Son xəbərlər

Gələn il pensiyaların məbləği bu qədər olacaq
"Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır".

Bunu oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədəki çıxışında Əmək və Əhalinin Müdafiəsi naziri Sahil Babayev bildirib.

Minimum əmək pensiyasının 200 manata çatdırıldığını vurğulayan S. Babayev qeyd edib ki, bununla da ölkəmiz minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə isə ölkəmiz MDB məkanında ilk ikilikdə qərarlaşa bilər.

Bu ərazilərdə qaz olmayacaqOktyabrın 18-də səhər saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Nərimanov rayonu, Çermet qəsəbəsi, Z.Bünyatov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, M.Sənani və akademik Həsən Əliyev küçələrində qaz təminatında fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Ölkə.Az"a verilən məlumata görə, saat 10:00-dan 16:00-dək isə təmir işlərinin aparılmasına görə Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında müvəqqəti dayandırmalar olacaq.

Bundan başqa bu gün saat 10:00-dan başlamaqla Qaradağ rayonu, Bakı-Salyan şosesinin 70-ci km-də Bakı-Ələt yolunun sağ tərəfində yerləşən və Xəzər rayonu, Bakı-Mərdəkan-Qala yol ayırıcının cənub qərb hissəsində yerləşən yanacaq doldurma məntəqələri üçün çəkilmiş qaz xətləri mənbəyə birləşdiriləcək. Bu müddət ərzində Qaradağ rayonu Ələt qəsəbəsi, Kötəl Şıxlar yaşayış massivi, Xəzər rayonu “Stansiya Qala” və Mərdəkan bağları yaşayış məntəqələrinin qaz təchizatında fasilələr yaranacaq.

Bu küçə 4 gün bağlı olacaq
Aparılan təmir işləri ilə əlaqədar olaraq oktyabr ayının 17-dən 18-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi və Tbilisi prospekti arasında yerləşən hissəsində də avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bununla da Şəfayət Mehdiyev küçəsinə Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri, həmçinin Tbilisi prospekti istiqamətindən giriş bağlanacaq.

"Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Alternativ olaraq sürücülər Hüseyn Cavid və Həsən bəy Zərdabi prospektlərinfən, Əhməd Cəmil, Akademik Zahid Xəlilov, Həsən Məcidov, General Akim Abbasov və Əbdulvahab Salamzadə küçələrindən, həmçinin sözügedən küçə və prospektlərə birləşən yollardan istifadə edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik".

1000 manatdan çox maaş alan müəllimlərin sayı nə qədərdir?"Cəmiyyətdə müəllim peşəsinin nüfuzunun genişlənməsi nazirliyimizi sevindirən ən böyük uğurdur. Bu sahədə kompleks tədbirlər davam edir".

"Ölkə.Az" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, əməkhaqqının artırılması nəticəsində müəllimlərin orta əməkhaqqı 600 manat olub. Dərs yükündən asılı olaraq daha yüksək əməkhaqqı alan müəllimlərin sayı kifayət qədərdir.

"1000 manatdan çox maaş alan müəllimlərin sayı 5 mini ötüb. Yay aylarında keçirilən işə qəbul kampaniyasında elektron qaydada 55 min müəllim iş üçün müraciət edib. Bölgələrdə vakansiyaların 100 faizə yaxını təmin olunub. 5 abituriyentrdən 4-ü ixtisas seçimində müəllim peşəsini seçib. Bundan başqa, ölkə üzrə 300-ə yaxın məktəb direktoru təyin edilib. İntizam qaydalarına riayət etməyən 6 direktor işdən azad edilib. 7 halda ciddi pozuntular olduğuna görə onlar hüquq-mühafizə orqanalrına təhvil verilib. 80 məktəb direktorunun müqavilə müddətinin uzadılmaması ilə bağlı qərar qəbul olunub".


Oktyabrın 14-15-də Kür çayının Neftçala rayonundan keçən hissəsi balıqların ovlanması üçün qurulan sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənib.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə ETSN-nin Regional ekologiya idarəsinin rəisi Kənan Kərimli deyib.

O bildirib ki, aksiyalar digər su hövzələrində də davam etdirilir.

