Bayram namazının vaxtı açıqlandı
Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.

Report xəbər verir ki, bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazını Təzəpir məscidində qılacağı gözlənilir.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.

Dünyaca məşhur elm və təhsil üzrə qeyri-mənfəət təşkilatlarından olan “National Geographic” Cəmiyyətinin dərc etdiyi və uşaqların məlumatlandırılması məqsədini daşıyan “National Geographic Kids” jurnalının internet səhifəsində ölkəmizlə bağlı təqdim edilən məlumatda Azərbaycan xəritəsində ciddi təhrifə yol verildiyi və ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin fərqli rəngdə təsvir olunduğu müəyyən edilib.

 

Bu barədə APA-ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

 

 

Bildirilib ki, bununla əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə operativ tədbirlər görüb.

 

Nəticədə Azərbaycanın xəritəsinə münasibətdə yol verilmiş təhrifin aradan qaldırılmasına nail olunub.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycanın ABŞ-dakı səfirliyinin operativ müdaxiləsi nəticəsində adıçəkilən jurnalın internet səhifəsində respublikamızın xəritəsi artıq dəqiq və ərazi bütövlüyü qorunmaqla təsvir edilib.

 

Bu link (https://bit.ly/2T9FXAo) vasitəsilə Azərbaycan xəritəsi və müvafiq informasiya ilə tanış olmaq mümkündür.

Vergilər Nazirliyi bu günlərdə əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə konsepsiyanın əsas müddəalarını ictimaiyyətə açıqlayıb.

Bu konsepsiya vergi ödəyicilərində muzdlu işlə əlaqədar ödənilmiş gəlir vergisi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə vergi ödəyicilərinin təqdim etdikləri məlumatlarda olan uyğunsuzluqların araşdırılması məqsədini daşıyır.

Ümumi vergi islahatlarının tərkib hissəsi olan vergi uçotunun bərpası və əmək münasibətlərinin leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin gücləndirilməsinin anonsunu Vergilər Nazirliyi hələ cari ilin əvvəlindən vermişdi.

Nazirlik 2018-ci ili keçid ili elan etmişdi. Yəni vergi ödəyicisinə möhlət verilmişdi ki, öz maliyyə hesabatlarını, vergi mühasibatlıq sənədlərini qaydaya salsın, təsərrüfat uçotunu bərpa etsin, şəffaflaşsın.

Bu məqsədlə Vergi Məcəlləsinə dəyişiklik edildi, qeyri-neft sektorunda və qeyri-dövlət sektorunda çalışan şəxslərin əldə etdikləri gəlirlərin 8000 manatadək olan hissəsi yeddi il müddətinə vergidən azad edildi. Bütün bunlar əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində ölkə üzrə aparılan siyasətin bir hissəsi idi.

Lakin, görünür, bəzi sahibkarlar üçün bu cür yumşaq siyasət məqbul deyil. Təhlillər göstərir ki, iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan bəzi vergi ödəyicilərinin təqdim etdikləri bəyannamələrdə, sosial sığorta hesabatlarında əks olunan əməkhaqqı məbləğləri reallığı əks etdirmir.

Bir çox sahibkarların işçilərə, hətta baş mühasibə və şirkət direktorlarına yazdığı maaş həmin sektor üzrə fəaliyyət göstərən digər vicdanlı və əməkhaqqının düzgün bəyan edilməsinə üstünlük verən vergi ödəyicilərinin əməkhaqqı məbləği ilə nəinki uzlaşmır, hətta onlardan bir neçə dəfə aşağı olur.

Təəssüf ki, işçilərinin sayı, əmlakı və dövriyyəsinin həcmi daha çox olan müəssisələrdə direktor, baş mühasib, menecer kimi vəzifələr üçün yazılan əməkhaqqı sıravi işçilər, hətta texniki heyət üçün müəyyən olunan məbləğlərlə eynilik təşkil edir. Bundan başqa, bəzi sahibkarlar işə cəlb etdikləri şəxslərlə əmək müqaviləsi bağlamaq əvəzinə, xidməti müqavilələrə üstünlük verirlər.

Bir çox hallarda vergi ödəyicilərinin işçilərlə bağladıqları əmək müqavilələrində göstərilən əməkhaqqı minimum əməkhaqqı məbləği səviyyəsində göstərilir ki, bu da vətəndaşların sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir.

