Son xəbərlər

Deputat: “Atabank” cinayətkar bank idi
“ATA Bank” cinayətkar bank idi, vəsaitləri xaricə köçürürüdü. Hesab edirəm ki, dövlət bu bankla bağlı ciddi işlər görəcək.

Bunu millət vəkili  Vahid Əhmədov Hesablama palatasının ilik hesabatının müzakirəsi zamanı deyib.

İki bankın fəaliyyətinin bağlanması ilə bağlı  məsələyə toxunan V.Əhmədov bildirib ki, mən ümumiyyətlə bankarın bağlanmasının yox, konsolidasiyasının tərəfdarıyam.

“Ona görə də hökumətdən və ölkə başçısından xahiş edərdim ki, bu məsələni gələcəkdə nəzərə alsın. Ümumiyyətlə, biz bank sisteminin sağlamlaşdırılmasını gözləyirdik, amma bunun əksinin şahidi olmaqdayıq”- o qeyd edib.

V. Əhmədov əlavə edib ki,  dövlət  bir iş görəndə  xeyrilə ziyanı düşünməlidir.

“Bu gün bağlanan bankların əhaliyə olan borcu 850 milyon manat civarındadır. İndi bu vəsaitləri ödəməyi Mərkəzi Bank həyata keçirəcək.  Mərkəzi Bank bu banklarla vaxtında bir araya gəlib, onlara 250-300 milyon manat dəstək göstərməklə vəziyyətdən çıxa bilməzdimi?

Mən “ATA Bank”ı nəzərdə tutmuram. Çünki bu bank cinayətkarlıqla məşğul olub, vəsaiti xaricə köçürməklə məşğul olub. Amma  digər banklarda vəziyyət tamamilə fərqlidir. İndi neftin qiymətinin kəskin endiyi, koronavirusun tüğyan  etdiyi bir dövrdə belə addıma atmaq yanlışdır. İndiki vəziyyətdə bankların bağlanmasındansa konsolidasiyası daha məqsədəuyğun olar”- deputat bildirib.

 V. Əhmədov  bank sistemində yaranmış vəziyyətlə bağlı olaraq bank rəhbərlərini Milli Məclisə dəvət edərək, mövcud durumu müzakirə etməyi zəruri hesab edib.

“Aİ-95” markalı benzin ucuzlaşdı, bəs “Aİ-92”?..
“Aİ-95” markalı yanacağın qiyməti bu gündən 10 qəpik ucuzlaşaraq, 1 manat 10 qəpik olub. Dünya birjalarında neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda yerli istehsal olan “Aİ-92” markalı benzinin qiyməti dəyişmir.
 
Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı  SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, ucuzlaşmaya səbəb “Aİ-95” markalı benzinin idxal edilməsidir:
 
“Azərbaycanda istifadə edilən “Aİ-95” xaricdən idxal olunur və bazar qiymətlərinə alınır. Bazar qiymətləri dəyişəndə, ölkədə də həmin benzinin qiyməti dəyişir”.
 
Xatırladaq ki, “Aİ-95” premium markalı benzinin qiyməti martın 13-də 1 manat 50 qəpikdən 1 manat 20 qəpiyə düşüb.
Tarif Şurasının rəsmi açıqlamalarına görə, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla əlaqədardır ki, “Aİ-92” markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclər (neftin istehsalı və emalına, vergiyə çəkilən və s.) dəyişməyib:
 
“Bu markadan olan benzin Azərbaycanda istehsal edildiyindən, dünya bazarında baş verən proseslər onun qiymətinə təsir etmir. Buna görə də hazırda benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə edilmir.  Azərbaycana idxal edilən “Premium-95″ markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır (4-5 faiz) və Tarif Şurası bu markanın qiymətini tənzimləmir”.
Prezident bu ASC-yə 28 milyon manat ayırdı
Prezident İlham Əliyev aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, taxılçılıq, pambıqçılıq və digər ənənəvi kənd təsərrüfatı sahələrinin davamlı inkişafı üçün kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya ehtiyacını ödəmək məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.1-ci yarımbəndində göstərilmiş 28 milyon manat “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. 

Deputat: “Büdcədə neftin qiymətinə yenidən baxılacağı gözlənilir”
“2020 büdcəsində bir barell neftin qiyməti 55 dollar nəzərdə tutulub. Amma həm birinci rübün yekunları, həm də növbəti rübləri üçün neftin qiyməti 2020-ci ilin proqnozlaşdırdığından daha aşağı qiymətə olacağı gözlənilir”.

Bunu açıqlamasında  deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, Bloomberg də növbəti aylarda  neftin 20-30 dollar arasına qərarlaşacağını proqnozlaşdırır.

“Bu baxımdan büdcəyə dəyişiklik olacaqsa neftin qiyməti nəzərə alınmaqla büdcənin gəlirlər hissəsi proqnozlaşdırılması həyata keçiriləcək. Bütün hallarda 2020-ci il dövlət büdcəsinə dəyişiklik və əlavələr edilməsi ilə bağlı qərar veriləcəksə, o zaman   neftin büdcədəki qiymətinə baxılacağı gözlənilir”- V. Bayramov bildirib.

4 banka müvəqqəti inzibatçı təyin olundu
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunub.

AMB xəbər verir ki, qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Prezident Gömrük Komitəsinə dörd milyon manat ayırdı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda tikinti işlərinin aparılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ilkin olaraq dörd milyon manat ayrılıb.