“Qadağan olunmuş alətlərlə balıq ovlanması təbiətimizə qarşı düşmənçilikdir, sivil ov qaydalarına ziddir. Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, su hövzələrinin ətrafında yaşayan sakinləri belə balıq ovlayan qohumlarını, qonşularını bu işlərdən çəkindirməyə çağırırıq. Hesab edirik ki, ictimaiyyətin tənbehi onların cəzalandırılmasından daha təsirli olar.
İctimaiyyət nümayəndələrindən, həvəskar balıqçılardan xahiş edirik ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə bizə və hüquq-mühafizə orqanlarına məlumat versinlər”, – deyə idarə rəisi əlavə edib.

Nazir: “Gələn il pensiyalar yenidən artırılacaq”
“İindeksasiya nəticəsində gələn ildən etibarən ölkədə əmək pensiyaları bir daha artırılacaq və bu artımın nəticəsi olaraq əlavə 475 milyon manat vəsaitin vətəndaşlarımıza ödənilməsi planlaşdırılır”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə çıxışı zamanı deyib.

O bildirib ki, 114 milyon manat məcburi sosial sığorta haqları hesabına verilən müavinətlər qismində vətəndaşlara ödəniləcək.

Nazir qeyd edib ki, dövlət büdcəsinin öhdəlikləri bu il də balanslaşdırılmış büdcə modeli üzərində qurulduğundan transfertin həcmi ciddi şəkildə azalıb: “Ötən il əhaliyə ödənişlər 1,1 milyard manat artdığı təqdirdə, transfertə cəmi 89 milyon manat ayrılıb. Bu da onu göstərir ki, 1 milyard manatdan artıq vəsait məhz Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması hesabına qarşılanıb və büdcə üçün əlavə bir yük yaratmayıb”.

Nazir deyib ki, hazırlanan proqnozlar əsasında gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artımına və orta aylıq pensiya məbləğinin 293 manata çatdırılması planlaşdırılır: “Aparılan optimallaşma, eyni zamanda, əsassız əldə edilən pensiyaların ləğvi nəticəsində artıq cari ilin 9 ayı ərzində 99 milyon manata qənaət edilib ki, növbəti dövrlər ərzində də bu məbləğ daha da artacaq və əmək pensiyalarının davamlı şəkildə artımı təmin ediləcək”.

S.Babayev minimum əmək pensiyasının 200 manata çatdırıldığını, bununla da ölkəmizin MDB məkanında alıcılıq qabiliyyəti indeksi üzrə birinci yerdə olduğunu bildirdi. Nazir qeyd edib ki, orta aylıq pensiya alıcılıq qabiliyyətində də ölkəmiz MDB məkanında ilk ikilikdə qərarlaşa bilər.


“Özünüməşğulluq layihələri ilə bağlı Dünya Bankı ilə danışıqlar yekun mərhələdədir. Bu ilin sonunadək hökumətə kredit sazişi layihəsi təqdim olunacaq. Növbəti ildə Dünya Bankının şurasında onun təsdiqi nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə çıxışı zamanı deyib.

“Dünya Bankının prosedurlarını nəzərə alsaq, real aktivlərin alınması mərhələsinə ilin sonunda çatacağıq. Ona görə də növbəti il Dünya Bankının payını 1000-2000 ailə olaraq qiymətləndiririk. Amma ondan sonrakı illər ərzində sabit olaraq 5 min ailə Dünya Bankı tərəfindən maliyyələşdiriləcək. Eyni zamanda, bu xərclərin strukturunda məşğulluq layihələri üzrə müxtəlif aktiv məşğulluq tədbirlərinin təşkili nəzərdə tutulub. Bu ildə planımız yüz min nəfərin işə düzəldilməsi idisə, gələn il üçün bu rəqəm 130 minə çatdırılacaq”- deyə nazir bildirib.

S.Babayev əlavə edib ki, haqqı ödənilən ictimai işlər proqramının davam etdirilməsi nəzərdə tutulub: “Eyni zamanda, iri dövlət şirkətlərində yaradılan müvəqqəti ictimai işlər proqramı da davam etdiriləcək. Dünya Bankı ilə yanaşı, BMT İnkişaf Proqramı ilə də özünüməşğulluq proqramı çərçivəsində işlərin davam etdirilməsi nəzərdə tutulur və əlavə 500 nəfər BMT İnkişaf Proqramının xətti ilə maliyyələşdiriləcək”.