Yeni konsepsiyanın əsas məqsədi belə riskli vergi ödəyicilərini müəyyən edərək onlarla bağlı tədbirlər görülməsidir. Vergi orqanları müəyyən risk meyarları üzrə vergi ödəyicilərinin siyahısını tərtib etməyi planlaşdırır.

Real işçi sayının və əməkhaqqı məbləğinin dürüstləşdirilməsi məqsədilə risk qrupuna daxil olan vergi ödəyicisi ilə fərdi qaydada danışıqların aparılması, uçot məlumatlarında işçi sayının və maaşların real məbləğinin əks etdirilməsi təklifi əslində vergi orqanları tərəfindən atılan humanist addım hesab olunmalıdır. Çünki cari ilin əvvəlindən intizamsız vergi ödəyicisinə bu barədə dəfələrlə xəbərdarlıqlar edimişdi.

Vergi ödəyicisinin razılığı ilə “Əməkhaqqı ilə bağlı könüllü öhdəliy”in qəbul edilməsi əslində onların xeyrinədir. Çünki vergi ödəyicisi ona təqdim olunan dəlil və sübutlarla razılaşmasa, daha sərt nəzarət tədbirlərinin görülməsi üçün addımlar atılacaq.

Vergi ödəyicisi əməkdaşlığa razılıq versə, maaşları könüllü “ağartmaq” istəsə, sadəcə dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə vicdanını rahatlaşdıra bilər.

Lakin əmək münasibətlərinin şəffaflaşdırılması ilə bağlı konsepsiya ictimaiyyətin bəzi üzvləri tərəfindən birmənalı qarşılanmıyıb. Bu barədə KİV-də məlumatlar dərc olunduqdan sonra bəzilərində saxta narahatlıq yaranıb ki, guya bu kiçik və mikro sahibkarlığın sıxışdırılımasına səbəb olacaq.

İşəgötürənlər maaşları obyektiv göstərəcəyi təqdirdə bu, sahibkarlara əlavə xərclərə başa gələcək. Çünki minimum əməkhaqqının qısa müddətdə 250 manata qaldırılması sosial sığorta ödənişlərini də artıracaq.

Bu narahatlıqların heç bir məntiqi əsası yoxdur. Əvvəla ona görə ki, qanunlara əməl etməyən, səhlənkarlıq göstərən, maaşını “ağartmayan” vergi ödəyicilərinə qarşı sərt tədbirlər görüləcəyini Vergilər Nazirliyi bu ilin əvvəlindən elan etmişdi. Digər tərəfdən, qeyri-neft sektorunda və qeyri-dövlət sektorunda çalışanların gəlirlərinin 8000 manatadək olan hissəsi 7 il müddətində vergilərdən azad edilib.

Bu isə əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində aparılan dövlət siyasətindən xəbər verir. Vergi ödəyiciləri tərəfindən muzdla işləyən işçilərə uçotdan kənar əməkhaqlarının verilməsi və əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi bu işçilərin gələcək sosial təminatını təhlükə altında qoymaqla sosial sığorta ödənişlərinin azalmasına da səbəb olur.

Görünən odur ki, bu prosesin geri dönüşü yoxdur və əməkhaqlarının ağardılması davamlı siyasətdir. Vergilər Nazirliyinin fikri bu barədə qətidir. Ona görə də nə qədər gec deyil, “kölgə”dən çıxmaq lazımdır.

“Hazırda təhsil haqqını ödəməkdə çətinlik çəkən çoxlu tələbə var”.

Bu barədə bizimyol.info-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bildirib. Ekspert bildirib ki, Azərbaycanda hazırda fəaliyyət göstərən 50-dən çox ali təhsil müəssisəsində 160 mindən çox tələbə təhsil alır: “Onların da 70 faizi öz vəsaitləri hesabına, yəni ödənişli əsaslarla təhsil alır. Xoşagəlməz məqam ondan ibarətdir ki, ölkəmizdəki təhsil ocaqlarının ixtisas üzrə ortalama təhsil haqqı 2 min manat təşkil edir. Hətta bəzi ixtisaslar üzrə bu rəqəm 6500, 5000, 4300 manat təşkil edir ki, bu məbləğin də ödənilməsi hər insan üçün asan deyil. Məhz buna görədir ki, son 5 il ərzində 7 min şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyub, ali təhsil almaqdan imtina edib”.

