Prezident Dövlət Agentliyinə 5,6 milyon manat ayırdı

Prezident İlham Əliyev Salyan rayonunun Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkəndi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, altı min nəfər əhalinin yaşadığı dörd yaşayış məntəqəsini birləşdirən Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkəndi avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

İlham Əliyev Dövlət Agentliyinə vəsait ayırdı
Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri Binəqədi rayonunun Biləcəri, M.Ə.Rəsulzadə və Xocəsən qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 2,85 milyon (iki milyon səkkiz yüz əlli min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Gələn ay ərzində 4 ölkə Azərbaycanla hava sərhədlərini açacaq.

Qazaxıstanla Azərbaycan arasındakı birbaşa uçuşların bərpasına iyulun 1-dən sonra baxılacaq. Rusiya isə iyulun 15-də ilk olaraq 8 MDB ölkəsi, o cümlədən Azərbaycanla koronavirus pandemiyası ilə əlaqədar dayandırılan beynəlxalq hava əlaqəsini bərpa edəcək.

Məlumata görə, bundan sonra avqustun 1-dən etibarən Rusiyadan Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin, payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur.

Aviaşirkətlər iyunun ortalarından başlayaraq biletlərin satışını təşkil edə biləcək.

Azərbaycanla Türkiyə arasında uçuşlar da iyunun 15-də bərpa oluna bilər. Azərbaycan tərəfi beynəlxalq uçuşların bərpası ilə bağlı heç bir qərar verməsə də, Türkiyə artıq bu barədə açıqlama verib.

 

Macarıstanın “Wizzair” aviaşirkəti isə iyunun 19-dan Bakı-Budapeşt-Bakı reysini bərpa edəcəyi ilə bağlı açıqlama verib.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, təmsil etdiyi qurumda bu barədə heç bir məlumat yoxdur:

“Bildiyiniz kimi, ölkədə uçuşlar iyunun 15-ə kimi dayandırılıb. Başqa ölkələrin Bakıya uçuşları bərpa etməsi ilə bağlı isə bizə məlumat daxil olmayıb”.  /Day.Az/

Direktor Bakıdakı yeni zooparkın açılışından danışdı
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi bir çox sahələr kimi, Bakı zooparkının işinə də təsir edib. Hazırda zooparkda ümumi vəziyyət necədir? İşə çıxan əməkdaşların sayına məhdudiyyət varmı? Yeni zoopark nə vaxt vətəndaşların ixtiyarına veriləcək?

Məsələ ilə bağlı Bakı Zooloji Parkının direktoru Azər Hüseynov Modern.az-a danışıb.

O bildirib ki, artıq il yarımdan çoxdur, heyvanlar Qaradağda saxlanılır: “Hər birinin vəziyyəti normaldır. Hətta bəziləri var ki, onlardan bala da almışıq. Məsələn Afrika şiri, meymun, canavar və s. heyvanların balaları doğulub. Dəvəquşu, qırqovul da bala verib. Bizim zooparka vaxtilə Qarabağ atı hədiyyə edilib, indi onun da balası var. Fikrimiz var ki, yeni zooparkın açılışında bu atı nümayiş etdirək. Baxmayaraq ki, xüsusi karantin dövrünü yaşayırıq, nəticələrimiz, çox şükür, yaxşıdır”.

Azər Hüseynov zooparkda çalışan işçilərin sayında məhdudiyyətlərin olduğunu da söyləyib:

“Gün ərzində maksimum 5-6 nəfər işçi zooparkda heyvanlara baxır. Məqsəd həm insanların, həm də heyvanların sağlamlığını təmin etməkdir. Bildirmək istəyirəm ki, indiyə qədər heç bir heyvanın sağlamlığında problem olmayıb. Ancaq yeni zooparkın nə vaxt açılacağı ilə bağlı konkret məlumat verə bilməyəcəyəm. Çünki mən özüm də bilmirəm, nə vaxt açılacaq. Çox istərdim ki, açılışı ilə bağlı mənə 20 gün əvvəlcədən xəbər versinlər, biz də öz işimizi bilək. Hesab edirəm ki, yaxın aylarda, yəni bu ilin sonlarında heyvanlar öz yeni evlərinə köçürüləcək”.

Direktor yeni zooparka giriş qiymətlərindən də danışıb:

“Düşünürəm ki, yeni zooparkda biletlərin qiyməti hər kəsi maraqlandırır. Çünki əvvəlki zooparkda 10 yaşından yuxarı uşaqlar üçün 1 manat, böyüklər üçün isə 2 manat nəzərdə tutulurdu. Bildirmək istəyirəm ki, yeni zooparkda qiymətlər nisbətən baha olacaq. Çünki yeni zooparkın saxlanılması üçün xərc üçqat artıq olacaq. Düzdür, qiymət məsələsi bizim səlahiyyətimizdə olmasa da, çalışacağam ki, biletlər çox baha olmasın”.

“Zooparkımıza yeni heyvanların gətirilməsi gözlənilir” deyən A.Hüseynovun sözlərinə görə, bir çox ölkələrlə müqavilələr bağlanılıb:

“Məlum vəziyyətə görə, hələ ki, o müqavilələr havada qalıb. Sərhədlər açılsa, yaxın zamanlarda ölkəmizə təzə heyvanlar gətiriləcək”.

Qeyd edək ki, Bakı Zooloji Parkı 2019-cu il fevral ayının 2-dən etibarən təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar olaraq ziyarətçilərinin üzünə bağlanılıb.

