Son xəbərlər

“Ferrari” brendinin Azərbaycanda rəsmi nümayəndəliyi olan “Ferrari Store Azerbaijan” fəaliyyətini dayandıracaq.

BAKU.WS-in əldə etdiyi məlumata görə, mağzasa 5 avqust 2019-cu ildə bağlanacaq.

Mağazanın hansı səbəbdən bağlanacağı məlum deyil.

Qeyd edək ki, 2014-cü ildən etibarən Bakıda fəaliyyət göstərən mağazada “Ferrari” brendinə məxsus kişi, qadın, uşaq geyim və aksesuarları satılır.

Azerinform.az xəbər xerir ki, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin 2018-ci ilin beynəlxalq audit standartlarına uyğun olan birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının auditi başa çatmışdır.

Audit yoxlaması ABAK-Az Crowe Ltd tərəfindən həyata keçirilmişdir. ABAK-Az Crowe Ltd beynəlxalq audit şirkətləri arasında ilk 10-luqda 8-ci yeri tutur. Şirkətin baş ofisi Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşir.
Audit yoxlamasının nəticələrinə uyğun olaraq Azərbaycan Respublikası daxilində Korporasiyanın 73.5 mln manat gəlirə cəlb olunan dövriyyəsi olmuşdur.
Bu dövriyyədən 11.2 mln manat dövlət büdcəsinə ödənişlər həyata keçirilmiş, ondan 5.8 mln manat vergi, 4.6 mln manat DSMF, 772.5 min manat gömrük rüsumları təşkil edir.
2018-ci ilin ümumi konsolidə olunmuş audit hesabatına əsasən Korporasiya ili 12% mənfəətlə başa vurmuşdur ki, bu da 12.5 mln manat gəlir deməkdir. 
Audit yoxlaması zamanı həmçinin müəyyən olunmuşdur ki, banklardan alınmış kredit borcu 2018-ci il ərzində pul ödənişi, zəmanətlərin qaytarılması və “Aqrarkredit” QSC-nin balansına verilmiş əmlaklar hesabına 286.31 mln manat azalmışdır.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

“APA-Economics”in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,39 ABŞ dolları azalaraq 66,17 dollara bərabər olub.

Azərbaycanda qızılın qiyməti ucuzlaşıb.

Trend-in məlumatına görə, iyulun 17-də qızılın qiyməti ötən günlə müqayisədə 15.4275 manat azalaraq 1 unsiya üçün 2388,8655 manat təşkil edib.

Gümüş 0,434 manat artaraq 1 unsiya üçün 26.5225 manata bərabər olub.

Platinin qiyməti 1,938 manat düşərək 1429,1390 manat, palladiumun qiyməti isə 66,98 manat azalaraq 2593,1120 manata çatıb.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Azərbaycanda hava şəraitinin yağıntılı keçməsi ilə əlaqədar olaraq sahələrdən məhsulun kütləvi yığımı ləngiyib.

Oxu.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

O bildirib ki, nazirlik heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir:

“Sərbəst bazar iqtisadiyyatında bu, mümkün də deyil. Apardığımız müşahidələrə, araşdırmalarımıza, fermerlərlə söhbətlərdən çıxan nəticələrə gəlincə deməliyəm ki, birincisi, indiyədək sahələrdən əksər hallarda istixana üsulu ilə yetişdirilmiş məhsul yığılıb. Yəni bazarlarda olan bostan-tərəvəz məhsullarının böyük bir qismi istixana məhsullarıdır. Açıq sahə məhsullarının kütləvi yığımı havaların yağıntılı keçməsi ilə əlaqədar hələ başlamayıb.

Bir neçə müddətdir xüsusilə qərb bölgəsində, şimal rayonlarımızda yağıntıların davam etməsi açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə fermer məhsulu yığaraq bazara çıxara bilmir”.

V.Hüseynov qeyd edib ki, yağıntıların azalması ilə məhsulun kütləvi yığımına başlanacaq:

“Bazarda məhsulun bol olması ilə qısa müddətdə qiymətlərin ucuzlaşacağı gözlənilir. Bu ilk hal deyil, yay mövsümündə qiymətlərdə hava şəraiti ilə əlaqədar enib-qalxmalar əvvəllər də qeydə alınıb. Yəni yağıntılarla əlaqədar pomidor gec yetişib, məhsul yığımı azalıb, lakin hava şəraiti normallaşan kimi qısa müddətdə bazarda bolluq yaranıb və qiymətlər ucuzlaşıb”.

