Son xəbərlər

Hafiz Məmmədovun mülkləri əlindən alındÄ±İş adamı Hafiz Məmmədovun ailəsinə məxsus otel, evlər və başqa obyektlər əllərindən alınıb.

“Minval.info” Azadlıq Radiosuna istinadən xəbər verir ki, Mərkəzi Bankın iddiası əsasında Səbail Rayon Məhkəməsi bu barədə qərar çıxarıb. Qərardan yuxarı instansiya məhkəmələrinə şikayətlər verilsə də, nəticəsi olmayıb. Bu yaxınlarda Ali Məhkəmə məsələyə son nöqtəni qoyub – aşağı instansiya məhkəmələrinin qərarları dəyişdirilmədən qüvvədə saxlanılıb.

Müsadirə olunan əmlaklar bunlardır: paytaxtın Nərimanov rayonunda yerləşən otel – “Ramada Hotel & Suites Baku”, metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən 3 min kvadrat metrlik qeyri-yaşayış sahəsi, Nərimanov rayonunda biri dörd (460 kvadrat metr), digəri isə üç (320 kvadrat metr) mərtəbəli olmaqla, iki fərdi yaşayış evi.

Evlər Hafiz Məmmədovun oğlu Kənan Məmmədovun mülkiyyətində olub. Yeddi mərtəbəli otelin rəsmi sahibi isə Məmmədova Yeganə Sabir qızı idi. “Nizami” metrostansiyasının yaxınlığında – Şamil Əzizbəyov küçəsi 88 ünvanında yerləşən obyektin mülkiyyət hüququ “KSM Property” MMC-yə məxsusdur. “KSM Property” isə Hafiz Məmmədovun oğlanlarına məxsus KSM Şirkətlər Qrupuna daxildir.

Hafiz Məmmədovun rəhbərlik etdiyi “Baghlan Group”un hüquqi ünvanı da Ş.Əzizbəyov 88-dir.

Mərkəzi Bankın Məhkəmə iddiasına səbəb isə vaxtilə “Bank of Azerbaijan”a ayrılmış kreditlərdir. Bu bank isə H.Məmmədovun ailə üzvlərinə məxsus idi. Üç fiziki səhmdardan ikisi – Kənan və Sənan Məmmədovlar işadamının övladları, Mübariz Məmmədov isə qardaşıdır. Hüquqi səhmdar isə “NEM Holding”dir.

Söhbət üç kredit müqaviləsi üzrə ümumilikdə 55 milyonluq kredit borcundan gedir. Bunun da 50 milyonu əsas borc, 5 milyonu faizlərdir. Bu kreditlər 2013-cü ilin aprel, iyun və iyul aylarında ayrılıb.

Bu küçələrdə svetoforlar işləmir

Bakıda bir neçə küçədə işıqforlar işləmir.

"Qafqazinfo"ya BNA-dan daxil olan məlumata görə, elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində svetoforlar işləmir.

Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Paytaxt sakinləri narahatdır, lakin rəsmi qurum təlaşa ehtiyac görmür - FOTO, VÄ°DEOAAYDA: Cavanşir körpüsünün söküləcəyinə dair layihə hazırlanıb, amma söküntü hazırda gündəmdə deyil

Bir müddətdir ki, Bakının mərkəzindəki, sakinlər arasında “Qaqarin mostu” kimi tanınan Cavanşir körpüsünün söküləcəyi müzakirə olunur. Sürücülərin bildirdiklərinə görə, artıq körpünün sökülməsi ilə bağlı qərar da qəbul edilib. Söküntü işlərinə isə sentyabr ayında start veriləcəyi deyilir.

Redaksiyamıza müraciət edən bir neçə sürücü Cavanşir körpüsünün sökülməsinə görə narahatlıqlarını dilə gətiriblər. Onlar iddia edirlər ki, körpünün sökülməsi ərazidə böyük tıxaca səbəb olacaq.

AYNA-nın əməkdaşı sözügedən əraziyə yollanaraq sürücülərin narahatlıqlarına aydınlıq gətirməyə çalışıb. Ərazidə olduğumuz müddətdə həm körpünün üzərində, həm də yolayrıclarında hərəkət edən avtomobillərin sıxlığı müşahidə olunurdu.

Sürücülərlə söhbətimiz zamanı məlum oldu ki, körpünün qəzalı vəziyyətdə olduğu üçün söküləcəyi qeyd olunur. O da vurğulanır ki, körpü söküləndən sonra yerində yeni yol qovşağı salınacaq.

