Son xəbərlər


Gələn il yanvarın 1-dən şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə, o cümlədən foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərinin müştərilərinə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə cərimələr tətbiq ediləcək.

APA-nın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Bu şəxsləri “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edən işəgötürənə (vergo orqanında uçotda olan sifarişçiyə) hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

“Harayımı cənab Prezdentə çatdıran yoxdur”

Onu ilk görəndə “mən qapılara düşən, imdad diləyən qadın deyildim. Həmişə qürurumla, abrımla yaşamışam. Amma daha dözə bilmirəm”,- dedi. Danışdıqdca da, qeyri-ixtiyari gözlərindən gilənən yaşları gizlətməyə çalışdı. Amma nə qədər çalışsa da, bacarmadı, ağladı, titrəyən əllərilə min bir əziyyət hesabına, məmur qapılarına düşərək, topladığı sənədləri göstərməyə başladı.

Həmsöhbətimiz Şəhid anası Şəfiqə Məmmədəliyevadır. O ana ki, 21 yaşlı gənc balasını bu torpaq uğrunda şəhid verib. O ana ki, illərdir ona sahib çıxanı, dərdinə şərik olanı, “harda yaşayırsan, nə yeyib, nə içirsən?” deyə soruşanı yoxdur.

“Ay qızım baxıram Prezident şəhid ailələrinə necə diqqət, qayğı göstərir. Amma mən ona yaxın düşə bilmirəm. Dərdimi ona eşitdirə bilmirəm. Əminəm ki, problemimdən xəbər tutsa, dərhal kömək edəcək. Di gəl ki, Prezidentə dəfələrlə yazdığım məkubu ona verməyimə belə imkan olmayıb. Rəsmi yazdığım müraciətlərə isə ötəri cavablar almışam”.

Gözünün ağı-qarası bircə oğlunu vətənə qurban verən ananın iki qızı var. Şəhid zabitin anası iki qızı və onların övladları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu 2-ci mikrorayon Hüseynbala Əliyev küçəsi 17, mənzil 112-dəki darısqal evdə yaşamaqdadır. Adına yaşamaq demək olarsa…

İki güllə və Şəhidin əbədi yuxusu…

Şəfiqə xanımın faciəsi hələ babaları 15 may 1937-ci ildə Qazaxıstan SSR ərazisinə sürgün ediləndə başlayıb. Elə Qazaxıstanda dünyaya gələn Şəfiqə xanım sonralar Məmmədəliyev Oruc Rza oğlu ilə ailə qurur. Ailə uzun illər sonra Sumqayıta köçür.

21 yaşında şəhidlik zirvəsinə ucalan oğlu Emil 29 iyul 1971-ci ildə elə Sumqayıtda dünyaya gəlib. O, 14 saylı məktəbin 7-ci sinfini “əla” qiymətlərlə bitirib. Eyni zamanda, musiqi məktbinin elektrogitara kursunu oxuyub.

Emil 1985-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub, 1988-ci ildə həmin məktəbi, 1992-ci ildə isə Moskva vilayətindəki Volski Ali Hərbi İnşaat Komandirlik məktəbini bitirib.

Təyinatla Rusiyada qala, özü üçün o vaxtın tələblərinə uyğun karyera da qura bilərdi. Amma o, Rusiyada iş üçün yüksək maaşlı, hər cür təminatlı iş təklifi alsa da, bunu qəbul etmir. Vətənin ağır günlərində cəbhədə döyüşməyi seçir. Müdafiə nazirinin əmrilə 12 sentyabr 1992-ci ildə Qubadlıya göndərilən Emil batalyonla birgə Laçının itirilmiş kəndlərini azad etmək üçün irəliyə atılır. Kəlbəcərlə Laçını birləşdirən Mazutlu kəndində gedən qeyri-bərabər döyüşdə leytenant Emil Məmmədəliyev iki yerindən yaralanır. Yoldaşları onu güllə yağışının altından çıxarıb Qubadlıya gətirsələr də, çoxlu qan itirdiyindən gənc zabit gözlərini əbədi yumur.

Qara xəbəri Şəfiqə anaya Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri verir. Gözünün ağı-qarası bircə oğlunu itirən ana pərişan olur. Amma “Vətən sağ olsun” deyib dərdini qucaqlayır. Emil Məmmədliyevi Sumqayıt şəhərindəki  Şəhidlər xiyabanında dəfn edirlər.

“Məktəbə sizin oğlunuzun adı verilə bilməz”

Şəfiqə ananın sözlərinə görə, oğlu dünyasını dəyişəndən sonra  ona “Şəhid”, ailəsinə isə “Şəhid ailəsi” statusu verilir:

“Biz 1996-cı ilə kimi Sumqayıtda yaşamışıq. Daha sonra indi yaşadığımız evə köçmüşük.