Ekspert deyib ki, ölkədə ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqlarının ödənilməsi üçün 2015-ci ildə “Maarifçi” Kredit Fondu yaradılıb: “Amma bu təşkilat cəmi 200 nəfər tələbəyə təhsil haqlarının ödənilməsi üçün güzəştli şərtlərlə kredit verib ki, bu da olduqca az rəqəmdir.

Qeyd edim ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə BDU, Dillər, Pedaqoji, Neft və Sənaye, Texniki, Dövlət İqtisad, Memarlıq və İnşaat, Bakı Slavyan, Gəncə və Sumqayıt Dövlət universitetlərinin təsis etdiyi “Maarifçi” Tələbə Kredit Fondu reallaşdırır. Fonda Azərbaycan vətəndaşı olan, təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. Onların yaşı 25-dən çox, ailəsinin kredit borcu, ailə gəliri il ərzində 10 min manatdan çox olmamalıdır”.

Ekspert vurğulayıb ki, bu sahəyə iri şirkətlər, özəl sektorun nümayəndələri də qoşulmalıdır və özləri üçün lazım olan kadr potensialının gücləndirilməsində maraqlı mövqelərini ortaya qoymalıdırlar.

“Təəssüf ki, ali məktəbləri bitirmiş məzunların 42 faizi sonra işlə təmin olunur. Bu o deməkdir ki, təhsil krediti götürmüş tələbə potensial problemli kreditliyə çevriləcək. Bu gün ölkədə 3 milyon dan çox şəxsin 4 milyard manat həcmində problemli kreditləri var. Bu o deməkdir ki, tələbələr əgər universiteti bitirdikdən sonra işlə təmin olunmasa onlar da bu siyahıya daxil olacaqlar”,-təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

Bakıda “Araz” marketdən alınan kolbasa iyrənc halda olub.

Minval.info xəbər verir ki, Bakı sakini Nurlan Mirəliyev “Araz” marketlər şəbəkəsinin Nizami rayonu ərazisində yerləşən filialından Rusiya istehsalı olan kolbasa alıb.

N.Mirəliyev məhsulu alarkən üzərində son istifadə tarixinin bitmədiyini görməsinə rəğmən yenə də marketin xidmət keyfiyyətinə güvənməyib. O, kolbasanı doğrayan zaman güvənməməkdə nə qədər haqlı olduğunu anlayıb.

Belə ki, son istifadə vaxtı keçməsə də kolbasa xarab olub: “Rusiyanın ət məhsulları istehsalı olan “ЦАРИЦЫНО” kolbasasını bu gün “Araz” marketdən almışdım. Yaxşı ki, uşaq yeməmiş yoxlamaq üçün özüm kəsdim. Bu zaman kolbasadan elə bir qoxu gəldi ki, dəhşət… Bərbad bir şəkil də iylənib”.

Şikayətçi qeyd edib ki, kolbasanı aldığı gün üzərindəki son istifadə tarixinə 11 gün qalıbmış. O, bunu çəkdiyi fotolarla da sübut edib.

Sahə üzrə mütəxəssislər bildirirlər ki, insanlar naqilləri düz seçmir, elektrik xətlərini çəkdirən zaman xəsislik edirlər

Avqustun 4-də Bakının Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verib. Yanğın şiddətli olduğu üçün bir neçə saat qarşısını almaq mümkün olmayıb. Hadisə zamanı insanlara Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə yanaşı Daxili İşlər Nazirliyinin ərazidə xidmət aparan heyəti də kömək edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Xilasetmə zamanı polis əməkdaşlarından da bir neçəsi tüstüdən zəhərlənib. Rəsmi məlumata görə,  “Sədərək”də baş vermiş yanğın zamanı təcili tibbi yardıma müraciət edənlərin ümumi sayı 16 nəfər olub. Onlardan 6-na yerində yardım edilib, 10 nəfər isə xəstəxanaya yerləşdirilib. Həmin şəxslərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşı olub. Qalanlar isə yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları olublar. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı açıqlamasında bildirib ki, “Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub.

“Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan ile ilgili görsel sonucu

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında söyləyib ki, ikinci çağırışla hadisə yerinə 25-dən çox yanğınsöndürən maşın, 120-dən çox yanğınsöndürən cəlb olunub. E.Mirzəyev qeyd edib ki, sahibkarlara mallarının əksəriyyətini çıxarmağa imkan yaradılıb, dəymiş ziyanın həcmi araşdırılacaq və bu barədə müvafiq məlumat veriləcək.  