Həmsöhbətlərimizdən biri körpünün söküləcəyindən dolayı narahatlığını belə əsaslandırdı: “Bu körpü çox enlidir. Sıxlıq və tıxac olsa da, 5-6 avtomobil eyni anda körpünün üzərində hərəkət edə bilir. İndi körpü sökülsə, şəhərin bu ərazisində ciddi tıxaclar yarana bilər”.

“Alternativ yollarda avtomobillər saatlarla gözləməli olacaqlar. Dənizkənarı parka istirahət etmək üçün gün ərzində yüzlərlə insan gəlir. Onların da çoxu bu körpüdən istifadə edir. Əminəm ki, körpü sökülsə, həmin insanlar saatlarla tıxacda qalmağa məcbur olacaqlar” – deyə digər sürücü də körpünün sökülməsi xəbərini etirazını ifadə etdi.

Daha sonra körpünün alt hissəsinə düşüb, qəzalı vəziyyətdə olub-olmadığını yoxlamaq qərarına gəldik. Etiraf edək ki, gördüklərimiz bizi məyus etdi. Bir tərəfdə qalaqlanmış daş qırıntıları, digər tərəfdə də torpaq təpəciyi, az qalırdı ki, “gözümüzə girə”.

Hələ torba-torba zibilləri demirik. Körpünün baxımsızlıqdan rəngini dəyişmiş divarları isə, kim bilir, sonuncu dəfə nə zaman boyanıb. Körpünün altında addımladıqca ətrafı toz dumanı bürüyürdü. Təbii ki, həmin toz da tənəffüs sistemi ilə ciyərlərimizə hopurdu.

Bakının göbəyində yerləşən körpünün altının belə bərbad vəziyyətdə olması heç də xoş deyil. Ancaq deyəsən, bu durum aidiyyəti qurumları əsla narahat etmir. Əks halda ərazidə səliqə-səhman göz oxşayardı.

Orada olduğumuz müddətdə körpünün altı ilə hərəkət edən avtomobillərin sürücülərinin də bir neçəsi sürəti azaldaraq öz fikirlərini bizimlə bölüşdülər. Adını açıqlamayan bir yaşlı sürücü əlini yelləyərək bunları dedi: “Kimin ağlına nə gəlirsə, onu da edir”.

Ərazidən ayrılandan sonra sürücülərin narahatlıqlarına aydınlıq gətirmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə müraciət etdik. Və o, Cavanşir körpüsünün sökülməyəcəyini dedi.

“Təklif var idi. Layihə hazırlanmışdı. Amma o layihə təklif olaraq qalır. Bu gün Cavanşir körpüsünün sökülməsi gündəmdə deyil” – Nəfərli bildirdi.

AAYDA sözçüsü körpünün vəziyyətinin normal olduğunu qeyd etdi: “Dayanıqlığı yerindədir. Heç bir təmirə ehtiyacı yoxdur. Əgər zərurət yaransa, təmir işləri aparıla bilər”.

Artıq I və II qrup əlliliyi olan şəxslər övladlığa uşaq götürə biləcəklər.

Bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov bildirib.

Onun sözlərinə görə, indiki qanunvericilikdə müəyyən kateqoriyalı şəxslər övladlığa uşaq götürmə hüququndan məhrum olunur:

“Bura I və II qrup əlilliyi, fəaliyyyət qabiliyyətsizliyi, müəyyən xəstəlikləri, xüsusilə də infeksion xəstəlikləri, QİÇS, vərəm, ağır onkoloji xəstəliyi olan şəxslər aid idi. Yeni qanunvericilikdə isə I və II qrup əlilliyi olan şəxslərə övladlığa uşaq götürmək hüququ verilir. Amma yenə də infeksion xəstəlikləri, fəaliyyət qabiliyyətsizliyi, məhkumluğu olan, ağır cinayətlər, eyni zamanda ictimai əxlaq əleyhinə cinayət törədən, əvvəllər valideyn hüququndan məhrum olmuş şəxslər övladlığa uşaq götürmə hüququndan məhrum olunurlar”.

Qeyd edək ki, övladlığa götürmə ilə bağlı səlahiyyətlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi və Alt sistemin tətbiqi noyabrın 1-dən nəzərdə tutulur.

İsmət Abbasov dövlətin 100 milyonlarını belə talayıb - korrupsiya sxemi












Sabiq kənd təsərrüfatı naziri və baş nazirin müavini İsmət Abbasovun oğlunun Avropadakı biznes imperiyasına dair məlumatlar cəmiyyətin ciddi narazılığına səbəb olub. İnsanlar qeyri-neft sektorunun əsas inkişaf istiqaməti olaraq seçilən aqrar sahəyə rəhbərlik etmiş bir məmurun övladının on milyonlarla dollarlıq sərvətə necə yiyələndiyini müzakirə edirlər.