O vurğulayıb ki, BMT İnkişaf Proqramı layihənin icrasına nəzarəti təmin edir: “Bizim üçün də çox gözəl təcrübədir ki, ən müsbət beynəlxalq təcrübəni gətirərək bu layihəni müxtəlif rayonlarda icra edirlər. Biz də onların müsbət təcrübəsini digər rayonlarda özümüz tətbiq edirik. Peşə hazırlığı üzrə gələn ilin proqnozu 5 min nəfəri əhatə edəcək. Bizim mövcud peşə mərkəzlərimizdən əlavə iki peşə mərkəzinin tikintisi də buraya daxildir. Orta məktəblərin son siniflərinin şagirdləri üçün peşəyönümü məsləhətləri proqramlarının genişləndirilməsi və 150 min şagirdi əhatə etməsi nəzərdə tutulub.

Ümumilikdə, İşsizlikdən Sığorta Fondunun və Dövlət Sosial Müdafiə Fondunun xərcləri çərçivəsində DOST mərkəzləri şəbəkəsinin maliyyələşdirilməsi də nəzərdə tutulub. Bu il əlavə iki mərkəzin açılması və növbəti ildə əlavə yeddi mərkəzin fəaliyyətə başlaması, həmçinin onların saxlanma xərcləri də məhz Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun vəsaitləri hesabına qarşılanacaq. Bu da imkan verəcək ki, dövlət büdcəsinə əlavə yük yaratmadan ümumilikdə idarəetmə xərclərinin optimallaşmasına nail olaq”.

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 15 oktyabr 2019-cu il tarixdə hüquq-mühafizə orqanlarının və idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Qaraməmmədli kənd sakinləri ilə görüşüb, 59 nəfər sakin fərdi qaydada dinlənilib, qaldırılan məsələlər barədə aidiyyəti təşkilat rəhbərlərinə göstərişlər verilib. Səyyar görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Nəsir Muxtarlı iştirak edib.
  Ölkədə həyata keçirilən uğurlu isahatlardan danışan RİH başçısı qarşıya qoyulmuş məqsədlər və görüləcək işlərə nəzərə çatdırıb.  Bildirib ki, ən vacib məsələ olan əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində islahatlarda xidmət təşkilatları yaxından iştirak etməli, səy və bacarıqlarını artırmalıdırlar.
  Administrasiyanın sektor müdiri Nəsir Muxtarlı ölkə başçısının zələzələnin nəticələrinin aradan qaldırılması istiqamətində rayon əhalisinə göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd edib ki, qaldırılan məsələlərin hər biri rayon rəhbərliyinin nəzarətindədir və müəyyən olunmuş müddətlərdə həllini tapacaqdır.
  Səyyar qəbulda müraciətlərin əksər hissəsi zəlzələ nəticəsində ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı olub. Vətəndaşlara izah olunub ki, zəlzələninin nəticələrinin aradan qaldırılması ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən rayon ərazisində evlərə baxış keçirilmiş, verilmiş rəylərə müvafiq olaraq işlər icra olunacaqdır. Bundan əlavə sakinlər tərəfindən kəndin əkin sahələrini suvarma suyu ilə təmin edən Ağsu çayından kəndə gələn su kanalının yeni layihə əsasında çəkilməsi, həyətyanı torpaq sahəsinin verilməsi, kənd kənarında olan zibil tullantılarının təmizlənməsi, məktəbin həyətyanı sahəsinin abadlaşdırılması, fərdi yaşayış evinə kommunikasiya xətlərinin çəkilməsi, örüş sahəsinin ayrılması, kəndin adını bildirən lövhənin yerləşdirilməsi, kənd yolunun təmir edilməsi  və sair məsələrlə bağlı təkliflər səsləndirilib, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Məktəbin həyətinin abadlaşdırılması, tullantıların götürülməsi və kəndin adını bildirən lövhənin yerləşdirilməsi ilə bağlı məsələlər yerində həll edilib.
  Görüş səmimi və diskusiya şəraitində keçib, sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Azərbaycanda süni qaydada yetişdirilən kiçik balıqlar dənizə çatmadan qanunsuz balıq ovu edənlər tərəfindən məhv edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi cəmiyyəti bu kimi təbiət düşmənlərinə qarşı birgə mübarizə aparmağa səsləyir. Qanunsuz balıq edənləri isə böyük məbləğdə pul cəriməsi və hətta həbs cəzası gözləyir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyacan təbili çalır.