Ticarət mərkəzlərində bu cür yanğınlar tez-tez baş verir. Sonuncu dəfə ən böyük yanğın “Diqlas” ticarət mərkəzində baş vermişdi. Hazırda yanğından zərər görən binasının tamamilə söküldüyü “Diqlas”ın ümumi sahəsi ümumi sahəsi 17 559 kvadratmetr idi. Yanğın zamanı sahibkarlara xeyli ziyan dəydi. Lakin zərərin bir qismi dövlət tərəfindən ödənildi. Belə ki, ölkə prezidentinin sərəncamı ilə dövlət tərəfindən ayrılan maddi yardımdan   mağaza, anbar icarəyə götürmüş zərər çəkmiş sahibkara – 10000 manat, piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara  2000 manat ödənildi.

x lady yanğın ile ilgili görsel sonucu

“Diqlas”dan öncə Qara Qarayev prospektində yerləşən “X-lady” və “Ağ çiçəyim” mağazalarında da ayrı-ayrı günlərdə yanğın baş verdi. Hər iki mağazadakı yanğının baş vermə səbəbi kimi qısa qapanma göstərildi.

Yanğından niyə qoruna bilmirik?

Ekspertlər bunun səbəbi kimi müxtəlif fikirlər irəli sürürlər. Birinci variant odur ki, mərkəzdən kənarda yerləşən əksər mağazaların su anbarları, yanğını lokallaşdıran qurğuları mövcud deyil. İkinci səbəb isə gecədən səhərə qədər işlək saxlanılan cihazların xüsusilə də kondisionerlərin naqilləri qızdırması, nəticədə isə qısa qapanmanın baş verməsi göstərilir. Bu məsələ ilə bağlı “Yeni Müsavat” qəzeti olaraq indiyədək xeyli araşdırma, reportaj yazmışıq.

Nüsrət Qasımov ile ilgili görsel sonucu

Qəzetimizə danışan sahə üzrə ekspert Nüsrət Qasımov hesab edir ki, insanlar naqilləri düz seçmirlər: “Öyrənmək gərəkir ki, nə qədər elektrik sərf olunacaq və naqillər bu yükə necə davam gətirəcək. İlk növbədə elektrikin yükü müəyyən olunmalıdır ki, içəridə neçə voltluq cihazlar qurulacaq. Onların hamısını nəzərə alıb, artıqlaması ilə naqillər seçilməlidir. Bütün bu proseslərdən sonra işıq xəttinə qoşulan zaman dövlət komissiyası onu qəbul etməlidir. İş prosesində həmin naqillərin yükgötürmə qabiliyyətinə uyğun olan cihazlardan istifadə edilməlidir. Əgər yükdən artıq quraşdırma olarsa, kabellər gücə düşür və qısa qapanma əmələ gəlir, yanğın olur. Obyekt tikilən zaman hər bir tikilinin qarşısında, insanların kütləvi yığışdıqları yerlərdə yanğın qolları qoyulmalı, anbarlar yaradılmalıdır. Əks halda yanğınsöndürənlər gedib, iki saat su axtarırlar. Onlar gələnə qədər də obyekt külə dönür. Həmçinin obyektin içərisində plakatlar asılıb, maarifləndirmə işləri aparılmalıdır. Yanğın şitlərinin yanında bütün lazımı avadanlıqlar yerləşdirilməlidir. Bundan da əlavə obyektdə siqnalizasiya quraşdırılmalıdır. Tüstü olan zaman bu qurğular işə düşür və hətta adi insanlar da yanğın genişlənməmiş, qarşısını alırlar. Azərbaycanda əksər obyektlərdə sadaladıqlarıma əməl  edilmir”.

