Son xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına və 1 aprel 2020-ci il tarixli Sərəncamına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən avqust və sentyabr ayları üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 22 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 161 nəfər könüllüyə mükafat ödənilib.

Agentlikdən Axar.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib. Qərara əsasən özəl tibb müəssisələrində çalışan 9 nəfər tibb işçisinə avqust ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 19 min manat məbləğində, 13 nəfər tibb işçisinə isə sentyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 24 min manat məbləğində müddətli əlavə ödənilib. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, 66 nəfər könüllüyə avqust ayı üzrə ümumilikdə 16.5 min manat, 95 nəfər könüllüyə isə sentyabr ayı üzrə ümumilikdə 23.5 min manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Sentyabrın sonuna TANAP ilə Türkiyəyə 7 milyard kubmetr qaz nəql edilib

Bu ilin sentyabr ayının sonuna Trans-Anadolu Boru Qaz Kəməri (TANAP) ilə Türkiyəyə 7 milyard kubmetr təbii qaz tədarük edilib.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fath Dönməz bildirib.

Onun sözlərinə görə, illik 32 milyard kubmetr təbii qaz tədarükünü həyata keçirmək gücündə olan TANAP Cənub Qaz Dəhlizinin onurğa sütunudur: “Bu kəmərlə Türkiyəyə sentyabr ayının sonuna qədər təxminən 7 milyard kubmetr qaz tədarük həyata keçirilib”.

Türkiyəli nazir bildirib ki, TANAP-ın Avropaya qaz tədarük edəcək hissəsində işlər tamamlanıb: “Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istifadəyə verilməsindən sonra Avropaya illik 10 milyard kubmetr Azərbaycan qazı tədarük ediləcək”.

Xatırladaq ki, Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi, Cənub Qaz Dəhlizinin bir seqmenti olaraq, Xəzər Dənizində Azərbaycana aid olan “Şahdəniz” qaz yatağından hasil olunan təbii qazı Türkiyə və Avropaya nəql edir. Ana xəttinin uzunluğu 1 850 kilometr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Ardahan bölgəsindən başlayaraq, Ardahan, Qars, Erzurum, Erzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Edirne daxil olmaqla 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçir, Türkiyənin Yunanıstan ilə sərhədində Edirnenin İpsala qəsəbəsində sona çatır. Bu nöqtədə Avropa ölkələrinə təbii qaz nəql edəcək TAP Təbii Qaz Boru Kəmərinə birləşir. Eskişehir və Trakyada Türkiyənin ölkədaxili təbii qaz ötürücü şəbəkəsinə bağlanmaq üçün iki çıxış nöqtəsi var.

Cənub Qaz Dəhlizi 3 500 km uzunluğunda olan üç boru kəmərini birləşdirir. Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəmərlərində bütün tikinti işləri artıq başa çatıb. Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qaz bu boru kəmərləri vasitəsi ilə artıq Türkiyə bazarına çatdırılır və bu ilin sonundan etibarən Avropa bazarlarına da daşınması planlaşdırılıb.

Dünyada günəbaxan toxumu ilə təchizat çətinləşir

Rusiya və Ukraynada yağışların azalması günəbaxan toxumu istehsalına mənfi təsir edib. Bu da sözügedən məhsulla qlobal miqyasda təchizatı çətinləşdirir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin hesabatında bildirilir.

Sənədə əsasən, bu ay bütün dünyada 3,8 milyon ton günəbaxan toxumu istehsal ediləcək. Bu isə noyabr ayı üçün proqnozdan 1,5 milyon ton azdır.

Qeyd edək ki, Rusiya və Ukrayna günəbaxan yağının istehsalında və təchizatında da aparıcı mövqeyə malikdir. İki ölkədə bazar payı təxminən 75%-dir.

Azercell həmvətənlərimizlə qələbə sevincini bölüşür!

