Azərbaycandakı dini icmalar və Azadlıq Partiyasının sədri Prezidentə təşəkkür edirPrezident İlham Əliyevin rəhbərliyi altında dövlətin resurslarının koronavirusla mübarizəyə səfərbər olunması artıq effekt verməkdədir. Ölkə üzrə son günlərin statistikası gələcəyə nikbin baxmaq üçün stimuldur.

Azərbaycan üzrə koronavirusdan sağalma hallarının yoluxma hallarını üstələməsi dövlətin məqsədyönlü siyasətinin və tibb işçilərinin qəhrəmancasına səylərinin təzahürüdür.

Prezident İlham Əliyevin uzaqgörənliyi və qabaqlayıcı konsepsiyasının nəticəsi olaraq ölkədə koronavirusun yayılma arealı məhdudlaşdırılıb. Azərbaycan xalqı bütün bunları dəyərləndirir və ölkə başçısına təşəkkür edir. Əhalinin dövlət başçısına etibarının göstəricilərindən biri də Prezidentə ünvanlanan minnətdarlıq məktublarıdır.

Bu dəfə Prezidentə minnətdarlıq edənlər sırasında dini statusuna görə fərqlənən şəxslər də yer alıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu Vladimir Fekete, Alban-udi icmasının rəhbəri Robert Mobilinin Prezidentə ünvanladığı birgə müraciətində yazılır:

“Bir Olan Yaradanın adı ilə.

Möhtərəm cənab Prezident!

Biz, Azərbaycanda yaşayan dini konfessiya rəhbərləri, ölkəmizin din xadimlərinin və dindarların iradəsini, həmçinin çox sayda müraciətlərini nəzərə alaraq, Sizə - Azərbaycan xalqının ümummilli rəhbərinə və Birinci vitse-prezident Mehriban xanıma bu çətin dönəmdə həyata keçirdiyiniz böyük işlərə, nümayiş etdirdiyiniz xüsusi diqqətə, səmimi müraciətlərinizə, xalqa ünvanlı maddi-mənəvi dəstəyə görə dərin minnətdarlığımızı ifadə edirik. Bu, bizim dini rəhbərlər olaraq mənəvi borcumuzdur və biz bunu təmsil etdiyimiz dini icmalar adından böyük məmnuniyyətlə bəyan edirik.

Zati-aliləri!

Dünyanın mürəkkəb dövr yaşadığı, həyatın bütün sahələrində gərgin imtahanlardan keçdiyimiz bir zamanda biz yenə də Sizin şəxsiyyətinizin və dövlət xadimi olaraq əzəmətinizin şahidi olduq. Koronavirus bəlasının qarşısının alınmasında misilsiz əməyinizlə, Zati-aliləriniz, Azərbaycan xalqının yenilməz lideri, ümummilli dövlət xadimi kimi nəzərimizdə bir daha ucaldınız. Ulu Yaradanın lütfü ilə Siz insanlara ümid bəxş edən, həyatları xilas edən qəhrəman Vətən övladı timsalında xalqın qəlbində yer almısınız.

Möhtərəm cənab Prezident!

Bütün səmavi dinlərdə bir insanı xilas etmək bütün bəşəriyyəti xilas etmək qədər yüksək dəyərləndirilir. Uca Yaradanımıza xoş gedən bu missiyanın reallaşması baxımından Sizin hər bir vətəndaşımızın həyatının qorunması uğrunda gecəli-gündüzlü mübarizə aparmağınız, öz nümunənizlə hamımızın birlikdə güclü olduğumuzu nümayiş etdirməyiniz tarixə həkk olundu. Dünyanın aparıcı dövlətlərinin belə qibtə edəcəyi çeviklik, operativliklə ərsəyə gələn yeni xəstəxanalar, ölkəyə gətirilən tibbi qurğular və zamanında verdiyiniz dəyərli qərar və Sərəncamlar sayəsində cəmiyyətimiz səfərbər edildi və Azərbaycanda xəstəlik üzərində qalibiyyətin bünövrəsi qoyuldu. Azərbaycanda koronavirusa yoluxma hallarının aşağı səviyyəsi, sağalanların daha çox sayda olması görülən böyük işlərin, davamlı və gərgin zəhmətin nəticəsidir. Həmçinin cənabınızın COVİD-19 pandemiyası ilə mübarizəyə beynəlxalq müstəvidə dəstəyi, müvafiq qurumlara, dünya birliyi ölkələrinə humanitar yardımı ölkəmizin ümumbəşəri bəla ilə mübarizədə real iştirakının bariz nümunəsi, bəşəri yardımlaşmaya gözəl örnəkdir. Zati-alilərinizin Azərbaycan həkimlərinin fədakar əməyinə verdiyi yüksək dəyərə biz də qoşulur, hökumətimizin, bütün aidiyyəti dövlət qurumlarının zəhmətini təqdirəlayiq qiymətləndiririk. Əminik ki, Sizin rəhbərliyinizlə görülən misilsiz tədbirlər, bu mürəkkəb dövrdə iqtisadi islahatların davam etdirilməsi yönündə səyləriniz, sosial rifaha dair addımlarınız və ən əsası, xalq-dövlət birliyi sayəsində Azərbaycan bu sınaqdan tezliklə uğurla çıxacaq.

Möhtərəm cənab Prezident!

Biz, Azərbaycanın dini konfessiya rəhbərləri, təmsil olunduğumuz dünya dini liderlərinin nüfuzlu platforması olan Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin çoxsaylı üzvlərinin də iradəsini ifadə edərək, cənabınızın uzun illər ərzində ümumbəşəri əhəmiyyətli səmərəli fəaliyyətini, ələlxüsus, pandemiya dövründə bəşərin qorunması yönündə milli və qlobal müstəvidə atdığınız addımları təqdirəlayiq hesab edir, Sizi dünya miqyaslı lider və Azərbaycan millətinin qəhrəman oğlu kimi dəyərləndiririk.

Möhtərəm cənab Prezident!

Biz bir daha Sizin ümumbəşəri bəla ilə fövqəladə mübarizənizə öz dəstəyimizi ifadə edirik. Dünya yəhudiləri üçün önəmli bayram olan Pesax, dünya xristianlarının müqəddəs Pasxa bayramı münasibətilə Cənabınızın və hörmətli Mehriban xanımın səmimi təbriklərinə görə dərin minnətdarlığımızı bildiririk. Uca Rəbbimizdən istəyimiz budur ki, Sizin siyasi uzaqgörənliklə, görkəmli dövlət xadimi olaraq həyata keçirdiyiniz fövqəladə işlər, xalqa bəxş etdiyiniz böyük ümid və dayaq Vətənimiz Azərbaycanın hər sahədə zəfərini təmin etsin, ölkəmizin tezliklə virus təhlükəsindən qurtulmasına rəvac versin. Dünya müsəlmanlarının mübarək Ramazan ayı ərəfəsində böyük ehtiram hissi ilə Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar arzulayır, Uca Allahdan hər zaman yardımçınız olmasını diləyirik. O Bir Olan Yaradanımız Azərbaycan xalqını və bütün bəşəriyyəti hifz etsin. Amin”.

Prezidentin koronavirusla mübarizə siyasəti müxalifət partiyasının da təşəkkürünə səbəb olub. Azadlıq Partiyasının sədri Əhməd Oruc və onun ailəsi adından ölkə başçısına ünvanlanan məktubda bildirilir:

“Möhtərəm cənab Prezident.

İcazə verin, ailəmiz üçün ən çətin anlarda – atam, Azadlıq Partiyasının sədri Əhməd Orucun səhhətindəki problemlər ucbatından düşdüyümüz çıxılmaz vəziyyətdə bizə etdiyiniz yardıma, göstərdiyiniz dəstək və qayğıya görə Sizə sonsuz minnətdarlığımızı bildirək.

Sizə olan təşəkkür və rəğbətimiz sonsuzdur. Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə aparılan bu gərgin şəraitdə bizə göstərdiyiniz xüsusi diqqət, müxtəlif siyasi baxışlara məhəl qoymadan atdığınız nəcib addım Sizin ən yüksək insani keyfiyyətlərə malik əsl lider olduğunuzu bir daha təcəssüm etdirir. Sizin və çox hörmətli Mehriban xanımın hər bir vətəndaşı düşünməsinin, ehtiyacı olan hər bir kəsin yardımına tələsməsinin bariz nümunəsini şəxsən gördük.

Atamın həyatı ciddi təhlükə altında olduğu məqamda etdiyiniz əvəzsiz köməyi heç vaxt unutmayacağıq”.

Zərdab rayonunun Qoruqbağı kəndindin Mustafa Mustafayev yazır:

“Mənim 80, həyat yoldaşımın isə 68 yaşı var. Karantin rejiminə əməl edərək evdən çıxmırıq. Təqaüd və müavinətlər alsaq da, heç bir maddi sıxıntımız olmasa da, bu günlərdə xüsusi diqqət və qayğı ilə əhatə olunmuşuq. Tez-tez ərzaq yardımı, müxtəlif hədiyyələr alırıq. Cənab Prezident, dövlətimizin qərarları bizim üçün qanundur. Allah tezliklə bu bəlanı ölkəmizin başının üstündən yox etsin. Sizin əməyiniz qarşısında baş əyir, xalqımızın bu zəhmətinizi heç vaxt unutmayacağına əminəm. Çünki bilirəm, bu əməyi, bu zəhməti unudan Allahı unudar. Allah Sizi Azərbaycan xalqına çox görməsin”.

Masallı rayonundan Ələşrəf Niftiyev və Füzuli Abdullayev məktublarında bildirirlər:

“Möhtərəm cənab Prezident.

Sizi Masallı rayonunun ağsaqqalları, ziyalıları, ictimai fəalları adından salamlayır və əhalinin sosial rifahı naminə görülən işləri ürəkdən bəyəndiyimizi bəyan edirik. Siz Azərbaycanımızın xilaskarı Heydər Əliyevin yolu ilə gedərək ölkəmizi daim tərəqqiyə doğru aparırsınız. Siz dünyanı bürüyən amansız düşmən - koronavirusa qarşı uzaqgörən siyasətinizlə bu xilaskarlıq missiyasını davam etdirirsiniz.

Cənab Prezident, Siz daim xalqla birlikdəsiniz, xalqımız da çağırışlarınıza, tövsiyələrinizə əməl edir. Çünki bilirik ki, Sizin yolunuz nicat yoludur. Biz Sizin qətiyyətli addımlarınızı bəyənir və tezliklə pandemiya üzərində qələbə çalacağımıza əminik”.

Bakının Qaradağ rayonundan Orxan Vəliyev qeyd edir:

“Möhtərəm cənab Prezident.