Emilin adının oxuduğu Sumqayıt şəhər 14 saylı orta məktəbə verilməsi barədə Pedoqoji Şuranın 24 may 1993-cü il tarixli 227 saylı protokolu var. Lakin həmin protokol da indiyədək icra olunmayıb. Bəhanə gətirdilər ki, o məktəbdə bir neçə şəhid var deyə, qərarı icra edə bilmirlər. Bu da sadəcə bəhanədir, çünki bu barədə Pedoqoji Şura tərəfindən qərar verilib. Bundan əlavə, şəhidin xidmət etmiş olduğu hərbi hissədən də, Müdafiə Nazirliyinin Siyasi və Sosial İşlər İdarəsindən də Sumqayıt şəhər İcra Hakimiyyətinin o vaxtkı baçısı Şakir Abuşovun ünvanına müraciətlər göndərildi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş leytenant Emil Məmmədəliyevin adının əbədiləşdirilməsi üçün köməklik göstərsin”.

İcra başçısı Şakir Abuşovun cavabı Şəfiqə ananı daha da sarsıdıb:

“14 saylı məktəb 12 şəhid verib. Bu səbəbdən də sizin oğlunuzun adının o məktəbə verilməsi mümkün deyil. Biz həmin məktəbə sizin oğlunuzun adını versək, digər analar narazılıq edər. Bütün şəhidlərimiz üçün Şəhidlər xiyabanında xatirə kompleksi ucladılacaq”.

27 illik get-gəllər…

27 ildə Şəfiqə ananın qapısını döydüyü kreslo sahibləri bir-birilərini əvəzləsələr də, ona olan münasibət dəyişməz qalıb. Yenə də vəzifəli şəxslər öz əvvəlki sələfləri kimi Şəfiqə ananı get-gələ salırlar, müraciətlərinə qeyri-həssas yanaşır, ona dolandırıcı, yayındırıcı cavablar verməklə öz vəzifələrininin icrasını yerinə yetirmiş hesab edirlər.

Ş.Məmmədəliyeva uzun illər ərzində aidiyyatı qurumlara, rəhbər şəxslərə yazmasına, ayrı-ayrı məmurların qəbulunda olmasına baxmayaraq, şəhid oğlunun adının əbədiləşdirilməsinə nail ola bilmədiyindən, ona qanunla şamil olunan imtiyazlardan yararlana bilməməsindən şikayətlənir. Bildirir ki, Prezidentin şəhid ailələrinə ev verilməsi barədə imzaladığı sərəncam ona şamil edilmir:

“Həmin sərəncama əsasən, həyat şəraitinin yaxşılaşdırılması üçün şəhid ailələrinə ev, torpaq sahəsi və maşın verilməsi nəzərdə tutulub. Lakin bu vaxta kimi mənə nə ev, nə torpaq sahəsi, nə də maşın verilib. Şəhid anası, ağbirçək Azərbaycan xanımı kimi unudulmağım mənə çox pis təsir edir. Hazırkı evimdə 6 nəfər ailə üzvüm yaşayır. Mənzil şəraitimiz çox pis vəziyyətdədir.

Mən Sumqayıt şəhərində – “Azərkimya” şirkətində 33 il işləmişəm. Həmin şirkətdən mənə Sumqayıt şəhəri, Yaşma bağları ərazisində Dəfnə BY 114 ünvanında 6 sot torpaq sahəsi verilib. Mən həmin torpağı qızım Zümrüd Eldarovanın adına sənədləşdirmişəm və bu barədə torpağın çıxarışı da var. Lakin həmin torpaq sahəsi 1 ildir ki, naməlum şəraitdə dağıdılıb. Ərazidə tikinti aparılacağı bildirilsə də, mənə kompensasiya verilməyib”.

Şəfiqə xanım Prezident Adminstrasiyasına, Bakı Şəhər İcra Hakimiyyətinə, Nəsimi rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə edilən müraciətlərdən təxminən eyni məzmunlu cavablar alır:

“Sizin müraciətinizə baxılmışdır. Müraciətinizin yerinə yetirilməsi imkanlarımız xaricindədir”.