Əsas gəlir mənbəyi - “Aqrolizinq”

Qeyd edək ki, İ.Abbasov 2004-2013-cü illərdə kənd təsərrüfatı naziri, 2013-2018-ci illərdə isə baş nazirin müavini işləyib. Onun nazir təyinatı cəmiyyətdə, elə KTN-in özündə bir xeyli razılıqla qarşılanmışdı. Xüsusilə KTN-dəki mütəxəssislər elm adamı saydıqları İ.Abbasovun aqrar sahəyə rəhbərliyinin ölkə və elə sahənin özü üçün böyük nailiyyətlər gətirəcəyini düşünürdülər. Lakin 9 illik nazirliyi dövründə İ.Abbasov aqrar sahədə hansısa ciddi irəliləyişə nail olmadı. İllər sonra isə aydın oldu ki, çoxlarının sadə elm adamı kimi tanıdığı, qəbul etdiyi sabiq nazir kreslosundan aqrar sahənin deyil, ailəsinin çiçəklənməsi üçün məharətlə faydalanıb...

Bu barədə etibarlı mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, İ.Abbasovun maliyyə çiçəklənməsi “Aqrolizinq” ASC-nin 2009-cu ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilməsindən sonra başlayıb: “Kənd Təsərrüfatı Nazirliyinin müasir texnologiya əsasında inkişafını təmin etmək, fermerlərin maşın və avadanlıqlara, gübrələrə olan ehtiyacını ödəmək üçün külli miqdarda dövlət vəsaiti ayrılıb. 2009-2013-cü illərdə 10 hektarlarla müasir tipli tərəvəzyetisdirmə istixanaları ”Aqrolizinq"in vəsaiti hesabına tikilib, sahibkarlara icarəyə verilib. Bir hektar ən müasir istixananın tikilib istifadəyə verilməsi 450-500 min manat olduğu halda, bunu 1 milyon 300 min manata sənədləşdirib, sahibkarlara veriblər. Başqa sözlə desək, hər hektardan 800 min manat mənimsənilib və sahibkara yüklənib. Bu yanaşma İsmət Abbasovun nazir olduğu dövrdə “Aqrolizinq”in bütün əməliyyatlarında: maşın-texnika alınmasında, soyuducuların tikilib sahibkarlara verilməsində və gübrə satışında tətbiq olunub".

Xüsusi olaraq qeyd edək ki, “Aqrolizinq” uzun illər boyu korrupsiya, dövlət vəsaitlərinin talandığı əsas qurumlardan biri olub. Bu qurumda aparılan yoxlamalar bir qayda olaraq böyük mənimsəmə və qanunsuzluqların aşkarlanması ilə nəticələnib.

Məsələn, 2010-cu ildə “Aqrolizinq”də Prezident Administrasiyası tərəfindən aparılan yoxlamaların nəticələrini əks etdirən məlumat açıqlanmışdı. Həmin məlumatdan aydın olur ki, 2008-2009-cu illərdə qurumda korrupsiya, dövlət vəsaitlərini mənimsəmə, dövlət əmlakını talama kimi hallar geniş yayılıb.

2013-cü ilin oktyabrında kənd təsərrüfatı naziri dəyişdikdən, nazir vəzifəsinə Heydər Əsədov gəldikdən sonra “Aqrolizinq” ASC-də Hesablama Palatası ciddi yoxlamalara başladı. Yoxlamaların nəticəsi olaraq Palatanın açıqladığı məlumatdan aydın oldu ki, ASC-də ciddi qanunsuzluqlar aşkarlanıb. Məlumatda bildirilirdi ki, qurumda büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq, nəzarət tədbiri üzrə yoxlama materiallarını Baş Prokurorluğa göndərmək qərara alınıb.

Məlumat yayıldıqdan az sonra “Aqrolizinq” ASC-nin sədri Əli Bayramovun öz ərizəsi ilə işdən getdiyi məlum oldu. Eyni zamanda qurumun bir neçə rayon şöbəsinin rəisi işdən qovuldu, barələrində cinayət işləri qaldırıldı. “Aqrolizinq” ASC-də dövlət büdcəsindən ayrılan vəsaitlərin talanması ilə bağlı Hesablama Palatasının üzə çıxardığı faktlar isə Baş Prokurorluqda araşdırılmağa başlandı. ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri həbs edildi. Bundan sonra qurumun müxtəlif rayonlar üzrə filiallarında ciddi qanunsuzluqların aşkarlandığına dair məlumatlar yayıldı, həbslər aparıldı. Ancaq nə qədər qəribə də olsa, nə Əli Bayramov, nə də onun tabe olduğu İ.Abbasov istintaqa cəlb olunmadı. 

