Son xəbərlər

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend bildirir ki, iyulun 3-də qızılın qiyməti iyulun 2-i ilə müqayisədə 61,1915 manat artaraq 1 unsiya üçün 2426,155 manat təşkil edib.

Gümüş 0,2283 manat bahalaşaraq 1 unsiya üçün 26,0514 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 8,9845 manat azalaraq 1412,0115 manat, palladiumun qiyməti isə 21,794 manat artaraq 2657,253 manat təşkil edib.

Ad 03.07.2019 02.07.2019
Qızıl XAU 2426.155 2364.9635
Gümüş XAG 26.0514

 

 
25.8231
Platin XPT 1412.0115 1420.996
Palladium XPD 2657.253 2635.459

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Ramil Osmanlı: “Prosesin irəliləməsi üçün dövlətin əlavə müdaxiləsinə ehtiyac var”

Prezident İlham Əliyevin çoxmənzilli yaşayış binalarının istismara qəbulu prosesinin asanlaşdırılmasına dair fərmanının icrası prosesi davam etdirilir. İndiyədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 59 çoxmənzilli yaşayış binaları kompleksinin istismarına icazə verilib.

Komitə sədri Samir Nuriyevin mətbuata verdiyi məlumata görə, həmin komplekslərdə 11 mindən artıq ailə məskunlaşıb. İcazə verilənlərdən əlavə, hazırda ölkədə 400-ə yaxın bu cür layihə mövcuddur: “Aidiyyəti dövlət qurumları öz işlərini bitirib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verdikdən 1 həftə sonra mülkiyyət hüququnu təsdiq edən sənəd verilir”.

Komitə sədri hesab edir ki, ilin sonuna qədər fərmanın icrası tam yekunlaşacaq: “Amma onu da qeyd edim ki, müəyyən yerlərdə hələ də nöqsanlar aşkar edilir. İş adamlarını mövcud nöqsanları aradan qaldırmağa səsləyirik”.

Qeyd edək ki, fərmanın imzalanmasından ötən 7 ay ərzində cəmi 59 binaya istismar icazəsinin verilməsi göstərir ki, proses kifayət qədər ləng gedir. Bu ləngimənin kökündə isə xeyli sayda binada kobud pozuntuların olmasıdır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sektor müdiri Bəxtiyar Tağıyevin APA-ya bildirdiyinə görə, Azərbaycanda istismarına icazə verilmədən insanların məskunlaşdığı çoxmənzilli yaşayış binalarının və yaxud da komplekslərin sayı 470-dir. Bunun 413-ü Bakı ərazisində, qalan 57 bina isə Abşeron rayonunda, Sumqayıt, Gəncə, Lənkəran və Mingəçevir şəhərlərindədir. İndiyədək Fövqəladə Hallar Nazirliyi tərəfindən 85 binanın-kompleksin istismara qəbul edilməsi ilə bağlı müsbət rəy verilib.

FHN rəsmisi sənədsiz binalardakı problemləri də sadalayıb: “Bəzi hallarda yaşayış binalarını inşa edən iş adamları öz öhdəliklərini sakinlər qarşısında tam olaraq yerinə yetirməyiblər. Digər tərəfdən, onu qeyd etməliyəm ki, bir sıra kooperativ yaşayış binalarının bu gün sahibləri yoxdur. Müəssisə ləğv edilib, bina sahibləri vəfat edib. Nəticə etibarı ilə binada yaşayan sakinlər problemlərlə üzbəüz qalıblar. İkinci tərəfdən, Fövqəladə Hallar Nazirliyi yaradılmamışdan əvvəl tikintisi aparılmış binalarda, bir çox halda, sənədləşmə ilə bağlı problemlər qalmaqdadır. Bu günə olan məlumata əsasən, 350-yə yaxın yaşayış binasında çatışmazlıqlar qalmaqdadır. Təqribən 200-ə yaxın bina yanğın təhlükəsizliyi tələblərinə cavab vermir. Bu binalarda yanğın təhlükəsizliyi qaydalarına tam və yaxud qismən riayət olunmayıb. Qeyri-yaşayış sahələrində də müvafiq təhlükəsizlik tədbirləri görülməyib. Bildiyiniz kimi, çoxmənzilli yaşayış binalarının böyük əksəriyyətinin zirzəmi hissələrində avtodayanacaqlar yerləşir. Avtodayanacaqlar da potensial təhlükə mənbəyidir. Təsəvvür edin, avtodayanacaqda saxlanılan avtomobillərin birində yanğın baş versə, nələr baş verə bilər. Bunun üçün yanğın təhlükəsizliyi baxımından müvafiq tədbirlər həyata keçirilməli, yanğınsöndürmə, siqnalizasiya, tüstü sovurma sistemləri quraşdırılmalıdır. Binalar tikilib, iş adamı mənzilləri satıb, öz gəlirini götürüb və insanlar mənzillərdə məskunlaşsalar da, problemlər öz həllini tapmayıb”.