Yorğun Şəhid anasının üsyanı

Şəhid anası ölkə rəhbərinin keçirdiyi sonuncu müşavirədə səsləndirdiyi fikirləri xatırlayaraq bunları deyib:

“Cənab Prezident deyir ki, məmurlar bir-birilə didişir. Doğrudur, cənab Prezident! Onların bir çoxu xalqı unudub, öz işlərinin genişləndirməklə, didişməklə məşğuldurlar. 27 ildə bir nəfər gəlib qapımı döyməyib, halımı soruşmayıb. Mən heç kimdən mədət ummuram da. Sadəcə haqqım olanı istəyirəm. Mən bir oğlumu vətənə qurban vermişəm. Qalan iki qızımın normal şəraitdə yaşaması üçün mənzillə təminatıma köməlik göstərilməsini xahiş edirəm. Axı mən kiminsə haqqı olana əl uzatmıram, kiminsə yolunu kəsmirəm. Daha qapı-qapı gəzməkdən, bir vəzifəlinin digərinin qapısına yollamasından, axırda dolanıb eyni məkanda dayanmaqdan yorulmuşam”.   /modern.az/az

Bu rayonlarda qaz olmayacaq
Bu gün 2019-cu ilin tədbirlər planına əsəsən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə Şərbablar küçəsinin kəsişməsində yeni çəkilmiş diametri 108 və 89 mm olan orta təzyiqli qaz xətləri mənbəyə birləşdiriləcək.

Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. 

Bildirilib ki, bununla bağlı olaraq səhər saat 09:00-dan etibarən Şəki şəhərində bir qrup abonentin qaz təchizatında fasilələr olacaq. 

Şamaxı rayonununda isə Çuxuryurd kəndini qazla təmin edən orta təzyiqli qaz xəttində təmir işləri planlaşdırılır. Bu zaman saat 10:00-dan işlər başa çatanadək rayonunun bir neçə kəndində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

"Əbülfəs Qarayev konfransa Azərpaşa Nemətova dəstək üçün gəlmişdi" — Afaq Bəşirqızıdan SENSASSİON AÇIQLAMALAR - YENİLƏNİR

Xalq artisti Afaq Bəşirqızı Azərbaycan Teatr Xadimləri İttifaqının XIV Konfransını boykot edib və konfransı yarımçıq tərk edib.
Sənətkar "Ölkə.Az"-ın əməkdaşı ilə söhbətində bildirib ki, konfransa ittifaqın sədri Azərpaşa Nemətovun istədiyi şəxslər dəvət edilib. Bəşirqızı mədəniyyət naziri Əbülfəs Qarayevin konfransda iştirakına da toxunub:
"Nazir ora Azərpaşa Nemətova dəstək üçün gəlmişdi. Azərpaşa başqasının yazdığı mətni üzündən zorla oxuyurdu və maraqlıdır ki, bu, nazirin çox xoşuna gəlirdi. Amma yaxşı olardı ki, həmin mətni elə yazan adamın özü oxusun".

Afaq Bəşirqızının geniş açıqlamasını az sonra saytımızdan oxuya bilərsiniz
Bakıda bu küçələrdəki bina sakinlərinə
İstismarına icazə verilmiş binalardakı mənzillərin qeydiyyatı üzrə hər həftə təşkil edilən kampaniya 21-25 oktyabr tarixlərində Nəsimi, Nərimanov və Binəqədi rayonlarında keçiriləcək.

Əmlak Məsələləri Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, 5 bina üzrə göstərilən qeydiyyat xidmətləri ümumilikdə 764 mənzili əhatə edəcək.

Oktyabrın 21-i Nəsimi rayonu üzrə C.Səlimov küçəsi, 3004-cü məhəllədəki 16 mərtəbəli, 320 mənzilli binada başlayan kampaniya, 22 oktyabr tarixində 997 saylı məhəllə, Abbas Səhhət küçəsi, ev 25 ünvanındakı 12 mərtəbəli, 134 mənzilli binada davam edəcək. Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 2 ünvanında 11 mərtəbəli, 86 mənzilli binanın sakinlərinə səyyar xidmətlər 23 oktyabr tarixində göstəriləcək. Kampaniya 24 oktyabr tarixində 6-cı mikrorayon, M.Kazımovski 82 ünvanında 12 mərtəbəli, 96 mənzilli binada, 25-i isə Nəsimi rayonu, Mərdanov qardaşları 59, 410-cu məhəllədəki 17 mərtəbəli, 128 mənzilli yaşayış binasında davam edəcək.

Mənzillərini dövlət qeydiyyatına almaq istəyən vətəndaşlar göstərilən tarixlərdə, saat 09:00-dan 17:00-dək ilkin sənədlər ilə birgə müvafiq ünvanlardakı səyyar ofislərə yaxınlaşa bilər.

“Azərtelekom” MMC-də strategiya üzrə müşavir vəzifəsinə təyinat olub.

 “Report” xəbər verir ki, bu vəzifə Azər Bayramova həvalə edilib.

O, bundan əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, “Azərtelekom” 2008-ci ildə yaradılıb, Azərbaycanın aparıcı telekommunikasiya operatorudur. Onun nizamnamə kapitalı 5 231 578 manatdır.

Bakının Sabunçu rayonunda qəzalı vəziyyətdə olan 8 yaşayış binasında sakinlərin köçürülməsinə başlanılıb.
 