İ.Abbasovun nazir olduğu dönəmdə “Aqrolizinq” vasitəsilə həyata keçirilən xərcləmələrin məbləği dodaq uçurur. Rəsmi məlumatlara əsasən, 2005-2013-cü illərdə “Aqrolizinq” ASC tərəfindən 274,45 milyon manat dəyərində 17304 ədəd kənd təsərrüfatı texnikası alınıb. 156,75 milyon manat dəyərində 11370 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 314 ədəd taxılyığan kombayn, 3991 ədəd traktor, 108 ədəd ekskavator və 6957 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikası 6536 nəfər hüquqi və fiziki şəxsə lizinqə verilib və ya lizinq yolu ilə satılıb.

2005-2013-cü illərdə “Aqrolizinq” ASC tərəfindən 133,3 milyon manat dəyərində 151 dəst texnoloji avadanlıq, o cümlədən 17 dəst istixana, 19 dəst damcılı suvarma sistemi, 19 dəst quşçuluq və 96 dəst müxtəlif təyinatlı texnoloji avadanlıqlar, soyuducu kameralar üçün komplektləşdirici məmulatlar alınıb.

Qeyd olunan dövrdə təkcə kənd təsərrüfatı istehsalçıları üçün mineral gübrələrin alınmasına 121,15 milyon manat sərf olunub.

“Aqrolizinq”də mənimsəmə imkanları bunlarla bitmir. Belə ki, 2009-2013-cü illər ərzində Prezidentin Ehtiyat Fondundan ASC-yə ayrılmış 29,8 milyon manat büdcə və cəmiyyətin 5,85 milyon manat təkrar istifadə vəsaitləri hesabına 35,65 milyon manat dəyərində 10590 baş damazlıq iribuynuzlu və 2120 baş xırdabuynuzlu heyvan alınıb gətirilərək dəyərinə 50 faiz güzəştlə 3 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinq yolu ilə satılıb.

Bundan əlavə, 2009-cu ildən etibarən “Aqrolizinq” ASC regionlarda logistik gübrə bazaları tikməyə başlayıb. 2012-ci ilədək Şəki, Sabirabad, Cəlilabad, Bərdə, Xaçmaz və Şəmkir rayonlarında belə bazalar tikilib. Buna nə az, nə çox - 15 milyon 294.4 min manat vəsait sərf olunub.

Ümumilikdə, hökumətin hesabatından aydın olur ki, “Aqrolizinq” 2005-2017-ci illərdə texnika, avadanlıq və mineral gübrələrin alınması üçün 1,5 milyard manatdan çox vəsait əldə edib. Bu vəsaitlərin əhəmiyyətli hissəsi İ.Abbasovun nazir olduğu dövrdə xərclənib. İ.Abbasov bütün bu alqı-satqıları qeyri-şəffaf şəraitdə, “Dövlət satınalmaları haqqında” Qanunun tələblərini nəzərə almadan, yaxud formal olaraq nəzərə almaqla həyata keçirib. Bu qaranlığın nəticəsi isə onun vəliəhdinin Avropadakı varidatının mənbəyini çox açıq göstərir...

Kəndlidən oğurlanıb Avropaya daşınan milyonlar

İ.Abbasovun nazirlik dönəmində “qaz vurub” doldurduğu qazanın səsi isə Avropadan gəlir. Belə ki, araşdırmaçı-jurnalist Cavançir Həsənlinin aşkara çıxardığı faktlar sabiq nazirin əldə etdiyi varidatın bir qismini əhatə edir. Araşdırmadan məlum olur ki, 2018-ci ildə vəzifədən uzaqlaşdırıldığı ərəfədə İ.Abbasov ölkədən nə az, nə çox - 11 milyon funt sterlinqdən (14 milyon dollardan artıq) çox pul çıxarıb: “O pullar İngiltərədə, oğlu Yunis Abbasova aid Y.A. PROPERTY INVESTMENTS LIMITED şirkətinə yatırılıb. 1985-ci il mart təvəllüdlü Yunis Abbasov sözügedən şirkəti hələ 2009-cu ilin noyabrın 8-də 07069377 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirib. Y.A. PROPERTY INVESTMENTS LIMITED-in adı Yunis Abbasovun ad və soy adlarının baş hərflərini ifadə edir və daşınmaz əmlak alışı, icarəsi ilə məşğuldur”.

