Neft 45 dollardan satılır

Dünya bazarında neftin qiyməti bahalaşıb.

Brent markalı neft 0,77% bahalaşaraq bir barrelə görə 45,52 dollardan satılır.

WTI markalı neft isə 0,50% bahalaşma ilə bir barrelə görə 42,40 dollar səviyyəsində qərarlaşıb.

İyulda satılan valyutanın məbləği açıqlandı

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin iyul ayında satılan valyutanın miqdarı açıqlanıb.

Ötən ay ərzində 515,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

“Maddi vəziyyətlərini tam təmin edə bilməyənlərin köməyinə dövlət gəlir”

"Bu gün Azərbaycan dünyada fındıq ixrac edən ölkələr arasında üçüncü yerdədir. Bu, çox gəlirli, perspektivli bir sahədir. Bizim iqlimimiz buna uyğundur. İsmayıllı rayonundan ta Balakənə qədər, eyni zamanda, cənub zonasında, həmçinin Xaçmazda, Qusarda fındıqçılığın çox böyük perspektivləri var. Hər bir rayonun öz ixtisaslaşması olmalıdır. Burada da ənənəvi olaraq fındıqçılıq, tütünçülük inkişaf edib. Bu gün də bu sahələrə böyük diqqət göstərilir".

Bu sözləri Prezident İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxış edərkən deyib.

"Əsas məsələ odur ki, insanlar daha da yaxşı yaşasınlar, öz maddi vəziyyətlərini yaxşılaşdırsınlar. O insanlar ki, hələ öz maddi vəziyyətlərini tam təmin edə bilmirlər, onların köməyinə dövlət gəlir. Bu gün Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım alır. Bu il 90 min insan üçün ictimai ödənişli iş yerləri açılır. ABAD mərkəzlərinin yaradılması, əslində, özünüməşğulluq proqramının tərkib hissəsidir. İlk ABAD-çılar məhz Balakən rayonunun sakinləridir. Onların istehsal etdikləri məhsullar indi ölkəmizin müxtəlif yerlərində satılır, ixrac edilir".

Prezident yol tikintisinə 22 milyon manat ayırdı

Prezident İlham Əliyev Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz–Şəki hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz–Şəki hissəsinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10,0 (on) milyon manat ayrılıb.

Dövlət başçısının digər sərəncamı ilə üç min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (134 km)–Şirinbulaq avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 12,0 (on iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

İlham Əliyev yenidən qurulan avtomobil yolunun açılışında
İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib.

Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.

 

 

 

İlham Əliyev Balakəndə “ASAN xidmət”in açılışındaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

"Ölkə.Az" xəbər verir ki, Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.

 

 

 

 

 

 

 

 

 

Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu istifadəyə verilib
İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu (8 km) yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Tədbir çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun da təqdimatı olub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Pandemiya dövründə bu sahədə gəlirlər artıb

Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 4,4 faiz artaraq 1 milyard 042,8 milyon manat təşkil edib.
Trend xəbər verir ki, xidmətlərin 72,0 faizi əhali tərəfindən istehlak olunub. Bu sahədə əldə edilmiş gəlirin 80,0 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 42,0 faizi və ya 438,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

18 min insanın istifadə etdiyi yol yenidən quruldu

Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub.
 
Uzunluğu 29 km olan  Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunub. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir.
 
Yol boyu deformasiyaya uğramış hissələr bərpa olunub, zəruri olan yerlərdə yeni yol yatağı inşa edilib. 

Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub. Bu işlərin nəticəsi olaraq müxtəlif diametrli 21 ədəd suötürücü boru quraşdırılıb, həmçinin 5 metr uzunluğunda 2 dördbucaqlı su keçidi və 12 metruzunluğunda körpünün inşası işləri yekunlaşdırılıb.
 
Bununla da, 10 yaşayış məntəqəsinin 18 min əhalisinin rahatlığı təmin edilib. 

 



 
Bum çayı üzərindəki körpü hazırdır

Qəbələdə 11 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən Bum çayı üzərində körpünün inşası yekunlaşıb. 

Yeni körpü 12 aşırımlı olmaqla uzunluğu 310 metr, eni isə 9 metrdir. Layihə çərçivəsində vətəndaşların körpü rahat və təhlükəsiz hərəkətinin təşkili üçün hər bir istiqamət üzrə piyada səkiləri salınıb. 

Yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması nəticəsində 20 min əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə rahat gediş-gəlişi təmin edəcək.