Mən bir azərbaycanlı gənc tələbə kimi bu məktubu yazmağı özümə borc bildim. Hər şeydən əvvəl onu bildirim ki, biz - Azərbaycan gəncləri, eyni zamanda, bütün Azərbaycan vətəndaşları Sizinlə qürur duyuruq. Biz hər zaman Sizin bütün qərarlarınızı dəstəkləyir və fəaliyyətimizdə onları rəhbər tutaraq addım atırıq. Biz bilirik ki, hər zaman bizim arxamızda Sizin kimi liderimiz dayanıb. Əminik ki, Sizin uğurlu və düşünülmüş siyasətiniz biz azərbaycanlılara bütün çətin sınaqlardan çıxmağa kömək edəcək. Mən şəxsən öz adımdan və təhsil aldığım Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Məlumdur ki, dünyanı cənginə almış yeni növ koronavirus pandemiyası Azərbaycanımızdan da yan keçməyib. Lakin biz çox xoşbəxt xalqıq ki, Sizin kimi böyük liderimiz var. Dünyanın bir çox inkişaf etmiş ölkələri bu virusun qurbanına çevrilsə də, deyə bilərik ki, Azərbaycan bu gün tale əhəmiyyətli sınaqdan uğurla çıxmaqdadır. Təbii ki, bu, Sizin uzaqgörən siyasətinizin uğurlu nəticəsidir.

Cənab Prezident, Sizə hər zaman xalqınızın yanında olduğunuz üçün bütün gənclər adından təşəkkürümü bildirirəm. Var olun. Allah Sizi xalqımıza çox görməsin. Siz dünya liderlərinin arasında əvəzolunmazsınız və biz gənclərin idealısınız. Biz Sizinlə fəxr edirik”.

Zaqataladan Famil Rəhimov yazır:

“Əziz və hörmətli Prezidentimiz.

Hər bir yaxşı və çətin gündə Siz xalqımızın, gənclərimizin yanında olmusunuz və hər zaman Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini düşünürsünüz.

Sizin xalqımıza etdiyiniz müraciətlər bizdə yüksək əhval-ruhiyyə yaradır. Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz “Biz birlikdə güclüyük!” çağırışını biz - Zaqatala rayonunun gəncləri yekdilliklə dəstəkləyirik.

Tərəfinizdən koronavirus pandemiyası ilə bağlı görülən bütün tədbirlərə, vətəndaşların sağlamlığına və sosial rifahına göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə təşəkkür edirik.

Hər zaman çətin məqamlarda ölkə vətəndaşlarının yanında olduğunuzu bir daha sübut etdiniz. Sizin siyasətinizin əsasında Azərbaycan xalqı və onun rifahı dayanır. Bu gün biz inamla və fəxrlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin qurduğu, cənab Prezidentimizin inkişaf etdirdiyi qüdrətli və müstəqil Azərbaycanın vətəndaşıyıq. Zaqatala rayon gəncləri adından xalqımızın, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə və ailənizə can sağlığı və uzun ömür arzulayıram”.

Şabran rayonundan şair-publisist Zakir Bayramlı bildirir:

“Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz və təşkilatçılığınızla respublikamızda koronavirusla bağlı xüsusi karantin rejimi üzrə görülən tədbirləri alqışlayırıq. Sizin sərəncamlarınız və verdiyiniz xüsusi tapşırıqlar əsasında vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə bu qorxulu və dəhşətli pandemiyanın yayılması tempini xeyli aşağı salmaq mümkün olub. Karantin müddətində əhalinin normal yaşamasının və sosial rifahının təmin edilməsi üçün operativ və təxirəsalınmaz işlər həyata keçirilib. Bütün bunlar Sizin baş verəcək hadisələri qabaqcadan görmək bacarığınızdan, çətin və qorxulu situasiyaları qiymətləndirmək səriştənizdən, siyasi çevikliyinizdən və xalqa olan dərin məhəbbətinizdən irəli gəlir. Bütün sanitar-gigiyenik tədbirlərin görülməsini, insanların hərəkətinin məhdudlaşdırılmasını, cərimələrin tətbiqini və s. respublikamızda koronavirusdan qorunmağın yeganə yolu kimi dəyərləndiririk. Var gücünüzlə, qəlbən respublika əhalisinin qorxunc bəladan qurtulmasına çalışdığınıza görə, hörmətli Prezident, Sizə öz minnətdarlığımızı bildiririk”.

Kürdəmir rayonundan Elmir Həsənov qeyd edir:

“Əziz və dəyərli cənab Prezident.

Hal-hazırda bütün dünyanı lərzəyə gətirmiş yeni növ koronavirus pandemiyası ilə əlaqədar olaraq bütün dünya böyük narahatlıq içərisindədir. Bütün dövlətlər bu təhlükəli virusla əlaqədar var güclərini səfərbər ediblər. Lakin dünyada bəzi inkişaf etmiş dövlətlər belə bu təhlükənin qarşısını vaxtında almaq üçün zamanında ciddi yanaşmadılar və bunun nəticəsi kimi bu cür ölkələrdə böyük miqyasda insan tələfatı baş verir. Ancaq çox az sayda bu cür təhlükəli virusa qarşı çevik reaksiya verən dövlətlər oldu. Bu dövlətlərdən biri də və bəlkə birincisi bizim Azərbaycandır. Bu çevik addımların atılmasında Sizin tapşırıqlarınız və rolunuz danılmazdır. Bizim Azərbaycan xalqı uzun illər boyu bundan da böyük çətinliklərə qalib gəlmiş dözümlü xalqdır və bu böyük xalqın sizin kimi böyük siyasətçisi var. Mən bir gənc, tələbə olaraq dünyada gedən prosesləri diqqətlə izləməyə çalışıram və Sizin hər zaman dərin mənalı çıxışlarınıza baxaraq bununla qürur duyuram. Allah hər zaman Sizi qorusun, Sizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə böyük uğurlar arzulayıram, cənab Prezident”.

Göygöl rayonundan Dünya Quliyeva və başqaları yazırlar:

“Hörmətli cənab Prezident.

Son zamanlar bütün dünyanı zəbt etmiş koronavirus pandemiyası dövlətimizi də qayğılandırdı. Lakin Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu.

Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Sizin televiziya kanallarında izlədiyimiz çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqları bunun bariz nümunələridir.

Cənab Prezident, məlum vəziyyətlə əlaqədar verilən bütün qərarlarınızı dəstəkləyirik. Çünki bu, birbaşa bizim sağlamlığımızın qorunması üçün atılmış addımlardır. “Evdə qal” aksiyasında iştirak edən yaşlı və aztəminatlı təbəqənin nümayəndələri heç nədən korluq çəkmədi. Bu cür qayğı və diqqətə görə Sizə təşəkkür edirik.

Cənab Prezident, Göygöl rayonunun ahıl insanları və ağsaqqalları hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləyirlər”.

Cəlilabaddan Yaqut Baxışova və Əliməmməd Qürbətov bildirirlər:

Son zamanlar bütün dünyanı cənginə alan koronavirus pandemiyasına yoluxmayan ölkə qalmayıb. Pandemiya bizi həyat tərzimizi dəyişməyə vadar etdi. Ölkəmizdə epidemiyaya qalib gəlmək üçün misilsiz, genişmiqyaslı tədbirlər görülür.

Cənab Prezident, Siz dəfələrlə vəziyyətin çox ciddi olduğunu, hər birimizin həmrəylik və birlik nümayiş etdirdiyi təqdirdə bu yoluxmaya qalib gələcəyimizi vurğulamısınız. Biz həm də bu qələbəni güclü, qayğıkeş, qətiyyətli Prezidentimiz olduğuna görə qazana biləcəyik.

Cənab Prezident, Sizin bu gərgin anlarda necə gərgin iş rejimində işlədiyinizin şahidiyik. Vermiş olduğunuz hər bir tapşırıq vətəndaşların sağlamlığına xidmət edir.

Biz ahıllar “Evdə qal” aksiyasına qoşularaq karantin rejiminin qaydalarına riayət edirik. Karantin rejimində olmağımıza baxmayaraq, daim Sizin və dövlət qurumlarının diqqət mərkəzindəyik. Hər gün bizlərə qayğı göstərilir və tələbatlarımız ödənilir. Biz ahıllarda göstərilən diqqət və qayğıya görə Sizə minnətdarıq”.

Bakı sakini Kamil Mənsimov qeyd edir:

“Möhtərəm cənab Prezident.

Neçə ildir ki, Azərbaycan öz torpaqlarını azad etmək, Vətənimizin bütövlüyünü təmin etmək uğrunda xain, təcavüzkar, mənfur bir ölkə ilə mübarizə aparır. Sizin rəhbərliyinizlə görülən bütün işlər Azərbaycanı qələbəyə yaxınlaşdırır.

Bir neçə aydan bəri isə ölkəmiz gözəgörünməz düşmənlə üz-üzə qalıb. Lakin Sizin qətiyyətiniz, yüksək təşkilatçılıq qabiliyyətiniz bu bəla üzərində də qələbəni qaçılmaz etdi. Sizin müdrik rəhbərliyinizlə hər iki cəbhədə minimum itkilərlə qələbə qazanacağımıza əminik.

Siz pandemiya ilə mübarizə üçün bütün imkanları səfərbər etdiniz. Dünyanın inkişaf etmiş ölkələrini diz çökdürən pandemiya Azərbaycan uğurla həyata keçirilən qabaqlayıcı və səmərəli tədbirlər qarşısında təslim olaraq geri çəkilməyə başladı.

Biz hamımız inanırıq ki, Azərbaycanın gələcəyi Sizinlə daha da parlaq olacaq. Xalqımız Sizinlə qısa vaxtda bu bəlanın da öhdəsindən gələcək”.

Ağcabədi rayonundan Süleyman Şahverdiyev və başqaları yazırlar:

“Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım.

Hər bir vətəndaşımızın həyatını düşündüyünüz üçün Sizə minnətdarıq. Ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar “Evdə qal” çağırışınıza əməl edib evdə qaldığımız halda, Siz yorulmadan bizim sağlamlığımız üçün gərgin rejimdə işləyirsiniz.

Məcburi köçkünlərə xüsusi diqqət və qayğınızın nəticəsidir ki, bizim ailələr Ağcabədi rayonunda salınmış yeni qəsəbədə evlə təmin olunub. Bundan başqa, sosial izolyasiya tədbirləri ilə əlaqədar məktəblərin bağlanmasına baxmayaraq, övladlarımız təhsildən kənarda qalmır, televiziyada təşkil olunmuş onlayn dərslərdən yararlanırlar. Əməkhaqlarımız da vaxtında köçürülür.

Bunun üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə gərgin və yorulmaz işlərinizdə uğurlar arzulayıram. Allah yardımçınız olsun. Allah tezliklə ölkəmizi koronavirus bəlasından xilas etsin”.

Gəncədən Sevinc Mirzəyeva və başqaları bildirirlər:

“Möhtərəm cənab Prezident.

Bütün dünyanı cənginə almış koronavirus Azərbaycandan da yan ötməyib. Ancaq Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması, onun miqyasının məhdudlaşdırılması istiqamətində çox mühüm addımlar atılıb.

Pandemiyaya qarşı kompleks mübarizə tədbirləri ilə yanaşı, bu bəlanın iqtisadi təsirlərinin azaldılması, xüsusilə azətminatlı ailələr tərəfindən onun fəsadlarının hiss olunmaması üçün dövlətimiz tərəfindən iqtisadi və sosial sahələrdə də mühüm təşəbbüslər irəli sürülüb.

Bir sözlə, dövlətimizin bütün imkanları epidemiyanın qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına yönəlib. Bu isə bir daha onu sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun firavanlığı dayanır.