Y.Abbasov hələ atası nazir olduğu vaxt İngiltərə vətəndaşlığını alıb. 2018-ci il martın 31-də təqdim olunmuş maliyyə hesabatına görə, keçmiş nazirin oğlunun şirkətinin mal varlığı 16 milyon 756 min 802 funt sterlinq və ya 21 milyon dollar dəyərindədir. Sənədə görə, cəmi 1 il ərzində şirkətin aktivlərində 11 milyon funt sterlinqdən çox artım olub. 2017-ci ildə bu rəqəm 5 milyon funt sterlinq təşkil edib.

Y.Abbasov da keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov kimi Londonun bahalı məhəllələrindən birində, Temza çayının sahilindəki villasında yaşayır, yaxta sahibidir.

Y.A. PROPERTY INVESTMENTS LIMITED-dən əlavə Y.Abbasov Londonda KAY INVESTMENTS LIMİTED (qeydiyyat nömrəsi 07174206) adlı şirkət də açıb. Şirkət Londonda Aston House Cornwall Avenue-də fəaliyyət göstərib və daşınmaz əmlak biznesi ilə məşğul olub, bir il sonra qapadılıb. KAY INVESTMENTS LIMİTED şirkətinin qeydiyyatından cəmi bir həftə sonra, 2010-cu il martın 9-da sabiq nazirin oğlu Londonda 3-cü şirkətini - AIA LONDON LİMİTED (qeydiyyat nömrəsi 07182105) şirkəti açıb. Bu şirkət də Aston House Cornwall Avenue Finchley ünvanında fəaliyyət göstərib.

Aydın məsələdir ki, Londonda aşkarlanan vəsaitlər İ.Abbasovun əldə etdiklərinin bir qismini təşkil edir. Özü də çox kiçik bir qismini. Araşdırmalar dərinləşdirilərsə, ata-oğul Abbasovların Avropanın digər ölkələrində, eləcə də ofşor zonalarda da on milyonlarla dollarlıq biznesi aşkarlana bilər...
“Yeni Müsavat”
Nəticələr açıqlandı

Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsinin nəticələri açıqlanıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib. Hər bir fənn üzrə ən yaxşı nəticə göstərən 5 şagird 1-ci yerə, növbəti 10 şagird 2-ci yerə, növbəti 15 şagird isə 3-cü yerə layiq görülmüşdür. Yer tutan şagirdlərdən əlavə olaraq, hər bir fənn üzrə müsabiqənin final mərhələsində iştirak edən şagirdlərin ən yüksək nəticə göstərən 10%-i qədəri həvəsləndirici sertifikatla təltif olunacaqlar.  Müsabiqələrin mükafatlandırma mərasimi növbəti (2019-2020-ci) tədris ilinin əvvəlində keçiriləcək. 

Təşkilat komitəsinin qərarına əsasən qiymətləndirmə zamanı müvafiq fənnə aid tapşırıqların əmsalı 2.5, məntiqi təfəkkürü ölçmək üçün təqdim edilən tapşırıqların əmsalı isə 1.5 olaraq müəyyən edilib.

Bakıda kanalizasiya birbaşa çimərliyə axıdılır

Hövsan ərazisində yerləşən çimərliklərin birində kanalizasiya çirkabı birbaşa dənizə axıdılır. Bu günlərdə sosial şəbəkələrdə bununla bağlı videogörüntü yayılıb. Görüntülərdən bəlli olur ki, çimərlik ərazisindən istifadənin qadağan olunması ilə bağlı xəbərdarlıq nişanları da asılıb, lakin buna məhəl qoyulmur. Yaxınlıqda yaşayan sakinlər kəskin üfunətdən, natəmizlikdən şikayətləniblər. Sakinlər deyiblər ki, Ekologiya və Təbii Sərvətlər, eləcə də Fövqəladə Hallar nazirliklərinə tədbir görülməsi üçün çoxsaylı müraciət ünvanlayıblar. Onlara yaxın zamanlarda problemin həllini tapacağı vəd olunub.

