Son xəbərlər

Problemli kreditlərlə bağlı ödənişlərin veriləcəyi tarix məlum olub














Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılıb.

ONA Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, Palata kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edərək, hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edib.

MBNP-dan təqdim edilmiş siyahıya uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsaitlərin kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla), ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, bank olmayan kredit təşkilatlarının, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarının isə poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülməsinə 19 aprel 2019-cu il tarixindən başlanılıb.

Kompensasiya alacaq şəxslərin sayı 602 347 nəfər təşkil edir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə Maliyyə Nazirliyi tərəfindən kredit təşkilatlarına vəsaitlərin köçürülməsi mərhələli şəkildə MBNP ilə razılaşdırılmaqla həyata keçiriləcək.

22 aprel 2019-cu il tarixindən kredit təşkilatları və poçt rabitəsi milli operatoru tərəfindən vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlanacaq.

Bütün ödənişlərin cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır.
Çörəyə tətbiq olunan vergi güzəştinin müddəti uzadıldı














Prezident İlham Əliyev Vegilər Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanunun 164.1.27-ci maddəsində “3” rəqəmi “4” rəqəmi ilə əvəz edilib. 164.1.42-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.43-cü maddə əlavə edilsin:
“164.1.43. kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə.”

Qeyd edək ki, kəpək istehsalı və satışının 2019-cu ilin martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur.
Ət idxalı niyə artır? – Ekspert günahı pambıqda görür















“Ət idxalının son 3 ayda artmasına səbəb olan amil ölkədəki örüş yerlərinin pambıq əkininin ixtiyarına verilməsidir”

Sfera.az-a açıqlamasında bunu son üç ayda Azərbaycana ət idxalının əhəmiyyətli dərəcədə artmasına münasibət bildirərkən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib:

“Ümumilikdə ölkəyə gətirilən ətin həcmi istehlak olunan ətin 12 faizi qədərdir. Bu onu deməyə əsas verir ki, onsuz da Azərbaycan az ət istehsal və az istehlak edən ölkədir. Digər tərəfdən, get-getə ət idxalından asılılıq artır. Bunun da səbəbi uzun müddətdir Azərbaycanda ətlik istiqamətində hər hansı bir sanballı işin həyata keçirilməməsilə bağlıdır. Son zamanlar isə 200 min hektar örüş sahəsi pambıq və taxıl əkininin ixtiyarına verilib. Bununla da həmin ərazilərdə heyvandarlıqla məşğul olan əhalini məcbur etdilər ki, onlar heyvanlarını kəsimə versin. Nəticədə həmin sahibkarlar artıq demək olar ki, heyvandarlıqla məşğul olmur. Şəki-Zaqatala bölgəsində oliqarxlar 65 min hektar örüş sahəsini mənimsəyib. Bu oliqarxlar həmin yerlərdən heyvandarlıqla məşğul olan sahibkarları sıxışdırıb çıxarıblar. Təəssüf ki, sözügedən tendensiya geniş vüsət almaqdadır. Nəticədə bu amilin özü sə ölkə daxilində ət istehsalının bir qədər də azalmasına gətirib çıxarır. Nəticədə ət idxalı artır. Yaranmış problem isə hökumətin, rəsmi qurumların apardığı yanlış siyasətlə bağlıdır. Yanlış siyasətdə onunla bağlıdır ki, son dövrlər hökumət pambıq, baramaçılığa geniş yer verməyə başlayıb”.

Həmsöhbətimiz onu da qeyd etdi ki, örüş yerlərinin pambığın ixtiyarına verilməsinə baxmayaraq, “ağ qızıl” istehsalçıları 2017-ci ili zərərlə başa vurublar:

“2017-ci ildə pambıq istehsalından əldə olunan gəlir cəmi 100 milyon manat olub ki, onu da qazanan ancaq ixracla məşğul olan oliqarxlar olub. Xam pambıq istehsalçıları isə gəlir əldə edə bilməyib. Bu məlumatları Dövlət Statistika Komitəsi verib. Xam pambığın maya dəyəri satış qiymətindən yüksək olub”.

Qeyd edək ki, rəsmi hesablamalara görə, cari ilin ilk üç ayında Azərbaycana keçən ilin anoloji dövrü ilə müqayisədə 17 faiz çox ət idxal olunub. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan əhalisi maldarlığa meylli olsa da, son zamanlar bu sahədə geriləmə baş verir.
Bu gün muzey və tarixi yerlərə giriş pulsuz olacaq














Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Mədəniyyət Nazirliyindən Minval.info-ya verilən məlumata görə, bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur.

