməklə hədələmək və s.

“Öz Hasanoğlu”nun “oyunları” bununla da bitmədi. Avtobusu idarə edən və Türkiyə vətəndaşı olan  Adəm adlı şəxs yolboyu sərnişinlərlə dalaşır, qışqırır, ən kobud şəkildə rəftarı ilə seçilirdi. Hətta bir azərbaycanlı qadının yerini zorla dəyişməyə çalışması tərəflər arasında mübahisəyə səbəb oldu. Qadının üzərinə dayanmadan qışqırması eyni tərzdə iradımdan sonra dayandı.

Daha öncə bəlkə də çobanlıq etmiş sürücü avtobusda insan daşıdığını, bağırmaqla işinin keçməyəcəyini bilmirdi. Səfərimiz 45-48 saat çəkdi. Bu müddət ərzində təbii ki, sərnişinlərdən kiminsə halı pisləşə bilər, təbii ehtiyacı üçün 5 dəqiqə avtobusu saxlamağı istəyə bilər. Amma sürücü hər dəfə bağırmağa davam edirdi. Baxmayaraq ki, yolda yük götürmək üçün istədiyi yerdə saxlayırdı. Narazılıq edən sərnişinə də, “Düş mənim avtobusumdan. Xoşun gəlmir, getmə” deyən Adəm adlı şəxs, həqiqətən də düz deyirmiş. Öyrəndim ki, avtobus onun özünə məxsusdur, sərnişinlərə xidmət edən cavan oğlan da oğludur.

Ata və oğul elə buna görə özlərini məkanın ağası hiss edirmiş. Əsəbi, özünü idarə edə bilməyən ata və tərbiyədən uzaq oğul… Belə ki, kimsə avtobusda ayaqqabısını ayağından çıxardığı üçün pis qoxu yayılmışdı. Bu zaman atasından geri qalmadığını sübut etməyə çalışan oğul normal irad bildirmək yerinə, “Avtobusa kim öz nəcisini etdi?” deyərək bağırmağa başladı. Əslində cümlə daha iyrənc idi. Mənə olduğu kimi yazmağa tərbiyəm və KİV haqqında qanun imkan vermir. Təbii ki, yenə də günahkar “Öz Hasanoğlu” şirkətidir. Bir avtobus sərnişini belə normal olmayan şəxslərə etibar etmək onların ciddi xətasıdır.

 

Müştəri cəlb etmək üçün, “Avtobuslarımızda yolboyu izləmək üçün hər oturacağa monitor quraşdırılıb” deyən şirkət deyəsən bu xidmətlərinin də normal olmadığını bilmir. Çünki monitorların böyük hissəsi işləmirdi. Bundan əlavə, bu sistemdən istifadə etmək üçün qulaqcıq lazımdır. Bunu da şirkət verməlidir, amma verilmir. Səbəb kimi də qadağan olunduğunu deyirlər. Təklif edilən wi-fi sistemi də şirkət kimi idi. Var idi, amma normal çalışmırdı. Bir təhər gedib Bursaya çatdıq. Geri dönən zaman da başqa şirkətdən bilet tapmadığımız üçün məcbur “Öz Hasanoğlu”dan istifadə etməli olduq. Bu dəfə də ayrı problemlərlə qarşılaşdıq. Bu dəfə sürücülərlə heç bir problem yaşamadıq. Ümumiyyətlə sürücü sərnişinlə dialoqa girmirdi, sakit, işini görürdü. Doğrusu da budur.

Bu dəfə problem fərqli idi. Belə ki, Bakıdan gedərkən 2 yaşlı qızım üçün şirkət bilet qiymətinin yarısını istədi. Eyni şirkətlə Bakıya dönən zaman isə tam bilet üçün ödəniş istənildi. Görünür şirkətdə dərəbəylikdir. Kim hansı qiyməti istəsə təyin edir. Birtəhər danışıb, 30 dollar ödəyib, qızım üçün bileti aldım. Bundan sonra bizi daha bir sürpriz gözləyirmiş.