Elektrik naqilinin satışı ilə məşğul olan Ariz Həmidov “Yeni Müsavat”a bildirib ki, insanlar hər hansı bir evə və ya obyektə elektrik xətləri çəkən zaman, naqilləri düz seçsələr də, yanlışlığa yol verirlər: “İnsanlar avtomatların sayını az quraşdırıb, ümumi şiti balaca edirlər ki, çox xərcə düşməsinlər. Əslində isə kondisionerə, çox yük götürən cihazlara ayrıca avtomat qoyulmalıdır. Elektrik şiti isə yanar konstruksiyadan kənarda, evin və ya obyektin çölündə olmalıdır. Bizdə buna fikir verən az adam var. Əsasən də mağazalarda bu cür hallara diqqət etmirlər. Bir məsələ də var ki, insanlarda son zaman belə bir fikir yaranıb ki, naqili yanmayan borunun içərisi ilə apardıqları zaman, tamamilə sığortalanırlar. Bu da yanlış fikirdir. Hər kəs bilməlidir ki, yanmayan boru deyilən bir şey yoxdur. Bu, sadəcə olaraq izolyasiyadır və müəyyən kiçik qığılcımı sıxılaraq, söndürə bilər. Yaxud da qızma olarsa və xətt yanar konstruksiyanın üzərindən keçərsə, həmin boru yanmanın qarşısını ala bilər. Ancaq qısa qapanma varsa, içəridə güclü qızma gedirsə, boru da yavaş-yavaş əriyib, yanacaq. Ona görə də xətləri mümkün qədər daşın və ya digər yanmayan konstruksiyanın üzəri ilə aparıb, bundan sonra boruya salmaq lazımdır. İnsanlar naqil seçən zaman çox da xəsislik etmirlər. İşi gördürən zaman isə ya özləri edirlər, ya da elektrikdən anlayışı olmayan adama iş gördürürlər. Nəticə isə ağır olur”.

Onu da qeyd edək ki, konkret olaraq “Sədərək” ticarət mərkəzində bundan öncə baş verən yanğınlar zamanı, ticarət mərkəzinin rəhbərliyi tərəfindən zərər görmüş sahibkarlara kompensasiya ödənilib. Hazırda isə hələ ki, dəymiş zərərin miqdarı hesablanmadığı üçün kompensasiya barəsində də heç bir məlumat verilmir.

Üç dövlət qurumu vətəndaşlara müraciət etdiHər zaman milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşan Azərbaycan xalqı Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir. Bu bayram cəmiyyətimizdə mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilir.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər Nazirliklərinin mətbuat üçün birgə açıqlamasında bildirilib.

Qeyd olunub ki, adi günlərlə müqayisədə daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyi Qurban bayramında qurbanlıq heyvanın kəsiminin qaydalara uyğun, sanitar-gigiyena tələbləri çərçivəsində həyata keçirilməsinə xüsusi diqqət yetirilməlidir. Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir.

“Bayram günlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri tərəfindən əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyası genişləndirilib.

Bununla əlaqədar bildiririk ki, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınması yolverilməzdir.

Qurban bayramı ilə bağlı hər üç qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına veriləcək. Həmin kəsim məntəqələrinin ərazilər üzrə ünvanları artıq media vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılıb. O da qeyd olunmalıdır ki, mütəxəssislərin metodiki tövsiyəsi ilə hazırlanmış çadır tipli kəsim məntəqələrində qurbanlıq heyvanların satışı ilə yanaşı onların kəsimi, hazırlanması və digər xidmətlər yerli icra strukturları tərəfindən təmin ediləcək”.

Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri bu bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə küçələrdə və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyenik normalara cavab verən stasionar və çadır tipli heyvan kəsimi məntəqələrində həyata keçirməyi bir daha tövsiyə edib.

“Vətəndaşlardan xahiş olunur ki, bayram günlərində sağlamlığı şübhə doğuran heyvanlarla bağlı, eyni zamanda, küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı müşahidə olunduqda Daxili İşlər Nazirliyinin “102” Xidməti – Zəng Mərkəzinə, Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə, Kənd Təsərrüfatı Nazirliyinin isə 1652 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər”.

Fəzail Ağamalı: “Xətainin heykəlini ziyarət etmək, önünə əklil qoymaq problemə çevrilib”; Fərəc Quliyev: “Heykəl yaxşı yerdə qoyulmayıbsa…”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətai ilə bağlı dediklərindən sonra günlərdir davam edən müzakirələr ən müxtəlif istiqamətlərə yönəlir.

İki il öncə o vaxtkı Bakı şəhər rəhbəri Hacıbala Abutalıbovun göstərişi ilə paytaxtın Xətai rayonunda, Yusif Səfərov küçəsindəki təmir işlərindən sonra dövlət xadiminin heykəli iki yolun arasında qaldı.  Belə ki, abidəyə yaxınlaşmaq üçün heç bir şərait yoxdur. Yolu keçərək tarixi şəxsiyyətin abidəsini ziyarət etmək qayda pozuntusu hesab edilir. İndiyə qədər dəfələrlə bu məsələ gündəmə gətirilsə də, problem öz həllini tapmayıb.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a problemlə bağlı bunları dedi: “Bakının böyük bir şəhəri, metrosu Xətainin adını daşıyır, adına küçə var. Onun adı daimi olaraq əbədiləşdirilib. Paytaxtımızda heykəli də qoyulub. Bunlar çox müsbət hallardır. Amma Yusif Səfərov küçəsində aparılan yenidənqurma işlərindən sonra Şah İsmayıl Xətainin heykəlini ziyarət etmək, önünə əklil qoymaq doğrudan da bir problemə çevrilib. Mənə elə gəlir ki,  Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq qurumlar bununla bağlı düşünərək, problemin aradan qaldırılması üçün iradələrini ortaya qoymalı, konkret addımlar atmalıdırlar”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev: ile ilgili görsel sonucu