Son günlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də meyvə-tərəvəzin qiymətinin real dəyərindən baha olmasıdır. Xüsusilə də pomidorun qiymətinin 2 manata yaxın və ya daha yüksək olması insanların ciddi narazılığına səbəb olub. Bu barədə sosial şəbəkələrdə xeyli statuslara rast gəlmək mümkündür. Eyni zamanda mövsümü meyvələrin də qiyməti ötən illə müqayisədə bahadır. 

Musavat.com-un reportyor qrupu olaraq meyvə-tərəvəz bazarında olub, qiymətlərin baha olmasının səbəbini satıcılardan öyrənməyə çalışdıq.

Bazarda öyrəndik ki, qiymətlər ötən günlərlə müqayisədə bir qədər ucuzlaşıb. Lakin alıcılar bir o qədər də gözə dəymirdi. Söhbət etdiyimiz alıcılar söylədilər ki, qiymətlərdən narazıdırlar. Bahalıq olduğu üçün normal alış-veriş edə bilmirlər.

Satıcılar isə söylədilər ki, qiymətlərin baha olması onlardan asılı olan səbəblərlə bağlı deyil. Bildirdilər ki, özləri də malı baha qiymətə alırlar. Mal götürdükləri yerlərdə isə qıtlıq yaşanır…

Məsələ ilə bağlı ekspert Mürvət Həsənli Musavat.com-a bildirdi ki, qiymətlərin baha olmasının səbəbi məhsulun az olması ilə bağlıdır. Ekspert bildirdi ki, hazırda bazara çıxarılan məhsul tələbi ödəmir. Ona görə də qiymətlər ötən illərlə müqayisədə bahadır.
Daha ətraflı aşağıdakı video materialdan məlumat ala bilərsiniz.

Lirə 0,2968, lari 0,5985 manat...

Azərbaycan Mərkəzi Bankı 15 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 15-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9162 manat təşkil edir.

1 türk lirəsi 0,2968 manat, 1 rus rublu 0,0269 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5985 manatdır.

Şərab bazarı uğrunda böyük savaş: Azərbaycana şans yaranır - GƏLİŞMƏRusiya Dövlət Duması Şurasının iclasında Gürcüstan şərab və sularının ölkəyə idxalına qadağa qoyulması məsələsi müzakirə edilib.

Duma hökumətə Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsinin məqsədəuyğunluğuna baxılmasını və müvafiq təklifin Prezidentə təqdim edilməsini tövsiyə edib.
Dövlət Dumasının bununla bağlı qəbul etdiyi bəyanatda Gürcüstana tətbiq ediləcək iqtisadi sanksiyaların şərab və qazlı suların idxalına, maliyyə və xarici iqtisadiyyat əməliyyatlarına, turizm fəaliyyətinə və gömrük rüsumlarına aid ola biləcəyi bildirilib.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə deyib ki, Rusiyaya hörmətli münasibət naminə şərabdan vaz keçmək olar: “Gürcü şərabını dadmaq imkanım olanda, imtina etmirəm. Lakin, mən, mənim yaxınlarım gürcü şərabı və suları olmadan da keçinə bilərik. Bizim möhtəşəm Rusiya şərablarımız var, sizə tövsiyə edirəm”.

Xatırladaq ki, Dumada məsələ “Vahid Rusiya” fraksiyası tərəfindən qaldırılıb. Prezident Vladimir Putinin bu məsələdə mövqeyinin üst-üstə düşəcəyi təqdirdə, Gürcüstanı ciddi sanksiyalar gözləyə bilər. Qeyd edək ki, bir qədər əvvəl isə Rusiyada ticarət şəbəkələrindən Gürcüstan şərabının piştaxtalardakı payı haqqında məlumat toplanılmasına başlanıldığı haqda xəbərlər mətbuatda yer almışdı. Hazırda gürcü şərabı Rusiya idxalının 17%-ni təşkil edir. Ümumiyyətlə, ötən il Gürcüstanda ixracın səviyyəsi son 30 ildə rekord səviyyəyə çatıb. Dünyanın 53 ölkəsinə 86,2 milyon şüşə şərab ixrac edilib. İxrac edilən şərabın dəyəri 203 milyon dollar olub və bu, 2017-ci ildəki göstəricidən 20% çox olub. Gürcü şərabının ən böyük bazarı Rusiyadır. Sonrakı yerlərdə Ukrayna, Çin, Qazaxıstan, Polşa, Latviya, Belarus, Estoniya, Litva və Almaniya dayanır. Ötən il Azərbaycana da ixrac edilən gürcü şərabının həcmi 40% artıb.