Cənab Prezident, bütün bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizinlə fəxr edirik”.

Füzuli rayonunun Horadiz şəhərindən Olqa Nəsirova qeyd edir:

“Möhtərəm cənab Prezident.

Koronavirus epidemiyasının respublikamızda yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması, sosial rifahının yaxşılaşdırılması istiqamətində Sizin rəhbərliyinizlə həyata keçirilən tədbirləri yüksək qiymətləndirirəm. Sizin və Mehriban xanım Əliyevanın virusun qarşısının alınması, insanlarımızın sağlam qalması üçün necə gərgin və əzmlə çalışdığınızı görürəm və bundan qürur duyuram.

Milliyyətcə rus olsam da, Azərbaycan Respublikasının vətəndaşıyam, cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Horadiz şəhərində yaşayıram. Sizin bu ağır və çətin günlərdə necə vicdanla işlədiyinizi, xalqın qayğısı ilə yaşadığınızı, daim insanların yanında olduğunuzu görürəm.

Sizin tapşırığınızla karantin dövründə aztəminatlı ailələrə 190 manat pul vəsaitinin ödənilməsi sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Biz füzulililər hər zaman olduğu kimi, yenə də Sizin yanınızdayıq, Sizi dəstəkləyirik. İnanırıq ki, Sizin uzaqgörən və müdrik qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik. Allah Sizi və Mehriban xanımı qorusun”.

Qəbələ rayonundan Pərviz Sabirli yazır:

“Möhtərəm cənab Prezident.

Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız qətiyyətli addımlarınız, əzmkar mübarizəniz Vətənini sevən hər bir vətəndaş kimi, məni də qürurlandırdı.

Əziz Prezidentimiz, belə çətin bir dövrdə ölkə vətəndaşlarının qayğısına qalaraq və əhalinin sağlamlığını düşünərək atdığınız addımlara, o cümlədən sahibkarlara verilən dövlət dəstəyinə, vergi güzəştlərinə, əhalinin həssas təbəqəsinə edilən yardımlara görə sonsuz minnətdarlığımızı bildiririk.

Biz də apardığınız bu şərəfli mübarizədə Sizin ətrafınızda sıx birləşərək, bu çətin sınaqdan ən az zərərlə çıxmaq üçün əlimizdən gələni edir, vətəndaşlıq mövqeyimizi nümayiş etdiririk.

Hörmətli cənab Prezident, ölkəmiz, xalqımız, dövlətçiliyimiz üçün əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirir, Sizə uzun ömür, möhkəm can sağlığı arzu edirik”.

Füzuli rayonundan Ceyhun Məmmədov məktubunda bildirir:

“Möhtərəm cənab Prezident.

Bütün dünyanı ağuşuna alan, hər gün minlərlə insanın ölümünə səbəb olan koronavirus epidemiyasının qarşısının alınması istiqamətində Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən ardıcıl və sistemli tədbirləri, dövlətin bütün resurslarını epidemiyanın təsirinin azaldılması üçün səfərbər edilməsini Füzuli rayonunun sakinləri də alqışlayırlar. Cəbhə bölgəsində yaşayan füzulili məcburi köçkünlər olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın gecəli-gündüzlü yorulmaz fəaliyyətiniz, müdrik və düşünülmüş qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik. Sizin bu ağır və çətin günlərdə necə vicdanla işlədiyinizi, xalqın qayğısı ilə yaşadığınızı, hər zaman olduğu kimi, indi də insanların yanında olduğunuzu bilirik və Azərbaycan vətəndaşları olaraq bundan qürur duyuruq.

Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün böyük məbləğdə vəsait ayırmağınız, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, yeni tibb ocağının, tibbi maska və qoruyucu vasitələr istehsalı müəssisələrinin istifadəyə verilməsi, atdığınız bir çox digər addımlar xalqımızı sevməyinizin, ona xidmət etməyinizin bariz nümunələridir.

Sizin tapşırığınızla yaşı 65-dən yuxarı vətəndaşlara, o cümlədən imtiyazlı ailələrə ərzaq yardımın verilməsi, işsiz və aztəminatlı insanlara karantin dövründə 190 manat pul vəsaitinin ödənilməsi sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Əziz və möhtərəm Prezidentimiz, Siz şəfqət, mərhəmət, humanizm, köməyə ehtiyacı olanın yanında olmaq kimi yüksək insani keyfiyyətlərə sahibsiniz. Sizin və Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyətinizin ali məqsədi – ana xətti Azərbaycanın daha gözəl, daha qüdrətli olmasına, insanlarımızın isə daha xoşbəxt və firavan yaşamasına xidmət edir.

Biz füzulililər çox şadıq ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizi çox sevirik, Sizə inanırıq və Sizi dəstəkləyirik. Siz dediyiniz kimi, "Biz birlikdə güclüyük!". Allah Sizi və ailənizi qorusun”.

Kürdəmirdən Cəmalə İsmayılova və Yaşar Rəşidov yazırlar:

“Möhtərəm cənab Prezident.

Biz Kürdəmir rayonunda çalışan bütün müəllimlərin adından öncə təhsilə göstərdiyiniz qayğıya, sonra isə koronavirus pandemiyasına qarşı görülən tədbirlərə görə Sizə təşəkkürümüzü bildiririk. Təhsil işçiləri daim Sizi daim dəstəkləmiş və dəstəkləyəcək.

Hörmətli Prezident, dünyada qlobal problemə çevrilmiş pandemiya ilə əlaqədar xalqımızın sağlamlığının qorunması üçün zamanında verdiyiniz düzgün qərarlar, uzaqgörən siyasətiniz və göstərişləriniz nəticəsində ölkəmiz bu bəlada böyük itkilər vermədi. Bu addımların nəticəsi olaraq virusun ölkəmizdə sürətlə yayılmasının qarşısı alınır.

Həmçinin, dövlət tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, maddi dəstək göstərilir. Həmişə olduğu kimi, xalqın həyat şəraiti, rifahı, sosial vəziyyəti diqqətdə saxlanılır”.

Şəki şəhərindən Vüsal Baxışov məktubunda bildirir:

“Möhtərəm cənab Prezident.

Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olaraq ölkəmizə rəhbərlik etdiyiniz 17 il ərzində dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, onun dönməzliyinin təmin edilməsi, iqtisadi qüdrətinin artırılması, mədəni tərəqqiyə nail olmaq istiqamətində apardığınız ardıcıl, məqsədyönlü siyasətiniz biz vətəndaşlar tərəfindən daim yüksək dəyərləndirilib, bu siyasətin müsbət nəticələrini hər birimiz, demək olar ki, hər gün öz həyatımızda hiss edirik.

Möhtərəm cənab Prezident, son aylarda dünyanın 200-dən çox ölkəsinə yayılaraq 2 milyondan çox insanı yoluxduran koronavirusa qarşı Sizin rəhbərliyinizlə Azərbaycanda aparılan ardıcıl siyasət nəticəsində bu gün, demək olar ki, ölkəmizdə xəstəliyin yayılmasının nəzarət altına alınmasına nail olunub. Təbii ki, bütün bu nailiyyətlər Sizin qətiyyətli və ciddi iradəniz, elmi və məntiqi cəhətdən əsaslandırılmış yanaşmanız, ən əsası isə kökündə vətənpərvərlik, insansevərlik dayanan qərarlarınız sayəsində əldə edilib. Pandemiyaya qarşı mübarizənin tərkib hissəsi olaraq iqtisadi cəhətdən həssas qruplardan olan həmvətənlərimizə, sahibkarlara, aztəminatlı insanlara yönələn və hər gün miqyası genişlənən sosial siyasətiniz vətəndaşlarımızın güzəranının yaxşılaşdırılması üçün olduqca əhəmiyyətlidir.

Möhtərəm cənab Prezident, Sizə dəstəyimizi ifadə edir, minnətdarlığımızı bildiririk”.

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov yazır:

“Əziz Prezidentimiz.

Xalqımızın dünyanı bürüyən koronavirus bəlasından xilas olması üçün göstərdiyiniz səylər, verdiyiniz tapşırıqlar, vətəndaşlara infeksiyadan qorunmaqla bağlı etdiyiniz müraciətlər bizi çox sevindirir. Koronavirusdan əziyyət çəkən ölkələrin əksəriyyətindən fərqli olaraq, Azərbaycanda iqtisadi böhranın yaşanmaması, hətta yeni sosial layihələrin icrası bir daha respublikamızın iqtisadi və maliyyə dayanıqlılığının sübutudur. Biz, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə xalqın qayğısına bu qədər qalaraq işdən azad olunmaması, ixtisara salınmaması, əməkhaqlarının saxlanılması, işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manat məbləğində vəsaitin ayrılması, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, kommunal ödənişlərdə güzəştlərin nəzərdə tutulması, digər sosial müdafiə üzrə ciddi addımların atılması barədə qətiyyətli tapşırıqlarınızı dəstəkləyir, ətrafınızda sıx birləşərək bütün işlərinizdə Sizlərin yanında olduğumuzu bildiririk. Cənab Prezident, əminik ki, Sizin müdrik və uzaqgörən siyasətiniz, xalq-iqtidar birliyi sayəsində bu tarixi sınaqdan da uğurla çıxaraq dövlətimizin qüdrətini dünyaya bir daha sübut edəcəyik. Ulu Tanrı Sizi, ailənizi və xalqımızı qorusun”.

Bakı sakini Əli Əliyev dövlət başçısına ünvanladığı məktubda bildirir:

“Çox hörmətli cənab Prezident.

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün Sizin tapşırıqlarınıza əsasən müəssisəmizə olunan maddi yardıma görə Sizə dərin minnətdarlığımızı bildiririk. Qeyd etmək istəyirik ki, 20 ildən çox fəaliyyətimiz dövründə, əvvəlcə ulu öndərimiz Heydər Əliyevin, daha sonra Sizin sahibkarlara göstərdiyiniz qayğı və diqqəti hər zaman hiss etmişik.

İqtisadiyyatımızın belə çətin günlərində bizi unutmadığınıza görə Sizə minnətdarıq”.

Bakının Maştağa qəsəbəsinin sakini Samir İsmayılov qeyd edir:

“Möhtərəm cənab Prezident.

Əvvəlcə Sizə öz səmimi salamlarımı çatdırıram. Koronavirus pandemiyası 200-dən artıq ölkəni öz cənginə alıbvə bu virus bizim ölkədən də yan keçməyib. Ancaq çox sevindirici haldır ki, koronavirus pandemiyası ölkəmizdə ciddi yoluxmaya və çoxsaylı insan təlafatına səbəb olmayıb. Bu da məhz ölkəmizdə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı aidiyyəti orqanlara verdiyiniz tapşırıqlar və bununla bağlı xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədardır. Ölkəmizdə koronavirusun geniş yayılma tempinin qarşısının alınması bizi çox sevindirir. Bütün bunlar onu deməyə əsas verir ki, Siz daim Azərbaycan xalqının yanında olmusunuz və bu çətin günlərdə xalqımız bir daha bunun şahidi oldu. Mən də öz növbəmdə Sizə dərin minnətdarlığımı bildirirəm və bu çətin gündə birliyimizin daha da möhkəm olmasını diləyirəm”.