Azərbaycanda yeni şəhər yaradılır

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilir.

Oxu.az xəbər verir ki, Babək rayonunun Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi təklif edilir.

Həmçinin, rayonun Babək qəsəbəsinə şəhər statusunun verilməsi gözlənilir.

Qeyd edək ki, sənəd Milli Məclisin Regional məsələlər komitəsinin iyunun 8-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
Prezident İlham Əliyev Zərdab rayonunun Ucar-Zərdab-Ağcabədi (32 km)-Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən Ucar-Zərdab-Ağcabədi (32 km)-Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 3,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Prezident “Ağcabədi-2” elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib
İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 110/35/10 kilovoltluq “Ağcabədi-2” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verib ki, istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə Ağcabədi rayonu ərazisində 35 kilovoltluq yarımstansiyada əsaslı yenidənqurma işləri aparılaraq, gərginlik sinfi artırılıb və 110/35/10 kilovoltluq “Ağcabədi-2” yarımstansiyası inşa edilməklə, yarımstansiyanın qoyuluş gücü 17,5 MVA-dan 40 MVA-ya çatdırılıb. Bu yarımstansiya vasitəsilə Ağcabədi şəhərində sosial-iqtisadi təyinatlı obyektlərin, meliorasiya və suvarma sistemlərinin, ətraf kənd və qəsəbələrin, həmçinin Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərin və hərbi hissələrin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatı təmin olunacaq. Yarımstansiyanın istismara verilməsi ilə 5262-si əhali, 831-i qeyri-əhali olmaqla, ümumilikdə 6093 abonentin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılacaq. Yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Yarımstansiyanın 330 kilovoltluq “İmişli” və “Ağcabədi” qovşaq yarımstansiyaları ilə əlaqələndirilməklə dairəvi elektrik təchizat sxeminə qoşulması təmin edilib ki, bu da istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlılığını və təhlükəsizliyi artırıb.

Dövlətimizin başçısı “Ağcabədi-2” elektrik yarımstansiyasını işə salıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə elektroenergetika sahəsində mühüm işlər görülüb, çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Ağcabədi rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması prioritet məsələlərdən olub.

Son illərdə aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndləri və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin artan elektrik tələbatının qarşılanması üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Bununla mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.

İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 110/35/10 kilovoltluq “Ağcabədi-2” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

Devalvasiya olacaqmı?
“Pandemiyaya görə dollar ajiotajı yarandığı ilk günlərdən deyirəm ki, devalvasiya ölkə iqtisadiyyatına dağıdıcı təsir göstərə bilər. Bu sahədə vəziyyəti qiymətləndirmək üçün tədiyə balansına dair məlumatlar olmalıdır əlimizdə. Təəssüflər olsun ki, bizdə bu məlumatlar çox gec açıqlanır”.

Bunu iqtisadçı Rövşən Ağayev deyib.

“Tədiyə balansı manatın məzənnəsi üçün ən böyük riski formalaşdırır. Bilsək ki, hökumət məzənnəni saxlamaq üçün nə qədər pul xərcləyir, hansısa fikir yürüdə bilərik. Ümumilikdə isə neftin  indiki qiymətləri qalarsa, düşünürəm ki, devalvasiya arxa plana keçəcək. Yəni o qədər risk gözləmirəm. Lakin burada iqtisadi faktorlardan əlavə, siyasi qərar da rol oynayır. Mən iqtisadçı kimi hesab edirəm ki, devalvasiya zərurəti yoxdur” – R.Ağayev qeyd edib.Musavat.com

“Azərxalça” ASC-nin Tərtər filialı açıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Rusiyadan Bakıya yeni metro vaqonları yola salındı
Rusiyanın “Transmaşholding” QSC-nin tərkibindəki “Metrovaqonmaş” müəssisəsi Bakı Metropoliteni üçün (20 vaqondan ibarət) dörd metro qatarını yola salıb.

Bu barədə holdinqdən verilən məlumata görə, 2019-cu ilin oktyabr ayında imzalanmış və 2020-2023-cü illəri əhatə edən müqavilə 60 ədəd 81-765.4B/766.4B seriyalı vaqondan ibarət 12 qatarın istehsal və tədarük edilməsini nəzərdə tutur.

Yeni tipli qatarlarda vaqondan-vaqona birbaşa keçid var. Qapıların daha enli olması sərnişinlərin vaqonlara daxil olub-çıxmasını, eləcə də qatar boyunca bərabər paylanmasını təmin edir. Həmçinin son vaqonlarda sağlamlıq imkanları məhdud sərnişinlər, uşaq arabaları və velosipedlər üçün xüsusi yerlər də nəzərdə tutulub.<ins'>

Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orjinal qrafikalı informasiya sistemləri, habelə Bakı Metropoliteninin texniki şərtləri əsasında yerli iqlim şəraitini nəzərə alan mikroiqlim nəzarəti, o cümlədən kondisioner və ventilyasiya sistemləri ilə təchiz olunub. Sərnişinlərin elektron qurğuları doldurması üçün USB portlar, baş vaqonlarda əlil arabaları və əl yükü üçün yerlərinin quraşdırılması da nəzərdə tutulub.

Qeyd edək ki, 2018-2019-cu illər ərzində də Rusiya şirkləti Bakı Metropoliteni üçün 81-765.B/766.B seriyalı 40 vaqondan ibarən qatar tədarük edib.