"Qafqazinfo" xəbər verir ki, Virtualaz.org Hövsanda dənizə yaxın ərazilərin zəbt edilərək qeyri-qanuni evlər tikilməsi, kanalizasiya xətti olmadığından çirkabın birbaşa dənizə axıdılması ilə bağlı problemi hələ 1 il əvvəl işıqlandırmışdı. Yaxınlıqda yaşayan sakinlər sayta bildirmişdilər ki, son iki-üç ilədək bu ərazilər çimərlik hesab olunub. Sonradan ərazi zəbt edilib, qanunsuz evlər tikilib. İndi evlərlə dəniz arasında az qala 10-15 mert məsafə var. Yeni salınan qəsəbənin kanalizasiya xətti olmadığından çirkab dənizə axıdılır. Xüsusilə, küləkli havada üfunətdən nəfəs almaq mümkün deyil.

Abbas Vəliyev adlı Hövsan sakini ev dəllallarının əvvəlcə ərazini hasarlayaraq balaca gecəqondu tikdiyini, ardınca dəniz sahillərində hazır ev adı ilə satışa çıxarıldığını söyləmişdi: “Gördüyünüz evlərin əksəriyyəti ev dəllalları tərəfindən inşa edilib. Bu evlər tikiləndən sonra üfunət iyindən çimərliyə yaxın durmaq olmur”.

Şakir İsmayılov isə təkcə kanalizasiya çirkabının deyil, məişət tullantılarının da dənizə atılmasından şikayətlənmişdi: “Çimərliyə girişin pullu olub-olmamasının fərqi yoxdur, burda kanalizasiya dənizə axır, 2 metr kənarda isə pullu çimərlik var. Sadəcə olaraq orada oturacaq, çətir, bir də çay, yemək verilir”.

Görünür ki, üzərindən düz bir il keçsə də, vəziyyət dəyişməz qalıb. 1 il ərzində dəyişən yalnız Hövsan çimərliklərinin qadağan olunmuş ərazilər siyahısına daxil edilməsidir ki, görüntülərdən buna da riayət edilmədiyi məlum olur.

Hövsan bələdiyyəsindən sədr Elburus Xəlilovun işdə olmadığını, suallara yalnız onun cavab verəcəyini söyləyiblər. Bələdiyyənin adını söyləməyən əməkdaşı etiraf edib ki, xüsusilə Bağlar adlanan ərazidə kanalizasiya çirkabı dənizə axıdılır və bundan hamı xəbərdardır. “Güman ki, videogörüntüdəki yer Bağlar adlanan ərazidir. Sakinlər həmin ərazini keçmiş “Gəmi Təmiri zavodu” ərazisi kimi tanıyırlar. Həmin ərazidə evlər dənizin bir addımlığında tikilib, kanalizasiya xətti yoxdur”.

Suraxanı Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, çirkabın dənizə axıdılmasının qarşısını almaq üçün kanalizasiya xətti çəkilməlidir. Buna görə də, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət ünvanlanıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirib ki, builki çimərlik mövsümündə Hövsan çimərliyindən istifadə tövsiyə edilmir. Çünki dəniz suyundan götürülmüş nümunələrdə baktoroloji çirklənmə normadan 5-10 dəfə çox qeydə alınıb. Ərazidə çimməyin qadağan olması üçün bələdiyyəyə, yerli icra orqanlarına, eləcə də polisə məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin direktoru Ərəstun Həsənov Hövsan-Türkan ərazisində tullantı sularının dənizə axıdıldığını təsdiqləyib və belə halların mövcud olduğunu bildirib. Onun sözlərinə görə, Hövsan ərazisində təmizləyici qurğu olmadığından tullantı suları təmizlənmədən dənizə axıdılır.

Ə.Həsənov təəssüflə qeyd edib ki, təkcə obyekt və müəssisələr deyil, fərdi yaşayış evlərində də formalaşan tullantı suları dənizə axıdılır. “Həmin ərazidə kifayət qədər təmizləyici qurğu yoxdur, olanların da keyfiyyəti tələblərə uyğun deyil. Nə qədər ki, standartlara cavab verən təmizləyici qurğular qurasdırılmayıb, bu problemlə üzləşəcəyik. Dənizi çirkləndirənlərə tərəfimizdən məcburi göstərişlər verilib, dəfələrlə cərimələr tətbiq olunub”, - Həsənov deyib.

İdarə rəisi əlavə edib ki, təmizləyici qurğuların quraşdırılması üçün dəfələrlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə də xəbərdarlıqlar olunub, cərimələr tətbiq edilib. Eyni zamanda, həmin ərazidə yaşayan sakinlərə, obyekt sahiblərinə nazirlik adından müraciət edir ki, tezliklə modul tipli, kiçik həcmli çirkab sular təmizləyiciləri qurasdırsınlar və Xəzəri çirkləndirməsinlər: “Bununla həm də suya qənaət ediləcək, sakinlər və sahibkarlar su təmizlyici qurğudan keçən sudan yaşıllıqların suvarılmasında, təsərrüfatlarında istifadə edə biləcəklər”.