B.Tağıyevin dediyinə görə, bundan əlavə, 70-ə yaxın binanın dayanıqlığının təsdiqi ilə bağlı zəruri sənədləşmə işi aparılır: “Ola bilsin ki, onların bir hissəsində əlavə gücləndirmə işlərinin aparılması zəruri hesab edilsin. Bu sonda bilinəcək. Bu sahədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bütün imkanlarını səfərbər edib. Nöqsanlar aradan qaldırıldıqca, istismarına icazə verilən binaların sayı artmaqdadır. Fərmanın icrasına başlanıldığı andan bu günə kimi xeyli irəliləyiş əldə olunub, çatışmazlıqların sayı kəskin azalıb. Məsələn, fərmanın icra olunduğu ilk aylarda yanğın təhlükəsizliyi ilə bağlı 50 binaya müsbət rəy verilmişdisə, bu gün 250-dən artıq binaya yanğın təhlükəsizliyi ilə bağlı müsbət rəy verilib. Liftlərlə də bağlı kifayət qədər problemlər mövcuddur. Respublika üzrə 41 binada 200-dən artıq lift yoxdur, yəni quraşdırılmayıb. Məlum məsələdir ki, liftlərin quraşdırılması kifayət qədər vəsait tələb edir. Bəzi sahibi olmayan binalarda bu problemin aradan qaldırılması sakinlərin imkanları xaricindədir. Bu məsələ açıq olaraq qalmaqdadır. Məsələnin həlli üçün bir neçə variant nəzərdən keçirilir”.

FHN yetkilisinin verdiyi məlumata görə, “Azərişıq” ASC üzrə 40 binada, “Azəriqaz” İstehsalat Birliyi üzrə 77 binada, “Azərsu” ASC üzrə isə 47 binada problemlər hələ öz həllini tapmayıb: “Nöqsanların qaldığı binaların sahiblərindən xahiş edərdim ki, fərmandan istifadə etsinlər. Bu, nöqsanları aradan qaldırmaq üçün onlara verilmiş şansdır. Fərmanın icrası başa çatandan sonra məsuliyyət onların üzərində qalacaq. Hamı bilir ki, hansı binanı kim tikib və orada hansı problemlər mövcuddur. Heç kəs düşünməsin ki, sifarişçisi, sahibi olan binaların problemlərini dövlət öz üzərinə götürəcək”.

Göründüyü kimi, fərmanın əhatə dairəsinə düşməsi mümkün olmayan binaların sayı kifayət qədərdir. Bu isə həmin binaların fərmanın icra müddətində sənədləşdirilməyəcəyi təhlükəsini yaradır. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının “Yeni Müsavat”a bildirdiyinə görə, FHN rəsmisinin qeyd etdiyi nöqsanlar hazırda prezidentin fərmanının icrasına ciddi problemlər yaradır: “Belə problemlər var və onlara görə fərmanın icrasında çətinliklər yaranıb. Fərmanda Fövqəladə Hallar Nazirliyinə qəzalı və ciddi problemləri olmayan binalara rəy vermək tapşırılıb. Bu gün məlum olur ki, paytaxtda xeyli sayda binada yanğın təhlükəsizliyi ilə bağlı problemlər var. O problemlərin aradan qaldırılması isə bir sıra səbəblərdən mümkün deyil: ya binanı tikən MTK artıq mövcud deyil, ya da problemləri aradan qaldırmaq gücü yoxdur. Bu cür problemlərin yaranmasında əlaqədar dövlət qurumlarının da məsuliyyəti var, çünki tikilən binalara vaxtında normal nəzarət olunmayıb. Elə MTK var ki, 15 il əvvəl binanı tikib, kvadratmetrini 250-300 manatdan satıb. İndi o binada yanğın təhlükəsizliyi üçün zəruri olan infrastrukturun qurulması üçün vaxtilə binadakı mənzillərin satışından əldə olunandan daha çox vəsait tələb olunur. Bütün bunlar çox təəssüflər olsun ki, cənab prezidentin fərmanının icrasında problemlər yaradır”.

