Son xəbərlər

“Əhaliyə kütləvi bildirişlərin göndərilməsi dayandırılacaq” – Azəriqaz














“Azəriqaz” İB prezident İlham Əliyevin tapşırığına əsasən bir neçə tədbirlər planı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə birliyin sədri Əkbər Hacıyev bu gün keçirilən toplantıda məlumat verib.

O, bildirib ki, müsbət beynəlxalq təcrübə nəzərə alınmaqla təbii qazdan qanunsuz istehlak nəticəsində dəymiş ziyanın hesablanmasına dair sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar Energetika Nazirliyi ilə birlikdə təkliflər hazırlanacaq və müvafiq qərarların qəbul edilməsi üçün aidiyyəti üzrə təqdim ediləcək:

“Həmçinin qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək qanunsuz istehlak halları üzrə dəymiş ziyanın hesablanmasına dair əsaslı dəlillər olmadan istehlakçılara kütləvi bildirişlərin göndərilməsi dayandırılacaq. Birliyin bəzi əməkdaşları tərəfindən vəzifələrindən sui-istifadə vətəndaşların sadəlövhlüyündən şəxsi maraqları üçün yararlanma hallarını qətiyyətlə qınayırıq. Belə halların vaxtında müəyyən edilməsi, qarşısının alınması və təqsirkar şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə ciddi tədbirlər görüləcək”.
Azərbaycan nefti ucuzlaşıb















CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 1-də 74,97 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,58 dollar/barel azdır.
Bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,62 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,52 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,92 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel azdır.
Bu günə olan valyuta MƏZƏNNƏLƏRİ














Azərbaycan Mərkəzi Bankı 2 may tarixinə olan valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan bildirilib ki, hazırda ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. 
Manata nəzərən avronun məzənnəsi 1,9053 manat, 1 türk lirəsi 0,2849 manat, 1 rus rublu 0,0263 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6296 manatdır.
Azərbaycan Cənub Qaz Dəhlizindən əldə olunacaq gəlirləri açıqlayıb















Böyük Britaniyada Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən əmlaka yatırılmış investisiyaların gəlirliliyi indiki dövrədək 4,4% təşkil edib.

Bu barədə “Report”a müsahibəsində ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

“Məlum olduğu kimi, ARDNF 2012-ci ildə Londonun Seynt-Ceyms 78 ünvanında yerləşən daşınmaz əmlak obyektini satın almışdır və onun gəlirliliyi investisiya ediləndən indiki dövrədək 4,4% təşkil etmişdir”, – Ş.Mövsümov deyib.

ARDNF-in icraçı direktoru qeyd edib ki, ARDNF-in illik əsasda təsdiqlənən İnvestisiya siyasəti hazırlanarkən qlobal iqtisadi trendlərin potensial təsirlərini özündə əks etdirən araşdırmalar ciddi şəkildə nəzərə alınır.

“ARDNF uzunmüddətli investor kimi öz investisiya portfelinə yüksək gəlirliliyə malik aktivlər daxil etməklə bərabər, daim qlobal bazarlarda baş verən prosesləri izləyir və eyni zamanda investisiya portfelinin şaxələndirilməsi və qiymət dəyişkənliyi riskinin azaldılması prinsiplərini öz fəaliyyətində rəhbər tutur. Qlobal proseslərin investisiya portfelinə edə biləcəyi bütün mümkün təsirlər ARDNF tərəfindən atılan müvafiq taktiki addımlarda xüsusi olaraq nəzərə alınır. Bildiyiniz kimi “Brexit” ilə əlaqədar danışıqlar 2016-cı ilin ortalarından davam edir, səsvermənin gözlənilməz nəticələrinin elan edilməsindən sonra bazarda baş verən volatillik fonunda müşahidə olunan dalğalanmalar kifayət qədər aşağıdır və ARDNF-in investisiya portfelinə əhəmiyyətli təsiri müşahidə olunmur”, – Ş. Mövsümov bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, ARDNF-in investisiya siyasətinə əsasən, Fondun ingilis funt sterlinqindəki aktivləri ümumi portfelin maksimum 5%-ni təşkil edə bilər.
Problemli kredit sahiblərinə yeni xəbər













Sabahdan etibarən kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər. 

Bununla bağlı “Azərpoçt” MMC məlumat yayıb.

Qeyd edilib ki, 45 minə yaxın vətəndaşın kompensasiyası 500 manatdan yuxarıdır və kompensasiyalar həmin şəxslərə kartlar vasitəsilə ödəniləcək.

Xatırladaq ki, problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyev fevralın 28-də fərman imzalayıb.
“Qalatasaray” liderə çatmaq imkanından yararlanmadı














Türkiyə Super Liqasında XXX tur başa çatıb.

ONA-nın məlumatına görə, bu gün turun son iki matçı keçirilib.

“Qalatasaray” səfərdə “Konyaspor”la qarşılaşıb. Liderə çatmaq imkanı olan İstanbul klubu meydan sahiblərinin müqavimətini qıra bilməyib.
Turnir cədvəlindəki qonşular Malatyada üz-üzə gəlib. “Kasımpaşa”nı qəbul edən “Yeni Malatyaspor” görüşdən qalib ayrılıb.

Qeyd edək ki, növbəti turun oyunları mayın 3-6-da keçiriləcək.

