Son xəbərlər

Metronun “Xətai” stansiyası nə zaman istismara veriləcək? – Açıqlama














Xətai” metro stansiyasında eskalatorların quraşdırılması işləri tamamlanıb və hazırda sazlama işləri aparılır.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, bundan başqa stansiyada texniki qurğuların yönləndirilməsi sahəsində, həmçinin tikinti quraşdırma işlərində son tamamlama işləri aparılır.

“Stansiyanın yeni görkəmi ilə avqust ayında sərnişinlərin istismarına veriləcəyi planlaşdırılır”, – deyə H. Məmmədov qeyd edib.
Avtomobillərin qeydiyyat qaydaları dəyişdi


Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanunun 27-ci maddəsinin (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı) VI-I hissəsinə edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər.

Dəyişiklik dövlət qurumlarının balansında olan nəqlliyyat vasitələrinə də şamil edilir.
Qorxunc gözlənti: Neftin qiyməti 30 dollara düşə bilər


Rusiyanın maliyyə naziri Anton Siluanov neftin qiymətinin kəskin düşmə ehtimalından danışıb. Onun fikrincə, bəzi şərtlər yerinə yetirilməsə, bir barrel üçün qiymət 40 dollardan aşağı düşə bilər. Hətta 30 dollar olması da mümkündür.
Bizimyol.info xəbər verir ki, Siluanov neft ixrac edən ölkələri birləşdirən təşkilatın – OPEK-in üzvlərinin növbəti toplantıda ortaq fikrə gəlməsinin vacibliyini deyib. Nazirin fikrincə, təşkilat üzvləri istehsal həcmini azaltmasa, qiymətlər kəskin aşağı düşəcək.

Qorxunc gözlənti: Neftin qiyməti 30 dollara düşə bilər


Anton Siluanov
Hələ mayın 2-də Rusiya enerji naziri ölkənin OPEK razılaşmasına tam əməl etdiyini bildirmişdi. Qonşu dövlət sutkalıq neft istehsalını 228 min barrel azaldıb. Ümumiyyətlə, üzvlər ilin ilk altı ayı üçün ümumilikdə istehsalı 1,2 milyon barrel azaltmağı üzərinə öhdəlik götürüb. Amma qiymətlərin sabit qalması üçün yeni razılaşmaya ehtiyac var.

Rusiya sutkalıq neft istehsalını cəmi 2 faiz azaldır. Burada bir gündə 11 milyon 241 barrel neft çıxarılır.
“Brent” bahalaşdı



Dünya birjalarında neftin qiyməti bahalaşıb.

İCE London birjasında “Brent” markalı neftin qiyməti 0,66 faiz artaraq barreli 63,71 dollar olub.

WTI markalı neftin qiyməti isə 0,69 faiz bahalaşaraq barreli 54,36 dollardan təklif olunur.
Mərkəzi Bankdan manatla bağlı — VACİB QƏRAR



Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8,75%-dən 8,5%-ə endirilməsi haqda qərar qəbul edib.
Report xəbər verir ki, faiz dəhlizinin yuxarı həddi 10,5%, aşağı həddi isə 6,5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar faktiki inflyasiyanın hədəf diapazonunun (4±2%) mərkəzindən aşağıda olması, inflyasiya gözləntilərinin sabitliyi, xarici mühitin əlverişli qalması və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul olunub.

İnflyasiya prosesləri. İnflyasiya gözlənilən trayektoriyada dəyişir. 2019-cu ilin aprel ayında 12 aylıq inflyasiya hədəf çərçivəsində olmaqla 3.1% təşkil etmişdir. Ərzaq və xidmətlər üzrə qiymət artımı (müvafiq olaraq 3.5% və 3.8%) hədəf intervalında formalaşmışdır. Qeyri-ərzaq məhsullarının qiymətləri isə 1.4% yüksəlmişdir. May ayında mövsümi amillərin təsiri ilə istehlak səbətində mühüm xüsusi çəkiyə malik ərzaq məhsulların ucuzlaşması müşahidə edilmişdir.