“Azərsu” Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, su və kanalizasiya xəttinin çəkilməsi ilə bağlı layihə var, həmin əraziyə də kanalizasiya xətti çəkiləcək, işlər mərhələli şəkildə yerinə yetirilir.

Dilqəm Əsgərovun oğlu qurumdan narazılıq etdi

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb. Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun nümayəndələri iyun ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

Dağlıq Qarabağda girov saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov “Yeni Müsavat”a bildirib ki, ona görüş barədə BQXK-dan məlumat verilib: “Mənə şifahi məlumat verildi ki, atan Dilqəm Əsgərovla BQXK nümayəndələrinin iyun ayında görüşü olub və səhhəti normaldır. Təəssüf ki, yenə də atamdan nə məktub, nə də foto, videogörüntü gətirməyiblər. Artıq iki ilə yaxındır ki, BQXK nümayəndələri atam Dilqəm Əsgərovdan nə məktub, nə foto, nə də videogörüntü əldə edib mənə təqdim etmirlər. Mən isə hər dəfə BQXK əməkdaşları ilə görüşəndə deyirəm ki, heç olmasa atamdan bir dəqiqəlik videogörüntü gətirin mənə təqdim eləyin, mən həqiqətən atamın hərəkət elədiyini, ayaq üstə dayana bildiyini görüm. Mən atamın öz dilindən eşitmək istəyirəm, desin ki, səhhətimdə ciddi problem yoxdur. Təəssüflər olsun, artıq iki ilə yaxındır mən eyni sözləri BQXK-dan eşidirəm.

Ancaq şifahi şəkildə deyirlər ki, atanın səhhəti normaldır. Şifahi məlumat isə məni qane eləmir. Ona görə də mən bu yaxınlarda Strasburqda AŞPA-da Beynəlxalq Dialoq və İnkişaf Alyansının təşkil etdiyi tədbirə qatıldım. Orada da məsələ qaldırdım ki, artıq 1 il səkkiz aydır atamdan nə məktub, nə də videogörüntü almıram, atamın səhhətində çox ciddi, ağır problemlərin olduğunu və həkim nəzarətində saxlandığını dedim. Tədbirdə də bildirdim ki, BQXK mənə ancaq şifahi məlumat verməklə işini görmüş hesab edir. BQXK öz missiyasını tam olaraq yerinə yetirirsə, nə üçün Azərbaycanda saxlanılan erməni diversantlardan ailələrinə məktub, videogörüntülər aparıb təqdim etdiyi halda, mülki girov olan Dilqəm Əsgərovdan nə məktub, nə video, nə də şəkil gətirmirlər”.

Şahbaz Quliyevin qardaşı İlham Quliyev isə lent.az-a deyib ki, görüş barədə məlumatsızdır: “Bununla bağlı mənə yeni xəbər verilməyib. Qardaşımdan yeni foto, video və ya məktub da ailəmizə göndərilməyib”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Ermənistanın işğalı altında olan Kəlbəcər rayonunda öz doğmalarının məzarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Onların Şuşadakı həbsxanada saxlandığı bildirilir.

Demək olar ki, hər il çimərlik mövsümü başlayandan sonra mövsüm boyunca boğulma halları qeydə alınır. Boğulma halları qeyri-çimərlik əraziləri ilə bərabər, ümumi müəyyən edilmiş ərazilərdə də baş verir.

Bu il də çimərlik mövsümü elan edilər-edilməz artıq boğulma halları qeydə alnıb.

FHN kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili Modern.az-a açıqlamasında iyunun 1-dən bu günədək 45 nəfərin boğulma təhlükəsindən xilas edildiyini bildirib.

“Boğulmaqda olan şəxslər xilasedicilər tərəfindən xilas olunub. Ümumi çimərlik ərazilərində, xidməti yerlərdə ölüm hadisəsi qeydə alınmayıb. Xilas edilən 45 nəfərin heç birinin səhhətində ciddi problem yaranmayıb, hər birinə ayrılıqda ilkin tibbi xidmət göstərilib”.