Şəki şəhərindən İsmayıl Balacayev və başqaları yazırlar:

“Hörmətli cənab Prezidentimiz.

Bu çətin günlərdə xalqımıza, millətimizə göstərdiyiniz isti münasibət və qayğıya görə Sizə minnətdarlıq etməyi özümüzə borc bilirik.

Görünməyən təhlükəli düşmənlə mübarizədə atdığınız addımlar xalqımızı çox məmnun edir. Böyük ölkələrin bacara bilmədiyi işləri Azərbaycan Sizin sayənizdə məharətlə bacardı. Bu çətin günlərdə atılan qətiyyətli addımlar nəticəsində, çox şükür ki, itkilərimiz minimum səviyyədədir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən tədbirlər də xüsusi alqışlara layiqdir. Xüsusi qrupa aid olan xəstələr üçün qanvermə aksiyasını çox müsbət qarşılayırıq.

Cənab Prezident, bu ağır günlərdə işləməyən insanlara birdəfəlik müavinətlərin verilməsi təqdirəlayiqdir. Bu insanların sayının 600 min nəfərə çatdırılması isə Sizin humanist addımlarınızdan biridir. Allah Sizdən razı olsun.

Bir vətəndaş olaraq daim Sizi dəstəkləyirik. Allah Sizi və gözəl ailənizi qorusun. Allaha əmanət olun”.

Bakı sakini Hüseyn Əlixanov bildirir:

“Möhtərəm cənab Prezident.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmuş, hazırda həyatımıza təsir edən koronavirus bu gün bütün ölkələri bürüyüb. Həyat şəraitinə və inkişaf səviyyəsinə görə qabaqcıl hesab edilən ölkələrdə virusa yoluxanların və xəstəlikdən həyatını itirənlərin sayının artması müşahidə olunur.

İqtisadi, siyasi, mədəni və beynəlxalq sahələrdə yürütdüyünüz düzgün və məqsədyönlü siyasət, ümummilli liderimiz Heydər Əliyev ideyalarından bəhrələnən idarəçilik təcrübəniz, xalqımızın hər bir təbəqəsinə göstərdiyiniz sistemli və ardıcıl diqqət və qayğı təqdirəlayiqdir, xalqa olan məhəbbətinizin və sevginizin parlaq təzahürüdür. Dünyanın bir parçası olaraq, ölkəmizin bu bəlanı yaşadığı ilkin dövrdə gördüyünüz təxirəsalınmaz təsirli tədbirlər öz nəticəsini verməkdədir. Heç də təsadüfi deyildir ki, insanların həyat və rifahının Sizin üçün ən önəmli olduğu barədə çıxışlarınızda dəfələrlə etdiyiniz qeydlər reallıqla üst-üstə düşür. Vaxtında verdiyiniz göstərişlər və qəbul etdiyiniz qərarlar sayəsində xalqımız bəzi Avropa ölkələrinin qarşılaşdığı faciəvi halla üzləşmədi.

Qonşu ölkələrlə sərhədlərdə gediş-gəlişin maksimum dərəcədə məhdudlaşdırılması, xarici ölkələrdən Vətənə qayıtmaq istəyən vətəndaşlarımızın xüsusi reyslərlə sistemli və ardıcıllıqla daşınmasının təmin olunması, minlərlə şəxslərin karantində saxlanmaqla testdən keçirilməsi, Azərbaycanın bütün şəhər və rayonlarında xüsusi karantin rejiminin tətbiqi, hər kəs tərəfindən bu qaydalara riayət olunmasına ciddi nəzarətin təşkili, yoluxmaya meyilli risk qrupuna aid insanlara, o cümlədən tək yaşayan yaşlılara fərdi qaydada zəruri xidmətlər və yardımların göstərilməsi, küçələrin, eləcə də fəaliyyəti zəruri hesab edilən idarə, müəssisə və təşkilatların yerləşdiyi binaların dezinfeksiya olunması və çoxsaylı digər tədbirlər virusdan yoluxma hallarının artmasının qarşısını aldı.

Virusun ən çox yayıldığı ölkələrin bayraqlarının həmrəylik simvolu olaraq Heydər Əliyev Mərkəzinin binasının üzərində möhtəşəm formatda nümayiş olunması Sizlərin simasında Azərbaycan xalqının bütün dünya ilə həmrəyliyinin təcəssümüdür. Xalqımızın Sizin “Biz birlikdə güclüyük!” çağırışınıza qoşulması alqışa layiqdir.

Möhtərəm cənab Prezident, Sizin dərin məzmunlu çıxışlarınız və tövsiyələriniz xalqımızın əhval-ruhiyyəsini yüksəklərə qaldırır, koronavirus deyilən bu bəlaya qısa müddətdə qalib gələcəyimizə zəmin yaradır. Ailəmiz adından Sizə dərin minnətdarlığımızı ifadə etməklə, xalqımızın rifahı və xoşbəxt gələcəyi naminə möhkəm can sağlığı, daha böyük uğurlar arzu edirəm. Biz Sizinlə birlikdə güclüyük!”

Məktubların məzmununu təhlil etsək, birmənalı deyə bilərik ki, əhali Prezidentin ətrafında sıx birləşib.

Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Oxu.az məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.  

Əmrə əsasən, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin baş inspektoru, polis baş leytenantı Fariz Ramazanzadə vəzifəsindən azad edilib. 

Nazirin digər əmri ilə o, Sumqayıt Şəhər Polis İdarəsinin DYP şöbəsinin taqım komandiri vəzifəsinə təyin edilib. 

Prezident bu rayonun icra başçısına TÖHMƏT VERDİ

Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.

Azərbaycan xalqı Prezident ətrafında sıx birləşdiyini bəyan edir
Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin koronavirus pandemiyasına qarşı apardığı mübarizə ölkə üzrə infeksiyanın yayılma coğrafiyasını məhdudlaşdırıb.

Yoluxma halları ilə bağlı son günlərin statistikası ümidvericidir – artıq sağalanların sayı üstünlük təşkil edir.

Bununla belə, dövlət yenə də tədbirlər görməkdədir, bu məqsədlə xüsusi karantin rejiminin müddəti mayın 4-nə qədər uzadılıb.

Azərbaycan xalqı xüsusi karantin rejimi dövründə həmrəylik nümayiş etdirir.

Əhali, eyni zamanda, Prezidentin ideyaları və siyasətinin arxasında sıx birləşdiyini bəyan edir.

Dövlət başçısına ünvanlanan çoxsaylı minnətdarlıq məktubları da bunu sübut edir.

Azərbaycanın bütün regionlarından ölkə başçısına gələn məktubların bir qismini təqdim edirik.

Ağdamın Zərgişalı kəndinin 80 yaşlı sakini Allahverdi Məmmədov yazır:

“Hörmətli cənab Prezident. Mənim 80 yaşım var. Dünyanı bürüyən pandemiya Azərbaycandan da yan keçmədi. Bu ağır günlərdə Sizin uzaqgörənliyiniz və qabaqlayıcı tədbirləriniz bizim qurtuluşumuz oldu. Aprel döyüşləri zamanı bizim kəndimizə gəldiniz və bizə ruh verdiniz. Çətin günlərdə bizimlə oldunuz. Yandırılıb dağıdılan evlərin bərpasını nəzarətə götürdünüz, lazımi tapşırıqlar verdiniz. Az müddətdə evlər tikildi, bərpa olundu. Bu evlərin açılışında Siz və Mehriban xanım Əliyeva da iştirak etdiniz. İnanırıq ki, bu çətinliklərə də Sizin rəhbərliyinizlə qalib gələcəyik. Arzu edirəm, heç zaman yorulmayasınız. Allah köməyiniz olsun. Azərbaycan xalqı fəxr eləsin ki, Sizin kimi dünya şöhrətli Prezidentimiz var. Allah Sizi qorusun, Siz də biz vətəndaşları”.

Füzuli rayonundan Sevil Məmmədova məktubunda bildirir:

“Bir vətəndaş olaraq bu ağır günlərdə Sizə minnətdarlıq məktubu yazmağı özümə borc bilirəm.

Mən Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış Qayıdış-3 qəsəbəsində yaşayıram. Rayonumuzun hər bir kənd və qəsəbəsi, demək olar ki, hər gün dezinfeksiya edilir. Aztəminatlı ailələr, yaşlı və tənha insanlar Sizin tapşırıqlarınız əsasında ərzaq və gigiyena vasitələri ilə təmin olunurlar. Bunların hamısı bütün vətəndaşların gözü önündə baş verir. Son günlərdə imzaladığınız sərəncamlar isə bizi daha çox sevindirir.

Cənab Prezident, xalqımıza ünvanladığınız müraciətlər, çağırışlar bir daha sübut etdi ki, Siz hər bir vətəndaşın Prezidentisiniz. Biz füzulililər inanırıq ki, məmləkətimizə üz tutan bu koronavirus bəlasına həmrəyliyimiz sayəsində qalib gələcəyik.

Möhtərəm cənab Prezident, biz Sizinlə fəxr edirik. Bu ağır günlərdə Sizə dəstək olaraq “Evdə qalaq, sağlam olaq” çağırışınıza əməl edirik. Biz – məcburi köçkünlər həmişə Sizinləyik. Allah Sizi və ailənizi qorusun”.

Şuşadan olan məcburi köçkün Anar Həsənov:

“Hörmətli cənab Prezident. Bütün dünyanı ağuşuna almış COVID-19 ölkəmizdən də yan keçmədi. Bir çox ölkələr, demək olar ki, bu virusa boyun əyməli oldu. Məhz Sizin sayənizdə ölkəmiz bu virusa qalib gəlməyə yaxındır. Sizin atdığınız uzaqgörən və düşünülmüş addımlar biz vətəndaşların virusdan qorunmasına gətirib çıxardı. Qonşu ölkələrlə sərhədlərin vaxtında bağlanması respublikamızda virusun yayılmasının qarşısını aldı.

Çox hörmətli Prezident, Siz mənim və bütün Azərbaycan vətəndaşlarının ən yaxın dostusunuz. Bəli, ən yaxın dostu. Bunun bariz nümunəsi xaricdə yaşayan həmvətənlərimizin ölkəmizə gətirilməsinə dəstək göstərməyiniz, onların qayğısına qalmağınız və yanlarında olmağınızdır.

Möhtərəm Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasətini əzmlə, iradə ilə davam etdirir, müstəqil Azərbaycanımızı, onun Silahlı Qüvvələrini gücləndirirsiniz. Azərbaycanımızı dünyaya örnək göstərilə biləcək bir məmləkətə çevirmisiniz. Sizin və Mehriban xanımın sayəsində bir çox layihələr artıq dünya dövlətləri tərəfindən öyrənilir və tətbiq edilir. Həmçinin, son vaxtlar koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması ilə əlaqədar verdiyiniz tapşırıqlar da bir çox ölkələr üçün nümunə oldu.

Cənab Prezident, mən və ailəm Sizin siyasətinizi daim dəstəkləyirik. Tanrı Sizi qorusun”.