Bu gün saat 18:00-da Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Boulevard Hotel”də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçiriləcək. Tədbir çərçivəsində ölkəmizin mədəni irsinin təbliği, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fərqlənmiş şəxslərin və təşkilatların mükafatlandırılması, “İrs” layihəsi çərçivəsində nəşr edilmiş “Daş keşikçiləri” adlı kitabın təqdimatı keçiriləcək.

Həmçinin Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında və muzeylərdə “açıq qapı” günü elan ediləcək. Tarix-mədəniyyət qoruqlarına və muzeylərə giriş ödənişsiz olacaq.

Qeyd edək ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük işlər həyata keçirirlər. Ölkə başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində bir sıra layihələr icra olunur. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Bu sahədə beynəlxalq təşkilatlarla da əlaqələr uğurla inkişaf edir. 2000-ci ildə İçərişəhər Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, bu il UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakı şəhərində keçiriləcək. Bu münasibətlə Azərbaycana 3 min nəfərdən artıq xarici qonağın gələcəyi gözlənilir.
Bugünkü valyuta məzənnəsi















Azərbaycan Mərkəzi Bankı 18 aprel tarixinə olan valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan bildirilib ki, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. 
Manata nəzərən avronun məzənnəsi 1,9202 manat, 1 türk lirəsi 0,2949 manat, 1 rus rublu 0,0266 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6310 manatdır.
"Nikoil Bank"dan hesabat fırıldağı - "SƏDRİN TAPŞIRIĞIDIR"















"Nikoil Bank" müştərilərinə qarşı şəffaf olmadığını bir daha sübut etdi.
"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Nikoil Bank" 2019-cu ilin 1ci rübündə 422 mln. 953 min manat cəmi aktivə, 353 mln. 874 min manat cəmi öhdəliyə, 69 mln. 78 min manat isə cəmi kapitala sahib olub.

Bank 2018-ci ilin 1-ci rübünə olan banlans hesabatını rəsmi saytından sildiyi üçün isə analoji dövrlərin müqayisəsini aparmaq mükün olmayıb. Bu isə bankın mənfi hesabatını ictimaiyyətdən gizlətməsi kimi qəbul olunur. Ehtimal olunur ki, "Nikoil Bank"ın hesabat rüblərinin müqayisəsi bankın ağır vəziyyətdə olmasındanxəbər verir. Buna görə də bank ağır vəziyyətini gizlədərək müştərilərini aldadır.

Depozit portfelinin 227 mln. 245 min manat, müştərilərə verilən kreditin isə 260 mln. 245 min manat olduğunu açıqlayan bank yenə də 2018-ci il üzrə hesabatını rəsmi saytından silməklə portfelini gizlədir. Bəlkə də bankın depozit portfeli əriyir və müştərilər bankdan pullarını götürərək qaçır.

Nə hikmətdirsə artım müşahidə olunan hissələr bankın rəsmi saytından silinməyib.

Bankda etibarlı mənbədən aldığımız məlumata görə isə hesabatın gizlədilməsi İdarə Heyəti sədrinin birinci muavini Fərhad Hacınskinin tapşırığı ilə həyata keçirilir.

Məsələn, "Nikoil Bank"ın xalis faiz gəliri 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 2 mln. manat (cuzi artaraq) 14 mln. 468 min manat olub. Qeyri-faiz gəlirləri 200 min manat azalan bank 2019-cu ilin 1-ci rübündə sözügedən gəlirini 1 mln. 233 min manata endirib. Buna baxmayaraq isə bank qeyri-faiz xərclərini 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 1 mln. 300 min manat artıraraq 6 mln. 576 min manata yüksəldib.

2018-ci ilin 1-ci rübündə 309 min manat xalis mənfəət əldə edən bank cari ilin 1-ci rübündə 3 mln. manatlıq mənfəət açıqlayıb.

"Nikoil Bank" bir tək balans hesabatını deyil, həmçinin kapitalın adekvatlığını da rəsmi saytından silərək müştərilərinə qarşı şəffaf olmadığını sübut edir. Bank 2019- cu ilin 1-ci rübündə 71 mln. 428 min manat məcmu kapitala (tutumlardan sonra) sahib olub.