Sintetik torlar və elektrik cərayanı ilə balıq ovu edilyindən nəyinki balıqlar hətta sudaki bütün canlılar məhv edilir. Proses kütləvi hal aldığından onun təbiyyətə vurduğu ziyan hesaba gəlməyəcək qədər böyükdür.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə bu hal cinayət əməli sayılır və onun edənlər qanunvericiliyə uyğun olaraq ən sərt formada cəzalandırılacaq. Çünki həmin sintetik torlar kəsici və deşiklərinin ölçüsü kiçik olduğundan hətta ən kiçik balıqlarda ordan keçərkən yaralanır və tələf olurlar.

Nazirlik tərəfindən bu kimi hallara qarşı mübarizə gücləndirilib və su hövzələrinə və sahilyanı zonalara nəzarət gücləndirilib…

Qanunsuz balıq ovu ilə məşğul olanları isə 5 min manata kimi cərimə və 7 ilə qədər həbs cəzası da gözləyir.


Məlum olub ki, çoxsaylı vətəndaşlara siyahıyaalınma ilə bağlı heç bir rəsmi müraciət edilməyib

Bu il oktyabrın 1-dən 10-dək həyata keçirilən siyahıyaalmada xeyli insanın prosesdən kənarda qaldığı müəyyənləşib. Məlum olub ki, çoxsaylı vətəndaşlara siyahıyaalınma ilə bağlı heç bir rəsmi müraciət edilməyib.

Azərbaycanda əhalinin siyahıya alınması 10 ildən bir həyata keçirilir. Hazırkı siyahıya alma ölkə müstəqil olandan sonra üçüncüdür. Proses 2019-cu il oktyabrın 1-dən başlayıb.

Bu iş üçün büdcədən 21 milyon manat vəsait ayrılıb. Yaş, təhsil, milli mənsubiyyət və bir çox digər təfərrüatlarla bağlı 52 sual hazırlanıb. 34 min nəfərə yaxın sorğu həyata keçirən könüllü işə cəlb olunub ki, bütün Azərbaycanda evləri gəzib, sakinləri danışdırsınlar və məlumatları qeyd etsinlər.

Siyahıyaalma oktyabrın 10-na qədər davam etməli idi. Amma sonra müddət oktyabrın 15-nə qədər uzadıldı.

Sosial şəbəkədə keçirilən sorğular, aparılan müşahidələr isə onu göstərir ki, çox adam bu prosesdən tam kənar qalıb. Məsələ ilə bağlı həyəcan təbili çalanlardan biri də “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu olub. “Yeni Müsavat” xəbər verir ki, R.Arifoğlu bu mövzu ilə bağlı yazdığı statusla 5000 nəfərə yaxın dost qrupuna belə müraciət edib: “Biz bu xalqdan deyilikmi? Dövlət Statistika Komitəsinin siyahıyaalması başa çatdı. Çevrəmdəki bütün insanlara, qohum-qardaşa, qəzet çalışanlarına, redaktorlara – qarşıma kim çıxırsa, soruşdum: ”Sizi siyahıya aldılarmı?”

Cavab 90 % “yox” oldu! Məni də almadılar! 5 nəfər ailə üzvlərimlə birlikdə. Lütfən, buraya yazın, sizləri və yaxın ətrafınızı siyahıya aldılarmı?”

Bu statusa yazılan bəzi cavabları sizlərə təqdim edirik: 

Astroloq Səbuhi Rəhimli: “Bizə blank verdilər ki, doldurun, sabah gəlib götürəcəyik. 2 həftə keçib, gələn yoxdur”.

Aparıcı-jurnalist Vüsalə Məmmədova: “Votsapla şəxsiyyət vəsiqəmin nömrəsini istədilər. Bundansa DSK bir post yazardı, like edərdik, sayımız bilinərdi”.

Redaktor Zülfüqar Hüseynzadə: “Görünür, Statistika Komitəsinin də ”qara siyahısı” var. Bizi də itirib axtaran olmadı”.

Media eksperti, yazar-ekspert Azər Həsrət: “Bizim evdə daim adam olsa da qapımızı döyən olmadı. 4 nəfər ailə üzvümüzlə birlikdə siyahıdan kənarda qaldıq”.

