Son xəbərlər

Rusiya 15,5 ton pomidoru Azərbaycana qaytarıb















Azərbaycan istehsalı olan 15,5 ton pomidorun Rusiyanın Dağıstan Respublikasına idxalına icazə verilməyib.

“Report” xəbər verir ki, bu barədə qərarı Rusiyanın Dağıstan Respublikasının Baytarlıq və Fitosanitar Müşahidə üzrə Federal Xidməti verib.

Məlumata görə, Federal Xidmətin əməkdaşları pomidorlarda Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkar edib.

“Belə ki, bu pomidor yükü ilə bağlı protokol tərtib edilib və Azərbaycana geri göndərilib. Pomidor güvəsi idxal edildiyi təqdirdə, 50%-dən 100%-dək məhsulu məhv edə bilərdi”, – məlumatda bildirilir.

Cənubi Amerika pomidor güvəsi ən təhlükəli zərərvericilərdən biridir və ona qarşı yüz faiz effektli mübarizə vasitəsi yoxdur. Hətta kimyəvi preparatlardan istifadə də bu zərərvericiləri tam məhv etmir. Zərərverici məhsuldarlığa ciddi ziyan vurur, pomidorun içərisinə daxil olaraq onu sıradan çıxarır.
Metro istifadəçilərinə şad xəbər














“Bakıda metro stansiyalarının sayı 76-a çatdırılacaq”.

Bunu Redaktor.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, proses 2030-cu ilə qədər davam edəcək:

“2011-ci ildə təsdiq olunan konseptual inkişaf proqramına uyğun olaraq, yeraltı yollarının ümumi uzunluğu 119,1 km, elektron depoların sayı isə 5 olacaq. Hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikinti hissəsinin son mərhələsi bitmək üzrədir. Stansiya Ceyhun Səlimov küçəsində, Hərbi Hospitalın qarşısında yerləşir. Ən müasir sistemlərin təchizatı ilə inşa edilən bu stansiyanın arxa tərəfində 193.91 metr uzunluqda keçid kamerası da tikilir. Stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq”.

Metropoliten rəsmisi inşa ediləcək stansiyaların xətlər üzrə başladığı və bitdiyi məntəqələrin geniş əraziləri əhatə edəcəyini vurğulayıb:

“Bənövşəyi xətt – Avtovağzaldan başlayaraq Babək prospekti istiqamətindən keçəcək və Qaraçuxur qəsəbəsinə qədər davam edəcək. Qırmızı xətt – Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. Mavi xətt – Yasamal yaşayış sahəsi ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsini birləşdirəcək. Sarı xətt – Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanacaq. Yaşıl xətt – dairəvi olacaq. Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək”.

Qeyd edək ki, 2011-ci ildə prezident İlham Əliyev Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Neft kəskin ucuzlaşdı














Aprelin 26-da ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 3,2% azalaraq 1 barelə görə 71,97 dollar təşkil edib.
Aprelin 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 3,56% azalaraq 62,89 dollar təşkil edib.
Bazarlarda qiymətlər düşəcək: Köməyə çinlilər gəlir














Martın sonları və aprelin əvvəllərində Azərbaycanda tərəvəz məhsullarının qiymətlərinin baha olması ciddi narahatlıq yaratmışdı.

Bu məsələ Çinin biznes dairələrinin 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisini başa çatdırmasından və Azərbaycanda aqro-logistik sənaye parklarının yaradılmasından sonra yekun həllini tapacaq.

Bu il aprelin 24-də Çinin paytaxtında keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb.

İmzalanan sənədlər arasında Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına dair əməkdaşlıq memorandumları da var.

Ölkənin aqrar sektorunda müasir texnologiyanın tətbiqi, Çinin biznes dairələrinin 300 hektaradək sahədə müasir istixana kompleksinin və aqro-logistik sənaye parklarının tikintisinə sərmayə qoyması barədə razılığın əldə olunması təkcə meyvə-tərəvəz istehsalının nəzərəçarpacaq dərəcədə artırılmasına deyil, həm də onların açıq sahələrdə yeni məhsul becərənədək qorunub saxlanmasına da imkan verəcək.

Yeri gəlmişkən, əgər Çin texnologiyası əsasında qurulmuş istixanalarda meyvə-tərəvəzin becərilməsindən danışırıqsa, bu o demək deyil ki, söhbət dadsız, orqanizmə zərərli və ətraf mühitə ziyan vuran məhsulun istehsalından gedir. Azərbaycanlılar öz növbələrində Çində becərilən pomidor, xiyar, soğan, həmçinin armud və qarpızın dadına da baxıblar. Onlar həmin məhsulların çox dadlı və keyfiyyətli olduğu qənaətinə gəliblər.