Gədəbəy rayonunun Qızıltorpaq kəndinin sakini Mətanət Bayramova yazır:

“Hörmətli cənab Prezident. Mən birinci qrup əliləm. Bu gün dünyanı bürüyən koronavirus Azərbaycandan da yan keçmədi. Lakin Sizin gördüyünüz qabaqlayıcı tədbirlər öz nəticəsini verməkdədir. Xəstələnənlərin sayının gündən-günə azalması buna bariz nümunədir. Hələ 2003-cü ildə keçirilən prezident seçkilərində demişdiniz ki, hər bir azərbaycanlının Prezidenti olacaqsınız. Sizin hər bir addımınızda bunun şahidi oluruq. Bu gün böyük dövlətlərin rəhbərləri bu virusun qarşısında aciz qalıblar, onun qarşısını ala bilmirlər. Sizin xalqın sağlamlığını qorumaq üçün atdığınız addımların nəticəsini görməkdəyik. İmkansız ailələrə göstərilən qayğı, işsizlərə verilən müavinət Sizə inam hissimizi daha da artırır.

Cənab Prezident, mən birinci qrup əlil olmağıma baxmayaraq, 2018-ci ildə keçirilən seçkilərdə iştirak etdim və Sizə səs verdim. Bir gənc kimi Sizinlə qürur duyuram. Sizin hər bir çıxışınız, hər bir addımınız Azərbaycan xalqının xoşbəxtliyinə hesablanıb. Çünki Siz Heydər babanın siyasi məktəbində dərs almısınız.

Cənab Prezident, əlil olmağıma baxmayaraq, ailəmdə iki uşaq böyüdürəm. Övladlarım Sizi hər dəfə televiziya efirində görəndə sevinib deyirlər ki, Prezidentimiz danışır. Sizə diqqətlə qulaq asırlar. Cənab Prezident, bu siyasi yolda Sizə yeni uğurlar arzu edirəm. Tanrı Sizə yar olsun”.

Bakının Binə qəsəbəsinin sakinləri adından kənd ağsaqqalı Hüseynağa Əliyev öz məktubunda qeyd edir:

“Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyünüz işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Səhiyyə sahəsində görülən işlər, insanlara göstərilən xüsusi qayğı bizi sevindirir. 65 yaşdan yuxarı tənha və xüsusi qayğıya ehtiyacı olan vətəndaşların istək və qayğıları ilə yaxından maraqlanıb onların ərzaq və tibbi tələbatlarının ödənilməsi istiqamətində xeyli işlər görmüsünüz. İnsanların sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb olunur, imkansız şəxslər ərzaq və tibbi yardımla təmin olunur, onlara pul yardımları göndərilir. Sizin hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət reallığı tam əks etdirilir. İnanırıq ki, Sizin müvafiq qərarlarınızla ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq və Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq. Allah Sizi, ailənizi və xalqımızı qorusun. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildirir və bu çətin günlərdə görəcəyiniz tədbirlərin səmərəli olacağına əminliyimizi ifadə edirik.

Bir daha qəsəbəmizin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk”.

Tərtərdən Əliqulu Bayramov:

“Hörmətli cənab Prezident. Siz bu ağır günlərdə ölkəmizin vətəndaşları ilə birlikdə olur, onlara lazımi kömək göstərirsiniz. COVID-19 pandemiyasının bütün dünyanı bürüdüyü bir vaxtda vətəndaşların qayğısını çəkərək, onlardan öz dəstəyinizi əsirgəmirsiniz. Dövlət tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, ona maddi dəstək göstərilir. Xalqın həyat şəraiti, rifahı, sosial vəziyyəti diqqətdə saxlanılır.

Çox hörmətli Prezidentimiz, bir sahibkar, bir vətəndaş olaraq sahibkarlara, eləcə də bütün vətəndaşlara göstərdiyiniz yüksək qayğıya görə Sizə minnətdaram. Əminik ki, Sizin rəhbərliyiniz və səyləriniz sayəsində xalqımız tezliklə bu bəladan xilas olacaq”.

Şəki şəhərindən Şəmsiyyət Əsgərova yazır:

“Möhtərəm cənab Prezident. Dünyada tüğyan edən, bəşəriyyətin hazırda bir nömrəli bəlasına çevrilən COVID-19 infeksiyası hər birimiz üçün böyük təhlükəyə çevrilib. Bütün dünya bu bəlaya qarşı mübarizəyə səfərbər olub. Dünyanın inkişaf etmiş ölkələri nə qədər çalışsalar da, həm yoluxmanın, həm də itkilərin qarşısını almaqda aciz qalıblar. Sizin rəhbərliyinizlə ölkəmizdə virusla mübarizə işi çox uğurla həyata keçirilir. Azərbaycanda bu virusa yoluxma və ölüm hallarının sayının başqa ölkələrlə müqayisədə dəfələrlə aşağı olması bizə nikbin düşünməyə əsas verir.

Cənab Prezident, bu günlərdə modul tipli yeni xəstəxanaların tikilməsi haqqında imzaladığınız Sərəncam hər birimizin sevincinə səbəb oldu. Sizin rəhbərliyinizlə həyata keçirilən bu işlər vətəndaşlarımızın sağlam yaşamasına yönəlib. Bütün bunlar Sizin uzaqgörənliklə həyata keçirdiyiniz uğurlu siyasətinizin məntiqi nəticələridir. Pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə bir müəllim kimi Şəki sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Var olun, cənab Prezident!”

Gəncədən akademik Fuad Əliyev öz məktubunda bildirir:

“Hörmətli cənab Prezident. Bütün dünyanı bürüyən koronavirus pandemiyası müxtəlif ölkələrdə minlərlə insanın ölümünə səbəb olub. Azərbaycanda isə Sizin verdiyiniz müdrik qərarlar sayəsində bu dəhşətli bəlanın zamanında qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirildi.

Vətəndaşlarımızı epidemiyadan qorumaq, bu bəladan daha az itki ilə qurtulmaq üçün Sizin rəhbərliyinizlə atılmış addımlar hamı kimi, biz – Gəncə ziyalıları tərəfindən də rəğbətlə qarşılanır. Sizin vaxtında verdiyiniz müdrik qərarlarınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirləri təqdir edir və bu addımlar başqa dövlətlərə nümunə göstərilir.

Ulu Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə daim Sizi və ailənizi qorusun”.

Bakının Qala qəsəbəsində yaşayan Laçın rayonundan məcburi köçkün İslam Şərifov:

“Möhtərəm cənab Prezident. Bütün dünyanı cənginə almış koronavirusla mübarizədə dövlət başçısı kimi xalqımıza yorulmadan göstərdiyiniz misilsiz xidmətlərinizə görə Sizə təşəkkür edir, dərin ehtiramımızı bildiririk. Sizin uzaqgörən siyasətinizin, hadisələrə real qiymət verməyinizin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir.

Cənab Prezident, əminik ki, görülən tədbirlər sayəsində bu pandemiyanın ölkəmizdə tezliklə sona çatmasına nail olacağıq. Biz hər zaman Sizinləyik və Sizi dəstəkləyirik. Ulu Yaradan Sizi Azərbaycan dövlətinin və xalqının başı üzərindən əskik etməsin”.

Gəncə şəhərindən Ramil Qasımov və başqaları yazır:

“Hörmətli cənab Prezident. Sizin yürütdüyünüz uzaqgörən siyasət nəticəsində Azərbaycan bütünlüklə dəyişir, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilir. Məhz bu inkişaf, bu dinamika koronavirus epidemiyasının qarşısını vaxtında almağa imkan verdi. Artıq biz bu mübarizədə qələbənin yaxınlaşdığını hiss edirik.

Bir daha əmin olduq ki, hər bir qərarınız vətəndaşın daha yaxşı yaşamasına, rifahının yüksəlməsinə xidmət edir.

Cənab Prezident, daim Sizinlə qürur duymuşuq. Pandemiya ilə mübarizədə göstərdiyiniz fədakarlıq isə tarixə qızıl hərflərlə yazılacaq. Xalqımız göstərdiyiniz fədakarlığınıza görə Sizə təşəkkürünü bildirir, tutduğunuz müqəddəs yolda uğurlar arzulayır”.

Mingəçevir şəhərindən Gülbikə Manaflı:

“Hörmətli cənab Prezident. Bütün dünyanın qlobal problemlə üz-üzə qaldığı bir dövrdə Sizin xalqımıza göstərdiyiniz dəstək və qayğı heç vaxt unudulmayacaq. Tapşırıq və göstərişlərinizlə açılan xəstəxanalar, müəssisələr Sizin hər şeydən əvvəl biz vətəndaşları düşündüyünüzü nümayiş etdirir. 2003-cü ildə prezident seçkilərindən sonra söylədiyiniz “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” fikriniz indiyədək gördüyünüz işlərdə öz təsdiqini tapsa da, bu günlərdə koronavirusla bağlı həyata keçirdiyiniz tədbirlər xalqımıza sevginizi bir daha göstərdi.

Ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin aciz qaldığı bir vaxtda, Siz bu xəstəliyə qarşı tədbirləri çox məharətlə idarə edərək, xalqımızı qorudunuz. Siz nəinki ölkəmizdə yaşayan vətəndaşlarımıza, həmçinin respublikamızdan kənardakı soydaşlarımıza da sahib çıxdınız.

Əziz Prezidentimiz, Azərbaycanı qarşıda hələ çox gözəl günlər gözləyir. Hamımız bir olub həmrəylik nümayiş etdirsək, Siz dediyiniz kimi, istənilən çətinliyə qalib gələ bilərik. Siz hər zaman vətəndaşın yanında olur, onun sevincinə də, kədərinə də şərik çıxırsınız. Xalqımız əmindir ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən də alnıaçıq, üzüağ çıxacağıq. Çünki Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”

Möhtərəm cənab Prezident, Siz xalqımızı qoruyursunuz, Allah da Sizi qorusun”.

Gədəbəy rayonunun Novosaratovka kəndinin sakini Rəhim Məmmədov dövlət başçısına ünvanladığı məktubda qeyd edir:

“Hörmətli cənab Prezident. İstirahət etmədən xalqımızın qayğısına qaldığınız üçün, koronavirusla mübarizədə xalqımıza dəstək göstərdiyiniz üçün Sizə təşəkkür etmək istəyirəm.

Sizin müdrikliyiniz, xalqı birliyə səsləməniz bizə bütün çətinliklərin öhdəsindən gəlməyə güc verir, ruhlandırır. Allahın köməyi, Sizin yorulmaz fəaliyyətiniz sayəsində xalqımız bu mübarizədən üzüağ çıxacaq. Hər zaman olduğu kimi, Siz bir daha xalqa dayaq olduğunuzu sübut etdiniz.

Milyonlardan biri kimi, uca Allahdan Sizə can sağlığı, uzun ömür, işlərinizdə yeni uğurlar arzulayıram”.

Bakı sakini Həbib İsayev bildirir:

“Hörmətli cənab Prezident. Dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə ölkəmizdə görülən tədbirlər Sizin Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğınızın nəticəsidir.

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində birdəfəlik yardımın verilməsi ilə Siz bir daha sübut etdiniz ki, əsas vəzifəniz xalqımızı, dövlətimizi qorumaq, insanların rifahını təmin etməkdir”.