İnflyasiya gözləntiləri. İstehlak qiymətlərinin cari dinamikası və valyuta bazarında tarazlıq inflyasiya gözləntilərini stabil saxlayır. Real sektor monitorinqinin nəticələrinə əsasən son ayda qiymət gözləntiləri ticarət, xidmət və tikinti sektorlarında azalmış, qeyri-neft emal sənayesində dəyişməz qalmışdır.

Kənd təsərrüfatı məhsulları mövsümi xarakterli amillərin təsiri ilə qarşıdakı bir neçə ayda da ərzaq inflyasiyasına azaldıcı təsir edəcəkdir. Proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2%) qalacağını göstərir.

Xarici şərait. Xarici sektorda müsbət meyillər davam etməkdədir. Cari ilin 4 ayında ixrac (malların ixracı) 25.4%, o cümlədən qeyri-neft ixracı 19.9% artmış, ticarət balansında 2.5 mlrd. dollarlıq müsbət saldo yaranmışdır.

Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 6.2% artaraq 47.5 mlrd. dollara çatmışdır.

Beynəlxalq konyunktur Azərbaycan üçün əlverişli olaraq qalır. Neftin qiyməti ilin əvvəlindən 24% yüksəlmişdir.

Dünya ərzaq qiymətləri aprel ayında ötən ilin eyni dövrünə nəzərən 2.2% aşağı düşmüşdür (Mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı).
İqtisadi aktivlik. İqtisadi artım pozitiv dinamikasını saxlayır. 2019-cu ilin 4 ayında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2.1% təşkil etmişdir. Qeyri-neft sektorunda artım 2.1% olmuş və əsasən ticari sektordan qaynaqlanmışdır. Real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi son ayda qeyri-neft emal və xidmət sektorunda artmışdır.

İqtisadi artım həm xarici tələb, həm də daxili tələblə dəstəklənir. Yanvar-aprel aylarında ötən ilin müvafiq dövrünə nəzərən pərakəndə əmtəə dövriyyəsinin artım tempi (2.7%) əhali gəlirlərinin artım tempindən (5.5%) geri qalmışdır. Bu, ev təsərrüfatlarının hələ ki, əhəmiyyətli inflyasiya təzyiqi yaratmayan istehlak davranışı nümayiş etdirdiyini göstərir.

İnflyasiya riskləri. Qısamüddətli dövrdə inflyasiya üzrə risklər balansı tarazlı qiymətləndirilir. Buraya əlverişli beynəlxalq konyunktur, profisitli tədiyə balansı, tarazlı valyuta bazarı, antiinflyasion xarakterli monetar şərait və mövsümi amillər aiddir.

Ortamüddətli perspektiv üzrə risklər balansı mürəkkəbləşməkdədir. Xarici sektor üzrə başlıca qeyri-müəyyənlik qlobal iqtisadi artım perspektivlərinin pisləşməsi, ticarət müharibələrinin yeni dalğası və geosiyasi gərginlik fonunda neftin qiymət dinamikası ilə bağlıdır. Neftin may ayından başlayan ucuzlaşmasının davamlı xarakter alması iqtisadi gözləntilərə neqativ təsir edə bilər. Digər xarici risk mənbəyi dünya ərzaq bazarlarında bahalaşmanın davam etməsi və potensial inflyasiya idxalıdır. Ticarət tərəfdaşı ölkələrinin maliyyə bazarlarında qeyri-sabitlik riski isə nisbətən azalmışdır ki, bu da qabaqcıl ölkələrdə monetar siyasətin daha da sərtləşməsi gözləntilərinin azalması ilə izah edilir.

