Son xəbərlər

Bu rayonda qaz olmayacaqOktyabrın 10-da saat 10:00-dan işlər başa çatanadək Samux rayonunun 4 yaşayış məntəqəsinin qaz təminatında fasilələr olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Ölkə.Az"a verilən məlumata görə, bu müddət ərzində “Samux Əhali” ölçü qovşağından qidalanan qaz xətlərində texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı işlər icra olunacaq.

Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin mütəxəssis və əməkdaşları tərəfindən ölkə ərazisini yüksək patogen "quş qripi"ndən qorumaq məqsədilə xəstəliyə qarşı 2019-cu ilin sonu 2020-ci ilin əvvələrində epizotoloji monitorinqlər keçiriləcək.

Agentlikdən "Ölkə.Az"a verilən məlumata görə, monitorinqlər köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadasında, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikamızın dənizsahili zonalarında aparılacaq.

Monitorinq aparılan müddətdə sənaye əsaslı iri quşçuluq müəssisələrində, həyətyanı və kommersiya tipli quşçuluq təsərrüfatlarında saxlanılan müxtəlif növ ev quşlarından diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub. 

Azərbaycanda əmək pensiyaçılarının sayı açıqlandıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sahələri üzrə elektron əsaslar üzərində proaktiv yönümlü xidmətlərin tətbiqi işlərinin əhatə dairəsi daha da genişləndirilir.

Nazirlikdən verilən məlumata görə, bu işlər çərçivəsində nazirlik xüsusi şərtlərlə pensiya təyinatı sisteminin də avtomatlaşdırılması istiqamətində işlərə başlayıb.

E-sistem işə salınandan sonra xüsusi şərtlərlə pensiya təminat hüququ yaranan vətəndaşların (hərbi və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və b.) da bu hüquqları yarandığı gün pensiya təyinatları heç bir yerə müraciət edilmədən və sənəd təqdim olunmadan, e-qaydada reallaşdırılacaq.

Ölkəmizdə cari ilin əvvəlindən ilk proaktiv xidmət olaraq pensiyaların elektron qaydada təyinatına başlanıb. Avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi vətəndaşa pensiya hüququ yarandığı gündə e-qaydada pensiya təyin edilməsinə, bu sahədə məmur-vətəndaş təması olmadan, tam şəffaf xidmətin həyata keçirilməsinə imkan verib.

Səhiyyə naziri qriplə bağlı əmr imzaladıSəhiyyə naziri Oqtay Şirəliyev “2019-2020-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” Əmr imzalayıb.

Səhiyyə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, sənəddə 2019-2020-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədi ilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılmasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsinin təmini göstərişləri Əmrdə əks olunub.

Əmrdə eyni zamanda, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması, Respublikanın şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində, habelə tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayətin gücləndirilməsi kimi əhəmiyyətli göstərişlər də verilib.

AQTA-nın şöbə rəisi işdən çıxarıldıAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Tovuz Regional Şöbəsinin rəisi işdən çıxarılıb.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, Rauf Əlizadə tutduğu vəzifədən azad edilib, onun əvəzinə Samir Əliyev bu vıəzifəyə təyinat alıb.

Qeyd edək ki, S.Əliyev bundan əvvəl AQTA-nın Gəncə Regional Şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.

Təhsil Nazirliyi Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynovanın müəllimlərdən  pul yığması ilə bağlı iddianı araşdırıb.

Minval.info xəbər verir ki, bu gün nazir müavini Məhəbbət Vəliyeva və nazirlik nümayəndələri məktəbdə olub.

Məlum olub ki, təhsil müəssisəsinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğu üçün yeni binanın tikintisi zamanı tədris prosesinin başqa binada keçirilməsinə icazə verilib. Binanın daşınma və icarə haqları dövlət tərəfindən ödənsə də, məktəbin direktoru Bəsti Hüseynova icarə haqqı adı ilə müəllimlərdən vəsait toplanması üçün göstəriş verib.

Məhəbbət Vəliyevanın sözlərinə görə, hazırda araşdırma aparılır və bu müddət ərzində nazir Ceyhun Bayramovun əmri ilə direktor tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bu adların qoyulması qadağan edildiSentyabr ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 68 müraciətə baxılıb.

"Ölkə.Az"ın məlumatına görə, bu barədə Xezer TV-yə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 22 adın körpələrə qoyulması tövsiyə edilməyib və valideynlərin həmin adları övladlarına qoymaq cəhdlərinin qarşısı alınıb: "Küheyl, Sofu, Saida, Əliyənaqi, Əliyənvəluyullah, Kapitalina, Həzrətəli, Meysəm, Ezel, Sada, Rina, Füruri, Sülhe, Nəroğlan, Ülya, Əliaçıq, Nağdı, Çiçəklən, Yaxşıtəhər, Qulfallah, Fatehsultan adlarının qoyulmasına müsbət cavab verilməyib. Ümumiyyətlə, bu adların uşaqlara qoyulması qadağan edilib”.