Kürdəmirin Xınıslı kəndinin sakini Rəfail Məmmədov:

“Möhtərəm cənab Prezident. Bu gün bütün dünyanı ağuşuna almış yeni koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda Sizin yürütdüyünüz düzgün siyasət, vaxtında verdiyiniz qərarlar, anındaca karantin rejiminin elan edilməsi Azərbaycan dövlətinin və xalqının bu bəladan az itkilərlə qurtulacağına zəmin yaratdı. Həmçinin hər bir Azərbaycan vətəndaşını düşünməyiniz, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratmağınız, işsizlərə sosial yardımın ayrılması barədə qərarlarının ondan xəbər verir ki, Siz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanındasınız.

Cənab Prezident, bir müəllim olaraq bildirirəm ki, Azərbaycan xalqı Sizin arxanızdadır. Bu xalq Sizin rəhbərliyinizlə bir çox çətinliklərin öhdəsindən gəlib, Allahın köməyi ilə bu bəladan da xətasız sovuşacağıq.

Dünyanın qabaqcıl ölkələrində həyatın bu xəstəlik səbəbindən iflic olduğu bir dönəmdə Azərbaycanda həyatın öz axarında davam etməsi Sizin sayənizdədir.

Möhtərəm cənab Prezident, Sizə şəxsən öz adımdan, çoxsaylı müəllim ordusu adından təşəkkürümüzü bildirir, Azərbaycanın uğurlu gələcəyi naminə daim var olmağınızı arzulayıram”.

Bakının Qaradağ rayonunun sakini Varaşil İbrahimov yazır:

“Hörmətli cənab Prezident.

Dünyanı bürüyən koronavirus təhlükəsindən respublika əhalisini qorumaq üçün gördüyünüz işlərə görə Sizə öz adımdan və Laçın rayon 7 saylı tam orta məktəbin kollektivi adından minnətdarlığımı bildirirəm. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərə qalib gələcəyik və həyat öz axarına dönəcək”.

Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndinin sakini Fərhad Quliyev:

“Hörmətli cənab Prezident. Bu gün dünyanı cənginə alan koronavirus bəlasına qarşı yubanmadan, təxirəsalınmaz addımlar atmağınız, eyni zamanda, xalqımızın qayğısına qalaraq çox ciddi göstərişlər verməyiniz bizi çox sevindirir. Sizinlə qürur duyuruq. İnanırıq ki, Sizin rəhbərliyinizlə tezliklə bu bəladan xilas olacağıq. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bütün azərbaycanlıları ayağa qaldırdı. Doğrudan da, biz birlikdə güclüyük.

Əziz Prezidentimiz, Siz dahi siyasətçi, müasir Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirərək, ölkəmizi sürətli inkişaf yoluna çıxardınız. Sizin həyata keçirdiyiniz iqtisadi islahatlar, kadr dəyişiklikləri, idarəetmənin daim təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi xalqımız tərəfindən bəyənilir və müdafiə olunur.

Çox hörmətli cənab Prezidentimiz, bütün bu işlərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı, Vətən və xalq naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Uca Yaradan günbəgün qüdrətlənən müstəqil Azərbaycanımızı, xalqımızı, Sizi və ailənizi qorusun”.

İsmayıllı rayonunun Topçu kəndindən Rafiq Məmmədov və başqaları məktublarında bildirirlər:

“Möhtərəm cənab Prezident.

Tarixin müxtəlif dövrlərində bəşəriyyət bir sıra xəstəlik, epidemiya, təbii fəlakət, iqtisadi böhranlarla üzləşmiş, yalnız güclü, ağıllı liderləri olan dövlətlər bu xəstəliklərdən, bəlalardan xilas ola bilmişlər. COVID-19-un meydana çıxdığı ilk gündən onunla mübarizədə ortaya qətiyyətli iradə qoymağınız, “Biz birlikdə güclüyük!” şüarı ilə xalqı vahid yumruq halında birləşdirməyiniz xalqımızın liderinə olan inamını daha da gücləndirdi. Nazirlər Kabineti yanında operativ qərargah yaratmağınız əhalini xəstəlik barədə məlumatlandırmaq yolunda ən düzgün addım oldu. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması xalqımızın ürəyincə oldu ki, xeyirxah insanlarımız bu Fonda vermiş olduqları ianələrlə dövlətimizin, Prezidentimizin yanında olduqlarını göstərdilər. Pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün verdiyiniz sərəncam və fərmanlar xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. İnanırıq ki, apardığınız düşünülmüş siyasət sayəsində ölkəmiz bu vəziyyətdən də uğurla çıxacaq. Pandemiya ilə mübarizəyə göstərdiyiniz maddi-mənəvi dəstək bu bəladan qalib kimi ayrılacağımızın müjdəçisidir”.

Lənkəranın Gəgiran kənd tam orta məktəbinin direktoru Ziyafəddin Cavadov:

“Hörmətli cənab Prezident.

Sizi öncə Gəgiran kənd tam orta məktəbin kollektivi adından salamlayır, Sizə ən xoş arzularımızı bildiririk. Dünyanı cənginə alan koronavirusa qarşı apardığınız mübarizənizi dəstəkləyir və alqışlayırıq. Təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ölkədə sosial təcrid tədbirlərinin gücləndirilməsi, aztəminatlı ailələrə birdəfəlik maddi yardımların verilməsi məhz Sizin aparmış olduğunuz humanist və sosialyönümlü siyasətin bariz nümunəsidir.

Hörmətli cənab Prezident, biz Sizə hər zaman dəstəyik, ətrafınızda sıx birləşib verdiyiniz bütün tapşırıqlara sözsüz əməl edərək bu virusa qalib gələcəyik. Sizin atdığınız hər bir addım Azərbaycan vətəndaşının sağlamlığına və sosial rifahına xidmət edir. Sizin “Evdə qal!” çağırışınıza hər bir vətəndaş kimi, bizim də mənəvi borcumuzdur ki, riayət edək.

Hörmətli cənab Prezident, biz birlikdə bu virusa qalib gələrək Azərbaycanın işıqlı gələcəyini Sizin rəhbərliyinizlə davam etdirəcəyik”.

Şamaxı rayonunun Məlcək kəndinin sakini Qurbanəli Babaşov yazır:

“Möhtərəm cənab Prezident.

Hazırda bütün dünyada koronavirus pandemiyasının tüğyan etdiyi vaxtda Sizin tərəfinizdən ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində vaxtında qabaqlayıcı tədbirlərin görülməsi təqdirəlayiqdir. Ulu Öndərimizin davamçısı olaraq Sizin düşünülmüş siyasətiniz bütün işlərdə olduğu kimi, bu vəziyyətdə də xalqımızın rəğbətini qazanıb. Tərəfinizdən vaxtında və doğru addımlar atılmasaydı, bu gün böyük bəlalarla üzləşə bilərdik, necə ki, dünyanın güclü dövlətləri bu pandemiyanın qarşısında acizliklərini etiraf edirlər. Siz həmişə xalqın yanında olmusunuz, bu gün də xalqa olan sevginizi və səmimiyyətinizi hamı görür. “Biz birlikdə güclüyük!” deməklə xalqımızı bir yumruq kimi birləşdirə bildiniz. Azərbaycanımıza əvəzolunmaz xidmətlərinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm”.

Bərdənin Otuzikilər kəndinin sakini Toğrul Şahtaxtinski:

“Möhtərəm cənab Prezident.

Dünyada yayılmış koronavirus pandemiyasinin ölkəmizdə də geniş vüsət almasının qarşısının alınması, tərəfinizdən vaxtında verilmiş qərarlar və qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizin milli təhlükəsizliyi və xalqımızın sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə özümün və ailəmin adindan Sizə dərin minnətdarlığımı bildirirəm. Hər zaman olduğu kimi, bu istiqamətdə də dünya ölkələri Azərbaycan praktikasindan bəhrələnir. Sizin sayənizdə Azərbaycan bu gün pandemiya ilə mübarizədə aparılan test sayına və operativliyə görə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bəyənilir, inkişaf etmiş ölkələri qabaqlayaraq ön sıralarda dayanıb. Bunlar hamısı Sizin uzaqgörən siyasətinizin, xalqa və dövlətimizə olan sevginizin nümunəsidir. Karantin dövründə insanların evdə oturaraq əməkhaqlarını almaqları, aztəminatlı ailələrə olunan yardımlar, sahibkarlara edilən dəstək Sizin hər zaman Azərbaycan vətəndaşının, sahibkarının yanında olmağınızdan xəbər verir. Ən qısa zamanda daxili tələbatı ödəmək üçün spirt və maska istehsalı, yeni tikilmiş xəstəxananın koronavirus xəstələrinin istifadəsinə verilməsi, sərəncamınıza əsasən modul tipli xəstəxanaların qısa zamanda tikilməsi güclü lider, dayanıqli siyasət, dinamik yüksəliş və inkişaf etmiş Azərbaycandan xəbər verir. Bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqi sizi sevir. Sizin uzaqgörən siyasətinizi hər zaman dəstəkləyirik. Biz birlikdə güclüyük!”

Masallı rayonunun Tüklə kəndinin sakini Zöhrab Mehtiyev yazır:

“Hörmətli cənab Prezident, Dünyada tüğyan edən koronavirus pandemiyası ilə bağlı ölkəmizdə müəyyən sahələrdə gücləndirilmiş iş rejimi hökm sürür. Ölkə sakinlərinin xəstəliyə yoluxması halları minimuma endirilib. Bununla yanaşı, dövlətimiz evdə qalan sakinlərimizin də qeydinə qalmaqdadır. İmkansız ailələr, ahıllar, tənha yaşayan kimsəsiz şəxslər daim diqqət mərkəzində saxlanılır. Onlar zəruri ərzaqlarla, tibbi vasitələrlə təmin edilirlər. Sizin diqqət və qayğınızı xalqımız həmişəki kimi görür və hiss edir.

Dövlətimizi və xalqımızı qoruduğunuza görə Sizə və rəhbərliyiniz altında çalışan bütün dövlət qulluqçularına dərin minnətdarlığımızı bildiririk”.

Füzuli rayonunun Arayatlı kəndinin sakini Mədəd Məmmədov:

“Hörmətli cənab Prezident. Mənim övladım Azərbaycan Tibb Universitetində təhsil alır. Sizin qayğınız sayəsində məcburi köçkün kimi təhsil haqqından azad olunub. Buna görə Sizə minnətdarıq.

Bu gün dünyanı bürüyən koronavirus xəstəliyi həkimlik peşəsinin ölkə, xalq üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Hazırda həkimlərə olan ehtiyac göz önündədir. Çox sevindirici haldır ki, xaricdə tibb sahəsi üzrə təhsil alan gənclərimiz bu dar gündə ölkəmizə köməyə gəlir. Bu amil özlüyündə xalqımızın möhkəm birliyinin göstəricisidir.

Sizə xalqımızla birlikdə hər zaman xoş günlər arzulayıram, cənab Prezident”.

Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə videobağlantı formatında baş tutacaq.

Görüş zamanı tərəflər COVID-19 pandemiyası ilə mübarizə aparıldığı hazırkı vaxtda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması yollarını müzakirə edəcəklər.