Bəs çıxış yolu nədir? Problemlərin aradan qaldırılması necə və kimin hesabına həyata keçirilməlidir? Ekspertin fikrincə, bu məsələyə dövlət tərəfindən dəstək verilməlidir: “Elə binalar var ki, MTK-lar tikib, mənzil sahiblərinə təhvil verib gedib. Yaxud binanı tikən şəxs vəfat edib, hazırda onun sahibi yoxdur. Belə binalarda problemlərin aradan qaldırılması dövlət tərəfindən maliyyələşdirilməlidir. Çünki sakinlərin belə maliyyə tutumu yüksək olan işləri həyata keçirmək imkanı yoxdur. MTK-ları mövcud olan, fəaliyyət göstərən binalardakı problemlərin sahibkarlar tərəfindən aradan qaldırılması tələb olunmalıdır. Elə MTK-lar var ki, prosesi uzatmağa, fərmanın icra müddətinin bitməsinə qədər hansısa iş görməməyə çalışırlar. Belə hallara qarşı dövlət qurumları sərt ölçü götürməli, MTK-ları məcbur etməlidilər ki, nöqsanları aradan qaldırsınlar”.

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend bildirir ki, iyulun 1-də qızılın qiyməti iyunun 28-i ilə müqayisədə 45,6195 manat azalaraq 1 unsiya üçün 2367,165 manat təşkil edib.

Gümüş 0,1236 manat ucuzlaşaraq 1 unsiya üçün 25,8907 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 34,306 manat artaraq 1420,928 manat, palladiumun qiyməti isə 40,8 manat azalaraq 2614,4045 manat təşkil edib.

Ad 01.07.2019 28.06.2019
Qızıl XAU 2367.165 2412.7845
Gümüş XAG 25.8907

 

 
26.0143
Platin XPT 1420.928 1386.622
Palladium XPD 2614.4045 2655.2045

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Əmanətlərin faizi bu gündən düşdü

Bu gündən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edib.

"Qafqazinfo" nun məlumatına görə, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bildirir ki, 1 iyul 2019-cu il tarixinədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edir və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır. 1 iyul 2019-cu il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda milli valyutada 10%-dən, xarici valyutada 2,5%-dən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətlər ƏSF tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

İyulun ilk günü üçün məzənnə açıqlandı

İyulun 1-nə olan manatın məzənnəsi açıqlanıb.

Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, iyulun ilk günü rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, iyunun 28-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhəri yaxınlığında yerləşən “Platov” hava limanından Bakıya birbaşa uçuşlara başlanılır.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, Rostovdan Bakı istiqamətində ilk təyyarə iyulun 6-da havaya qalxacaq.

Uçuşlar həftədə bir dəfə – şənbə günləri “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək.

Təyyarə “Platov”dan yerli vaxtla 15:00-da havaya qalxacaq və 18:20-də Bakıya eniş edəcək. Beləliklə, uçuş vaxtı 2 saat sürəcək. Bakıdan Rostova təyyarələr 12:50-də uçacaq və 13:50-də “Platov”da yerə enəcək.

Bir istiqamətdə biletin qiyməti təqribən 190 dollardır.

“Bakı Metropoliteni” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2 409,498 milyon manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,8% çoxdur.

2018-ci ildə “Bakı Metropoliteni”nin cəmi öhdəlikləri 0,7% artaraq 57,051 milyon manat, cəmi kapitalı isə 4,9% artaraq 2 352,446 milyon manat, o cümlədən nizamnamə kapitalı 6,3% artaraq 2 779,056 milyon manat olub.