2020-ci il noyabr ayının 10-u bütün Azərbaycan xalqının yaddaşında əbədi həkk olundu. Şanlı Azərbaycan ordusu Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında 30 illik Vətən həsrətinə son qoymuş oldu. Ölkəmizin tarixində yeni səhifə açan bu möhtəşəm qələbə münasibətilə “Azercell Telekom” bütün Azərbaycan xalqını ürəkdən təbrik edir.

“Azercell Telekom”-un hazırda ən əsas vəzifəsi və məqsədi xəritəmizdə, nəhayət ki, tam olaraq öz mövqeyini bərpa edən ərazilərdə sürətli şəkildə, tam gücü ilə 4G şəbəkəsinin genişləndirilməsinə təkan vermək və Qarabağ torpaqlarına qayıdacaq əhalini ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətləriylə təmin etməkdir.

Qeyd etmək yerinə düşər ki, döyüşlərin getdiyi bir aydan artıq bir müddətdə gücləndirilmiş və gərgin iş rejiminə baxmayaraq, Azercell əməkdaşlarının səyi nəticəsində bütün kanallar vasitəsilə xidmət keyfiyyəti ən yüksək səviyyədə saxlanılıb. Belə ki, son göstəricilərə əsasən onlayn kanallar vasitəsilə daxil olmuş müraciətlər 100% cavablama göstəricisinə qədər yüksəlib.

Həmvətənlərimiz arasında həmrəylik və qələbə ruhunun yüksək səviyyədə saxlanılması, eləcə də Qarabağ mədəniyyətinin zəngin irsinə hörmət əlaməti olaraq Azercell şirkəti tərəfindən sosial mediada #gəlirik şüarlı sosial kampaniya keçirilmiş və izləyicilər arasında böyük əks-səda yaratmışdır. Belə ki, #gəlirik kampaniyasının Şuşaya həsr edilmiş videosu brendlər arasında sosial şəbəkələrdə Azərbaycan üzrə ən bəyənilən (120 mindən çox reaksiya) və ən paylaşılan (13 mindən çox paylaşım) videosu oldu: https://www.facebook.com/azercell/posts/101581;/93722528303

Qeyd edək ki, döyüşlərin getdiyi ilk günlərdən Azercell şirkəti Milli Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürüb. Bundan əlavə, cəbhə bölgələrinə ezam edilmiş bütün media əməkdaşlarına və erməni təxribatına məruz qalmış Bərdə və Gəncə şəhərlərinin sakinlərinə də şirkət tərəfindən rabitə dəstəyi göstərilib.

“Azercell Telekom” bundan sonra da ölkəmizin əminamanlığı və sosial-iqtisadi inkişafı, bütün Vətən torpaqlarında mükəmməl rabitənin qurulması istiqamətində səylərini var gücü ilə davam etdirəcək.

Qələbəmiz mübarək olsun!

Qarabağ Azərbaycandır!

 

 
 

Azərbaycanla Naxçıvan arasında yalnız hava nəqliyyatı var idi və digər nəqliyyat növlərindən istifadə olunmurdu.

Bu sözləri Axar.az-a millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov əldə edilən sülh sazişinin 9-cu maddəsində öz əksini tapan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının ölkəmizə iqtisadi faydaları haqda danışarkən deyib.

O bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin, xüsusən də yol və nəqliyyat əlaqəsinin bərpa edilməsi çox vacib idi:

“Bu, bizim üçün iqtisadi baxımdan çox vacibdir, çünki praktik olaraq Azərbaycan özü regional nəqliyyat qovşaqlarının qapısına çevrilir.

Dəhlizin açılması Naxçıvanda fəaliyyət göstərən iş adamlarımızla əlaqələrin formalaşması və qurulması baxımından çox vacibdir. Daha qısa zamanda məhsulların ikitərəfli nəqlinə imkan yaranacaq və bu da təbii ki, iqtisadi baxımdan çox faydalıdır. Bunun Azərbaycanın, eyni zamanda Naxçıvanın iqtisadi inkişafı üçün kifayət qədər müsbət təsirləri olacaq. Güman olunur ki, bununla Naxçıvanda fəaliyyət göstərən sahibkarların daha böyük bazarlara çıxış imkanları təmin ediləcək. Bu həm logistik, həm də nəqliyyat xidmətlərinin çıxış imkanları baxımdan kifayət qədər əhəmiyyətli hesab olunur”.