Eyni zamanda istixanalarda meyvə-tərəvəzin istehsalının nəzərəçarpacaq dərəcədə artması və onların saxlanma müddətinin uzadılması kənd təsərrüfatı məhsullarının qiymətlərini açıq sahədə yeni məhsul yetişənədək sabit saxlamağa imkan verəcək.

Qeyd etmək lazımdır ki, azərbaycanlı fermerlər artıq bir neçə kənd təsərrüfatı sahəsində Çin təcrübəsindən uğurla yararlanıblar. Məhz Çin mütəxəssisləri ilə uğurlu əməkdaşlıq sayəsində ipəkçilik sənayesinin inkişafını yeni səviyyəyə gətirmək mümkün olub.

Bir neçə il ərzində Çindən Azərbaycana 3,5 milyon tut ağacı gətirilərək əkilib. Bu isə ölkəmizdə ipək qurdunun etibarlı yem bazasını yaratmağa xidmət edir.

Qeyd edək ki, 23 aprel 2019-cu ildə Çindən Azərbaycana 20 min qutu sənaye əhəmiyyətli hibrid ipəkqurdu toxumu gətirilib ki, bu da Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin barama istehsalını 800 tona çatdırmaqla bağlı qarşıya qoyduğu məqsədə çatmağa xidmət edir.

Ölkədə baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illəri əhatə edən Dövlət Proqramı artıq ilkin bəhrəsini verməkdədir. Əgər 2015-ci ildə ölkədə çox böyük çətinliklə 236 kiloqram barama istehsal edilmişdisə, 2016-cı ildə 70,7 ton, 2017-ci ildə 245,2 ton, 2018-ci ildə isə 514 ton barama istehsal edilib.

Buna baxmayaraq, hələ bu sahədə görüləsi çox iş var.

Baramaçılığın və ipəkçiliyin inkişafına dair Dövlət Proqramında 2025-ci ildə Azərbaycanda barama istehsalını illik 6 min tona çatdırmaq nəzərdə tutulub.

AR Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 1,31 milyard dollar təşkil edib. Çinə milli məhsulların ixracı dəyəri 114 milyon manat olub. Çindən ölkəmizə məhsul idxalının həcmi isə 1,196 milyard dollara çatıb.
Bakının bir prospektində yol tam bağlanır















Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 26-dan 27-nə keçən gecədən etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin General Səmədbəy Mehmandarov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti Yavər Əliyev küçəsindən Leyla Məmmədbəyova küçəsinə yönəldilməklə təmin olunacaq.
Baş bankir manatın vəziyyətindən DANIŞDI















“Hazırda Azərbaycanda dövriyyədə 213 milyon ədəd pulı nişanı var”.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bunun 45%-i kiçik nominallı əskinaslardır: “Dövriyyədə çox işləndiyinə görə 1, 5 və 10 manatlıqlar dövriyyəyə buraxıldığı ilk il ərzində 80% köhnəlir. Qeyd edim ki, Azərbaycan manatı tam gigiyenikdir, 100% pambıqdır. Aşağı nominallı pulların digər materialdan olan pullarla əvəz olunması barədə araşdırmalar aparılır. Əhali bunu qəbul edərmi ya yox, bu məsələ araşdırılır”, - deyə E.Rüstəmov vurğulayıb.
Kartof və soğanın qiyməti ilə bağlı xoş xəbər














Azərbaycanda kartof və soğanın qiyməti mayın sonu ucuzlaşacaq.

Bunu Trend-ə ekspert Vüqar Bayramlı deyib.

V.Bayramlı qiymətin ötən illərlə müqayisədə yüksək olmasına səbəb kimi tələbin təklifi üstələməsini göstərib: “İranda kartofun ixracına qoyulan qadağa da Azərbaycanda qiymətin artmasına səbəb olub”.

Ekspert deyib ki, qiymət artımı müvəqqətidir, çünki mayın sonunda yeni kartof bazara çıxacaq.

Qeyd edək ki, hazırda bazarlarda soğanın bir kiloqramının qiyməti 0.70-1.30 AZN, kartofun qiyməti isə 1-1.30 arasında dəyişir.