2018-ci ildə nəqliyyat müəssisəsinin sərnişindaşımadan gəliri 54,186 milyon manat (2017-ci ilə nisbətən 22,25% çox), dövlət büdcəsindən aldığı subsidiya 48,8 milyon manat (8,45% çox), sair əməliyyat gəlirləri 5,763 milyon manat (8,25% çox), istifadə etdiyi material ehtiyatlarının dəyəri 6,643 milyon manat (8,8% çox), istifadə etdiyi neft məhsullarının dəyəri 467 min manat (12% çox), istifadə etdiyi elektrik enerjisinin dəyəri 11,408 milyon manat (0,2% az), istifadə etdiyi qazın dəyəri 225 min manat (8,7% çox), istifadə etdiyi suyun dəyəri 4,117 milyon manat (1% az), işçi heyəti üzrə xərcləri 44,195 milyon manat (7,45% çox), torpaq, tikinti və avadanlıq üzrə amortizasiya xərcləri 85,144 milyon manat (4,65% çox), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 123 min manat (22,15% az), tikinti və avadanlığın qalıq dəyəri 833 min manat (10,7% az), digər xərcləri 6,857 milyon manat (11,7% çox), sair əməliyyat xərcləri isə 3,609 milyon manat (24,6% az) təşkil edib.

Son nəticədə “Bakı Metropoliteni” ötən ili 54,871 milyon manat xalis zərərlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 11,75% azdır. Bununla belə, qurumun yığılmış zərəri 14,8% artaraq 426,610 milyon manata çatıb.

Pərviz  Heydərov: “Azərbaycanın əsas prioriteti inkişaf etmiş ölkələrin bazarlarına yol tapmaqdır”

Azərbaycan dünyanın müxtəlif ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsini və  öz məhsulları üçün yeni bazarlar tapmağı qarşıya məqsəd qoysa da, dünyada elə ölkələr var ki, Azərbaycanın bu ölkələrlə ticarət dövriyyəsi sıfıra bərabərdir. Yəni onlarla ya idxalda, yaxud da ixracda ölkəmizlə heç bir ticarət əməliyyatları aparılmır. “Report”un məlumatına görə, onlar əsasən Azərbaycanda məsafəcə uzaq və kiçik ölkələrdir.  Misal üçün, bu ilin əvvəlindən bu günə qədər Aland Adaları, Albaniya, Amerika Samoası, Britaniya Anqilyası, Antiqua və Bərbuda Adaları, Barbados, Tanzaniya, Boliviya, Bosniya və Herseqovina, Çili, Dominika, Dominikan Respublikası, Haiti, Həbəşistan, Honduras, İordaniya, Fələstin, Kabo-Verde, Kamboca, Keniya, Konqo (Kinşasa), Şimali Koreyaya ölkəmizdən ixrac mövcud deyil. Bundan başqa, Azərbaycanın Kosta-Rika, Kuba, Kot-Divuar, Kurasao, Qambiya, Qrenlandiya, ABŞ Quamı, Qvatemala, Qvineya-Bissau, Laos, Lixtenşteyn, Madaqaskar, Malavi, Maldiv adaları, Mali, Mavriki, Martinika, Mavritaniya, hətta Mərakeş və Monako ilə ixracı sıfıra bərabərdir.

Ölkəmizin ticarətdə ixracı sıfıra bərabər ölkələr arasında Myanma, Nabiliya, Nepal, Nikaraqua, Normand Adaları, Panama, Paraqvar, Puerto-Riko, Ruanda, Salvador, San-Marino, Solomon Adaları, Sudan, Surinam, Suriya Ərəb Respublikası, Svazilend, Syerro-Leona v Şri-Lanka kimi ölkələrin adları da var. Azərbaycanda heç kəsin tanımadığı Türks və Kaykos Adaları, həmçinin Fransaya məxsus Yeni Kalendoniya, Uqanda, Uruqvay, Yamayka, Vircin Adaları, Zambiya, Zimbabve kimi Afrika ölkələrinin adları da mövcuddur.

Qeyd edək ki, son illər Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlərdən biri də yeni bazarlar tapmaq və ixracı şaxələndirməkdir. Bu mənada yuxarıda adları çəkilən ölkələr Azərbaycanın ixrac məhsulları üçün potensial bazarlar ola bilərmi?