Noyabrın 11-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 11 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, noyabrın 11-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

 

Manata nəzərən avronun məzənnəsi 2.0101 manat təşkil edir. 1 türk lirəsi 0.2076 manat, 1 rus rublu 0.0222, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5152 manatdır.

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 11-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Axar.az-a bildirilib ki, bankın noyabrın 11-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Dünya birjalarında neft bahalaşıb.

Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 42,01 dollara, yüngül neftin bir barreli isə 39,81 dollara təklif olunur.

“Azercell”dən şəhidimizin ailəsinə dəstək

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə apararaq həlak olan şəhidlərimizin ailələrinə dəstək davam edir.

“Qafqazinfo” xəbər verir ki, Azercell şirkəti şəhid Röyal Cəfərovun ailəsini himayəyə götürüb. Şirkət tərəfindən şəhidimizin həyat yoldaşı Firuzə Cəfərovanın bank hesabına övladlarının 18 yaşı tamam olana qədər hər ay 1000 AZN məbləğində pul köçürüləcək.

 

Ailənin digər ehtiyacları da nəzərə alınacaq.

Qeyd edək ki, Azercell işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 mln. manat həcmində vəsait də köçürüb.

 

 

 

Azərbaycan yeni mərhələyə daxil olur. Bu mərhələ 30 illik həsrətin sona yetməsi və uzun müddət işğal altında olan ərazilərimizə həyatın qısa zamanda qayıtması deməkdir.

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

“Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, bu il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində vətəndaşlara, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması həyata keçiriləcək. Bu məqsədlə yaradılan Dövlət Komissiyası erməni təcavüzü nəticəsində mülki vətəndaşlarmıza və obyektlərə dəymiş bütün ziyanı qiymətləndirəcək. İşğalçı ordunun nəinki cəbhə xəttində, hətta döyüş zonasından uzaq şəhərlərmizdə də mülki vətəndaşları və obyektləri hədəfə aldığını nəzərə alsaq dəymiş ziyanın miqyasının necə böyük olduğunu təsəvvür etmək çətin olmaz.

Dövlət Komissiyası qiymətləndirmə nəticələrinə əsasən dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası üçün tələb olunan maliyyə vəsaitinin məbləğini də hesablayacaq. Dəymiş ziyan barədə nəinki yerli ictimaiyyətə, eləcə də beynəlxalq ictimaiyyətə, o cümlədən beynəlxalq təşkilatlara məlumat veriləcək.

Bununla da erməni təcəvüzü nəticəsində mülki vətəndaşlarımıza, sahibkarlarımıza dəyən ziyan Azərbaycan dövləti tərəfindən kompensasiya ediləcək. Bu, dövlətin öz vətəndaşının yanında olmasının bir daha göstəricisidir. Eyni zamanda, davam edən savaşda erməni işğalçıları tərəfindən mülki vətəndaşlara yeni ziyanlar dəyərsə, o da qiymətləndiriləcək və ödəniləcək”, - millət vəkili bildirib.

V.Bayramov qeyd edib ki, 30 illik işğal dövründə Azərbaycana dəyən ziyanın da qiymətləndirilməsi aparılacaq. İşğalçı ordu uzun müddət zəbt etdiyi torpaqlarımızda infrastruktur və ekoloji soyqırım edib:

“Demək olar bütün tikililər dağıdılıb, meşələr məhv edilib. İşğaldan azad olunan yaşayış məntəqələrinin görüntüləri göstərir ki, əksər hallarda nəinki dağıldılmış evlərin yerlərini, hətta kəndlərin tam olaraq harada yerləşdiyini müəyyənləşdirmək çətindir. Bu isə işğal altında olan ərazilərimizdə erməni barbarlığının bir sübutudur".