S.Sadıqova əlavə edib ki, ötən ay bir neçə yeni adların (Şahəddin, Nəyyur, Uyqunə, Nurruh, Tamər, Aiza və s.) adlarının qoyulmasına isə icazə verilib. (azxeber.com)

Sürücüləri 50 manat cərimə gözləyirSərnişin avtobuslarından biri qara tüstü buraxıb. Bununla bağlı video çəkilərək votsap nömrəmizə göndərilib. Məlum olub ki, həmin avtobusda xəttə çıxandan sonra nasazlıq yaranıb.

"Ölkə.Az" xəbər verir ki, görüntülər 2 gün əvvəl Bakı-Sumqayıt yolunda çəkilib. Kadrlardan aydın olur ki, üzü şəhər istiqamətində hərəkət edən və 159 saylı xəttə aid olan avtobusda ciddi nasazlıq var. Bu səbəbdən marşurutdan çıxan qara tüstü ətrafa yayılır.

Araşdırma zamanı məlum oldu ki, həmin avtobuslar metronun ''20 Yanvar'' stansiyasından Sulutəpə qəsəbəsinə sərnişin daşıyırlar. Həmin xəttə işləyən sürücülərin dediyinə görə, avtobuslar mütəmadi olaraq texniki qulluqdan keçirilir.

Avtobusdan çıxan qara tüstünün səbəbini öyrənmək üçün daşıyıcı şirkətlə əlaqə saxladıq. Kalon rəisi Mahir Quliyev həmin faktdan xəbərdar olduqlarını bildirdi. Həmin avtobusla bağlı tədbir gördüklərini dedi.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, nəqliyyat vasitələrinin ekologiyanı bu formada çirkləndirməsi yolverilməzdir. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, ekologiyanı çirkləndirən nəqliyyat vasitələri 50 manat məbləğində cərimələnə bilər.

Çörəyin inanılmaz fəsadları — Alim AÇIQLADIAlimlərin son illərdə apardığı araşdırmalar göstərir ki, çörək zərərlidir. Çünki onun tərkibində orqanizm üçün faydalı olan maddələr yoxdur. Emal olunmuş buğda unu maya ilə birləşərək, bütün faydalı xassələrini itirir, odur ki, faydalı sayıla bilməz. Buna görə də bir çox qidalanma mütəxəssisləri insanları çörəkdən imtina etməyə səsləyir. Daim ağ undan hazırlanmış çörək və s. un məmulatları yeyən insanda piylənmənin, mədə-bağırsaq sistemi xəstəliklərinin və s. pozulmaların riski artır. Təzə yumşaq çörək pis həzm olunur, bir çox hallarda köp yaradır.

"Ölkə.Az" xəbər verir ki, başqa bir araşdırmada isə məlum olub ki, uzun illər karbohidratlardan imtina etmək ürək xəstəliyi riskini 20 faiz artırır!

Ürək sağlamlığı baxımından düzgün qidalanma və fiziki aktivlik əhəmiyyət daşıyır. Arıqlamaq üçün özünü bir çox faydalı məhsullardan məhrum etmək, səhv qidalanmaq ürək sağlamlığına mənfi təsir göstərə bilər.

Türkiyəli kardioloq, professor Müzəffər Değertekin ötən günlərdə aparılan Avropa Kardioloji Cəmiyyətində açıqlanan məlumatların detallarından danışıb. Fransanın paytaxtı Parisdə keçirilən Avropa Kardioloji Dərnəyinin toplantısında iştirak edən professor bildirib ki, karbohidratdan imtina və tez-tez arıqlayıb kökəlmək ürək ritmlərinin pozulmasına gətirib çıxarır:

"Dərnəyin iclasında 30 minə yaxın həmkarımız son prosesləri qiymətləndirib. Son aparılan tədqiqatlarda təxminən 450 min nəfər iştirak edib, 25 min adamın həyat və qidalanma tərzi isə təxminən 10 il boyunca təqib edilib. Təqib zamanı xəstələr qidalanma vərdişləri, karbohidrat və yağ istifadəsinə görə 4 qrupa ayrılıb. Məlum olub ki, normal çəkiyə düşdükdən sonra aşağı karbohidratlı pəhrizə davam edən insanlarda ürək xəstəliyi riski 20 faiz daha yüksəkdir. Qısa müddətlik karbohidratlardan imtina etmək faydalıdır, ancaq 10 il davam etməsi ürək xəstəliklərinə yol açır".