“Yeni Müsavat”a açıqlamasında  bu mövzuya aydınlıq gətirən iqtisadçı ekspert Pərviz Heydərov  bildirdi ki, dünyada bütün ölkələrin hamısı ilə qarşılıqlı ticarət əlaqələrində olmaq təbii ki, mümkün deyil: “Xüsusən də Azərbaycan  kimi kiçik həcmli iqtisadiyyata malik ölkənin bütün ölkələrlə ticarət əlaqələrinə girməsi qeyri-realdır. Burada məhdud həcmdən söhbət gedir. Adətən o , ölkələr daha çox dövlətlə  ticarət əlaqələrində olur ki, onların ixrac etməyə çoxlu çeşiddə məhsulları var, iqtisadiyyatı kifayət qədər diversifikasiyalaşmış sayılır, iqtisadiyyatının miqyası da kifayət qədər böyükdür. Azərbaycan isə xammal ölkəsidir və bizim ixrac etdiyimiz əsas məhsul neft və neft məhsullarıdır. Son vaxtlar ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata  keçirilən tədbirlər və islahatlar  nəticəsində qeyri-neft sektorunun da ixrac imkanları tədricən zəif templə olsa da genişlənməkdədir”.

 

P.Heydərov xaricdə Azərbaycan məhsullarının təbliğatı üçün hökumət tərəfindən iş aparıldığını da diqqətə çatdırdı:“Onu da qeyd edək ki, qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq üçün ölkə rəhbərliyi daha genişmiqyaslı tədbirlərə əl atdı ki, bunlardan biri də xarici ölkələrdə səfirliklərdə ticarət evlərinin açılması, Azərbaycan məhsullarının təbliğatının aparılmasıdır. Bu işlər görülür, ancaq Azərbaycan hökumətinin tutduğu mövqe və həyata keçirdiyi siyasət ondan ibarətdir ki, geniş imkanlara malik bazarı olan ölkələrlə iqtisadi əlaqələr qursun. Bu ölkələr bizim şimal qonşumuz olan Rusiyadır, Avropa ölkələridir, Şimali Amerika, Asiya ölkələri və Çindir. Qonşu Türkiyə, Yaxın Şərq ölkələridir”.

İqtisadçı ekspert vurğuladı ki, bu ölkələr həm geniş həcmli bazarlara malikdir, həm iqtisadiyyatları inkişaf edib, həm də əhalisinin alıcılıq qabiliyyəti yüksəkdir: “Hökumətin qeyri-neft sektorunu inkişaf etdirməkdə, stimullaşdırmaqda əsas strateji siyasəti ondan ibarətdir ki, məhz bu ölkələrin bazarlarına Azərbaycanın qeyri-neft iqtisadiyyatına aid məhsullar yol tapa bilsin və bu bazarlarda mövqe qazanaq, məhsullarımızı reallaşdırmağa nail olaq”.

P.Heydərov vurğuladı ki, Azərbaycanın qeyri-neft sektoruna aid məhsulları maya dəyəri baxımından heç də ucuz başa gəlmir: “Ona görə də bizim istehsal etdiyimiz məhsullar keyfiyyətli və qiymət baxımından bir qədər yüksəkdirsə, alıcılıq qabiliyyəti yüksək olan bazarları seçməliyik, o bazarlarda satışını və reallaşdırılmasını təmin etməliyik. Azərbaycanın ticarət əlaqələrinin olmadığı ölkələrin əksəriyyətinin bu imkanları yoxdur. Azərbaycanın əsas prioriteti odur ki, inkişaf etmiş ölkələrin bazarlarına yol tapsın”.

Natiq Cəfərli: “Bu gün regionun ən sabit valyutası manatdır”

Rusiya ilə münasibətləri gərginləşən Gürcüstanda milli valyutanın dəyərsizləşməsi prosesi başlayıb. Rusiya prezidentinin Gürcüstana aviareysləri qadağan etməsindən sonra bu ölkənin Sanitar Nəzarət Xidməti də gürcü şərablarının tərkibini “normadankənar” çıxarıb. Gürcüstan valyuta bazarının bu addımlara reaksiyası isə dolların xeyrinə olub. Hazırda qonşu ölkədə dollar 2,871 lari ətrafında dəyişir.

Onu da qeyd edək ki, Gürcüstanın maliyyə sektoruna nəzarət edən dövlət qurumları Rusiyanın addımlarının valyuta bazarına təsirlərinin qısamüddətli olacağını deyirlər. Dünəndən larinin məzənnəsində yaranan sabitlik bu gözləntilərin doğru olmasından xəbər verir.

Lakin Gürcüstanın rus turistlərin axınının azalmasından dolayı xeyli gəlirdən məhrum olacağı gözlənilir.

