Nazirlər Kabineti yanında Operativ Qərargah Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib.

Axar.az xəbər verir ki, dəyişikliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb.


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti sosial dəstək tədbirinin icrasına başlanır. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) veriləcək. Bu barədə Nazirlər Kabinetinin müvafiq Qərarı da qəbul edilib.

Adıçəkilən şəhər və rayonlar üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra həmin məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, bunun üçün vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur.

Vəsait birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara sms vasitəsilə rəsmi bildiriş göndəriləcək.

Birdəfəlik ödəmənin 100 mindən çox şəxsi əhatə edəcəyi proqnozlaşdırılır. Ödəmənin verilməsinə başlanarkən bu barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min şəxsə, habelə sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3 və 4-cü dəfə birdəfəlik ödəmələr verilib və bu məqsədlə ümumilikdə 332 milyon manat sərf olunub.

Dünya birjalarında neft cüzi ucuzlaşıb.

Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 39,88 dollara, yüngül neftin bir barreli isə 37,70 dollara təklif olunur.

İşğaldan azad edilən rayonlarımızda torpaqların kənd təsərrüfatı üçün yararlı hala gətirilməsi ilə bağlı işlər həyata keçiriləcək.

Bunu Axar.az-a Kənd Təsərrüfatı Nazirliyinin işğaldan azad edilən torpaqlarımızda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı fəaliyyət planı barədə danışan Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib. O bildirib ki, fəaliyyət planına əsasən torpaqlar təyinatına uyğun olaraq müəyyənləşdiriləcək və əhalinin istifadəsinə veriləcək:

“İşğaldan azad olunan ərazilərimizdə ilk növbədə meliorasiya və irriqasiya sistemləri qurulmalıdır. Bununla paralel olaraq əkin, örüş, otlaq və s. təyinatlarına uyğun olaraq torpaqların uçot sistemi yaradılacaq. Bundan sonra torpaqların orada yaşayan insanların istifadəsinə verilməsi üçün müvafiq mexanizm qurulacaq. Həmçinin torpaqların əkib-becərilməsi üçün kənd təsərrüfatı texnikasının təminat sistemi yaradılacaq. Buna görə nazirliyin Aqro Servis xidməti ilə yanaşı, həm də özəl sektor stimullaşdırılacaq”.

F.Fikrətzadə deyib ki, dövlətin verdiyi dəstək hesabına gübrə, toxum və s. təchizatın özəl sektor tərəfindən həyata keçirilməsi mexanizmi bu regionlarda da təşkil ediləcək:

“Bununla paralel olaraq heyvandarlıq təsərrüfatının qurulması üçün müvafiq dəstək mexanizmi yaradılacaq. Oradakı fermaların bərpa olunmasına dəstək mexanizmi yaradılacaq. İstehsal olunmuş məhsulların tədarük şəbəkəsi formalaşdırılacaq. Xüsusilə regionun spesifikasına uyğun olaraq, süd, üzüm emalı müəssisələrinin yaradılmasının dəstəklənməsi də hədəflənən məqsədlərdən biridir. Həmçinin fəaliyyət planında nəzərə almalı olduğumuz məsələlərdən biri də işğal olunmuş torpaqların sakinlərinin bəzilərinin kənd təsərrüfatı fəaliyyətindən uzun müddətdir ki, uzaq olmasıdır. Bu insanlar öz vətənlərinə geri dönən zaman onların aqro-texnologiyalar üzrə bilik-bacarıqlarını artırmaq məqsədilə məsləhət informasiya xidmətləri qurulacaq. Həmçinin çevik modul peşə təlimi xidmətlərinin təşkil olunması da planlaşdırılan məsələlərdəndir”.

Şahdəniz və AÇG yataqlarının gəliri açıqlandı

Bu il Azəri-Çıraq-Günəşli yatağından (01.01.2020 - 01.11.2020 tarixinə qədər) 3057 milyon dollar gəlir əldə edilib.

Azərbaycan Dövlət Neft Fondundan “Qafqazinfo”ya verilən məlumata görə, Şahdəniz yatağından (qaz və kondensat) qeyd olunan tarixə qədər 276 mln. dollar gəlir qazanılıb.

 

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 205 mln. ABŞ dolları təşkil edib.

Kapital Bank POS terminal istifadəçilərinə yeni fürsətlər təqdim edir

Kapital Bank sahibkarlara dəstək göstərmək, həmçinin iqtisadi subyektlərin bank xidmətləri üzrə xərclərinin azaldılması məqsədi ilə bankın POS terminal istifadəçilərinə bir sıra güzəşt və fürsətlər təqdim edir. Bunu etməklə Kapital Bank, hər zaman sahibkarları dəstəklədiyini, asan olmayan vəziyyətdə onlara optimal şərtlər təqdim etdiyini və qeyri-bank məhsullarının çeşidini genişləndirdiyini nümayiş etdirir.

Şərtlərə görə, Kapital Bank-ın POS terminal xidmətindən istifadə edən sahibkarlar üçün bir sıra qeyri-bank məhsullarına endirimlər təqdim olunur. Belə ki, smart kassa, e-commerce üçün sayt və mobil tətbiqlərin yaradılması, daxili sistemlərin idarə edilməsi və smart kassaya inteqrasiyası, məhsulların kuryerlə çatdırılması, sığorta, SMS reklam və şirkət əməkdaşları üçün təlimlərin keçirilməsi kimi xidmətlər, Kapital Bank-la əməkdaşlıq edən sahibkarlara vendorlar tərəfindən xüsusi endirimli tariflərlə həyata keçirilir.

 

Qeyd edək ki, Kapital Bank-ın çox funksiyalı Smart Kassa və POS-terminallarını əldə etmək istəyənlər 196 Sorğu Mərkəzinə və ya (+99 450) 255 01 96, (+99 451) 206 52 49 qaynar xəttinə müraciət edə bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 4-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Axar.az-a bildirilib ki, bankın noyabrın 4-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Dünya birjalarında neft ötən günlə müqayisədə bahalaşıb.

Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 40,42 dollara, yüngül neftin bir barreli isə 38,36 dollara təklif olunur.

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 27-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Axar.az-a bildirilib ki, bankın oktyabrın 27-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən edilib.