Xatırladaq ki, aprelin 5-də Nazirlər Kabineti daxili bazarda qiymət artımı müşahidə olunan soğan, kartof və kələmin ixracına əlavə rüsum tətbiq edib. Qurumun qərarı ilə soğan və kələmin ixracına 31 may tarixinədək 1 kiloqram üçün 2 dollar, kartofda isə bu ilin 30 aprelinədək 1 dollar rüsum müəyyənləşdirilib. Burda məqsəd ölkədə yetişdirilən bu məhsulların daha çox daxildə istehlak edilməsidir.
Qaza qoyulan limitin ləğvi mümkündür – İqtisadi əsaslar açıqlandı














İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) mavi qaza tətbiq edilən limitin ləğv edilməsi ilə bağlı müzakirə edilən məsələni araşdırıb.

Bu barədə mərkəzin rəhbəri Vüqar Bayramov məlumat paylaşıb. V. Bayramov həmçinin elektrik enerjisindən istifadəyə tətbiq edilən limitin dəyişdirilməsinin mümkünlüyünü də təhlil edildiyini vurğulayıb:

“Qeyd edək ki, Tarif Şurasının 28 noyabr 2016-cı il 18 saylı qərarına əsasən, illik istehlak həcminin 1500 m3 -dək (1500 m3 daxil) olan hissəsi üçün hər kub metri 10, illik istehlak həcminin 1500 m3 -dən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşib. 2017-ci ildən etibarən isə 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Hər il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanır, 2019-ci il yanvarın 1-dən etibarən də əhali istehlakçılarının illik istehlak həcmi 1 700 kubmetr (170 manat) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1 700 kubmetrdən (170 manat) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanmaqdadır. Monitorinqlər göstərir ki, güzəştli limit böyük olmadığı üçün xüsusən də mavi qazla işləyən istilik sistemindən istifadə edənlər bir neçə ayda sonra artırılmış qiymətlə ödəniş etmək məcburiyyətində qalırlar. Bu isə aztəminatlı ailələrinin büdcələri üçün əlavə xərc deməkdir.

Qazın limitinin ləğv edilməsi və limitsiz olaraq hər kubunun daha aşağı qiymətə, yəni 10 qəpiyə satılması mümkündürmü? Qiymətləndirmələrimiz göstərir ki, mavi qazın qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar var.

Əvvəla, Azərbaycanda mavi qaz hasılatının artması bu enerji növünün daha ucuz qiymətə təklif edilməsinə imkan yaradır. Ötən il həm ölkəmizin, həm də Dövlət Neft Şirkətinin (SOCAR) özünü hasil etdiyi mavi qazın həcmi artıb. Ölkəmizdə 30,490 min kub metr mavi qaz hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 7 faizə yaxın çoxdur. 2017-ci ildə Azərbaycanda 28,597 min kub metr mavi qaz hasil olunmuşdu. 2017-ci ildə 6,089 min kub metr mavi qaz hasil edən SOCAR ötən il bu göstəricini 6,525 min kub metrədək çatdıra bilib. Bu isə Dövlət Neft Şirkətinin istehsalını ötən il əvvəlki illə müqayisədə 6,7 faiz artırması deməkdir. Şahdənizin 2-ci fazasında və eləcə də Abşeron yatağından proqnozlaşdırılan mavi qaz hasilatını da nəzərə aldıqda növbəti illərdə də mavi qaz istehsalında artım davam edəcək və 2 ildən sonra əlavə olaraq daha 5 milyard kub metr mavi qaz hasil edə biləcəyik. Deməli, artan hasilat daha çox gəlir deməkdir və bu da limitlərin ləğvini mümkün edir. Hasilatın artması fonunda mavi qaz ilə bağlı limitinin ləğvi üçün iqtisadi əsaslar formalaşır.

İkincisi, Dövlət Neft Şirkəti BP-dən səmt qazı almaqda davam edir. 2018-ci ildə AÇG çərçivəsində SOCAR-a 2,3 milyard kubmetr səmt qazı alıb. Səmt qazının əsasən daxili istehlak üçün istifadə ediliyini nəzərə alsaq, bu əhali üçün satdığı qaz limitinə aradan qaldırmağa imkan yaradır.

Üçüncüsü, manatın məzənnəsinin 2017-ci ilin fevralından sonra stabil qalması SOCAR üçün valyuta riski problemini aradan qaldırıb. Belə ki, Dövlət Neft Şirkəti əhaliyə satdığı qazın bir hissəsini BP-dən xarici valyuta ilə alır. 2016-cı ilin noyabrında, limitlər müəyyənləşdirilən zaman, manatın məzənnəsi stabil deyildi və bu şirkətə xərcini planlaşdırmaqda çətinlik yaradırdı. Amma indi kurs stabil olduğundan proqnozlaşdırılmayan məzənnə xərci yoxdur və bu da limitlərin ləğv edilməsinə iqtisadi əsas yaradır.