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev: “Mən Xətaini müdafiə etmirəm. Çünki onun müdafiəyə ehtiyacı yoxdur. Sadəcə açıq şəkildə görünən budur ki, Azərbaycan dövlətinin tarixinə baxışlar fərqlidir. Hətta primitiv şəkildə, savadsızcasına məsələyə bəzən elə yanaşırlar ki, Azərbaycan dövlətinin tarixinin 1918-ci ildən başlandığını ən yüksək tribunalardan ifadə edirlər. Bunlar çox yanlış hallardır. Söhbət Bütöv Azərbaycandan gedir. Xətai böyük bir imperiya qurub, Azərbaycan dövlətçiliyini oturuşdurmuş bir şəxsdir, birləşdirici bir adamdır. İndi gəlib elə bir kiçik yerə dayanıblar ki, az qala desinlər ki, Xətai “QAİ” işçisidir, gəlib yol-hərəkət qaydalarını təmin eləsin. Heykəl yaxşı yerdə qoyulmayıbsa, tələb olunar ki, başqa bir yerdə qoyulsun, adına meydanlar verilsin. Yaxşı oldu ki, bu polemikaları açdınız. Əvvəllər Azərbaycan dövlətçilik tarixindən çox az sayda yazılar olurdu. Hesab edirəm ki, heykəl məsələsinin indiki şəraitdə bu şəkildə qabardılması deyilmiş fikirlərə, yanlışlıqlara bəraət qazandırmaq üçün bir bəhanədir. Açığı heç kəsin üzərinə getməyin tərəfdarı deyiləm. Bəziləri savadsızlıqdan, cahillikdən, başqalarının təsiri altında olduqlarından bu məsələyə əl qoydular. Amma cəmiyyətin sərt təpkisini gördülər. Azərbaycan türkü öz tarixinə sahib çıxmağı hər zaman bacarır. Xətai və digər tarixi şəxsiyyətlərimizin adlarına meydanlar, heykəllər olmalıdır. Bu başqa məsələdir”.

Bu gün səhər saat 08:00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral kəmərində aparılan təmir işləri ilə bağlı Tovuz və Ağstafa rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bundan başqa, bu gün səhər saat 10:00-dan etibarən avqustun 6-sı işlər başa çatanadək Qaz İxrac İdarəsinin balansındakı magistral xətlərdə aparılan sazlama işləri ilə əlaqədar Qazax şəhərinin bir hissəsi, bir neçə kənd, bir sənaye müəssisəsi və 2 məktəbdə qaz təchizatı dayandırılacaq.

Daha əvvəl məlumat verdiyimiz kimi, tanınmış jurnalist Səbuhi Məmmədli sosial şəbəkə hesabında “Araz” marketdən aldığı məhsulun kiflənmiş olması ilə bağlı paylaşım edib. “Araz” marketlər şəbəkəsi yaranmış problemlə bağlı açıqlama yayıb.

Sözgedən supermarketlər şəbəkəsi oxu.az-a verdiyi açıqlamasında yaranmış vəziyyətlə əlaqədar jurnalistdən üzr istəyib:

““Naş moloçnik” pendiri Ukraynanın “Ukro produkt” zavodunun  məhsuludur. İdxalçısı isə “Avrora” şirkətidir. Məhsulun istifadə müddəti keçməyib. Onu da qeyd edək ki, bu pendirlər xüsusi qablaşdırılmalarda olur. Sadəcə olaraq, yay mövsümündə çatdırılma və yaxud saxlanma şəraiti ilə bağlı belə problemlər ortaya çıxa bilir. Təəssüf ki, bu cür vəziyyət yaşanıb. Mövcud vəziyyətlə əlaqədar jurnalist Səbuhi Məmmədlidən üzr istəyirik”.