Aqşin Əlili bildirir ki, bu il boğulma halları ən çox Mərdəkan, Bilgəh və Qızılqum çimərliklərində qeydə alınıb:

“Yaxşı olardı ki, nəzarətsiz çimərliklərdən istifadə edilməsin. Hansı ərazilərdə ki xilasedicilər və xilasetmə texnikası var, vətəndaşlar həmin ərazilərdə çimsinlər. Üzmə sərhədlərini müəyyən edən nişanlar olmadığı təqdirdə insanların suya girməməsi məsləhət görülür”.

İmişlidə müharibə veteranının başına oyun açıblar... - GİLEY













Ötən həftə Conflict.az-a İmişli rayon sakin Əfqanıstan müharibəsi veteranı Cəfərov Rəvahim Nizam oğlunun ölkə Prezidentinə müraciəti daxil olub. Müharibə veteranı müraciətində deyir:
- Mən Əfqanıstan müharibəsi veteranıyam. Müharibə vaxtı ağır kontuziya almışam. Bundan başqa ağır dərəcəli şəkər xəstəsiyəm. İllərdir ki, bu xəstəlikdən əziyyət çəkirəm. Həyat yoldaşım da eyni xəstəliyin daşıyıcısıdır. Hər ikimiz İmişli rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdayıq. Bir neçə gün öncə qanda şəkərin miqdarını ölçmək üçün lazım olan tester adlı peraparatı almaq üçün MRX-yə getdim. Xəstəxana aptekinin Hüseyn adlı müdiri hər hansı bir səbəbə olmadığı halda mənim qanuni tələbimə kobudluqla cavab verdi. Mən onun bu hərəkətlərinin səbəbini soruşanda, Hüseyn mənə bildirdi ki, biz sənə tester verməyəcəyik. Çünki səni veteran hesab etmirik. Düzü mən Hüseynin bu sözlərindən xeyli təəccübləndim. Hüseyn əlavə olaraq bildirdi ki, məni Əfqanıstanda döyüşə Azərbaycan höküməti deyil, SSRİ göndərib. Ona görə də mənə dərmanları da SSRİ-nin varisi olan Rusiya hökuməti verməlidir. Hüseyn adlı aptek müdirinin son sözü isə məni şoka saldı. “Sən nə qəhramanlıq etmisən ki? Əksinə Əfqanıstanda gedib müsəlmanlara güllə atmısan, indi özünü qəhrəman hesab edirsən?”
Cənab prezident!
Mən Sizin Böyük Vətən, Əfqanıstan, o cümlədən Qarabağ müharibəsi veteranlarına göstərdiyiniz qayğını daim təqdir etmişəm. Lakin göründüyü kimi İmişlidə bizə qarşı münasibət olduqca pisdir. Addımbaşı səbəbsiz təhqir olunuruq. Etiraz edəndə isə fiziki zora məruz qalırıq. Mən üzləşdiyim haqsızlıqla əlaqədar İmişli MRX-nın Baş həkimi Eynulla Qasımovla görüşmək istədim.

Lakin hətta işçisinin təhqiramiz hərəkətindən və zor tətbiqindən sonra da baş həkim məni qəbul etmədi. Xatırladım ki, rayon apteklərində testerlərin bir qutusu 30 azn-ə bu işbazlar tərəfindən satdırılır. Mən cəmi 80 manat təqaüd alıram. Bu məbləğlə ailəmi saxlayım, ya tester alım? Sağlamlığım, ailə vəziyyətim olduqca acınacaqlıdır. Artıq dözə bilmirəm. Mənə və ailəmə qarşı İmişlidə yaradılan mühit isə məni hər an intihara sürükləyir. Çox qəribədir İmişli MRX-nın aptek müdiri Hüseyn görəsən kimin təsiri altındadır. Nədən o Əfqanıstan müharibəsi döyüşçülərini müsəlmanlara güllə atmaqda ittiham edir? Düzdür İmişli rayonu qonşu İran islam Respublikası ilə həmsərhəd bölgələrdəndir. İran İslam Respublikasının bəzi qurumları zaman-zaman öz bədniyyət əməllərini müxtəlif şəxslər vasitəsilə həyata keçirməyə cəhd edirlər. Yalançı müsəlman müdafiəçilyi və s. formada. Mən kimisə ittiham etmirəm. Lakin Hüseyn adlı aptek müdirinin dediyi sözlər olduqca düşündürücüdür. 
Cənab Prezident!
Mən ailləmlə birlikdə ölkə vətəndaşlığından imtina edirəm. Rusiyada məskunlaşmağı düşünürəm. Bu yolu mənə İmişli rayon Mərkəzi Xəstəxanasında məsləhət gördülər.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, mövqelərini dərc etməyə hazırdır.