Dördüncüsü, Azərbaycanın qaz ixracatındakı artım tendensiyası ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradır ki, bu da əhaliyə daha ucuz qiymətə mavi qaz təklif etməyə imkan yaradır. Belə ki, ötən il Azərbaycan 7,9 milyard kubmetrdən çox təbii qaz ixrac edib. Bu 1,499 milyard dollar deməkdir. 2018-ci ildə ixrac edilən təbii qazın miqdarı 2017-ci ildən 4,7%, dəyəri isə 25,5% çox olub. Artım tempi bu ilin birinci rübündə də davam edib. 2019-cu ilin birinci rübündə qaz ixracı 2 milyard 971 milyon kubmetr olub. Beləliklə, bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3,2 dəfə artım deməkdir. Qaz satışından əldə etdiyimiz gəlir bu ilin ilk 3 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2,5 dəfə artıb. Göründüyü kimi, həm ötən il, həm də geridə qoyduğum rübdə mavi qaz ixracatı və xarici satışdan əldə edilən gəlirdə ciddi artım var. Ölkəyə daxil olan valyutanın həcminin artması fonunda əhaliyə satılan qazın qiymətində güzəştin tətbiq edilməsi üçün maliyyə bazası artıq formalaşıb.

Təbii ki, mavi qaza müəyyənləşdirilən qiymət limitin ləğv edilməsi həmçinin sosial baxımdan da əhəmiyyətlidir. Belə ki, limitin ləğvi əhalinin bu istiqamətə yönəltdiyi xərclərinin azalmasına və sosial təminatının yaxşılaşdırılmasına xidmət etmiş olacaq. Bütün yuxarıda qeyd etdiyimiz iqtisadi əsaslandırmanı və məsələnin sosial tərəfini nəzərə alaraq mavi qaza müəyyənləşdirilən limitin ləğvini məqsədəuyğun hesab edirik”.
Azərbaycana maşın gətirmək istəyənlərin nəzərinə – Qaydalar dəyişdi















Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarında dəyişiklik edilib.

Nazirlər Kabinetinin qərarına əsasən, kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər öncədən bəyannamə təqdim etməlidir.

Həmin şəxsin hansısa bir malı, avtomobili ölkəyə gətirərkən onu hansı məqsədlərlə istifadə edəcəyi araşdırılacaq. Əgər satış məqsədi ilə gətirilən məhsul barədə fiziki şəxs öncədən bəyannamə təqdim etməyibsə o vəzifəli şəxs kimi cərimələncək.

Komersiya fəaliyyəti ilə məşğul olan şəxslər ölkəyə mal gətirməzdən əvvəl qısa idxal bəyannaməsi təqdim etməli olacaqlar.

Elektron formada qısa gömrük bəyannaməsi Egov.az saytı vasitəsi ilə həyata keçirilir. Prosesin elektron həyata keçirilməsi ilə gömrük prosedurlarına sərf edilən vaxt minimum endirilir.
Sizə mesaj gəlibsə, banka yaxınlaşın – Kompensasiya verilir















Bu gündən banklar vətəndaşlara kompensasiyalarının ödənilməsinə başlayır.

“Qafqazinfo” xəbər verir ki, artıq şənbə günündən problemli kreditləri olan vətəndaşlara banklar tərəfindən mesaj göndərilib.

Kompensasiya ödənilməsi ilə bağlı müəyyən edilmiş mexanizmə əsasən, fəaliyyətdə olan bankların müştərilərinə həmin banklar vasitəsilə, bank olmayan kredit təşkilatı və ləğvetmə prosesində olan bankların müştərilərinə isə “Azərpoçt” MMC vasitəsilə ödənişlərin edilməsi həyata keçiriləcək.

Banklar tərəfindən 500 manatdan yuxarı məbləğdə kompensasiyanın verilməsini ödəniş kartlarına köçürməklə, 500 manat və ondan aşağı məbləğdə kompensasiyalar isə pul köçürməsi yolu ilə veriləcək. Kompensasiya ödənişləri məqsədilə fiziki şəxslərdən heç bir komissiya tutulmayacaq.

Qeyd edək ki, prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.