Belə ki, Bursadan Bakıya getmək üçün bilet alsaq da, verilən biletdə bizim Batumiyə getdiyimiz yazılmışdı. Biletin qiyməti də 200 TL olaraq qeyd edilmişdi. Hansı ki, biz bu səfər üçün 260 TL vermişdik. Şirkət deyəsən vergidən yayınmaq üçün bu yollara əl atır. Gah bilet satmır, gah da biletdə saxtakarlıq edir.

Bu səfər haqqında yazmağa qərar verməyimin səbəbi var. “Öz Hasanoğlu”nun “yüksək” xidmətlərindən istifadə etmədən öncə bir neçə dəfə düşünün. Uzun yol gedəcəksiniz, daha peşəkar şirkətlərin xidmətlərindən istifadə edin ki, oxşar və ya daha betər problemlərlə üzləşməyəsiniz.

Məhəmməd Türkmən

Minval.info 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.

Minval.info “Report”a istinadən xəbər verir ki, o, öz ərizəsi əsasında işdən çıxarılıb.

E.Cəfərov yeni işə keçməsi ilə əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən ayrılıb.

ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

Azadlıq meydanındakı dayanacaqlarda terminal

Bakı Nəqiyyat Agentliyinin təhvil aldığı, Azadlıq meydanının altında yerləşən yeraltı dayanacaqda ödəniş terminallarının işləmədiyi iddia olunur.

“Qafqazinfo”ya müraciət edən paytaxt sakini Anar Cəfərov bildirib ki, hər həftə maşını sözügedən ərazidə park edir: “Orada 5 ödəniş terminalı var, təxminən 6 aydır ki, onların 4-ü işləmir. Dayanacağın içərisində yazılıb ki, ödənişi çıxışda edin. Çıxışa da gəlirsən, deyirlər burdakı aparat işləmir, geri qayıt, içəridə filan küncdə ödə, sonra gəl. Buna görə də sürücülər vaxt itirir, sıxlıq yaranır. Nəzarətçilər də etik davranmırlar, kobud danışırlar. Srağagün mənim yanımda xaricdən gələn bir tanışım var idi. Onun yanında bu situasiyada lap utandım. Bakı Nəqliyyat Agentliyinin feysbuk səhifəsinə də bu barədə yazdım, nömrələrinə zəng etdim, heç birinə cavab vermədilər”.

BNA-nın mətbuat katibi Mais Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələ araşdırılacaq: “Hazırda Hökumət evinin qarşısındakı yeraltı avtomobil dayanacağında mövcud ödəmə terminallarının fəaliyyətində hər hansı bir ciddi narahatlıq yoxdur. Dayanacaqda hazırda 5 ödəmə terminalı sürücülərə xidmət göstərir. Bununla yanaşı dayanacaqda göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətində iş aparılır”.

Nazirlər Kabinetinin qərarına əsasən, hazırda yeni qəbiristanlıq ərazilərinin seçilməsi üçün işlər aparılır.

Minval.info xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında Milli Məclisin İctimai birliklər və Dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədrinin sözlərinə görə, yeniliklərin tətbiqində əsas məqsəd bu sahədə sosial ədalətin təmin edilməsidir.

Millət vəkilinin sözlərinə görə, həyata keçiriləcək yeniliklərdən biri də yas mərasimlərinin elə qəbiristanlıqların yanında keçirilməsidir.

Maddi cəhətdən imkanı aşağı olan ailələr üçün isə yas mərasimlərini bələdiyyələr təşkil edəcək.

Qeyd edək ki, qəbiristanlıqların salınması və idarə edilməsi qaydalarına əsasən, bu ərazilərin idarəçiliyi bələdiyyələrin ixtiyarına verilir.

Siyavuş Novruzovun sözlərinə görə, bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində yeni seçilən bələdiyyələr qəbiristanlıqların yeni qaydalara uyğun hazırlanması işi ilə fəal şəkildə məşğul olacaqlar.