Xatırladaq ki, aprelin 20-də E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şafer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə videobağlantı formatında görüş keçirib.

İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Bakı şəhərində Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 11,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

Vilayət Eyvazovdan həbs edilmiş qadının yanında olan üç yaşadək uşağı ilə bağlı QƏRAR
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tutulmuş və ya həbs edilmiş qadının yanında olan üç yaşınadək uşaqla bağlı məhkəmə vəsatəti qaldırmasında dəyişikliyi nəzərdə tutan qərar imzalayıb.

Oxu.Az məlumatına görə, bununla bağlı “Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat”ın 11.4.9-cu bəndinə dəyişiklik edilib.

Həmin bənd tutulmuş və ya həbs edilmiş qadının yanında olan üç yaşınadək uşağına qayğı göstərilə bilməməsi ilə bağlıdır.

Bu zaman qadın uşağın qanunla müəyyən edilmiş qaydada qohumlarına verilməsi, bu mümkün olmadıqda isə uşaqlar üçün sosial xidmət müəssisələrinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər.

Sənədin bundan əvvəlki variantında isə müvafiq hallar üçün üç yaşınadək uşaqların qohumlarına və uşaq müəssisələrinə verilməsi üçün vəsatət qaldırılması nəzərdə tutulurdu.

İlham Əliyev Bakıda açılışda

Prezident İlham Əliyev aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında iştirak edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi
Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.

Azvision.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Elşən Qayıbov vəzifəsindən azad edilib.

Digər əmrlə Elşən Qayıbov Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin rəisi təyin olunub.

Ölkə vətəndaşlarının 94 faizindən çoxu Prezidentə etibar edir

Prezident İlham Əliyevin son dövrdə ölkədə həyata keçirilən inqilabi islahatlarla bağlı cəmiyyətin ictimai rəyinə müstəsna əhəmiyyət verməsini nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi (STM) 2019-cu ildən etibarən yeni formatlı sosioloji sorğulara start verib.

Mərkəzdən bildirilib ki, bu sorğular islahatlarla bağlı ictimai rəyin rüblük (üç aylıq) monitorinqi baxımından ölkədə bir ilk olmaqla yanaşı, həm də sosial proseslərin dinamikasını və ictimai rəydə dəyərləndirilməsini daha operativ izləməyə imkan verir.

Təqdim edilən növbəti hesabat, 2020-ci ilin sona çatan ilk rübünü (yanvar-mart) əhatə edir. Sosioloji sorğu əsaslı bu analitik hesabatın məqsədi bəhs edilən müddətdə dövlət başçısının daxili və xarici siyasətinin başlıca məqamları, ölkədəki ictimai-siyasi proseslərin vəziyyəti ilə bağlı xalqımızın rəyinin operativ öyrənilməsi, qanunverici, icraedici hakimiyyət və hüquq-mühafizə sistemində gedən proseslərə cəmiyyətin münasibətini çevik dəyərləndirməklə ümumi mənzərənin göz önündə canlandırılması, müvafiq qərarların qəbulunda mötəbər mənbə kimi həm də ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.

Rəy sorğusunda dövlət başçısının həm daxili, həm də xarici siyasət sahəsində çoxşaxəli fəaliyyətini izləməyə imkan verən, siyasi təqvimdə tarixi əhəmiyyətə və xüsusi çəkiyə malik olan, rəsmi xronikada, eləcə də yerli və xarici mediada geniş işıqlandırılan hadisələr əksini tapıb.

2020-ci ilin yanvar-mart ayları ərzində də, həmişə olduğu kimi, Azərbaycanın dövlət başçısının fəaliyyətində yerli və beynəlxalq ictimai rəydə gündəmə çevrilən və yadda qalan hadisələr baş verib. Bu hadisələr Prezident İlham Əliyevin dövlətçiliyin gücləndirilməsi naminə daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyəti diqqət mərkəzinə gətirməklə yanaşı, ona olan inam və etibarın daha da yüksəlməsini təmin edib.

Beləliklə, 2020-ci ilin birinci rübü ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin və Prezidentə inam indeksinin öyrənilməsi üçün Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən sorğunun nəticələri ən qısa şəkildə belə ifadə edilə bilər:

Bütün dünyada neft qiymətlərinin aşağı düşməsi, beynəlxalq geosiyasi qarşıdurmaların kəskinləşməsi, II Dünya müharibəsindən sonra dünyada ilk dəfə ən dərin sosial, siyasi, iqtisadi böhran vəziyyətini yaradan yeni qlobal pandemiyanın sürətlə yayılması fonunda Prezident İlham Əliyevə cəmiyyətin inam və etibarı, onun həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artıb, xalqımızın rifahı və firavanlığının daha da yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək yüksələn xətt üzrə gedir.

Təqdim edilən “İnam indeksi” ictimai rəy sorğusuna əsaslanan analitik hesabat həmin qənaəti təsdiq edir.

Sorğunun metodoloji prinsipləri:

- Keçirilən ictimai rəy sorğusunda ümumilikdə 1 212 respondent iştirak edib.

- İctimai rəy sorğusu klaster seçmə metoduna əsaslanıb. Ümumilikdə, ölkə üzrə seçilmiş ünvanlarda 101 klaster təsadüfi seçim əsasında müəyyən edilib və hər birində sorğuda iştirak etməyə müsbət cavab verən ilk 12 nəfər əsas seçimə daxil edilib.

- Sorğuda iştirak üçün ailədə doğum günü sorğu keçirilən vaxta yaxın olan şəxs seçilib.

- Sorğunun nəticələri 95% əminlik intervalı, statistik xəta əmsalının 3% olması nəzərə alınaraq təhlil edilib.

- Sahə işi 2020-ci ilin mart ayı ərzində keçirilib.

Regionlar. Sorğu aşağıdakı iqtisadi-coğrafi rayonlarda həyata keçirilib: Bakı, Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Lənkəran. Sorğu Naxçıvan Muxtar Respublikası və işğal edilmiş regionların ərazisi istisna olmaqla bütün ölkəni əhatə edib. Eyni zamanda, işğal edilmiş rayonların etnik azərbaycanlı əhali qrupu da sorğuya cəlb olunub.

Nəticə

- 2020-ci ilin birinci rübü ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin, Prezidentə “İnam indeksi”nin öyrənilməsi ilə bağlı keçirilmiş sorğunun nəticələrinin təhlili göstərir ki, Prezident İlham Əliyevə cəmiyyətin inam və etibarı, onun həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artıb, xalqımızın rifahı və firavanlığının daha da yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək yüksələn xətt üzrə davam edib.

- Hakimiyyətin digər qolları (qanunverici və məhkəmə hakimiyyəti) ilə müqayisədə respondentlərin mütləq əksəriyyəti (94,7%) Prezidentə etibar edir.

- Prezidentə “tam etibar edirəm” deyənlər respondentlərin mütləq çoxluğunu (90,8%) təşkil edir.

- Respondentlərin 57,4%-i parlamentə, 46,2%-i yerli icra hakimiyyətinə, 49%-i məhkəməyə etibar edir. Bu üç hakimiyyət qolu içərisində ən aşağı etibarlılıq icra hakimiyyətinədir. Bu, onu deməyə əsas verir ki, ölkə əhalisi hakimiyyətin digər strukturları ilə müqayisədə Prezidentə daha çox etibar edir.

- Ölkə başçısının hərbi, siyasi və sosial-iqtisadi sahələrdəki fəaliyyəti ümumilikdə böyük əksəriyyət tərəfindən müsbət dəyərləndirilib. Prezidentin ordu quruculuğu və silahlı qüvvələrin modernləşdirilməsi (96%) və xarici siyasət (95%) sahələrindəki fəaliyyəti respondentlərin mütləq əksəriyyəti tərəfindən daha çox müsbət qiymətləndirilir.

- 2019-cu ildə keçirilən tədqiqatın nəticələri ilə yeni nəticələri müqayisə etdikdə aydın olur ki, keçən bir neçə ay ərzində Prezidentin müxtəlif sahələrdəki fəaliyyətinə əhalinin münasibəti müsbətə doğru yüksəlib. Digər önəmli məqam odur ki, Prezidentin müxtəlif istiqamətlərdəki fəaliyyətini “çox yaxşı” qiymətləndirənlər nəzərəçarpacaq dərəcədə artıb.

- Əhalinin gündəlik həyatına birbaşa təsir edən, yaxud təsiri hiss edilən məsələlərin sosial-iqtisadi sahədə korrupsiyaya qarşı mübarizə səviyyəsinin ictimai rəydə qiymətləndirilməsinin nisbətən aşağı olması bu sahənin, eləcə də işsizlik və sosial vəziyyətin yaxşılaşdırılması kimi məsələlərin yaxın dövr üçün dövlət siyasətinin əsas hədəflərindən biri kimi qalmalı olduğuna dəlalət edir.

- 2020-ci ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransındakı çıxışında (“Valday” Beynəlxalq Diskussiya Klubunda Prezidentin çıxışının davamı kimi) Ermənistanın baş nazirini və işğalçılıq siyasətini tarixi həqiqətlərlə ifşa etməsi ictimai rəydə vətəndaşların Prezidentə olan münasibətinə müsbət təsir göstərməklə bərabər, ərazi bütövlüyümüzün bərpa edilməsinə olan inamı da yüksəldib.

- Prezidentin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı Ermənistanın baş nazirinin növbəti dəfə aciz duruma düşməsi (56,7%), Prezidentin növbəti diplomatik qələbəsi (48,5%), Dağlıq Qarabağ probleminin həlli istiqamətində yeni bir mərhələ (44,3%) kimi qiymətləndirilib.

- Rəyi öyrənilən respondentlərin əhəmiyyətli bir hissəsi (75,9%-i) dünya neft bazarlarındakı volatillik fonunda valyuta məzənnəsinin sabit saxlanılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirləri əhəmiyyətli dərəcədə səmərəli hesab edir.

- Ölkədə maliyyə-bank sektorundakı sabitliyin təmini ilə bağlı nəticə əsaslı tədbirləri müvafiq olaraq respondenlərin 63,1%-i kifayət qədər səmərəli hesab edir.

- COVİD-19 pandemiyasının və eləcə də qlobal neft böhranının (neft qiymətlərindəki kəskin eniş) dərinləşdiyi bir dövrdə ölkədə ərzaq təhlükəsizliyi ilə təminat sahəsində reallaşdırılmış genişmiqyaslı işləri vətəndaşlar yüksək dəyərləndirir (87,8%).

- Rəyi öyrənilənlərin 87,8%-i müvafiq dövlət qurumlarının sosial-iqtisadi islahatlarla bağlı ictimaiyyəti periodik məlumatlandırmasını səmərəli qiymətləndirir.

- 89,2% respondent ölkə Prezidentinin milli genofondun qorunması, sosial səhiyyə və sağlamlığın daha da möhkəmləndirilməsi məsələlərinə xüsusi həssaslıqla yanaşmasını, daima diqqət mərkəzində saxlamasını olduqca yüksək qiymətləndirərək bu istiqamətdə dövlət siyasətini təqdir edir.