Qeyd edək ki, məsələ ilə bağlı banka müraciət etsək də məsələni həll etməkdən boyun qaçırdılar.

"Əməkdaşlarımız burda yoxdu, mənim də başım çıxmır. Günün ikinci yarısı zəng edin bəlkə burda olar danışarsız".
Banklar cibimizi necə soyur? - Kredit faizləri















Azərbaycanda bank faizləri 28-36 aralığında dəyişir.

Kredit faizlərinin yüksək olması vətəndaşların xərclərinin artması, ödənişlərdə problemlərin yaranması ilə nəticələnir. 

Xüsusilə də biznes sektoruna mənfi təsir göstərən yüksək faizlərin aşağı salınması zəruri hesab edilir. Bu məsələ dəfələrlə gündəmə gəlsə də, amma konkret addımlar atılmayıb. Kredit faizlərinin aşağı salınması Azərbaycan Milli Məclisində də iki dəfə gündəliyə salınıb, amma sonradan müzakirə olunmadan gündəlikdən çıxarılıb. Müvafiq olaraq ''Banklar haqqında'' qanuna ediləcək dəyişikliklərdə nəzərdə tutulan kreditlərin aşağı salınması məsələsində hələlik heç bir irəliləyiş yoxdur.

Kommersiya bankları özləri də bu məsələdə maraqlı görünmürlər. Baxmayaraq ki, iqtisadçıları kredit faizlərinin aşağı salınmasının banklar üçün effektiv olacağını vurğulayırlar. “Əslində faizlərin yüksək olması banklara qısamüddəli gəlir gətirsə də, strateji baxımdan bankların maraqlarına uyğun deyil. Amma çox təəssüf ki, Azərbaycanda bankçılıq zəif inkişaf etdiyi üçün qısamüddətli gəlirlərə üstünlük verirlər, nəinki strateji yanaşmaya”-iqtisadçı-alim Vüqar Bayramov deyir. 

Faizlərin yüksək olması dəfələrlə ən yüksək səviyyədə deyilsə də, kommersiya bankları kredit faizlərini ciddi şəkildə aşağı salmaqda maraqlı deyil. Baxmayaraq ki, kredit faizlərinin aşağı salınmasının iqtisadi və sosial baxımından ciddi əsasları var. Hazırkı durumda bankların kredit siyasi nə iqtisadi, nə də sosial baxımdan effektiv deyil. Bu baxımdan faizlərinin tənzimlənməsi zəruridir. Faizlərin yüksək və sabit olmasının digər bir səbəbi isə ölkənin bank sektorunda rəqabətli mühitin olmamasıdır. Banklar arasında rəqabət mühiti olmadığı üçün kredit faizlərinin bazar qaydasına uyğun olaraq aşağı düşməsi mümkün görünmür. Əslində rəqabətli mühitin olmamasında irəli gələrək kredit faizlərinə limitin müəyyənləşdirilməsi gündəmə gəlmişdi. İlkin versiyaya görə tətbiq olunacaq yeni qaydaların icrasına Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) cavabdehlik daşıyacaqdı. Yeni qaydalarda faiz limitləri isə bu cür nəzərdə tutulurdu: qaydalara əsasən bank faizləri 26-dan, komissiya xərcləri isə 0.5 faizdən çox ola bilməz. Beynəlxalq təcrübədə bu üsul “faiz tavanı” adlandırılır. Yüksək dərəcənin inzibati qaydada, yəni dövlətin müdaxiləsi ilə formalaşmasına baxmayaraq rəqabətli mühitin saxlanılması önəmli məsələdir. Yəni, banklar istəsə, bundan aşağı faizlə kredit təklif edə bilər, amma müəyyənləşən maksimum faizin üzərinə çıxa bilməz.

Maraqlıdır, faizlər yüksək olması daha hansı problemləri yaradır? 