Daxili risk amillərinin reallaşması sosial xarakterli fiskal stimullar və maliyyə sektoru ilə bağlı qərarların istehlak bazarına və monetar sektora təsirinin miqyasından asılı olacaqdır. Son aylarda müşahidə edilən proseslər bu təsirlərin zaman üzrə yayıldığını göstərir. Qeyd olunan faktorların inflyasiyaya ötürücülüyü dərəcəsi tam olaraq ilin sonuna formalaşacaqdır. Mürəkkəbləşməkdə olan xarici fonda fiskal siyasətin mövcud qaydalar çərçivəsində həyata keçirilməsi, fiskal siyasətlə monetar siyasətin vahid çərçivədə sərt əlaqələndirilməsi dayanıqlı makroiqtisadi sabitliyin baza şərti olaraq qalır.

Monetar şərait. May ayının yekunu üzrə manatla pul bazası ilin əvvəlinə nəzərən 6.6% artmışdır ki, bu da inflyasiya hədəfinə nail olmaq baxımından məqbul səviyyədir. Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə qalığın azalması fiskal profisit şəraitində pul bazasını hədəf daxilində tənzimləməklə əlaqədardır.

Aşağı kredit aktivliyi şəraitində bank sisteminin likvidlik mövqeyində iri həcmli struktur profisiti qalmaqdadır. Yanvar-aprel aylarında kredit qoyuluşları 0.1%, o cümlədən hüquqi şəxslər üzrə 2.7% azalmışdır. Kredit aktivliyinin son illərdə də aşağı düşməsi iqtisadi artıma və məcmu təklifin genişlənməsinə neqativ təsir göstərməklə makroiqtisadi və maliyyə sabitliyinə xələl gətirir. Bu fonda cari ildə bankların xarici investisiya aktivliyi diqqəti cəlb edir.

Faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsi, inflyasiya gözləntiləri, xarici mühitin dəyişimi və maliyyə bazarlarının buna reaksiyasından asılı olaraq qəbul ediləcəkdir.

Bu qərar 7 iyun 2019-cu ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2019-ci il iyulun 26-da ictimaiyyətə təqdim ediləcəkdir.
SOCAR İran neftinin idxalından imtina edir




Gələn ay Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki “Star” neft emalı zavodunda (NEZ) emal üçün İraqdan xam neft alacaq.

Trend xəbər verir ki, bu barədə “SOCAR Turkey Energy”nin rəhbəri Zaur Qəhrəmanov deyib.

O qeyd edib ki, İranın xam neftindən istifadə edən emal zavodları gələcəkdə ABŞ-ın sanksiyaları ucbatından problemlə üzləşə bilərlər.

“SOCAR Turkey Energy”nin rəhbərinin sözlərinə görə, bu günə qədər “Star” neft emalı zavodu tərəfindən 1,5 milyon ton xam neft alınıb:

“İlin sonuna qədər 8 milyon ton xam neft emalını planlaşdırırq. Gələn aydan isə İraqdan xam neft almağa başlayacağıq”.

Qeyd edək ki, 2018-ci il oktyabrın 19-da İzmirdə “Star” neft emalı zavodunun açılışı olub. Zavodun dəyəri 6,3 milyard dollar təşkil edir.
Azərbaycan “Boeing 737” təyyarələrindən imtina etdi



Azərbaycan “Boeing” şirkəti ilə 10 ədəd “Boeing 737 MAX-8” təyyarəsinin alışını nəzərdə tutan müqaviləni ləğv edib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin bəyanatında deyilir: “Biz rəsmi olaraq “Boeing 737 MAX-8” təyyarələrinin alışı planından imtina etmişik. Bu qərar həmin təyyarələrin təhlükəsizliyi ilə bağlıdır və müvafiq müqaviləni ləğv etdik”.

Xatırladaq ki, 2017-ci ilin aprelində Azərbaycanın “Silk Way Airline” aviaşirkəti və “Boeing” arasında 10 ədəd “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alışı haqqında müqavilə imzalanmışdı. Bu hava gəmilərinin operatoru AZAL şirkəti olmalı idi. Razılaşmanın ümumi dəyəri təqribən bir milyard dollar təşkil edirdi. Azərbaycan müqavilə çərçivəsində təyyarələri üç il ərzində əldə etməli idi.