- Respondentlərin mütləq əksəriyyəti (93%) dövlətin koronavirusla bağlı ilkin mərhələdə həyata keçirdiyi tədbirləri müsbət dəyərləndirərək yetərli sayır.

- Respondentlərin böyük əksəriyyəti (87,8%) pandemiyanın mövcud olduğu vəziyyətdə hər hansı problemlə qarşılaşdığı zaman dövlətin onlara dəstək göstərəcəyinə inanır.

- Respondentlərin böyük əksəriyyəti pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində atılan addımlara karantin məhdudiyyətlərinin tətbiq edilməsinə, bir sıra qonşu ölkələrlə sərhədlərin bağlanmasına (85,6%), kütləvi tədbirlərin qadağan edilməsinə (84%), tədrisin dayandırılmasına (82,4%) daha müsbət münasibət bildirib.

- Ümumilikdə, respondentlərin mütləq əksəriyyəti (92,8%) ictimai qınağa səbəb olan hadisələrə Prezidentin reaksiyası ilə həmrəydir.

- Respondentlərin əksəriyyəti (88,9%) yerlərdə baş verənlər barədə Prezidentin ümumilikdə məlumatlı olması fikrindədirlər. Lakin nə dərəcədə məlumatlı olub-olmaması barədəki fikri birmənalı deyil – “tam məlumatlıdır” (44,3%) və “qismən məlumatlıdır” (44,6%) cavablarını seçənlərin çəkisi demək olar ki, eynidir.

- Qeyd etmək lazım gəlir ki, respondentlərin 10%-nin Prezidentin yerlərdə baş verənlər barədə tam məlumatsız olduğunu hesab etməsi düşündürücü məqamdır. Bu nəticəyə əsasən, ölkə rəhbərinin çıxışlarında tez-tez vurğuladığı ictimai nəzarətin vacibliyi ilə bağlı fikrinin əhəmiyyətli olduğunu bir daha görə bilərik. Sorğunun nəticəsi bunu da deməyə əsas verir ki, yerlərdə gedən proseslərin və mövcud problemlərin ən yuxarı instansiyalara çatdırılması mexanizmlərinin bir daha nəzərdən keçirilməsinə, təkmilləşdirilməsinə ehtiyac var. Məsələn, vətəndaşların müraciətlərinin müvafiq ünvana çatmaması bu cəhətdən əsas problemlərdən biridir.

- Respondentlərin nəzərində Prezidentin yerlərdə baş verənlərlə bağlı məlumatlılığı onun qərar qəbul etməsində əsasən qanunazidd hərəkətlərə yol verən məmurların cəzalandırılmasında (67,5%), korrupsiyaya qarşı mübarizədə (48,7%) və kadr islahatlarında (43,2%) özünü büruzə verir.

- Sosial problemlərin həllində və onlara çevik reaksiya verilməsində Prezidentin məlumatlılıq səviyyəsinin mühüm əhəmiyyətə malik olmasını yalnız hər üç respondentdən birinin ifadə etməsi düşündürücü məqam hesab edilə bilər.

- Əhalinin böyük əksəriyyəti (81,8%) “tam əminliklə” bu qənaətdədir ki, yerli icra hakimiyyəti başçılarının Prezident tərəfindən vəzifədən azad edilməsində ictimai fikrin birbaşa təsiri var. Bu fikirdə olanların ümumi göstəricisi isə 95,2% təşkil edir. Əhali arasında belə qənaətin yayılması Prezident-vətəndaş münasibəti cəhətdən müsbət səciyyələndirilə bilər.

- Ümumilikdə, respondentlərin üçdə ikisindən bir qədər çox hissəsi ölkə rəhbərinin ictimai qınağa səbəb olan məsələlərə reaksiyasından tam razıdırsa, dörddə biri qismən razıdır. Nəticələrə əsasən, insanlar ölkə başçısının özünün fəaliyyətində ictimai rəyə həssas olduğunu düşünür.

- İslahatlar və korrupsiyaya qarşı mübarizə siyasəti çərçivəsində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yerli icra başçılarına qarşı aparılan əməliyyatlar xüsusilə regionlarda yaşayan vətəndaşlarda müsbət gözləntilərin yaranmasına səbəb olub. Bəzi hallarda vəziyyətin dəyişməyəcəyi, məmur özbaşınalığının davam edəcəyini düşünənlərin belə fikirləri dəyişməkdədir. İnsanlar bu kimi addımları da islahatların əsas qolu kimi qiymətləndirir və bunun davamlı olmasını arzulayırlar.

- Həmçinin, Prezidentin etimadını doğrultmayan məmurların bu şəkildə cəzalandırılması onu göstərir ki, islahatlar dönməz və ardıcıl xarakter daşıyır, xalqa xidmət fəaliyyətin yeganə meyarıdır. Eləcə də, qanun qarşısında hər kəs bərabərdir. İnsanlarda da qanunun aliliyinə inam artmaqdadır.

- Respondentlərin yarıdan çoxu (54,4%) bu əməliyyatlardan sonra rayon icra hakimiyyəti başçılarının korrupsiyaya yol verməkdən çəkinəcəyini düşünür. Bir o qədər də respondentdə vətəndaşların qanunun aliliyinə inamının artacağı gözləntisi (50,3%) var.

- Respondentlərin əksəriyyəti (85%) Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan əməliyyatların Prezidentin imicinə müsbət təsir etdiyini düşünür. Vəzifələrindən sui-istifadə edən məmurların cəzalandırılaraq vəzifədən uzaqlaşdırılması başlanan islahatlara heç kimin mane ola bilməyəcəyini göstərir.

- Həyata keçirilən kadr dəyişiklikləri vətəndaşların əsaslı hissəsinin nəzərində Prezidentin nüfuzuna müsbət təsir göstərən əsas amillərdən biridir.

- Respondentlərin mütləq əksəriyyəti (91%) son dövrlər yerli icra hakimiyyəti orqanlarına daha gənc kadrların təyin olunmasını bu və ya digər dərəcədə müsbət (75,2% “çox yaxşı”, 15,8% “əsasən yaxşı”) qiymətləndirir.

- Respondentlərin əhəmiyyətli hissəsi (63,9%) Milli Məclisin yeni tərkibinin Prezidentin islahatlar kursuna dəstək və töhfə verə biləcəyini düşündüyü halda, 21,1% respondent bu haqda fikir bildirməkdə çətinlik çəkib.

- Respondentlər Prezidentin təhlükəsizlik orqanlarında həyata keçirdiyi kadr dəyişikliklərinin ümumi islahatların effektivliyinə (79,5%), milli təhlükəsizliyin gücləndirilməsinə (85,5%), xalqın təhlükəsizlik orqanlarına olan inamına (81,9%) müsbət təsir edəcəyi fikrindədir.

- “Hansı sahədə daha çox islahatlara ehtiyac var?” sualına verilən cavablara əsasən deyə bilərik ki, icra hakimiyyəti (53,7%) və məhkəmə (45,7%) hakimiyyətində islahatların olması əhali tərəfindən ən çox ehtiyac duyulandır. İcra hakimiyyəti sahəsində islahatların vacibliyini deyənlər içərisində icra hakimiyyətinə etibar etməyənlər üstünlük təşkil edir. Bu nəticə onu deməyə əsas verir ki, hələ də yerlərdə icra hakimiyyətlərinin fəaliyyətləri qənaətbəxş deyil və vətəndaşlar tərəfindən səmərəli qiymətləndirilmir.

- Respondentlərin təxminən yarısının məhkəmə sahəsində də islahatların zəruriliyini bildirməsi bu istiqamətdə də islahatların aparılmasının vətəndaşların gözləntisində olduğunu göstərir. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmələrə etibar əhali arasında o qədər də yüksək deyil (49%). Bu iki fikir arasındakı əlaqəyə baxdıqda aydın olur ki, məhkəmələrdə islahatların olmasını istəyənlər içərisində məhkəmə orqanlarına etibar etməyənlər üstünlük təşkil edir.

- Digər iki sahə ilə müqayisədə respondentlər qanunverici sahədə (24,5%) islahatların vacibliyinə daha az ehtiyac duyur. Bu, qanunverici hakimiyyətdə köklü islahatların 2020-ci ildə aparılması ilə bağlı ola bilər. Həmçinin, respondentlərin əhəmiyyətli hissəsi parlamentin yeni tərkibinin Prezidentin islahatlar kursuna dəstək verəcəyi fikrindədir. Bu məqam da, yuxarıda vurğulandığı kimi, ictmai rəydə parlamentin yeni tərkibi ilə bağlı gözləntilərin olması ilə izah edilə bilər.

- Rəyi soruşulanların 77,6%-nin nəzərində “Prezidentin çıxışlarında bütün hakimiyyət təmsilçilərinə xalqa xidmət etməyi və xalqa yaxın olmağı tapşırması” ölkə başçısının nüfuzuna “ən çox təsir” göstərən amil kimi irəli çıxır ki, bu da məmurların cəzalandırılması və kadr dəyişikliklərinin vətəndaşlar üçün yüksək əhəmiyyət kəsb etdiyini göstərir.

- Təsir dərəcəsinə görə növbəti pillələrdə “xalqa xidmət etməyən məmurlara qarşı qətiyyətli davranışı” (71,8%), “xalqın içərisində olması” (71,6%) və “sadə və təvazökar olması” (71,3%) amilləri dayanır.

- Respondentlərin mütləq əksəriyyəti (94,2%) Prezidentin öz sadəliyi və təvazökarlığı ilə məmurlara örnək olması fikrindədir. Ölkə başçısının bir çox tədbirlərdə, görüşlərdə olan davranışları, səmimi ünsiyyəti, insanları sonadək dinləməsi vətəndaşlarda bu fikri formalaşdırır.

- 2020-ci ilin birinci rübündə vətəndaşların Prezidentə olan inam və etimadının dinamikasına baxdıqda aydın olur ki, bu istiqamətdə yüksəlmə var. Belə ki, STM tərəfindən 2019-cu ildə keçirilən “Prezidentin fəaliyyəti ictimai rəydə” İnam İndeksində oktyabr ayı üzrə bu göstərici 54,6% idisə, mart ayında bununla müqayisədə göstərici 58,1%-dir. Ümumilikdə, 2020-ci ilin mart ayına olan göstəricilərə əsasən deyə bilərik ki, respondentlərin mütləq əksəriyyəti (94,5%) ölkə başçısına inanır və etimad göstərir.

- Vətəndaşlar Prezidentin fəaliyyəti ilə bağlı məlumatları televiziyadan (81,1%) və sosial şəbəkələrdən (41,7%) alırlar. Prezident.az saytından (7,3%) və Prezidentin sosial şəbəkə hesablarından (8,4%) istifadə göstəricisi o qədər də yüksək deyil. Respondentlərin demoqrafik təhlili göstərir ki, hər iki ünvana ali təhsilli şəxslər və Bakıda yaşayanlar daha çox daxil olur.

- Vətəndaşların digər sosial şəbəkələrdən deyil, birbaşa mənbənin özündən Prezidentin sosial şəbəkə hesablarından məlumat alması daha düzgün informasiyaya çıxış baxımından səmərəli sayıla bilər.