Bank faizlərinin yüksək olması real sektorun inkişafına mane olan əsas səbəbdir. Digər tərəfdən yüksək kredit faizləri vətəndaşların ödəmə qabiliyyətini aşağı salır, problemlərin isə artmasına gətirib çıxarır. Real sektor deyəndə isə əsas biznes-orta və kiçik sahibkarlıq nəzərdə tutulur ki, bu da ölkənin iqtisadi mənzərəsini formalaşdıran əsas səbəbdir. Bankın əsas işi biznesi nağd vəsaitlə təmin etməkdir. Orta və uzunmüddətli, eyni zamanda aşağı faizli kreditlərin biznesə istiqamətləndirilməsi işsizliyin aradan qaldırılmasında, real sektorun inkişafında və ən əsası vətəndaşların gəlirlərinin artmasında zəmin yaradır. Göründüyü kimi, ölkədə bank faizlərinin yüksək olması özü ilə bərabərində demək olar ki, bir çox problemlər üçün lokomotiv rolunu oynayır.

İqtisadçı-alim Vüqar Bayramov isə kredit faizlərini aşağı salınmasının zəruriliyini bu cür şərh edir:

“Azərbaycanda kommersiya banklarının kredit portfeli 12 milyard, depozit portfeli isə 8 milyard manatdır. Bu isə, o deməkdir ki, Azərbaycanda depozit portfeli kredit portfelinin 65 faizini təşkil edir.Yəni, Azərbaycanda bankların verdiyi kreditin hər 100 manatının 65 manatı vətəndaşın özündən alınan depozitdir. Depozit və kredit faizlərini müqayisə etdikdə görürük ki, arada kəskin fərq var. Nəzərə alsaq ki, aparıcı banklar xarici valyuta depozitini 3 faizdən az ödəniş etməklə cəlb edir, amma kreditləri 14-16 faizlə təklif edirlər. Manatla isə depozitlər 7 faizlə qəbul edilir, amma manatla olan kredit faizləri 30 faizə qədər yüksəlir. Bu baxımdan böyük fərq yaranır. Banklar vətəndaşdan aldığı vəsaiti digərinə bəzi hallarda 6 dəfə çox faizlə verir. Bu da nə iqtisadi, nə də sosial baxımdan uyğun deyil”.
Azərbaycan nefti 74 dollara yaxınlaşır















Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,2 dollar və yaxud 0,27% artıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 73,78 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Bu məhsullar bahalaşdı — SİYAHI














2019-cu ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,6 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,3 faiz, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində unun, çörəyin, makaron məmulatlarının, qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, kəsmiyin, zeytun yağının, limonun, naringinin, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, kələmin, göyərtinin, xiyarın, pomidorun, balqabağın, bibərin, çuğundurun, kartofun, soğanın, sarımsağın, energetik içkilərin qiymətlərində bahalaşma, mal və toyuq ətinin, sterilizə olunmuş üzlü südün, xamanın, süfrə marqarininin, qarğıdalı yağının, yumurtanın, qozun, fındığın, şabalıdın, badımcanın, yerkökünün, quru noxud və lobyanın, mərcinin, şəkər tozunun, duzun qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından parçaların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, velosipedlərin, televizorların, dəftərxana ləvazimatlarının, sementin, kərpicin, nitro və yağlı boyaların qiymətlərində bahalaşma, kəsilmiş taxtanın, sulu boyanın, kondisionerlərin, mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cari ilin mart ayında fevral ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, məişət cihazlarının təmiri, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, istirahət turlarının qiymətləri bahalaşıb, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, hotel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Soğan və kartof ucuzlaşdı — RƏSMİ AÇIQLAMA














Daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə kartof, soğan və kələmin ixracına müddətli rüsumun tətbiqi, soğan idxalına spesifik rüsumun may ayının 31-dək ləğv edilməsi, həmçinin faraş kartof, soğan və kələmin satışa çıxarılması nəticəsində bazarda bu məhsulların təklifi artıb və aprel ayının ikinci ongünlüyündən başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə edilir.
Bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə məlumatında qeyd olunub. 

Bildirilib ki, artıq kartofun 1 kiloqramı bazarlarda 0.70 manatdan, marketlərdə 0.79 manatdan, soğanın 1 kiloqramı bazarlarda 0.70 manatdan, marketlərdə 1.09 manatdan, kələmin 1 kiloqramı bazarlarda 1.00 manatdan, marketlərdə isə 1.29 manatdan başlayan qiymətlərlə təklif olunur. Bu isə, əvvəlki qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. 
Bundan başqa mövsümlə bağlı bazara çıxarılan kartof, soğan və kələmin miqdarının artması ilə əlaqədar bu məhsulların daha da ucuzlaşacağı gözlənilir.