Professorun sözlərinə görə, həddən artıq karbohidrat istifadəsi də zərərlidir:

"Karbohidrat məhsulların istifadəsi nəzarət altında olmalıdır, amma tamamilə imtina etmək doğru deyil. Tədqiqatlar göstərir ki, karbohidratdan istfadə gündəlik 200 qramdan aşağı olmamalıdır.

Fiziki aktivlik xüsusilə mühümdür. Fiziki aktivlik nə qədər yüksək olsa da, metabolizm o qədər sürətlənir. Bu, həm də ürək xəstəliklərinin yaranması riskini minimuma endirir. Eyni zamanda doymuş yağların və siqaret istifadəsi məhdudlaşdırılmalıdır. Bunlardan başqa, məşq və balanslı bəslənməyə diqqət etmək lazımdır.

Köklük ciddi bir sağlamlıq problemidir, lakin tez-tez kökəlib arıqlamaq da ürəyə mənfi təsir göstərir. Köklük uzun müddət davam edərsə, ürək xəstəliyi riski daha çox artır. Xüsusilə tez-tez və sürətlə kökəlib arıqlayan insanlarda ürək ritm pozğunluqları meydana çıxır. Bu ritm problemi infarkta səbəb olur. Odur ki, çəkini stabil saxlamaq və qidalanmaya nəzarət etmək vacibdir. Uzun illər boyu piylənmədən əziyyət çəkənlərdə ürək xəstəliyi riski daha yüksəkdir. Şok pəhrizlər bir miqdar təsirli olsa belə ürək ritminə mənfi təsir edir".

200 qram karbohidrat nəyə uyğun gəlir?

6 dilim çörək, 1 porsiya tərəvəz yeməyi, 1 porsiya qatıq, 2 çay qaşığı bal, 1 kasa şorba, 1 porsiya souslu makaron, 2 ədəd qalet;

2 qab salat, 1 porsiya tərəvəz yeməyi, 1 kasa şorba, 5 dilim çörək, 2 porsiya süd və ya qatıq, 2 porsiya meyvə, 4 yemək qaşığı plov, 1 ədəd qalet;

2 qab salat, 2 porsiya tərəvəz, 1 porsiya şorba, 3 porsiya meyvə, 2 porsiya süd və ya qatıq, 4 incə dilim çörək, 4 yemək qaşığı plov və ya makaron.

Qeyd edək ki, ən faydalı çörək emal olunmamış, təmizlənməmiş buğdadan hazırlanır. Belə çörəkdə buğdanın bütün faydalı xüsusiyyətləri saxlanılır.

Arpa unundan və ya arpa ilə buğda unların qarışığından hazırlanmış çörək də çox faydalıdır. Buğda kəpəyi əlavə olunmuş çörək də çox faydalıdır. Kəpək mədə-bağırsaq sisteminə müsbət təsir edir, qəbizliyin qarşısını alır, orqanizmdən ziyanlı maddələri xaric edir. (publika.az)


Millət vəkili Qənirə Paşayeva Milli Məclisin payız sessiyasının ilk iclasında təhsil kreditləri haqqında qanunun qəbul olunmasına çağırıb.

Axar.az xəbər verir ki, millət vəkili maddi imkanlarının aşağı olması üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə çıxılmaz vəziyyətlə üzləşən, xüsusilə rayonlardan, kəndlərdən olan gənclərin sayının artdığını deyib.

“Çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını qarşılamaqda çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Bu il Tovuzdan ali məktəblərə daxil olan 15 gənc təhsil haqqını ödəyə bilmədikləri üçün oxumaqdan vaz keçmək istəyib. Öz imkanlarımız hesabına, müəyyən imkanlı şəxslərə və qurumlara müraciət etməklə həmin gənclərin təhsil haqlarının ödənişinə nail olduq. Təhsil haqqının ödənişi ilə yanaşı yataqxanaların sayının azlığı səbəbindən ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalaraq oxumalıdır. Kasıb, gəlirləri aşağı ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edilər ki, bu da bizi ciddi narahat etməlidir. Biz kasıb, gəlirləri aşağı olan ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərməliyik. Çünki bəzi ailələr orta məktəbdə nə qədər yaxşı oxusa da, bu qədər çətinliyi görüb övladlarına ali təhsil verməkdən vaz keçirlər. Bu cür insanların sayının artması bizi ciddi narahat etməlidir”.

Millət vəkilinin sözlərinə görə, təhsil kreditlərinin yüksək səviyyədə öz həllini tapması da bu cür ailələrin sayının artmamasına kömək edə bilər.

Q.Paşayeva Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın fiziki və sağlamlıq imkanları məhdud şəxslərə, əlillərə yüksək diqqət və qayğı ilə yanaşdıqlarını xatırladaraq, oxumaq arzusunda olan III qrup əlillərin təhsil haqqından azad edilməsi barədə müraciətləri ilə bağlı müvafiq qurumlara və MM-ə çağırış edib.