Gürcüstan Turizm Administrasiyasının məlumatına görə, ötən il bu ölkəyə Rusiyadan gələn turistlərin sayı 23,8 faiz artaraq 1,4 milyon nəfərdən yuxarı olub. Bir turistin qonşu ölkədə xərclədiyi vəsaitin orta həcmi 700 dollara bərabərdir. Ötən il Gürcüstana gələnlərin sayı 8,7 milyon nəfər təşkil edib ki, bunun da 4,8 milyonu sırf turizm məqsədilə gələnlər olub. Gürcülərin turizmdən əldə etdikləri gəlir ötən il 3,3 milyard dollardan yuxarı olub. Bu ilin 5 ayında bu gəlirlər 1,1 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 101 milyon dollar, yaxud 9,8 faiz çoxdur. Təkcə bu ilin may ayında isə qonşu ölkənin xarici turizmdən gəliri 281 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 35 milyon dollar, yaxud 14,2 faiz çoxdur.

Gürcüstan Milli Bankının yaydığı bəyanatda qeyd olunur ki, Rusiyadan Gürcüstana turist axınının azalması ölkəyə ilin qalan hissəsində, təxminən 200-300 milyon dollar zərər vuracaq. Qeyd olunub ki, bu, ilkin hesablamalar əsasında əldə olunan rəqəmlərdir.  Sənədə əsasən, bu xarici şok ödəmə balansı və buna müvafiq olaraq larinin məzənnəsinə də təsir göstərəcək.

Bankdan bildirilib ki, Rusiya şokuna baxmayaraq, Gürcüstanın ödəmə balansı ilin yekunlarına əsasən ötən illərlə müqayisədə yaxşılaşacaq (Report.)

Göründüyü kimi, Rusiya, İran və Türkiyədən sonra Azərbaycanın daha bir qonşusu qadağalar üzündən milli valyutanın ucuzlaşması prosesini yaşayır. Bu şəraitdə maraqlı bir sual yaranır: Rusiya, onun qadağalarına məruz qalan Gürcüstan və Azərbaycanın hansının milli valyutası daha sabitdir? Bu gün dəvət olunduğu bir toya layiqli nəmər salmaq istəyən şəxs rubl, lari və manat arasında seçim edərsə, hansına üstünlük verməlidir?

Sualı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Rusiya qadağalarının gürcü larisinin məzənnəsinə təsiri qısamüddətli oldu: “İkigünlük dəyərsizləşməni sabitləşmə əvəz edib. Amma kifayət qədər dəyərsizləşmə də getdi. Məsələn, bir həftə əvvəl 100 dollar 225 lari idisə, indi 285 lariyə laxındır. Yəni dəyişiklik var. Bu gün regionda ən sabit valyuta manatdır desək, səhv etmərik. Bunun da bir neçə səbəbi var. Ən mühüm səbəb budur ki, manatın məzənnəsi dövlət tərəfindən tənzimlənir. Rusiya və Gürcüstanda məzənnə valyuta hərraclarında bazarın tələbinə və təklifə əsasən müəyyənləşir. Azərbaycanda Mərkəzi Bank üzən məzənnə rejiminə keçdiyini elan etsə də, hərraclar faktiki olaraq formal xarakter daşıyır və məzənnə tamamən dövlət tərəfindən tənzimlənir”.

N.Cəfərlinin sözlərinə görə, Rusiya milli valyutasının məzənnəsi neftin dünya bazar qiymətindən kəskin asılıdır: “Buna görə bir çox hallarda rublu ”kağız neft” adlandırırlar. Düzdür, Azərbaycanda da manatın məzənnəsi neftin dünya bazar qiymətindən asılıdır. Lakin bu məzənnə dövlət tərəfindən tənzimləndiyinə görə qısamüddətli şoklar onun kəskin dəyişməsinə səbəb olmur. Buna görə də yaxın müddətli dövrdə manatın məzənnəsində ciddi dəyişiklik gözlənilən deyil. Digər sualınıza cavab olaraq bildirim ki, bu gün toya layiqli nəmər salmaq istəyirsinizsə, dollardan istifadə edin. Bu, toy sahibi üçün də çox xoş olar. Amma rubl, lari və manat arasında seçim etməlisinizsə və qənaət etmək istəyirsinizsə, larini seçə bilərsiniz. Yox, məqsəd qənaət deyilsə, onda, əlbəttə, manatı seçmək lazımdır”…

İyunun 26-da ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,44% azalaraq 1 barelə görə 66,20 dollar təşkil edib.

“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,51% azalaraq 59,08 dollar təşkil edib.