Kreditlərlə bağlı əhaliyə — ŞAD XƏBƏR!

Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcək və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcək.
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.

Qeyd olunan tədbirlərin həyata keçirilməsinə şərait yaratmaq, biznes və əhaliyə maliyyə xidmətlərinin davamlılığını təmin etmək, kreditləşdirmə imkanlarının artırılması üçün banklara əvvəlki dövrlərdə toplanmış dayanıqlıq yastığından istifadə etməyə imkan yaradılması məqsədilə requlyativ yükün azaldılması istiqamətində tədbirlər nəzərdə tutulur.
Azərbaycanda on minlərlə vətəndaşa ŞAD XƏBƏR — Bu tarixdə başa çatacaq

Bakı-Sumqayıt yolunun genişləndirilməsi prosesində əsas işlər yekunlaşmaq üzrədir.
Tren xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, aparılan yenidənqurma işləri çəçivəsində hazırda magistral yolun Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində mövcud olan süni təpəciklər sökülüb və yolun hər iki istiqaməti üzrə 1 hərəkət zolağı enində genişləndirilmə işləri aparılır:

"Artıq genişləndirilən hərəkət zolaqlarında asfalt döşənməsi prosesi aparılır. Analoji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də aparılır. Belə ki, körpüdə əlavə svay əsaslı özül üzərində dayaq inşa olunmaqla sağ və sol istiqamətdə əlavə 1 hərəkət hissəsi yaradılıb. Bundan başqa, magistral yolun təqribən 8-ci kilometrliyində yerləşən və dəmir yolu üzərində inşa olunan yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılır. Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını "Xırdalan dairəsi"ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində, "Xırdalan dairəsi" ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək".
A.Nəcəfli deyib ki, layihəyə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bakı Beynəlxalq Avtovağzal kompleksi ilə metronun "Avtovağzal" stansiyası arasındakı ərazidə süni yaradılan, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan "təpəcik" ləğv edilərək yerində sürət-keçid zolağı salınır, əsas yolun hərəkət hissəsi genişləndirilərək zolaqlarının sayı 4-ə çatdırılacaq:

"Eyni zamanda şimal tərəfdən (Sumqayıt istiqamətindən) hərəkət edən avtonəqliyyat vasitələrinin Biləcəri qəsəbəsinə daxil olmaları üçün Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən nəqliyyat vasitələri ilə bərabər uzun məsafə qət etmədən və ərazidə əlavə sıxlıq yaradılmadan "buta şəkilli adacıq" vasitəsi ilə sola dönmə yeri təşkil olunacaq. Bundan başqa Bakı Beynəlxalq Avtovağzal kompleksinin və "Avtovağzal" metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsi ilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət şiddətinin yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunacaq".

Mətbuat xidmətinin rəhbəri bildirib ki, hazırda Xırdalan dairəsi istiqamətindən Masazır dairəsinədək yolun, həmçinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də davam etdirilir. Qurum rəsmisi Bakı metropoliteninin "20 yanvar" stansiyasının çıxışlarından birinin sökülməsi məsələsinə də aydınlıq gətirib:

"Stansiyanın "Azərsu" istiqamətinə çıxışı ləğv edilməyib. Paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədi ilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində "20 Yanvar" metrostansiyanın "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısındakı çıxışını 8-10 metr irəli çəkmək şərti ilə hərəkət hissəsini genişləndirərək əlavə hərəkət zolağının yaradılmasına və daim sağa hərəkətin təmin edilməsinə nail olmaq, bundan başqa "20 Yanvar" dairəsinin ölçülərinin dəyişdirilərək "oval" formada, həmçinin keçmiş "velotrek"in qarşısında hərəkət hissəsini genişləndirməklə sağa daimi hərəkətin təşkil edilməsi ilə ərazidə yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün işlər görülür. Buna görə də metrostansiyanın həmin istiqamətə çıxışı sökülərək irəli çəkilir. Əsas işlər may ayında yekunlaşdırılacaq. Ümumi yenidənqurma işlərinin isə iyun ayınadək başa çatması nəzərdə tutulur".
Neftin qiyməti Azərbaycana necə təsir edəcək?

Prezident İlham Əliyev Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında neftin qiymətinin düşməsindən danışıb.

Dövlət başçısı neftin ucuzlaşmasının Azərbaycanda heç bir sosial layihəni dayandırmayacağını deyib:

“Baxmayaraq ki, dünya iqtisadiyyatı böhran içindədir, Azərbaycan iqtisadiyyatına da bu, mənfi təsir göstərir. Neftin qiyməti üç dəfə aşağı düşüb. Amma mən demişəm, bir daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik. Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır. Bizim qəbul etdiyimiz qərarlar, atdığımız addımlar həm ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, - mənə minlərlə təşəkkür məktubları gəlir, - həm də beynəlxalq təşkilatlar Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi göstərir. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işləri təqdir edir və açıq bəyan edir ki, Azərbaycan nümunəvi ölkədir. Biz dünya miqyasında birinci ölkə olmuşuq ki, koronavirusla mübarizə ilə əlaqədar tərəfdaş ölkələrlə zirvə görüşü keçirdik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans şəklində zirvə görüşü bizim təşəbbüsümüzlə keçirilmişdir. Koronavirusla mübarizədə Azərbaycan xalqı bir daha gördü ki, sözümüzlə əməlimiz arasında fərq yoxdur. Vətəndaşların sağlamlığı, onların həyatı birinci dərəcəli məsələdir”.