Hazırda AZAL “Boeing 787”, “Boeing 767”, “Boeing 757”, eləcə də, “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini istismar edir.

Qeyd edək ki, son yarım il ərzində “Boeing 737 MAX” avialaynerinin iştirakı ilə iki qəza baş verib, ümumilikdə 346 nəfər həlak olub.

Mart ayının 10-da Əddis-Əbəbədən çıxan Efiopiya hava yolları şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər həyatını itirib. Qurbanlar arasında 33 ölkənin vətəndaşları yer alır.

Qəzadan sonra dünyanın 30-dan çox aviaşirkəti 737 MAX təyyarələrindən istifadədən imtina edib. Avropa İttifaqı, ABŞ, Rusiya və başqa ölkələr öz hava məkanlarında bu modeldən olan təyyarələrin uçuşuna qadağa qoyub.
Neft kəskin ucuzlaşdı


Dünya birjalarında neftin qiymətinin kəskin ucuzlaşması prosesi günlərdir davam edir.

İCE London birjasında “Brent” markalı neftin qiyməti 1,24 faiz ucuzlaşaraq barreli 61, 22 dollardan satılır.

WTI markalı neftin qiyməti isə 0,93 faiz azalaraq barreli 53 dollardan təklif olunur
Dollar kreditləri İlə bağlı VACİB AÇIQLAMA


Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanının icrası uğurla başa çatdırılıb.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, indiyə qədər kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilib ki, bu da ayrılmış məbləğin 91,4%-ni təşkil edir. Müxtəlif səbəblərə görə (ölkə xaricində olduğundan, vəfat etdiyindən və s.) kompensasiya almaq üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur ki, onların da 20,5 mini ləğv prosesində olan bankların və bank olmayan kredit təşkilatlarının, 7 mini isə fəaliyyətdə olan bankların müştəriləridir. Həmin vətəndaşlar və onların varisləri bundan sonra da banklara, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə müraciət edərək kompensasiyalarını ala bilərlər.

Bundan başqa, Palatanın nəzdində yaradılmış Apellyasiya Komissiyası 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmaları davam etdirir. Bbu müraciətlər növbəlilik prinsipi ilə cavablandırılacaq.
Fərmanın icrası üçün Maliyyə Nazirliyinin 6 trans çərçivəsində ayırdığı 600,1 milyon manat vəsaitin 288,8 milyon manatı 562 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilib.

Fərman çərçivəsində kredit təşkilatları 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pullarınə silib və bu proses davam edir. Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanıb, 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib və bu proses ilin sonuna qədər davam edəcək.

Fərmanın icrası çərçivəsində proseslərin şəffaflığının və operativliyinin təmin edilməsi məqsədilə Palata tərəfindən yaradılmış xüsusi elektron portala problemli kreditlərə dair məlumatların sorğulanması üçün 685 min istifadəçidən 1,7 milyon sorğu daxil olub. Ümumilikdə həmin portal üzrə baxış sayı 3 milyona yaxın olub. Palatanın 966 çağrı mərkəzinə daxil olan 117 mindən çox zəng cavablandırılıb.
Tütün məmulatlarından asılılığı azaldan dərmanlar vergidən azad edilir


Gürcüstanda tütün məmulatlarından asılılığın müalicəsi üçün istifadə edilən tibbi vasitələr əlavə dəyər vergisindən və idxal rüsumundan azad ediləcək.
ONA -nın yerli bürosunun xəbərinə görə, Gürcüstan parlamentinin Səhiyyə komitəsinin hakim Gürcü Arzusu Partiyasından olan deputatların təşəbbüsü ilə hazırladığı qanun layihəsi parlamentin iyunun 3-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq.
Layihənin məqsədinin tütün məmulatlarından asılılığın müalicəsinə əhalinin çıxış imkanlarını artırmaq olduğu bildirilir.