Türkiyə Super Liqası
XXX tur
29 aprel
“Konyaspor” – “Qalatasaray” – 0:0
“Yeni Malatyaspor” – “Kasımpaşa” – 2:1
Büyük, 42, Yalçın, 69 – Koyta, 84
 
ABŞ Azərbaycana müstəqillik illərində 1,3 milyard dollar yardım göstərib














"Bir sıra miqantlar daha yaxşı iş tapmaq üçün yaşayış yerlərini tərk edirlər, belə insanların insan alveri qurbanına çevrilmək ehtimalı var".
ONA-nın məlumatına görə, bunu bu gün ABŞ Dövlət Departamenti, Azərbaycan Hökuməti və BMT-nin təşkilatçılığı ilə keçirilən "Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi- IV faza" layihəsi çəriçvəsində beynəlxalq miqrasiya hüququna dair seminarda ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə mütəxəssisi Kristin Sinqh bildirib. 

Kristin Sinqh deyib ki, ABŞ 25 il ərzində Azərbaycana müxtəlif sahələrdə dəstək verib: "1992-ci ildən indiyə qədər ABŞ tərəfindən Azərbaycana 1,3 milyard dollar yardım göstərilib. Azərbaycan Şərqlə Qərb arasında yerləşir. Azərbaycan transmilli cinayətkarlığın qarşısının alınması baxımından mühüm ölkədir. ABŞ Azərbaycanla uzun müddətli tərəfdaşlığa, xüsusən ədliyyə sahəsində tərəfdaşlığa sadiqdir. Bu tərəfdaşlıq nəticəsində Azərbaycanda biznes mühiti də faydalanacaq. O cümlədən insanların hüquqları daha yaxşı qorunacaq "
40 saniyəyə 154 güzəştli mənzil satıldı














Osman Gündüz: “MİDA -nəın hazırda tikdiyi binalara baxanda belə anlamaq olar ki yaxın zamanda iddiaçıların hamısı güzəştli mənzil əldə edə biləcək”

Güzəştli mənzillərlə bağlı bugünkü satış zamanı 154 mənzilin seçimində iştirak edənlərin sayı 4624 nəfər olub. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) agentliyindən Bizimyol.info saytına verilən məlumata görə, Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə, 154 mənzilin satışı prosesinə bu gün saat 11:00-da başlanıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Satışa çıxarılan 154 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 11 003 nəfərdir.

Mənzillərin seçimi prosesi MİDA-nın inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin və “Ernst & Young” şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında olub.

O, Bizimyol.info saytına bildirib ki, güzəştli mənzillərin onlayn satışı ilə bağlı sistemlərində hər hansı problem yaranmayıb.

“DEMO versiyanın qabaqcadan 1 ay ərzində işə salınması və iddiaçıların qabaqcadan xeyli məşq etməsi və iddiaçılar tərəfindən İT mütəxəssislərin prosesə cəlb edilməsi seçim zamanını xeyli dəyişib. Artıq ilk dəfə olaraq bu satışda ilk seçim 4-5 saniyə çəkdi. 38-40 saniyəyə bütün mənzil seçimi başa çatdı. Ekranda bütün prosesi müşahidə ertmək mümkündür. Əvvəlcədən də yazanlar vardı ki 6 saniyəyə DEMO-da seçim edə bilir”.
Osman Gündüz bildirir ki, prosesi canlı yayımlamaq üçün ona mkan verilməyib:

“Düşünürəm ki növbəti mərhələdə mütləq bütün prosesi SOSİAL MEDİADA və TV-lərdə CANLI yayım etmək lazımdır Ümid edirəm MİDA rəhbərliyi nəzərə alacaq”.

Ekspert deyir ki, MİDA-nın məlumatlandırma işlərini də təkmilləşdirmək lazımdır. “Baxıram ki aprelin 15-dən sonra FB səhifələrində heç bir infromasiya verməyiblər. Eyni zamanda MİDA -nəın hazırda tikdiyi binalara baxanda belə anlamaq olar ki yaxın zamanda iddiaçıların hamısı güzəştli mənzil əldə edə biləcək. MİDA rəhbərliyi bu mənzil tikintisi ilə bağlı dinamikanı və məhdud sayda güzəştli mənzil iddiaçılarının da ən uzağı nə zaman mənzil ala biləcəyini indidən təxmini olaraq elan edə bilər. Əlbəttə onlayn satış ən şəffaf və insan müdaxiləsinə imkan verməyən uğurlu variantdır. Eyni zamanda ümumiyyətlə güzəştli seçim üçün əlavə imkanları da nəzərdən keçirmək pis olmazdı. Onlayn formada yeni mənzil əldə edənləri təbrik edirik, gözləmədə olan iddiaçılara da hövsələli olmağı arzulayırıq”.40 saniyəyə 154 güzəştli mənzil satıldı
Avtovağzalda Wi-Fi quraşdırılır














Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində pulsuz internet olacaq.

Bunu Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.

Onun sözlərinə görə, kompleksin rəqəmsallaşdırılması üzrə pilot layihə çərçivəsində pulsuz Wi-Fi xidməti yaxın günlərdə istifadəyə veriləcək:

“Bakı Beynəlxalq Avtovağzal Kompleksində uzaq məsafəyə hərəkət edən avtobusların demək olar ki, hər birində pulsuz və sürətli Wi-Fi xidməti var. Məlum olduğu kimi kompleksin ərazisində nəqliyyat qovşağı istifadəyə verilib. Nəqliyyat qovşağında tezliklə ictimai Wi-Fi xidməti qurulacaq. Nəqliyyat qovşağı ümumilikdə 50 min kvadratmetr ərazini əhatə edir. Bu ərazi daxilində – gözləmə zallarında əyləşən, ictimai iaşə obyektlərindən istifadə edən və dayanacaqlarda gözləyən insanlar rahat şəkildə Wi-Fi xidmətindən istifadə edə biləcəklər”.

Yeniliyin işə düşməsi ilə bağlı texniki işlər davam edir.