Jurnalist Ülkər Abdullayeva: “Vallah, bizi də sülaləcə   qeydə almayıblar. Ölkənin az qala 1/100-i bizim ailənin qohum-əqrəbasıdır, hansından soruşuruq, deyirlər gəlib soruşan olmayıb. İşdə də 40 nəfərlik kollektivdən yalnız biri deyir ki, onları siyahıya alıblar…”

Redaktor Tapdıq Abbas: “Tam doğrudur, redaksiyada çalışan 21 nəfər əməkdaşın yalnız 4-nün evinə gəliblər. Bundan əlavə, əlaqədə olduğumuz insanların 10/8-i siyahıya alınmayıb! Ölkədə siyahıyaalma normal keçməyib və növbəti böyük bir saxtakarlıq baş verib!”

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov hələ siyahıyaalmanın ilk günü, oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında demişdi ki, bütün ölkə üzrə əhalinin siyahıyaalınması aparılır. Siyahıyaalma zamanı həm mənzil fondu, həm də əhali siyahıya alınır. O, əlavə etmişdi ki, ölkə başçısı tərəfindən 2016-cı il sentyabrın 7-də “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərman imzalanıb. Sözügedən fərmanın icrasını təmin etmək məqsədilə “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli Qərarı ilə həm Dövlət Statistika Komitəsinin, həm də digər dövlət qurumlarının üzərinə düşən vəzifələr müəyyən olunub və həmin qərara uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən müvafiq hazırlıq işləri görülüb.

Ekspertlər isə hesab edir ki, siyahıyaalınma zamanı heç bir ev təsərrüfatı, vətəndaş ondan kənarda qalmamalıdır. Onların fikrincə, Dövlət Statistika Komitəsi ilin 365 günü hansı peşəkarlıqla işləyirsə, son 25 ildə fəaliyyətini hansı keyfiyyətdə qura bilibsə, 10 ildən bir keçirilən ölkəmiqyaslı tədbiri də eyni keyfiyyətdə alınır. Aşağı bilikli və zəif peşəkarlıqlı birisindən işdə, həyatda, hər halda, yüksək performans gözləmək yersizdir.

Hər 10 ildən bir Azərbaycanda əhalinin siyahıya alınması keçirilir. Bu il oktyabrın 1-dən etibarən əhalinin siyahıya alınmasına başlanılıb və ötən gün bu prosesin ilkin mərhələsi yekunlaşıb. Siyahıyaalınma ilə bağlı son vəziyyət haqda Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur ki, sayıcılar vətəndaşların ünvanlarına getmələrinə baxmayaraq, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilmirlər.

Bildirilir ki, belə olan halda siyahıyaalmanın aparılması qaydalarına uyğun olaraq, əvvəlcədən müəyyənləşdirildiyi kimi, sayıcılar tərəfindən həmin şəxslər üçün “Evdə çətin tapılan şəxslərə məktub” adlı sənəd tərtib edilir və ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilir. Həmin bildirişdə qeyd olunan ünvanda sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi və sayıcı ilə əlaqə saxlanılıb bu barədə məlumat verilməsi xahiş edilir.

“Yeni Müsavat” qəzetinin iqtisadiyyat yazarı Dünya Sakit  açıqlamasında bildirdi ki, bu, təkcə quru statistik siyahıya alma deyil. Onun sözlərinə görə, burada söhbət həm fərdlərin qeydə alınmasından, həm də ailə təsərrüfatlarının müayinəsindən gedir: “Sorğu blankında qoyulan çoxsaylı suallar var ki, onları hansısa bir müəllimin öz şagirdlərinin valideynləri haqda topladığı məlumatlarla doldurmaq mümkün deyil. Bu siyahıyaalmanın nəticələri çox geniş şəkildə təhlil olunacaq. Çoxsaylı istiqamətlər üzrə buraxılışlar hazırlanacaq. Belə çıxır ki, bu qədər insan ki, siyahıya alınmayıb, heç bir sorğu aparılmayıb, onların hamısı haqqında doğru olmayan məlumatlar həmin buraxılışlara daxil ediləcək”.

Müsahibimiz hesab edir ki, 10 milyon əhalisi olan ölkə üçün 10 günlük müddət çox az idi: “Xüsusilə Bakı şəhərində əhalinin sıx şəkildə məskunlaşdığını nəzərə alanda bu müddəti çox götürmək, mümkün qədər daha çox insanı əhatə etməsinə çalışmaq lazım idi. Əlbəttə, 100 faizlik nəticə heç bir ölkədə əldə olunmur. Amma düşünmürəm ki, Azərbaycandakı qədər də aşağı nəticə haradasa olsun. Təəssüf ki, Statistika Komitəsi bu siyahıyaalmanın nəticələrini bəri başdan şübhə altına aldı”.