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
 
Məlumatda bildirilir ki, həmin binaların istismar müddəti başa çatıb və komissiya tərəfindən istifadəyə yararsız hesab edilib. Buna görə də həmin binadakı ailələrin köçürülməsinə start verilib. Yaxın vaxtlarda köçürülmə prosesi başa çatacaq və həmin binalar söküləcək.
 
Məlumatda qeyd edilir ki, yaşayış binaları Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6, Sabunçu qəsəbəsində A.Əsədullayev küçəsi, 27, M.Rəsulzadə dalan 3, ev 2, B.Bünyatov küçəsi, 7A, 2 Aprel küçəsi, ev 8A, 2 Aprel küçəsi, ev 18, D.Pişəvari küçəsi, 13Q və D.Pişəvari küçəsi,15 ünvanındakı binalardır.  /BakuPost.az/

Sökülən qalmaqallı “26-lar” kafesinin sahibinin oğlu və dostu bıçaqlanıb. Onları bıçaqlayan da elə öz dostları imiş.

Musavat.com-un eksklüziv olaraq əldə etdiyi məlumata görə, “26-lar” kafesinin sahibi, ali məktəbdə hüquq dərsi verən Ərəstun Qasımovun oğlu Əliyar Qasımov bıçarqlanıb. Uzun müddət ölkə gündəmini zəbt edən Əliyar Qasımovun adı bu dəfə ağır cinayətdə zərərçəkmiş keçir.

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1990-cı il təvəllüdlü Məmmədov Tural Mübariz oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Proses hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilir.

Əldə etdiyimiz məlumata görə, iş üzrə zərərçəkmiş şəxs Əliyar Qasımov və dostudur.

Onların hər ikisi Tural Məmmədov tərəfindən bıçaqlanıb. Hadisəyə səbəb isə dost olan bu şəxslər arasında baş verən mübahisə olub. İlkin ehtimala görə isə mübahisəyə səbəb şəxslərdən birinin mobil telefonunda olan video görüntü olub. Hadisənin təfərrüatı barədə növbəti yazılarda daha ətraflı məlumat verəcəyik.

Həbs edilən Tural Məmmədov özünü qismən təqsirli bilir. Deyir ki, iki nəfəri bıçaqlaması özünü müdafiə məqsədi ilə olub.

Məhkəmə araşdırması davam edir.

Bıçaqlanan Əliyar Qasımov kimdir?

Əliyar Qasımov ilk olaraq ölkə gündəminə iki lüks maşınları ilə gəldi. Qoşa “Gelandevagen”li Əliyar Qasımov Bakı küçələrində şütüyərkən qısa müddətdə sosial şəbəkələrin müzakirə mövzusuna çevrildi.

Daha sonra isə Əliyar Qasımovun adı atası ilə birlikdə qalmaqallı “26-lar” kafesinin bağlanmasında hallandı.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun rəhbərliyi ilə Qasımovların sahibi olduğu kafe böyük qalmaqaldan sonra bağlandı.

"Qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir" — İlham Əliyev
İndi Bakı şəhərində yataqxanalar boşaldılır. Bu yataqxanaların bir çoxu qəzalı vəziyyətdədir. Onların taleyi necə olacaq, söküləcəkmi, təmir olunacaqmı? Siz bu məsələ ilə məşğul olmusunuz, yoxsa yox?
Bunu Prezident İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edərkən deyib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev isə Prezidentin ünvanladığı suala cavabında deyib:
"Bəli.Biz çalışırıq ki, bütün yataqxanalardan məcburi köçkünləri tamamilə köçürək. Biz yataqxanaları rayon icra hakimiyyətlərinə və Əmlak Komitəsinə təhvil veririk".

Prezident İlham Əliyev : Onların vəziyyətinə də baxmaq lazımdır. Qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir və onların yerində yeni binalar tikilə bilər.

Rövşən Rzayev : Möhtərəm cənab Prezident, deyə bilərəm ki, bütün yataqxanalar həqiqətən də qəzalı vəziyyətdədir, bu, onları bərpa etməyə imkan verməyəcək. Yəqin ki, sökülüb yerində yeni binalar tikiləcək.
Oqtay Şirəliyev yola salınır – SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI
Səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad olunacaq.

Bu barədə Gununsesi.org-a Səhiyyə Nazirliyindəki mənbədən məlumat daxil olub.

Xəbərə görə, dünən Prezident Administrasiyasına çağrılan nazir bu gündən etibarən məzuniyyətə çıxıb. Oqtay Şirəliyevin ilk məzuniyyət günü iş otağındakı şəxsi əşyalarının daşınması da diqqəti çəkib.

Nazirin artıq geri dönməyəcəyi barədə fikir qətiləşib.

Qeyd edək ki, yeni baş nazir təyinatından sonra Gununsesi.org bəzi hökumət üzvlərinin də yola salınacağını yazmışdı.