Ekspertlər ehtimal edirlər ki, məhdudiyyət qoyularsa, bu qanunsuz idxalın artması və Gürcüstan şərab müəssisələrinin bir qisminin bağlanması ilə nəticələnə bilər.

Bəs, Gürcüstandan idxalın qadağan olunması Rusiya bazarında Azərbaycan məhsullarına yol aça bilərmi? 

İqtisadçı ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında öncə Rusiyanın Gürcüstana tətbiq etdiyi sanksiyanın siyasi məsələ olduğunu xatırladıb: “Azərbaycan Rusiyaya müəyyən şərab məhsulları ixrac edir. Gürcüstanın bazardan çıxarılan payı uğrunda mübarizəyə şübhəsiz ki, digər ölkələr də qoşulacaq. Amma gürcü şərabının brendi var. Bu brend Rusiya bazarında özünə alıcı tapıb. Gürcü şərabı seqmentinin Azərbaycan və ya digər ölkələr tərəfindən doldurulması bir qədər mücərrəd məsələdir. Gürcü şərabının Rusiyaya ixracı o qədər də böyük həcmdə deyil. Düşünürəm ki, gürcü şərabının başqa yollarla Rusiyaya ayaq açması prosesi baş verəcək”.

İqtisadçı bildirir ki, bu prosesin Ermənistan tərəfindən həyata keçirilməsi ehtimalı daha böyükdür: “Əvvəl də Rusiya ilə Gürcüstan arasında bir neçə günlük müharibə baş verən zaman şərabın idxalı qadağan edilmişdi. Lakin erməni sahibkarlar “erməni brendi” adı altında bu şərabın ixracına başladılar. Azərbaycan sahibkarları bazarın o seqmentinə təsir edə bilmədilər, yəni həmin seqmenti doldurmaq üçün hər hansı məhsul təqdim edə bilmədilər. Hesab edirəm ki, indi də şərait dəyişməyəcək. Burada yalnız ermənilərin istifadə etdiyi üsuldan istifadə etməklə uğur qazanmaq mümkündür. Gürcü şərabını “Azərbaycan şərabı” adı altında təqdim etməklə həmin seqmentin bir hissəsini ələ keçirmək mümkündür”.

Bəs, ümumiyyətlə Azərbaycan şərabının ixrac potensialı nə qədərdir?

Ekspert bu sahədə ölkəmizin böyük potensiala malik olduğunu bildirir: “Sovet dönəmində bizim böyük üzüm plantasiyalarımız, onlarla şərab zavodumuz var idi. Lakin, o infrasturuktur məhv edildi. İndi həmin təsərrüfatın yenidən qurulması üçün geniş investitsiyaların qoyuluşuna ehtiyac var. Potensial var, amma bunu realaşdırmaq üçün çoxlu işlər görmək lazımdır”.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

“APA-Economics”in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,33 ABŞ dolları artaraq 68,11 dollara bərabər olub.

Image result for soğanAzərbaycanın əsas soğançılıq bölgələrindən sayılan Beyləqan və Ağdamda baş soğanın kütləvi yığımına başlanılıb.

“Report” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib.

“Hazırda Ağdamda sahədə soğanın bir kisəsi (33-34 kiloqram) 12 manata, Beyləqanda isə 10 manata təklif olunur. Fermerlər yaxın günlərdə qiymətlərin 5-7 manata qədər düşəcəyini proqnozlaşdırır. Qiymətlərin bu səviyyədən də aşağı olacağı istisna edilmir. Çünki məhsul ötən illərə nisbətən daha çoxdur. Bazarda təklifin artması, məhsulun bolluğu soğanın pərakəndə satış qiymətini də getdikcə azaldır”, – deyə o qeyd edib.